Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-426/2025 28.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və “Azneft” İB inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X2 ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Üçüncü şəxsin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1763/2024 saylı, 25 iyun 2024-cü il tarixli qərarından üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. -Cavabdeh DƏDKR-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli **********38 nömrəli imtina məktubundan görünür ki, cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İmtina məktubunda bildirilmişdir ki, torpaq sahəsinə dair “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqları əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan əlavə, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə, bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Əlavə olaraq bildirilmişdir ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(010)-633/2022 saylı qətnaməsinə əsasən iddiaçının cavabdeh Bakı şəhər İcra Hakimiyyəti arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 1390 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış massivi, döngə 16 ünvanında yerləşən 246 kv.m torpaq sahəsi üzərində istifadə hüququnun tanınması qət edilmiş, 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə heç bir öhdəlik qoyulmamışdır.
2. -Bakı şəhəri Suraxanı RİH-nin başçısının Bakı ŞİH-nin başçısına ünvanladığı xx.xx.2017-ci il tarixli, X-55-091 nömrəli məktubunda qeyd olunmuşdur ki, vətəndaş İddiaçı fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı müraciətinə etiraz edilməmiş, məsələnin həlli ilə bağlı münasibət bildirilməsi xahiş olunmuşdur.
3. -Memarlıq-planlaşdırma həllindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, X8 İddiaçı tərəfindən tikintisi nəzərdə tutulan fərdi yaşayış evinin layihəsi tərtib edilmiş və həmin layihə xx.xx.2018-ci il tarixdə Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmışdır. Layihədə fərdi yaşayış evinin texniki göstəriciləri və eskizi əks olunmuşdur.
4. -Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(010)- 633/2022 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, X6 ilə Bakı şəhər İcra Hakimiyyəti arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 1390 nömrəli “torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilənin etibarsız hesab edilməsi; Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “Şərq” yaşayış massivi, döngə 16 ünvanında yerləşən 246 m2 torpaq sahəsi üzərində İddiaçı istifadə hüququnun tanınması qət edilmişdir.
5. -xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Xanlarov X5 RİH-ə ərizə ünvanlayaraq, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq, “Məlumatlandırma icraatı” qaydasında istifadəsində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış ərazisi ünvanında yerləşən sahəsi 92,1 m2 , hündürlüyü 6 m, mərtəbəliliyi 1 olan fərdi yaşayış evini inşa etdiyini bildirmişdir. Poçt qəbzinə əsasən həmin ərizə xx.xx.2023-cü il tarixdə ünvanlanmışdır.
6. -"xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 5a saylı bəndinə əsasən İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, X8 yerləşən torpaq sahəsi 35 kV-luq elektrik şəbəkəsinin mühafizə zonasında yerləşir. Yuxarıda qeyd olunan torpaq sahəsi elektrik verilişi xəttinin istismarına heç bir maneçilik törətmədiyindən, həmin torpaq sahəsinin qeydiyyata alınmasına etiraz olunmur.
7. -DƏDKR-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli **********60 nömrəli sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 2704 saylı avtokolun aşağı hissəsində yerləşən 0,0225 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi Bakı şəhəri 24 saylı notariat kontorunun 4Ə-295 reyestr nömrəli xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X3 adına qeydiyyata alınmışdır və sonuncunun adı ilə bağlı ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli çıxarış tərtib edilmişdir. Sonradan sözügedən torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli elektron çıxarışa, torpaq sahəsinin planı və ölçüsü sənədinə və eskiz layihəyə əsasən yeni poçt ünvanı alaraq ünvan 6 ünvanı altında vahid əmlak olaraq xx.xx.2021-ci il tarixində X3 adına qeydiyyata alınmışdır. Sözügedən fərdi yaşayış evi hazırda X1 mülkiyyətindədir. Həmçinin bildirilir ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 2704 saylı avtokolun aşağı hissəsində yerləşən 0,0225 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu Hacıyeva Hicran Qismət qızı tərəfindən təsdiq edilmiş 4Ə-913 reyestr nömrəli xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinə və bölgü sxeminə əsasən X4 adına qeydiyyata alınmışdır və sonuncunun adı ilə bağlı RX seriyalı ******* nömrəli xx.xx.2014-cü il tarixli çıxarış tərtib edilmiş edilmişdir. Sonradan sözügedən torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi RX seriyalı ******* nömrəli çıxarışa, torpaq sahəsinin planı və ölçüsü sənədinə və eskiz layihəyə əsasən yeni poçt ünvanı alaraq Bakı şəhəri, ünvan 8 ünvanı altında vahid əmlak olaraq xx.xx.2016-cı il tarixdə X4 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir.
8. -Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evi və onun altında olan 0,0225 ha torpaq sahəsi üzərində X4 xüsusi mülkiyyət hüquqları xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır.
9. -Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi və onun altında olan 0,0225 ha torpaq sahəsi üzərində X3 xüsusi mülkiyyət hüquqları xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır.
10. -Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi və onun altında olan 0,0225 ha torpaq sahəsi üzərində X1 xüsusi mülkiyyət hüquqları xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “Şərq” yaşayış massivi, döngə 16 ünvanında yerləşən ümumi sahəsi 92,1 kv.m olan fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən faktiki istifadəsində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən 246,0 kv.m. torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün onun adına sənədləşdirilməsi ilə bağlı 2017-ci ilin yanvar ayının əvvəlində Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Suraxanı RİH iddiaçının müraciətini aidiyyəti üzrə baxılması üçün xx.xx.2017-ci il tarixli, X-55-091 nömrəli məktubla (əlavə olunur) Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlamış və həmin məktubda vətəndaş İddiaçı fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı müraciətinə etiraz etmədiyini qeyd etmişdir. Daha sonra iddiaçı tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilmiş və Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən torpaq sahəsinin cizgisi (əlavə olunur) tərtib olunaraq xx.xx.2017-ci il tarixli, 18/03-8/1187 nömrəli məktubla (əlavə olunur) iddiaçıya təhvil verilmişdir. Bundan sonra, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən iddiaçıdan VÖEN açıb təqdim etməsi tələb edilmiş və iddiaçı müvafiq tələbi yerinə yetirmişdir. 04 oktyabr 2017-ci il tarixdə iddiaçı ilə cavabdeh arasında 1390 nömrəli “Torpaq icarəsi müqaviləsi” bağlanmışdır. İcarə müqaviləsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, X8 yerləşən ümumi sahəsi 246.0 kv.m. olan torpaq sahəsi 49 il müddətində qeyriyaşayış obyektinin tikintisi məqsədi (təyinatı) qeyd edilməklə iddiaçıya icarəyə verilmişdir. Ardınca AR FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən iddiaçının fərdi yaşayış evinin layihəsi razılaşdırılmış (məktub əlavə olunur) və Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən fərdi yaşayış evinin layihəsi təsdiq edilmişdir (layihə əlavə olunur). İddiaçı tərəfindən müvafiq razılıq və icazələr əsasında Bakı şəhəri, Suraxanı rayonu, Qaraçucxur qəsəbəsi, “Şərq” yaşayış sahəsi, döngə 16 ünvanında fərdi yaşayış evi inşa edilmişdir. İddiaçı və Bakı Şəhər İcra Hakimiyyəti arasında faktiki olaraq qeyri-yaşayış sahəsinin deyil, yaşayış sahəsinin icarəyə verilməsi münasibətləri mövcud olduğundan və tərəflər arasında bağlanmış 1390 nömrəli, xx.xx.2017-ci il tarixli torpaq icarəsi müqaviləsi tərəflərin həqiqi iradəsini ifadə etmədiyindən iddiaçı tərəfindən Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “Torpaq icarəsi müqaviləsinin etibarsız hesab edilməsi və torpaq sahəsinə daimi istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə müraciət edilmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 fevral 2022-ci il tarixli, e-2(010)-633/2022 saylı qətnaməsi ilə iddia təmin edilərək İddiaçı və Bakı Şəhər İcra Hakimiyyəti arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 1390 nömrəli “torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilənin etibarsız hesab edilməsi və Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “Şərq” yaşayış massivi, döngə 16 ünvanında yerləşən 246 m torpaq sahəsi üzərində İddiaçı istifadə hüququnun tanınması qət edilmişdir. Bundan sonra, iddiaçı tərəfindən Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə məlumatlandırma icraatı qaydasında müraciət edilmiş (əlavə olunur) və xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “Şərq” yaşayış massivi, döngə 16 ünvanında inşa olunmuş fərdi yaşayış evi üzərində hüquqların qeydiyyata alınması haqqında ********** nömrəli ərizə ilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmişdir. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli, **********38 nömrəli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildiriş (əlavə olunur) ilə iddiaçının hüquqlarının dövlət qeydiyyatından imtina edilmişdir. Cavabdehin imtina barədə bildirişi qanunsuz və əsassızdır və bu səbəbdən iddiaçının fərdi yaşayış evinə dair mülkiyyət hüququnun cavabdeh tərəfindən qeydiyyata alınması və buna müvafiq dövlət reyestrindən çıxarışın verilməsi təmin edilməlidir: cavabdeh bildirişdə hər hansı hüquqmüəyyənedici sənədin təqdim edilməməsini imtina əsası kimi qeyd etmişdir. Halbuki, iddiaçı tərəfindən cavabdehə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 fevral 2022- ci il tarixli, e-2(010)-633/2022 saylı hüquqların tanınması barədə qətnaməsi, fərdi yaşayış evinin razılaşdırılmış layihəsi və məlumatlandırma icraatına dair ərizə təqdim edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun tələblərinə və AR Mülki Məcəlləsinin tələblərinə əsasən qeyd edilən sənədlər hüquqmüəyyənedici sənədlər olmaqla hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Cavabdeh bildirişdə digər imtina əsası kimi, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evinin AR Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş sahədə yerləşdiyini qeyd etmişdir. Halbuki, həmin sahənin hansı hüquqmüəyyənedici sənədə əsasən ARDNŞ-nin istifadəsinə olduğu, ARDNŞ-nə məxsus torpaq sahəsinin naturada sərhədlərinin iddiaçıya məxsus torpaq sahəsi ilə üst-üstə düşüb düşməməsi qeyd edilməmiş və ən əsası həmin sahəyə iddiaçının istifadə hüququnun qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə tanındığı nəzərə alınmamışdır. Bundan əlavə, həmin torpaq sahəsində mənimlə hasar qonşusu olan şəxslərə daşınmaz əmlakın dövlət reyestrindən xüsusi mülkiyyət hüququna dair çıxarışlar (çıxarışlar və sxem əlavə olunur) verilmişdir və həmin çıxarışlarda torpaq sahəsinin yaşayış məntəqələrinin torpaqları olduğu qeyd edilmişdir. “İnzibati icraat haqqında” AR Qanununun12-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir və inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. İndiki halda, iddiaçı ilə eyni faktiki statusa malik digər şəxslərin hüquqları dövlət qeydiyyatına alındığı halda iddiaçının hüquqlarının dövlət qeydiyyatından imtina edilməsi inzibati icraat haqqında qanunvericiliyin pozuntusu olmaqla yolverilməzdir. Cavabdeh bildirişdə digər imtina əsası kimi torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşməsi qeyd edilmişdir. İddiaçı tərəfindən "xxxx" ASC-dən torpaq sahəsinin elektrik verilişi xəttinin istismarına heç bir maneçilik törətməməsi və qeydiyyata alınmasına etiraz etməməsi barədə xx.xx.2023-cü il tarixli arayış alınmışdır (əlavə olunur). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanunun 15-ci maddəsi hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsinin qapalı dairədə altı halını dəqiq şəkildə müəyyən edir. Nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqandır və inzibati hüququn qanunçuluq prinsipinə, “İnzibati icraat haqqında” AR Qanunun 11-ci, AR Konstitusiyasının 71.10-cu maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla müəyyən edilmiş hüdudlarda fəaliyyət göstərə bilərlər. Yəni inzibati orqan olan cavabdeh yalnız “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanunun 15-ci maddəsində nəzərdə tutulan hallardan biri olduqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edə bilər ki, işin faktiki əsaslarında belə bir hal mövcud deyildir və cavabdehin imtina bildirişində də bu hallardan hər hansı biri qeyd olunub əsaslandırılmamışdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
13. Məhkəmənin müvafiq qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur.
14. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş etirazda göstərilmişdir ki, iddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, X8 inşa olunmuş fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2020-ci il tarixli və ********** nömrəli, xx.xx.2023-cü il tarixli ərizələr ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, torpaq sahəsinə və fərdi yaşayış evinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan əlavə, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Həmçinin, torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərdə yerləşir. Əlavə olaraq bildiririk ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(010)-633/2022 saylı qətnaməsinə əsasən iddiaçı ilə cavabdeh Bakı şəhər İcra Hakimiyyəti arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 1390 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış massivi, döngə 16 ünvanında yerləşən 246 kv.m torpaq sahəsi üzərində iddiaçının istifadə hüququnun tanınması qət edilmiş, 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə heç bir öhdəlik qoyulmamışdır. Yuxarıda göstərilənlərə əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
15. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən iddiaya dair yazılı münasibət təqdim edərək bildirmişdir ki, İddiaçı iddiasına dair tələb olunan məlumatların məhkəməyə təqdim olunması barədə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə (SOCAR) ünvanladığınız məktubunuza baxılmış, qoşmada olan koordinatlar əsasında müvafiq araşdırma aparılmışdır. Müəyyən olunmuşdur ki, WGS 84/UTM zona 39 N koordinat sistemində X Y 414313.**********8.3409 414313.**********9.1305 414336.**********8.1287 414335.**********7.3391 koordinatlarda olan 246 m2 torpaq sahəsi neft-qaz əməliyyatlarının aparılması üçün SOCAR-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin hüdudları daxilində yerləşir. Bu səbəbdən, həmçinin qanunvericiliyin aşağıda göstərilən tələblərinə əsasən, eləcə də istehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə, həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə oluna bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 11-ci maddəsinə əsasən torpaq sahələrindən məhdudiyyətli istifadə rejimi müəyyən edilmişdir ki, həmin rejim torpaq sahəsindən onun məqsədli təyinatı üzrə istifadəsini nəzərdə tutur. Həmin Məcəllənin 22-ci maddəsinin 1-ci hissəsinə əsasən “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlarda” sənaye, rabitə, nəqliyyat və digər bu kimi obyektlərin yerləşdirilməsinə icazə verilir. Torpaq Məcəlləsinin 22-ci maddəsinin 5-ci hissəsinə əsasən, sənaye təyinatlı torpaqların istifadəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq aktına əsasən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 42 nömrəli qərarı ilə təsdiq edilmiş “Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi” Qaydalarının 2-ci bəndinə əsasən sənaye obyektlərinin yerləşdirilməsi (tikinti, yenidənqurma, genişləndirmə işlərinin aparılması) və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada ayrılan və əldə edilən torpaq sahələri sənaye təyinatlı torpaqlar sayılır. Göründüyü kimi sənaye təyinatlı torpaqlarda yalnız sənaye obyektlərinin yerləşdirilməsi (tikinti, yenidənqurma, genişləndirmə işlərinin aparılması) və fəaliyyəti nəzərdə tutulmuşdur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının xx.xx.1996- cı il tarixli Qanununun 6-cı maddəsinə əsasən, “Dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; dövlət müəssisə idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlət mülkiyyətində saxlanılan torpaqlardır. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, onlar qanunvericilikdə müəyyən olunmuş qaydada stifadəyə və icarəyə verilə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin 4-cü hissəsinə əsasən, torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir. Həmin Məcəllənin 86-cı maddəsinin 2-ci hissəsinin tələbinə görə, dövlət torpaqları alqı-satqı obyekti ola bilməz. Hesab edirik ki, iş üzrə Cavabdehin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qeydiyyata almaqdan imtinası əsaslı olmuşdur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanının 2-ci bəndinə əsasən, Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Həmçinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli qərarına əsasən, torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınarkən torpağın kateqoriyasının (məqsədli təyinatının) müəyyən edilməməsi aşkar olunduqda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə uyğun olaraq qeydiyyat dayandırıla bilər. SOCAR-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin, Saziş ərazilərinin hüdudları və eləcə də neft-qaz boru kəmərlərinin mühafizə zonası daxilində yerləşən ərazilərin bu və ya digər formada ayrıayrı fiziki və ya hüquqi şəxslərin adına özgəninkiləşdirilməsi halları, həmin ərazidə nəzərdə tutulmuş neft-qaz əməliyyatlarının aparılması işlərinə, bu da öz növbəsində Azərbaycan Respublikası Hökumətinin, eləcə də SOCAR-ın xarici investorlar qarşısında qanun əsasında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə, eyni zamanda SOCAR-ın Nizamnaməsi ilə əmlakı üzərində müəyyən olunmuş sahiblik, istifadə və sərəncam vermək hüquqlarının həyata keçirilməsinə ciddi şəkildə maneələr yaratmaqla bərabər, Konstitusiyanın və Mülki Məcəllənin qeyd olunan normalarına əsasən, vətəndaşların kompensasiya tələblərinə gətirib çıxarır və nəticə etibarı ilə Dövlətə əsaslı şəkildə maddi ziyan dəyir. Qeyd olunanlara əsasən üçüncü şəxs iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
16. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1763/2024 saylı, 25 iyun 2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.
17. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, işin faktiki hallarından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “Şərq” yaşayış massivi, döngə 16 ünvanında yerləşən 246 m2 torpaq sahəsi ilə bağlı ilkin olaraq İddiaçı ilə Bakı şəhər İcra Hakimiyyəti arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 1390 nömrəli “torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə bağlanmış, daha sonra həmin müqavilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(010)- 633/2022 nömrəli qətnaməsi ilə etibarsız hesab edilərək, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “Şərq” yaşayış massivi, döngə 16 ünvanında yerləşən 246 m2 torpaq sahəsi üzərində İddiaçı istifadə hüququ tanınmışdır. Sözügedən məhkəmə qətnaməsində məhkəmə xüsusi ilə müqavilə əsasında torpaq sahəsinin iddiaçının istifadəsinə verildiyini, iddiaçının da torpaq sahəsi üzərində fərdi yaşayış evi tikdiyi və həmin vaxtdan bu torpaq sahəsindən heç bir mübahisə olmadan istifadə etdiyini vurğulamışdır.
18. Məhkəmə araşdırılması zamanı təqdim olunmuş sorğulara cavab məktubundan görünür ki, iddiaçının ətrafında (hazırki imtinada göstərilən əsas ilə Dövlət Neft Şirkətinin ərazi hüdudları daxilində yerləşən) və qonşuluğunda yerləşən torpaq sahələri başqa şəxslərin mülkiyyətindədir və həmin torpaq sahələrinə dair cavabdeh tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar təqdim edilmişdir. Bu isə o deməkdir ki, iddia olunan torpaq sahəsi ilə qonşuluqda olan və mülkiyyət hüquqları qeydiyyata alınan torpaq sahələrinin mülkiyyətçilərinə münasibətdə fərqli mövqeyi nümayiş etdirilmiş, torpaq sahələrinin Dövlət Neft Şirkətinin ərazi hüdudları daxilində yerləşib-yerləşməmələrinə münasibət bildirilmədən onların hüquqlarının qeydiyyatı həyata keçirilir, lakin iddiaçının məhkəmə qətnaməsi ilə torpaq sahəsinə istifadə hüquqları tanındığı halda cavabdeh bu hüquqların mövcud olmaması qənaətinə gəlmişdir. Bu isə bərabərlik məfhumu baxımından yolverilməzdir.
b) Apellyasiya instansiya məhkəməsində icraat Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
19. Qərardan üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1763/2024 saylı, 25 iyun 2024-cü il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin, “Azneft” İB-in inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi xahiş olunmuşdur.
20. “Azneft” İB-in inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur.
c) Apellyasiya şikayətinin dəlilləri
21. Apellyasiya şikayəti iddia ərizəsinə üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin yazılı münasibətinin dəlilləri ilə oxşar məzmunda olmaqla onunla əsaslandırılmışdır ki, İddiaçı fərdi evin tikilməsi üçün çıxarışın verilməsinə dair müraciət etdiyi Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “Şərq” yaşayış massivi, döngə 16 ünvanında yerləşən 92.1 kv.metr fərdi yaşayış sahəsinin neft-qaz əməliyyatlarının aparılması üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İB-nin daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin hüdudları daxilində yerləşir. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 2001-ci il tarixli 94 nömrəli qərarına əsasən, neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Gələcəkdə iddiaçının və digər insanların həyatına və sağlamlığına təhlükə yaranamaması və bədbəxt hadisələrin baş verməməsi üçün neft-qaz hasilatı ərazilərdə yerləşmə təhlükəlidir. İddia ərizəsindən də göründüyü kimi iddia edilən torpaq sahəsində iddiaçı tərəfindən fərdi yaşayış evi tikilmişdir. İddia edilən torpaq sahəsi və üzərində olan tikili neft kəmərinin mühafizə zonasının və təhlükəsizlik zonasının daxilindədir. Həmin torpaq sahəsi, üzərində olan tikili magistral kəmər üçün, həmçinin ətrafdakılar üçün, eləcə də həmin torpaq sahəsindən və tikilidən istifadə edən insanların öz həyatı üçün ciddi təhlükə yaradır. Hesab edirlər ki, iş üzrə Cavabdehin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qeydiyyata almaqdan imtinası əsaslı olmuşdur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı’nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanının 2-ci bəndinə əsasən, Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Həmçinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli qərarına əsasən, torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınarkən torpağın kateqoriyasının (məqsədli təyinatının) müəyyən edilməməsi aşkar olunduqda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə uyğun olaraq qeydiyyat dayandırıla bilər. ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmayıb.
d) Prosses iştirakçılarının izahatları
23. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxsin nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
24. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
26. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinə görə bu Məcəllənin 79- 80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. 80.1-ci maddəsinə görə mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fəsadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. 80.2-ci maddəsinə görə barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazəsinin alınması tələb olunmur. 80.3-cü maddəsinə görə barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır.
27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1 məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan diger materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
28. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
29. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
31. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, Qərardan cavabdeh deyil, 3-cü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti apellyasiya şikayəti versə də işin halları baxımından iddia tələbinin əsaslılığına münasibət bildirilməsi doğru olardı.
32. Belə ki, işin faktiki hallarından görünür ki, iddiaçı iddia olunan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdeh imtina olaraq 3 əsas göstərmişdir: 1.Torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi; 2. Torpaq sahəsinin bir hissəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisində yerləşməsi; 3. Torpaq sahəsinin bir hissəsinin yüksək gərginlik elektrik xəttinin mühafizə zonasında yerləşməsidir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir.
33. Mövcud qanunvericilik məlumatlandırma icraatının tətbiq edilməli olduğu tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsini, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan quruma sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənədi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsininin dövlət qeydiyyatı üçün əsas kimi müəyyən etmişdir. Tikilinin məlumatlandırma icraatı tətbiq edildiyi tikili olması üçün isə həmin tikili aşağıdaki göstəricilərə malik olmalıdır: - mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində inşa olunmalı; - yerüstü mərtəbələrinin sayı 3-dən çox olmamalı; - hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək çardaqaltı döşəmənin alt hissəsi) çox olmamalı; - aşırımlarının uzunluğu 6 metrdən çox olmamalıdır.
34. Göründüyü kimi tikilinin məlumatdırma icraatı tətbiq edildiyi tikili olması bilavasitə mərtəbələrin sayından, hündürlüyündən və aşırımların uzunluğundan asılıdır.
35. Məhkəmə Kollegiyası ilk növbədə bildirir ki, iddiaçı tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “Şərq” yaşayış massivi, döngə 16 ünvanında inşa edilmiş fərdi yaşayış evinin məlumatlandırma icraatı tətbiq edilən tikili olması tərəflər arasında mübahisə doğurmayan bir haldır. Eyni zamanda həmin tikilinin yuxarıda göstərilən parametrlərə cavab verməsi isə memarlıq-planlaşdırma həllində əks olunan layihədən də aydın şəkildə görünür. Qeyd olunan tikili məlumatlandırma icraatı tətbiq edilən tikili (xx.xx.2013-cü il tarixdən sonra inşa olunmuş) hesab olunduğundan, həmin tikili üzərində mülkiyyət hüquqlarının qeydiyyatı üçün sənədlərin əhatə dairəsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.10.1-ci maddəsi ilə ehtiva olunur.
36. Sənədlər toplusuna nəzər yetirdikdə isə görünür ki, iddiaçı yuxarıda adıçəkilən Qanunun 8.0.10.1-ci maddəsində səciyyələnmiş sənədlərə (torpaq sahəsi üzərində istifadə hüququnun tanınması barədə qətnamə, tikilinin layihəsi, tikinti başa çatdıqdan sonra məlumatlandırmanı təsdiq edən Suraxanı RİH ünvanlanmış ərizə və poçt qəbzi) malikdir ki, bu sənədlər əsasında onun fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydiyyatını tələb etmək hüququ yaranır. Lakin cavabdeh iddiaçının torpaq sahəsinə dair qanunvericiliklə müəyyən olunmuş sənədlərdən hər hansı birinə malik olmadığı qənaətinə gəlmişdir.
37. Məhkəmə cavabdehin istinad etdiyi bu əsas ilə razılaşmır və hesab edir ki, imtinanın birinci əsası formal xarakter daşıyır. Belə ki, işin faktiki hallarından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “Şərq” yaşayış massivi, döngə 16 ünvanında yerləşən 246 m2 torpaq sahəsi ilə bağlı ilkin olaraq İddiaçı ilə Bakı şəhər İcra Hakimiyyəti arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 1390 nömrəli “torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə bağlanmış, daha sonra həmin müqavilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(010)- 633/2022 nömrəli qətnaməsi ilə etibarsız hesab edilərək, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “Şərq” yaşayış massivi, döngə 16 ünvanında yerləşən 246 m2 torpaq sahəsi üzərində İddiaçı istifadə hüququ tanınmışdır. Sözügedən məhkəmə qətnaməsində məhkəmə xüsusi ilə müqavilə əsasında torpaq sahəsinin iddiaçının istifadəsinə verildiyini, iddiaçının da torpaq sahəsi üzərində fərdi yaşayış evi tikdiyi və həmin vaxtdan bu torpaq sahəsindən heç bir mübahisə olmadan istifadə etdiyini vurğulamışdır.
38. Göründüyü kimi ümumi məhkəmə tərəfindən mülki icraat çərçivəsində baxılan və nəticədə iddiaçının xeyrinə yekunlaşan iş üzrə iddiaçının Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “Şərq” yaşayış massivi, döngə 16 ünvanında yerləşən 246 m2 torpaq sahəsi üzərində istifadə hüquqlarının tanınması təkzib olunmazdır.
39. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(010)-633/2022 nömrəli qətnaməsi ilə cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə hər hansı öhdəlik qoyulmasa da, iddiaçının torpaq sahəsi (Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “Şərq” yaşayış massivi, döngə 16 ünvanında yerləşən 246 m2 torpaq sahəsi) üzərində istifadə hüququ tanınmışdır. Yəni faktiki olaraq iddiaçının tanınan bu hüququn əsasında duran hal – qanuni qüvvəsini almış məhkəmə qətnaməsi çıxış edir ki, həmin məhkəmə qətnaməsinin məcburiliyi təkcə proses iştirakçıları münasibətdə deyil, ümumiyyəltə bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir. Bu səbəbdən də məhkəmə hesab edir ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi iddiaçının Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “Şərq” yaşayış massivi, döngə 16 ünvanında yerləşən 246 m2 torpaq sahəsi üzərində hüquqların yaranmasına dəlalət edən və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.4-cü maddəsində göstərilən hüquqmüəyyənedici sənəddir.
40. Məhkəmə Kollegiyası hesab edir ki, qüvvədə olan qanunvericiliyin və mövcud məhkəmə təcrübəsinin tələblərinə əsasən torpaq sahəsinin elektrik şəbəkələrinin mühafizə zonasında yerləşməsi, həmin torpaq sahəsi üzərində iddiaçının hüquqlarının mövcudluğunu təkzib etmir. Eyni zamanda, "xxxx" ASC iddiaçıya verdiyi arayışda Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, X8 yerləşən torpaq sahəsinin elektrik verilişi xəttinin istismarına heç bir maneçilik törətmədiyini də xüsusi olaraq vurğulamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehin imtinası həmin hissədə də əsassızdır.
41. Göründüyü kimi cavabdeh iddiaçının mülkiyyət hüquqlarının qeydiyyatını arzuladığı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə münasibətdə fərqli imtina əsasları gətirsə də, həmin torpaq sahəsi üzərində iddiaçının istifadə hüquqları tanındığından, eyni zamanda torpaq sahəsinin elektrik xəttinin mühafizə zonasında yerləşməsi hər hansı maneçilik törətmədiyindən, ən əsası isə torpaq sahəsi ilə qonşuluqda olan torpaq sahələri üzərində vətəndaşların mülkiyyət hüquqlarının qeydiyyata alındığından, torpaq sahələri ilə bağlı irəli sürülən imtinalar əsassız olmuşdur. İmtinalar əsassız olduğundan, iddiaçının fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydiyyatı cavabdeh tərəfindən həyata keçirilməlidir.
42. 3-cü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə Kollegiyası şikayətin dəlillərini əsassız hesab edərək qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 560/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında da qeyd edilmişdir ki, nəzərə almaq lazımdır ki, inzibati orqan, bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün (o cümlədən və xüsusilə də məhkəmə qərarı əsasında) formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır.
43. Analoji mövqe 2-1(102)-557/2023 saylı iş üzrə qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarında da təkrarlanmışdır.
44. Həmçinin, apellyasiya baxışı zamanı hüquqi müəyyənlik baxımından Bakı Apellyasiya Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli, 2-1(103)-3720/2024 saylı qərardadı ilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və işin icraatı ekspertiza rəyi alınanadək təxirə salınmışdır. 01 sentyabr 2025-ci il tarixdə məhkəməyə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 avqust 2025-ci il tarixli, 10/4349 saylı Rəyi daxil olmuşdur.
45. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 avqust 2025-ci il tarixli, 10/4349 saylı ekspert Rəyində rəyə gəlinmişdir ki: -Əvvəlki müraciət zamanı təqdim edilmiş cizgidə göstərilən 246.0 kv.m torpaq sahəsi ilə faktiki vəziyyət arasında cüzi fərq mövcuddur. Faktiki olaraq torpaq sahəsi 270.0 kv.m təşkil edir. Sözügedən torpaq sahəsinin koordinatlarını və yerləşməsini əks etdirən baş plan rəyə əlavə olunur. -İddiaçının hazırda iddia etdiyi torpaq sahəsi Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, "Şərq" yaşayış massivi, döngə 16 ünvanında yerləşən ümumi sahəsi 246.0 kv.m olan torpaq sahəsi ilə üstüstə düşür. - Vahid elektron kadastr baza məlumatlarına əsasən sahəyə hər hansı fiziki və ya hüquqi şəxsin müraciəti, üst-üstə düşmə ilə bağlı məlumat aşkar edilməmişdir. - Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə bütövlüklə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan "Kontrakt sahəsi"nin hüdudları daxilində yerləşir. Həmçinin göstərilən 270.0 kv.m sahənin 95.0 kv.m hissəsi yüksək gərginlikli (35 kVt-lıq) elektrik xəttinin mühafizəsində yerləşir. Sözügedən sahə "Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar" kateqoriyasına aiddir.
46. Bununla belə məhkəmə Kollegiyası nəzərə almaya bilməz ki, məhkəmə araşdırılması zamanı təqdim olunmuş sorğulara cavab məktubundan görünür ki, iddiaçının ətrafında (Dövlət Neft Şirkətinin ərazi hüdudları daxilində yerləşən) və qonşuluğunda yerləşən torpaq sahələri başqa şəxslərin mülkiyyətindədir və həmin torpaq sahələrinə dair cavabdeh tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar təqdim edilmişdir.
47. Bu isə o deməkdir ki, iddia olunan torpaq sahəsi ilə qonşuluqda olan və mülkiyyət hüquqları qeydiyyata alınan torpaq sahələrinin mülkiyyətçilərinə münasibətdə fərqli mövqeyi nümayiş etdirilmiş, torpaq sahələrinin Dövlət Neft Şirkətinin ərazi hüdudları daxilində yerləşib-yerləşməmələrinə münasibət bildirilmədən onların hüquqlarının qeydiyyatı həyata keçirilir.
48. Beləliklə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(010)- 633/2022 nömrəli qətnaməsi ilə iddiaçının torpaq sahəsi (Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “Şərq” yaşayış massivi, döngə 16 ünvanında yerləşən 246 m2 torpaq sahəsi) üzərində istifadə hüquqları tanındığı halda və bərabərlik hüquqları baxımından apellyasiya şikayətinin dəlilləri əsaslı hesab edilə bilməz. 49.“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən: 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. ..... 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. ....
50. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
51. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1763/2024 saylı, 25 iyun 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1763/2024 saylı, 25 iyun 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.