Məhkəmə qərarları › İş №2-1(103)-425/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-425/2023

02.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-425/2023 02.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “qeyri-yaşayış sahəsi kimi istifadə olunan qurğunun yerinin dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5037/2022 saylı, 30 iyun 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “Məntəqə”nin mənzilin yeganə eyvanına bitişik olması qanunvericiliyin və qanuni maraqlarının pozduğunu, fövqəladə vəziyyətə şəraitin yaratdığını, “məntəqə”nin yerləşdirilməsinə yalnız müstəsna hal olaraq icazə verildiyini, həmçinin "məntəqə” sahibinin X1 rəhmətə getmiş olduğunu nəzərə alaraq Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti üzərinə 10 gün ərzində sözügedən məntəqənin mənzilin yeganə eyvanından ən azı 15 metr ara məsafəsi olmaqla yerləşdirilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında 10 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən iddiaçının mülkiyyətində olan 103 nömrəli mənzilin qarşısında, evinin yeganə eyvanına tam bitişik halda yerləşdirilmiş metal konstruksiyadan ibarət qeyri-yaşayış sahəsi kimi istifadə olunan qurğunun Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.1 və 69.5 maddələrinin eyni zamanda yanğından təhlükəsizlik normalarının tələblərini nəzərə alaraq ara məsafəsi olmaqla yerinin dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 13 sentyabr 2021-ci il tarixində Bakı şəhəri Xətai rayonu, ünvan 1 ünvanında, 10 mərtəbəli binanın birinci mərtəbəsində yerləşən 103 nömrəli 1 otaqlı mənzili satın almışdır (reyestr nömrəsi: **********87-05101- 093095, qeydiyyat nömrəsi: **********). Bu mənzilin yeganə eyvanına tam bitişik tərzdə ümumi sahəsi 10-15 m2 olan metal konstruksiyadan ibarət butka (məntəqə) yerləşdirilmişdir. Hazırda həmin məntəqədə bərbərxana kimi fəaliyyət göstərir. Bakı şəhəri Xətai rayon icra Hakimiyyətinin xx.xx.1998-ci ıl tarixli 379 nömrəli sərəncamının surəti əsasında ona məlum olmuşdur ki, həmin məntəqənin keçmişdə mənzilinin sahibi, lakin hazırda mərhum olan X3 əhaliyə ictimai iaşə göstərmək məqsədilə yaşadığı binanın yaxınlığında yalnız müstəsna hal olaraq və yalnız cizgidə göstərilən sahədə yerləşdirılməsinə icazə verilmişdir. Sözügedən Sərəncamın cizgisində göstərilən yerdən asılı olmayaraq məntəqənin mənzilinin eyvanına tam bitişik tərzdə yerləşdirilmiş olması, mövcud qanunvericiliyi pozur. Məntəqənin hazırkı yeri, mənzilinin bazar dəyərini aşağı salır, mənzilinin pəncərəsindən baxış imkanını təhrif edir, mənzilə günəş işığının sərbəst keçməsinə mane olur. xx.xx.2021-ci il tarixli 37/H00166 nömrəli məktub ilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin verdiyi cavabda bildirilir ki, mənzildə baş verə biləcək yanğın və ya hər hansı bir fövqəladə hal zamanı mənzil sakinlərinin eyvandan təxliyəsi mümkün olmayacaqdır. xx.xx.2021-ci il tarixli H-244/4-149/3 nömrəli məktub ilə Azərbaycan Respublikasının Bakı şəhəri Cavabdeh verdiyi cavabda bildirilir ki, sözügedən məntəqənin yer dəyişilməsi yalnız qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında mümkün olacaqdır. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etirazda bildirilmişdir ki, ərizədə qeyd edilən bərbərxananın yerinin dəyişdirilməsi rayon İcra Hakimiyyətinin səlahiyyəti xaricində olduğundan və iddia tələbinin əsassız olduğunu nəzərə alaraq təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5037/2022 saylı, 30 iyun 2022-ci il tarixli qərarı ilə (hakim F.Mədətli) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında 10 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 103 nömrəli mənzilin qarşısında mövcud qanunverciliyin tələbləri gözlənilmədən, yəni binanın xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərə alınmadan, həmçinin yanğın və digər təhlükəsizlik qaydaları gözlənilmədən məntəqə quraşdırılması iş materialları ilə öz təsdiqini tapmışdır Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 59-cu maddəsinə və “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 25-ci maddəsinə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2000-ci il tarixli Qanuna əsasən 1 yanvar 2011-ci il tarixdən vətəndaşlara fərdi yaşayış və bağ evləri, fərdi və kooperativ qaraj tikintisi üçün torpaq sahəsinin ayrılması, addan-ada dəyişdirilməsi və ya hansısa bir sənədin təsdiq edilməsi yerli icra hakimiyyəti orqanlarının səlahiyyətləri xaricindədir. Hazırda, Bakı şəhərində qeyri-yaşayış sahələrinin layihələrinin təsdiqi müfəssəl planın tələblərinə uyğun olması barədə rəy verilməsi, yalnız Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin səlahiyyətlərinə aid edilmiş və eyni zamanda memarlıqplanlaşdırma tapşırıqları verən orqan olan Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinə həvalə edilmişdir. İddiaçının mübahisələndirdiyi məntəqənin yerli icra hakimiyyətinin 1998-ci ildə Sərəncam əsasında torpaq sahəsinə dair ayrılan hüquqi sənədlərin təyinatı dəyişmiş və yalnız Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə həvalə edilmişdir. Rayon İcra Hakimiyyəti isə bu kimi məsələlərin həllində səlahiyyətli orqan hesab olunmur. Hətta məhkəmənin qərarı olsa belə, həmin qərar mövcud qanunvericiliyin tələbləri ilə tənzimlənməlidir. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq izahatında Sədrlik edənin sualına cavab olaraq bildirdi ki, sözügedən məntəqə mənzilin əvvəlki mülkiyyətçisinin qohumu tərəfindən bərbərxana kimi istifadə olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia rədd edilməlidir. İnzibati işin araşdırılmış hallarından aydın olur ki, Bakı şəhəri Xətai rayon icra Hakimiyyətinin xx.xx.1998-ci ıl tarixli 379 nömrəli sərəncamının surətinə əsasən müstəsna hal kimi Babək prospekti 72, mənzil 103-də yaşayan vətəndaş R.İ.Heydərova əhaliyə ictimai iaşə xidməti göstərmək məqsədilə məntəqə açılmasına icazə verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il qeydiyyat tarixli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, ünvan 1, mənzil 103 İddiaçı xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası “X4”nin 17 nömrəli xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69cu maddəsinin 5.1 bəndində göstərilənləri nəzərə alaraq, mübahisələndirilən Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında, 10 mərtəbəli binanın birinci mərtəbəsində yerləşən 103 nömrəli 1 otaqlı mənzilin yeganə eyvanının qarşısındakı mövcud mübahisəli tikili 9 mərtəbəli binanın ümumi hündürlüyünün təqribən 27m olduğunu nəzərə alaraq, 16,2m (27x0.6) məsafədə yerləşməlidir. Bununla yanaşı Şəhərsalma Məcəlləsinin 79.1.5 maddəsində nəzərədə tutulmuş tikintisinə icazə tələb olunmayan memarlıq formalarının (köşklər, örtüklər və buna bənzər digər obyektlərin) yerləşdirilməsi mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahələrində nəzərədə tutulur. Tədqiq olunan mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olan torpaqlar kateqoriyasına aiddir. Mübahisəli tikiliyə dair təqdim edilmiş Bakı Şəhəri Xətai Rayon İcra Başçısının xx.xx.1992ci il tarixli sərəncamına tikilinin yerləşməsinə dair cizgi planı əlavə edilmədiyindən sözügedən tikilinin 103 saylı binanın hansı hissəsində hansı məsafədə yerləşdiyini müəyyən etmək olmadı. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina edilmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassızdır. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır. - 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. - 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır; - 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur; Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 59-cu maddəsinə əsasən yaşayış məntəqələrində bələdiyyələrin ehtiyat fondu torpaqlarından sahələr aşağıdakı məqsədlər üçün verilir: kooperativ çoxmərtəbəli çoxmənzilli yaşayış evlərinin tikintisi üçün mənzil-tikinti kooperativlərinin mülkiyyətinə; fərdi yaşayış və bağ evlərinin tikintisi üçün əvəzi ödənilməklə vətəndaşların xüsusi mülkiyyətinə; çoxmərtəbəli çoxmənzilli yaşayış evlərinin tikintisi üçün mənzil tikintisi ilə məşğul olan hüquqi şəxslərin mülkiyyətinə; fərdi və kooperativ qarajların tikintisi üçün əvəzi ödənilməklə fiziki şəxslərin və onların kooperativlərinin mülkiyyətinə və ya icarəsinə; sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası üçün bu Məcəllənin 48-ci maddəsinin 3-cü bəndində göstərilən hüquqi və fiziki şəxslərin icarəsinə, habelə dəyəri ödənilməklə Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə.

2. Ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol kənarı, sahil, park, meşə-park, xiyaban, bulvar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər yerlərdə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə ticarət, məişət, ictimai-iaşə obyektlərinin və digər zəruri tikililərin müvəqqəti inşası üçün sahələr bələdiyyə torpaqları haqqında qanunvericiliyə uyğun olaraq, hüquqi və fiziki şəxslərin icarəsinə verilir.

3. Kooperativ, habelə digər çoxmənzilli yaşayış evlərinin və qarajların tikintisi məqsədilə ayrılan torpaq sahəsinin ölçüsü müvafiq yaşayış məntəqəsinin planlaşdırılması və tikinti layihələrinə, habelə tikinti normalarına uyğun olaraq, ayrı-ayrı konkret hallarda bələdiyyə tərəfindən müəyyən edilir.

4. Fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün ayrılan torpaq sahəsinin ölçüsü yerli şəraitdən və torpaq ehtiyatı imkanlarından asılı olaraq, bələdiyyə tərəfindən müəyyən edilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə (keçid müddəalar) Azərbaycan Respublikasının 2000-ci il 29 dekabr tarixli Qanununu ilə edilmiş dəyişikliyə əsasən 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Bu Qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001-ci il yanvarın 1-dən etibarən həyata keçirir.

Apellyasiya şikayətinin dəlillərinə münasibət:

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin araşdırılmış hallarından məlum olduğu kimi iddiaçı tələbini onunla əsaslandırır ki, cavabdeh inzibati orqan vaxtilə mübahisəli məntəqənin yerləşdirilməsinə icazə vermiş, hazırda isə həmin məntəqə iddiaçının mülkiyyətində olan mənzilin qarşısına bitişik olduğundan onun hüquqlarını pozur. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, məhkəmənin müvafiq sorğusu əsasında təqdim edilmiş Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2023-cü il tarixli 3-48-2F/2-00720/2023 nömrəli məktubuna əlavə edilmiş Xətai Rayon İcra Hakimiyyətinin 379 nömrəli xx.xx.1998-ci il tarixli Sərəncamının surətindən görünür ki, Sərəncam Rayon məktəbləri arasında “Şən və hazırcavablar klubu” komandasının rayon birinciliyinin keçirilməsi ilə bağlı olmuşdur və həmin Sərəncamda İddiaçı barəsində heç bir məlumat yoxdur. Göründüyü kimi, arxiv idarəsində saxlanılan sözügedən sərəncamın məzmunu fərqlidir. Həmin Sərəncam Rayon məktəbləri arasında “Şən və hazırcavablar klubu” komandasının rayon birinciliyinin keçirilməsi ilə bağlı olmuşdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hətta iddiaçı tərəfindən təqdim edilən sərəncamın mövcudluğu qəbul edilmiş olsa belə, sərəncamın məzmunundan aydın göründüyü kimi, məntəqənin yerləşdirilməsi yeri cizgidə göstərilmiş, sözügedən cizgi isə nə iddiaçı tərəfindən təqdim edilməmiş, nə də ki, məhkəmə araşdırılmaları zamanı aşkar edilməmişdir. Həmin Sərəncamın 1-ci bəndində qeyd edilmişdir ki, -Babək prospekti 72 mənzil 103-də yaşayan vətəndaş X3 yaşadığı binanın yaxınlığında cizgidə göstərilən sahədə məntəqə yerləşdirilməsinə icazə verilsin. Beləliklə, iş üzrə araşdırma zamanı cavabdeh inzibati orqan tərəfindən sözügedən sərəncamın verilməsi qəbul edilsə belə, mübahisəli məntəqənin məhz iddiaçının hazırda mülkiyyətində olan mənzilin eyvanına bitişik yerləşdirilməsinə dair cavabdeh inzibati orqanın hər hansı bir hərəkəti iş materialları ilə təsdiqini tapmır. Bununla belə, birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən yerli icra hakimiyyətlərinin başçıları öz fəaliyyətini vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsi, müvafiq ərazinin əhalisinin rifahını yaxşılaşdırmaq naminə iqtisadiyyatın, sosial və mədəni sahələrin inkişafının təmin edilməsi, qanunçuluq, aşkarlıq və ictimai rəyin nəzərə alınması prinsipləri əsasında qururlar. Lakin qeyd edilməlidir ki, hazırda cavabdeh inzibati orqanın üzərinə mübahisəli məntəqənin yerinin dəyişdirilməsi öhdəliyi qoyulsa belə həmin qərarın icrası mümkün olmayacaqdır. Yuxarıda sadalanan qanunvericilik normalarından aydın olduğu kimi, 2001-ci il 1 yanvar tarixdən vətəndaşlara fərdi yaşayış və bağ evləri, fərdi və kooperativ qaraj tikintisi üçün torpaq sahəsinin ayrılması, addan-ada keçirilməsi və ya hansısa sənədin təsdiq edilməsi yerli icra hakimiyyəti orqanlarının səlahiyyətləri xaricindədir. Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş idarəsi haqqında Əsasnamənin: - 1.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (bundan sonra – Komitə) yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi (bundan sonra – Baş İdarə) Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazə verən, tikintiyə icazə üçün müraciət edilməzdən əvvəl aparılacaq tikintinin icazə verilən parametrləri barədə müraciətlərə baxan, tikinti məqsədləri üçün torpaq sahəsi ayrılarkən həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə uyğunluğunu yoxlayan, səyyar və əsaslı tikinti olmayan obyektlərin, xırda pərakəndə ticarət obyektlərinin və komplekslərinin uyğunluğuna dair rəy verən, şəhərsalma kadastrının aparılmasını təmin edən, habelə bu Əsasnamədə nəzərdə tutulmuş digər sahələrdə (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən, statusu mərkəzi icra hakimiyyəti orqanlarının yanında olan dövlət agentliklərinin və dövlət xidmətlərinin statusuna bərabər sayılan icra hakimiyyəti orqanıdır. - 3.1-ci bəndinə əsasən, bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Baş İdarənin vəzifələri aşağıdakılardır: 3.1.1. dövlət proqramlarının həyata keçirilməsində iştirak etmək; 3.1.2. müvafiq sahə üzrə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla elmi-texniki nailiyyətlərin tətbiqində iştirak etmək; 3.1.3. məskunlaşma sisteminin təhlükəli təbii proseslərdən və hadisələrdən mühafizəsi üçün tədbirlər hazırlanmasında iştirak etmək; 3.1.4. tikilməkdə və istismarda olan bina və qurğularda qəza vəziyyəti yarandığı hallarda onun səbəblərinin araşdırılması və bərpa işləri üçün tədbirlərin hazırlanmasında iştirak etmək; 3.1.5. müəyyən edilmiş qaydada şəhərsalma kadastrını aparmaq; 3.1.6. şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin işinin təmin edilməsində iştirak etmək; 3.1.7. müəyyən edilmiş qaydada respublika səviyyəsində dövlət şəhərsalma nəzarətinin Komitə tərəfindən həyata keçirilməsində iştirak etmək; 3.1.8. müvafiq sahədə Komitənin strukturuna daxil olan digər qurumlara, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarına metodiki kömək göstərmək; 3.1.9. müvafiq sahənin inkişafını kompleks təhlil etmək və onun davamlı inkişafını təmin etmək üçün təkliflər hazırlamaq; 3.1.10. müvafiq sahəyə ayrılan büdcə vəsaiti, kreditlərdən, qrantlardan və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək; 3.1.11. dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək; 3.1.12. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək; 3.1.13. Baş İdarənin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində tədbirlər görmək; 3.1.14. Baş İdarənin fəaliyyəti ilə bağlı ərizə və şikayətlərə baxmaq və qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək; 3.1.15. səyyar və əsaslı tikinti olmayan obyektlərin, o cümlədən əsaslı tikinti olmayan xırda pərakəndə ticarət obyektləri və komplekslərinin yerləşdirilməsi və quraşdırılmasına rəy vermək; 3.1.16. tikinti obyektinin tikintisinə və istismarına icazə vermək, habelə bununla bağı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq hüquqi hərəkətləri yerinə yetirmək; 3.1.17. tikinti obyektlərinin sifarişçilərinin sorğuları əsasında tikintiyə icazə üçün müraciət etməzdən əvvəl tikinti aparmaq istədiyi ərazidə aparılacaq tikintinin icazə verilən parametrlərini (ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı, tikinti obyektlərinin hündürlüyü və s.) obyektin təyinatını göstərməklə təqdim etmək; 3.1.18. fəaliyyət istiqamətlərinə uyğun olaraq, qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. Göründüyü kimi, Bakı şəhərində qeyri-yaşayış sahələrinin layihələrinin təsdiqi müfəssəl planın tələblərinə uyğun olması barədə rəy verilməsi yalnız Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin səlahiyyətlərinə aid edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında 10 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən iddiaçının mülkiyyətində olan 103 nömrəli mənzilin qarşısında, evinin yeganə eyvanına tam bitişik halda yerləşdirilmiş metal konstruksiyadan ibarət qeyri-yaşayış sahəsi kimi istifadə olunan qurğunun yerinin dəyişdirilməsini səlahiyyəti olmayan cavabdehdən tələb etməkdə haqlı olmamışdır. Həmçinin, məhkəmə kollegiyası iddiaçıya hüquqi yardım göstərək izah edir ki, o, mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında 10 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 103 nömrəli mənzilin qarşısında olan qeyri-yaşayış sahəsinin sökülməsi və ya yerinin dəyişdirilməsi üçün sözügedən qeyri-yaşayış sahəsini istifadə edən şəxslərə qarşı mülki məhkəmə icraatı qaydasında ümumi məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri qərarın ləğvinə əsas verir, bu səbəbdən, şikayət təmin edilməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5037/2022 saylı, 30 iyun 2022-ci il tarixli qərarı ləğv edilərək, iddia tələbi təmin edilməməlidir.

Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5037/2022 saylı, 30 iyun 2022-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında 10 mərtəbəli binanın 1- ci mərtəbəsində yerləşən iddiaçının mülkiyyətində olan 103 nömrəli mənizilin qarşısında, evinin yeganə eyvanına tam bitişik halda yerləşdirilmiş metal konstruksiyadan ibarət qeyri-yaşayış sahəsi kimi istifadə olunan qurğunun Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.1 və 69.5 maddələrinin eyni zamanda yanğından təhlükəsizlik normalarının tələblərini nəzərə alaraq ara məsafəsi olmaqla yerinin dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası rədd edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar