Məhkəmə qərarları › İş №2-1(103)-4246/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4246/2024

10.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4246/2024 10.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (üçüncü şəxs "xxxx" MMC) qarşı iş üzrə (Açar sözlər: sərəncamın və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və s.) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı (üçüncü şəxs "xxxx" MMC) “sərəncamın və alqı-satqı müqaviləsinin 5145 saylı bağ sahəsi hissəsində etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 06 sentyabr 2024-cü il tarixli, 2-1(112)- 3454/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsinin şimal hissəsində yerləşən 101995 kv.m torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə "xxxx" MMC arasında alqı-satqı edilməsi barədə Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sərəncamının və tərəflər arasında bağlanmış 1731 nömrəli xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsinin X3 Bakı şəhəri XDSİK-nın 9/549 saylı xx.xx.1988-ci il tarixli qərarı əsasında ona ayrılmış Ləhiş bağ massivində 29 saylı bağ-tikinti kooperativinin tərkibində 5145 saylı bağ sahəsi hissəsində etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsi tələbini irəli sürərək iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, X5 onun əridir və o, xx.xx.2005-ci ildə vəfat etmişdir. Bakı şəhər X9 İcraiyyə komitəsinin 9/549 nömrəli, xx.xx.1988-ci il tarixli qərarına əsasən X1 Ləhic bağ massivində 29 saylı bağ-tikinti kooperativinin tərkibində 5145 saylı torpaq sahəsi ayrılmışdır. Həmin komitənin xx.xx.1989-cu il tarixli, 54 saylı məktubunda sözügedən torpaq sahəsində Q.Mustafayevə bağ evi tikməyə və hasar çəkməsinə icazə verildiyi qeyd olunmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2(004)-3142/2023 nömrəli qətnaməsinə əsasən Ləhic bağ massivində 29 saylı bağ-tikinti kooperativinin tərkibində torpaq sahəsinin ayrılmasına dair Bakı şəhər X9 İcraiyyə komitəsinin 9/549 nömrəli, xx.xx.1988-ci il tarixli qərarının xx.xx.2005-ci ildə vəfat etmiş mərhum X3 məxsus olması faktı müəyyən edilmişdir. İddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək yuxarıda adıçəkilən bağ sahəsinin "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində **********98 reyestr nörməsi ilə aparılmış qeydiyyat yazısının ləğv edilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmin inzibati işdə 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaya qarşı etiraz ərizəsi təqdim edilmiş və etirazda göstərilmişdir ki, “... Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsinin şimal hissəsi ünvanında yerləşən 101995 kv.m torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə "xxxx" MMC arasında bağlanan 1731 nömrəli, xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsi əsasında ilkin olaraq "xxxx" MMC-nin adına qeydiyyatdan keçmişdir. Daha sonra "xxxx" MMC tərəfindən bölünərək özgəninkiləşdirilmişdir. Hal-hazırda Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsinin şimal hissəsi ünvanında yerləşən 5.4879 ha torpaq sahəsi "xxxx" MMC-nin mülkiyyətindədir...”. Bundan sonra ona məlum olmuşdur ki, mərhum əri Qeybulla Mustafayevə verilmiş bağ torpaq sahəsi Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən 1731 nömrəli, xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsi əsasında "xxxx" MMC-yə satılmışdır. Halbuki sözügedən alqı-satqı müqaviləsinin bağlanılmasına əsas olan sərəncam və həmin alqı-satqı müqaviləsi etibarsızdır. Belə ki, yuxarıda qeyd edildiyi kimi torpaq sahəsi Bakı şəhər X9 İcraiyyə Komitəsi tərəfindən mərhum əri X3 verilmişdir. Bu həm 1 saylı Bakı Ərazi İdarəsinin məktubları (xx.xx.2023-cü il tarixli), həm də Dövlət Arxinin Bakı Filialının xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş 9/549 nömrəli, xx.xx.1988-ci il tarixli qərardan çıxarışla öz təsdiqini tapır. Odur ki, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi səlahiyyəti olmadan mərhum ərinə məxsus bağ sahəsini "xxxx" MMC-yə satmışdır. Həmçinin nəzərə almaq lazımdır ki, iddiaçıya məxsus torpaq sahəsinin yerləşdiyi ərazidəki heç bir torpaq sahəsi ümumiyyətlə adıçəkilən Komitənin balansında olmamışdır. Bu da sərəncamın və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə əsas verən digər haldır.

3. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə "xxxx" MMC iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

4. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 659 nömrəli Fərmanı ilə “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamə təsdiq edilmişdir. Qeyd edilən Fərmanın 3-cü bəndinə əsasən hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması həmin Fərmanla müəyyən edilmiş qaydada həyata keçirilir, bir şərtlə ki, dövlət mülkiyyətində olan həmin torpaq sahələri belə fiziki və hüquqi şəxslərin qanuni istifadəsində və ya icarəsində olsun. Həmin Əsasnamənin 11-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti əvvəl torpaq sahəsinin satın alınmasını həmin sahənin üstündə yerləşən özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisinə təklif etməlidir. Əgər həmin mülkiyyətçi torpaq sahəsini satın almaqdan imtina edirsə, onda bu sahə qanunvericilikdə müəyyən olunmuş qaydada onun satınalma hüququ ilə icarəsinə verilir. Qeyd olunan qanunvericilik normalarına uyğun olaraq ərizəçi "xxxx" MMC tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsinin şimal hissəsi ünvanında yerləşən qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnu təsdiq edən sənəd və mübahisə predmeti olan 101995 kv.m torpaq sahəsinin onun istifadəsində olmasını təsdiq edən sənəd təqdim edildikdən sonra Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2008-ci il tarixli, 338 nömrəli sərəncamı ilə torpaq sahəsinin özəlləşdirilməsi barədə qərar qəbul edilmiş və torpaq sahəsinə dair tərəflər arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 1731 nömrəli alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-nin mülkiyyətinə verilmişdir. Belə olan halda istər mübahisəli torpaq sahəsi, istərsə də onun üzərində yerləşən daşınmaz əmlak üzərində qeydə alınmış hüququnun qüvvədə olması göstərir ki, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi (Əmlak Məsələləri Dövlət Xidməti) tərəfindən həyata keçirilmiş özəlləşdirmə zamanı yuxarıda qeyd olunan qanunvericilik normalarının hər hansı tələbi pozulmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Həmin Məcəllənin 66cı maddəsinin birinci hissəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. İddiaçı ərizəsində Bakı şəhər X12 İcraiyyə Komitəsinin 9/549 nömrəli, xx.xx.1988-ci il tarixli qərarı ilə 29 saylı bağ tikinti kooperativinin tərkibində 5145 saylı bağ sahəsinin mərhum əri X3 ayrıldığını, lakin Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin mübahisələndirilən 1731 nömrəli, xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsi əsasında qeyd olunan bağ sahəsinin "xxxx" MMC-nin mülkiyyətinə verildiyini qeyd edir. Halbuki iddiaçının əsaslandığı Bakı şəhər X12 İcraiyyə Komitəsinin 9/549 nömrəli, xx.xx.1988-ci il tarixli qərarında ayrılması nəzərdə tutulmuş bağ sahəsinin nömrəsi qeyd olunmamış, bundan əlavə iddiaçı tərəfindən mərhum əri Qeybulla Mustafayevə 5145 saylı bağ sahəsinin ayrılmasına dair hər hansı hüquqmüəyyənedici sənəd (order və s.) iş materiallarına əlavə edilməmişdir. Bundan əlavə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş cavab məktublarından görünür ki, Sabunçu rayonu, Ləhic bağ massivi 5145 saylı bağ sahəsinin iddiaçının mərhum əri Qeybulla Mustafayevə ayrılması ilə bağlı hər hansı hüquqmüəyyənedici sənəd idarənin arxivində aşkar olunmamışdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 65-ci maddəsinin ikinci hissəsinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin Məcəllənin 65-ci maddəsinin beşinci hissəsinə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. İddiaçı iddia tələbinin əsası kimi Bakı şəhər X12 İcraiyyə Komitəsinin 9/549 nömrəli, xx.xx.1988-ci il tarixli qərarına əsaslansa da, ona ayrılmış torpaq sahəsinin yerləşmə yeri ilə bağlı müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmış hər hansı sənədi (ayrıc aktı və s.) məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi iddiaçı tərəfindən təqdim edilmiş Bakı şəhər X12 İcraiyyə Komitəsinin 9/549 nömrəli, xx.xx.1988-ci il tarixli qərarının iddianın predmeti olan torpaq sahəsinə hər hansı bağlılığının olması, qeyd olunan sənədlər əsasında iddiaçının torpaq sahəsi üzərində hər hansı hüquqlarının yaranmasının mümkün olması mövcud iş materialları ilə sübut olunmadığından, iddiaçını hazırkı iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, on altı il ərzində mübahisə predmeti olan əmlak "xxxx" MMC-nin mülkiyyətində olmuş və iddiaçı bundan xəbərdar olmuşdur. İddiaçının mübahisəli torpaq sahəsinin "xxxx" MMC tərəfindən özəlləşdirməsində məlumatlı olması iş materiallarında olan, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə sübut olunur. İddiaçı hazırkı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İnzibati Prosessual Məcəllənin qüvvəyə minməsinə qədər qüvvədə olmuş Mülki Prosessual Məcəllənin 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Göründüyü kimi iddiaçı inzibati aktın mübahisələndirilməsi üçün qanunda nəzərdə tutulmuş 30 günlük müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Yuxarıda şərh edilənlərdən göründüyü kimi iddia tələbi əsassız olduğundan təmin edilə bilməz.

5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair yazılı münasibət ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı Bakı şəhər X9 İcraiyyə Komitəsinin 9/549 nömrəli, xx.xx.1988-ci il tarixli qərarına əsasən X1 Ləhiş bağ massivində 29 saylı bağ-tikinti kooperativinin tərkibində ayrılmış 5145 saylı bağ sahəsinin "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində **********98 reyestr nömrəsi ilə aparılmış qeydiyyat yazısının ləğv edilməsi vəzifəsinin cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə dair iddiası etirazla qarşılanır. Aparılan araşdırma zamanı müəyyən olmuşdur ki, iddia tələbi ilə bağlı iddiaçının İdarəyə rəsmi qaydada müraciəti daxil olmamışdır. “Daşımaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyat alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsinin şimal hissəsi ünvanında yerləşən 101995 kv.m torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə "xxxx" MMC arasında bağlanan 1731 nömrəli, xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsi əsasında ilkin olaraq "xxxx" MMC-nin adına qeydiyyatdan keçmişdir. Daha sonra "xxxx" MMC tərəfindən bölünərək özgəninkiləşdirilmişdir. Hal-hazırda Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsinin şimal hissəsi ünvanında yerləşən 5.4879 ha torpaq sahəsi "xxxx" MMC-nin mülkiyyətindədir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

6. Bakı İnzibati Məhkəməsinin 06 sentyabr 2024-cü il tarixli, 2-1(112)-3454/2024 saylı qərarı ilə iddia tələbinin mümkün hesab edilməməsi qərara alınmışdır.

7. Qərardan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

8. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun olaraq əsaslandırılmış və qeyd edilmişdir ki, məhkəmə qərardadı onunla əsaslandırmışdır ki, iddiaçı bağ massivinə dair hər hansı bir hüquqmüəyyənedici sənəd təqdim etməmiş, məhkəmə araşdırmasının nəticəsində belə bir arxiv sənədinin mövcudluğu da müəyyən edilməmişdir. Hesab edir ki, məhkəmə İPM-in 35.1-ci maddəsini mübahisəyə düzgün tətbiq etməmişdir. Belə ki, Bakı şəhər X9 İcraiyyə Komitəsinin 9/549 nömrəli, xx.xx.1988-ci il tarixli qərarına əsasən Ləhiş bağ massivində 29 saylı bağ-tikinti kooperativinin 5145 saylı torpaq sahəsinin iddiaçının mərhum əri – X4 ayrılması barədə xx.xx.2023-cü il tarixli məktubu və həmin məktuba əlavə edilmiş qərar təqdim edilmişdir. Həmçinin məhkəmənin sorğusuna cavab olaraq AR Milli Arxiv İdarəsinin xx.xx.2024-cü il tarixli məktubla 9/549 nömrəli, xx.xx.1988-ci il tarixli qərarın birinci və sonuncu səhifələrini və Ləhiş 29 saylı BTK-nın üzvlərinin siyahısının təsdiq olunmuş surətini məhkəməyə təqdim etmiş, lakin məhkəmə bu sənədləri hüququmüəyyənedici sənəd hesab etməmiş, bunun səbəblərini qərarında göstərməmişdir.

MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:

9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

10. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iddiaçı və 3-cü şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə onlar məhkəmə kollegiyasının iclasında iştiraklarını təmin etməmişlər.

11. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR

12. AZ-İ seriyalı 159332 saylı xx.xx.2005-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2005-ci il tarixdə Bakı şəhərində ölmüşdür.

13. İ-ИЕ seriyalı 258081 saylı xx.xx.1959-cu il tarixli nikah haqqında şəhadətnamədən görünür ki, X5 və X8 nikaha daxil olmuşlar.

14. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 3-21-3-30/2-M0089/02-8/2023 **********61 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, təqdim edilən sənədlərdə uyğunsuzluq mövcuddur. Belə ki, ərizə və ərizəyə surəti əlavə edilmiş 10.11,1988-ci il tarixli 8953 nömrəli arayışda 5145 saylı bağ sahəsinin X1 ayrıldığı qeyd edilsə də, notariat ofisinin məktubunda, ölüm və evlənmək haqqında şəhadətnamələrin surətində mərhumun ata adı “Qədim” kimi yazılmışdır. Mövcud elektron məlumat bazasında Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 9/549 nömrəli qərarı ilə Ləhiş bağ massivində 29 nömrəli bağ tikinti kooperativi nəzdində X1 bağ sahəsi ayrılmasına dair məlumat mövcuddur, lakin ayrılması nəzərdə tutulmuş bağ sahəsinin nömrəsi göstərilməmişdir. Həmçinin Ləhiş bağ massivi, 5145 saylı bağ sahəsinin ayrılmasına dair mərhum X11 (və ya Mirqardaş) oğlunun adına hüquqmüəyyənedici sənəd (order, eləcə də ərizəyə surəti əlavə edilmiş arayış və tikintiyə icazə verilməsi haqqında sənəd) İdarənin arxivində aşkar olunmamışdır.

15. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 3-21-3-30/2-M0089/02-8/2023 **********44 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməmişdir. Bundan əlavə, texniki baxış keçirilən zaman şərti göstərilən torpaq sahəsinin digər şəxsin adına qeydiyyata alınmışdır. Qeyd edilənlərlə yanaşı, təqdim edilən sənədlərdə hüquq sahibi kimi X2 göstərildiyindən həmin şəxsin özü və ya etibarnamə üzrə nümayəndəsinin müraciət etməsi məqsədəuyğundur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

16. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-48-2F/2-00195/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə keçmiş Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1988-ci il tarixli, 9/549 saylı qərarının birinci və sonuncu səhifələrinin və ona əlavə edilmiş Ləhiş 29 saylı BTK-nin üzvlərinin siyahısının təsdiq edilmiş ksero surətləri 5 (beş) vərəqdən ibarət təqdim olunmuşdur.

17. İddiaçı tərəfindən təqdim edilmiş Bakı Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 9/549 saylı xx.xx.1988-ci il tarixli qərarından arxiv çıxarışından görünür ki, Ləhiş bağ massivi 29 saylı BTK-nın torpaq sahəsi ayrılması nəzərdə tutulmuş üzvlərinin siyahısında 11-ci sırada X2 qeyd edilmişdir.

18. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3142/2023 saylı xx.xx.2023cü il tarixli qətnaməsinə əsasən ərizə təmin edilmiş, Ləhic bağ massivində 29 saylı bağtikinti kooperativinin tərkibində bağ sahəsinin ayrılmasına dair Bakı şəhər X9 İcraiyyə komitəsinin 9/549 nömrəli, xx.xx.1988-ci il tarixli qərarının xx.xx.2005-ci ildə vəfat etmiş mərhum X3 məxsus olması faktı müəyyən edilmişdir.

19. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2- 36088/2023 **********88 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, hazırda istinad edilən mövcud bazaya (baza məhduddur) əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 5145 saylı bağ sahəsinə dair sənəd idarənin arxivində aşkar edilməmişdir. Eyni məzmunlu sorğu **********01 nömrəli, xx.xx.2023-cü il tarixli məktubla cavablandırılmışdır.

20. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 3-21-3-30/2-11246/2023 **********46 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, 29 saylı bağ tikinti kooperativi nəzdində Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 5145 saylı bağ sahəsinin dövlət reyestrində qeydiyyata alınması barədə məlumat aşkar edilməmişdir. Elektron kadastr məlumatlarına əsasən Ləhiş bağ massivində yerləşən 5145 saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı vətəndaş tərəfindən tək koordinatla göstərilən ərazi **********98 reyestr nömrəsi ilə "xxxx" MMC-nin adına qeydiyyata alınmışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 06 sentyabr 2024-cü il tarixli, 2-1(112)- 3454/2024 saylı qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir.

20. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarından: 1.1 Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2 İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3 Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4 Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 5.3. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.4. Bunun əksinə olaraq mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir.

22. Birinci instansiya məhkəməsi qərardadını belə əsaslandırmışdır ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 5145 saylı bağ sahəsinə dair hər hansı bir hüquqmüəyyənedici sənəd təqdim etməmiş, məhkəmə araşdırması nəticəsində belə bir sənədin arxiv nüsxəsinin mövcudluğu da müyyən edilməmişdir. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən məhz 5145 saylı bağ sahəsinə hər hansı hüquqmüəyyənedici sənədi olmadan, başqa sözlə, məhz həmin bağ sahəsinin mərhum ərinə məxsus olması barədə dəlili olmadan, məhkəmədə üçüncü şəxsin əmlakının reyestr qeydiyyatına alınması üçün əsas olmuş sənədlərin etibarsızığının müəyyən edilməsi barədə iddia qaldırmışdır. Bununla yanaşı, iddiaçı tərəfindən mərhum X3 dair vərəsəlik işinin açılması, vərəsələr dairəsində iddiaçının olmasına dair sənəd də təqdim edilməmişdir. Məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım məktubu göndərilərək 5145 saylı bağ sahəsinə dair subyektiv hüququnu təsdiq edən sənədlərin məhkəməyə təqdim edilməsi üçün 30 gün müddət müəyyən edilmişdir. Hüquqi yardım barədə məktub xx.xx.2024-cü il tarixdə iddiaçıya çatdırılmış, lakin iddiaçı tərəfindən qeyd edilən sənədlər məhkəməyə təqdim edilməmişdir. Belə olan halda həm vəfat etmiş şəxs barəsində, həm də qeyd edilən nömrəli bağ sahəsinə dair iddia qaldırmaq üçün iddiaçının subyektiv hüququ (hüquqi marağı) müəyyən edilmir.

23. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-nin 12, 13 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi”, “Məhkəmənin yardım etmək vəzifəsi” ilə bağlı tələblər pozulmuşdur”.

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. - 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. - 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir.

25. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin mümkünlük şərtlərinə qiymət verilərkən işin hallarının hərtərəfli araşdırılması prinsipi pozulmuşdur.

26. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

27. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. 28.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. 29.Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 06 sentyabr 2024-cü il tarixli, 2-1(112)-3454/2024 saylı qərardadı ləğv edilsin. İşə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar