Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-422/2022 17.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Quluzadə Arzu İsrafil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2696/2021 saylı, 22 iyul 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra Filial) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun zərərli istehsalat sahəsində işləməyi ilə bağlı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinin cavabdehin öhdəsinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 20.08.1980-ci il tarixdə akkumulyatorçu şagirdi kimi işə qəbul edilmiş və 01.04.1981-ci il tarixdə öz xahişilə işdən azad edilmişdir. 02.04.1981-ci il tarixdə akkumulyatorçu kimi işə qəbul edilmiş, 10.10.1981-ci il tarixdə ordu sıralarına çağırılmağıyla bağlı işdən azad edilmiş və 30.10.1981-ci il tarixdən 12.12.1983cü il tarixədək Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. 16.01.1984-cü il tarixdə 4-cü dərəcəli akkumulyatorçu kimi işə qəbul edilmiş və 19.03.1984-cü il tarixdə öz xahişilə işdən azad edilmişdir. 20.03.1984-cü il tarixdən 01.10.1996-cı il tarixədək "xxxx" ASC-nin X1 3-cü dərəcəli akkumulyatorçu, 01.10.1996-cı il tarixdən 07.12.2009-cu il tarixədək 6-cı sahədə 1-ci dərəcəli tənzimləyici işləmişdir. 01.03.2007-ci il tarixdən 01.08.2012-ci il tarixədək "xxxx" kiçik müəssisəsində satıcı-menecer kimi işləmişdir. Ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə dair ərizəsinə 12.10.2020-ci il tarixdə cavabdeh tərəfindən imtina edilmişdir və verilmiş cavabda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi, sığorta hissəsində qeydə alınan pensiya kapitalının cəmi 22923 manat təşkil etməsi göstərilmişdir. Bu tamamilə əsassızdır, belə ki, ona məxsus əmək kitabçasından da görünür ki, onun zərərli sahədə işlədiyi müddət 12 il 6 aydan çoxdur, həmçinin ümumi iş stajı da 25 ildən artıqdır. Həmçinin "xxxx" ASC tərəfindən verilmiş güzəştli arayışda akkumulyatorçu işlədiyi 20 mart 1984-cü il tarixdən 01 oktyabr 1996-cı il tarixədək müddət güzəştli arayış müddətinə aid edilməsi göstərilmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 23.06.2020-ci il tarixdə 57 yaşının tamam olması ilə bağlı zərərli istehsalat sahəsində işləməyi ilə bağlı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşdan təyin edilməsinin cavabdehin öhdəsinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazında göstərmişdir ki, İddiaçı 12 oktyabr 2020-ci il tarixində Filiala ərizə ilə müraciət etmişdir. Həmin müraciətlə bağlı tərəflərindən aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, ləmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər 60 yaşına çatdıqda, azı 25 sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Belə ki, vətəndaşın fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunverciliyə uyğun olaraq ona münasibətdə 40800,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 22923,50 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə” 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə "57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55" rəqəmləri ilə əvəz edilmiş və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir. Həmin Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə minmişdir. Göründüyü kimi, 01.07.2017-ci il tarixədək güzəştli şərtlərlə pensiyanın təyin edilməsi üçün yalnız iki şərt (yaş və staj) nəzərdə tutulsa da, yuxarıda qeyd edilən dəyişikliklər qüvvəyə mindikdən sonra (01.07.2017) “pensiya kapitalı” kimi adlanan yeni şərt əlavə edilmişdir. 01.07.2017-ci il tarixdən sonra şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün hər üç şərt (yaş, staj və pensiya kapitalı) mövcud olmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2696/2021 saylı, 22 iyul 2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı 57 yaşı tamam olduğu tarixdən, yəni 22.07.2020-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Cavabdeh inzibati orqan həmin qərardan apellyasiya şikayəti verərək iddiaçının vətəndaşın fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyini əsas gətirmiş, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh orqana lazımi qaydada məlumat verilsə də nümayəndəsinin iştirakını təmin etməmişdir və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarından görünür ki, İddiaçı xx.xx.1963-cü ildə Bakı şəhərində doğulmuş və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsi tərəfindən verilmiş 28.08.2020-ci il tarixli, 365 nömrəli arayışa əsasən 30.10.1981-ci il tarixdən 12.12.1983-cü ilə qədər (2 il 1 ay 13 gün) keçmiş Sovet Ordusu sıralarında xidmət etmişdir. İddiaçıya məxsus əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 20.08.1980-cı ildən 01.04.1981-ci ilə qədər “Bakavtopromstroytrans”-da akkumulyatorçu şagirdi və 1-ci dərəcəli akkumulyatorçu (7 ay 12 gün), 02.04.1981-ci ildən 10.10.1981-ci ilə qədər “Bakavtopromstroytrans”-da akkumulyatorçu (6 ay 9 gün), 30.10.1981-ci ildən 12.12.1983cü ilə qədər sovet ordusunda hərbi xidmət (2 il 1 ay 13 gün), 16.01.1984-cü ildən 19.03.1984-cü ilə qədər “Bakavtopromstroytrans”-da 4-cü dərəcəli akkumulyatorçu (2 ay 4 gün), 20.03.1984-cü ildən 07.12.2009-cu ilə qədər "xxxx" ASC-nin X1 3-cü dərəcəli akkumulyatorcu və 6-cı sahədə tənzimləyici (25 il 8 ay 18 gün), 01.03.2007-ci ildən 01.08.2012-ci ilə qədər "xxxx" Müəssisəsində satıcı-menecer (5 il 5 ay 1 gün) vəzifələrində işləmişdir. "xxxx" ASC-nin X2 tərəfindən verilmiş 17 iyun 2014-cü il tarixli, 11 nömrəli güzəştli arayışına əsasən İddiaçı həqiqətən 20.03.1984-cü il tarixdən 01.10.1996-cı il tarixədək "xxxx" ASC-nin X1 3-cü dərəcəli akkumulyatorçu, 01.10.1996-cı il tarixdən 07.12.2009-cu il tarixədək 6-cı sahədə 1-ci dərəcəli tənzimləyici işləmişdir. Akkumlyatorçu işlədiyi 20 mart 1984-cü il – 01 oktyabr 1996-cı il müddət güzəştli arayış müddətinə aid edilməlidir. Həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 saylı qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” siyahısının 35-ci bəndinin ümumi peşələr bölməsinə uyğun olaraq güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ vardır. "xxxx" ASC-nin X2 tərəfindən məhkəməyə ünvanlanmış 01 iyun 2021-ci il tarixli, 02 nömrəli məktubdan görünür ki, X3 "xxxx" ASC-nin X1 20 mart 1984-cü il tarixdən (əmr № 33 19.03.84 il) 3 dərəcəli akkumlyatorçu işləmiş, 01 oktyabr 1996-cı ildən (əmr № 23/k 01.10.96 il) isə tənzimləyici (şinlərin təmiri və bərpası) vəzifələrində işləmişdir. Hər iki peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 saylı qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” siyahısının 35-ci bəndinin ümumi peşələr bölməsinə uyğun olaraq güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ vardır (ümumi peşələr bölməsində akkumlyatorçu və şinlərin bərpası, təmiri və nahamarlıqları düzəldənlər). Həmçinin, Fililalın iddiaçının 25.09.2020-ci il tarixli ərizəsinə cavab olaraq verdiyi 12.10.2020-ci il tarixli, **********8 №-li məktubuna əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN-3” mərkəzi tərəfindən daxil olmuş ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq bildirilmişdir ki, onun fərdi hesabı sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 40800,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 22923,50 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab edir və öz mövqeyini aşağıdakı kimi əsaslandırır. “Əmək pensiyaları haqqında” AR Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13- cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. İddiaçı İddiaçı “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün üç element (yaş, ümumi staj, güzəştli staj) mövcud olmalıdır. Belə ki, iddiaçının 57 yaşının tamam olmalı, 01.01.2006-cı ilə qədər azı 25 il ümumi iş stajı və 01.01.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajı mövcud olmalıdır. Məhkəmə araşdırılması zamanı iddiaçının hərbi xidmətdə olduğu və işlədiyi müddətlər nəzərə alınmaqla 01.01.2006-cı ilədək ümumi iş stajının 25 il 2 ay 11 gün təşkil etməsi müəyyən edilmişdir. İddiaçının güzəştli iş stajı ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı "xxxx" ASC-də işlədiyi akkumyatorçu və tənzimləyici vəzifələri “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının” təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli siyahısında 23200000 XXXİİİ. “Ümumi peşələr” bölməsində 23200000-10047 kod altında “akkkumulyatorçular” və 23200000-19611 kodu altında “şin təmiri müəssisələrində şinlərin bərpası və təmiri ilə məşğul olan nahamarlıqları düzəldənlər” peşələrinə uyğun olmaqla 01.01.2006-cı ilədək güzəştli iş stajı 21 il 9 ay 3 gün təşkil etmişdir. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsinə dair irəli sürüdüyü dəlili ilə bağlı qeyd edir ki, 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin b bəndində güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının tələb olunması nəzərdə tutulmamışdır. Göründüyü kimi hər üç hal (yaş, ümumi iş stajı və güzəştli iş stajı) iddiaçıya münasibətdə mövcud olmaqla pensiya kapitalı tələb olunmadığından cavabdeh inzibati orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən İddiaçı 57 yaşı tamam olduğu tarixdən, yəni 22.07.2020-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. Cavabdeh inzibati orqan apellyasiya şikayətində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə” 10 mart 2017-cı il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə ”57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edildiyini və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edildiyini və həmin Qanunun 2017-ci il iyulun 1dən qüvvəyə mindiyini qeyd etmişdir. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin b bəndində güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının tələb olunması nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, hər üç hal (yaş, ümumi iş stajı və güzəştli iş stajı) iddiaçıya münasibətdə mövcud olmaqla pensiya kapitalı tələb olunmadığından cavabdeh inzibati orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən İddiaçı 57 yaşı tamam olduğu tarixdən, yəni 22.07.2020-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. Məhkəmə kollegiyası qeyd edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM 14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («inzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə) Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2696/2021 saylı, 22 iyul 2021ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-422/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-422/2022
17.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver