Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-425/2021 06.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Məmmədov Vidadi Məmməd oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı MMC-nin (VÖEN- **********; Hüquqi ünvanı - Az1119, Bakı şəhəri Nizami rayonu, Qara Qarayev pr., ev 115c; qanuni təmsilçisi –X2; dövlət qeydiyyatına alındığı tarix – xx.xx.2019-cu il) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinə qarşı “əvəzsiz istifadəyə verilmiş qeyri-yaşayış sahəsinin təsərrüfat subyekti (obyekti) kimi uçota alınması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)- 5206/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı MMC xx.xx.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospekti 115C ünvanında yerləşən, sahəsi 129.1 kv.m olan qeyri-yaşayış sahəsinin əvəzsiz istifadə müqaviləsi əsasında İddiaçı MMC-nin təsərrüfat subyekti (obyekti) kimi vergi uçotuna alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X2 İddiaçı MMC-nin həm təsisçisi, həm də direktorudur. Müəssisənin əsas fəaliyyəti turizm sahəsində xidmətlər göstərilməsidir. Valideynləri sahibkarlıq fəaliyyətində ona dəstək məqsədi ilə anası X1 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 115C ünvanında yerləşən sahəsi 129,1 kv.m olan qeyri-yaşayış sahəsini onun əvəzsiz istifadəsinə vermiş və onların arasında əvəzsiz istifadə haqqında müqavilə bağlanmışdır. Sözügedən qeyri-yaşayış sahəsinin İddiaçı MMC-nin təsərrüfat subyekti kimi vergi uçotuna alınması ilə bağlı AR Vergilər Nazirliyinə (Dövlət Vergi Xidmətinə) və onun tabeliyindəki qurumlara müraciət olunmuşdur. Lakin qeyd olunan müraciət həmin orqanlar tərəfindən müxtəlif bəhanələrlə geri qaytarılmışdır. Belə ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsi tərəfindən xx xxxxxx 2020-ci il və x xxxx 2020-ci il tarixli məktublarla icarə müqaviləsində icarə haqqının qeyd olunmaması səbəbindən obyektin təsərrüfat subyekti kimi uçota alınmasından imtina olunmuşdur. Vergilər Nazirliyi (Dövlət Vergi Xidməti) Sənədlərlə iş və müraciətlərə baxılması (Katiblik) baş idarəsinin x xxxxx 2020-ci il tarixli məktubunda isə qurum imtinaya əsas kimi obyektin istifadəsinə görə icarə müqaviləsinin bağlanmaması və icarə haqqının müəyyən olunmamasını göstərmişdir. Bundan əlavə, Nazirliyin Apellyasiya Şurasına x xxxxx 2020-ci il tarixdə müraciət olunmuş, lakin müraciətə Apellyasiya Şurası tərəfindən deyil, yenə də Sənədlərlə iş və müraciətlərə baxılması (Katiblik) baş idarəsi tərəfindən xx xxxxx 2020-ci il tarixli məktubla cavab verilmişdir. Cavab məktubunda icarə müqaviləsinin bağlanması tövsiyə edilmişdir. Hesab olunur ki, cavabdeh inzibati orqanın əvəzsiz istifadə haqqında müqaviləni təsərrüfat subyektinin (obyektin) uçota alınması üçün əsas hesab etməmiş, bu məqsədlə icarə müqaviləsi tələb olunması əsassız və qanunsuzdur. Belə ki, əvəzsiz istifadə haqqında müqavilə icarə müqaviləsi kimi mülki qanunvericilikdə təsbit olunmuş müqavilə növlərindən biridir və əmlak üzərində qanuni istifadə hüquqları verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 732-ci maddəsinə əsasən əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. Bundan əlavə, qanunvericiliklə təsərrüfat subyektinin (obyektin) uçota alınması üçün vergi ödəyicisi tərəfindən icarə müqaviləsi təqdim edilməli olmasına dair imperativ norma mövcud deyildir. Vergi orqanlarında vergi ödəyicilərinin uçotu Vergi Məcəlləsinin 33 və 34-cü maddələrinə uyğun olaraq aparılır. Vergi orqanlarında uçota alınmalı olan şəxslər, uçotun aparılması yeri və müddətləri, habelə uçota alınmaq üçün verilən ərizəyə əlavə edilən sənədlər Vergi Məcəlləsinin həmin maddələri ilə müəyyənləşdirilir. Həmin normalarda isə, təsərrüfat subyektinin (obyektin) uçota alınması üçün vergi ödəyicisi tərəfindən mütləq şəkildə icarə müqaviləsi təqdim edilməli olmasına dair müddəa yoxdur. Belə olan halda, cavabdeh orqanın obyektə dair icarə müqaviləsinin bağlanmasını tələb etməsinin qanuni əsası yoxdur. Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Göstərilənlərə və İPM-in 34.1-ci maddəsinə əsaslanaraq, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 115C ünvanında yerləşən sahəsi 129.1 kv.m olan qeyri-yaşayış sahəsinin əvəzsiz istifadə müqaviləsi əsasında “xxxx” MMC-nin təsərrüfat subyekti (obyekti) kimi vergi uçotuna alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. xx.xx.2020-ci il tarixdə cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-5206/2020 nömrəli qərarı ilə (hakim R.Kərimli) iddia təmin edilmiş, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 115C ünvanındakı 129,1 kv.m ölçüdə qeyri-yaşayış sahəsinin əvəzsiz istifadə müqaviləsi əsasında İddiaçı MMC-nin təsərrüfat subyekti (obyekti) kimi vergi uçotuna alınması öhdəliyi cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh xx.xx.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı mülkiyyət sənədi əsasında öz anasına məxsus olan əmlakın özünün rəhbər olduğu hüquqi şəxsə əvəzsiz istifadə müqaviləsi əsasında verilməsini əsas gətirərək öz iddiasını əsaslı hesab etmişdir. Hansı ki, birinci instansiya məhkəməsi öz qərarında bu məsələyə düzgün hüquqi qiymət verərək qeyd edir ki, “hüquqi şəxslə istənilən şəxsin hər hansı müqavilədən irəli gələn mülki münasibətlərinə həmin xüsusatlar təsirsizdir”. Başqa sözlə, ana-oğul münasibətləri iddianın uğurlu sayılmasına heç bir halda təsir göstərməmişdir, iddianın təmin edilməsinə əsas səbəb tərəflərin iradə azadlığının sərbəst ifadəsi fonunda bağlanılan, Mülki Məcəllənin 732-ci maddəsində öz əksini tapmış ikitərəfli əqddir. Vergi orqanı qanunun aliliyinə hörmətlə yanaşır və mülki hüquq münasibətlərində tərəflərin istər iradə, istərsə də əmlak müstəqilliyini tanıyır. Lakin hesab edirlər ki, birinci instansiya məhkəməsi məsələyə mülki hüquqi iradə sərbəstliyi prinsipi ilə yanaşı vergitutmanın əsasları baxımından yanaşaraq daha ədalətli qərarın qəbul edilməsinə nail olmalı idi. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5206/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qərarında qeyd edilir ki, iddiaçının qanunla qadağan olunmamış müqavilə ilə uçota alınma tələb etməsi gələcəkdə vergilərin hesablanması və tutulması üzrə inzibati münasibətlərdə birmənalı şəkildə həlledici rol oynaya bilməz. Hesab edirlər ki, məhkəmə bu qənaətə gələrkən Vergi Məcəlləsinin 124-cü maddəsində öz əksini tapmış ödəmə mənbəyində icarə haqqından vergi tutulması ilə bağlı müddəalarını nəzərdən qaçırmışdır. Belə ki, Vergi Məcəlləsinin 124.1-ci maddəsinə görə, daşınan və daşınmaz əmlak üçün icarə haqqından, həmçinin rezidentin və ya qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin ödədiyi və ya onun adından ödənilən royaltidə gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında daşınmaz əmlakın (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləği bu Məcəllənin 14-cü maddəsinə uyğun olaraq, bazar qiyməti nəzərə alınmaqla müəyyən edilir. Göründüyü kimi, vergi orqanı tərəfindən icarə müqaviləsinin bağlanmasını şərtləndirən məsələ birbaşa vergidən yayınma ilə əlaqədardır. Vergi ödəyicisi həmin əmlak barəsində icarə müqaviləsi bağlamaqdan imtina etməklə özünü sözügedən vergi yükündən azad etmiş olur. Bu məsələ ilə bağlı Vergi Məcəlləsinə yeni anlayış daxil edilmişdir və hazırda qüvvədə olan Vergi Məcəlləsinin 13-cü maddəsində öz əksini tapmışdır.Belə ki, Vergi Məcəlləsinin 13.2.70-ci bəndinə əsasən, vergidən yayınma sxemi dedikdə vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat nəzərdə tutulur. Yuxarıda qeyd edilən maddə birbaşa vergi ödəyicisinin təsərrüfat subyektini (obyektin) əvəzsiz istifadə müqaviləsi əsasında vergi uçotuna alınması ilə bağlı məsələləri tənzimləmək üçün nəzərdə tutulmuşdur. Hansı ki, vergi orqanı tərəfindən vergi ödəyicisinə sözügedən tələbinin icra edilməsi gələcəkdə vergitutma baxımında mənfi praktika formalaşdırılmasına xidmət edəcəkdir. Bu gün yaxın qohumlar arasındakı əvəzsiz istifadə müqaviləsinin mülki hüquq baxımından qanunauyğun hesab edilərək vergi orqanın onun təsərrüfat subyektinin (obyektin) vergi uçotuna alınması vəzifəsinin öhdəlik kimi müəyyən edilməsi qısa müddət ərzində bu cür qərardan xəbərdar olan vergi ödəyiciləri tərəfindən sui-istifadəyə gətirib çıxaracaqdır. Məsələnin mülki hüququn müqavilə azadlığı prinsipindən hüquqi sayılmasını rəhbər tutan vergi ödəyiciləri heç bir qohumluq əlaqəsi olmadığı halda vergi orqanından analoji yanaşma tələb edəcək, bununla da vergi orqanının nəzarət funksiyasını çox ciddi şəkildə zəiflədəcəkdir. Bu isə yolverilməzdir və dövlət vergi siyasətinin həyata keçirilməsi istiqamətində vergi orqanlarının əsas vəzifəsinin icrası olan vergilərin vaxtında və tam həcmdə yığılmasına maneə yaradacaqdır. Tərəflər məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2- 1(112)-5206/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.4-cü maddəsinə görə vergi ödəyicisi – bu Məcəlləyə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxsdir. Həmin Məcəllənin 13.2.73-cü maddəsinə əsasən iqtisadi maraqlar mərkəzi – vergi ödəyicisinin əsas nəzarət orqanlarının yerləşdiyi yerdən asılı olmayaraq, digər təsərrüfat subyektləri (obyektləri), o cümlədən istehsal sahələri ilə müqayisədə vergi ödəyicisinin fəaliyyəti üzrə gəlirlərinin formalaşmasında daha çox iştirak edən təsərrüfat subyektinin (obyektinin), o cümlədən istehsal sahəsinin yerləşdiyi yerdir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 34.3-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla, vergi ödəyicisinin filialı, nümayəndəliyi və ya digər təsərrüfat subyekti (obyekti) olduqda, vergi ödəyicisi həm özünün olduğu yer üzrə, həm də filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə vergi uçotuna alınır. Vergi ödəyicisinin onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir və bu barədə vergi ödəyicisinə müvafiq arayış verilir. Həmin Məcəllənin 62-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir Azərbaycan Respublikası Vergilər Nazirliyinin x xxxx 2013-cü il tarixli **********206300 nömrəli Əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar”nın 1.2.3-cü bəndinə görə vergi ödəyicisinin təsərrüfat subyekti – vergi ödəyicisinin ayrıca VÖEN verilmədən arayışla uçota alınan filialı, nümayəndəliyi və ya digər təsərrüfat subyektidir (obyektidir). Qaydaların 2.16-cı bəndinə görə ƏDV qeydiyyatı barədə bildiriş, “ƏDV-nin qaytarılması şərti ilə satış həyata keçirmək istəyən vergi ödəyicisinin satıcı kimi qeydiyyata alınması haqqında arayış”, təsərrüfat subyektinin qeydiyyatı barədə arayış və NKA-nın qeydiyyat vərəqəsi proqram təminatı tərəfindən avtomatik olaraq vergi ödəyicilərinin elektron qutularına göndərilir. Vergi ödəyicilərinin müraciəti olduqda həmin sənədlər bu Qaydalarda göstərilən qaydada vergi orqanında hazırlanaraq “Vergi ödəyicilərinin uçotuna dair sənədlərin vergi ödəyicisinə təqdim edilməsi kitabı”nda imza etdirilməklə vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə verilir” Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 115C ünvanındakı qeyri-yaşayış sahəsinin həmin əmlakı qanuni əsaslarla əvəzsiz istifadəyə götürmüş vergi ödəyicisi hazırkı İddiaçı MMC-nin təsərrüfat subyekti (obyekti) kimi vergi uçotuna alınmasından cavabdeh inzibati orqan Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin imtinası qanuna zidddir və bu imtina vergi ödəyisi kimi iddiaçının hüquqlarının pozulmasına sabəb olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi və müqavilələr azadlığı mülki qanunvericiliyin prinsipləri kimi təsbit olunmuşdur. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Həmin Məcəllənin 158.1-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: girov hüququ, əmlakdan istifadə hüququ, servitutlar. Həmin Məcəllənin 324-cü maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Göründüyü kimi, mülki hüquq subyektləri üçün müqavilə azadlığına prinsip kimi yanaşan mövcud qanunvericilik “əvəzsiz istifadə” müqaviləsinin bağlanmasını nəzərdə tutur və belə müqavilənin tərəfi qismində çıxış edən istifadəçinin hüququnu “əmlak hüququ” sayır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-5206/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-5206/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-425/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-425/2021
06.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver