Məhkəmə qərarları › İş №2-1(103)-4248/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4248/2025

09.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4248/2025 09.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X2 ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12885/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, ev 15, mənzil 48-in xüsusi təyinatlı mənzil fondundan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilmasini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1979-cu il tarixində Azərbaycan Respublikası, Laçın rayonu, Pircahan kəndində anadan olmuşdur. 1996-cı ildən 2013-cü ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət etmişdir. Xidmət müddətində Müdafiə Nazirliyinin tərkibində olan N saylı hərbi hissələrdə mayor rütbəsində zabit kimi müxtəlif vəzifələrdə xidmət etmişdir. Hal-hazırda ehtiyyatda olan zabitdir, rütbəsi mayordur, Prezident təqaüdçüsü, 2-ci dərəcə müddətsiz Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlildir. 2004-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001) yubley medalı ilə, 2008-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illik yubley medalı ilə, 2011-ci ildə 3-cü dərəcəli qüsursuz xidmətlərə görə medalı ilə təltif olunmuşdur. Xidmətinin axırıncı 8 ilini düşmənlə təmas xəttində olan Qazax rayon Daşsalahlı, Kəmərli, Aslanbəyli, Qaymaqlı, Abbasbəyli, Fərəhli, Məzəm, Quşçuayrım, Cəfərli, Qızılhacılı kəndlərinin ərazilərində keçirmişdir. Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda aparılan 44 günlük X3, Tərtər və Murov dağ stiqamətlərində bir çox hərbi hissələrdə şəxsi heyyətə maddi və mənəvi dayaq olmaqla ehtiyatda olan zabit kimi əsgərlərin yanında olmuşdur. 1993-cü ilin iyun ayından hazırda yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 15 saylı evin 48 saylı mənzilində 31 ildir ailə üzvləri ilə birlikdə yaşayır və həmin mənzilə dair bütün kommunal xərcləri də bu günə kimi ödəyir. Artıq 31 ildən artıqdır ki, fasiləsiz olaraq cavabdeh maraqlı təşkilat tərəfindən bu günədək heç bir etiraz və maneə olmadan yaşadığı mənzilə sahiblik, istifadə və sərəncam hüquqların həyata keçirir. Yaşadığı mənzilə dair kirayə müqaviləsi bağlanması üçün məhkəməyə müraciət etdi. 2 saylı Bakı İnzibati-İqdisadi Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli 2-1(82)-4842/2018 nömrəli Qərarı ilə ilə iddia tələbi təmin edildi və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 15 saylı evin 48 saylı mənzilinə dair kirayə müqaviləsi verildi. Halhazırda müraciəti ondan ibrətdir ki, uzun müddətdir yuxarıda qeyd etdiyi mənzildə yaşamağını nəzərə alıb, Bakı Apellyasiya Məhkəməsinin 2l(103)-l394/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadına əsasən həmin mənzilin xüsusi təyinatlı mənzil fondundan çıxarılması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etmiş, lakin Müdafiə Nazirliyi müraciətinə imtina etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)- 1394/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadının 32-ci bəndinə əsasən “Lakin hazırkı iş üzrə iddiaçı tərəfindən mübahisəli mənzilin xüsusi təyinatlı mənzil fondundan çıxarılması üçün müvafiq icra hakimiyyəti orqanına hər hansı müraciəti olmadığından, iddia tələbinin dəyişdirilməsinə (dəqiqləşdirilməsinə), cavabdehin əsl cavabdeh ilə əvəz edilməsinə də zərurət yoxdur. Çünki iddianın mümkünlük şərtlərindən biri də iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir.” Cavabdehin etırazı onunla əsaslandırılmışdır ki, "Azərbaycan Respublikasının mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən yataqxanalarda, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin binalarında mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12885/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin həmin qərardadından iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia tələbi ilə oxşar məzmunda əsaslandırılmışdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymayarkən mövqeyini belə əsaslandırmışdır ki, “...Nəticə etibarilə məhkəmə qeyd edir ki, qanunvericilikdə iddiaçının mənzilin xüsusi təyinatlı mənzil fondundan sosial təyinatlı yaşayış fonduna daxil edilməsini tələb etmək hüququnu əsaslandıran hüquqi müddəa nəzərdə tutulmamışdır. Odur ki, (gələcəkdə) müvafiq qərar əsasında mənzil sosial təyinatlı yaşayış sahəsinə daxil edildiyi təqdirdə iddiaçı həmin mənzilə münasibətdə mənzil kirayə müqaviləsinin bağlanmasını mülki qaydada iddia qaldırmaqla tələb edə bilər. 18.Belə ki, məhkəmə iddiaçının yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclər kateqoriyasına aid olduğunu müəyyən etmir...” Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli, 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi Qaydası”nın: 1.8. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə, xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət mənzil fonduna münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşdırılmaqla, sərəncamında və istifadəsində (balansında) yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı, dövlət təşkilatı və müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanının qərarı, bələdiyyə mənzil fonduna münasibətdə isə müvafiq ərazi üzrə bələdiyyənin qərarı əsasında həyata keçirilir. 4.3. Xüsusi təyinatlı mənzil fonduna aid edilmiş yaşayış sahəsinə zərurət aradan qalxdıqda, bu Qayda ilə müəyyən edilmiş müraciət və razılaşdırma əsasında müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanının vəsatəti ilə həmin sahə sosial təyinatlı yaşayış fonduna aid edilə bilər. Yuxarıda qeyd olunan Qaydalara əsasən məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin “qanunvericilikdə iddiaçının mənzilin xüsusi təyinatlı mənzil fondundan sosial təyinatlı yaşayış fonduna daxil edilməsini tələb etmək hüququnu əsaslandıran hüquqi müddəa nəzərdə tutulmamışdır.”mövqeyindən çıxış edərək iddianın mümkün sayılmamasını qanuni və əsaslı hesab etmir. Məhkəmə Kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi araşdırma nəticəsində mübahisəli mənzilin xüsusi təyinatlı mənzil fonduna aid edilmiş yaşayış sahəsi kimi zərurət aradan qalxmadığı nəticəsinə gəlməsi işə mahiyyəti üzrə baxıb qərar qəbul edilməsini istisna etmir. Məhkəmə Kollegiyası işin faktiki hallarından və yuxarıda istinad edilən hüquq normalarından çıxış edərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-nin 12 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi” ilə bağlı tələblər pozulmuşdur. Beləliklə, məhkəmə Kollegiyası nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qərardadın ləğvi üçün əsas təşkil edir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12885/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar