Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4233/2023 19.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçı X2 cavabdeh X3 qarşı “məlumatın verilməsi öhdəliyinin qoyulması” iddia tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, e-2- 1(112)-14038/2023 saylı qərardadından iddiaçının vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı X6 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında olan 1549,1 kv.m.-dən ibarət “Əmlak Kompleksi” və həmin Kompleksin yerləşdiyi, kateqoriyası –“Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı” - olan, 0,75827 ha torpaq sahəsi ilə bağlı, 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən **********76-12301 reyestr nömrə ilə qeydə alınmış, xx.xx.2020-ci il tarixli, ********** nömrəli qeyd əsasında X3 adına verilmiş Çıxarışdan sonra, həmin torpaq sahəsinin kateqoriyasının “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına keçirilməsi (dəyişdirilməsi) barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı mövcuddurmu? – sualının cavablandırılması və Qərar mövcud olduğu halda həmin Qərarın surətinin təqdim olunması öhdəliyinin Azərbaycan Republikası Nazirlər Kabinetinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X2 qanuni nümayəndəsi X4 ərizə ilə X3ə ərizə ilə müraciət edərək, aşağıda göstərilən məlumatın və müvafiq Qərarın təqdim olunmasını xahiş etmişdir. ünvan 1 ünvanında olan 1549,1 kv.m.-dən ibarət “Əmlak Kompleksi” və həmin Kompleksin yerləşdiyi, kateqoriyası –“Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı” -olan, 0,75827 ha torpaq sahəsi ilə bağlı, 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən **********76-12301 reyestr nömrə ilə qeydə alınmış, xx.xx.2020-ci il tarixli, ********** nömrəli qeyd əsasında X3 adına verilmiş Çıxarışdan sonra, həmin torpaq sahəsinin kateqoriyasının “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına keçirilməsi (dəyişdirilməsi) barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı mövcuddurmu? Mövcuddursa, həmin Qərarın surətinin təqdim olunmasında ona köməklik göstərilməsini rica etmişdir. Həmin ərizə aşağıdakı qaydada əsaslandırılmışdır: Qanuni nümayəndəsi olan Tamara Həmidova, Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi, ev 45, mənzil 44-də yaşayan və 1-ci qrup əlil X2, dövlət mülkiyyətində olan və xx.xx.2018-ci il tarixli, 1460 saylı icarə müqaviləsi əsasında istifadəsinə verilmiş, ünvan 2 ünvanında yerləşən torpaq sahəsi üzərindəki hüquqlarına qarşı bilə-bilə qanunsuz hərəkətlərə yol vermiş və AR Nazirlər Kabinetinin vəzifə səlahiyyətlərini açıq-aşkar mənimsəmiş, eləcə də vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin bəzi əməkdaşlarının bir qrup halında birləşərək ona qarşı edilən davamlı və qərəzli hərəkətlərinin qarşısının alınması və həmin şəxslərin ifşa olunması üçün, cavabdehə müraciət etmək məcburiyyətindədir. Belə ki, dövlət mülkiyyətində olan və icarə müqaviləsi əsasında X2 istifadəsinə verilmiş torpaq sahəsinin qonşuluğunda yerləşən və X5 məxsus, 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən **********76-12301 reyestr nömrə ilə qeydə alınmış, ünvan 1 ünvanında olan 1549,1 kv.m.dən ibarət “Əmlak Kompleksi” və onun yerləşdiyi (Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı) 0,75827 ha torpaq sahəsi ilə bağlı, xx.xx.2020-ci il tarixli, ********** nömrəli qeyd əsasında X3 adına verilmiş Çıxarışdan sonra torpaq sahəsinin təyınatının dəyişdirilməsi, onun istifadəsində olan 3 kv.m. torpaq sahəsinin onun adına qeydə alınıbalınmaması və digər məlumatların əldə olunması üçün xx.xx.2023-cü il tarixli Ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunmuşdur. 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məlumat verilmədiyinə görə, həmin məlumatların əldə olunması üçün məhkəməyə müraciət olunmuş və məhkəmənin İdarəyə ünvanlanan sorğusu əsasında 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən aşağıdakı məlumat və sənədlər təqdim olunmuşdur. 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-30\2-19060\2023 (**********60) nömrəli cavabında sorğuda qeyd olunan əmlak kompleksi kimi müəssisənin yerləşdiyi 0,7583 ha torpaq sahəsinin təyinatının yaşayış məntəqələrinin torpaqları kimi xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınması bildirilmişdir. Təqdim olunmuş, yeni çıxarışda-“Əmlak Kompleksi” kimi müəssisənin torpaq sahəsinin kateqoriyasının - “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına dəyişdirilməsi; torpaq sahəsinin ölçüsünün- 0,7583 ha; xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınması müəyyən olunur. Deməli, torpaq sahəsinin kateqoriyası, yəni Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsinə aid olan 0,75827 ha torpaq sahəsinin təyinatı dəyişdirilmiş və yaşayış məntəqələrinin torpaqları kimi qeydə alınmışdır. Digər tərəfdən, torpaq sahəsinin həm də ölçüsü 3 kv.m. artırılmış və 0,7583 ha göstərilmişdir. Təqdim olunmuş məlumat və sənədlərdən müəyyən olunur ki, AR Nazirlər Kabinetinin müfaviq Qərarı olmadan, yalnız X3 xx.xx.2022-ci il tarixli ərizəsi və "xxxx" KB ASC-nin xx.xx.2022-ci il tarixli müraciəti əsasında, 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən torpaq sahəsinin təyinatı qanunsuz və özbaşına dəyişdirilmiş; eləcə də mülkiyyətçinin və istifadəçinin razılığı alınmadan, yəni hər hansı bir əsas olmadan Dövlət mülkiyyətində olan və X2 istifadəsinə verilmiş torpaq sahəsindən 3 kv.m. sahə ayrılaraq, torpaq sahəsinin ölçüsü qanunsuz və özbaşına olaraq 3 kv.m. artırılmış və 0,7583 ha ölçüdə Dövlət reyestrində qeydə alınmışdır. AR Nazirlər Kabinetinin vəzifə səlahiyyətlərinin mənimsənilməsinə yönəlmiş hərəkətlər barədə qüvvədə olan qanunvericiliyin tələbinə görə, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi məsələsi, 1 saylı Bakı Ərazi İdarəsinin vəzifə və səlahiyyətlərinə aid olmamaqla yanaşı, bu məsələ yalnız və yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilməlidir. AR Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü hissəsi torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Hal-hazırda yaranmış zəruriyyətlə əlaqədar və qeyri-müəyyənliyə aydınlıq gətirilməsi baxımından göstərilən 1 məsələnin həllində ona yardım göstərilməsi xahiş edilmişdir. Həmin ərizəyə cavabdeh tərəfindən hal-hazıradək cavab verilməmişdir. Lakin, 3-cü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 3-21-3\2-H0880\02-39 2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubunda aşağıdakılar qeyd olunmuş və bildirilmişdir: - Azərbaycan Respublikası Nazirlər Kabinetinə ünvanlanmış (yəni yuxarıda göstərilən ərizə) ərizəyə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində aidiyyəti üzrə baxılmış; - sonra, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 5.1-ci maddəsi köçürülmüş; -qaldırılan məsələ ilə bağlı araşdırmanın nəticəsi barədə rəsmi məktubla aidiyyəti dövlət qrumuna məlumat verilmişdir; -sonra, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 2.3-cü və 2.4-cü maddələri köçürülmüşdür. Göründüyü kimi, xahiş olunan məlumat sahibi, məhz Azərbaycan Respublikası Nazirlər Kabineti olduğu halda, ərizə cavablandırılmamış və əsassız olaraq, 3-cü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə göndərilmişdir. Bununla yanaşı, 3-cü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti də öz növbəsində dolandırıcı və yalnız özünə aydın olan cavab verməklə, nəticə etibarı ilə məhkəməyə müraciət olunmasını bildirmişdir. Odur ki, cavabdehin iddiaçıya qarşı etdiyi hərəkətinin qanunsuz hesab edilərək göstərilən məlumatın və Qərarın təqdim olunması vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılması xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, e-2-1(112)-14038/2023 saylı qərardadı ilə (hakim L.Musayeva) iddia mümkün sayılmamışdır. İddiaçının vəkili Vəkil apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, e-2-1(112)-14038/2023 saylı inzibati iş üzrə qərardadının ləğv edilməsini, növbəti prosessual hərəkətlərin yerinə yetirilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi qərardadı özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmış; həqiqəti müəyyən etməmiş; eləcə də işin hallarına tətbiq olunması nəzərdə tutulmayan və aidiyyəti olmayan müxtəlif sayda maddi hüquq normalarını qərardadda sadalamaqla əsassız olaraq hüquqi görüntü yaratmış; hazırki işdə tərəflər arasında yaranmış və mövcud olan hüquq münasibətlərini dəyərləndirməməklə ədalətsiz nəticəyə gəlmişdir. İddia ərizəsində göstərilən, eləcə də tələb olunan məlumat (informasiya) sahibinin və ehtimal edilən Qərarın qəbul olunması səlahiyyətləri, qanunvericiliyin tələbinə görə yalınz Azərbaycan Respublikası NK-nə aid olduğundan, Ərizənin (sorğunun) cavablandırılması da Azərbaycan Respublikası NK-nin üzərinə düşür. Qərardadın 14-cü bəndinin 1-ci cümləsində isə göstərilmişdir ki, “Məhkəmə ilk öncə qeyd edir ki, informasiya sorğusunda göstərilən məlumatların təqdim edilməsi üçün cavabdeh tərəfindən iddiaçının müraciəti aidiyyəti üzrə göndərilmişdir.” Deməli, iddia ərizəsində göstərilən, eləcə də tələb olunan məlumat (informasiya) sahibinin və ehtimal edilən Qərarın qəbul olunması səlahiyyətləri AR NK-ya aid olduğundan, həmin məsələnin cavablandırılması üçün Ərizənin (sorğunun) aidiyyəti üzrə göndərilməsinə haqq qazandırmaqda birinci instansiya məhkəməsi düzgün qənaətə gəlməmişdir. Qərardadın 14-cü bəndinin 2-ci və 3-cü (sonuncu) cümləsində isə göstərilmişdir ki, “İddiaçı hüquqi bağlılığı olmayan daşınmaz əmlak ilə bağlı müraciətə cavab verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir ki, bu da məhkəmə tərəfindən iddiaçının belə bir iddia qaldırması üçün subyektiv hüququnun olmaması kimi qiymətləndirilir, belə ki, sorğuda göstərilən məsələ digər şəxsin mülkiyyətində olan torpaq sahəsi barədə məlumatın verilməsidir. Yəni iddiaçının həmin torpaq sahəsi ilə bağlığı mövcud deyil.” Açıq-aşkardır ki, məhkəmə, iddiaçının subyektiv hüququ ilə bağlı düzgün qənaətə gəlməmişdir. Belə ki, iddiaçının qanuni istifadəsində olan 3 kv.m. torpaq sahəsi ilə bağlı mübahisənin mülki və yaxud inzibati məhkəməyə aid olunmasının müəyyənləşdirilməsi baxımından, əhəmiyyət kəsb edən sübutları yəni iddia ərizəsində göstərilən müəyyən məlumatın və qəbul olunması etimal edilən Qərar mövcud olduğu halda həmin Qərarın təqdim olunması üçün AR NK-ya müraciət edilməsində subyektiv hüququnun olmaması açıq-aşkar absurd bir nəticə və məntiqdir. Qanunvericiliyin tələbi baxımından isə qeyd olunmalıdır ki, fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır (“İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanunun 2.4-cü maddəsi); eləcə də, informasiyanın əldə edilməsinə o şərtlə icazə verilir ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi, maliyyə-kredit və valyuta siyasəti sahələrində maraqlarının qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın mühafizəsi, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin, cinayət işləri üzrə ibtidai araşdırmanın normal gedişinin təmin edilməsi məqsədlərinə zidd olmasın (“İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanunun 2.4-1-ci maddəsi). Digər tərəfdən, cavabdehin səlahiyyətlərinə aid olan məsələ barədə Azərbaycan Respublikası İN ƏMDX-dən təqdim olunmuş cavab isə (əgər cavab adlandırmaq olarsa) özü-özlüyündə dolandırıcı və təhrif olunmuş bir cavab olsa da belə, həmin cavabın sonunda qeyd olunmuşdur ki, məhkəməyə müraciət edə bilərsiniz. Bundan başqa, cavabdehin hərəkətləri, eləcə də ƏMDX-dən təqdim olunmuş dolandırıcı və təhrif olunmuş cavabı, iddia ərizəsində göstərilən faktlar və dəlillər əsasında hər araşdırılmadan və müqayisəli təhlili aparılmadan, məhkəmənin birbaşa iddiaçının həmin torpaq sahəsi ilə bağlığının mövcud olmamasını qeyd etməsi qəbul edilən deyil. Belə ki, qərardaddan görünmür ki, qanuni istifadəsində olan 3 kv.m. torpaq sahəsi üzərində iddiaçının hüquqi bağlılığının olmaması hansı əsasla müəyyən olunmuşdur. Eyni zamanda, hansı səbəbli əlaqədən yaranmışdır ki, həmin 3 kv.m. torpaq sahəsi üzrə mübahisə inzibati və yaxud mülki məhkəmə icraatına aid olan məsələdir. Mülki məhkəmə icraatında sübutların toplanması iddiaçının üzərinə düşdüyündən və məhkəmə mübahisənin inzibati və ya mülki hüquq münasibətlərindən irəli gəldiyini müəyyən etmək üçün, iddiaçı haqlı və sübyektiv hüququ olaraq cavabdehə Ərizə (sorğu) göndərmiş və qanunvericiliyin bütün şərtlərinə əməl edərək, göstərilən tələblə məhkəməyə müraciət etmişdir. Oxşar hüquqi mövqe - Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 2183/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarında da öz əksini tapmışdır. Belə ki, həmin qərarda hüquqi mövqe ondan ibarət olmuşdur ki, “bu mənada obyektiv araşdırma prinsipinin tələbinə əsasən iddianın mümkünlük şərtlərinin ödənilməsi ilə bağlı apellyasiya məhkəməsinin araşdırma predmetini iddiaçının sorğuda qeyd edilən informasiyaların cavabdehin sahibliyində olub-olmadığının, tələb olunan informasiyanın iddiaçının fəaliyyət istiqamətlərinə və məqsədlərinə uyğunluğunun və yalnız bundan sonra iddiaçının tələb hüququna malik olub-olmadığının müəyyənləşdirilməsi təşkil etməli idi (25-ci bənd); Bununla bağlı qeyd olunmalıdır ki, apellyasiya məhkəməsi iddia tələbinə bir cavabdehin cavab verməli olmaması, digər cavabdehə yönələn tələbin isə informasiya sorğusu olmaması qənaətinə gələrkən, bir sıra halları tam və hərtərəfli araşdırmadan Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsində təsbit olunan işin hallarının araşdırılması prinsipini pozmuşdur (26-cı bənd); Qeyd olunmalıdır ki, hazırkı iddia mahiyyət baxımından öhdəliyin icrası haqqında iddiadır. Sorğuda tələb olunan məlumatların verilməsi inzibati orqanın faktiki xarakterli fəaliyyəti kimi qiymətləndirilməlidir. Belə ki, bu zaman həmin orqan onun sahibliyində olan məlumatların faktiki təqdim olunmasını həyata keçirir. Bunun əksinə, inzibati orqan məlumatların verilməsindən imtina etdiyi hallarda, belə imtina hüquqi nəticə yaratdığı, yəni şəxsin informasiya əldə etmək hüququnu məhdudlaşdırdığı üçün inzibati akt kimi qiymətləndirilməlidir. Buna baxmayaraq, belə hallarda şəxs arzuladığı məqsədə çatmaq üçün mübahisələndirmə haqqında iddia deyil, öhdəliyin icrası haqqında iddia qaldırmalıdır. İnzibati orqanın faktiki xarakterli hərəkəti maddi hüquq baxımından maraqlı şəxsin hüquqlarının həyata keçirilməsini faktiki olaraq məhdudlaşdırdıqda və ya həmin hüquqların həyata keçirilməsinə müdaxilə etdikdə və bunun üçün hüquqi əsasların olmadığı hallarda, şəxs həmin hərəkətlərdən öhdəliyin icrası haqqında iddia vasitəsilə müdafiə olunmaqda haqlıdır. Bu qənaət şəxsin məhkəmə qaydasında konstitusion müdafiə hüququna və “İnzibati icraat haqqında” Qanunun tələblərinin inzibati orqanların faktiki xarakterli fəaliyyətinə şamil olunmasını nəzərdə tutan müddəalarına əsaslanır (38-ci bənd).” Bundan sonra, Qərardadın 15-ci bəndində göstərilmişdir ki, iddiaçı iddia edir ki, onun torpaq sahəsinin 3 kv.metri digər şəxsin mülkiyyətinə verilib. Bununla bağlı məhkəmə iclasının gedişi zamanı iddiaçıya İPM-nin 13cü maddəsinə əsasən yardım göstərilmiş və müvafiq iddia ilə ayrıc aktının mübahisələndirilməsi hüququ izah edilmişdir. Bu halda da məhkəmə düzgün qənaətə gəlməmiş, özündə texniki göstəriciləri əks etdirən aktı, yəni texniki ölçüləri müəyyən edən sənədin ayrıca iddia qaydasında məhkəmə müstəvisində mübahisələndirilməsini izah etmişdir. Halbuki, texniki ölşüləri müəyyən edən akt, hüquqi sənəd olmamaqla yanaşı, həmin aktın ayrıca iddia qaydasında məhkəmə müstəvisində mübahisələndirilməsini tənzimləyən hüquq norması mövcud deyildir. Digər tərəfdən, bu cür izahatın verilməsi isə, məhkəmənin əvvəlki, yuxarıda qeyd olunan mövqeyini təkzib etməklə yanaşı, dolayısı ilə iddiaçının subyektiv hüququnun mövcud olmasını açıq-aşkar sübut edir. Belə ki, məhkəmə bir tərəfdən, iddiaçının qanuni istifadəsində olan 3 kv.m. torpaq sahəsi üzərində iddiaçının hüquqi bağlılığının olmaması əsası ilə subyektiv hüququnun olmamasını qeyd edir, digər tərəfdən isə bunun əksinə, həmin aktın mübahisələndirilməsi barədə subyektiv hüququnun olmasını müəyyən edir. Açıq-aşkardır ki, hazırkı qərardad əsaslılıq və qanunilik meyarlarına cavab vermir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı iştirak etməmiş, cavabdehin nümayəndəsinin isə məhkəmə kollegiyasının iclasında iştirakı təmin edilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən tərəflərin iştirakları olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, iddiaçının informasiya sorğusu Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən baxılması üçün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanlanmışdır. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xx.xx.2023-cü il tarixli məktubu ilə bildirmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinin müddəalarına əsasən daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklüiüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri, qanunda nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar dövlət orqanlarına, bələdiyyələrə və digər şəxslərə (daşınmaz əmlak barəsində notariat hərəkətinin aparılması ilə bağlı notarius və qanunla müəyyən edilmiş hallarda notariat hərəkətini aparmağa hüququ olan digər vəzifəli şəxslər istisna olmaqla) daşınmaz əmlakın dövlət reyestrinin məlumatları əsaslandırılmış yazılı sorğular əsasında verilir. Odur ki, qaldırılan məsələ ilə bağlı araşdırmanın nəticəsi barədə rəsmi məktubla aidiyyəti dövlət qurumlarına məlumat verilmişdir. Nəzərinizə çatdırırıq ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə görə hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarını əsaslandırarkən qeyd etmişdir ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqe ilə razılaşaraq şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, şikayətdə göstərilənlər birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.3.-cü maddəsinə görə maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. İPM-nin 2.2.3-cü maddəsinə görə, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə hüquq və qanunla qorunan maraqlarının pozulduğunu bildirsin. İPM-nin 35.1-ci maddəsinə müvafiq olaraq bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 12 oktyabr 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); İPMdə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Müvafıq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar. Göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərdən biri də fiziki və ya hüquqi şəxslə inzibati orqan arasında inzibati mübahisənin yaranmasıdır. İnzibati icraat qaydasında baxılan istənilən iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafıq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, qanunla qorunan hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, məhkəmə icraatı mümkün sayılıb baxıla bilsin. Əks təqdirdə, məhkəmə tərəfındən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin sərgilədiyi mövqe ilə razılaşaraq qeyd edir ki, iddiaçı onunla hüquqi bağlılığı olmayan daşınmaz əmlak ilə bağlı müraciətə cavab verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir ki, bu da onun belə bir iddia qaldırması üçün subyektiv hüququnun olmaması kimi qiymətləndirilir. Belə ki, sorğuda göstərilən məsələ digər şəxsin mülkiyyətində olan torpaq sahəsi barədə məlumatın verilməsidir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan normaların tələblərinə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, e-2-1(112)-14038/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-4233/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4233/2023
19.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver