Məhkəmə qərarları › İş №2-1(103)-423/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-423/2025

15.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-423/2025 15.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-287/2024 saylı, 12 iyul 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Silahlı Qüvvələrinin polkovnikleytenant rütbəsində ehtiyatda olan zabitidir. xx.xx.1992 - xx.xx.2020-ci illər ərzində Silahlı Qüvvələrin müxtəlif hərbi hissələrində həqiqi hərbi xidmət keçmişdir. xx.xx.2019-cu il tarixdə Müdafiə nazirinin müvafiq əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156- cı maddəsinin “v” bəndinə əsasən (xəstəliyə görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. 1992-1994-cü illərdə əsgər kimi həqiqi hərbi xidmət keçmiş, o cümlədən, hərbi xidmətinin xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək və xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək olan dövrü döyüş bölgəsində yerləşərək döyüş əməliyyatları aparmış Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində keçmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin qanunun 7-ci maddəsinə əsasən, veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində icra hakimiyyəti orqanları tərəfindən verilir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, Silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci bəndinə əsasən 1991-ci il oktyabr ayının 9dan 1994-cü il may ayının 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixdən sonra döyüş zonalarında hərbi xidmət keçərkən, yaxud döyüş zonalarında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətdə olarkən, bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik, Dövlət Sərhəd Xidməti orqanları və hərbi hissələr tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çəxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteran adı verilir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi heç bir əsas olmadan onun müraciətini təmin etməmişdir. Cavabdeh imtina məktubuna qeyd etmişdir ki, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2021-ci il tarixli iclasında baxılmış, 760 nömrəli protokol ilə barəsində müsbət qərar qəbul edilməmiş və sənədləri geri qaytarılmışdır. Ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-287/2024 saylı, 12 iyul 2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh inzibati orqan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, inzibati işə birinci instansiya məhkəməsində baxılarkən Müdafiə Nazirliyinin aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiya 02 iyul 2024-cü il tarixli və 08 iyul 2024-cü il tarixli məktubları ilə Komissiyanın 25 iyun 2024-cü il tarixli iclasında baxıldığı və ona “Müharibə veteranı” adı və vəsiqəsinin verildiyini bildirmiş, Bakı İnzibati Məhkəməsi 12 iyul 2024-cü il tarixli qərarının 4 və 6-cı səhifələrdə Komissiyanın qeyd edilən məktublarına istinad etmişdir. Bununla da inzibati işə baxan birinci instansiya məhkəməsində baxılarkən inzibati orqan tərəfindən iddiaçının tələbinin təmin edilməsi səbəbindən inzibati iş üzrə icraata xitam verməsinə dair qərardad qəbul edilməli olduğu halda məhkəmə prosessual pozuntuya yol verərək mahiyyəti üzrə qərar qəbul edərək iddia tələbini təmin etmişdir. Həmçinin işə apellyasiya instansiyasında baxılan zaman iddiaçı tərəfindən məhkəməyə ərizə ünvanlanaraq ona müharibə adının və veteran vəsiqəsinin verildiyi bildirilmişdir. Bir sıra prosessual hərəkətlər edildikdən sonra sonuncu məhkəmə iclası xx.xx.2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati iş materiallarından müəyyən olunur ki, iddiaçı hərbi xidmətinin xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək və xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək olan dövrünün döyüş bölgəsində yerləşərək döyüş əməliyyatları aparmış Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində keçirməsini əsas gətirərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədilə inzibati orqana müraciət etmiş, inzibati orqan müraciətinə imtina cavabı verdiyindən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə araşdırma zamanı cavabdeh inzibati orqan xx.xx.2024-cü il tarixli məktubla məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya daxil olmuş vətəndaş İddiaçı barəsində qəbul olunmuş Bakı İnzibati Məhkəməsinin qərarına komissiyanın xx.xx.2024-cü il tarixli iclasında baxıldığını və ona “müharibə veteranı” adı verildiyini qeyd etmişdir. İnzibati iş üzrə məhkəmə araşdırması zamanı mübahisə cavabdeh inzibati orqan tərəfindən aradan qaldırılmasına baxmayaraq birinci instansiya məhkəməsi qeyd edilən hala diqqət etməmiş, iş üzrə icraata xitam verilməli olduğu halda prosessual pozuntuya yol verərək iddia tələbinin təmini nəticəsinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə, Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbicavabdeh tərəfindən iş üzrə birinci instansiya məhkəməsində araşdırma zamanı təmin olunduğundan, bununla da hazırki iş üzrə mübahisə mövcud olmadığı halda mahiyyəti üzrə məhkəmə qərarı qəbul edildiyindən birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67ci maddəsini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-287/2024 saylı, 12 iyul 2024-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar