Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-423/2022 12.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Həmidov Həmid Üzeyir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (xx.xx.1960-cı il tarixində Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, 2-1(112)-5223/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 29.03.2021-ci il tarixində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə - DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 60 yaşının tamam olduğu 21 avqust 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 21 avqust 1960-cı il tarixdə doğulmuşdur. İddiaçının əmək kitabçasının, hərbi biletinin və diplomunun surətinə əsasən, o, 19 noyabr 1976-cı il tarixdən 28 may 1978-ci il tarixədək Bakı X1 23-cü sahəsində təmirçi-çilingər peşəsində işləmiş, 18 may 1979-cu il tarixdən 02 iyun 1981-ci il tarixədək Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmiş, 01 dekabr 1981-ci il tarixdən 09 mart 1982-ci il tarixədək Bakı şəhəri “Elektronəqliyyatkommuntəmir” İdarəsinin mexanikləşmə və nəqliyyat kontorunda çilingər və maşinist peşələrində, 28 iyul 1982-ci il tarixdən 08 aprel 2011-ci il tarixədək Bakı Zərgərlik Zavodunda bərkidici-zərgər peşəsində və 19 noyabr 2013-cü il tarixdən 30 dekabr 2016-cı il tarixədək “Meqa İnvest” şirkətində lombard eksperti peşəsində işləmişdir. İddiaçı DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən imtina olunmuşdur. Daha sonra, iddiaçı məhkəmə iclasında “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin nəticə hissəsinin “57 yaşının tamam olduğu 21.08.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, müraciət etdiyi 20.11.2020-ci il tarixdən 3 il əvvələ 20.11.2017-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilsin.” kimi göstərilməsini xahiş etmişdir. 17 iyul 2021-ci il tarixli məhkəmə iclasında məhkəmənin protokol qaydasında qəbul etdiyi qərardadla ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, 2-1(112)-5223/2021 nömrəli qərarı ilə (hakim H.Ağalarov) iddia təmin edilmiş, İddiaçı 57 yaşının tamam olduğu 21.08.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın müraciət edilən tarixdən (20.11.2020-ci il) əvvəlki üç il üçün, yəni 20.11.2017ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, 2-1(112)-5223/2021 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 39200,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 29053,71 manat təşkil edir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi sonuncu məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X3 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, 2- 1(112)-5223/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. ünvan 2 ünvanında qeydiyyatdadır; - DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçının 20.11.2020ci il tarixli müraciətinə cavab olaraq 25 fevral 2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 39.600,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 28.640,67 manat təşkil edir; - "xxxx" MMC tərəfindən 26 avqust 2020-ci il tarixdə verilən arayışda göstərilmişdir ki, İddiaçı 15.12.1982-ci ildən – 08.04.2011-ci ilədək keçmiş Azərbaycan “Zərgərsənaye” İstehsalat Birliyində zərgər-bərkidici peşəsində işləmişdir. Zərgər-bərkidici işlədiyi müddətdə qiymətli metallardan və yarımqiymətli daşlardan hazırlanmış xüsusi formalı zərgərlik məlumatlarını bərkidmişdir. Bərkidmə zamanı surquçu açıq alov ilə əridib, məmulatı onun vasitəsi ilə tutqacın üzərinə yerləşdirib. Bərkidmədən sonra məmulatı surquçdan təmizləmək üçün benzinin içərisində yuyub. İş əsnasında o, xüsusi şəkillərə baxaraq, zərgərlik məmulatlarının üzərinə nəqqaşlamaq işlərini yerinə yetirməklə, daşların bərkidmə əməliyyatını yerinə yetirmişdir. Sonuncu mərhələdə toplanmış qiymətli metalların ovuntularını açıq alovla əridib, yeni növ zərgərlik məmulatlarını istehsal etmək üçün külçə şəklinə salmışdır. Əritmə zamanı sbest, bor turşusu və benzindən istifadə edib. Fəhlələr üçün vahid tarif dərəcələri iş və peşələrin sorğu kitabı 1987-ci ilin sorğu kitabında (Moskva nəşriyyatı) göstərilir: zərgər peşəsinə aşağıdakılar aiddir: zərgər-quraşdırıcı; zərgər-şəbəkəçi; zərgərnəqqaş; zərgər-sepçi; zərgər-bərkidici. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 92-ci maddəsinə müvafiq olaraq əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı ümün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraiti istehsalatlarda, peşə və vəzifələrdə çalışan işçilər həftədə 36 saatdan çox olmayan qısadılmış iş vaxtında işləyib. Həmçinin, həmin işçilər 6 təqvim günü əmək məzuniyyətinə əlavə və gündəlik südlə təmin edilmişdir. Odur ki, həmin peşərlədə işləyən şəxs əmək şəraitinə görə güzəştlə, yaşa görə əmək təqaüdünə çıxmaq hüququna malikdir. Onun işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 saylı qərarına müvafiq olaraq, həmin qərarın 11.9 bölməsinin “Qaynar üsulla metalın üzlənməsi” – “Zərgər və bədii məmulatları qaralayanlar” – zərərli sahəyə uyğundur. - Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi "xxxx" MMC-nin 17 iyun 2021-ci il tarixli, 32/01 nömrəli məktubunda göstərilmişdir ki, keçmiş Azərbaycan “Zərgərsənaye” İstehsalat Birliyinin zərgər-bərkidicisi İddiaçı 15.12.1982-ci il tarixdən – 08.04.2011-ci il tarixədək zərgər-bərkidici peşəsində işlədiyi barədə verilən arayışda peşəsi üzrə yerinə yetirdiyi işlər ətraflı göstərilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarına müvafiq olaraq həmin Qərarın 2 №-li siyahısının XİV bölməsinin 7-ci bəndində “Qaynar üsulla metalın üzlənməsi” bölməsində qeyd olunan 2150700a-19553 – “zərgər və bədii məmulatları qaralayanlar” peşəsi ilə uyğunluq təşkil edir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olmuşdur. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13- cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin «e» bəndinə əsasən qanunda nəzərdə tutulmuş başqa şərtlərə əməl etməklə ictimai faydalı əməklə məşğul olan ali məktəblərdə və orta ixtisas peşə məktəblərində, kadrlar hazırlayan kurslarda təhsil alanlar, aspirantlar, klinika ordinatorları, doktorantların əmək pensiyası almaq hüququ vardır. Həmin Qanunun 67-ci maddəsinin İİİ hissəsinin «ğ» bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır:
1. İddiaçının 01.01.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması;
2. İddiaçının 01.01.2006-cı ilə qədər azı 12 il 06 ay güzəştli iş stajının mövcud olması. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əsasən iddiaçı tərəfindən yuxarıda qeyd edilən hər iki şərtin ödənildiyi müəyyən edilir. Belə ki, hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür, 57 yaşı tamam olduğuna görə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə uyğun olaraq yaşa görə güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin cavabdeh inzibati orqan onun pensiya kapitalının yetərli olmaması səbəbindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. Hazırda iddiaçı ona adıçəkilən qanunun tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Məhkəmə kollegiyası iddiaçının iş stajı ilə bağlı qeyd edir ki, o, -19.11.1976-28.05.1978-ci illərdə Bakı X1 23 saylı stansiyasında 2-ci dərəcəli təmirçi-çilingər (1il 6ay 10gün); -18.05.1979-02.06.1981-ci illərdə hərbi xidmətdə (2il 16gün); -01.12.1981-09.04.1982-ci illərdə Mexanizasiya və Nəqliyyat İdarəsində 2-ci dərəcəli çilingər, 2-ci dərəcəli sürücü (4 ay 9 gün); -28.07.1982-14.12.1982-ci illərdə Bakı Zərgərlik Zavodunda zərgər-bərkidici şagirdi (4ay18gün); -15.12.1982-08.04.2011-ci illərdə Bakı Zərgərlik Zavodunda (daha sonra “Zərgərsənaye” adlandırılmışdır) 3-cü dərəcəli zərgər-bərkidici, 4-cü dərəcəli zərgərbərkidici, 5-ci dərəcəli zərgər-bərkidici (01.01.2006-cı il tarixədək 23 il 17 gün, ) Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hərbi xidmət və əmək kitabçasında əks olunmuş iş stajı 25 ildən artıq təşkil edir. İddiaçının güzəştli iş stajıı ilə bağlı qeyd edilməlidir ki, iddiaçının işlədiyi “zərgərbərkidici” peşəsi 01.01.2006-cı ilədək 23 il 17 gün olmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə “2150700a-19553” kod ilə nəzərdə tutulan “zərgər və bədii məmulatları qaralayanlar” peşəsi ilə uyğunluq təşkil etməsi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi "xxxx" MMC-nin 17 iyun 2021-ci il tarixli, 32/01 nömrəli məktubu və 26 avqust 2020-ci il tarixli arayışı ilə öz təsdiqini tapmışdır. Həmin məktubda və arayışda ətraflı olaraq iddiaçının xüsusi stajı qeyd edilmiş, faktiki olaraq gördüyü işlər sadalanmış, həmçinin işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda nəzərdə tutulduğu göstərilmişdir. 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əlavə olunur. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. İşlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyibişləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən ona güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilmişdir. İddiaçının təqdim etdiyi iş yerindən arayışda da iddiaçının işlədiyi həmin sahə və vəzifələrin qeyd olunan Siyahıda göstərilən sahə və vəzifələrə uyğun olduğu təsdiq edilmişdir. Göründüyü kimi iddiaçının 57 yaşının tamam olana kimi 25 ildən artıq ümumi əmək stajının və 12 il 06 aydan artıq güzəştli iş stajının olması iş materiallarına əlavə edilmiş əmək kitabçası və güzəştli arayış ilə təsdiq edilmiş, cavabdeh inzibati orqanının imtinasının əsasları mövcud qanunvericilik normalarına zidd, əsassız və qanunsuz olmuşdur. İddiaçının iş materiallarında olan KT seriyalı, 022221 nömrəli diplomunun azərbaycan dilində tərtib olunmuş hissəsində qeyd edilmişdir ki, “bu diplom verilir (ad, soyad, ata adı göstərilməmişdir), ondan ötrü ki, o, 19 (qeyd olunmamışdır) ildə Azərbaycan SSR ali və orta ixtisas təhsili nazirliyinin Bakı Politexnik Texnikumuna daxil olmuş və 1987-ci ildə Bakı maşınqayırma texnikumunu metalların termik emalı və metalşünaslıq ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət İxtisas Komissiyasının 28 iyun 1987-ci il tarixli qərarı ilə ona texnik-texnoloq ixtisası verilmişdir, Bakı şəhəri, 16 mart 1990-cı il, qeyd №767. (Diplomun rusca tərtib olunmuş hissəsinə əsasən isə iddiaçının adı qeyd edilmiş, daxil olma ili qeyd edilməmişdir) Yuxarıda qeyd olunan məsələyə aydınlıq gətirilməsi məqsədilə Bakı Texniki Kollecinə, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına və Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə sorğular ünvanlanmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kolleci tərəfindən daxil olmuş məktuba əlavə edilmiş 528 nömrəli, 29.03.2022-ci il tarixli arxiv arayışının (imzalayan şəxslər-inzibati-təsərrüfat işləri üzrə direktor müavini F.İ.Aslanzadə, arxiv müdiri Q.Ə.Hacıyeva) surətinə əsasən qeyd edilmişdir ki, verilir İddiaçı, ondan ötrü ki, o həqiqətən 23.11.1983-cü il tarixli, 661-c saylı əmrə əsasən keçmiş Bakı Politexnik Texnikumunun axşam şöbəsinin “Metalşünaslıq və metalların termik emalı” ixtisasına daxil olmuşdur. 08.07.1987-ci il tarixli, y-171 saylı əmrə əsasən keçmiş Bakı Maşınqayırma Texnikumunun axşam şöbəsinin “Metalşünaslıq və metalların termik emalı” ixtisasını bitirmiş, Dövlət İxtisas Komissiyasının qərarı ilə ona “texnik-texnoloq” ixtisas dərəcəsi və KT 022221 №li diplom verilmişdir. Məhkəmə kollegiyası cavabdehin imtinasının və apellyasiya şikayətinin dəlili olan iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi ilə bağlı qeyd edir ki, hazırkı halda iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajına malik olduğundan, ona həmin Qanunun 9.8-ci bəndinə müvafiq olaraq yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə pensiya təyin olunduğundan, cavabdehin iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyi əsası ilə ona pensiya təyin edilməsindən imtina etməsi qanunun tələblərinə ziddir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı onu da qeyd edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM 14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («inzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə) Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, 2-1(112)-5223/2021 nömrəli qərarı əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti isə əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, 2-1(112)-5223/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.