Məhkəmə qərarları › İş №2-1(103)-422/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-422/2024

07.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-422/2024 07.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (Bakı şəhəri 36 nömrəli poliklinikası üçüncü şəxs qismində cəlb edilməklə) “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1913/2022 saylı, 19 oktyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 3-cü dərəcəli əlilliyinin bərpa olunması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2012-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hərbi xidmətə göndərilmişdir. xx.xx.2012- ci il tarixində hərbi təlimlər zamanı dizindən ağır zədə almış, onu hərbi hospitala yerləşdirmişlər. Lakin orada həkimlərin səhlənkarlığına görə düzgün müayinə və müalicə olunmamışdır. xx.xx.2012-ci il tarixində onu vaxtından əvvəl hərbi xidmətdən tərxis etmişlər. Həkimlər onun vəziyyətinin daha da pisləşdiyini gördükdən sonra öz hesablarına onu “Oksigen” klinikasına müayinəyə göndərmişlər. “Oksigen” klinikasında onu müayinə etmiş və onun təcili əməliyyat olunmalı olduğunu bildirmişlər. Orada o, hərbi hospitalın həkimlərinin hesabına “Sağ diz oynağının qeyri-sabitliyinə, Ön çarpaz bağın köhnə tam qopmasına və lateral menskin ön buynuzunun 3-cü B dərəcəli cırılmasına görə artotomiya medial meniskektomiya və ön çarpaz bağın autoplastikası” əməliyyatı aparılmışdır. Bundan sonra ona guya ki, xəstəliyin hərbi xidmətlə heç bir əlaqəsinin olmaması barədə rəy verilmişdir. Lakin o, həmin rəylə razı olmadığından Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. xx.xx.2013-cü il tarixində Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi tərəfindən xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsinin “Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” kimi təyin edilməsi qərarı verilmişdir. Bundan sonra, o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmiş və ona 3- cü dərəcəli əlillik təyin edilmişdir. O, 2016-cı ilə kimi hər il tibbi müayinədən keçmiş, sonuncu dəfə 2016-cı ildə tibbi müayinədən keçdikdə onun 3-cü qrup əlilliyi təsdiqlənmişdir. 2016-cı ildə keçdiyi müayinənin müddəti 5 illik olduğundan o, 2021-ci ildə də tibbi müayinədək keçmişdir. Lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatında onun əlilliyi təyin olunmamışdır. Halbuki, onun vəziyyəti əvvəlkindən pisdir. Özünü sərbəst idarə edə bilmir. Başqalarının köməyi ilə hərəkət edir. xx.xx.2021-ci il tarixdə iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilməsi qərara alınmışdır. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə, Bakı şəhəri 36 nömrəli poliklinikası üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyəti Abşeron Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M95-M99 - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın digər pozğunluqları => M96 - Sümük-əzələ sisteminin tibbi pros..; Diaqnozun mətni: Sağ diz oynağının ön xaçvari bağın tam qopması sağ diz oynağının artrozu; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: sümük” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Abşeron Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli, 2796003AABHM saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S70-S79 - Budçanaq oynağı və bud nahiyəsinin travmaları => S77 - Bud- çanaq oynağı və bud nahiyəsinin bər...; Diaqnozun mətni: Oynaqların digər spesifik zədələnmələri bağların zədələnməsi, Oynaqların kontrakturası; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => 2.3.3. Bazu və ya dirsək oynağının laxlaması” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı ildə baxılmış və “Səbəbi: Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S70-S79 - Bud-çanaq oynağı və bud nahiyəsinin travmaları => S77 - Bud-çanaq oynağı və bud nahiyəsinin bər...; Diaqnozun mətni: Oynaqların digər spesifik zədələnmələri bağların zədələnməsi Oynaqların kontrakturası; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => 2.3.3. Bazu və ya dirsək oynağının laxlaması” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı şəhəri 36 nömrəli Poliklinikasının xx.xx.2021-ci il tarixli, 3875003AAB0Q saylı göndərişi əsasında baxılmış və “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S80-S89 - Diz və baldırın travmaları => S83 - Diz oynağının kapsul-bağ aparatının çıxığı, gərilmə və hədd...; Diaqnozun mətni: Diz oynağının xaçabənzər bağının (ön) (arxa) gərilməsi və cırılması, Sağ diz oynağının travma (2012-ci ildə Hərbi Xidmət Vəzifəsini yerinə yetirərkən) nəticəsində ön çarpaz bağının tam qopmasından və çarpaz bağın bərpası əməliyyatından sonrakı vəziyyət. Oynaqların kontrakturası, Sağ diz oynağının kontrakturası.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir” səbəbi ilə imtina verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1913/2022 saylı, 19 oktyabr 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1324/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1913/2022 saylı, 19 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qərardan cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1496/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 mart 2023-cü il tarixli, 2- 1(103)-1324/2023 nömrəli qərarı ləğv edilmiş, işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi və kasasiya şikayətinin qalan hissədə təmin olunmaması qərara alınmışdır. Azərbaycan Respublikası İPM-nin 96.11-ci maddəsinə əsasən Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırkı iş üzrə cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “cavabdeh tərəfindən şəxsin obyektiv vəziyyətinin müayinəsi nəticəsində göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş diaqnozun anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmaması qeyd edilsə də, iş üzrə keçirilmiş ekspert rəyində göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş diaqnozun aparılmış kliniki və instrumental müayinələrin əsasında müəyyən olunması qeyd edilmişdir. Ekspert rəyinin bu hissədə əsassızlığı ilə bağlı cavabdeh tərəfindən hər hansı bir dəlil irəli sürülməmişdir. Məhkəmə hesab etmişdir ki, ekspert rəyinin bu hissədə qəbul edilməməsi üçün hər hansı bir əsas yoxdur. Lakin həmin diaqnozun şəxsin əyani müayinəsində əlillik dərəcəsinin təyin edilməsinə əsas verməməsi ilə bağlı ekspert rəyi əsassızdır. Belə ki, iddiaçı barəsində sonuncu dəfə verilən xx.xx.2021-ci il tarixli 3875003AAB0Q saylı tibbi göndərişdə qeyd olunan əsas diaqnozun ağırlaşması (“M24.5 Oynaqların kontrakturası, Sağ diz oynağının kontrakturası”) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3.2-ci bəndinə əsasən ona üçüncü dərəcə əlillik təyinatına əsas verir.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. ... 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEKə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEKin sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. ... 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Məhkəmə kollegiyası qeyd edir ki, işin birinci instansiya icraatı zamanı 14 aprel 2022-ci il tarixli qərardadla İddiaçı mövcud olan xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə göstərilən xəstəliklərin əhatə dairəsində olub-olmaması ilə bağlı qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi, o cümlədən iddiaçının canlı müayinəsinin aparılması üçün cavabdehə müddət təyin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2022-ci ildə Agentliyin müvafiq Tibbi-Sosial Ekspert Komissiyasında nəzarət qaydasında əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq barəsində “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Belə ki, şəxsin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Sağ diz oynağının travma nəticəsində ön çarpaz bağının tam qopmasından və çarpaz bağın bərpası əməliyyatından sonrakı vəziyyət. Sağ diz oynağının kontrakturası” diaqnozu – anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Bundan irəli gələrək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı verilmişdir. Digər tərəfdən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 Publik Hüquqi şəxsi tərəfindən verilmiş T 54/2022 saylı rəyinə əsasən, vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün Bakı 36 nömrəli şəhər poliklinikasının xx.xx.2021-ci il tarixli 3875003AAB0Q saylı göndərişlə rəsmiləşdirilmiş Forma № 88 arayışda qeyd edilmiş diaqnozlar “Diz oynağının xaçabənzər bağının (ön, arxa) gərilməsi və cırılması, sağ diz oynağının travma (2012-ci il hərbi xidmət vəzifəsini yerinə yetirərkən) nəticəsində ön çarpaz bağının tam qopmasından və çarpaz bağın bərpası əməliyyatından sonrakı vəziyyət, oynaqların kontrakturası, sağ diz oynağının kontrakturası” aparılmış kliniki və instrumental müayinələrin əsasında müəyyən olunmuşdur. Həmin diaqnozlar şəxsin əyani müayinəsində əlillik dərəcəsinin təyin edilməsinə əsas vermədiyi üçün ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.3.1-2.3.9-cu bəndlərində nəzərdə tutulmuş hallardan hər hansı birinə aid etmək mümkün deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, həm təqdim edilmiş ekspert rəyindən, həm də cavabdeh inzibati orqanın xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçı müvafiq olaraq əyani müayinədən keçmiş və əlillik təyinatına əsas verən hallar müəyyən edilməmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”si cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuş və iddiaçının qanunla qorunan hüquqlarını pozmamışdır (AR İPM-73.1), imtina cavabdeh inzibati orqanın güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Ona görə də qeyd edilənlərə əsasən məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1913/2022 saylı, 19 oktyabr 2022-ci il tarixli qərarı ləğv edilməli, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D I : Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1913/2022 saylı, 19 oktyabr 2022-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «əlillik dərəcəsinin təyin edilməsi » tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar