Məhkəmə qərarları › İş №2-1(103)-424/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-424/2023

08.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-424/2023 08.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X9 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X2rşı “Odessa Dövlət Universiteti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, B19 224316 nömrəli bakalavr diplomu üzrə ixtisasın tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2-1(112)-2570/2022 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Təhsildə X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Odessa Dövlət Universiteti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, B19 224316 nömrəli bakalavr diplomu üzrə ixtisasın tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı X6 bitirdikdən sonra 2016-cı ildə Ukrayna Respublikasının Odessa şəhərində yerləşən X7 Universitetinə daxil olmuşdur. Təhsil qiyabi formada həyata keçirilib. 2019-cu ildə həmin universitetin Menecment üzrə bakalavr dərəcəsini almışdır. Təhsil aldığı müddətdə universitetdə olmuş və bütün dərslərdə iştirak etmişdir. Universtet tərəfindən müəyyən edilmiş imtahanları verərək kursdan kursa keçmiş və dövlət imtahanını müvəffəqiyyətlə vermiş və Menecment üzrə Bakalavr dərəcəsi diplomunu almışdır. Odessa Dövlət Universitetinin müvafiq Diplomunu aldıqdan sonra aldığı xarici təhsil ixtisasının ölkəmizdə tanınması üçün Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə Keyfiyyət Təminat Agentliyinə müraciət etmiş və 20 avqust 2021-ci il tarixli NA00002388 nömrəli qərarla iddiaçının Odessa Dövlət Universitetində aldığı təhsil ixtisasının Azərbaycan Respublikasında tanınmasının və ekivalentlik haqqında şəhadətnamənin mümkün olmamasını bildirmişdir. Cababdeh imtina barədə Qərarını yalnız sərhəd Xidmətinin məlumatına əsaslanaraq belə müəyyən etmişdir ki, iddiaçı Odessa Dövlət Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olmuşdur. Bununla əlaqədar olaraq cavabdeh “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın Komitəsi tərəfindən qəbul edilmiş “Xarici ixtisasların Qiymətləndirilməsi meyarları və Prosedurları üzrə Tövsiyələr”in V hissəsinə (Qiymətləndirmə meyarları)və İzahedici Memorandumun 39 və 37-ci paraqraflarına əsaslanaraq elə hesab etmişdir ki, xaricdə əldə olunmuş ixtisasla həmin ixtisasa ekvivalent hesab edilən milli ixtisas arasında məzmun, profil, dərs yükü, keyfiyyət və təlim nəticələrinə münasibətdə əhəmiyyətli fərq aşkarlanmaması nəzərdə tutulduğu halda, iddiaçının aldığı ixtisas üzrə təhsili yuxarıda göstərilən meyarlara uyğun gəlmir. Cavabdeh imtinasını əsaslandırmaq üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cu il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nin 3-cü bölməsinə (iddiaçının aldığı təhsil müddəti Azərbaycan Respublikasında ona ekvivalent olan ixtisas üzrə təhsilin müddətinə uyğun gəlməməsi) əsaslanmışdır. Cavabdehin qərarının əsas məğzi ondan ibarətdir ki, iddiaçı təhsil müddətində həmin Universitetdə müəyyən olunmuş müddətdən az olduğu üçün bu tədris proqramının mənimsənilməsi üçün kifayət hesab edilə bilməz. Cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazında göstərmişdir ki, iddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir və müraciətə baxaraq təhsil aldığı ölkədə olduğu qısa müddət ərzində tədris yükünü yerinə yetirməyi qeyri-mümkün olduğu üçün iddiaçıya müvafiq sənədin verilməsindən imtina edilmişdir. Agentlikdə iddiaçının sənədləri araşdırılarkən, iddiaçının təqdim etdiyi diplom Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi müəyyən edilmişdir. İddiaçı həmin təhsil müəssisəsinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olmuşdur və bu müddət ərzində diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirmək qeyri-mümkündür (İ il -15 gün, İİ il - 10 gün, İİİ il - 20 gün). Bakı İnzibati Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2-1(112)-2570/2022 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, o, kollec təhsilli olduğu üçün Ukrayna Respublikasının Odessa şəhərində yerləşən X7 Universitetində üç illik təhsil almışdır. Bu üç ilin birinci ilində o X7 Universitetində anası “Xərçəng xəstəliyindən əziyyət çəkdiyi üçün məcburən imtahanlarımı müəyyən olunan minimal vaxtdan iki gün tez verərək Bakı şəhərinə gəlmişdir. Digər iki ilində isə müəyyən olunan minimal vaxtdan çox X7 Universitetində oxuyaraq imtahanlarını vermişdir. Atası Abdulqəlimov Tahir Minhacı oğlu xx.xx.2016-cı ildə, anası X3 xx.xx.2020-ci il tarixdə xərçəng xəstəliyindən vəfat etmişlər. O isə subay və bu həyatda təkdir. Bir arzusu var ona ekvivalentlik haqqında Şəhadətnəmənin verilməsidir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. X7 Universiteti tərəfindən İddiaçı adına vermiş xx.xx.2019-cu il tarixli, B19 224316 saylı diplomundan görünür ki, iddiaçıya həmin universitetin Menecment ixtisası üzrə bakalavr dərəcəsi verilmişdir. X7 Universiteti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, B19 224316 saylı diploma əlavədən görünür ki, həmin sənəddə iddiaçının aldığı ixtisasın səviyyəsi, nail olduğu nəticələr və sair barədə məlumatlar göstərilmişdir. Həmin universitetin ali təhsil pilləsinin bakalavr səviyyəsində qiyabi şöbəsini bitirmiş, proqramın rəsmi müddəti 2 il 8 ay olaraq göstərilmişdir. İddiaçı həmin diplom üzrə ixtisasın tanınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh məsələnin həllindən imtina etmişdir. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq tələbini məhkəmədə mübahisələndirir. Cavabdehin imtina dəlili ondan ibarətdir ki, sözügedən təhsil müəssisəsinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməyi qeyri-mümkün hesab olunmuşdur. Təhsildə Keyfiyyət Təminat Agentliyi iddiaçının təqdim etdiyi arayışlara dair 11 may 2023-cü il tarixli məktubla təqdim etdiyi münasibətində qeyd etmişdir ki, Universitet tərəfindən İddiaçı göndərilən 18 may 2018-ci il tarixli dəvət məktubundan müəyyən edilir ki, o, 20 may 2018-ci il tarixindən 20 iyun 2018-ci il tarixinədək imtahan sessiyasında iştirak etmək üçün Ukraynaya devət edilir. Universitet tərəfindən İddiaçı təqdim edilən 25 iyun 2018-ci il tarixli arayışla müəyyən edilir ki, o, 4-cü kursda 23 may 2018-ci il tarixindən 7 iyun 2018-ci il tarixinədək olan müddətdə sessiyada iştirak etmişdir. Yuxarıda göstərilən sənədlərə əsasən müəyyən edilir ki, İddiaçı üçün nəzərdə tutulmuş imtahan sessiyasının müddəti 30 təqvim gününü əhatə etsə də, o, sadəcə 16 təqvim günü Ukrayna ərazisində olmuşdur. İddiaçı təqdim etdiyi 25 iyun 2018-ci il tarixli arayışla onun imtahan sessiyasında 16 təqvim günü müddətində iştirak etdiyi göstərilsə də, onun Agentliyə təqdim etdiyi pasportunda aparılan qeydlərə əsasən iddiaçının 23 may 2018-ci il tarixindən 1 İyun 2018ci il tarixinədək Ukrayna ərazisində olması müəyyən edilir. Bu da öz növbəsində iddiaçiya təqdim olunan arayışda göstərilən müddətlərin sərhədkeçmə ilə bağlı qeydlərlə uyğunsuzluq təşkil etməsinə, habelə iddiaçının əslində 4-cü kurs ərzində təhsil aldığı ölkənin ərazisində cəmi 10 gün müddətində olmasına dəlalət edir. Universitet tərəfindən iddiaçıya təqdim olunan 8 may 2019-cu il tarixli dəvət məktubuna əsasən 5-ci kurs üzrə sessiyada iştirak etmək üçün 30 may 2019-cu il tarixindən 27 iyun 2019-cu il tarixinədək, yəni 28 gün müddətinə Ukraynaya dəvət edilməsinə baxmayaraq iddiaçının təqdim etdiyi pasportda aparılan sərhədkeçmə qeydlərinə əsasən onun Ukraynada cəmi 20 gün olması müəyyən edilmişdir. Eyni zamanda diqqətinizə çatdırırıq ki, Ukraynanın “Ali təhsil haqqında Qanunu”nun 49-cu maddəsinin 3-cü hissəsinə əsasən qiyabi təhsilalma formasının təşkili zamanı tədris məşğələləri və nəzarət tədbirləri arasındakı müddət 1 (bir) aydan az olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nın 2.8-ci bəndinə əsasən qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Sözügedən Qaydaların 2.9-cu bəndinə əsasən tələbənin auditoriya və auditoriyadankənar həftəlik yükünün həcmi 45 saatdır. Bu zaman auditoriya saatları 30-dan çox olmamalıdır. Qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi ildə 180-240 saat nəzərdə tutulur. Belə olan halda iddiaçının ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü qanunvericiliklə müəyyən edilmiş standartlar çərçivəsində yerinə yetirməsi mümkün deyildir. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: ... 1.0.7. bakalavr - bakalavriatı bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsi; 1.0.8. bakalavriat - müvafiq ixtisaslar üzrə geniş profilli mütəxəssis hazırlığını həyata keçirən ali təhsilin birinci səviyyəsi; ... 1.0.36. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası – xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən, həmçinin şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunu təsdiq edən təhsil haqqında sənəd. 13.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: əyani; qiyabi; distant (məsafədən); sərbəst (eksternat). 27.1-ci maddəsinbə əsasən təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir. 27.4-cü maddəsinə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”-nın 5.5-ci bəndinə əsasən Ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Magistratura səviyyəsində əyani forma üzrə həmin müddət 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir. 8.7-ci bəndinə əsasən Ali təhsil müəssisələri tələbələrinin tədris yükünün ümumi həcmi və normaları aşağıdakı kimi müəyyənləşdirilir: Ali təhsil müəssisəsi tələbələrinin həftəlik maksimal tədris yükünün həcmi 45 saatdır (auditoriya və auditoriyadan kənar məşğələlər nəzərə alınmaqla). Həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır. Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyənləşdirilir və bir kredit 30 saata bərabərdir. Əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240, magistraturada isə 120-160 saat nəzərdə tutulur. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2010-cu il tarixli, 117 nömrəli Qərarı ilə təsdiqlənmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nın 1.6-ci bəndinə əsasən bakalavriat səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 4-5 ildir (qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən bir il artıqdır). Əsas (baza ali) tibb təhsili səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 5-6 ildir. Təhsilin normativ müddəti ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində əyani təhsilalma formasının tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə təhsilin müddəti təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir. 2.8-ci bəndinə əsasən əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 2.9-cu bəndinə əsasən tələbənin auditoriya və auditoriyadankənar həftəlik yükünün həcmi 45 saatdır. Bu zaman auditoriya saatları 30-dan çox olmamalıdır. Əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə, tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları və təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi ildə 180-240 saat nəzərdə tutulur. Hər tədris ilində təlim müddəti sentyabrın 15-dən başlanır və ixtisas üzrə tədris planına müvafiq olaraq yekunlaşır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın: - 4.1-ci bəndinə əsasən tanınma üzrə ümumi tələblər aşağıdakılardır: 4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; 4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; 4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; 4.1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması). - 4.2-ci bəndinə əsasən Ali təhsil üzrə kvalifikasiyaların akademik və peşə tanınması zamanı aşağıdakı meyarlar əsasında əhəmiyyətli fərqin mövcud olub-olmaması müəyyənləşdirilir: 4.2.1. kvalifikasiyanın aid olduğu təhsil səviyyəsi; 4.2.2. əldə olunmuş təlimin (tamamlanmış kreditlərin) həcmi; 4.2.3. yekun attestasiyanın nəticəsi və ya ümumi orta müvəffəqiyyət göstəricisi; 4.2.4. kvalifikasiyanın istiqaməti (profili); 4.2.5. təlimin nəticələri. - 4.3-cü bəndinə əsasən tədris müddətində tədris planında göstərilən fənlər üzrə yaranmış akademik borcların növbəti tədris ilində aradan qaldırılması və tədris proqramının tərkib hissəsi olaraq xarici ölkədə tədqiqat aparmaq və ya təcrübə keçmək faktı aidiyyəti təhsil müəssisəsinə göndərilən sorğu əsasında əldə olunmuş müvafiq arayışla təsdiq olunduğu halda, qiymətləndirmə zamanı nəzərə alınır. 6.1-ci bəndinə əsaən peşə tanınması yalnız ali təhsil üzrə kvalifikasiyalara münasibətdə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi bağlanılarkən işçinin əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda işəgötürənin tələbi ilə tətbiq edilir. 6.2-ci bəndinə əsasən, bu Qaydaların əlavəsində nəzərdə tutulan peşələrə aid ixtisasların peşə tanınması zamanı ərizəçinin müvafiq kvalifikasiya üzrə peşə kompetensiyalarının Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya üzrə nəzərdə tutulmuş peşə kompetensiyalarının tələblərinə uyğunluğu müəyyən edilir. Müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə ərizəçinin Agentliyin sifarişi ilə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin (bundan sonra – DİM) təşkil etdiyi sınaq imtahanında müvəffəqiyyət qazanması (keçid balının toplanması) tələb olunur. Sınaq imtahanının məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası və keçid balı Agentliklə razılaşdırılmaqla DİM tərəfindən müəyyənləşdirilir. Ərizəçinin bu Qaydaların əlavəsində nəzərdə tutulan tibb və səhiyyə ixtisasları üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyən etdiyi tələblərə uyğunluğu isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 12 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin Azərbaycan Respublikasında tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması Qaydası”na əsasən müəyyən edilir. İddiaçı tərəfindən tədris yükünün yerinə yetirilməsi və konkret müddət ərzində mənimsənilməsi səviyyəsinin qiymətləndirilməsinin müvafiq ali təhsil müəssisəsinin müstəsna qiymətləndirmə səlahiyyətinə aid olduğu diqqətə alınmalıdır. Başqa sözlə, iddiaçının tədris yükünü yerinə yetirməsinin müəyyən olunması və qiymətləndirilməsi müstəsna olaraq onun təhsil aldığı təhsil müəssisəsinin səlahiyyətlərinə və məsuliyyət sferasına aiddir. Başqa sözlə, tədris yükünün yerinə yetirilməsi ilə bağlı tədris normativi müddətinə, o cümlədən hazırkı mübahisəyə münasibətdə iddiaçının tələb olunandan daha qısa müddət ərzində həmin ölkədə olmasına əlahiddə olaraq deyil, şəxsin təhsil proqramları üzrə tədris olunan fənlərə ümumiyyətlə hazırlaşması və həmin fənlərin məzmununu mənimsəməsi imkanları baxımından qiymət verilməlidir. Belə ki, təhsil alan şəxsin hazırlıq səviyyəsini artırması və tədris yükünü mənimsəməsi imkanları yalnız cavabdehin imtinasında istinad etdiyi müddətlə məhdudlaşmır. Bu zaman onun həmin müddətdən əlavə vaxtlarda və tədris müəssisəsindən kənarda da tədris olunan fənlər üzrə hazırlaşmaq imkanları da nəzərə alınmalıdır. Bununla bağlı olaraq həmçinin qeyd edilməlidir ki, hər bir halda, tədris yükünün yerinə yetirilib-yetirilməməsi halı ayrılıqda götürülməklə yalnız ölkədə faktiki olma müddəti əsas götürülməklə qiymətləndirilə bilməz. İş üzrə materiallara əlavə edilmiş X7 Universiteti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, B19 224316 saylı diploma əlavəyə əsasən iddiaçı həmin İnstitutda təhsil aldığı ixtisaslar üzrə təhsil proqramlarında nəzərdə tutulmuş kreditləri toplamış, diplom işini yazmış, ixtisas üzrə dövlət imtahanlarını müvəffəqiyyətlə vermişdir. Yəni iddiaçı tərəfindən təhsil aldığı ali təhsil müəssisəsinin normativləri baxımından tədris proqramının mənimsənilməsi və tədris yükünün yerinə yetirilməsi müvafiq ali təhsil müəssisəsi tərəfindən məqbul qiymətləndirilmişdir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən iddiaçının diplomunun tanınmasından və ekvivalentliyin müəyyən edilməsindən imtina edilməsi əsassızdır. Cavabdehin imtinası yuxarıda istinad olunan normaların tələblərinə zidd olduğundan və iş üzrə müəyyən edilmiş hallara əsaslanmadığından iddiaçının təhsil və əmək hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2-1(112)-2570/2022 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməli, İddiaçı Odessa Dövlət Universiteti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, B19 224316 nömrəli bakalavr diplomu üzrə ixtisasın tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulmalıdır. Nəticə hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2-1(112)-2570/2022 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı Odessa Dövlət Universiteti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, B19 224316 nömrəli bakalavr diplomu üzrə ixtisasın tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Vüsalə Baxışova Raqib Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar