Məhkəmə qərarları › İş №2-1(103)-4269/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4269/2025

11.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4269/2025 11.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədovdan (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X2 ibarət tərkibdə, Şirazi Elxan oğlu Eldarzadənin katibliyi, İddiaçının vəkili X1 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7804/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faftiki halları

1. İmtina məktubunda qeyd edilir ki, hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, Sabunçu Rayon məhkəməsinin qətnaməsi ilə 2281 saylı Ləhiş qəsəbəsində yerləşən torpaq sahəsi üzərində istifadə hüququnun tanınması qət edilmişdir. Ümumi ərazidə hasarlama sxematik xəritəyə uyğun aparılmamış, torpaq sahəsinin bir hissəsi digər bağların ərazisinə uyğun gəlir. Sxematik xəritədə əks olunmayan ümumi istifadədə olan yol sahədən keçir. Faktiki ölçü 2095 kv.m təşkil edir.

2. Sabunçu Rayon Məhkəməsinin qətnaməsindən görünür ki, 0,25 ha ölçüdə 2281 nömrəli bağ sahəsinə istifadə hüququ iddiaçının tanınmış, bağın icarədarı iddiaçı hesab edilmişdir. Həmin iş materiallarında sadalanan 1975-ci il tarixli müqavilədən görünür ki, 2281 nömrəli bağ sahəsi icarədar Zibaxanım Ağabala qızına verilmişdir. Həmin müqavilədə Zibaxanım Ağabala qızının ailə üzvü kimi onun nəvəsi Vahid Rzayevində adı göstərilmişdir. X3 27 mart 1979-cu il tarixdə vəfat etmişdir. İddiaçı uzun illərdir ki, V.Rzayevlə birlikdə Ləhiş bağ qəsəbəsində 0,25 ha ölçüdə 2281 bağ sahəsindən istifadə edir.

3. Müayinə aktlarında qeyd edilir ki, tikili ərazidə yoxdur, faktiki sahə 2095 kv.m təşkil edir, 2-3 sıra mişar daşı ilə ərazi hasarlanmışdır. Vətəndaşın dediyinə görə öz razılığı ilə qonşu bağlara keçid yol qoyulub, bağın ərazisi iki hissədə ibarətdir. Faktiki torpaq yola düşən hissə çıxıldıqdan sonra qalan sahə 2095 kv.m təşkil edir.

4. 1975-ci il tarixli müqavilədən görünür ki, 2281 nömrəli bağ sahəsi icarədar Zibaxanım Ağabala qızına verilmişdir. Ailə üzvü kimi nəvəsi V.Rzayev göstərilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

6. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək Bakı ş, Ləhiş bağ massivində yerləşən 2095 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun iddiaçının adına dövlət qeydiyyatına alınması, çıxarış və plan və ölçünün verilməsinin cavabdehə həvalə edilməsi xahiş edilmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ləhiş bağ massivində yerləşən torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət edilmiş, lakin müraciətin təminindən imtina edilmişdir. İddiaçının rayon məhkəməsinin qətnaməsi əsasında bağ sahəsinə istifadə hüququ tanınmış, icarədar hesab edilmişdir. İddiaçı hesab edir ki, ona 2281 nömrəli 0,25 ha ölçüdə torpaq sahəsinə dair müvafiq çıxarışın verilməsi cavabdehə həvalə edilməlidir.

8. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, Sabunçu Rayon məhkəməsinin qətnaməsi ilə 2281 saylı Ləhiş qəsəbəsində yerləşən torpaq sahəsi üzərində istifadə hüququnun tanınması qət edilmişdir. Ümumi ərazidə hasarlama sxematik xəritəyə uyğun aparılmamış, torpaq sahəsinin bir hissəsi digər bağların ərazisinə uyğun gəlir. Sxematik xəritədə əks olunmayan ümumi istifadədə olan yol sahədən keçir. Faktiki ölçü 2095 kv.m təşkil edir.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7804/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.

10. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

b) Apellyasiya şikayətinin dəlilləri

11. Apellyasiya şikayəti iddiaya uyğun əsaslandırılmışdır. ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatları

13. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.

14. Cavabdeh təşkilata məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmədə nümayəndəsinin iştrakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir

TƏTBİQ EDİLƏN HÜQUQ

15. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

19. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3-cü maddələrinə əsasən)

21. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 15-17-ci bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır.

22. Belə ki, iddiaçı Bakı ş, Ləhiş bağ massivində yerləşən 2095 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun iddiaçının adına dövlət qeydiyyatına alınması, çıxarış və plan və ölçünün verilməsini tələb edir və iddia tələbinin təmin olunma əsası kimi Sabunçu Rayon Məhkəməsinin 2(008)-1188/2010 saylı, 04 iyun 2010-cu il tarixli qətnaməsinə əsasən iddiaçının həmin bağ sahəsinə dair istifadə hüququnun tanınması göstərilmişdir.

23. Cavabdeh orqan isə bildirir ki, iddiaçı Bakı ş, Ləhiş bağ massivində yerləşən 2095 kv.m torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim etmədiyindən imtina cavabı verilmişdir.

24. İş materillarına əlavə edilmiş 1975-ci il tarixli müqavilədən görünür ki, 2281 nömrəli bağ sahəsi Zibaxanım Ağabala qızının icarəsinə verilmiş, həmin şəxs adıçəkilən bağ sahəsini icarədarı hesab edilmişdir. Həmin müqavilənin 10-cu bəndində nəvə kimi V.Rzayevin adı da göstərilir ki, qeyd olunmalıdır ki, icarə müqavilələrində bağın icarədarınn ailə üzvünün göstərilməsi həmin nəvənin icarədar hesab edilməsi anlamına gəlməməklə, icarədarın Zibaxanım Ağabala qızı olması halını dəyişmir. Təbii haldır ki, V.Rzayev həmin müqavilədə göstərilmiş ailə üzvü kimi bağ sahəsindən faktiki istifadə hüququna malik olmuşdur ki, məhkəmə qətnaməsindən də görünür ki, iddiaçı məhz onunla birlikdə bağ sahəsindən faktiki istifadəyə əsaslanaraq həmin şəxsə qarşı iddia qaldırmış və bağ sahəsinin icarədarı hesab edilmişdir.

25. Eyni zamanda işin apellyasiya baxışı zamanı DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 20 oktyabr 2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin qətnaməsi əsasında İddiaçı Sabunçu Rayonu, Ləhiş Qəsəbəsindəki 0.25 ha torpaq sahəsi üzrə 2281 saylı bağ sahəsinə istifadə hüququ tanınmış və o, bağın icarədarı hesab edilmişdir.

26. Bakı Apellyasiya Məhkəməsinin digər sorğusuna DƏDRX-nin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən verilən cavab məktubundan görünür ki, yuxarıda qeyd olunmuş qətnamənin əsasında torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının qeydə alınmamasının səbəbi kimi həmin qətnamədə onların üzərinə qeydiyyatla bağlı öhdəliyin qoyulmaması olmuşdur.

27. Nəzərə alınamlıdır ki, icarə ilə bağlı ümumi müddəalar qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700-722-ci maddələri ilə tənzimlənir və həmin normalarda icarəyə verilmiş əşyanın mülkiyyətə verilməsi institutu nəzərdə tutulmamışdır. Lakin “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Qanunun 8.0.7-ci bəndində 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri mülkiyyət hüququnun tanınması üçün hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Qeyd olunan normadan belə qənaətə gəlmək olur ki, dövlət tərəfindən icarəyə verilmiş bağ torpaq sahəsi şəxsin sahibliyində olduğu təqdirdə həmin torpaq sahəsinin üzərində mülkiyyət hüququnun qeydə alınması mümkündür. Göründüyü kimi bağ sahələrinə dair verilmiş icarə müqavilələri həmin bağ sahələrinin faktiki sahiblikdə olmasını qanuniləşdirir. Yəni bağ icarə müqavilələri vətəndaşa torpağı istifadəyə verilməsi ilə bağlı dövlətin iradəsini əks etdirən sənəd kimi çıxış edir. Belə olduğu təqdirdə qeyd olunan bağ torpaq sahəsinin uzun müddətdir ki, İddiaçı faktiki sahibliyində olmasını rəsmiləşdirən (qanuniləşdirən) Sabunçu Rayon Məhkəməsinin 2(008)-1188/2010 saylı, 04 iyun 2010-cu il tarixli qətnaməsi həmin bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün əsas hesab edilməlidir.

28. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Qanunun 8.0.4-cü bəndinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınması üçün əsaslardan biridə məhkəmənin qanuni qüvvəyə minmiş qərarıdır.

29. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsasdır. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki hallarını və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir.

30. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

31. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7804/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ləğv olunmalı və iddia təmin edilməlidir.

32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7804/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin edilsin. Bakı şəhəri, Ləhiş bağ massivində yerləşən 2095 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun İddiaçı adına dövlət qeydiyyatına alınması, çıxarış və plan və ölçünün verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar