Məhkəmə qərarları › İş №2-1(103)-4229/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4229/2025

09.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4229/2025 09.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakimlər: Rəşid Əfraim oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Əliyeva Səmimə Elşad qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “torpaq sahəsinə dair yerləşmə cizgisinin (planın) verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 12996/2025 nömrəli, 18 avqust 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “torpaq sahəsinə dair yerləşmə cizgisinin (planın) verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ Rayonu İcra Hakimiyyətinin 23 iyul 1997-ci il tarixli, 488 saylı sərəncamı ilə fərdi yaşayış evinin tikintisi məqsədilə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində X3 ayrılan 600 kv.m torpaq sahəsinin yerləşmə sxeminin çəkilməsi öhdəliyinin Bakı şəhər Qaradağ Rayon İH-nin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçıya Bakı şəhəri Qaradağ Rayonu İcra Hakimiyyətinin 23 iyul 1997-ci il tarixli 488 saylı sərəncamı ilə fərdi yaşayış evinin tikintisi məqsədilə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində 600 kv.m torpaq sahəsi ayrılmışdır. Sərəncamın verilməsindən uzun müddət keçməsinə baxmayaraq, həmin torpaq sahəsinə dair yerləşmə sxemi (plan-ölçü) təqdim olunmamışdır və bu səbəbdən əmlak hüququnu tam həyata keçirə bilmir. Müvafiq orqanlara müraciətinə baxmayaraq, torpaq sahəsinin dəqiq sərhədlərinin göstərildiyi sxem tələb olunur. Sxemin alınması ilə bağlı cavabdehə müraciətini təsdiq edən poçt qəbzini əlavə edir və bildirir ki, rəsmi müraciətinə hal-hazırki müddətə kimi cavab verilməmiş və şifahi olaraq sxemin çəkilməsindən imtina olunmuşdur. Cavabdeh tərəfindən təqdim edilmiş yazılı etiraz onunla əsaslandırılmışdır ki, ayrılmış torpaq sahəsinin koordinatlarının (sahə sərhədlərinin), faktiki ölçüləri ilə naturada yerləşdiyi sahənin müəyyən edilməsi, həmin torpaq sahəsinin “Azərbaycan Respublikası Dövlət Neft Şirkəti” X4 istifadəsində olan sənaye təyinatlı torpaq sahəsi hüdudlarında yerləşib-yerləşməməsini, həmin torpaq sahəsinin başqa şəxslərə (fiziki və ya hüquqi şəxslərə) məxsus torpaq sahələri ilə üst-üstə düşməsini və yaxud başqa şəxslərin adına dövlət qeydiyyatına alınmasını, eləcə də, torpaq sahəsinin kateqoriyasını, həmçinin dövlət mülkiyyətində olub-olmamasını (torpaq sahəsinin digər şəxslərin istifadəsində olmasını, hansı inzibati orqanın inzibati ərazisində və idarəçiliyində olmasını) aydınlaşdırmaq məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə mütəxəssis rəyi alınması üçün müraciət edilməlidir. Belə ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin ölçüsü 1311 kv.m təşkil edir, lakin müvafiq sərəncamda həmin ölçülər 600 kv.m təşkil edir və bu hal da həmin torpaq sahəsinin yerləşdiyi sahənin müəyyən edilməsində çətinlik yaradır. Həmçinin, qanunvericiliyin tələblərindən göründüyü kimi, torpaq sahələrinə plan (cizginin) və xəritədən çıxarışın verilməsi rayon icra hakimiyyətlərinin səlahiyyətləri xaricindədir. Məhkəmənin nəzərinə çatdırılır ki, hər hansı formatda xəritəçəkmə, planaalma və ya mərz nöqtələrinin yerə keçirilməsi fəaliyyəti rayon icra hakimiyyətlərinin səlahiyyətində deyil. Torpaq sahələrinin sənədləşdirilməsi zamanı texniki kadastr sənədi kimi plan-sxem, cizgi-plan, cizgi-sxem və sair terminlər tətbiq olunmur. Bu cür hallarda tələb olunan texniki kadastr sənədi "Torpaq sahəsinin yerquruluşu planı" adlanır. Qanunvericiliklə müəyyən edilmiş qaydada yerquruluşu işləri Azərbaycan Respublikası vahid kadastr fondu məlumatlarından istifadə edilərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir. Hüquqi əsaslar: "Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə"nin 2-ci bəndinin tələbinə uyğun olaraq yerquruluşu işləri Respublikanın ərazisində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aparılır. "Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 4-cü abzasının tələbinə uyğun olaraq dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul edilməsi üçün əsasdır. Həmin Qanunun 10-cu maddəsinin tələbinə uyğun olaraq torpaq kadastr sənədlərinin dəqiqliyini təmin etmək üçün Azərbaycan Respublikasının bütün inzibati ərazi vahidləri üzrə torpaq sahələrinin yerdə (naturada) tədqiqi aparılır və kadastr sənədləri ilə müqayisə olunaraq sənədlərdə düzəlişlər edilir. Başqa sözlə, çöl planaalma işlərinin nəticələləri kadastr fondu məlumatları ilə müqayisəli ekspertiza edildikdən sonra müvafiq sənədlər hazırlanır. Həmin Qanunun 12-ci maddəsinin 2-ci abzasına uyğun olaraq Dövlət torpaq kadastr fondu müvafiq icra hakimiyyəti orqanı- Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin sərəncamında olur. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"də Cavabdeh əvvəllər ayırdığı torpaq sahələrinin yerini və koordinatlarını müəyyənləşdirmək, o cümlədən həmin sahələrə dair cizgilər, xəritədən çıxarışlar vermək öhdəliyi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 65-ci maddəsinin 5-ci bəndində qeyd olunur ki, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 176 nömrəli Fərmanına əsasən həmin Məcəllənin 65ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.23-cü bəndində qeyd olunduğu kimi, daşınmaz əmlaka, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Əmlak Məsələləri Dövlət Xidmətinin vəzifələrinə aiddir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3- cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPMnin 37-ci maddəsinə əsasən yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı Cavabdehnə qarşı ″Cavabdeh 488 nömrəli, xx.xx.1997-ci il tarixli sərəncamına əsasən iddiaçıya fərdi yaşayış evi tikintisi üçün ayrılmış 600 kv.metr topaq sahəsinə yerləşmə sxeminin çəkilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması″ tələbinin mümkünsüz hesab edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12996/2025 nömrəli, 18 avqust 2025-ci il tarixli qərarı ilə (hakim G.Tanrıverdiyeva) iddia tələbinin təmin edilməsi, Bakı şəhəri Cavabdeh 23 iyul 1997-ci il tarixli, 488 saylı sərəncamı ilə fərdi yaşayış evinin tikintisi məqsədilə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində Əsgərova (Kamilova) Mətanət Əsgər qızına ayrılan 600 kv.m torpaq sahəsinin plan-ölçü sxeminin (yerləşmə cizgisinin) hazırlanması və verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia ərizəsinin qeyri-mümkün hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ayrılmış torpaq sahəsinin koordinatlarının (sahə sərhədlərinin), faktiki ölçüləri ilə naturada yerləşdiyi sahənin müəyyən edilməsi, həmin torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyinin istifadəsində olan sənaye təyinatlı torpaq sahəsi hüdudlarında yerləşib-yerləşməməsini, həmin torpaq sahəsinin başqa şəxslərə (fiziki və ya hüquqi şəxslərə) məxsus torpaq sahələri ilə üst-üstə düşməsini və yaxud başqa şəxslərin adına dövlət qeydiyyatına alınmasını, eləcə də, torpaq sahəsinin kateqoriyasını, həmçinin dövlət mülkiyyətində olub-olmamasını (torpaq sahəsinin digər şəxslərin istifadəsində olmasını, hansı inzibati orqanın inzibati ərazisində və idarəçiliyində olmasını) aydınlaşdırmaq məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə mütəxəssis rəyinin alınması üçün müraciət edilməlidir. Həmçinin, qanunvericiliyin tələblərindən göründüyü kimi, torpaq sahələrinə plan (cizginin) və xəritədən çıxarışın verilməsi rayon icra hakimiyyətlərinin səlahiyyətləri xaricindədir. Hər hansı formatda xəritəçəkmə, planaalma və ya mərz nöqtələrinin yerə keçirilməsi fəaliyyəti rayon icra hakimiyyətlərinin səlahiyyətində deyil. Torpaq sahələrinin sənədləşdirilməsi zamanı texniki kadastr sənədi kimi plan-sxem, cizgi-plan, cizgi-sxem ve sair terminlər tətbiq olunmur. Bu cür hallarda tələb olunan texniki kadastr sənədi "Torpaq sahəsinin yerquruluşu planı" adlanır. Qanunvericiliklə müəyyən edilmiş qaydada yerquruluşu işləri Azərbaycan Respublikası vahid kadastr fondu məlumatlarından istifadə edilərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir. Tərəflərin iştirakı: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iş üzrə icraatın iştirakçılarına lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdən müəyyən olunur ki, iddiaçının tələbi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 600,0 kv.m. torpaq sahəsinə cizginin (yerləşmə sxemi) verilməsi ilə bağlıdır. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, Sərəncama əsasən iddiaçıya verilən torpaq sahəsi ilə onun faktiki sahibliyində olan torpaq sahəsinin ölçüləri fərqlidir. İş materiallarından görünür ki; - Cavabdeh 23 iyul 1997-ci il tarixli 488 nömrəli sərəncamı əsasında vətəndaş X3 fərdi yaşayış evinin tikintisi məqsədi ilə Lökbatan qəsəbəsindən 600,0 kv.m. torpaq sahəsi ayrılmışdır. - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2024-cü il tarixli məktubu ilə X5 barəsində Qaradağ rayon İH-nin arxiv fondu üzrə xx.xx.1997-ci il tarixli, 488 saylı sərəncamından təsdiq edilmiş arxiv çıxarışı 1 (bir) vərəqdən ibarət İddiaçı (bundan sonra iddiaçı) göndərilmişdir. - İddiaçının müraciətinə cavab olaraq verilmiş Bakı şəhəri Cavabdeh xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur: “...Qeyd etdiyiniz torpaq sahəsinə ərizənizə qoşma şəklində əlavə etdiyiniz xəritəyə (peykdən görüntü) baxış zamanı müəyyən edilmişdir ki, istifadənizdə 1311 kv.m. torpaq sahəsi vardır. Belə ki, Cavabdeh başçısının xx.xx.1997-ci il tarixli, 488 nömrəli sərəncamından görünür ki, Sizə (sərəncamda X3) 600 kv.m. torpaq sahəsi ayrılmışdır. Bu hal isə təqdim etdiyiniz sərəncamın həmin torpaq sahəsinə aid olmasının müəyyən edilməsini çətinləşdirir. İzah edirik ki, torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Bu isə verilmiş sərəncamın qüvvəyə minməsi üçün əsas hesab olunur. İşin faktiki hallarından görünür ki, Cavabdeh 23 iyul 1997-ci il tarixli 488 nömrəli sərəncamı əsasında iddiaçı X3 fərdi yaşayış evinin tikintisi məqsədi ilə Lökbatan qəsəbəsindən 600,0 kv.m. torpaq sahəsi ayrılmışdır. Hazırda iddiaçı torpaq sahəsinə cizgi (yerləşmə sxemi) ona verilməsini xahiş edir. İddiaçı qeyd olunan torpaq sahəsinin cizgisinin tərtib edilməsi barədə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan tərəfindən 5-13/1-K-7-091/2025 nömrəli, 08 iyul 2025-ci il tarixli məktubla cavab verilərək qeyd edilmişdi ki, ərizəyə qoşma şəklində əlavə edilən xəritəyə (peykdən görüntü) baxış zamanı müəyyən edilmişdir ki, istifadədə 1311 kv.m. torpaq sahəsi vardır. Bu hal isə təqdim edilən sərəncamın həmin torpaq sahəsinə aid olmasının müəyyən edilməsini çətinləşdirir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Bu isə verilmiş sərəncamın qüvvəyə minməsi üçün əsas hesab olunur. Qeyd edilənlərə əsasən müraciətin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh 23 iyul 1997-ci il tarixli 488 nömrəli sərəncamına əsasən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi naturada təhvil verilmiş olsa da, cavabdeh inzibati orqan həmin torpaq sahəsinin yerləşmə vəziyyətini (hüdudlarını) əks etdirən sənədi (yerləşmə cizgisini, planı, ayrıc aktını) qərara əlavə etməmişdir. Hazırda iddiaçı isə öz tələbinin - öhdəliyin cavabdeh tərəfindən icrasının əsası kimi cavabdehin sərəncamı ilə ona verilmiş hüquqdan və torpaq sahəsinin ona təhvil verilməsi faktından çıxış edir. Mübahisəli sərəncamın qəbul edildiyi dövrdə qüvvədə olan xx.xx.1991-ci il tarixli Torpaq Məcəlləsinin: -7-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaq xalq deputatları Sovetlərinin ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər. -10-cu madəsinə görə torpaq Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının xüsusi mülkiyyətinə yerli icra hakimiyyəti orqanlarının vəsatətlərinə əsasən rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə aşağıdakı məqsədlər üçün verilir: 1) fərdi yaşayış evi və köməkçi tikililərin inşası, habelə şəxsi yardımçı kənd təsərrüfatı (həyətyanı sahə) üçün — həmin ərazidə daimi yaşayanlara; -22-ci maddəsinə görə torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 3) torpaq kadastrının aparılmasını təşkil etmək... 5) yaşayış məntəqəsinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yer-təsərrüfat quruluşu planlarının hazırlanması və həyata keçirilməsini təşkil etmək... -29-cu maddəsinə görə müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yerquruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Qeyd edilməlidir ki, torpaq sahəsinin cizgisi qərar qəbul olunan zaman onun ayrılmaz hissəsi kimi təqdim olunmalıdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2024-cü il tarixli məktubu ilə X5 barəsində Qaradağ rayon İH-nin arxiv fondu üzrə xx.xx.1997-ci il tarixli, 488 saylı sərəncamından təsdiq edilmiş arxiv çıxarışı ilə təsdiqlənir. İşdən görünür ki, torpaq sahəsi iddiaçıya naturada təhvil verilmiş olsa da, sözügedən qərar tam şəkildə icra edilməmiş, torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi hazırlanılaraq təqdim edilməmişdir. Cavabdeh tərəfindən ayrılmış torpaq sahəsinə dair ayrıc aktının həmin dövrdə qərar ilə birlikdə vətəndaşa təqdim edilməsinə dair isə heç bir sübut işə əlavə edilməmişdir. Halbuki, torpaq sahəsi ayrılarkən yerquruluşu qaydalarına uyğun olaraq əvvəl onun sərhədləri yerdə (naturada) və xəritədə, yəni həmin torpaq sahəsinin digər torpaq sahələrinə münasibətdə yerləşməsi və döngə nöqtələri müəyyən edilməlidir. Torpağın ayrılması barədə qərar qəbul edildikdən sonra isə həmin sahənin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi onu ehtiva edir ki, torpaq sahəsi ayrılan şəxsə onun ölçüləri göstərilməklə təqdim edilir. Bu prosedurun nəticəsi olaraq torpaq sahəsinin planı və təsviri hazırlanmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinin: -1-ci bəndinə görə yerquruluşu – torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə dövlətin müvafiq hüquqi, iqtisadi və texniki tədbirlər sistemidir; -3-cü bəndinə görə yerquruluşu, ərazilərin şəhərsalma, ekoloji, iqtisadi və digər xüsusiyyətlərini nəzərə almaqla torpaqların münbitliyinin artırılması, onların mühafizəsi üzrə respublika və regional proqramlarının və proqnozlarının, habelə yerquruluşu sxemlərinin hazırlanması, torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar layihələrin və digər yerquruluşu sənədlərinin hazırlanması işlərini də nəzərdə tutur; -4-cü bəndinə əsasən yerquruluşu müvafiq icra hakimiyyəti orqanlarının (yerli icra hakimiyyəti orqanları) qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır. Həmin Məcəllənin 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin maddənin xx.xx.2008-ci il tarixədək qüvvədə olan 3-cü bəndinə görə torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndinə görə torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Prezidentinin 16 iyun 1999-cu il tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş (06 iyun 2012-ci il tarixli Fərmanla qüvvədən düşmüşdür) «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 28-ci bəndinə görə müvafiq ərazidə yaşayış məntəqələrinin torpaq-təsərrüfat quruluşunun hazırlanmasını və həyata keçirilməsini təmin etmək, torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin hüquqlarının müdafiə edilməsində kömək etmək icra hakimiyyəti başçılarının səlahiyyətlərinə daxildir. Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 4.16.6-cı bəndinə görə torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə daxildir. Sadalanan qanunvericilik normalarından göründüyü kimi, iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılan vaxtda və ondan sonrakı dövrlərdə torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll etmək, torpaq istifadəçilərinin müraciəti əsasında yerquruluşu sxemlərinin hazırlanması yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə daxil olmuşdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh 23 iyul 1997-ci il tarixli 488 nömrəli sərəncamı ilə Lökbatan qəsəbəsində fərdi ev tikmək üçün iddiaçı X3 600,0 kv.m. torpaq sahəsinə dair cizginin tərtib olunaraq, verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya Qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12996/2025 nömrəli, 18 avqust 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Günel Sevdimalıyeva Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar