Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-426/2021 09.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Nağıyeva (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli, 2-1(112)-6241/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 03 sentyabr 2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, AR Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərar əsasında tətbiq edilmiş qadağalar nəticəsində qanuni mənafeyinə vurulmuş 3000 AZN məbləğində maddi ziyanın və 1000 000 manat məbləğində mənəvi ziyanın cavabdeh inzibati orqandan alınaraq ona ödənilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2020-ci ilin mart ayının əvvəllərindən başlayaraq, avqust ayının 15-dək olan 6 aylıq müddət ərzində rəsmi şəkildə ona hər hansı bir qərar elan olunmadan ailə üzvləri ilə görüşlər dayandırılmışdır. Həmçinin, görüşlərlə yanaşı 2020-ci ilin mart ayından may ayınadək olan 3 aylıq müddət ərzində ona gətirilən sovqatların da qəbulu dayandırılmışdır.Saxlanıldığı 09 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyi bu qadağaların tətbiqinin fərdi xarakter daşımadığını bildirmişdir. 3 ay ərzində sovqat qəbulunun qadağan edilməsi nəticəsində o, özü hər ay 1000 AZN məbləğində nağd pul vəsaitini xərcləmək məcburiyyətində qalaraq, bu müddət ərzində ümumilikdə 3000 AZN məbləğində maddi zərərin təsirinə məruz qalmışdır. Bundan əlavə son 6 ay ərzində qanunsuz qadağaların tətbiqi ilə bağlı ona ailə üzvləri ilə görüşlərin təqdim olunmaması psixoloji və mənəvi sarsıntılara səbəb olmuş, nəticədə ona 1000 000 AZNdən artıq mənəvi zərər vurulmuşdur. Bakı İnzibati Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli, 2-1(112)-6241/2020 nömrəli qərardadı ilə (hakim M.Qarayeva) iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı 19.11.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli, 2-1(112)-6241/2020 nömrəli qərardadının ləğv olunmasını, inzibati mübahisəyə mahiyyəti üzrə inzibati məhkəmə icraatı qaydasında baxılmasını və iş üzrə Səbail rayon Məhkəməsinin 30 iyul 2020-ci il tarixli, 2(009)-1635/2020 saylı qərardadının mövcudluğunun nəzərə alınmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Səbail rayon Məhkəməsinin hakimi Şahin Abdullayev tərəfindən 30 iyul 2020-ci il tarixli, 2(009)-1635/2020 saylı qərardad qəbul edilməklə, iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalı olması qənaətinə gəlmişdir. BİM qərardadında qeyd olunan normativ hüquqi aktlara istinadları ilə hakim əsassız qənaətə gəlmiş, nəticədə isə qanunsuz və ədalətsiz qərardad qəbul edilmişdir. İddiaçı və cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə onların nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün saymışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının 11.11.2020-ci il tarixli, 4728 saylı arayışına əsasən Təqsirləndirilən şəxs İddiaçı hal-hazırda 3 saylı İstintaq Təcridxanasının hesabında olduğu göstərilmişdir. Məhkəmə kollegiyası tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri 3 saylı İstintaq Təcridxanasına, 9 saylı cəzaçəkmə müəssisəsinə, Şəki Pentensiar Xidmət Müəssisəsinə göndərilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birgə araşdırıb belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İşin hallarından görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək, AR Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərar əsasında tətbiq edilmiş qadağalar nəticəsində qanuni mənafeyinə vurulmuş 3000 AZN məbləğində maddi ziyanın və 1000 000 manat məbləğində mənəvi ziyanın cavabdehdən tutulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi qərardadında qeyd etmişdir ki, “koronavirus (COVİD 19) xəstəliyinin Azərbaycan Respublikası ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən həyata keçirilən profilaktik və təxirəsalınmaz tədbirlər ümumi xarakter daşıdığından həmin tədbirlərin həyata keçirilməsi ilə əlaqədar müəyyən məhdudiyyətlərin tətbiq edilməsi nəticəsində şəxs (iddiaçı) hər hansı məhrumiyyətə məruz qalırsa, bu hal onun hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşaraq,aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddia tələbini AR Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərar əsasında tətbiq edilmiş qadağalar nəticəsində qanuni mənafeyinə vurulmuş maddi və mənəvi zərərin ödənilməsi təşkil etmiş, cavabdeh qismində isə Azərbaycan Respublikasının Nazirlər Kabineti göstərilmişdir. Göründüyü kimi iddiaçı pozulmuş hüquqları və qanuni mənafeləri nəticəsində ona tələb etdiyi maddi və mənəvi zərərin Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarın nəticəsi olaraq vurulduğunu qeyd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia ərizəsində nəzərdə tutduğu tələbini hazırkı iş üzrə cavabdeh qismində göstərilmiş inzibati orqanın hərəkətləri nəticəsində vurulduğunu sübut etmədiyindən, bu barədə hər hansı sənədləri məhkəməyə təqdim etmədiyindən birinci instansiya məhkəməsinin iddia tələbini mümkün sayılmaması barədə gəldiyi nəticə düzgün olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarındakı hüquqi mövqelərdən biri belə olmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlili olan Səbail rayon Məhkəməsinin hakimi Şahin Abdullayev tərəfindən 30 iyul 2020-ci il tarixli, 2(009)- 1635/2020 saylı qərardad qəbul edilməklə, iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalı olması qənaətinə gəlməsi ilə əlaqədar qeyd edir ki, hazırkı iddia tələbinə inzibati icraat qaydasında baxılır. Lakin, iddiaçının tələb etdiyi maddi və mənəvi zərərin cavabdeh qismində göstərdiyi orqanın hərəkətləri nəticəsində vurulması iddiaçı tərəfindən əsaslandırılmadığından iddia tələbi mümkün sayılmamışdır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli, 2-1(112)-6241/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-426/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-426/2021
09.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver