Məhkəmə qərarları › İş №2-1(103)-427/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-427/2022

12.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-427/2022 12.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsi ilə, Həmidov Həmid Üzeyir oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi, vəkil X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (üçüncü şəxslər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi) qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 07 avqust 2020-ci il tarixli, 2-1(81)-311/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (üçüncü şəxslər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının verilməsinin cavabdehə havələ edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 57 yaşının tamam olduğu 06 avqust 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh təşkilata dəfələrlə müraciət etmiş və güzəştli şərtlər daxilində yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, cavabdeh iki imtina məktubu ilə - birinci halda guya güzəştli iş stajı 12 il 6 aydan, ümumi iş stajı isə 25 ildən ibarət olduğunu bildirmiş, digər halda isə güzəştli iş stajı 12 aydan az təşkil etməsini məlum edir. Əmək kitabçası onun adına 20 noyabr 1984cü il tarixdə açılmış və 22 noyabr 1984-cü il tarixdən O, Tovuz hərbiləşdirilmiş dəstəsinə radiostansiyasının rəisi vəzifəsinə təyin edilmişdir; 01.04.1988-ci il tarixdən 03.03.1989cu il tarixədək həmin dəstənin 2-ci dərəcəli radiooperator vəzifəsində çalışmışdır. 03.03.1989-cu il tarixdə öz xahişi ilə işdən azad olunmuşdur. 16.03.1989-cu il tarixdə “Radiotikinti”-nin 21-ci Sexində mühəndis vəzifəsində işləməyə başlamış və 17.12.1991ci il tarixdə öz xahişi ilə işdən azad olunmuşdur. İddiaçı 19.12.1991-ci il tarixdən “Dostluq”kooperativində işləməyə başlamış və 29.05.1992-ci il tarixdən öz xahişi ilə işdən azad olunmuşdur. 01.06.1992-ci il tarixdən “Rəsuloğlu ’’kooperativində mebel sexinin rəisi vəzifəsinə təyin edilmişdir. 13.01.1997-ci il tarixdən 01.11.2011-ci il tarixə kimi X2 üzücü heyətinin nəqliyyat donanması gəmilərində radiostansiya rəisi vəzifəsində işləmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təstiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının” 21.2 bəndinin “b” yarımbəndinə əsasən, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahıya əsasən, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır, cavabdehin imtinaları qanunsuzdur. Onun güzəştli iş stajı Dəniz Gəmiçiliyində 14 il 09 ay 18 gün təşkil edir, Tovuz radiostansiyasında isə 4 il 6 ay təşkil edir, ümumilikdə isə 19 il 3 ay 18 gün təşkil edir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 07.08.2020-ci il tarixli, 2-1(112)-311/2020 nömrəli qərarı ilə (hakim Pərviz Hüseynov) iddia təmin edilmiş, iddiaçıya 57 yaşdan, yəni hüququnun yarandığı 06.08.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi X3 25 aprel 2019-cu il tarixli arayışdan görünür ki, onun güzəştli iş stajı 13.01.1997-ci ildən 01.11.2011-ci ilədək 14 il 9 ay 18 gün təşkil edir və Nazirlər Kabinetinin 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 nömrəli Siyahıda 23003010 kodu altında nəzərdə tutulub. Bu dövrün 01.01.2006-cı ilədək olan hissəsi - 8 il 11 ay 18 gün təşkil edir. İddiaçı qalan güzəştli stajının mövcudluğunun əsası kimi Milli Hidrometeorologiya Departamentinin 17 iyul 2019-cu il tarixli arayışına istinad edir. Həmin arayışda iddiaçının 22.10.1984- 01.04.1988-ci il tarixləri arasında Hidrometeorologiya İdarəsinin Tovuz hərbiləşdirilmiş dəstəsində radiostansiyanın rəisi vəzifəsi, habelə həmin dəstədə 01.04.1988-ci ildən 03.03.1989-cu ilədək çalışdığı İİ dərəcəli radiooperator vəzifəsi Nazirlər Kabinetinin 12 nömrəli Qərarı ilə təsdiqlənmiş Siyahının “Ümumi peşələr” adlanan 35-ci fəslində nəzərdə tutulub. Arayışda qeyd edilən peşə Nazirlər Kabinetinin 320 nömrəli Siyahısı ilə təsdiqlənmiş 2 nömrəli Siyahıda (23200000-1753q kodu altında) da vardı. Orada deyilir: “UQD (ultra qısa dalğalar), UYT-li (ultra yüksək tezlikli), HAYT (həddən artıq yüksək tezlikli) şüalanma, mənbələrində işlə daim məşğul olan fəhlələr və mütəxəssislər (bu işlərin yerinə yetirilməsi zamanı şüalanmadan fərdi mühafizə vasitələri mütləq tətbiq edilməlidir. Nazirlər Kabinetinin məlum siyahılarının tərtib edilmə formasından aydın olur ki, Nazirlər Kabineti “operator”, “fəhlə”, “mütəxəssis”, “rəis” kimi peşələrin hər birini ayrıca fərqləndirir. Başqa sözlə siyahıda hər peşə ayrıca göstərilmişdir. Bu səbəbdən, məsələn, “operator”un “fəhlə” kimi, “rəis”in “mütəxəssis” qismində qəbulu yolverilməzdir. Milli Hidrometeorologiya Departamentinin 17 iyul 2019-cu il tarixli arayışı Nazirlər Kabinetinin adı çəkilən Qərarına uyğun olmadığından əsaslı və qanuni sayıla bilməz. Göründüyü kimi, 01.01.2006-cı il tarixə kimi güzəştli iş stajı 12 il 6 aydan az olan iddiaçının “Vətəndaşların pensiya təminatı haqqında” qanuna əsasən 57 yaşdan pensiya hüququ yaranmamışdır. İddiaçı 01 iyul 2017-ci il tarixədək 57 yaşı tamam olmadığından “Əmək pensiyaları haqqında” Qanunun 01.07.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyası əsasında pensiya hüququnun əmələ gəldiyini demək mümkün deyildir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-291/2021 saylı, 13.04.2021-ci il tarixli qərarı ilə (hakimlər Elmira Nağıyeva, Habil Məmmədov və Vidadi Məmmədov) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 07.08.2020-ci il tarixli, 2-1(81)-311/2020 saylı qərarı ləğv edilmiş, iddia tələbi rədd edilmişdir. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-291/2021 saylı, 13.04.2021-ci il tarixli qərarının ləğv edilməsini və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)-1497/2021 nömrəli, 28.09.2021-ci il tarixli qərarı ilə kassasiya şikayət təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-291/2021 saylı, 13.04.2021-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Ali Məhkəmənin qərarında qeyd olunmuşdur ki, üzən heyət (gəmi heyəti) və şüalanma mənbələrində işlə daim məşğul olan fəhlələr və mütəxəssislər Nazirlər Kabinetinin 2 saylı Siyahısında müxtəlif kodlarla təsbit olunmuşdur. İddiaçı 13.01.1997 - 01.11.2011-ci il tarixlərində radiostansiya rəisi işlədiyinə görə onun vəzifəsi, həqiqətən də, “şüalanma mənbələrində işlə daim məşğul olan fəhlələr və mütəxəssislər” vəzifəsinə uyğun hesab oluna bilməz. Həmin peşənin adından da göründüyü kimi burada məhz fəhlələr və mütəxəssislər nəzərdə tutulmuşdur. Lakin apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, iddiaçı raidostansiya rəisi vəzifəsini Azərbaycan Dövlət X3 üzücü heyətinin nəqliyyat donanması gəmilərində həyata keçirmişdir. Müvafiq siyahının “XXVİİİ. Nəqliyyat.Dəniz və çay donanması” bölməsində “Üzən heyət” adı ilə sadalanan vəzifələrin tərkibində isə rəis və ya mütəxəssis kimi bir bölgü yoxdur. Belə olan halda, iddiaçının 13.01.1997-01.11.2011-ci il tarixlərində işlədiyi müddətin güzəştli iş stajına aid olub-olmamasını müəyyən etmək üçün iddiaçının çalışdığı vəzifənin hazırkı qərarın 23-cü bəndində göstərilən peşələrlə uyğunluğu araşdırılmalı idi. Məhkəmə isə göstərilən halı nəzərə almamış, bununla da iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmadan qərar qəbul edərək hazırkı qərarın 25-28-ci bəndlərində göstərilən prosessual hüquq normalarının tələblərini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Hazırki apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək Bakı İnzibati Məhkəməsinin 31 avqust 2020-ci il tarixli, 2-1(112)-379/2020 nömrəli qərarının ləğv olunması, iddianın təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş və səbəbinin üzürlü olması barədə əvvəlcədən məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası iclasa çağırılan iddiaçının (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. İş materiallarına əsasən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1961-ci il tarixində doğulmuş, 1979-1984-cü illərdə C.İldırım adına Azərbaycan Politexnik institutunda “radio rabitəçi və radio verilişi” ixtisası ali təhsil almış, 22.10.1984-cü il tarixdən Tovuz hərbiləşdirilmiş dəstəsinə radiostansiyasının rəisi vəzifəsinə təyin edilmiş, 01.04.1988-ci il tarixdən 03.03.1989-cu il tarixədək həmin dəstənin 2-ci dərəcəli radiooperator vəzifəsində çalışmış, 03.03.1989-cu il tarixdə işdən azad olunmuş, 16.03.1989-cu il tarixdən 17.12.1991-ci il tarixədək “Radiotikinti”nin 21-ci Sexində mühəndis vəzifəsində işləməyə başlamış və 17.12.1991-ci il tarixdə işdən azad olunmuşdur. İddiaçı 19.12.1991-ci il tarixdən “Dostluq” kooperativində çilingər işləməyə başlamış və 29.05.1992-ci il tarixdən işdən azad olunmuş, 01.06.1992-ci il tarixdən 03.01.1995-ci il tarixədək “Rəsuloğlu” kooperativində mebel sexinin rəisi vəzifəsində işləmiş, 13.01.1997-ci il tarixdən 01.11.2011-ci il tarixə kimi X2 üzücü heyətinin nəqliyyat donanması gəmilərində radiostansiya rəisi vəzifəsində işləmişdir. 2. İddiaçı 19.07.2019-cu və 22.08.2019-cu il tarixlərində ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçıya müvafiq olaraq 06.08.2019-cu və 29.08.2019-cu il tarixli məktublar ünvanlayaraq ona pensiya təyin edilməsindən imtina etmişdir. 3. Cavabdeh hər iki məktubunda imtinasını belə əsaslandırmışdır ki, iddiaçının təqdim etdiyi sənədlərdən görünür ki, onun ümumi iş stajı 25 ildən, güzəştli iş stajı isə 12 il 6 aydan az təşkil edir. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən, «Əmək pensiyaları haqqında» Qanunun 9.1,9.8-ci maddələrinə, 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə, 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11.12.2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə, 01.10.1956-cı ildə qanuni qüvvəyə minmiş və 23.09.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə, 23.09.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin ğ) bəndinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsinə əsaslanmaqla belə hesab etmişdir ki, iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 25 ildən artıq ümumi əmək stajı olduğuna və onun 12 il 6 aydan artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahı üzrə nəzərdə tutulan sahədə işlədiyinə görə onun 57 yaşından «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1 və 9.8-ci maddələrinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Ona görə də iddiaçının təhsil aldığı müddət, yuxarıda qeyd olunan işlədiyi dövr güzəştli şərtlərlə pensiya təyin edilməsinə əsas olan iş stajı kimi nəzərə alınmaqla, ona 57 yaşdan, yəni hüququnun yarandığı 06.08.2018-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən qərar ləğv edilməli, iş üzrə yeni qərar çıxarılmaqla iddia tələbi təmin edilməməlidir. Hazırki işə baxmış Ali Məhkəmənin yuxarıda qeyd edilən qərarına uyğun aparılmış araşdırmaya görə, iddiaçının Azərbaycan Respublikası Hidrometrologiya İdarəsinin Tovuz Hərbiləşdirilmiş Dəstəsində 01.04.1988 – 03.03.1989 - işlədiyi yalnız İİ dərəcəli radiooperator peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı 21.06.1993cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 No-li Siyahısı”nın “XXXİİİ.Ümumi peşələr” Bölməsində 23200000-1753q kodu altında “UQD (ultra qısa dalğalar), UYT-li (ultra yüksək tezlikli), HAYT(həddən artıq yüksək tezlikli) şüalanma, mənbələrində işlə daim məşğul olan fəhlələr və mütəxəssislər (bu işlərin yerinə yetirilməsi zamanı şüalanmadan fərdi mühafizə vasitələri mütləq tətbiq edilməlidir)” peşə kimi nəzərdə tutulmuş və iddiaçının bu peşədə iş stajı (güzəştli iş stajı) cəmi 11 il 2 gün təşkil edir. Bu hal həmçinin işin materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti tərəfindən verilmiş 04.07.2019, 17.07.2019 və 18.05.2020-ci il tarixli arayşları ilə təsdiq olunur, hamçinin bu halı cavabdeh inzibati orqan da inkar etmir. İddiaçının yuxarıda adı çəkilən İdarədə 22.10.1984 – 01.04.1988-ci illərdə işlədiyi radiostansiya rəisi vəzifəs isə nə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı 21.06.1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş 2 No-li Siyahıda, nə də ki, 12 saylı 23.01.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən şərtlərlə yaşa istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmamışdır, ona görə də iddiaçının bu vəzifədə iş stajı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası iş stajı sayıla bilməz. Bu halı həmçinin yuxarıda qeyd edilən qərarda Ali Məhkəmə də göstərmişdir. Eyni zamanda iddiaçının Azərbaycan Respublikası Xəzər Dəniz Gəmiçiliyin gəmilərində işlədiyi 13.07.1997 – 01.11.2011-ci illərdən eyni vəzifədə (radiostansiya rəisi) işlədiyi müddətin yalnız 13.07.1997 – 01.01.2006-ci illər hissəsi (8 il 5 ay 19 gün) güzəştli iş stajı sayılır, çünki iddiaçı bu vəzifədə üzən heyətin üzvü olmuşdür. Həmin Gəmiçilyin işin materiallarında olan 25.04.2019 və 19.06.2020-ci il tarixli arayışlarına görə, iddiaçının işlədiyi vəzifə üzücü heyətə (ekipaja) və çalışdığı gəmilər yük daşıyan dəniz nəqliyyatı donanmasına aiddir. O gəmilər liman akvatoriyasında daim fəaliyyət göstərən liman gəmiləri, habelə xidmətçi-yardımçı, gəzinti – səhyahət, şəhərətrafı və şəhərdaxili su yollarında işləyən gəmilər hesab edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı 21.06.1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş 2 No-li Siyahıda “XXVİİİ.Nəqliyyat” Bölməsinin “3.Dəniz və çay donanması” Yarımbölməsində “1) Üzən heyət, yəni dəniz, çay donanmasının və balıqçılıq sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı, və şəhərdaxili yol gəmiləri istisna olmaqla)” 23003010 kodu altında qeyd olunmuşdur. Eyni zamanda üzən heyət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı 23.01.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş Siyahıda da “21. Nəqliyyat” Bölməsinin “21.2. Dəniz və çay donanması” Yarıbölməsinin “b” bəndində qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının 01.01.2006-cı il tarixədək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası iş stajı cəmi 9 il 4 ay 19 gün təşkil edir, bu da tələb olunun 12 il 6 ay stajdan azdır. Belə ki, iş üzrə müəyyən edilir ki, iddiaçı həm ilk iddia ərizsində, həm də həmin iddia ərizəsinə düzəlişdə ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Bu halda O, 01.01.2006-cı il tarixədək 25 il ümumi və 12 il 6 ay güzəştli şərtlərlə yaşa görə əmək pensiyası iş stajlarını toplmala idi. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 №-li siyahıya görə 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İşdən görünür ki, iddiaçının 57 yaşı 06.08.2018-ci il tarixdə tamam olmuşdur. Göründüyü kimi iddiaçı güzəştli şərtlərlə pensiya hüququ verən yaş həddinə (57 yaşa) çatdığı zaman pensiyanın təyin olunması üçün O, azı 25 il ümumi və 12 il 6 ay güzəştli iş stajlarına malki olmalı idi ki, bu da iş üzrə müəyyən olunmur. Ona görə də, hazırda onun onun iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 07.08.2020-ci il tarixli, 2-1(112)-311/2020 nömrəli qərarı ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Bakı şəhəri Nəsimi rayon xidmət nümayəndəliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 07.08.2020-ci il tarixli, 2-1(112)-311/2020 nömrəli qərarı ləğv olunsun. İş üzrə yeni qərar qəbul olunsun. İddiaçı iddiası təmin edilməsin. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar