Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-426/2024 30.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi Nümayəndə Kəmaləddin qızının, Üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının nümayəndələri X2 və X1 iştirakları ilə, İddiaçı Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı üçüncü şəxs qismində cəlb edilməklə) “məcburi dövlət sosial sığorta haqqı üzrə hesablanmış borcun silinməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-86/2023 saylı, 20 iyul 2023-cü il tarixli qərarından cavabdeh və üçüncü şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə İş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya xx.xx.2018-ci il tarixədək hesablanmış 252.712,26 manat (əsas borc 249.065,67 manat və 3.646,59 manat penya olmaqla) məbləğində məcburi dövlət sosial sığorta haqqı üzrə borcun şəxsi hesabdan silinməsi və iddiaçı tərəfindən xx.xx.2012-ci il tarixdən xx.xx.2018-ci il tarixədək (2018-ci ilin 3-cü rübü də daxil olmaqla) təqdim edilmiş dəqiqləşdirilmiş hesabatların qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, iddiaçıya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin İri Sığortaedənlərlə İş İdarəsi tərəfindən xx.xx.2018-ci ilə qədər əsas borc 249.065,67 manat və 3646,59 manat penya olmaqla, cəmi 252.712,26 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı üzrə əsassız borc hesablanmışdır. Bununla bağlı iddiaçı tərəfindən 3/11 nömrəli, xx.xx.2018-ci il tarixli məktubla 2012-ci ildən 2018-ci ilin 3-cü rübü də daxil olmaqla olan dövr üzrə dəqiqləşdirilmiş hesabatlar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin İri Sığortaedənlərlə İş İdarəsinə göndərilmişdir. Poçt qəbzindən göründüyü kimi sözügedən hesabatlar xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin İri Sığortaedənlərlə İş İdarəsi tərəfindən heç bir əsas olmadan qəbul edilməmiş və imtinanın əsaslandıran heç bir məktub iddiaçıya göndərilməmişdir. İddiaçı tərəfindən yenidən dəqiqləşdirilmiş hesabatların təqdim edilməsinə əsas iddiaçının mühasibatlığı tərəfindən yol verilmiş yanlışlıqla əlaqədardır. Belə ki, xx.xx.2012-ci ildən xx.xx.2018-ci ilə qədər olan dövrdə iddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin İri Sığortaedənlərlə İş İdarəsi verilən rüblük və illik hesabatlarda məcburi dövlət sosial sığorta haqları üzrə hesablanmalı olan məbləğlər düzgün göstərilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin İri Sığortaedənlərlə İş İdarəsi isə həmin hesabatları qəbul etməli olduğu halda bunu etməmiş, vəzifəsini icra etməkdən yayınmış, bununla da iddiaçıya məcburi dövlət sosial sığorta haqqı üzrə borc hesablanmışdır. Bununla belə hesabatları qəbul etməkdən imtina barədə məktub cavabdehə təqdim edilməmişdir. İddiaçı tərəf xx.xx.2018-ci il tarixdə “iddia tələbinin həcminin azaldılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən xx.xx.2012-ci ildən xx.xx.2018-ci il tarixədək (2018-ci ilin 3-cü rübü də daxil olmaqla) təqdim edilmiş dəqiqləşdirilmiş hesabatların qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddiaçı tərəf xx.xx.2019-cu il tarixdə “iddia tələbinin dəyişdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun tərəfindən xx.xx.2012-ci ildən xx.xx.2018-ci il tarixədək (2018-ci ilin 3-cü rübü də daxil olmaqla) təqdim edilmiş dəqiqləşdirilmiş hesabatların cavabdeh tərəfindən qəbul edilməməsinə dair hərəkətlərin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-584/19 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(103)-1746/2019 nömrəli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə İş İdarəsi Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti ilə əvəz edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(103)-1746/2019 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməyərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-584/19 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(102)-3150/2019 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019cu il tarixli, 2-1(103)-1746/2019 nömrəli qərardadı ləğv edilərək işə təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2- 1(103)-323/2020 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilərək, hazırkı iş üzrə qəbul edilmiş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)- 584/19 nömrəli qərardadı ləğv edilmiş, iş müvafiq prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilmişdir. İşə birinci instansiya məhkəməsində təkrar baxılan zaman iddiаçı “iddianın dəyişdirilməsi” barədə ərizə təqdim edərək, iddiaçıya xx.xx.2018-ci il tarixə qədər hesablanmış cəmi 252.712,26 manat (əsas borc – 249.065,67 manat və 3.646,59 manat penya olmaqla) məbləğində məcburi dövlət sosial sığorta haqqı üzrə borcun iddiaçının şəxsi hesablarından silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, iddiaçı tərəfindən xx.xx.2012-ci ildən xx.xx.2018-ci ilə qədər, 2018-ci ilin 3-cü rübü də daxil olmaqla təqdim edilmiş dəqiqləşdirilmiş hesabatların cavabdeh tərəfindən qəbul edilməməsindən ibarət hərəkətlərinin qanunsuz hesab edilməsi, iddiaçı tərəfindən xx.xx.2012-ci ildən xx.xx.2018ci ilə qədər, 2018-ci ilin 3-cü rübü də daxil olmaqla təqdim edilmiş dəqiqləşdirilmiş hesabatların qəbul edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-911/221 nömrəli qərardadı ilə iddiаçı Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qаrşı iddiaçıya xx.xx.2018-ci il tarixə qədər hesablanmış cəmi 252.712,26 manat (əsas borc – 249.065,67 manat və 3646,59 manat penya olmaqla) məbləğində məcburi dövlət sosial sığorta haqqı üzrə borcun iddiaçının şəxsi hesablarından silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, iddiaçı tərəfindən xx.xx.2012-ci ildən xx.xx.2018-ci ilə qədər, 2018-ci ilin 3-cü rübü də daxil olmaqla təqdim edilmiş dəqiqləşdirilmiş hesabatların cavabdeh tərəfindən qəbul edilməməsindən ibarət hərəkətlərinin qanunsuz hesab edilməsi, iddiaçı tərəfindən xx.xx.2012-ci ildən xx.xx.2018ci ilə qədər, 2018-ci ilin 3-cü rübü də daxil olmaqla təqdim edilmiş dəqiqləşdirilmiş hesabatların qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası geri götürülmüş hesab edilmiş və iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2022-ci il tarixli, 2- 1(103)-1479/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilərək, hazırkı iş üzrə qəbul edilmiş Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-911/221 nömrəli qərardadı ləğv edilmiş, iş müvafiq prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə, Azərbaycan Respublikası Əmək və Əhalənin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. Daha sonra, iddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2023-cü il tarixdə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə xx.xx.2018-ci il tarixədək hesablanmış 252.712,26 manat (əsas borc 249.065,67 manat və 3.646,59 manat penya olmaqla) məbləğində məcburi dövlət sosial sığorta haqqı üzrə borcun şəxsi hesabdan silinməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddia tələbinin dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, iddiaçı tərəfindən silinməsi tələb edilən əsas borc məbləği iddiaçının özü tərəfindən DSMF-yə təqdim edilmiş hesabatlardan yaranır. Həmin borc məbləğinin mübahisələndirilməsi üçün qeyd olunan məbləğ ya cavabdeh orqan tərəfindən, ya da yuxarıda adı çəkilən digər orqan tərəfindən hesablanmalı idi. Lakin təqdim edilmiş məlumatdan aydın olur ki, mübahisələndirilən məbləğin əsası iddiaçının öz hesabatlarıdır. Belə olan halda iddiaçı həmin məbləğin silinməsi ilə məhkəməyə müraciət edə bilməz. İddiaçı tərəfindən borcun aid olduğu dövrə dəqiqləşdirilmiş hesabat təqdim edilməlidir. Lakin iddiaçı bu vəzifənin də məhkəmə qərarı ilə realizə olunmasını tələb edir. İddiaçının silinməsini tələb etdiyi borc məbləği inzibati orqan tərəfindən hesablanmış olsa idi iddiaçı həmin borcun silinməsi ilə bağlı birbaşa məhkəməyə müraciət etməkdə haqlı olardı. Lakin hazırkı halda vəziyyətin fərqli olması nəzərə alınmalıdır. Əvvəla iddiaçının şəxsi hesab vərəqində xx.xx.2019-cu il tarixə hazırda mübahisələndirdiyi 249.065,67 manat MDSS üzrə borcu vardır. Həmin borc iddiaçının özü tərəfindən təqdim edilmiş hesabatların nəticəsində yaranmışdır. İddiaçı həmin bəyannamələrin cavabdeh orqan tərəfindən qəbul edilməsini və bəyannamələrdə qeyd olunanlara uyğun olaraq 249.065,67 manat məbləğin silinməsini məhkəmədən xahiş edir. Bundan belə nəticəyə gəlinir ki, iddiaçı bəyannamələr təqdim edildikdən sonra inzibati orqan tərəfindən həmin bəyannamələrin Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada kameral və ya səyyar qaydada yoxlanılmadan təsdiq edilməsini və həmin bəyannamələrin təsdiqi nəticəsində də 249.065,67 manat borcun azaldılmasını məhkəmə qərarı ilə təmin etməyə çalışır. Cavabdeh iddia tələbinin mümkünsüz hesab edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-86/2023 saylı, 20 iyul 2023-cü il tarixli qərarı ilə (hakim H.Ağalarov) iddia təmin edilmiş, Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin şəxsi hesab vərəqəsindən məcburi dövlət sosial sığorta haqqı üzrə hesablanmış 252.712,26 manat (əsas borc 249.065,67 manat və 3.646,59 manat penya olmaqla) məbləğində borcun silinməsi vəzifəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh və üçüncü şəxs tərəfindən apellyasiya şikayətləri verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-86/2023 saylı, 20 iyul 2023-cü il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş olunmuşdur. Cavabdehin apellyasiya şikayətinin dəlilləri: Cavabdehin apellyasiya şikayəti iddiaya etirazla oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, iddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2023-cü il tarixdə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə xx.xx.2018-ci il tarixədək hesablanmış 252.712,26 manat (əsas borc 249.065,67 manat və 3.646,59 manat penya (olmaqla) məbləğində məcburi dövlət sosial sığorta haqqı üzrə borcun şəxsi hesabdan silinməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddia tələbinin dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmiş, lakin məhkəmə dəqiqləşmiş yeni iddia tələbinə qarşı cavabdehin münasibətini yazılı şəkildə məhkəməyə bildirməsi üçün müddət təyin etməmişdir. İddiaçı tərəfindən silinməsi tələb edilən əsas borc məbləği iddiaçının özü tərəfindən DSMF-yə təqdim edilmiş hesabatlardan yaranır. Həmin borc məbləğinin mübahisələndirilməsi üçün qeyd olunan məbləğ ya cavabdeh orqan tərəfindən, ya da yuxarıda adı çəkilən digər orqan tərəfindən hesablanmalı idi. Lakin təqdim edilmiş məlumatdan aydın olur ki, mübahisələndirilən məbləğin əsası iddiaçının öz hesabatlarıdır. Cavabdeh inzibati orqan apellyasiya şikayətinə əlavə verərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-86/2023 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, əlavə onunla əsaslandırılmışdır ki, məhkəmə qərarında qeyd olunur ki, qanunvericiliyin tələblərinə görə mübahisələndirilən borcun yaranma əsaslarını sübut etmək vəzifəsi cavabdehə aiddir. Lakin hazırkı işdə nə cavabdeh, nə də üçüncü şəxs sözügedən borcun mövcudluğunu inandırıcı və mötəbər dəlillərlə sübut edə bilməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı istər həmin borcun ödənilməsini tələb edən vergi orqanına, istərsə də borcun hesablanması ilə bağlı informasiya sistemində məlumat yerləşdirmiş orqana sorğular göndərilmiş, lakin borcun yaranma əsasları və hesablanma qaydasına dair sübutlar təqdim edilməmişdir. Nəzərə almaq lazımdır ki, cavabdeh sadəcə borcun mövcudluğunu bildirməklə kifayətlənə bilməz, o, həm də borcun yaranma əsaslarını mötəbər qaydada sübut etmək vəzifəsi daşıyır. Bu mənada, öz-özlüyündə borcun mövcud olduğunun bildirilməsi kifayət deyil, həm də onun necə yarandığı və hansı qaydada hesablandığı da əsaslandırılmalı və sübut olunmalıdır. İddiaçı tərəfindən vergi orqanına və DSMF-yə müvafiq dövr üzrə hesabatlar təqdim edilmişdir. İddiaçı tərəfindən silinməsi tələb edilən əsas borc məbləği iddiaçının özü tərəfindən təqdim edilmiş hesabatlardan yaranmışdır (2017- 2018-ci il illər üzrə məcburi dövlət sosial sığorta haqqı (0111) üzrə hesabatların surətləri etiraza əlavə edilir). 2012- 2016-cı illər üzrə Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin məcburi dövlət sosial sığorta haqqı üzrə hesabatları Dövlət Vergi Xidmətinin bazasına inteqrasiya olunmadığı üçün aidiyyəti üzrə təqdim edilməsi mümkün olmamışdır. Həmçinin, DSMF tərəfindən yaranan borcun hansı hesabat dövrünə aid olması barədə məlumatlar məhkəməyə təqdim edilmişdir. Belə ki, Vergi Məcəlləsinin 85.5-1-ci maddəsinə əsasən, bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələrində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlər məcburi dövlət sosial sığorta haqqına münasibətdə tətbiq edilmir. Yəni iddiaçı yaranan borcla razi deyilsə dəqiqləşdirilmiş hesabatlarını vergi orqanına təqdim etməli və təqdim edilmiş hesabatlar üzrə Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada kameral və ya səyyar qaydada yoxlama aparmalı idi. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddia tələbinin dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmiş, lakin məhkəmə dəqiqləşmiş yeni iddia tələbinə qarşı cavabdehin münasibətini yazılı şəkildə məhkəməyə bildirməsi üçün müddət təyin etməmişdir. Beləliklə, məhkəmə qərarı qəbul edilərkən prosessual və maddi hüquq normalarının tələbləri pozulmuşdur və qeyd olunanlar birmənalı şəkildə barəsində şikayət olunan qərarın ləğv edilməsi üçün ciddi əsaslardır. Üçüncü şəxsin apellyasiya şikayətinin dəlilləri: Qərardan narazı qalan üçüncü şəxs apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-86/2023 saylı, 20 iyul 2023-cü il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxsin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Sığorta” (Hesabat)” altsistemində “X5”da Universitetin 1 oktyabr 2018-ci il tarixinə məcburi dövlət sosial sığorta haqqı üzrə 249.065,67 manat, maliyyə sanksiyaları (o cümlədən penya) və inzibati cərimə üzrə isə 3646,59 manat olmaqla ümumilikdə 252.712,26 manat Fonda borcu qalmışdır. Lakin Universitet iddia edir ki, rüblük hesabatlarda hesablanmış əmək ödənişində yanlış məbləğlər, hesablanmış məcburi dövlət sosial sığorta haqqı üzrə (Forma B1) yanlışlıqla külli miqdarda borc, o cümlədən sığortaolunanların adlı siyahısında (Forma B3) fərqli məlumatlar əks olunmuşdur. Bütün bunlara baxmayaraq, 7 ilə yaxın dövrdə 27 rüblük hesabat sığortaedənin rəhbəri tərəfindən imza və möhürlə təsdiqlənmişdir. Məhkəmə həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirmədən əsassız olaraq iddianı təmin etmişdir. Üçüncü şəxs apellyasiya şikayətinə əlavə verərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-86/2023 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, əlavə onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsi qərarın “əsaslandırma” hissəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 17 noyabr 2022-ci il tarixli 2-1(102)-2105/2022 nömrəli Qərarına istinad etmiş, oxşar münasibət olduğu üçün Ali Məhkəmənin mövqeyini rəhbər tutmuşdur. Ali Məhkəmənin İnzibati Kollegiyasının sözügedən qərarı ilə əlaqədar bildirilir ki, iddiaçı X4 cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsinə qarşı (üçüncü şəxs: Filial) məcburi dövlət sosial sığorta haqqı üzrə hesablanmış 500,00 (beş yüz) manat borcun silinməsinə dair qərar qəbul edilməsini xahiş etmiş, birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmiş, apellyasiya və kassasiya məhkəməsi qərarı dəyişdirmədən qüvvədə saxlamışdır. Qeyd olunan iş üzrə Fond tərəfindən borcun yaranma əsası barədə mötəbər sübut təqdim edilmədiyinə görə məhkəmə prosesi Filialın əleyhinə yekunlaşmışdır. Lakin, hal-hazırki işdə borcun yaranma əsasları barədə müvafiq dövrlər üzrə sığortaedən tərəfindən təsdiq və təqdim edilən hesabatlar və digər sübutlar məhkəməyə təqdim edilmişdir. Bu səbəbdən Bakı İnzibati Məhkəməsi qərar qəbul edərkən Ali Məhkəmənin qərarına əsaslanması düzgün deyildir. Məhkəmə qərar qəbul edərkən xüsusi bilik tələb olunan sənədlərin (hesabatlar, dinamika cədvəli) aydınlaşdırılması, sığortaedən tərəfindən təqdim edilmiş dəqiqləşdirilmiş hesabatlarla Filialın təqdim etdiyi ilkin hesabatların, o cümlədən sığortaedən tərəfindən işçilərə ödənilmiş əməkhaqqı məbləğləri ilə bağlı bank çıxarışlarının, əmək müqavilələrində əməkhaqqı ilə bağlı göstərilən məbləğlərin üzləşdirilməsi, borcun yaranma tarixi və əsasının müəyyənləşdirilməsi üçün ekspertiza təyin etmədən, heç bir əsas olmadan sığortaedənin borcunun silinməsi barədə qərar qəbul etmişdir. Həmçinin, iş materiallarının içərisində sığortaedənin 2012-2018-ci illər üzrə Dövlət Vergi Xidmətinə təqdim edilmiş vergi bəyannamələri yoxdur. Qərar qəbul edilməmişdən əvvəl birinci instansiya məhkəməsi tərəfindən həmin dövrlər üzrə vergi bəyənnamələrinə baxılmalı, Fonda təqdim edilmiş hesabatlarla üzləşdirilməli idi. Həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 18 noyabr 2014-cü il tarixli 04 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığorta haqqının toplanması qaydaları”nın (bundan sonra – Qayda) 7.16-cı bəndinə əsasən əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatdakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda sığortaedənlər tərəfindən həmin dövr üçün dəqiqləşdirilmiş hesabatlar təqdim edilməli idi. İddia ərizəsi ilk dəfə xx.xx.2018-ci il tarixində məhkəməyə təqdim edilərkən iddia tələbi “məcburi dövlət sosial sığorta haqqı üzrə 249.065,67 manat, maliyyə sanksiyaları (o cümlədən penya) və inzibati cərimə üzrə isə 3646,59 manat olmaqla ümumilikdə 252.712,26 manat borcun silinməsi və xx.xx.2012-ci il tarixindən xx.xx.2018-ci ilədək, 2018-ci ilin İİİ rübü də daxil olmaqla dəqiqləşdirilmiş hesabatların qəbul edilməsi” olmuş, daha sonra iddia həcminin azaldılması ilə müraciət edilərək “borcun silinməsi tələbi” iddiadan çıxarılmışdir. xx.xx.2020-ci il tarixində yenidən iddia ərizəsinə dəqiqləşdirilmə verilmiş “borcun silinməsi” tələbi iddiaya əlavə edilmişdir. Yenidən xx.xx.2023-cü il tarixində iddia tələbinə dəqiqləşdirilmə verilmiş, xx.xx.2012-ci il tarixindən xx.xx.2018-ci ilədək, 2018-ci ilin İİİ rübü də daxil olmaqla “dəqiqləşdirilmiş hesabatların qəbul edilməsi” iddia tələbindən çıxarılmış, yalnız borcun silinməsi tələbi saxlanılmışdır. Göründüyü kimi iddiada dəfələrlə dəyişiklik edilmiş, xx.xx.2023-cü il tarixində iddianı dəyişməyə heç bir əsas və yeni yaranmış zərurət olmadan dəqiqləşdirilmə verildiyi halda bu məhkəmə tərəfindən qəbul edilmiş və həmin gün də iddiaçının xeyrinə qərar verilmişdir. İddiada xx.xx.2012-ci ildən xx.xx.2018-ci ilədək, 2018-ci ilin İİİ rübü də daxil olmaqla dəqiqləşdirilmiş hesabatların qəbul edilməsi nəzərdə tutulsa da, iş materiallarının içərisində yalnız 2013-cü ilin 4 rübü və 2014-cü ilin və 2 rübü üzrə dəqiqləşdirilmiş hesabatlar (cəmi 6 rüb) öz əksini tapmışdır. Məhkəmə prosesi 2018-ci ildən bugünədək davam etsə də, heç bir mərhələdə digər dövrlər üzrə (21 rüb) dəqiqləşdirilmiş hesabatların iş materiallarının içərisinə əlavə edilməsi təmin edilməmişdir. Hesab edirik ki, həmin hesabatlar araşdırılmadan məsələ ilə bağlı hər hansı obyektiv nəticəyə gəlmək mümkün deyildir. Məhkəməyə təqdim edilmiş 2013-cü ilin 4 rübü və 2014-cü ilin İ və İİ rübü üzrə dəqiqləşdirilmiş hesabatlarla Fonda təqdim edilmiş ilkin hesabatlar tərəflərindən üzləşdirilmiş, lakin yuxarıda qeyd edilən, dəqiqləşdirilmiş hesabatın təqdim edilməsi üçün hər hansı əsas, yəni fərqli məlumatlar (məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlər, ödənilmiş məcburi dövlət sosial sığorta haqqı, işçi sayı barədə məlumatlar) aşkar edilməmişdir. Sığortaedən ilkin hesabatlarında yanlışlıq olduğunu, mövcud borcun isə bu yanlışlıq nəticəsində yarandığını iddia edərək dəqiqləşdirilmiş hesabatların qəbul edilməsi nəticəsində borcun silinməsini tələb etmişdir. Sonradan dəqiqləşdirilmiş hesabatın qəbul edilməsinin iddia tələbindən çıxarıldığı halda məhkəmə heç bir əsas olmadan borcun silinməsi barədə qərar vermişdir. Əgər iddia üzrə borcun silinməsi tələb edilirdisə onun konkret olaraq hansı əsasla silinməsi barədə sənəd və dəlillər təqdim edilməli idi. Sığortaedənin 2007-ci il tarixindən borcu yaranmış və borcun tam ödənilməsi həyata keçirilməmiş və nəticədə xx.xx.2018-ci il tarixinə məcburi dövlət sosial sığorta haqqı üzrə 249.065,67 manat, maliyyə sanksiyaları (o cümlədən penya) və inzibati cərimə üzrə isə 3646,59 manat olmaqla, ümumilikdə 252.712,26 manat borcu olmuşdur. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 6 mart 2018-ci il tarixli 1042-VQ nömrəli Qanununa və sığortaedənin təqdim etdiyi hesabatlara əsasən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Hesabat) altsistemində “X5da” iddiaçının şəxsi vərəqəsindən 1 may 2018-ci il tarixində 1 yanvar 2015-ci il tarixinədək yaranmış və 1 aprel 2018-ci il tarixinədək ödənilməmiş 41.540,10 (qırx bir min beş yüz qırx manat on qəpik) manat məcburi dövlət sosial sığorta qaydalarına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya), 1 yanvar 2015-ci il tarixindən yaranmış və 1 aprel 2018-ci il tarixinədək ödənilməmiş 18.418,37 (on səkkiz min dörd yüz on səkkiz manat otuz yeddi qəpik) manat (qismən 90 faiz) məcburi dövlət sosial sığorta qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) silinmişdir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun borc yarandığı dövrdə qüvvədə olan 21-ci maddəsinin 11-ci abzasına əsasən sığortaedənlərin məcburi dövlət sosial sığorta haqqının ödənilməsi gecikdirildikdə - gecikdirilmənin hər gününə görə, lakin bir ildən çox olmamaq şərti ilə sığorta haqqının 0,1 faizi məbləğində penya hesablanırdı. Maliyyə sanksiyası və hesablanmış penya borcu üzrə ümumilikdə 59.958,47 (əlli doqquz min doqquz yüz əlli səkkiz manat, qırx yeddi qəpik) manat məbləğin silinməsi ilə bağlı sığortaedən və Filial arasında üzləşmə aktı mövcuddur. Belə ki, sığortaedən həmin dövr üzrə borcunun olduğunu üzləşmə aktını imza və möhürü ilə təsdiq etməklə etiraf etmişdir (üzləşmə aktı əlavə olunur). Əlavə olaraq, məcburi dövlət sosial sığortası üzrə rüblük (Forma B1) hesabatlara dəqiqləşmə verildiyi halda illik (Forma B3) hesabatlara da dəqiqləşmə verilməli idi. Həmçinin, ümumiyyətlə hesabat dövrünün əvvəlinə olan məcburi dövlət sosial sığorta haqqı üzrə qalıq borc məbləğinə dəqiqləşdirilmə verilməsi Qaydada nəzərdə tutulmamışdır. Başqa sözlə, iddia edilən borcun yanlış hesabatlar verilməsi səbəbindən yarandığı iddia olunursa, borcun mövcud olduğu bütün dövr üçün, 2007-ci ildən bəri dəqiqləşmiş hesabatlar təqdim edilməli idi. Qaydanın 7.15-ci bəndinə əsasən Fond rüblük hesabat təqdim edildiyi gündən 10 gün ərzində kameral sosial sığorta yoxlaması aparmalı, kameral yoxlama nəticəsində hesabatların vaxtında təqdim edilməməsi, məcburi dövlət sosial sığorta haqlarının düzgün hesablanmaması və vaxtında ödənilməməsi, habelə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsindən yayınmağa dair faktlar aşkar edildikdə müvafiq maliyyə sanksiyaları tətbiq edilir. Sığortaedənin borclu olduğu məbləğ isə kameral yoxlama nəticəsində müəyyən edilməmiş, sığortaedən tərəfindən öz imza və möhürü ilə təqdim etdiyi məlumatlar (hesabatlar) əsasında rəsmiləşdirilmişdir. xx.xx.2006cı il tarixdən xx.xx.2018-ci il tarixinə kimi borcun yaranma əsasını təsdiq edən və sığortaedən tərəfindən tərtib edilmiş sənədlər (hesabatlardan çıxarış) apellyasiya şikayətinə əlavəyə qoşma olaraq əlavə edilir. Həmin dövr üzrə hesablanıb-ödənilmiş məcburi dövlət sosial sığorta haqları və maliyyə sanksiyaları (o cümlədən penya) və inzibati cərimələrin dinamikası (borcun illər üzrə açıqlanması) barədə cədvəl isə apellyasiya şikayətinə qoşma olaraq əlavə edilmişdir. Vergi borclarından fərqli olaraq, məcburi dövlət sosial sığorta haqqının tutularaq ödənilməsi üçün məhdudiyyətlər müəyyən edilməmiş, vergi orqanları tərəfindən məcburi dövlət sosial sığorta haqqının hər hansı əsasla silinməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Bu da təbiidir ki, mübahisələndirilən borc məbləği dövlət büdcəsinə deyil, sığortaedəndə müvafiq dövr üzrə çalışmış sığortaolunanların sosial təminatı üçün nəzərdə tutulmuş fond büdcəsinə aiddir. Lakin birinci instansiya məhkəməsi qeyd olunan məsələləri araşdırmamış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirmədən əsassız olaraq iddianı təmin etmişdir. Birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz, işin faktiki halları baxımından əsassız olduğundan “məcburi dövlət sosial sığorta haqqı üzrə hesablanmış borcun silinməsi” barədə iddiaçı Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin iddiası təmin olunmamalıdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi tərəflərindən verilmiş apellyasiya şikayətinə uyğun izahat verərək, həmin şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilib, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndələri tərəflərindən verilmiş apellyasiya şikayətinə uyğun izahat verərək, həmin şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilib, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası proses iştirakçısını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilib iddia təmin olunmamalıdır. Hazırki işdən müəyyən olunur ki, iddiaçı Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin cavabdeh Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı tələbi Elm və Təhsil Mərkəzi “Təfəkkür” Üniversitetinin şəxsi hesab vərəqəsindən məcburi dövlət sosial sığorta haqqı üzrə hesablanmış 252.712,26 manat (əsas borc 249.065,67 manat və 3.646,59 manat penya olmaqla) məbləğində borcun silinməsi barədədir. Mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formalhüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanunazidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). İşə birinci instansiya qaydasında baxmış məhkəmə Azərbaycan Respublikası Vergi Məcəlləsinin müvafiq müddəalarına istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında qeyd etmişdir ki, “Qanunvericiliyin tələblərinə görə mübahisələndirilən borcun yaranma əsaslarını sübut etmək vəzifəsi cavabdehə aiddir. Lakin hazırkı işdə nə cavabdeh, nə də üçüncü şəxs sözügedən borcun mövcudluğunu inandırıcı və mötəbər dəlillərlə sübut edə bilməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı istər həmin borcun ödənilməsini tələb edən vergi orqanına, istərsə də borcun hesablanması ilə bağlı informasiya sistemində məlumat yerləşdirmiş orqana sorğular göndərilmiş, lakin borcun yaranma əsasları və hesablanma qaydasına dair sübutlar təqdim edilməmişdir. Nəzərə almaq lazımdır ki, cavabdeh sadəcə borcun mövcudluğunu bildirməklə kifayətlənə bilməz, o, həm də borcun yaranma əsaslarını mötəbər qaydada sübut etmək vəzifəsi daşıyır. Bu mənada, öz-özlüyündə borcun mövcud olduğunun bildirilməsi kifayət deyil, həm də onun necə yarandığı və hansı qaydada hesablandığı da əsaslandırılmalı və sübut olunmalıdır. Hazırki işdə mübahisələndirilən borcun yaranması nə cavabdeh, nə də üçüncü şəxs tərəfindən qeyd edilən qaydada əsaslandırıla bilmədiyi üçün iddia təmin edilməlidir”. Halbuki, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən silinməsi tələb edilən əsas borc məbləği iddiaçının özü tərəfindən DSMF-yə təqdim edilmiş hesabatlardan yaranmışdır, yəni mübahisələndirilən məbləğin əsası iddiaçının öz hesabatlarıdır. Həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 18 noyabr 2014-cü il tarixli 04 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığorta haqqının toplanması qaydaları”nın (bundan sonra – Qayda) 7.16-cı bəndinə əsasən əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatdakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda sığortaedənlər tərəfindən həmin dövr üçün dəqiqləşdirilmiş hesabatlar təqdim edilməli idi. Həmin Qaydanın 7.17-ci bəndinə əsasən əvvəl təqdim edilmiş hesabat sığortaolunana dair maliyyə göstəricilərinin (məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlər, ödənilmiş məcburi dövlət sosial sığorta haqqı) dəyişməsi səbəbindən dəqiqləşmə tələb edərsə, sığortaolunanlar haqqında dəqiqləşdirilmiş məlumatlar sığortaedəndə səyyar yoxlama aparılmaqla, digər səbəbdən dəqiqləşmə tələb edirsə səyyar yoxlama aparılmadan təqdim edilirdi. İddiada xx.xx.2012-ci ildən xx.xx.2018-ci ilədək, 2018-ci ilin İİİ rübü də daxil olmaqla dəqiqləşdirilmiş hesabatların qəbul edilməsi nəzərdə tutulsa da, iş materiallarının içərisində yalnız 2013-cü ilin 4 rübü və 2014-cü ilin və 2 rübü üzrə dəqiqləşdirilmiş hesabatlar (cəmi 6 rüb) öz əksini tapmışdır. Məhkəmə prosesi 2018-ci ildən bugünədək davam etsə də, heç bir mərhələdə digər dövrlər üzrə (21 rüb) dəqiqləşdirilmiş hesabatların iş materiallarının içərisinə əlavə edilməsi təmin edilməmişdir. Məhkəməyə təqdim edilmiş 2013-cü ilin 4 rübü və 2014-cü ilin İ və İİ rübü üzrə dəqiqləşdirilmiş hesabatlarla Fonda təqdim edilmiş ilkin hesabatlar üzləşdirilmiş, lakin yuxarıda qeyd edilən, dəqiqləşdirilmiş hesabatın təqdim edilməsi üçün hər hansı əsas, yəni fərqli məlumatlar (məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlər, ödənilmiş məcburi dövlət sosial sığorta haqqı, işçi sayı barədə məlumatlar) aşkar edilməmişdir. Sığortaedən ilkin hesabatlarında yanlışlıq olduğunu, mövcud borcun isə bu yanlışlıq nəticəsində yarandığını iddia edərək dəqiqləşdirilmiş hesabatların qəbul edilməsi nəticəsində borcun silinməsini tələb etmişdir. Sonradan dəqiqləşdirilmiş hesabatın qəbul edilməsinin iddia tələbindən çıxarıldığı halda birinci instansiya məhkəməsi buna heç bir əsas olmadan borcun silinməsi barədə qərar vermişdir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun borc yarandığı dövrdə qüvvədə olan 21-ci maddəsinin 11-ci abzasına əsasən sığortaedənlərin məcburi dövlət sosial sığorta haqqının ödənilməsi gecikdirildikdə - gecikdirilmənin hər gününə görə, lakin bir ildən çox olmamaq şərti ilə sığorta haqqının 0,1 faizi məbləğində penya hesablanırdı. Maliyyə sanksiyası və hesablanmış penya borcu üzrə ümumilikdə 59.958,47 (əlli doqquz min doqquz yüz əlli səkkiz manat qırx yeddi qəpik) manat məbləğin silinməsi ilə bağlı sığortaedən və Filial arasında üzləşmə aktı mövcuddur. Belə ki, sığortaedən həmin dövr üzrə borcunun olduğunu üzləşmə aktını imza və möhürü ilə təsdiq etməklə etiraf etmişdir. Qaydanın 7.15-ci bəndinə əsasən Fond rüblük hesabat təqdim edildiyi gündən 10 gün ərzində kameral sosial sığorta yoxlaması aparmalı, kameral yoxlama nəticəsində hesabatların vaxtında təqdim edilməməsi, məcburi dövlət sosial sığorta haqlarının düzgün hesablanmaması və vaxtında ödənilməməsi, habelə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsindən yayınmağa dair faktlar aşkar edildikdə müvafiq maliyyə sanksiyaları tətbiq edilir. Sığortaedənin borclu olduğu məbləğ isə kameral yoxlama nəticəsində müəyyən edilməmiş, sığortaedən tərəfindən öz imza və möhürü ilə təqdim etdiyi məlumatlar (hesabatlar) əsasında rəsmiləşdirilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi orqanı tərəfindən vergilərin, maliyyə sanksiyalarının və faizlərin hesablanmasının və büdcəyə ödənilməsinin təmin edilməsi müəyyən vaxtla məhdudlaşdırılmışdır. Lakin 85.5-1ci maddəyə əsasən həmin məcəllənin 85.4-cü və 85.5-ci maddələrində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlər məcburi dövlət sosial sığorta haqqına münasibətdə tətbiq edilmir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Sosial sığorta haqqında” Qanunun 1-ci maddəsinə əsasən sosial sığorta — qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. Sosial sığorta haqqının silinməsi sığortaolunanları gələcəkdə həmin təminatdan məhrum edəcək, işçilərin gələcəkdə əmək pensiyası hüququnun pozulmasına və nəticədə növbəti məhkəmə mübahisələrinə səbəb olacaqdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbini bu qərarın əsaslandırıcı hissəsində göstərilən məsələləri yoxlamadan təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlmədiyi üçün cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-86/2023 saylı 20 iyul 2023-cü il tarixli qərarı ləğv edilməli və iddia rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-86/2023 saylı 20 iyul 2023-cü il tarixli qərarı ləğv edilsin. İddia təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-426/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-426/2024
30.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver