Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-424/2021 02.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Vidadi Məmməd oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı Firmasının (VÖEN **********, hüquqi ünvan-AZ1108, Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünaydov 33, iddia ərizəsinə əsasən ünvan-AZ1133, Bakı şəhəri, Yeni Günəşli y/s, “D” bina 12, mənzil 5, qanuni təmsilçi-X4) cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “söküntüyə görə verilməli kompensasiya məbləğinin müvafiq qurumun hesabına köçürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2-1(112)-6633/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı “xxxx” LTD MMC 21.09.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə (iddia ərizəsi direktor Xəqani Əliyev göstərilməklə imzalanmışdır, möhürlə təsdiq olunmamışdır) Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3850/2017 saylı, 10.10.2019-cu il tarixli icra sənədinin icra olunması üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinin “xxxx” LTD MMC-yə ödənilməli olan 171850 manat kompensasiya məbləğinin ödənilməsi üçün borclu Azərbaycan Respublikası Avtomobil X5 hesabına köçürülməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 “S” nömrəli 3 iyun 2013-cü il tarixli (Bakı – Şamaxı yolunun yenidən qurulması və genişləndirilməsi barədə) qərarı ilə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi ona məxsus Binəqədi rayonu, Sulutəpə qəsəbəsinin Bakı – Şamaxı yolunun cənub hissəsində yerləşən, ümumi sahəsi 98,2 kv.m olan qeyri-yaşayış sahəsi (mağaza) yolun genişləndirilməsi zamanı heç bir kompensasiya ödənilmədən, sənədləşmə işi aparılmadan qeyri-qanuni şəkildə sökülmüşdür. Bu səbəbdən də, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət olunmuşdur. Məhkəmənin 2-1(81)-3850/2017 saylı 25 avqust 2017-ci il tarixli qərarı ilə ona məxsus mağazanın sökülməsinə görə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən 171.850 manat məbləğində kompensasiyanın tutularaq “xxxx” LTD MMC-yə ödənilməsi qərara alınmışdır. Həmin qərar qanuni qüvvəyə mindikdən sonra iş üzrə icra vərəqəsi 10 oktyabr 2019-cu il tarixdə icra olunması üçün Bakı şəhəri İcra və Probasiya şöbəsinə göndərilmişdir. Lakin icra qurumu həmin məbləğin MMC-yə ödənilməsini təmin edə bilmir. Borclu “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi həmin məbləğin ödənilməməsinin səbəbi kimi Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən kompensasiya üçün vəsaitin ayrılmamasını göstərir. Agentlik müxtəlif vaxtlarda yazılı şəkildə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müraciət etmişdir. Lakin Nazirlik inzibati məhkəmə icratında üçüncü şəxs qismində iştirak etsə də, məhkəmə qərarının icrası ilə bağlı onun üzərinə heç bir öhdəlik qoyulmadığını bəhanə gətirərək, Agentliyə həmin kompensasiya məbləğini ödəmək üçün büdcədən heç bir vəsait ayırmır. Ona görə də borclu “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi ona verilməli kompensasiya məbləğini ödəmir. Halbuki, Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2019-cu il tarixli 48 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Maliyyə Nazirliyi haqqında Əsasnamə»nin 1-ci bəndinin tələblərinə uyğun olaraq büdcə xərclərinin bölgüsünü, dövlət büdcəsinin kassa icrasını Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir. Buna görə də, kompensasiya ödənişləri dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən ödənilməlidir. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən dövlət ehtiyacları üçün alınan əmlakın kompensasiya ödənilməsi üzrə vəsaitin ayrılması Azərbaycan Respublikası Maliyyə Nazirliyinə aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 4-cü hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətdən məhrum edilə bilməz. Göstərilənlərə əsaslanaraq, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 3850/2017 saylı 10 oktyabr 2019-cu il tarixli icra sənədinin icra olunması üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinin üzərinə “xxxx” LTD MMC-yə ödənilməli olan 171.850 manat kompensasiya məbləğinin ödənilməsi üçün borclu “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin hesabına köçürülməsi öhdəliyinin qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Bakı İnzibati Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2-1(112)-6633/2020 nömrəli qərardadı ilə (hakim R.Kərimli) iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı 16.11.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2-1(112)- 6633/2020 nömrəli qərardadının ləğv edilməsini və onun Maliyyə Nazirliyinə qarşı qaldırdığı iddiasının yenidən baxılması barəsində qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi onun iddiasına düzgün baxmamışdır, belə ki , Maliyyə Nazirliyi qeyd olunan kompensasiya məbləğinin ödənilməsi barəsində 18.12.2019-cu il tarixli 15/05-661-6952 saylı məktubunda açıq şəkildə bildirir ki, onların borclu olan Azərbaycan Avtomobil X5nə qeyd olunan kompensasiya məbləğinin ödənilməsi barəsində heç bir öhdəliyi məhkəmə tərəfindən qoyulmamışdır. Ona görə də onlar həmin kompensasiya məbləğinin Avtomobil X5nə ödəməkdən imtina edirlər. Bu səbəbdən də məhkəmənin icra vərəqi bu günə kimi icra olunmamışdır. Məhkəmə bu işi qanuna uyğun surətdə araşdırmadığından verdiyi qərar onu qane etmir. Eyni zamanda icra vərəqəsinin icrasının həyata keçirilməsinə cavabdeh olan Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinin 25.09.2020-ci il tarixli 17/68-156387-7 məktubu ilə onlara bildirmişdir ki, kompensasiya ödənilməməsinin əsas səbəbi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən Azərbaycan Avtomobil X5nə kompensasiya vəsaitini ödənilməməsidir. Bu səbəbdən də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi onun qaldırdığı iddianı araşdırmadan cavabdehlərin məhkəməyə heç bir izahlı məlumat və məhkəmədə iştirak etməməsinə baxmayaraq araşdırma aparmadan iddianı mümkün saymamışdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası İPm-nin 13-cü maddəsinə əsasən iddiaçının iddia ərizəsində göstərdiyi AZ1133, ünvan 3 ünvanına və iddiaçının qanuni təmsilçisi olan X2 ünvan 4 ünvanına məhkəmə tərəfindən apellyasiya şikayətinin yenidən tərtib edilərək məhkəməyə təqdim edilməsi təklif edilmişdir, iddiaçı tərəfindən apellyasiya şikayəti yenidən tərtib edilərək məhkəməyə təqdim edilmişdir. İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmək məqsədi ilə gələn iddiaçının nümayəndəsi X1 (Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli Y/M, “AB” massivi, ev 16, mənzil 169) məhkəmə tərəfindən məhkəmə iclasında iştirakı səlahiyyətsiz hesab edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadında qeyd edilmişdir ki, “cavabdeh tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmadığından iddia mümkün sayılmamalıdır.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası İPM-in 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: - (2.2.3) inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia), - (2.2.7) inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. İş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25.08.2017-ci il tarixli, 2-1(81)-3850/2017 saylı qərarı ilə (hakim E.Məmmədov) iddiaçı “xxxx” LTD MMCnin cavabdeh “xxxx” ASC-yə qarşı ərzaq-market mağazasının sökülməsinə görə kompensasiyanın və əldən çıxmış faydanın ödənilməsi tələbi qismən təmin edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, Sulu-təpə qəsəbəsi, Bakı-Şamaxı yolunun cənub hissəsində yerləşən ümumi sahəsi 98.2 kv.m olan qeyri-yaşayış sahəsinin sökülməsinə görə 171.850 manat məbləğində kompensasiya cavabdeh “xxxx” ASC-dən tutularaq iddiaçı “xxxx” LTD MMC-yə ödənilməsi qərara alınmış, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Qeyd edilən məhkəmə qərarının icrası üzrə kompensasiya məbləğinin sözügedən qurum ödəməmiş və bunun səbəbini həmin inzibati iş üzrə üçüncü şəxs və hazırkı iş üzrə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin həmin qurum “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinə vəsait ayırmaması ilə əsaslandırdığından, iddiaçı AR Maliyyə Nazirliyinə qarşı hazırkı iddianı qaldırmışdır. Qeyd edilənlərdən göründüyü kimi hazırkı iş üzrə iddia tələbinin predmetini yuxarıda göstərilən məhkəmə qərarının icrasının təmin edilməsi təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə cavabdeh qismində göstərilmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyi qanuni qüvvəyə minmiş 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 25.08.2017-ci il tarixli, 2-1(81)-3850/2017 saylı qərarı üzrə üçüncü şəxs qismində çıxış etmiş və məhkəmə qərarının nəticəvi hissəsində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin üzərinə hər hansı öhdəliyin qoyulması öz əksini tapmamışdır. Belə olduğu halda hazırkı iş üzrə cavabdeh qismində keçən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin hansı hərəkətindən (və ya hərəkətsizliyindən) iddiaçının hansı hüquqlarının pozulması öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Məhkəmə kollegiyası hesab edir ki, inzibati icraat qaydasında baxılan iddia müvafiq iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qaldırılmalı və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandıraraq müvafiq sübutları əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Beləliklə, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə bağlı gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Firmasının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2-1(112)-6633/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-424/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-424/2021
02.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver