Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4267/2024 12.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkbdə, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1nə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “vakant vəzifəyə qəbul edilməsi, vakansiyaların “onlayn” aktivləşdirilməsi və s. tələblərinə dair” iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12754/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1nə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək aşağıdakılar barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər:
1. Həm onun, həm də ölkə üzrə müəllimlərin işə qəbulu üçün şərt qoyulmadan onların Qubanın İspik kənd orta məktəbində illərdir vakant olan müəllim ixtisasına qəbul edilməsi (bu və ya digər aidiyyəti qurumların saxta imtahan keçirmə əməllərinə görə);
2. ƏƏSMN-in bütün dövlət qurumlarında şirkətləri təhvil alması, vakansiyalar bölməsinin ölkə üzrə onlayn aktivləşdirməsi;
3. SOCAR-ın üzərinə hələ də Ali Məhkəmədən gəlməyən cavab iddia tələbinin icra olunmasına yenidən baxılmasına şərait yaradılması öhdəliyi qoyulması.
İddiaçılar tələbini aşağıdakılarla əsaslandırmışdır.
“...2005-ci ildə ali bakalavr üzrə Azərbaycan Respublikası Dövlət Neft Akademiyasının “kompüter riyaziyyatı” ixtisasını bitirmiş, ARDNŞ-də (“SOCAR”) informasiya texnologiyaları üzrə mühəndis vəzifəsində çalışmış və 5 ildə hər il bir dərəcə yüksələrək 9-cu dərəcədən 13-cü dərəcəyədək yüksəlmişdir. Üç il hər ikisi özlərini Qubanın İspik kənd orta məktəbində vakant olan informatika müəllimliyində sınamaq istədikləri üçün müəllimlərin işə qəbulunda onlayn sənəd vermişlər, lakin onlara sənədləri uyğun gəlməməsi əsası ilə imtina cavabı verilmişdir...”
Cavabdeh iddia ərizəsinə yazılı münasibətində iddianı qəbul etməyərək aşağıdakıları bildirmişdir:
“...Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq olunmuş Nizamnaməsinin 2.1.6-cı bəndinə əsasən işəgötürənlərin boş olan və işçi tələb edilən iş yerləri, habelə yeni yaradılan iş yerləri barədə məlumatları əsasında vakansiya bankı yaratmaq və ondan istifadə etmək ƏƏSMN-nin tabeliyində X1 fəaliyyət istiqamətlərinə aid edildiyindən, mövcud iddia üzrə Elm və Təhsil Nazirliyi cavabdeh qismində çıxış edə bilməz...”
Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12754/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçılar həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilib işə mahiyyəti üzrə baxılması barədə qərar verilməsini xahiş etmişlər. Apellyasiya şikayəti İnzibati Prosessual Məcəllənin (“İPM”) 85-ci maddəsinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür.
Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır:
“... İddia ərizəsinə, ona etdiyi əlavəyə və sübutlara əsasən cavabdeh orqanların cavab ərizələrinə əsasən 2-1(112)-12754/2024 saylı iş üzrə iddias mümkün hesab olunub baxılmalıdır. Məhkəmə özbaşına və qanunları saymaması səbəbindən bu dəfə də, guya, onun iddia ərizəsi mümkün hesab olunmamışdır. xx.xx.2024-cü ildə məhkəməyə təqdim etdiyi 23 səhifəlik sübutlara və Azərbaycan Respublikasının qanunvericiliyinə, Baynəlxalq qanunvericiliyə iddia ərizəsinə əlavədə qeyd olunan əsaslara, maddələrə əsasən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12754/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ləğv olunmalı, mahiyyəti üzrə qərar çıxarılmalıdır...”
Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddia ərizəsinə və apellyasiya şikayətinə uyğun izahat verərək şikayətini müdfiə etmişdir. Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş cavabdehlər məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 62-ci maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
İİ. Məhkəmə kollegiyası iddiaçını dinləyib və iş materiallarını araşıdırıb belə hesab edir ki, aşağıdakılara görə onun apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normasının mənası onu ehtiva edir ki, inzibati icraat qaydasında qaldırılan iddianın mümkünlüyü şərtləririn yerinə yetirildiyi halda, yolveriləndir. Yəni, iddia subyektiv hüququ olan şəxs tərəfindən iddia müddəti və inzibati prosesual qanunvericiliyin tələbləri çərçivəsində qanunla cavabdehlik daşıya bilən inzibati orqana qarşı qaldırılmalı və formal olaraq (subutlar da əlavə olunmaqla) əsaslandırılmalıdır ki, mümkün iddia kimi icraata qəbul edilsin. Əks halda, Məcəllənin 35.3-cü maddəsinə müvafiq olaraq iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. İddiaçı tərəfindən qaldırılan hazırkı iddia isə aşağıdakılara görə mümkünlük şərtlərinə cavab vermir. Birincisi, iş materiallarından görünür ki, iddiaçılarnın birinci instansiya məhkəməsində ilkin olaraq təqdim etdikləri iddia ərizəsində qeyd olunan iddia tələbləri ilə iki cavabdehə - Elm və Təhsil Nazirliyinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı - 3 tələb çərçivəsində hansı tələbin kimə aid edildiyi bilinməyən, həm də biri-biri ilə əlaqəsi olmayan tələblər birlikdirilməklə, ümumi şəkildə iddia qaldırılmışdır. İkincisi, iddiaçıların apellyasiya şikayətinin dəlilərində istinad etdikləri, iddia ərizəsinə əlavəyə gəldikdə, həmin əlavə məhkəməyə, məhkəmə tərəfindən iddiaçınını ilkin olaraq təqdim etdiyi iddiasının mümkün sayılmaması barədə qərardad çıxarıldıqdan sonra, təqdim olunmuşdur. Yəni, həmin ərizəsinə əlavə birinci instansiya məhkəməsinin araşdırma predmetini təşkil etməmişdir. Həmin qərardad qəbul edilənədək məhkəmənin təklifi üzrə iddia ərizəsinə əlavədə iddiasının dəqiqləşdirməsinə gəldikdə, burada da onlar, iddianın həcmini artıraraq Azərbaycan Respublikasının Dövlət Neft Şirkətini və Azərbaycan Respublikası Nazirlər Kabinetini də əlavə etməklə, sadəcə cavabdehlərin sayını artırıb dördə çatdırmışdır, yenə də onların hər birinə qarşı konkret tələbi və, ən əsası, həmin tələblərini bir icraatda birləşdirilməsini zəruri edən qarşılıqlı əlaqə mövcud deyildir. Onların hər biri müstəqil iddia kimi, hər bir cavabdehə qarşı ayrılıqda irəli sürülən iddianın predmetini təşkil edir.
Çünki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən, mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər; 30.2-ci maddəsinə əsasən, mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. 37-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. Birinci instansiya məhkəməməsi də məhz, Məcəllənin qeyd olunan tələblərinə istinad edərək qeyd etmişdir ki, - “...Məhkəmə ilk növbədə qeyd edir ki, iki müxtəlif cavabdehə qarşı yönəlmiş və birbiri ilə əlaqəli olmayan üç iddia tələbi bir iddiada birləşdirilmişdir. İddia ərizəsinin məzmunundan o nəticəyə gəlmək olar ki, tələbin birinci bəndində vakant müəllim vəzifəsinə qəbul olunmaqdan, ikinci tələbdə bütün vakansiyaların onlayn aktivləşdirilməsindən və üçüncü tələbdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən hansısa iddia tələbinin icrasına yenidən baxılmasından söhbət gedir. Tələblərin ifadə tərzi nə qədər anlaşılmaz olsa da, bir-biri ilə əlaqəli olmayan tələblər olduğu aşkar görünür. Digər tərəfdən cavabdehlər nöqteyi-nəzərindən baxıldıqda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yuxarıda göstərilən tələblərdən heç birinə cavab verməli olan orqan deyil. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə gəldikdə isə, vakant müəllim ixtisasına qəbulla bağlı məsələlər müəyyən qədər onun və qurumlarının fəaliyyət istiqamətinə uyğun olsa da, digər tələblərin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə aidiyyəti anlaşılan deyildir. Hazırkı iddia ərizəsi üzrə tələblər inzibati məhkəmə icraatında baxılmağa yol verilən formada təqdim edilmiş olsa idi belə, müştərək hüquqi maraqlara malik olmadıqları üçün iddiaçıların birgə iddiaçı kimi iştirakı yolverilməz olardı. İddiaçılar iddia ərizəsində müştərək hüquqi maraqlarının nədən ibarət olmasını əsaslandırmamışdırlar. Onların ailə üzvü olması birgə iddiaçı olmalarına əsas ola bilməz. Hazırkı iddia onun ümumi və xüsusi mümkünlük şərtlərinin yoxlanılması prosesini belə son dərəcə çətinləşdirən formada yazılmış, iddiaçıların hansı ümumi məqsəd əsasında, hansı inzibati orqandan konkret və ya dolayı yolla nə tələb etdiyi anlaşılmayan iddiadır. İddianın məzmunundan iddiaçıların müəllim peşəsində işləmək istədikləri başa düşülür, lakin iddia ərizəsi, xüsusilə də onun üç bənddən ibarət tələb hissəsi azərbaycan dilinin qrammatik və leksik normalarının tələblərinə cavab vermədiyindən iddiaçıların nə tələb etdiyi anlaşılmaz olaraq qalır. Qeyd edilən çatışmazlıqların müəyyən qədər aradan qaldırılması üçün iddiaçılara hüquqi yardım məktubu göndərilmiş, lakin məhkəmə iclasının vaxtınadək məhkəməyə heç bir ərizə daxil olmamışdır. Bundan əlavə, iddiaçılar məhkəmə iclasında iştirak etmədiyindən şifahi olaraq da onların tələbinin nə olduğunun öyrənilməsi mümkün olmamışdır. Bununla belə, iddia ərizəsindən zahirən görünən müəyyən məsələlərə münasibət bildirilməli və iddianın mümkün sayılmamasının əsasları göstərilməlidir...” İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşır. Beləliklə də, qeyd olunanlar onu deməyə əsas verir ki, konkret halda, iddiaçı tərəfindən cavabdehlərə qarşı irəli sürülən iddia inzibati prosessual qanunvericiliyin tələblərinə uyğun verilmədiyindən, İPM-in 35.1-ci maddəsinin tələbi qaydasında əsaslandırılmış iddia kimi qiymətləndirilməsi və mümkün sayılması istisna edilir. Həmin Məcəllənin 35.3-cü maddəsi isə nəzərdə tutur ki, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərardadı ilə iddianın mümkün sayılmamasını işin hallarına və prosessual hüquq normalarının tələblərinə uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçıların apellyasiya şikayətinin, birinci instansiya məhkəməsinin qərardadının ölkədaxili və beynəlxalq qanunvericiliyə uyğun olmadığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onların apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati-Məhkəməsinin 2-1(112)- 12754/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutub məhkəmə kollegiyası qəraraaldı:
İddiaçıların apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12754/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.