Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4258/2025 18.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Aktiv oğlunun sədrliyi və məruzəsilə, X1 və X2 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması barədə qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-10083/2025 nömrəli, 07 avqust 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 3-17-1/3- 8405/2025 nömrəli, xx.xx.2025-ci il tarixli və xx.xx.2020-ci il tarixli **********3 nömrəli qərarların ləğv edilməsini və barəsində Əmək pensiyaları haqqında Qanunun 37.3.1-ci maddəsinin müddəaları tətbiq edilərkən gözlənilən pensiya ödənişi müddəti aylarının sayının artırılmadan pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası alır, mülki aviasiyadan pensiyaya çıxmışdır. Pensiyaya çıxdıqdan sonra işləməyə davam edir. Hər növbəti altı ildən bir pensiyası yenidən hesablanır. Cari il ərzində müəyyən etmişdir ki, pensiyasının təyin tarixi, yəni pensiya hüququnun yarandığı tarix düzgün müəyyən edilməyib. Bununla bağlı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə və müvafiq arayışlar ilə müraciət etmişdir. Müraciəti əsasında pensiyasının təyin tarixi düzgün müəyyən edilsə də, yəni 2013-cü ildən 2012-ci ilə keçirilsə də, növbəti 6 illik yenidən hesablanmalar aparılmayıb. Pensiyasının təyin tarixi 2012-ci ildən müəyyən edildikdən sonra 2012-2018 və 2018-2024 illik dövr üzrə 6 ilin sığorta kapitalının əsasında yenidən hesablanma aparılmalı olduğu halda, cavabdeh tərəfindən icra edilməmişdir. Həmçinin 6 illik sığorta kapitalının 72 aya bölünməsi ilə yenidən hesablanma aparılmalı olduğu halda cavabdeh tərəfindən sığorta kapitalının daha böyük rəqəmə bölünməsi icra edilir. xx.xx.2022-dək pensiyasının yenidən hesablanması hüququ yarananlar xx.xx.2022-dək pensiya təyin edilmiş şəxslərdir. Əmək pensiyaları haqqında Qanuna xx.xx.2022 tarixli 530 nömrəli Qanunla dəyişikliklər edilib. Həmin dəyişikliklər xx.xx.2022 tarixindən qüvvəyə minib. 530 nömrəli Qanunun 2.2-ci maddəsinə əsasən bu Qanunun 1.11-ci maddəsi (45-ci maddənin ikinci cümləsi qanundan çıxarılması) bu Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Həmin cümlənin qanundan çıxarılması aid deyil: bu Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, bu Qanunun qüvvəyə mindiyi günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi hallarında, bu Qanunun qüvvəyə mindiyi günədək pensiya hüququ yaranmış şəxslərə yenidən hesablanması hallarına münasibətdə. Cavabdeh diqqət etməlidir ki, bu Qanunun qüvvəyə mindiyi günədək pensiya hüququ yaranmış şəxslərə yenidən hesablanması hallarına münasibətdə həmin pensiyaçıların pensiyasının təyin edilməsi hüququ da xx.xx.2022 tarixədəkdir. xx.xx.2022dək pensiyasının yenidən hesablanması hüququ yarananlar xx.xx.2022-dək pensiya təyin edilmiş şəxslərdir. Qanun peşəkarlar tərəfindən yazılır və yoxlanılır, böyük bir peşəkarlar qrupunun yoxlamasından keçir. Heç vaxt elə bir xəta ola bilməz ki, qanunda eyni kateqoriyaya aid olanlar barədə iki dəfə göstəriş yazılsın. Çünki “xx.xx.2022 tarixədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına qanuna edilən dəyişikliklərin şamil edilməməsi” göstərişi əgər cavabdehin dediyini nəzərdə tutursa, o halda hansı səbəbə görə “xx.xx.2022-dək pensiyasının yenidən hesablanması hüququ yarananlar” barədə əlavə şərt həmin 530 nömrəli qanununun keçid müddəalarına əlavə edilib? Çünki xx.xx.2022-dək pensiyasının yenidən hesablanması hüququ yarananlar xx.xx.2022-dək pensiya təyin edilmiş şəxslərdir. Bakı İnzibati Məhkəməsinin (hakim Bəhlul Cəlalov) e-2-1(112)-10083/2025 nömrəli, 07 avqust 2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2020-ci il tarixli **********3 nömrəli və 3-17-1/3- 8405/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarları ləğv edilmiş, İddiaçı pensiyası yenidən hesablanması zamanı Əmək pensiyaları haqqında Qanunun 37.3.1-ci maddəsinin müddəaları tətbiq edilərkən gözlənilən pensiya ödənişi müddəti aylarının sayının artırılmadan pensiyanın yenidən hesablanması öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2013-cü il tarixindən Fondun Suraxanı rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının Mərkəzi Filiala 28 yanvar 2025-ci il tarixli müraciəti ilə əlaqədar onun pensiyasının düzgün hesablanmadığı müəyyən olunmuşdur. "xxxx" ASC-nin 7 aprel 2025-ci il tarixli 227-ÇS/SWA/AD nömrəli məktubunda İddiaçı uçuş işinin bütün dövrü ərzində tələb olunan 5400 uçuş saatının 19 yanvar 2012-ci il tarixində tamam olduğu qeyd olunmuşdur. Nəticədə, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası güzəştli iş stajının tamam olduğu 19 yanvar 2012-ci il tarixində təyin olunmalı olduğu halda, 30 noyabr 2013cü il tarixində təyin edilmişdir. Qanunun 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə həmin tarixdən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. İddiaçının pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən 1 yanvar 2006-cı il tarixinədək iş stajına uyğun olaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 27ci maddəsinin tələblərinə əsasən həmin tarixə onun pensiyasının sığorta hissəsi 10,36 manat (8,78 il x 170 manat : 144 ay) hesablanaraq 19 yanvar 2012-ci il tarixinə indeksləşdirilib 18,31 manat müəyyən edilərək üzərinə, xx.xx.2006-xx.xx.2013-cü il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabın sığorta hissəsində qeydə alınmış 21849,12 manat pensiya sığorta kapitalına uyğun 151,73 (21849,12: 144) manat və 85,00 manat baza hissəsi üzərinə əlavə edilməklə 19 yanvar 2012-ci il tarixindən 255,05 (18,31+151,73+85,00) manat (indeksləşdirilərək xx.xx.2020-ci il tarixinədək 404,53 manat) məbləğində əmək pensiyası təyin edilməli olduğu halda, 30 noyabr 2013-cü il tarixindən 340,28 manat (indeksləşdirilərək xx.xx.2020-ci il tarixinədək 509,84 manat) məbləğində əmək pensiyası təyin edilərək İddiaçı ödənilmişdir. Qeyd olunanlarla yanaşı İddiaçı pensiyasının 1026 manat məbləğidə hesalanmalı olduğu halda 1097 manat məbləğində hesablanaraq ödənildiyi müəyyən olunmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin xx.xx.2022-ci il tarixinədək qüvvədə olmuş ikinci cümləsinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılırdı. Qanunda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Qanununun 1.11-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsi Qanundan çıxarılmışdır. Eyni zamanda, 530-VİQD nömrəli Qanunun 2.2-ci maddəsinə görə (Keçid müddəa) qeyd olunan 1.11-ci maddənin (yəni 45ci maddənin ikinci cümləsinin çıxarılmasının) Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilməməsini nəzərdə tutmuşdur. Göründüyü kimi, əlavə olunan həmin keçid müddəa dəyişikliyin qüvvəyə mindiyi tarixinədək təyin edilmiş Qanunun 9.1-ci (əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlar), 9.2-ci (hipovizqanizm xəstəliyinə tutulan şəxslər (liliputlar), 9.3-cü (mülki aviasiya uçuş və uçuş-sınaq heyətində çalışanlar), 9.5-ci (hərbi qulluqçular) və s. maddələrində nəzərdə tutulmuş şəxslərin pensiyasının yenidən hesablanması zamanı dəyişiklikdən əvvəlki müddəanın tətbiqini nəzərdə tutur. Başqa sözlə, xx.xx.2022-ci il tarixinədək həmin maddələr üzrə təyin edilmiş pensiyaların yenidən hesablanması zamanı gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Lakin həmin tarixindən sonrakı dövrdə sözügedən maddələr üzrə yeni təyinatlar üzrə hesablamalar zamanı gözlənilən pensiya ödənişi aylarının sayının artırılması istisna edilmişdir. Hər hansı normativ hüquqi aktın bu və ya digər norması tətbiq olunarkən həmin aktın məqsədi, hüquqi funksiyası, habelə həmin sahə üzrə ardıcıl həyata keçirilən dəyişikliklər də mütləq nəzərə alınmalıdır. Bu baxımdan, qanunverici orqan 13 may 2022-ci il tarixli Qanunun 2.2-ci maddəsinin məntiqi davamı olaraq 05 noyabr 2022-ci il tarixli Qanunun 1.13-cü maddəsində Qanunun 45-ci maddəsinə yeni məzmunda ikinci cümlə əlavə etmişdir. Hər iki dəyişiklik dövlətin sosial sahədə siyasətinin maliyyə yükü ilə bağlı olması müddəası ilə uzlaşmaqla Qanunun 45-ci maddəsinin ikinci cümləsinin tətbiq dairəsini müəyyənləşdirir. Beləliklə, yuxarıda qeyd olunanlar nəzərə alınaraq hesab edilir ki, qanunverici tərəfindən “Əmək pensiyaları haqqında” Qanuna edilən dəyişiklikliyin təsir dairəsi keçid müddəada müəyyənləşdirildiyindən cavabdeh inzibati orqan tərəfindən hüququn aliliyi və hüquqi müəyyənlik prinsipləri rəhbər tutulmaqla Qanunun keçid müddəasının tətbiq edilməsi qanunvericiliyə zidd hal kimi qiymətləndirilə bilməz. Əlavə olaraq qeyd edilir ki, Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Qanunun xx.xx.2022-ci il tarixinədək qüvvədə olan 45-ci maddəsinin ikinci cümləsinə əsasən bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Göstərilənlərə əsasən Qanunun 45-ci maddəsinin ikinci cümləsində qeyd olunan “hesablanma” ifadəsi ümumi məna kəsb etməklə, həm pensiya təyinatı, həm də Qanunun 37.3.1-ci maddəsində qeyd olunmuş pensiyanın yenidən hesablanması zamanı əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasını ifadə edir. Həmçinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 5.3-cü bəndinə dair 48-ci misalda Qanunun 37.3.1-ci maddəsinə əsasən pensiyanın yenidən hesablanması zamanı 45-ci maddənin ikinci cümləsi tətbiq edilməklə hesablanma aparılmış, yəni gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmışdır. Digər tərəfdən, Qanunun 45-ci maddəsinin adından da göründüyü kimi, maddə “Əmək pensiyasının gözlənilən pensiya ödənişi müddəti”nin tənzimlənməsi ilə əlaqədar olmaqla, həm əmək pensiyasının təyinatı, həm də pensiyanın yenidən hesablanması zamanı gözlənilən pensiya ödənişi müddətinin hesablanması ilə bağlıdır. Beləliklə, Qanunun 9-cu maddəsinə əsasən əmək pensiyası təyin edilən şəxslərə münasibətdə nəinki əmək pensiyasının təyinatı zamanı, həmçinin pensiyanın yenidən hesablanması zamanı Qanunun xx.xx.2022-ci il tarixinədək qüvvədə olmuş 45-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddəti aylarının sayı artırılmalıdır. Odur ki, pensiyanın yenidən hesablanması hüququ xx.xx.2022-ci il tarixindən sonra yaranan şəxslərə həmin tarixindən əvvəl pensiya təyin edilmişdirsə, keçid müddəaya əsasən gözlənilən ödənişi müddəti aylarının sayı artırılmalıdır. İddiaçının müraciəti ilə əlaqədar Mərkəzi Filial tərəfindən Qanunun 45-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş ikinci cümləsi nəzərə alınmadan, yəni iddiaçıya pensiya təyin edildiyi gündən sonra 6 il və daha çox işlədiyinə görə işləyən əmək pensiyaçısı olduğu dövrdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış 82411,89 manat pensiya sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddəti aylarının sayına - 363 aya (64 il 6 ay – 40 il 3 ay= 291 ay+(144 ay - 72 ay)) bölünərək 277,03 (82411,89:363) manat əmək pensiyasının (404,53 manat) üzərinə əlavə edilərək 1 yanvar 2020-ci il tarixindən yenidən hesablanaraq 631,56 (404,53+227,03) manat müəyyən edilməli olduğu halda, Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının əmək pensiyası xx.xx.2020-ci il tarixdən yenidən hesablanaraq 509,84 manatdan 676,34 manata artırılmışdır. Göstərilənlərlə əlaqədar, İddiaçı təyin edilmiş əmək pensiyası cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli 3-17-1/3-8405/2025 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarla qanunvericiliyin tələblərinə uyğun qaydada yenidən hesablanaraq, 1026 manat məbləğində müəyyən edilmişdir. Əlavə olaraq, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Qeyd olunanlara əsasən son üç il üzrə İddiaçı 2236,06 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-1(112)- 10083/2025 nömrəli qərarında məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər aşağıdakı kimi qeyd edilmişdir: keçid müddəlarındakı məhdudiyyət əmək pensiyaçılarına münasibətdə nəzərdə tutulmuşdur və cavabdehə həmin normalara istinad edib, ləğv olunmuş normanı tətbiq edərək əmək pensiyaçısının ziyanına olan pensiyanın yenidən hesablanmasını aparmaq hüququ vermir. Nə qədər ki, iddiaçının əmək pensiya hüququ xx.xx.2017-ci il tarixdən əvvəl, pensiyanın yenidən hesablanması hüququ isə xx.xx.2022-ci il tarixdən sonra yaranmışdır iddiaçıya hüququnun yarandığı vaxt qüvvədə olan norma tətbiq edilməlidir, qüvvədən düşmüş norma deyil. Məhkəmənin bu mövqeyinə münasibətdə bildirilir ki, 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Qanununun 1.11-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsi Qanundan çıxarılmışdır. Eyni zamanda, 530-VİQD nömrəli Qanunun 2.2-ci maddəsinə görə (Keçid müddəa) qeyd olunan 1.11-ci maddənin (yəni 45-ci maddənin ikinci cümləsinin çıxarılmasının) Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilməməsini nəzərdə tutmuşdur. Göründüyü kimi, qanunvericilik qeyd olunan dəyişikliyin qüvvəyə mindiyi günədək təyin edilmiş əmək pensiyalarına münasibətdə tətbiqini birbaşa istisna etmişdir. Həmçinin iddiaçının pensiyası xx.xx.2020-ci il tarixdə yenidən hesablanmışdır. Sözügedən dövrdə Qanunun 45-ci maddəsinin 2-ci cümləsi qüvvədə idi. Bakı İnzibati Məhkəməsinin müvafiq qərarında, yəni yuxarıda qeyd olunan məhkəmənin mövqeyinə münasibətdə qeyd edilir ki, iddiçının yenidən hesablanma hüququ sözügedən norma qüvvədə olduğu vaxt yaranmış və hüququnun yarandığı vaxt qüvvədə olan norma ona tətbiq edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1979-cu ildə doğulmuşdur. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, Mərkəzi Filial tərəfindən həyata keçirilən inventarlaşma nəticəsində onun əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun qaydada yenidən hesablanaraq 1026,00 manat məbləğində müəyyən olunmuşdur. Belə ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının vaxtilə yenidən hesablanması zamanı pensiya məbləğinin yanlış müəyyən edildiyi aşkar olunub. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Bununla əlaqədar olaraq, ona artıq ödəilmiş əmək pensiyası son üç il üzrə məhdudlaşdırılaraq 2236,06 manat təşkil edir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda qeyd edilir: Sizə 30 noyabr 2013-cü il tarixindən Fondun keçmiş Suraxanı rayon şöbəsi tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 9.3-cü maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli Qərarı ilə təsdiq olunmuş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları”nın 3-cü bəndinə əsasən Qanunun 9.3-cü və 22.3-cü maddələrinə müvafiq olaraq mülki aviasiya uçuş və uçuşsınaq heyətində işləyənlərin və güzəştli şərtlərlə pensiya almaq hüququ olan şəxslərin sığorta stajı aşağıdakı qaydada hesablanır: - təyyarədə çalışan sıravi ekipaj üzvləri üçün ümumi sığorta stajı - sıravi ekipaj üzvü qismində uçuş işinin bütün dövrü ərzində faktiki uçuş saatı 18-ə, alınan nəticə isə 12 aya bölünür (25x12x18=5400 saat). Eyni zamanda bildiririk ki, aparılmış araşdırma zamanı Sizə vaxtilə əmək pensiyası təyin edilərkən pensiya hüququnuzun və pensiya məbləğinizin düzgün hesablanmadığı müəyyən edilmişdir. Mərkəzi Filiala 28 yanvar 2025-ci il tarixli müraciətinizlə əlaqədar Filialın müvafiq sorğusuna "xxxx" ASC-nin 7 aprel 2025-ci il tarixli 227-ÇS/SWA/AD nömrəli məktubunda Sizin uçuş işinin bütün dövrü ərzində tələb olunan 5400 uçuş saatınızın 19 yanvar 2012-ci il tarixində tamam olduğu qeyd olunmuşdur. Nəticədə, Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası güzəştli iş stajınızın tamam olduğu 19 yanvar 2012-ci il tarixində təyin olunmalı olduğu halda, səhvən 30 noyabr 2013-cü il tarixində təyin edilib. Belə ki, Qanunun 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə həmin tarixdən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. Pensiya işinizə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajınız gün təşkil edir. Bununla əlaqədar, 1 yanvar 2006-cı il tarixinədək iş stajınıza uyğun olaraq Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyanızın sığorta hissəsi 10,36 manat (8,78 il x 170 manat : 144 ay) hesablanaraq 19 yanvar 2012-ci il tarixinə indeksləşdirilib 18,31 manat müəyyən edilərək üzərinə, xx.xx.2006-xx.xx.2013-cü il tarixləri arasındakı işlədiyiniz dövr ərzində fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 21849,12 manat pensiya sığorta kapitalınıza uyğun 151,73 (21849,12: 144) manat və 85,00 manat baza hissəsi üzərinə əlavə edilməklə 19 yanvar 2012-ci il tarixindən 255,05 (18,31+151,73+85,00) manat (indeksləşdirilərək xx.xx.2020-ci il tarixinədək 404,53 manat) məbləğində əmək pensiyası təyin edilməli olduğu halda, 30 noyabr 2013-cü il tarixindən 340,28 manat (indeksləşdirilərək xx.xx.2020-ci il tarixinədək 509,84 manat) məbləğində əmək pensiyası təyin edilərək Sizə ödənilib. Qanunun 37.3.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Qanunun 45-ci maddəsinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 29 iyun 2022-ci il tarixindək qüvvədə olan ikinci cümləsinə uyğun olaraq yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (xx.xx.2020-ci il tarixinə kişilər 64 il 6 ay) arasındakı ayların sayı qədər artırılır. Qeyd olunanları nəzərə alaraq, Sizə pensiya təyin edildiyi gündən sonra 6 il və daha çox işlədiyinizə görə işləyən əmək pensiyaçısı olduğunuz dövrdə fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 82411,89 manat pensiya sığorta kapitalınız Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddəti aylarının sayına - 363 aya (64 il 6 ay – 40 il 3 ay= 291 ay+(144 ay - 72 ay)) bölünərək 277,03 (82411,89:363) manat əmək pensiyanızın (404,53 manat) üzərinə əlavə edilərək 1 yanvar 2020-ci il tarixindən yenidən hesablanaraq 631,56 (404,53+227,03) manata artırılıb. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, Sizə son üç il üzrə 2236,06 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilib. Həmin vəsaitin əmək pensiyanızdan tutularaq büdcəyə bərpa edilməsi üçün yazılı razılığınızı mümkün qısa müddətdə Mərkəzi Filiala təqdim etməyiniz xahiş olunur. İş materiallarında olan cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2020-ci il tarixli, **********3 nömrəli qərarına əsasən iddiaçıya xx.xx.2013cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, iddiaçının əmək pensiyası yenidən hesablanmış, yenidən hesablamanın səbəbi «37.3.1» qeyd edilmişdir. Hazırkı pensiya məbləği 509,84 manat, yenidən hesablanmış pensiya məbləği isə 676,34 manat təşkil edir. İş materiallarında olan cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2025-ci il tarixli, 3-17-1/3-3-8505/2025 nömrəli qərarına əsasən iddiaçıya xx.xx.2012-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş, iddiaçının əmək pensiyası yenidən hesablanmış, yenidən hesablamanın səbəbi «6 illik, 39.1-ci maddə, məhdudlaşdırma» qeyd edilmişdir. Hazırkı pensiya məbləği 1097,12 manat, yenidən hesablanmış pensiya məbləği isə 1026,00 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. İşin faktiki hallarından görünür ki, İddiaçı xx.xx.1979-cu ildə doğulmuşdur. İddiaçıya xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, sonradan müraciəti əsasında pensiyanın təyin olduğu tarix xx.xx.2012-ci ilə dəyişdirilmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il və xx.xx.2025-ci il tarixli qərarlarla iddiaçının əmək pensiyası yenidən hesablanmışdır. İddiaçı hazırda həmin qərarları mübahisələndirir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci və 45-ci maddələrinə əsaslanmaqla müvafiq qərarlarla iddiaçının əmək pensiyasını yenidən hesablamışdır. Bu zaman iddiaçının fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı gözlənilən pensiya ödənişi müddəti aylarının sayına - 363 aya (65 il 6 ay -40 il 3 ay = 291 ay + (144 ay-72 ay) bölünərək pensiya məbləği hesablanmışdır. İddiaçı hazırda əmək pensiyası yenidən hesablanarkən sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı artırılmadan əmək pensiyasının yenidən hesablanmasını tələb edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: - xx.xx.2017-ci il tarixədək qüvvədə olan maddə 45. Bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 6 mart 2006-cı il tarixli 377 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.11-ci bəndinə görə Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulur). “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinə xx.xx.2017-ci il tarixli 543- VQD nömrəli Qanunla (xx.xx.2017-ci ildən qüvvəyə minmişdir) 45-ci maddəsinə əsasən aşağıdakı məzmunda ikinci cümlə əlavə edimişdir: “Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır.”. xx.xx.2022-ci il tarixli 530-VİQD nömrəli Qanunun (xx.xx.2022-ci ildən qüvvəyə minmişdir) 1.11-ci maddəsi ilə “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsi çıxarılmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinə edilmiş dəyişikliklərlə Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslər üçün gözlənilən pensiya ödənişi müddəti aylarının sayı: - xx.xx.2017-ci il tarixədək 144; - xx.xx.2017-xx.xx.2022-ci illərdə 144+ güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı; -xx.xx.2022-ci ildən yenidən 144 olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya pensiya təyin edilərkən və əmək pensiyası yenidən hesablanarkən “Əmək pensiyaları haqqında” Qanunun əmək pensiyalarının yenidən hesablanması məsələlərini tənzimləyən 45-ci maddəsinin ikinci cümləsinin yeni məzmunu Qanuna əlavə edilməmiş, həmçinin artıq “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyasındakı ikinci cümləsi də Qanundan çıxarılmışdır. Bu səbəbdən cavabdeh tərəfindən qəbul edilmiş qərar qanuni və əsaslı hesab edilə bilməz. İddiaçının fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı əsasında əmək pensiyası «Əmək pensiyaları haqqında» Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanmalıdır. Keçid müddəaya gəldikdə isə həmin norma xx.xx.2017-xx.xx.2022-ci il tarixlərdə əmək pensiyası (yaxud yenidən hesablama) hüququ yaranan, lakin həmin tarixdə deyil, sonradan əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması barədə qərar qəbul edilən şəxslərə yeni normanın şamil edilməməsi nəzərdə tutulduğu halda xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş iddiaçıya pensiya hüququ yarandığı vaxt qüvvədə olmayan Qanunun 45-ci maddəsinin ikinci cümləsi tətbiq edilərək pensiyası yenidən hesablanmışdır. Başqa sözlə, nə qədər ki, iddiaçının əmək pensiyasının yenidən hesablanması hüququ xx.xx.2022-ci ilə qədər deyil, həmin tarixdən sonra yaranmışdır, deməli, iddiaçıya hüququnun yarandığı vaxt qüvvədə olan norma tətbiq edilməlidir, qüvvədən düşmüş norma deyil. Beləliklə, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin müddəalarından aydın olur ki, qanunverici pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçılarına münasibətdə pensiyanın yenidən hesablanmasını sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması ilə əlaqələndirmiş, pensiya ödənişi müddəti aylarının sayının isə pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər azaldılmaqla hesablandığını göstərmişdir. Qanunverici göstərilən maddədə pensiyaya çıxmasına baxmayaraq, hər hansı sahədə əmək fəaliyyətini davam etdirən şəxslərin ödədikləri məcburi dövlət sosial sığorta haqları hesabına pensiya kapitalının sığorta, habelə yığım hissələri üzrə toplanmanın davam etdiyini, həmin şəxsin sonradan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya işləməyə davam etdiyi təqdirdə hər 6 ildən bir əmək pensiyalarının bu maddədə nəzərdə tutulmuş qaydada yenidən hesablanmalı olduğunu imperativ qaydada müəyyən etmişdir. Hazırkı iş üzrə iddiaçının pensiyası yenidən hesablanarkən cavabdeh inzibati orqan 13 may 2022-ci il tarixli Qanunun 2.2-ci maddəsinə (Keçid müddəlarına) istinadən normanın ləğvinin (45-ci maddənin ikinci cümləsi) həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmədiyini bildirir. Qeyd edilməlidir ki, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin xx.xx.2022-ci il tarixli Qanunla ləğv edilmiş ikinci cümləsi 10 mart 2017-ci il tarixli Qanun ilə maddəyə əlavə edilmiş (xx.xx.2017-ci ildə qüvvəyə minmişdir) və yalnız pensiyanın ilk dəfə təyin edilməsi qaydasını tənzimləyir, pensiyanın yenidən hesablanması hallarına şamil olunmur. Pensiyanın yenidən hesablanması isə Qanunun 37.3.1-ci maddəsi ilə tənzimlənir. İddiaçıya ilk pensiya təyinatı xx.xx.2017-ci ilədək, yəni Qanunun 45-ci maddəsinə əlavə edilmiş ikinci cümlənin hüquqi qüvvəyə minməsindən əvvəl həyata keçirilmişdir. Bu isə o deməkdir ki, iddiaçının pensiya hüququ formalaşanda həmin norma ümumiyyətlə mövcud olmamışdır. Belə olan halda sonradan həmin normanın yenidən hesablamaya tətbiqi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələblərini, yəni fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini pisləşdirən normativ hüquqi aktların geriyə şamil edilməsinin qadağan olunması prinsipini pozur. Azərbaycan Respublikası Ali Məhkəməsinin analoji iş üzrə 2-1(102)-2928/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarında hüquqi mövqe qeyd olunan qaydada əsaslandırılmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.3. maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 2.0.10. əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mübahisələndirdiyi cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2025-ci il tarixli qərarının nömrəsi «3-17-1/3-3-8505/2025» olduğu halda, birinci instansiya məhkəməsinin qərarında «3-17-1/3-8405/2025» göstərilmişdir. Məhkəmə kollegiyası bunu texniki yanlışlıq kimi qiymətləndirir. Bu səbəbdən də birinci instansiya məhkəməsinin qərarı - qərara aldı hissədə cavabdehin mübahisələndirilən “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2025-ci il tarixli qərarının nömrəsi «3-17-1/3-3-8505/2025» göstərilməklə, dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-10083/2025 nömrəli, 07 avqust 2025-ci il tarixli qərarı - qərara aldı hissədə cavabdehin mübahisələndirilən “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2025-ci il tarixli qərarının nömrəsi «3-17-1/3-3- 8505/2025» göstərilməklə, dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-4258/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4258/2025
18.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver