Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-425/2025 16.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, X6 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı «bağ sahəsinə mülkiyyət hüququnun qeydə alınması, reyestrdən çıxarışın və plan-ölçüsünün tərtib olunub verilməsi tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2617/2024 saylı xx.xx.2024cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, Goradıl qəsəbəsi, 440 saylı bağ sahəsinin adına ilkin hüquqi qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xüsusi mülkiyyət hüququ ilə çıxarışın və plan ölçunun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir (İPM m. 34.1). İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “… Bakı şəhəri, XDS icraiyyə komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı Birliyinin xx.xx.1989-cu il tarixli, Ö-2 saylı məktubu ilə icarəçisi olduğu, Bakı şəhəri, Birıəqədi rayonu, Goradıl qəsəbəsi, 440 saylı bağ sahəsində öz hesabına yaşayış evinin tikintisini razılıq verilmiş və iddiaçı yaşayış üçün müvafiq tikinti işləri aparmaqla uzun illərdir (34 il) həmin təsərrüfatdan istifadə edir. Lakin həmin bağ sahəyə dair sənədləri naməlum səbəblərdən itdiyi üçün bu günə qədər adına sənədləşdirilməsində çətinliklərlə üzləşir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 04.08.20 23-cü il tarixli, 3-21-30-02/2-M-1511/02-8/2023 cavab məktubu ilə bildirilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Göradil qəsəbəsi, 440 nömrəli bağ sahəsinin sənədləşdirilməsinə köməklik göstərilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və Əmlak Məsələləri Dövlət Xidmətinə daxil olmuş müraciətlərinizə (daxilolma qeydiyyatı: 3- 21/1 -M-46xx-xx/2023, xx.xx.2023-cü il) aidiyyəti üzrə baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, sözügedən bağ sahəsinə dair “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin arxivində məlumat aşkar olunmamışdır. Bildirilir ki, müraciətdə qeyd ediiən məsələyə qanuna müvafiq qaydada baxılması üçün 1 saylı Bakı Ərazi İdarəsinə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış və dövlət rüsumunun ödənilməsi barədə sənəd təqdim edilməlidir…” Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: «…İddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2023-cü il tarixli ********** nömrəli və xx.xx.2023-cü il tarixli ********** nömrəli ərizələr ilə İdarəyə müraciət etmiş və xx.xx.2023cü il tarixli **********42 xaricolma nömrəli və xx.xx.2023-cü il tarixli **********28 xaricolma nömrəli məktubla cavab verilmişdir. İdarənin arxiv əsaslarına əsasən 440 saylı bağ ilkin olaraq 0.25 ha təşkil etmiş, daha sonra 0.12 ha hissəsi 440 A saylı bağ sahəsi kimi iddiaçının adına **********57-11301 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Qalan 0.12 ha bağ sahəsinə dair X1 adına 11074 saylı müqavilə bağlanmışdır…» Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2617/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, Goradil qəsəbəsində yerləşən sahəsi 0,12 ha olan 440 saylı bağ sahəsinin üzərində İddiaçı mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq adına çıxarışın və plan-ölçü sənədinin verilməsi vəzifəsi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, məhkəmə icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən 440 saylı bağ sahəsinə dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.7-ci maddəsinədə nəzərədə tutulan sənədlər təqdim edilməmişdir. Həmin bağ sahəsinə dair B.T.Qasparyanın adına icarə müqavidəsi bağlanmışdır. Məhkəmə tərəfindən torpaq sahəsi üzərində hüququnun iddiaçıya mənsub olub-olmaması ilə bağlı tam və ətraflı araşdırma aparılmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmiş, iddiaçı isə onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 8.0 və 8.0.7-ci maddələrinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. İş materiallarına əlavə edilmiş arxiv sənədlərinə əsasən işin faktıki hallar aşağıdakılardan ibarətdir:
1. Bakı şəhər icraiyyə komitəsinin bağlar təsərrüfatı İdarəsi itlə X7 arasında bağlanmış “Bağın icarəyə verilməsi haqqında” xx.xx.1980-ci il tarixli 11074 nömrəli Müqaviləyə əsasən –sonuncunun icarəsinə ərizəsi nəzərə alınmaqla, Bakı şəhər İK Bağlar təsərrüfatının məsələləri üzrə komissiyasının xx.xx.1965-ci il tarixli 2/18 №-li protokoluna əsasən Goradil qəsəbəsində 0.25 hektarlıq 440 saylı bağ sahəsini, üzərində 11,51 kv.metr olan 1 otaqdan ibarət bina icarəsnə verilmişdir.
2. B.T.Qasparyan Bağlar İdarəsinə ərizə ünvanlanaraq həmin bağdan uzun müddət bir yerdə istifadə etdikləri bildirilərək, Goradil sahəsində olan 440 №-li bağın 0,12 hektar hissəsini evlə birliktə yaxın dostunun oğlu İddiaçı (hazırkı iddiaçı) adına keçirilməsini xahiş etmişdir.
3. İddiaçı ilə Bağlar Təsərrüfatı idarəsi arasında bağlanmış “Bağın icarəyə verilməsi haqqında” xx.xx.1989-cu il tarixli 23064 nömrəli müqaviləyə əsasən Bakı şəhər icraiyyə komitəsinin Bağlar təsərrüfatının məsələləri üzrə komissiyasının xx.xx.1989-cu il tarixli 3/100 №-li protokolu əsasında 440 saylı bağın 0.12 hektarlıq hissəsi 440a saylı bağ sahəsi kimi 11,51 kv.metr olan 1 otaqdan ibarət bina ilə birlikdə iddiaçının icarəsinə təhvil verilmişdir (İddiaçı xx.xx.2022-ci il tarixdə 440 A saylı bağ sahəsi öz adına **********57- 11301 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirməklə özəlləşdirmiş, daha sonra, həmin bağ evini bacısı X4 bağışlamış və xx.xx.2023-cü il tarixdə onun adına reyestrdə qeydə alınmışdır.) Eyni zamanda, İddiaçı ərizə ilə Bağlar Təsərrüfatı İdarəsinə müraciət edərək 440 saylı bağın digər 0,12 ha hissəsini də onun adına keçirilməsini xahiş etmişdir. Bakı şəhəri Xalq Deputatları İcraiyyə Komitəsi Bağlar İəsərrüfatı və İnkişafı Birliyinin xx.xx.1989-cu il tarixli, 702 nömrəli işə əlavə olunmuş məktubundan aydın olur ki, Bakı Şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il tarixli 6/333 saylı qərarına uyğun olaraq X9 və Təsərrüfat Birliyi tərəfindən Goradil massivindəki 440 saylı bağ sahəsinin kirayəçisinə (vətəndaş İddiaçı) ev tikməyə icazə verilmişdir (15, 143). Birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə adıçəkilən sübutlara hüquqi qiymət verərkən aşağıdakıları qeyd etmişdir: «… X7 və İddiaçı tərəfindən X2 ünvanlanan 1989-cu il tarixli ərizələrdən aydın olur ki, iddia tələbinin predmeti olan 440 saylı bağ sahəsi uzun müddətdir İddiaçı qanuni və faktiki istifadəsində olmuşdur. Belə ki, müvafiq ərizələrdə Goradil qəsəbəsində yerləşən 440 saylı bağ sahəsinin İddiaçı və X3 birgə istifadəsində olduğu (1989-cu il tarixdən də əvvəl) təsdiq edilmiş və məhz bu səbəbdən bağ sahəsinin bir hissəsinin iddiaçı X5 adına keçirilməsi xahiş etmişdir (ərizələrin surəti bağ sahəsinə aid arxiv qovluğu daxilində iş materiallarına əlavə olunmuşdur). Məhkəmə hesab edir ki, 1988-1989-cu il tarixli məlum hadisələrdən sonra erməni əsilli X3 ölkəni tərk etməsi işin mübahisəsiz halıdır. Belə olan təqdirdə iş materiallarından aydın olur ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi tarixdə 440 saylı bağ sahəsinin yeganə qanuni istifadəçisi İddiaçı olmuşdur. Bu səbəbdən də Bakı şəhəri Xalq Deputatları İcraiyyə Komitəsi Bağlar Təsərrüfatı və İnkişafı Birliyinin xx.xx.1989-cu il tarixli, 702 nömrəli məktubunda Bakı Şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il tarixli 6/333 saylı qərarına uyğun olaraq X9 və X8 massivindəki 440 saylı bağ sahəsində ev tikməyə icazə yalnız İddiaçı verilmişdir. Digər tərəfdən məhkəmə müəyyən edir ki, bağ sahəsinin iddiaçının qanuni istifadəsində olması faktının təsdiqlənməsi ilə yanaşı, həmin bağ sahəsinə dair hər hansı üçüncü şəxsin iddiası yoxdur, bağ sahəsi 1989-cu il tarixdən bəri (hətta daha əvvəlki tarixdən) mübahisəsiz şəkildə iddiaçının qanuni istifadəsində olmuşdur. Qeyd edilənlərə məcmu halda məhkəmə qiymət verərək (arxiv qovluğunda olan müqaviləyə əsasən 440 saylı bağ sahəsinin keçmiş mülkiyyətçisinin və iddiaçının qarşılıqlı ərizələri (həmin ərizələrə əsasən 440 saylı bağ sahəsinin iddiaçı ilə birgə istifadə olunduğu müəyyən edilir), 440 saylı bağ sahəsində iddiaçıya ev tikməyə icazə verilməsinə dair Bakı şəhəri Xalq Deputatları İcraiyyə Komitəsi Bağlar Təsərrüfatı və İnkişafı Birliyinin məktubu) hesab edir ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi tarixə mübahisələndirilən torpaq sahəsinin yeganə qanuni istifadəçisi İddiaçı olduğundan iddiaçı torpaq sahəsinə mülkiyyət hüququn tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var və cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur…» Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşaraq hesab edir ki, 1988-ci ildə baş verən məlum hadisələrdən sonra, iddiaçının 440 saylı bağ sahəsinin də həmçinin, onun kiraysinə verilməsi və həmin sahədə bağ evinin tikilməsi barədə ərizəsinin təmin olunaraq, ona Bakı Şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il tarixli 6/333 saylı qərarına uyğun olaraq X9 və Təsərrüfat Birliyi tərəfindən ona 440 saylı bağ sahəsində bağ evinin tikintisinə icazə verilməsi - «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.7-ci maddəsində göstərilən əsas (həmin bağ sahəsinin onun istifadəsinə verilməsi barədə sərəncam) kimi qiymətləndirilməlidir. Bundan əlavə qeyd olunmalıdır ki, X12 Məhkəməsi «Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə qərarında qeyd etmişdir ki, “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” . Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh, mübahisəli bağ sahəsinin iddiaçının adına qeydə alınmasından imtina etməklə, onun qanunla qorunan hüquqlarını pozmuşdur. İPM-in 73.1-ci maddəsi isə nəzərdə tutur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmə, iddianı təmin etməklə işdə olan sübutlarla müəyyən edilən hallara və maddi hüquq normalarına uyğun olan nəticəyə gəlmişdir. Bu baxımdan, qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin iddia edilən bağ sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilmədiyini, həmin bağ sahəsinin B.T.Qasparyanın adına icarə müqaviləsi olduğunu və birinci instansiya məhkəməsi tərəfindən torpaq sahəsi üzərində hüququnun iddiaçıya mənsub olub-olmaması ilə bağlı tam və ətraflı araşdırma aparılmadığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2617/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı:
Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2617/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.