Məhkəmə qərarları › İş №2-1(103)-4241/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4241/2025

30.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4241/2025 30.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı “yeni məlumat vərəqinin göndərilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X3 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1, 3-cü şəxs DSMF-nun nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7292/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları

1. İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2024-cü il tarixdən “Hərbi xidmtəkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə əsasən (xəstəliyə görə) hərbi xidmətdən ehtiyata buraxılmışdır.

2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən MN-22355 nömrəli məlumat vərəqi rəsmiləşdirilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - üçüncü şəxs) göndərilmiş və həmin tarixdən hərbi qulluqçu kimi güzəştli şərtlərlə pensiya alır.

3. MN-22355 nömrəli məlumat vərəqinə əsasən iddiaçının vəzifə maaşı – 890 manat, rütbə maaşı – 154 manat, xidmət illərinə görə 30% əlavə - 313,20 manat, ərzaq payı əvəzinə pul kompensasiyası – 64 manat, “usta” məharət dərəcəsinə görə 35% əlavə - 311,50 manat, 20% Prezident əlavəsi - 178 manat, təminat xərcliyinin cəmi məbləği – 1910,70 manat müəyyən edilmişdir.

4. İddiaçı cavabdehə müraciət edərək birdəfəlik ödəniş növləri olan “Qoşunların yüksək döyüş hazırlığının saxlanılması, xidməti vəzifələrin vicdanla yerinə yetirilməsi və qüsursuz hərbi intizama görə birdəfəlik pul mükafatı” və “Növbəti məzuniyyətə çıxarkən hərbi qulluqçulara ödənilən əlavə pul təminatı” da nəzərə alınmaq yeni məlumat vərəqinin verilməsini xahiş etmiş, cavabdeh iddiaçının müraciətinin təmin olunmasından xx.xx.2025- ci il tarixli məktubla imtina edilmişdir.

5. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “...Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik vəHərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikası Xüsusi Rabitə və X2 Xidmətində, Azərbaycan Respublikasının Strateji X4 Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyi ilə yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması müəyyən ediimişdir. Həmin Qaydaların 2-ci bəndində isə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğ kimi göstərilmişdir. Yuxarıda qeyd olunanlara istinad olaraq hesab edirlər ki, müraciətinizdə qeyd etdiyiniz birdəfəlik ödəniş növləri olan “Qoşunların yüksək döyüş hazırlığının saxlanılması, xidməti vəzifələrin vicdanla yerinə yetirilməsi və qüsursuz hərbi intizama görə birdəfəlik pul mükafatı” və “Növbəti məzuniyyətə çıxarkən hərbi qulluqçulara ödənilən əlavə pul təminatı” «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə öz əksini tapmadığına görə Sizə əmək pensiyasının təyin olunması üçün tərəfimizdən tərtib olunmuş MN-22355 nömrəli “Məlumat vərəqi”ndə qeyd olunmuş ödəniş növlərinin göstərilməsi Qanuna müvafiq hesab olunmur.”

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xidmət dövründə birdəfəlik pul mükafatını və məzuniyyət pulunu aldığına görə, həmçinin bu məbləğlərin məcburi dövlət sosial sığorta haqqını ödədiyinə görə, həmin məbləğlərin orta aylıq hissəsi nəzərə alınmaqla pensiya təminatının məbləği yenidən hesablanması üçün məlumat vərəqinin adına tərtib edilməsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəlikləri cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyə-Büdcə İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1999-2024-cü illlər dövründə həqiqi hərbi xidmətdə olmuşdur və xx.xx.2024-cü il tarixdə xəstəliyə görə ehtiyata buraxılmışdır və hal hazırda əmək pensiyaçısıdır. Cavabdeh tərəfindən üçüncü şəxsə göndərilən onun adına tərtib edilmiş məlumat vərəqinə əsasən ona yaşa görə əmək pensiyası təyin edilib. Cavabdeh tərəfindən ona əmək pensiyası təyin edilməsi üçün məlumat vərəqində məcburi sosial sığortası ödənilən bütün əlavələr tam göstərilməyib. Belə ki, hərbi qulluqçulara hər il birdəfəlik ödənişlər formasında aylıq vəzifə və rütbə maaşının 2 (iki) mislinə qədər birdəfəlik pul mükafatı və aylıq vəzifə maaşının 1 (bir) misli miqdarında məzuniyyət pulu ödənilir və bu ödənişlər 2020-ci il tarixdən etibarən məcburi dövlət sosial sığorta haqqı hesablanan gəlir növlərinə aid olduğuna görə onlardan məcburi dövlət sosial sığorta haqqı tutulmuşdur. Lakin cavabdeh onun aylıq pul təminatına məcburi dövlət sosial sığorta haqqı hesablanan gəlir növünə aid olunmuş birdəfəlik pul mükafatının və məzuniyyət pulunun hesablanmış orta aylıq məbləğini daxil etməmişdir. O cavabdehə müraciət edərək pensiya təminatının məbləği hesablanan zaman birdəfəlik pul mükafatı və məzuniyyət pulu məbləğlərinin orta aylıq hissəsinin nəzərə alınmasını xahiş etmişdir.

8. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək bildirir ki, hərbi qulluqçuların pensiyası" Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinə müvafiq olaraq hərbi qulluqçuların xidmətdən buraxıldığı günə aldıqları miqdarda aylıq təminat xərcliyi (pul təminatı) əsas götürülməklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları” ilə müəyyən edilmiş "Məlumat vərəqi" əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X7 tərəfindən təyin edilir. Hərbi qulluqçuların pul təminatı: əsas pul təminatı və pul təminatının əlavə növlərindən ibarətdir. Əsas pul təminatına vəzifə və rütbə maaşları, pul təminatının əlavə növlərinə isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 562 nömrəli 19 oktyabr 1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş üstəlik pul təminatı növləri daxildir. Hərbi qulluqçuların tutduğu vəzifəsinə, xidmət növünə, xidmət müddətinə və hərbi uçot ixtisasına müvafiq olaraq aybaay aldıqları pul təminatına aylıq təminat xərcliyi deyilir. Aylıq təminat xərcliyi (pul təminatı) mütəmadi xarakter daşıyır və aşağıda qeyd olunan ödəniş növlərindən ibarətdir: aylıq vəzifə maaşı; aylıq rütbə maaşı; uzun müddət xidmətə görə faiz əlavəsi; o cümlədən vəzifə maaşından hesablanan əlavələr: məharət (ixtisas) dərəcəsinə görə əlavə; Azərbaycan Respublikasının iqlim şəraitinə görə əlverişli olmayan yerlərdə xidmətə görə faiz əlavəsi; şifrələmə işində fasiləsiz xidmət etməyə görə üstəlik pul əlavəsi; kəşfiyyat fəaliyyəti subyektlərinə məxfiçiliyə görə ödənilən vəzifə maaşına əlavə; xarici dilləri bilmək üçün verilən pul əlavəsi; Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq müəyyən edilən vəzifə maaşının 20 faizi miqdarında əlavə; Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq müəyyən edilən sülhməramlı qüvvələrin müvəqqəti yerləşdirildiyi ərazilərin hüdudlarında və Ermənistanla dövlət sərhədində, həmçinin işğaldan azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçulara ödənilən əlavə; Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına uyğun olaraq müəyyən edilmiş əməliyyat (komando) hərbi hisələrində və X6 tərkibində olan xüsusi təyinatlı briqadalarda xidmət edən hərbi qulluqçulara ödənilən əlavə; Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına uyğun olaraq müəyyən edilmiş pilotsuz uçuş aparatlarını idarə edən və idarəetməsində iştirak edən, həmçinin onlara xidmət göstərən hərbi qulluqçulara ödənilən əlavə; elmi dərəcə və fəxri adlara görə əlavələr; təmsilçilik xərci; Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına uyğun olaraq müəyyən edilmiş Kibertəhlükəsizlik və informasiya texnologiyaları sistemləri üzrə həqiqi hərbi xidmət edən hərbi qulluqçuların aylıq vəzifə maaşlarına əlavələr; həmçinin vəzifə maaşından hesablanan xidmətin xüsusi şəraitinə görə əlavələr: tankların, özüyeriyən artilleriya qurğularının, PDM-lərin, tank şassiləri üzərində özüyeriyən zenit qurğularının, DKDMlərin və özüyeriyən haubitsaların ekipajlarına, ZRK- ların özü yeriyən buraxma qurğularının və bu komplekslərin aşkaretmə və yönəltmə özüyeriyən stansiyalarının heyətlərinə daxil olanlara; aviasiya, xüsusi təyinatlı və kəşfiyyat hərbi hissələrində paraşüt sınaqları vəzifələrində olanlara və döyüş hazırlığı planları üzrə paraşütlə tullanma edənlərə; aviasiya hərbi hissələrində uçuşların təhlükəsizliyini təmin edən aviasiya mütəxəssisləri vəzifələrində xidmət edənlərə; üzən, təmirdə və konservasiyada olan gəmilərin ekipajlarına, gəmilərdə müəyyən edilmiş qaydada daimi yerləşdirilmiş birləşmələrin idarə heyətlərində xidmət edənlərə; uçuş heyəti vəzifələrində xidmət edən və döyüş hazırlığı planlarına əsasən uçuşlar həyata keçirənlərə; hərbi tibb hissələri, müəssisələri və bölmələrində sağlamlıq üçün təhlükəli və ağır iş şəraiti olan hərbi qulluqçulara. Bu siyahıdan göründüyü kimi, “hərbi qulluqçulara birdəfəlik verilən maddi yardım” və “qoşunların yüksək döyüş hazırlığının təmin edilməsi və qüsursuz əsgəri intizam üçün birdəfəlik verilən pul mükafatı” ödəniş növləri hərbi qulluqçuların aylıq pul təminatının tərkibində öz əksini tapmamışdır. Bundan başqa, “Azərbaycan Respublikası Silahlı Qüvvələrin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 562 nömrəli 19 oktyabr 1992-ci il tarixli Qərarı ilə aşağıda qeyd olunan üstəlik pul təminatı növləri təsdiq edilmişdir: zabit vəzifəli heyətə, miçmanlara və müddətindən artıq xidmətli hərbi qulluqçulara uzun müddət xidmətə görə verilən faiz əlavəsi; bəzi kateqoriyalı hərbi qulluqçuların xüsusi xidmət şəraitinə görə üstəlik əlavə;elmi ad və elmi dərəcə üçün faiz əlavəsi; kursant vəzifəsi üçün əlavə; paraşütlə tullanmaq üçün pul mükafatı; dalğıc işləri üçün pul mükafatı; hərbi gəmilərdə, gəmilərdə və gəmi birləşmələri idarələrində uzun müddət və fasiləsiz xidmətə görə birdəfəlik verilən pul mükatatı; hava-desant qoşunlarında fasiləsiz xidmətə görə birdəfəlik verilən pul mükafatı; hərb təhsil müəssisələrini bitirən məzunlara birdəfəlik verilən pul mükafatı; dənizçilər üçün pul təminatı; döyüş növbətçiliyində olanlar üçün pul mükafatı; qoşunların yüksək döyüş hazırlığının təmin edilməsi və qüsursuz əsgəri intizam üçn birdəfəlik verilən pul mükafatı; müddətli xidmət hərbi qulluqçuları üçün tütün məmulatı əvəzinə verilən pul təminatı; şifrələmə işində fasiləsiz xidmət etməyə görə üstəlik verilən pul əlavəsi; xarici dilləri bildiyi üçün üstəlik verilən pul mükafatı; gizirlərə, miçmanlara və müddətindən artıq xidmətli hərbi qulluqçulara ilkin ailə şəraiti yaratmaq üçün birdəfəlik pul müavinəti; hərbi qulluqçulara birdəfəlik verilən maddi yardım; Azərbaycan Respublikasının yüksək dağ yerlərində xüsusi iqlim şəraitində qulluq edənlər üçün üstəlik verilən pul əlavəsi; hərbi xidmətdən buraxılarkən birdəfəlik və işdən çıxma müavinətləri; xidmətlə əlaqədar yerdəyişmələr vaxtı yol xərcləri; gündəlik və mənzildə yaşamaq xərcləri; səhrada (çöldə) xidmətetmə pulu; ev kirayəetmə pulu. Bu qərardan da göründüyü kimi, “hərbi qulluqçulara birdəfəlik verilən maddi yardım” və “qoşunların yüksək döyüş hazırlığının təmin edilməsi və qüsursuz əsgəri nizam üçün birdəfəlik verilən pul mükafatı” ödəniş növləri, adlarında da qeyd edildiyi kimi, aybaay deyil, birdəfəlik ödəniş xarakteri daşıyırlar. Belə olan halda, bu birdəfəlik ödəniş növlərinin 12 aya bölünərək hərbi qulluqçuların aylıq təminat xərcliyinə daxil edilməsi qanuna ziddir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Yuxarıda qeyd etdikləri kimi, “hərbi qulluqçulara birdəfəlik verilən maddi yardım” və “qoşunların yüksək döyüş hazırlığının təmin edilməsi və qüsursuz əsgəri intizam üçün birdəfəlik verilən pul mükafatı” ödəniş növləri hərbi qulluqçuların aylıq təminat xərcliyinə, o cümlədən vəzifə maaşından hesablanan digər əlavələrə daxil deyil və aybaay ödənilmir.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7292/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.

10. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

b) Apellyasiya şikayətinin dəlilləri

11. Apellyasiya şikayəti iddiaya uyğun əsaslandırılmışdır və əlavə olaraq bildirilmişdir ki, iddiaçı Sosial sığorta haqqı tutulmuş birdəfəlik pul mükafatını və məzuniyyət pulunu xidmətdən buraxıldığım günədək almış olduğuna baxmayaraq, həmin vəsaitlər Müdafiə Nazirliyinin təqdim etdiyi məlumat vərəqində təminat xərcliyinə daxil edilməmişdir. “Əmək pensiyaları haqqında" Qanunun 1.0.5-ci maddəsinə əsasən, təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtivala və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzilə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. İnzibati Məhkəmə bu xüsusatıda nəzərə almayıb ki, hərbi qulluqçulara xidmət dövründə ödənilən birdəfəlik pul mükafatı və məzuniyyət pulu vəzifə maaşından hesablanan gəlir növlərinə aiddir. Eyni zamanda İnzibati Məhkəmə nəzərə almamışdır ki, birdəfəlik pul mükafatı və məzuniyyət pulu əmək haqqının tərkib hissəsidir, çünki Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə görə, əmək haqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğin, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmçinin İnzibati Məhkəmə onu da müəyyən etməli idi ki, xidmət dövründə ödənilən birdəfəlik pul mükafatı və məzuniyyət pulu «Sosial sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığorta haqqı hesablanan gəlir növlərinə aid olduğuna görə həmin məbləğlərdən sosial sığorta haqqı tutulmuşdur. ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatları

13. Məhkəmədə iddiaçı iddia tələbini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilərək iddianın təmin edilməsini, cavabdehin nümayəndəsi isə birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanmasını, 3-cü şəxsin nümayəndəsi isə çıxarılacaq qərarın məhkəmənin mülahizəsinə buraxdığını qeyd etdi

TƏTBİQ EDİLƏN HÜQUQ

14. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.3. hərbi qulluqçular - Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. 1.0.5. təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. 20.14.1. hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 25 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin - 65 faizi, 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin - 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla müəyyən edilir.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş "Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”: Bu Qaydalar "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidmətində, Azərbaycan Respublikasının Strateji X4 Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra - Fond) təqdim olunması qaydalarını müəyyən edir. Bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra - hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır. Bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi (1 nömrəli əlavə) əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. Pensiya alan hərbi və ya xüsusi rütbəli şəxs öldükdə, ona vaxtilə pensiya təyin edilməsi üçün xidmət illəri və təminat xərcliyinə dair sənədlərdəki məlumatlarda dəyişikliklər baş vermişdirsə, ailə başçısını itirməyə görə pensiya hüququ yaranan ailə üzvünün Fonda müraciətindən 10 iş günü müddətində göndərilən Fondun sorğusu əsasında məlumat vərəqi bu hissədə nəzərdə tutulan müddətdə və qaydada təqdim edilir.

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

19. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.2-ci maddələrinə əsasən) 21.İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 14-17-ci bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. 22.Belə ki, iddiaçı birdəfəlik pul mükafatı” və “Növbəti məzuniyyətə çıxarkən hərbi qulluqçulara ödənilən əlavə pul təminatı” da nəzərə alınaraq yeni məlumat vərəqinin üçüncü şəxsə göndərilməsini tələb edir. 23.Cavabdeh orqan isə qeyd edilən ödənişlərin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə öz əksini tapmadığını bildirərək, yeni məlumat vərəqinin göndərilməsindən imtina etmişdir.

24. İş materiallarından göründüyü kimi iddiaçı xx.xx.2024-cü il tarixdən “Hərbi xidmtəkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə əsasən (xəstəliyə görə) hərbi xidmətdən ehtiyata buraxılmış, cavabdeh tərəfindən MN-22355 nömrəli məlumat vərəqi rəsmiləşdirilərək üçüncü şəxsə göndərilmiş və həmin tarixdən hərbi qulluqçu kimi güzəştli şərtlərlə pensiya alır. MN-22355 nömrəli məlumat vərəqinə əsasən iddiaçının vəzifə maaşı – 890 manat, rütbə maaşı – 154 manat, xidmət illərinə görə 30% əlavə - 313,20 manat, ərzaq payı əvəzinə pul kompensasiyası – 64 manat, “usta” məharət dərəcəsinə görə 35% əlavə - 311,50 manat, 20% Prezident əlavəsi - 178 manat, təminat xərcliyinin cəmi məbləği – 1910,70 manat müəyyən edilmişdir. 25.Məhkəmə kollegiyası qanunvericiliyin normalarına əsasən qeyd edir ki, mövcud qanunvericlik normaları hərbi qulluqçuların əmək pensiyasının hesablanmasını onlar barəsində müvafiq səlahiyyətli orqan (hazırkı halda Azərbaycan Respublikası Müdafiə Nazirliyi) tərəfindən təminat xərcliyinə dair tərtib edilmiş məlumat vərəqəsi əsas götürülməklə nəzərdə tutur. Təminat xərcliyinə daxil olan məbləğlər "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.5-ci maddəsində nəzərdə tutulmuşdur. Lakin, iddiaçının təminat xərcliyinə daxil edilməsini xahiş etdiyi birdəfəlik pul mükafatı və məzuniyyət pulu məbləğləri isə həmin maddədə göstərilməmişdir. 26.Digər tərəfdən, Nazirlər Kabinetinin 19 oktyabr 1992-ci il tarixli 562 nömrəli qərarının 1ci bəndi ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları üçün aylıq maaşlara nisbətən 1992-ci il yanvarın 1-də olan faiz miqdarı ilə müəyyən edilmiş normaları məbləğində üstəlik verilən pul təminatı növlərinin sırasında hazırkı iddiaçının məlumat vərəqəsində göstərilməsini iddia etdiyi birdəfəlik pul mükafatı və məzuniyyət pulu məbləğləri nəzərdə tutulmamışdır. 27.Odur ki, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. 28.İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 29.Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7292/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. 30.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7292/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar