Məhkəmə qərarları › İş №2-1(103)-4256/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4256/2023

21.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4256/2023 21.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X8 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X3 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli 2- 1(112)-5008/2023 nömrəli qərardadlarından ərizəçilər tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. X6 məhkəməyə ərizə (vəsatət) ilə müraciət edərək, atasından qalan mülkə onun qeydiyyatının olduğunu, onun yaşadığı evə iddiaçının qeydiyyata alındığından, üçüncü şəxs qismində icraata cəlb edilməsini, həmin qərarının ləğv edilməsini və iş üzrə icraatın təzələnməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-5008/2023 nömrəli qərardadı ilə ərizə (vəsatət) rədd edilmişdir. Eyni zamanda X9, X4, X5 məhkəməyə ərizələrlə (vəsatətlər) ilə müraciət edərək üçüncü şəxs qismində icraata cəlb edilmələrini, həmin qərarının ləğv edilməsini və iş üzrə icraatın təzələnməsini xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-5008/2023 nömrəli qərardadı ilə X9, X4, X5 tərəfindən verilmiş ərizələr (vəsatətlər) rədd edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-5008/2023 nömrəli qərardadından narazı qalan ərizəçi X6 apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli qərarının ləğv edilərək, yenidən baxılması və onun həmin iş üzrə 3cü şəxs qismində cəlb edilməsi barədə verdiyi ərizənin rədd edilməsi barədə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-5008/2023 nömrəli qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-5008/2023 nömrəli qərardadından narazı qalan ərizəçilər X9, X4 və X5 apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli qərarının ləğv edilərək, yenidən baxılması və onların həmin iş üzrə 3-cü şəxs qismində cəlb edilmələri barədə verdiyi ərizənin rədd edilməsi barədə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-5008/2023 nömrəli qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayətinin dəlilləri: Hər iki apellyasiya şikayəti eyni məzmunda olmaqla onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadları onunla əsaslandırmışdır ki, guya ərizəçinin zəruri cəlb edilmə qaydasında cəlb edilməsi qərarın ləğvi və işə mahiyyəti üzrə baxılması üçün əsas ola biləcək faktiki maraq mövcud olsa belə, qanunla qorunan marağın mövcudluğundan söhbət gedə bilməz. Hesab edirlər ki, məhkəmənin gəldiyi hüquqi nəticə səhvdir. Bakı İnzibati Məhkəməsinin qərarı birbaşa onların 3-cü şəxs qismində maraqlarına toxunur. İnzibati Xətalar Məcəlləsinin 28-ci maddəsinin tələbləri kobud şəkildə pozulub. Məhkəmə onları zəruri cəlbetmə qaydasında işə 3-cü şəxs qismində cəlb etməli idi. Bu mənada Ali Məhkəmənin Plenum qərarı bu qərar ilə bağlı qərarın hüquqi mövqeyinə ziddir. Belə ki, bərabərhüquqlu şəxs kimi həmin fərdi yaşayış evində yaşayır, həmin evdən istifadə edirlər və aralarında faktiki fiziki sözlü münaqişələr olur. Demək olar ki, bir yerdə yaşamaq qeyri-mümkündür. Birgə yaşayış qaydalarını İddiaçı kobud şəkildə pozur. Yəni formal olaraq qeydiyyata alınma onların hüquqlarına toxunmasa da faktiki olaraq, yaşayış sahələrindən istifadə qaydaları ilə bağlı aralarında mütəmadi olaraq mülki Hüquq münasibətindən irəli gələn mübahisə var. Bu da o deməkdir ki, ortada hüquqla bağlı mübahisə olduğundan onların hazırki iş üzrə iştirakları mütləq və labüddir. Yəni hazırki iş onların mülki hüquq və mənafelərinə birbaşa təsir göstərir. Məhkəmənin hazırkı addımı ilə faktiki olaraq mülki dövriyyənin sabitliyi pozulmuş olur. Eyni zamanda iddiaçı həmin qərardan sui-istifadə edərək gələcəkdə hər hansı pay bölgüsündə iştirakla bağlı iddia irəli sürəcək. Hüquqdan sui-istifadəyə yol verilmir. Həmin sui-istifadədən 3-cü şəxslərin ziyanına istifadə edilə bilməz. Mülki Məcəllənin 16-cı maddəsinə əsasən Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 apellyasiya şikayətlərinin dəlillərinə etiraz edərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, cavabdehin nümayəndəsi və ərizəçilər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (İPM) 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli 2-1(112)-5008/2023 nömrəli qərardadları dəyişdirilmədən saxlanılmalı və şikayətlər təmin edilməməlidir. AR İnzibati Prosessual Məcəlləsinin 27-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları iddiaçı (və ya bu Məcəllənin 132-ci maddəsinə uyğun olaraq ərizəçi), cavabdeh və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslərdir. Həmin Məcəllənin 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair 17 fevral 2022-ci il tarixli 01/2022 nömrəli qərardadının: -24-cü bəndinə əsasən hüquq sistemində şəxsə birbaşa tərəfi olmadığı (iddiaçı və ya cavabdeh qismində çıxış etmədiyi), lakin qanunla qorunan maraqlarına təsir göstərən bir məhkəmə işində özünün iddia və etirazlarını bildirməsinə imkan verən səmərəli işlək mexanizmin mövcudluğu ədalətli məhkəmə araşdırması hüququnun vacib təminatlarından biri kimi qəbul edilir. Çünki məhz bu mexanizm vasitəsilə baxılmaqda olan işdə mübahisənin tərəfi olmayan şəxslərin öz hüquqi maraqlarını qorumaq üçün işə qoşulmalarına şərait yaradılır və bununla da, onlar ədalət mühakiməsinin həyata keçirilməsi nəticəsində veriləcək qərarın özlərinə münasibətdə neqativ təsirlərini önləmək üçün prosessual imkana malik olurlar. Bu, hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi prinsipinin tələblərindən irəli gəlir. Buna görə, məhkəmə qərarının üçüncü şəxslərin qanunla qorunan maraqlarına toxunma ehtimalı mövcud olduqda, həmin şəxslərə də məhkəmə qarşısında bərabər hüquqlar verilməli, öz hüquqlarının müdafiəsini səmərəli şəkildə həyata keçirə bilmələri üçün onlara bərabər imkanlar yaradılmalıdır. -25-ci bəndinə əsasən üçüncü şəxslərə icraatda iştirak imkanlarının yaradılması həm də onların mümkün maraqlarına ədalətli münasibət göstərilməsi ilə bağlıdır və mübahisənin tərəfi (iddiaçı və ya cavabdeh) olmayan şəxslərin hüquqlarının müdafiəsi məqsədinə yönəlir. Bununla da onlar icraatda tərəf statusu əldə etməsələr belə, öz mənafelərini məhkəmə qarşısında bəyan etmək və qərarın qəbulu prosesində öz maraqlarını təmsil etmək imkanı qazanırlar. Belə qoşulma, həm də işin faktiki hallarının tam və hərtərəfli araşdırılmasına töhfə verir, obyektiv və qanuni qərarın qəbul edilməsinə xidmət edir. Üçüncü şəxs özünə bəlli olan halları məhkəməyə bildirməklə, eləcə də tərəflərin istinad etmədiyi yeni baxışlar və dəlillər ortaya qoymaqla mübahisə predmeti ilə bağlı işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi işinə yardım etmiş olur. Beləliklə, həm mübahisədə iştirak edən tərəflərin və üçüncü şəxslərin maraqlarının balanslaşdırılmış müdafiəsi təmin edilmiş olur, həm də inzibati prosesdə tətbiq olunan inkvizisiya prinsipinə uyğun olaraq işin hallarının tam və obyektiv müəyyənləşdirilməsi mümkün olur. -33-cü bəndinə əsasən İPM-in 28.1-ci maddəsi adi, 28.2-ci maddəsi isə zəruri cəlbetmə halını tənzimləyir. Adi cəlbetmə halını nizamlayan İPM-in 28.1-ci maddəsində “məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda” ifadəsindən, zəruri cəlbetməni nizamlayan İPM-in 28.2-ci maddəsində isə “üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda” ifadəsindən istifadə olunmuşdur. Bundan başqa, qanunvericiliyə görə adi cəlbetmənin həyata keçirilməsi məhkəmənin mülahizəsindən asılıdır, zəruri cəlbetmə isə məhkəmənin vəzifəsi olaraq müəyyənləşdirilmişdir. -36-cı bəndinə əsasən inzibati məhkəmə icraatına cəlb edilməli olan şəxsin adi, yaxud zəruri cəlbetmə qaydasında cəlb edilməli olduğunu fərqləndirmək üçün istifadə olunan əsas meyarlardan biri “hüquqi maraq” meyarıdır. Belə ki, zəruri cəlbetmə zamanı tələb olunan hüquqi maraqla, adi cəlbetmə zamanı tələb olunan maraq bir-birindən fərqlidir. Həmin fərqin mövcud olduğunu İPM-in 28.1 və 28.2-ci maddələrindəki müddəalar da təsdiq edir. -37-ci bəndinə əsasən hüquqi maraq bir qayda olaraq qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının şəxslərin qanunla qorunan maraqlarına toxunması halını yarada bildikdə mövcud olur. Bu, məhkəmə qərarının prosesdə tərəf olmayan digər şəxslərin hüquqi vəziyyətlərinə göstərə biləcəyi mümkün təsirlə bağlı məsələdir. Bir qayda olaraq, qəbul edilməsi nəzərdə tutulan məhkəmə aktının digər şəxslərin maraqlarına birbaşa təsir törətməsi halından o zaman söz edilə bilər ki, həmin məhkəmə aktı üçüncü şəxsin hüquqi statusuna təsir etmiş olsun, yəni ona münasibətdə konkret hüquqlar və vəzifələr yaratsın, yaxud mövcud hüquqları və vəzifələri ləğv etsin və ya dəyişdirsin. Digər halda isə hüquqi statusa bu qaydada birbaşa təsirlə bağlı olmayan maraqlara toxunma halı mövcud olur. -38-ci bəndinə əsasən cəlbetmə üçün həlledici olan məsələlərdən biri də qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının mübahisə tərəfləri olmayan digər şəxslərin qanunla qorunan maraqlarına toxunma halını yaratmasıdır. Belə olan halda, qanunla qorunan maraqlara nəyin aid edilə biləcəyinə aydınlıq gətirilməlidir. Maraqların maddi hüquqla müəyyən olunduğu nəzərə alındıqda qanunla qorunan maraq kimi maddi hüquq norması əsasında tanınmış maraqlar çıxış edirlər. Başqa sözlə, diqqət yetirilməli olan hal ondan ibarətdir ki, konkret baxılan iş üzrə mübahisənin həlli ilə bağlı tətbiq edilən və ya edilməli olan maddi hüquq normalarından hər hansı biri üçüncü şəxsin mənafeyini bu və ya digər dərəcədə müdafiə edirmi? Bu mənada, mütləq nəzərə almaq lazımdır ki, üçüncü şəxs qismində icraata qoşula bilmək üçün şəxsin hüquqları hüquqi mənada qorunmalıdır, yəni mübahisənin həlli ilə əlaqədar tətbiq edilən və ya edilməli olan konkret maddi-hüquq normalarından hər hansı biri şəxsin mənafeyinin bu və ya digər dərəcədə müdafiəsi məqsədini güdməlidir. Hüquqi maraq müəyyən olunmadan, sırf məhkəmə qərarının çıxarılmasından sonra yaranacaq iqtisadi, sosial, mənəvi və ya başqa faktiki maraqların mövcudluğu cəlbetmə üçün yetərli deyildir. -42-ci bəndinə əsasən zəruri cəlbetmə halının mövcudluğu üçün üçüncü şəxsin mübahisəli hüquq münasibətində bilavasitə iştirakı tələb olunur. Çünki İPM-in 28.2-ci maddəsinin tələblərinə əsasən zəruri cəlbedilən mübahisəli hüquq münasibətinin bilavasitə iştirakçısı olmalıdır. Bundan başqa, çıxarılacaq məhkəmə qərarı həm icraatın tərəflərinə, həm də üçüncü şəxsə münasibətdə vahid qərarın qəbul edilməsini şərtləndirməlidir. Adi cəlbetmə ilə zəruri cəlbetməni fərqləndirmək üçün əsas meyar zəruri cəlbetmədə vahid qərarın qəbul olunmasının vacibliyidir. Burada əsas fərq ondan ibarətdir ki, cəlb edilməsi zəruri olan üçüncü şəxslərin daxil olduğu mübahisəli hüquq münasibəti ilə əlaqədar məhkəmə yalnız belə şəxslər cəlb edildikdən sonra işə baxa və həmin şəxslər daxil olmaqla prosesin bütün tərəflərinə münasibətdə yekun və ədalətli qərar verə bilər. Zəruri cəlbetmə halında üçüncü şəxslər mübahisəli hüquq münasibətinin elə tərəfi olmalıdırlar ki, məhkəmə qərarı prosesin tərəfləri ilə birlikdə üçüncü şəxslərin də mütləq iştirakı ilə bütün tərəflərə münasibətdə vahid formada qəbul edilə bilsin. Bu hal o zaman mövcud olur ki, məhkəmə qərarını birbaşa olaraq üçüncü şəxslərin hüquqlarına müdaxilə etmədən effektiv şəkildə qəbul etmək mümkün olmur. -76-cı bəndinə əsasən ümumi qaydaya görə üçüncü şəxs qismində icraata qoşula bilmək üçün şəxsin hüquqları məhkəmə icraatında hüquqi mənada qorunmalıdır, yəni mübahisənin həlli ilə əlaqədar tətbiq edilən və ya edilməli olan konkret maddi hüquq normalarından hər hansı biri şəxsin mənafeyinin bu və ya digər dərəcədə müdafiəsi məqsədini güdməlidir. Hüquqi maraq müəyyən olunmadan, sırf məhkəmə qərarının çıxarılması nəticəsində yaranacaq iqtisadi, sosial, mənəvi və ya başqa faktiki maraqların mövcudluğu cəlbetmə üçün yetərli deyildir. Başqa sözlə, məhkəmə qərarının çıxarılmasından sonra həmin qərarın yaradacağı sonrakı nəticələrə (iqtisadi, sosial, mənəvi və s.) görə deyil, məhz məhkəmə qərarının özünün doğurduğu hüquqi statusa təsir etmə (status yaratma, dəyişdirmə və ya ləğv etmə) xüsusiyyəti nəzərə alınmaqla hüquqi marağın mövcudluğu müəyyən olunmalıdır. Əgər məhkəmə qərarının çıxarılmasından sonra həmin qərar əsasında yaradılmış statusdan irəli gələrək dövlət büdcəsindən müəyyən birdəfəlik və ya davamlı ödəmələr aparılmalı olduğu vəziyyəti yaranırsa (məsələn, müxtəlif müavinətlərin, təqaüdlərin, pensiyaların, kompensasiyaların ödənilməsi və s.), bu halda, çıxarılmış məhkəmə qərarları həmin ödəmələri etməli olan orqanların hüquqi maraqlarına toxunmur. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin şikayəti üzrə işə yenidən baxılması məhkəmə səhvlərinin, məhkəmə qərarlarının əsaslı olmamasının, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsinin və ya prosessual qanunvericilik normalarının pozulmasının və ya digər məsələlərin yoxlanılması məqsədini daşımamalıdır. Bu zaman məhkəmənin üzərinə düşən əsas vəzifə həmin məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin pozulmuş hüquqlarının bərpa edilməsidir. Qeyd olunanlardan da göründüyü kimi inzibati məhkəmə icraatında AR İPM-nin 28.1-ci maddəsində nəzərdə tutulmuş üçüncü şəxsin cəlb edilməsi, məhkəmənin özünün qəbul etdiyi qərarın ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi ilə bağlı prosessual hərəkətlərin yerinə yetirilməsi ərizəçinin mütləq olaraq zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilib-edilməməməli olmasından asılıdır (Qərardadın 52-ci bəndi). Əgər ərizəçi zəruri cəlbetmə qaydasında üçüncü şəxs kimi icraata cəlb edilməli olduğu halda məhkəmə bunu etməmişdirsə, qəbul edilmiş qərarın ləğvindən söhbət gedə bilər. Şəxsin adi qaydada cəlb edilməli olan şəxs olması isə ərizəçinin tələb etdiyi prosessual hərəkətin yerinə yetirilməsi üçün əsas qismində çıxış etmir. Kollegiya hesab edir ki, ərizəçilərin hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaları üçün əsaslar mövcud deyildir. Belə ki, istər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində, istər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda adıçəkilən Qərarında, istərsə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının Qərardadında üçüncü şəxs statusunda tanınma ilə bağlı meyar qanunla qorunan maraqlarına toxunma ilə əlaqələndirmişdir. Başqa sözlə, qanunvericilik və məhkəmələrin üçüncü şəxsin cəlb edilməli olması ilə bağlı mövqeyi onunla bağlı olmuşdur ki, əgər baxılan və ya baxılmış iş şəxsin qanunla qorunan maraqlarına toxunursa, həmin şəxsin icraata cəlb edilməsindən söhbət gedə bilər. Hazırki işdə isə qəbul edilmiş qərar ərizəçilərin marağını pozsa belə, onların qanunla qorunan maraqlarının pozuntusundan söhbət gedə bilməz. İşin faktiki halları ilə də müəyyən edilir ki, iddiaçının və ərizəçilərin yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvanda yerləşən yaşayış sahəsi nə iddiaçının, nə də ərizəçilərin mülkiyyətində olmayan yaşayış sahəsidir. Məhkəmə də özbaşına tikiliyə digər şəxslərin qeydiyyata alınmasına münasibətdə cavabdehin iddiaçıya fərqli rəftarını əsas götürməklə bərabərlik hüququna istinad etməklə iddiaçının yaşayış yeri üzrə qeydiyyata alınma hüququnu təmin etmişdir. Qeyd olunmalıdır ki, hazırkı ərizələrin təmini üçün ərizəçilərin qanunla qorunan marağının pozuntusundan söhbət gedə bilərsə, ilkin olaraq qorunması nəzərdə tutulan marağın nə ilə bağlı olması müəyyən edilməlidir. Hazırkı halda həmin maraq isə mülkiyyət hüququ və ya istifadə hüququ ilə bağlı ola bilər. Ərizəçilərin isə həmin hüquqlarının adıçəkilən yaşayış yerinə mövcudluğundan söhbət gedə bilməz. Belə ki, ümumiyyətlə həmin tikiliyə dair hər hansı şəxsin adına hüquqların dövlət qeydiyyatına alınması həyata keçirilməmişdir. Ərizəçilərin faktiki olaraq orada yaşaması da qanunla qorunan hüququn mövcudluğu anlamına gəlmir. Kollegiya hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin özbaşına tikililərə münasibətdə hər hansı şəxsin digər şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması tələbinə dair iş üzrə müəyyən etdiyi hüquqi mövqe məhz hazırkı iş üzrə ərizələrə baxılması zamanı da nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-400/2020 nömrəli işi ilə bağlı 03 iyun 2020-ci il tarixli qərarında , Azərbaycan Respublikası Ali Məhkəməsi 2-1(102)-952/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarında, Azərbaycan Respublikası Ali Məhkəməsi 2-1(102)- 952/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarında hesab etmişdir ki, Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Apelyasiya məhkəməsi Mülki Məcəllənin 180.1-ci maddəsinə istinadən haqlı olaraq qeyd etmişdir ki, hazırkı mübahisəyə münasibətdə şəxsin iddia etdiyi tələb hüququna malik olması üçün ən azından onun həmin yaşayış sahəsi üzərində qanuni istifadə hüququ (mülkiyyət, icarə və ya istifadə hüququ) mövcud olmalı və həmin hüquq qanunvericiliklə müəyyən olunmuş qaydada qeydiyyata alınmalıdır. Mübahisəyə dair işin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından qeyd olunan yaşayış sahəsinin özbaşına tikili olduğu, həmin tikilinin rəsmiləşdirilmədiyi və bunun üzərindən iddiaçının həmin tikili üzərində hər hansı qanuni istifadə hüququnun mövcud olmadığı görünür. Bu baxımdan iddiaçının üçüncü şəxsin qeydiyyatdan çıxarılması ilə bağlı tələb hüququ istisna olunur. Nəzərə almaq lazımdır ki, şəxsin tələb hüququna malik olması inzibati məhkəmə icraatında iddianın əsas mümkünlük şərtlərindən sayılır. Tələb hüququna malik olmayan şəxsin iddiası mümkün sayıla bilməz. Hazırkı iş üzrə də ərizələrin rədd edilməsi əsasına münasibətdə birinci instansiya məhkəməsi haqlı olaraq analoji mövqeyi tətbiq etmişdir. Necə ki, qeydiyyatda olan bir şəxsin digər qeydiyyatda olan şəxsi özbaşına tikilidən qeydiyyatdan çıxarma işində yuxarı instansiya məhkəməsi subyektiv hüququn mövcudluğuna istinad etməklə iddianı mümkün saymamışdırsa, kollegiya hesab edir ki, həmin mövqe hazırkı iş üzrə verilmiş ərizələrin də qiymətləndirilməsi baxımından da nəzərə alınmalıdır. Necə ki, qeydiyyatdan çıxarma ilə bağlı subyektiv hüququn mövcud olmadığı barədə hüquqi mövqe formalaşmışdır, deməli həmin yaşayış sahəsinə orada faktiki yaşayan şəxsin qeydiyyata alınması da ərizəçilərin qanunla qorunan marağı çərçivəsindən kənardır. Nəzərə alınmalıdır ki, vətəndaşın daşınmaz əmlaka qeydiyyata alınması onun həmin əmlak üzərində mülkiyyət hüququnun və ya istifadə hüququnun əldə etməsini ifadə etmir. Bilavasitə ərizəçinin həmin yaşayış sahəsində qeydiyyata olması da ərizəçilər üçün hər hansı hüquq yaratmamaqla yanaşı, daşınmaz əmlak üzərində hüququnun yaranması mənasını ifadə etmir. Bununla bağlı “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin və “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsiyyət vəsiqəsinin təsviri”nin müdəalarının şərh olunması barədə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 yanvar 2003-cü il tarixli Qərarının da müvafiq müddəalarının qeyd edilməsi zəruridir. Qərardan da göründüyü kimi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinin ikinci hissəsinə müvafiq olaraq yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Göründüyü kimi yaşayış yeri üzrə qeydiyyat qanunvericiliklə müəyyən edilmiş hallarda hüquqi nəticə yarada bilər ki, hazırkı məhkəmə qərarı ilə müəyyən edilmiş qeydiyyata alınmanın ərizəçi üçün hər hansı hüquqi nəticə yaratması da istisna edilir. Hesab edilməlidir ki, hər hansı hüquqi nəticə yaradan hərəkət yoxdursa, deməli həmin hüquqi nəticənin davamı qanunla qorunan marağın pozuntusundan da söhbət gedə bilməz. Ümumiyyətlə, məhkəmə qaydasında qaldırılmış iddia tələbi özünün və ya başqasının mənafeyi naminə, pozulması ehtimal edilən hüquq və azadlıqların müdafiəsi naminə məhkəmə qaydasında həyata keçirilən prosessual hərəkətdir. Göründüyü iddia tələbinin pozulması ehtimal olunan hər hansı hüquq və azadlıqla bağlı olması və mənafe naminə irəli sürülməsi zəruri şərtdir. Həmin mövqe üçüncü şəxs qismində qoşulmaya münasibətdə də nəzərə alınmalı olan dəyərləndirmədir. Belə ki, ərizə verən şəxsin də pozulması ehtimal edilən hüquq və azadlıqların müdafiəsi naminə ərizə verməsi zəruri şərtdir. Əks halda qanuni qüvvəyə minmiş məhkəmə qərarının mahiyyəti itmiş olar. Ərizənin özündə əsaslandırılmasa da, işin faktiki halları ilə müəyyən edilir ki, hazırkı ərizələrdə pozulması ehtimal olunan hüquq mülkiyyət hüququ və ya istifadə hüququdur. Belə ki, iddiaçı həmin yaşayış sahəsinin atasından qaldığını qeyd edir. Halbuki, nə iddiaçının, nə də ərizəçilərin həmin yaşayış sahəsinə qeydiyyata alınması həmin şəxslərin istifadə və mülkiyyət hüququnun mövcudluğu mənasına gəlmir. Bu səbəbdən də nə iddiaçı ərizəçinin qeydiyyatını, nə də ərizəçilər iddiaçının qeydiyyatını mübahisələndirə bilməz. Odur ki, Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri mübahisələndirilən qərardadların ləğvinə əsas vermir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizəçilərin apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 28-ci, 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-5008/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 2-1(112)-5008/2023 nömrəli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar