Məhkəmə qərarları › İş №2-1(103)-4245/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4245/2025

03.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4245/2025 03.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Qasımov Vidadi Kamal oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi, İddiaçı Cavabdehn nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əlilliyin müəyyən edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 01 avqust 2025-ci il tarixli, 2-1(112)- 2902/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi, daha sonra isə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun əlilliyinin müəyyən edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.1983-cü il təvəllüdlü İddiaçı 2011-ci ildən ümumi xəstəlik nəticəsində İİ qrup əlil olmuşdur. Ambulator kartadan çıxarışdan, xəstəliyinə dair sənədlərdən və epikrizdən görünür ki, xəstəyə medikamentoz yuxuda BERA testi aparılmışdır. Hər iki qulaqda 80 db HL intensivlikdə V dalğa forması əldə edilmişdir. Nəticə: iki tərəfli ağır (İV) dərəcəli sensonevral tip eşitmə azlığı. Lakin 2021-cü ilin yanvar ayına qədər əlilliyin verilməsi davam etmiş, sonradan əlilliyin verilməsi dayandırılmışdır. TSEK-da müayinəyə dair məlumatın verilməsi barədə arayışda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli l ı nömrəli Qərarı ilə təsdiq edilmiş “əlilliyin qiymətləndirilməsi Qaydası”nın (bundan sonra- Qayda) 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə Tibbi-sosial ekspertiza komissiyasının qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Növbəti müayinəyə göndərilmiş lakin, cavabdeh idarə iddiaçının əlilliyinin müvafiq qaydada müəyyənləşdirməmişdir. Belə ki, cavabdeh idarə müayinələr aparılması üçün lazımi mərkəzlərə və tibbi müəssisələrə iddiaçıya göndəriş verilməmişdir. Nəticədə düzgün aparılmayan müayinələr nəticəsində ona əlillik verilməsindən imtina edilməsi cavabı qeydə alınmışdır. Tibbi Sosial Ekspert Komissiyasının cavabında qeyd edilmişdir ki, dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkimin rəyi: eşitmənin, nitqin, səsin patologiyası üzrə Respublika mərkəzində müayinəsi və tibbi rəyi qeyd olunmamışdır. Hansı ki, iddiaçının xəstəliyi daha da kəskinləşmiş və iş qabiliyyəti azalmış, tam olaraq İİ qrup əllik meyyarları qalmışdır. Cavabdeh iddiaya qarşı etirazını məhkəməyə təqdim etmiş və etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının xx.xx.2025-ci il tarixli Qərarında qeyd edilmişdir ki, xx.xx.2025-ci il tarixində DTSERA-da aparılmış Audiometriya müayinəsinin nəticəsi "Sağ qulaq 40 (qırx) db, sol qulaq 40 (qırx) db.” kimi qiymətləndirilmiş, əlillik təyinatına əsas verən ağıreşitmə aşkar edilməmişdir. Dövlət tibb müəssisəsinin qiymətləndirməyə əsas verən xx.xx.2024-cü il tarixli İ00188671ZEB nömrəli göndərişində "Epilepsiya xəstəliyi” yanaşı xəstəlik kimi göstərildiyindən, həkimekspertlər tərəfindən EEQ müayinəsinə göndəriş təqdim edilmiş, lakin vətəndaş müayinə olunmaqdan imtina edərək hal hazırda xəstəliyə dair heç bir şikayətinin olmadığını və heç bir dərman qəbul etmədiyini, sonuncu dəfə "Epilepsiya” xəstəliyi səbəbilə 2021-ci il tarixində müalicə aldığını bildirmişdir. Nəticədə dövlət tibb müəssisəsinin qiymətləndirməyə əsas verən xx.xx.2024-c il tarixli İ00188671ZEB nömrəli göndərişində göstərilmiş əsas diaqnozun, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmaları aparılmış müayinələr nəticəsində təsdiqini tapmadığından "Diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-2902/2025 saylı qərarı ilə (hakim S.İ.Qənbərova) iddia təmin edilmiş, İddiaçı əlilliyinin müəyyən edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-2902/2025 saylı qərarını mübahisələndirmiş və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi isə baxarkən isi yetərincə araşdırmayaraq, iddiaçının təqdim etdiyi sənədlər və müvafiq ekspertizanın rəyinə əsaslanmış, həmçinin şəxsin əyani müavinə olunması nəticəsində zəruri biliklərə sahib komissiya tərəfindən gəlinən nəticələrə ümumiyyətlə məhəi qoymamış və öz mülahizəsinə əsasən qərar qəbul etmişdir. Bu isə işin nəticələrinin araşdırılmamasına gətirib çıxartmışdır. Sözügedən hal, yəni diaqnozun əlillik təyinatına əsas verməməsi halı iddiaçının əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Məhkəmənin gəldiyi səhv nəticə ondan ibarətdir ki, göndərişdə olan diaqnozun Əsasnamədə mövcud olmasının müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin və onun ağırlaşmaları intrumental müayinə nəticələri ilə təsdiq olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Birinci instansiya məhkəməsi sadəcə anamnestik məlumatlar əsasında tərtib edilən həkim rəylərinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Göndərişdə və MHHK qərarında qeyd olunan diaqnoz öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Belə ki, göndərişdə əsas diaqnoz kimi “H93- Qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri” diaqnozu qeyd edilmişdir. Əsasnamənin 9.1-ci bəndinə əsasən, qulağın və məməyəbənzər çıxıntının funksiyalarının xəstəlik, zədə və çatışmazlıqlara görə davamlı pozuntularının təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi əsasən ən yaxşı eşidən (yeganə) qulağın eşitmə funksiyasının pozulması dərəcəsinin və xarakterinin qiymətləndirilməsinə əsaslanır. Patoloji prosesin digər amilləri də nəzərə alınır: xəstəliyin gedişatının forması və mərhələsi, eşitmə çatışmazlığının əmələgəlməsi vaxtı, ona qarşı adaptasiya dərəcəsi, fəsadlaşmaların növləri və xüsusiyyətləri, nitq və psixi funksiya çatışmazlıqları ilə yanaşı olması və daha dərin müayinələrə ehtiyac olduğu halda elektrofizioloji və digər morfofunksional müayinə üsullarından istifadə olunur (audiometriya, otoakustik emissiya, törədilmiş eşitmə potensialları). Buna baxmayaraq bu patalogiyaların heçbiri iddiaçının səhhətində öz əksini tapmır. Diaqnozu təsdiq edən tibb müəssisəsinin rəyləri TSEK tərəfindən tədqiq edilmiş və əlillik təyinatına əsas verən səviyyədə - 35 faiz OFP müəyyən edilməmişdir. Buna baxmayaraq eyni klinik instrumental müayinə nəticələri əsasında MTE PAB əlavə müəyinə həyata keçirmədən rəy vermişdir. Məhkəmə iki ziddiyyətli tibbi mövqeyi aydınlaşdırmaq əvəzinə sadəcə ekspert rəyinə əsaslanaraq Agentliyin (TSEK-in) hüquqlarını pozmuşdur. Məhkəmə iclasında iştirak edən Cavabdehn nümayəndəsi Nümayəndə izahatında məhkəməyə bildirdi ki, hazırkı iş üzrə iddiaçının eşitmə xəstəliyi mübahisələndirilir. Əslində, göndərişdə iddiaçıda epilepsiya xəstəliyinin olması ilə bağlı da qeyd var, lakin iddiaçıya bu xəstəlik ilə bağlı bildirildi ki, EEQ müayinələrindən keçsin ki, həmin xəstəliyin də zəruri qeydləri aparılsın. Lakin vətəndaş müayinə olunmaqdan imtina etmişdir. Bu səbəbdən hazırda əsas xəstəlik kimi eşitmə problemi qeyd edilib. Hazırda əliliyə səbəb ola biləcək diaqnoz da eşitmənin neyrosensor pozuntusudur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarında müəyyən edilmişdir ki, ümumiyyətlə eşitmək üçün ən yüngül əlillik təyinatı (35-60 dərəcə olması şərti ilə 5 il müddətinə 50% ilə) - bir qulaqda 4-cü dərəcə, digərində isə minimum 3cü dərəcə eşitmə pozuntusunu şərtləndirir. Göndərişə əsasən hər iki qulaqda 90 db, yəni 4-cü dərəcəli eşitmə pozğunluğu var. Ağdam rayon xəstəxanasının F88-də BERA testindən keçirilməklə eyni diaqnozlar qeyd edilmişdiur. Agentlik tərəfindən BERA testindən keçiriləndə məlum olunmuşdur ki, hər iki qulaqda 40 db-dir. Bunun əsasında birinci instansiya ziddiyət olduğunu nəzərə alaraq ekspertiza təyin etmişdir. Ekspert rəyində isə qeyd olunur ki, 80 db-dir. Göründüyü kimi hər üç qurum kəskin fərqli-fərqli nəticələr əldə etmişdir. Eyni zamanda o, məhkəməyə ona verilmiş suallara cavab olaraq bildirdi ki, 70-90 db arası - 4 cü dərəcəlidir. 55-70 arası – İİİ dərəcəlidir. 55-dən aşağı isə İİ və İ dərəcəlidir. ... Analoji işlər üzrə ekspertin şəxsə təyin etdiyi -dsb Agentliyin təyin etdikləri –dsblərə yaxın olur, lakin hazırda ekspert 80 db, Agentlik isə 40 db müəyyən etməklə aralarında kəskin fərq yaranmışdır. Hansı ki, 40 db özlüyündə əliliyin təyinatı üçün müəyyən edilmiş bir ağırlaşma hesab olunmur. Bu səbəbdən işin yenidən araşdırılmasına zərurət yaranmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərdən aşağıdakılar müəyyən edilir: - Ağdam rayon Mərkəzi Xəstəxanasının xx.xx.2024-cü il tarixli göndərişindən görünür ki, iddiaçının əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş verilmiş, əsas diaqnoz– H93.3- eşitmə sinirinin xəstəlikləri, iki tərəfli xroniki koxlear nevrit, ağırlaşma-H90.3 eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, hər iki tərəfli İV (dördüncü) dərəcəli neyrosensor ağıreşitmə azlığı, yanaşı xəstəliklər- G40.3 generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, kəllədaxili hipertenziya teztez təkrarlanan qıcolma turmaları ilə (ayda 8.10 dəfə), vegetativ damar krizləri ilə kəskin ifadə olunmuş astenonevrotik sindrom, yanaşı xəstəliklər- T90.5- kəllədaxili travmaların nəticələri, keçirilmiş kəllə-beyin tramvası nəticəsində sağ ənsə sümüyünün basılmış sınığı, yanaşı xəstəliklər - G03.9 - dəqiqləşdirilməmiş meningit, keçirilmiş neyroindeksiya-serebral araxnoditin davamlı qalıq əlamətləri diaqnozu qoyulmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 sosial ekspert komissiyasının 3-17-4/3-1- 2175/2025 saylı 16 yanvar 2025-ci il tarixli qərarında göstərilmişdir ki: “... xx.xx.2025-ci il tarixində DTSERA-da xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı, şikayətləri baş ağrılarından, baş gicəllənməsindən, ağıreşitmədən, ümumi halsızlıq və zəiflikdən olmuş, anamnestik olaraq hal-hazırda dərman qəbul etmədiyini, dəfələrlə ambulator və stasionar müalicələr aldığını bildirmişdir. Təqdim edilmiş sənədlər arasında, Ə.D.Məlikov adına 6 saylı X5 xx.xx.2022-xx.xx.2022-ci il tarixli epikrizinə əsasən diaqnoz “İkitərəfli koxlear nevrit, ikitərəfli neyrosensor ağıreşitmə (İV). Postravmatik ensefalopatiya. Qıcolma sindromu. Asteno-nevrotik sindrom.” kimi qeyd edilmiş, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2024-cü il tarixli ambulator xəstənin 12550 tibbi vərəqinə əsasən diaqnoz “İkitərəfli koxlear nevrit, ikitərəfli neyrosensor ağıreşitmə.” şəklində göstərilmiş, xx.xx.2023-cü il tarixində X6 xəstəyə medikamentoz yuxu altında aparılmış BERA-test müayinəsinin nəticəsi “İkitərəfli ağır (İV) dərəcəli sensonevral tip eşitmə azlığı.” kimi qiymətləndirilmişdir. Obyektiv müayinə zamanı, dəri və görünən selikli qişaların rəngi adi, normostenik tip bədən quruluşuna malik olmuş, orta-yüksək tonlu səs qıcıqlarına rahatlıqla reaksiya vermiş, müayinə edən həkimmütəxəssisin suallarını aydın və açıq şəkildə cavablandırmış, həkim-nevroloq müayinəsinin nəticəsinə əsasən kəlləbeyin sinirləri patologiyasız, sümüküstü və vətər refleksləri D=S canlı olmuş, patoloji reflekslər, ətraflarda parez qeyd edilməmiş, əzələ tonusu normal izlənilmiş, “Burunbarmaq” sınağını düzgün icra etmiş, “Romberq” vəziyyətində dayanıqlı, yerişi sərbəst, hərəkətləri tam həcmdə izlənilmiş, əlillik təyinatına əsas verən nevroloji defisit müşahidə edilməmişdir. xx.xx.2025-ci il tarixində DTSERA-da aparılmış Audiometriya müayinəsinin nəticəsi “Sağ qulaq 40 (qırx) db, sol qulaq 40 (qırx) db.” kimi qiymətləndirilmiş, əlillik təyinatına əsas verən ağıreşitmə aşkar edilməmişdir. Dövlət tibb müəssisəsinin qiymətləndirməyə əsas verən xx.xx.2024-cü il tarixli İ00188671ZEB nömrəli göndərişində “Epilepsiya xəstəliyi” yanaşı xəstəlik kimi göstərildiyindən, həkim-ekspertlər tərəfindən EEQ müayinəsinə göndəriş təqdim edilmiş, lakin vətəndaş müayinə olunmaqdan imtina edərək hal hazırda xəstəliyə dair heç bir şikayətinin olmadığını və heç bir dərman qəbul etmədiyini, sonuncu dəfə “Epilepsiya” xəstəliyi səbəbilə 2021-ci il tarixində müalicə aldığını bildirmişdir. Nəticədə dövlət tibb müəssisəsinin qiymətləndirməyə əsas verən xx.xx.2024cü il tarixli İ00188671ZEB nömrəli göndərişində göstərilmiş əsas diaqnozun, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmaları aparılmış müayinələr nəticəsində təsdiqini tapmadığından “Diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir”. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X7nin 390/2025 ekspert rəyindən görünür ki, İddiaçı məhkəmətibbi müayinədən keçirilərkən xx.xx.2025-ci il tarixində BERA müayinəsi üçün “ATU-nun X4”na göndərilmiş və müayinədən sonra LOR həkimi tərəfindən ona “Hər iki qulaqda 4-cü dərəcə neyrosensor tip ağıreşitmə” diaqnozu müəyyən edilmişdir. Onun hazırkı sağlamlıq vəziyyəti göstərilən hallardan 3.2. bəndinə “eşitmə zəifliyi İV dərəcə, ikitərəfli” uyğun gəlir. Onun əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı “Ağdam rayon mərkəzi xəstəxanası” phş tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 10018867İZEB nömrəli Forma 88 göndərişində XBT 10 kodu ilə qeyd edilmiş Əsas diaqnoz: H93.3-eşitmə sinirinin xəstəlikləri, ikitərəfli xroniki koxlear nevrit. Ağırlaşma:H90.3-eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi, hər iki tərəfli İV (dördüncü) dərəcəli neyrosensor ağıreşitmə azlığı. Yanaşı xəstəliklər: G40.3-generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, kəllədaxili hipertenziya, tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 8-10 dəfə) vegetativ damar krizləri ilə kəskin ifadə olunmuş asteno-nevrotik sindrom, T90.5-kəllədaxili travmaların nəticələri, keçirilmiş kəllə-beyin travması nəticəsində sağ ənsə sümüyünün basılmış sınığı, G03.9-dəqiqləşdirilməmiş meningit, keçirilmiş neyroinfeksiya- serebral araxnoidit, davamlı qalıq əlamətləri” diaqnoz ona stasionarda anamnestik, klinik və laborator instrumental müayinələr əsasında qoyulmuş və xəstəlik xroniki hala keçərək ağırlaşdığından onların varlığını hazırda da inkar etmək mümkün deyildir. Rəydə göstərilmişdir ki, “Müayinə olunan orta boylu, düzgün bədən quruluşlu, kafi köklükdədir. “X8”ndə xx.xx.2025-ci il tarixdə keçirilmiş audiometriya müayinəsində pasiyentin verdiyi cavaba əsasən ikitərəfli çox ağır dərəcədə olan sensonevral tip ağıreşitmə. Bera müayinəsi məsləhət görülür. İddiaçı “ATUnun X4”nda xx.xx.2025-ci il tarixində medikamentoz yuxu şəraitində BERA testi aparıldı. 33.1 rate 2000 sweep click şiddətində aparılan BERA testi zamanı sağ qulaqda 80 dBnHL intensivlikdə V dalğa əldə edildi, sol qulaqda 80 dBnH intensivlikdə V dalğa əldə edildi. Nəticə: Hər iki qulaqda 4-cü dərəcə neyrosensor tip ağıreşitmə qeyd olunur. Beləliklə, vətəndaş İddiaçı xx.xx.2025-ci il tarixində “ATU-nun X4”nda aparılan BERA testi zamanı sağ qulaqda 80 dBnHL intensivlikdə V dalğa əldə edildi, sol qulaqda 80 dBnH intensivlikdə V dalğa əldə edildi. Nəticə: Hər iki qulaqda 4-cü dərəcə neyrosensor tip ağıreşitmə qeyd olunur”. Göründüyü kimi, ekspert rəyi ilə iddiaçının qulağında hər iki tərəfdə İV dərəcə eşitmə zəifliyi aşkar edilmişdir. Belə ki, ağıreşitmənin ümumdünya təsnifatına əsasən: 1. İ dərəcə - 26-40 db – danışıq məsafəsi – 4-6 m; 2. İİ dərəcə -41-55 db - danışıq məsafəsi – 1-4 m; 3. İİİ dərəcə - 56-70 db - danışıq məsafəsi – 0,25-1 m; 4. İV dərəcə 71-90 db- 0 metr; 5. eşitmənin ikitərəfli tam itirilməsi (karlıq) - > 91 db – 0 m. İddiaçının hazırda sağ və sol qulağında 80 dBnHL intensivlikdə V dalğa əldə edilməsi, onun hər iki qulağında İV dərəcə eşitmə zəifliyinin olduğunu göstərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"nın Qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri adlanan 9-cu bəndinin Qeyd hissəsinə əsasən, qulağın və məməyəbənzər çıxıntının funksiyalarının xəstəlik, zədə və çatışmazlıqlara görə davamlı pozuntularının təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi əsasən ən yaxşı eşidən (yeganə) qulağın eşitmə funksiyasının pozulması dərəcəsinin və xarakterinin qiymətləndirilməsinə əsaslanır. Patoloji prosesin digər amilləri də nəzərə alınır: xəstəliyin gedişatının forması və mərhələsi, eşitmə çatışmazlığının əmələgəlməsi vaxtı, ona qarşı adaptasiya dərəcəsi, fəsadlaşmaların növləri və xüsusiyyətləri, nitq və psixi funksiya çatışmazlıqları ilə yanaşı olması və daha dərin müayinələrə ehtiyac olduğu halda elektrofizioloji və digər morfofunksional müayinə üsullarından istifadə olunur (audiometriya, otoakustik emissiya, törədilmiş eşitmə potensialları). Meyarların 9.1.4-cü bəndinə müvafiq olaraq isə, eşitmə zəifliyi İV dərəcə, ikitərəfli - 50 - müddətsiz. Cavabdeh iddiaçının əlilliyini qiymətləndirərkən göstərilən halları nəzərə almamış, nəticədə düzgün olmayan qənaətə gəlmişdir. Belə ki, cavabdeh audiometriya müayinəsinin nəticəsini "Sağ qulaq 40 (qırx) db, sol qulaq 40 (qırx) db.” kimi qiymətləndirmişdir. Qeyd edilməlidir ki, audiometriya subyektiv testdir – yəni xəstənin cavablarına əsaslanır (səs eşidəndə düyməyə basmaq və ya reaksiya vermək), subyektiv olduğuna görə xəstənin diqqətindən və əməkdaşlığından asılıdır. Lakin BERA test obyektiv testdir – eşitmə siniri və beyin kötüyü səviyyəsində səs stimullarına neyrofizioloji cavabı qeydə alır. Yalan və ya subyektiv cavabların qarşısını alır. Sinir keçiriciliyi barədə əlavə məlumat verir (məsələn, retrokochlear patologiyalarda). Məhz buna görə də, birinci instansiyası məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, hazırkı halda audiometriya müayinəsinin deyil, BERA testinin nəticələri əsas götürülməlidir. Çünki iddiaçı eşitmə cihazında istifadə edir və bu hal audiometriya müayinəsinin nəticəsinə təsir etmək imkanına malikdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, apellyasiya şikayətinin “iş yetərincə araşdırılmayıb” dəlili faktiki əsasdan məhrumdur. Əksinə, birinci instansiya məhkəməsi mübahisənin tibbi komponentini “xüsusi bilik” tələb edən məsələ kimi dəyərləndirib, bu ziddiyyətin aradan qaldırılması üçün məhkəmə-tibbi ekspertizanın keçirilməsini təmin etmiş, iddiaçının sağlamlıq vəziyyətinin göndərişdəki diaqnozlarla uyğunluğu, eşitmə zəifliyinin dərəcəsi və epilepsiyanın olub-olmaması daxil olmaqla konkret halları müəyyənləşdirməyə çalışmışdır. Bu, inzibati məhkəmə icraatında “işin hallarının araşdırılması” prinsipinə (məhkəmənin yalnız tərəflərin gətirdiyi ilə kifayətlənməməsi) uyğun prosessual davranışdır və həmin prinsipin məhz özündə aktiv araşdırma vəzifəsini ehtiva etməsi apellyasiya şikayətində də istinad edilən müddəalarla uzlaşır. Belə olan halda, apellyasiya şikayətinin bu istiqamətdə əsaslandırılması, əslində, məhkəmənin araşdırma aparmaması deyil, araşdırma nəticəsində əldə olunmuş sübutların (ekspert rəyinin və obyektiv test nəticələrinin) cavabdehin mövqeyinə uyğun gəlməməsi ilə bağlı narazılıq kimi qiymətləndirilməlidir. Bundan əlavə qeyd edilməlidir ki, apellyasiya şikayətində istinad olunan “məhkəmə diskresion səlahiyyətə müdaxilə edib” dəlili də hər hansı hüquqi əsasa söykənmir. Belə ki, diskresion səlahiyyətin mövcudluğu inzibati aktın məhkəmə nəzarətindən kənar qalması demək deyil. Məhkəmə diskresiyanı “əvəz etmir”, lakin diskresiyanın hüquqa uyğun şəkildə həyata keçirilib-keçirilmədiyini yoxlayır. Hazırkı işdə məhkəmə “tibbi qərarı özü vermək” yolunu tutmamış, əksinə, tibbi mübahisə üzrə səlahiyyətli ekspertin rəyini almış, daha sonra cavabdeh orqanın rəddinin əsaslı olub-olmadığını qiymətləndirmişdir. Başqa sözlə, məhkəmənin müdaxiləsi diskresiyanın mahiyyətinə deyil, diskresiyanın faktiki-sübut bazasının və əsaslandırmasının hüquqa uyğunluğuna yönəlmiş nəzarətdir. Həmçinin vurğulanmalıdır ki, sübutların müqayisəli çəkisi baxımından cavabdehin əsaslandığı “audiometriya – 40 db/40 db” nəticəsi ilə ekspertiza çərçivəsində müəyyənləşdirilən nəticələr arasında əsaslı ziddiyyət mövcuddur. Bu ziddiyyətin həlli isə məhz məhkəmənin (və ekspertizanın) funksiyasıdır. Qərarda göstərildiyi kimi, iddiaçı xx.xx.2025-ci ildə ATU-nun X3 aparılmış BERA testində hər iki qulaq üzrə 80 dBnHL intensivlikdə V dalğa əldə olunmuş, nəticədə hər iki qulaqda İV dərəcəli neyrosensor tip ağıreşitmə qeyd edilmişdir. Bu nəticə iddiaçının göndərişdə göstərilən “ikitərəfli İV dərəcəli neyrosensor ağıreşitmə azlığı” diaqnozu ilə də uyğunluq təşkil edir. Birinci instansiyası məhkəməsi həm də tibbi metodun etibarlılığını izah edərək audiometriyanın subyektiv, BERA-nın isə obyektiv test olması, eşitmə siniri və beyin kötüyü səviyyəsində neyrofizioloji cavabları qeydə alması səbəbilə hazırkı hal üzrə BERA nəticələrinin daha etibarlı götürülməli olduğunu əsaslandırmışdır. Bu, “məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxardı” dəlilini də neytrallaşdırır: məhkəmə tibbi nəticəni özü vermir, ekspertiza və obyektiv instrumental müayinəni əsas götürərək hüquqi nəticə çıxarır. Bundan əlavə cavabdehin apellyasiya şikayətində irəli sürdüyü “MTE və PAB əlavə müayinə həyata keçirmədən rəy verib” tezisi iş materialları ilə uzlaşmır. Qərarda məhz BERA testinin xx.xx.2025-ci ildə ATU klinikasında aparıldığı göstərilir. Ekspert rəyinin məzmununda da göndərişdəki diaqnozların və ağırlaşmaların iddiaçının hazırkı sağlamlıq vəziyyətinə uyğunluğu, eşitmə zəifliyinin dərəcəsinin müəyyənləşdirilməsi kimi sualların qoyulduğu görünür. Yəni burada “sadəcə anamnestik məlumat” əsasında nəticəyə gəlmək deyil, konkret instrumental müayinənin (BERA) nəticəsi ilə mövqenin əsaslandırılması var. Eyni zamanda cavabdehin “epilepsiya” komponentinə dair arqumenti də apellyasiya mərhələsində qərarın ləğvinə aparan “həlledici” hüquqi əsas yaratmır. Şikayətdə iddiaçının EEQ-dən imtina etdiyi, hazırda şikayətinin olmadığı və dərman qəbul etmədiyi göstərilir. Lakin mübahisənin mərkəzində duran əsas funksional pozuntu (eşitmə) üzrə obyektiv testlə (BERA) ağır (İV) dərəcəli ikitərəfli ağıreşitmə təsdiqləndiyi halda, epilepsiya xəttində qeyri-müəyyənlik (və ya hətta inkar) eşitmə üzrə əlilliyin qiymətləndirilməsi üçün əsas ola biləcək ağırlaşmaları aradan qaldırmır. Üstəlik, göndərişin natamam doldurulması və instrumental müayinələrin dəqiqləşdirilməsi tələbi ilə geri qaytarılması kimi hallar orqanın “sübutlar dəqiqləşdirilmədən rədd” mövqeyinin nə dərəcədə mütənasib olması sualını doğurur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-2902/2025 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-2902/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar