Məhkəmə qərarları › İş №2-1(103)-422/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-422/2023

17.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-422/2023 17.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Əkbərov Kamran Hüseyn oğlu və X5 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 20 may 2022-ci il tarixli, 2-1(112)-4363/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəmə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 29 mart 1993-cü il tarixli 531 nömrəli qərarına əsasən ona verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində 245 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 1090 nömrəli bağ sahəsinin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanda yaşayır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 29 mart 1993-cü il tarixli 531 nömrəli Qərarına əsasən ona Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində 245 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi plan 1090 nömrəli bağ ayrılmışdır. Bu barədə Bakı şəhəri X4 və İstismarı Birliyi tərəfindən ona həmin bağ sahəsinə dair 19 nömrəli Order verilmişdir. 18 oktyabr 1988-ci il tarixdə nikaha daxil olaraq Allahyarov soyadını götürmüşdür. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən xx.xx.2021-ci il tarixdə İ-194-112 sayla verilmiş Arxiv arayışından da görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü tarixli 53T saylı Sərəncamı ilə yeni yaradılmış 245 saylı bağ-tikinti kooperativinin tərkibi təsdiq edilmiş və X3 həmin siyahıya əlavə edilmişdir. xx.xx.2021-ci il tarixdə bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 30 avqust 2021-ci il tarixli **********52 saylı cavab məktubu ilə ərizəsinin təmin olunmasından imtina edilmişdir. İmtina məktubunda əsas kimi göstərilən səbəblərdən biri bağ sahəsinin bir hissəsinin 1089 saylı bağ sahəsinin ərazisinə uyğun gəldiyi göstərilmişdir. Bununla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə verilmiş 22.10 2021-ci il tarixli 1002/1852 nömrəli sorğuya dair 01 noyabr 2021-ci il tarixli **********84 saylı cavabda göstərilir ki, X4 və İstismarı Birliyinin 245 saylı BTK nəzdində Sabunçu rayonu, Ləhiş bağ massivində 1089 saylı bağ sahəsinə dair sənəd (order) İdarənin arxivində aşkar edilməmişdir. Təkrarən bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün ərizə ilə xx.xx.2021-ci il tarixdə ********** saylı ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 15 noyabr 2021-ci il tarixli **********66 saylı cavab məktubu ilə ərizəsinin təmin olunmasından yenidən imtina edilmişdir. İmtina məktubunda göstərilir ki, qeyd olunan məsələ ilə bağlı müraciətinizə **********52 nömrəli xx.xx.2021-ci il tarixli məktubla cavab verilmişdir və həmin məktubda qeyd olunan iradlar aradan qaldırılmamışdır. Hesab edir ki, cavabdehin bağ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina etməsi əsassızdır. Ona görə də o, məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya qarşı yazılı etirazını məhkəməyə təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, təqdim edilmiş X4 və İstismarı Birliyi tərəfindən verilmiş orderin arxiv nüsxəsi İdarənin arxivində aşkar edilməmiş və orderin əsli əlavə olunmamışdır. Elektron kadastr məlumatlarına əsasən göstərilən bağ sahəsinin bir hissəsi 1089 saylı bağ sahəsinin ərazisinə uyğun gəldiyi üçün bölgü sxeminin təqdim edilməsi məqsədəuyğundur. Həmçinin, təqdim edilmiş bağ sahəsinə dair Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş arxiv arayışında bağ sahəsinin nömrəsi və ölçüsü qeyd olunmamışdır. Bundan başqa, texniki baxış zamanı bağ sahəsinin faktiki ölçüsünün 1155 kv.m olduğu aşkar olunmuşdur. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək Bakı şəhər İcra Hakimiyyəti Başçısının 29 mart 1993-cü il tarixli 531 nömrəli qərarına əsasən Allahyarova (Muxtarova) Firuzə Əlisöhbət qızına verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində 245 nömrəli BTK nəzdində 1155 kv.m torpaq sahəsi olan 1090 nömrəli bağ sahəsinin İddiaçı adına dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və plan-ölçünün verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir Bakı İnzibati Məhkəməsinin 20 may 2022-ci il tarixli 2-1(112)-4363/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir. (hakim: O.Həsənov) Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti mahiyyətcə imtina və etirazın eynilik təşkil edən məzmununa uyğun tərtib edilmişdir. İşə apellyasiya qaydasında baxılarkən iş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə iddiaçının nümayəndəsi-vəkilinin izahatını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Başçısının 29 mart 1993-cü il tarixli 531 nömrəli qərarına əsasən Allahyarova (Muxtarova) Firuzə Əlisöhbət qızına verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində 245 nömrəli BTK nəzdində 1155 kv.m torpaq sahəsi olan 1090 nömrəli bağ sahəsinin onun adına dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və plan-ölçünün verilməsinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və mövqeyini aşağıdakılarla əsaslandırmışdır. Birinci instansiya məhkəməsi ilkin olaraq cavabdehin imtinanın əsası kimi göstərdiyi bağ sahəsinin ayrılmasına dair orderin İdarənin arxivində aşkar edilməməsi barədə cavabdehin imtinasının qanuni olub-olmamasının müəyyən edilməsi məqsədi ilə aidiyyəti üzrə müvafiq orqanlara sorğular vermişdir. Sorğulara cavab məktublarından məlum olmuşdur ki: -Bağ sahəsinin Muxtarova (Allahyarova) Firuzə Əlisöhbət qızının adına ayrılmasına dair sənəd (eyni zamanda 19 nömrəli order) İdarənin arxivində aşkar edilməmişdir. Məhkəmə qeyd etmişdir ki, düzdür ki, hazırki mərhələdə Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin X4 və X7 bağlar sahəsindəki 245 saylı kooperativi tərəfindən X1 adına verilmiş order aşkar olunmamışdır. Nəzərə alınmalıdır ki, həmin orderin aşkar edilməməsi iddiaçının təqsiri ilə bağlı olmayan haldır. Bağ sahəsinin iddiaçıya ayrılmasını təsdiq edən digər hüquqmüəyyənedici sənədlərin mövcudluğu müəyyən olunduğundan, orderin hazırki mərhələdə müəyyən edilməməsi onun ziyanına şərh edilə bilməz. Nəzərə alınmalıdır ki, hətta həmin order mövcud olmasa belə, Bakı şəhər İcra Hakimiyyətinin 29 mart 1993-cü il tarixli 531 nömrəli qərar mülkiyyət hüququnun tanınmasına yetərli sənəd hesab edilir. Cavabdeh tərəfindən mötəbərlıyi şübhə altına alınan Orderin olmaması, müraciətin təminindən imtinanın formal əsası qismində məhkəmə tərəfindən qiymətləndirilir. Belə ki, həmin orderin verilməsinə əsas olan qərar İdarənin (cavabdehin) arxivində aşkar edilməsi belə, həmin 29 mart 1993-cü il tarixli 531 nömrəli qərardan çıxarış Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatında saxlanılmışdır. Həmin qərarda və ona əlavə olunmuş üzvlərin siyahısında Ləhiş bağlar sahəsindəki 245 saylı kooperativi tərəfindən X2 bağ sahəsinin ayrılması öz təsdiqi tapmışdır. Digər tərəfdən nəzərə alınmalıdır ki, arxiv sənədləri içərisində orderin aşkar edilməməsi, həmin sənədin mövcud olmaması demək deyil. Belə ki, məhkəmə icraatı zamanı iddiaçı tərəfindən təqdim olunmuş orderdən görünür ki, Ləhiş bağlar sahəsindəki 245 saylı kooperativi tərəfindən bağ sahəsinin X2 ayrılması barədə orderin nömrəsi “19” dur. Məhkəmə icraatı zamanı təqdim olunmuş Kürdəxanı ərazisində 245 №-li bağ-tikinti kooperativinin yaradılması haqqında Siyahıda, həmçinin X4 və İstismarı Birliyinin əmrində X1 adı 19-cu sırada göstərilmişdir. Göründüyü kimi iddiaçının təqdim orderin nömrəsi İdarənin arxivində saxlanılan müvafiq əmrdə və siyahıda iddiaçının adının göstərildiyi sıra nömrəsinə uyğun gəlmişdir. Bir çox oxşar işlərdən də məlum olduğu kimi, vətəndaşa bağ sahələri ayrılarkən orderlərin nömrəsi müvafiq olaraq şəxsin siyahıda və ya əmrdə (digər əlaqəli sənəddə) qeyd olunmuş sıra nömrələrə uyğun verilirdi. Məhkəmə qeyd etmişdir ki, bu uyğunluq hazırki mübahisə üzrə də müəyyən olunur. Beləliklə məhkəmə hesab etmişdir ki, 1090 saylı bağ sahəsinin iddiaçıya ayrılmasına dair orderi İdarənin arxivində aşkar olunmasa da, orderin verilməsinə əsas olan qərar aşkar olunmuş, bununla da iddiaçı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənədə malik olmuşdur. Məhkəmə cavabdehin imtina məktubunda bağ sahəsinin nömrəsi və ölçüsü qeyd edilmədiyi ilə bağlı irəli sürdüyü mülahizələrə münasibətdə bildirmişdir ki, təkzib olunmaz haldır ki, yuxarıda adı çəkilən qərarda bununla bağlı məlumat (bağ sahəsinin nömrəsi və ölçüsü) əks olunmamışdır. Nəzərə alınmalıdır ki, məhkəmə icraatı zamanı ünvanlanmış sorğuya cavab məktubundan müəyyən olunmuşdur ki, iddiaçı Muxtarova (Allahyarova) Firuzə Əlisöhbət qızına 245 №-li bağ-tikinti kooperativinin nəzdində olan 1090 saylı bağ sahəsi ayrılmışdır. Bağ sahəsinin ölçüsünə gəldikdə isə qeyd olunmalıdır ki, Ləhiş bağlar massivi dislokasiyasında yerləşən 1087,1088,1091 və 1092 bağ sahələrin ayrılması ilə bağlı sənədlərdə bağ sahələrinin ölçüləri 0,12 ha olaraq göstərilmişdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, cavabdeh imtina məktubunda bağ sahəsinin sənəd üzrə ölçüsünün 1200 kv.m göstərildiyini baxmayaraq faktiki ölçüsünün 1.155 kv.m olması ilə bağlı mövqeyi irəli sürərək mübahisəli bağ sahəsinin sənəd üzrə ölçüsünün 0,12 ha olmasını qəbul etmişdir. Məhkəmə hesab etmişdir ki, mübahisəli daşınmaz əmlakın nömrəsinin 1090 və ölçüsünün 0,12 ha olmasını təsdiq edən kifayət qədər sənədlər olduğundan, cavabdehin imtinası həmin hissədə əsassızdır. Məhkəmə cavabdehin imtinanın əsası kimi göstərdiyi bağ sahəsinin bir hissəsinin 1089 saylı bağ sahəsinin ərazisinə uyğun olması və bağ sahəsinin sənəd üzrə ölçüsü 1200 kv.m olduğu halda, faktiki ölçüsünün 1.155 kv.m təşkil etməsi ilə bağlı aşağıdakıları qeyd etmişdir. Belə ki, cavabdehin mülahizəsinə görə iddiaçının iddia etdiyi 1090 saylı bağ sahəsinin bir hissəsi 1089 saylı bağ sahəsinin ərazisinə düşür. Məhkəmə bu istiqamətdə araşdırma apararaq Ləhiş bağlar sahəsindəki 245 nömrəli BTK nəzdində ayrılmış 1089 saylı bağ sahəsinin qeydiyyata alınıb-alınmaması barədə məlumatın təqdim edilməsi ilə bağlı aidiyyəti üzrə sorğu vermişdir. Sorğuya cavab məktubundan məlum olmuşdur ki: -Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1089 saylı bağ sahəsinə dair sənəd İdarənin arxivində aşkar olunmamış; Təqdim olunmuş sorğuya cavab məktubundan və həmin məktuba əlavə olunmuş sənədlər toplusundan aydın olur ki, Ləhiş bağlar sahəsindəki 245 nömrəli BTK-nın sxematik xəritəsində 1090 saylı bağ sahəsi ilə yanaşı həmçinin 1089 saylı bağ sahəsi göstərilsə də, həmin bağ sahəsi ilə bağlı sənədlər (bağ sahəsinin digər fiziki şəxsə ayrılmasını təsdiq edən order, icarə müqaviləsi və s.) İdarənin arxivində aşkar olunmamışdır. Məhkəmə qeyd etmişdir ki, hazırki mübahisə üzrə inzibati məhkəmə tikinti-texniki ekspertizası və ya yerində baxış kimi prosessual hərəkətlər keçirilməsi zərurəti olmamışdır. Belə ki, 1090 saylı bağ sahəsinin 1089 saylı bağ sahəsinin ərazisinə uyğunluğu müəyyən olunsaydı belə, bu hal vəziyyəti cavabdehin xeyrinə dəyişmir. Çünki, bağ sahələrinə münasibətdə sxematik uyğunsuzluqlar aşkar olunarsa, bu uyğunsuzluqların aradan qaldırılması cavabdehin səlahiyyətlərinə aid edilmiş, bundan başqa isə ümumiyyətlə 1089 saylı bağ sahəsinə münasibətdə hüquqmüəyyənedici sənəd və ya digər fiziki şəxsə ayrılması ilə bağlı məlumat aşkar olunmamışdır. Başqa sözlə desək 1089 saylı bağ sahəsinə dair sənədlər olmadığından, hazırki mərhələdə mübahisənin hər hansı fiziki şəxsin maraqlarına toxunmasına ehtimal edilməsi mümkün deyildir. Bundan başqa, həmçinin nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu maddəsində isə təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. Beləliklə, hətta sxematik xəritə ilə hər hansı uyğunsuzluq varsa belə, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir. Həmçinin məhkəmə qeyd etmişdir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirilməsini zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1415/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “hətta sxematik xəritə ilə hər hansı uyğunsuzluq varsa belə, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir.” Bu mövqeyi həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2826/2019 saylı iş üzrə qəbul etdiyi xx.xx.2019 -cu il tarixli qərarında da nümayiş olunmuşdur. Göründüyü kimi formalaşmış məhkəmə təcrübəsinə əsasən, bu qəbildən olan işlərdə cavabdeh inzibati orqan tərəfindən imtina əsası kimi “bağ sahəsinin digər bağ sahəsinə uyğunluğu (bağ sahəsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyi)” göstərilsə də, bu istiqamətdə cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir. Son olaraq məhkəmə qeyd etmişdir ki, hüquqmüəyyənedici sənəd üzrə iddiaçıya ayrılmış bağ sahəsinin ölçüsü 1.200 ha təşkil etsə də, onun istifadəsində olan bağ sahəsinin ölçüsü 1.155 kv.m təşkil etmişdir. İddiaçı iddia tələbinə dəqiqləşmə verərək bağ sahəsinin məhz 1.155 kv.m hissəsinə münasibətdə mülkiyyət hüquqlarının qeydiyyata alınmasını xahiş edir. Belə olan halda cavabdehin imtina məktubunda göstərdiyi 4 əsas aradan qalxmış olur. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi qiymətləndirmə ilə razılaşır və qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri imtinanın, eləcə də etirazda göstərilən dəlilləri ilə eynilik təşkil etdiyindən, həmin dəlillərə birinci instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verildiyindən, həmin qiymətləndirmənin təkrarən qeyd olunmasına zərurət görmür və hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası, həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu Qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydasını müəyyən edir. Həmin Qanunun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Qanununvericiliyin göstərilən müddəalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilən «daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas»ı və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulan sənədi (Bakı şəhər İcra Hakimiyyətinin 29 mart 1993-cü il tarixli 531 nömrəli sərəncamı) mövcud olduğundan, iddiaçıya həmin əmlak üzərində hüququn qeydiyyata alınması barədə çıxarış verilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının tələbinin təmin olunmasından imtina edilməklə iddiaçının göstərilən hüquqlarının və qanunla qorunan mənafelərinin pozulmasına yol verilmişdir. Buna görə də iddiaçının tələb etdiyi bağ sahəsinə dair hüquqların dövlət qeydiyyatına alınması, çıxarış və planölçünün verilməsi öhdəliyinin inzibati orqanın üzərinə qoyulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəlləni 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 20 may 2022-ci il tarixli, 2-1(112)-4363/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar