Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-427/2024 01.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlu və X3 ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı «keçmiş dövr üzrə təqaüdün ödənilməsi»nə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2455/2023 saylı, 27 iyul 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı «keçmiş dövr üzrə təqaüdün ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir İddia ərizəsində bildirilir ki, iddiaçı (İddiaçı) 11 noyabr 1993- cü il tarixdən 24 sentyabr 1995ci il tarixədək Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Halhazırda 2-ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyü müdafiəsi ilə əlaqədar müddətsiz əlilldir. İddiaçı 15 may 2019-cu il tarixdə Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə müraciət etmiş, ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edilmişdir. İddiaçı hal hazırda DSMF Sosial Ödənişlərin Təyinatı üzrə X2 təqaüdü alır, lakin qanunla müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməyən, yəni 1 sentyabr 2008-ci il tarixdən Prezident təqaüdü almaq hüququ yarandığı gündən (1993-cü ildə yaralandığı, 1997-cı ildən əlil olduğu üçün onun hüququ 1 sentyabr 2008-cı il tarixdə yaranmışdır) ödənilməklə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməyən 1 sentyabr 2008-ci il tarixdən 15 may 2019-cu il tarixədək fərq məbləğinin tam şəkildə birdəfəlik qanunla ödənilməsi mümkündür. Belə ki, bir cox onun kimi olan hərbçi yoldaşlarına həmin fərq məbləğinin məhkəmə qaydasında ödənilməsi təmin edilmişdir. İddiaçıya 15 may 2019-cu il tarixdə verilmiş müayinə aktına əsasən təqaüd alır və bu hal mübahisələndirilmir. Yəni, hazırki iş üzrə mübahisə predmeti onun hansı orqan tərəfindən yenidən müayinə edilməyi və təqaüdün təyin edilməsi üçün əsas olan sənədin hansı orqan tərəfindən verilməsi yox, iddiaçının əlilliklə bağlı hüququnun nə vaxtdan yaranmasıdır. Cavabdeh tərəfindən 15 may 2019-cu il tarixdən iddiaçıya təqaüd verilməsi, cavabdeh tərəfindən təqaüd almaq üçün əsas olan əlilliyin vəziyyətinin müəyyən edən arayışın qəbul edilməsinə dəlalət edir. Lakin bu arayış iddiaçının 2019-cu ilin may ayından əlil olmağını təsdiq etmir, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olduğunu müəyyən edir ki, onun hərbi xidmət vəzifələrinə 1993-cü ildə son qoymuş, 1997-ci ildən 2007-ci ilədək müddətli, 2007-ci ildən müddətsiz əlil olmuşdur. Belə olan halda, cavabdehin 2008-ci ilin sentyabr ayından etibarən iddiaçıya təqaüd verilməsindən imtina edilməsini əsassız hesab edir. İddiaçı, bu barədə cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin cavabdeh 31 avqust 2022-ci il tarixdə müraciətə əsassız olaraq etiraz etmiş, bu səbəbdən də məhkəməyə müraciət etmişdir. İddiaçı hesab edir ki, cavabdehin etirazı əsassız və qanunsuzdur, belə ki, onun iddia tələbi analoji hal olaraq Ali Məhkəmənin 2-1(102)- !517/2021 nömrəli 4 avqust 2021-ci il tarixli qərarında öz əsaslı təsdiqini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında Azərbaycan Respublikasi Prezidentinin 9 sentyabr 2008-ci il tarixli 823 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən sağlamlıqlarını itirərək əlil olan şəxslərin mərdlik və şücaətlərini qeyd edərək onların sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə 1 sentyabr 2008-ci il tarixdən 15 may 2019-cu il tarixədək fərq məbləğinin tam şəkildə birdəfəlik qanunla ödənilməlidir. Göstərilənlərə əsaslanaraq, iddiaçıya Azərbaycan Respublikasını Prezidentinin təqaüdünün ödənilməyən, yəni 1 sentyabr 2008-ci il tarixdən 15 may 2019-cu il tarixədək olan dövr üzrə məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2455/2023 saylı, 27 iyul 2023-cü il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «keçmiş dövr üzrə təqüdün ödənilməsi» tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. İddiaçı qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2455/2023 saylı, 27 iyul 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, «Əmək pensiyaları haqqında» Qanunun -4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. -11.1-ci maddəsinə əsaəsn əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik dərəcələri, əlilliyin, o cümlədən 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. - 11.2-ci maddəsinə əsasən hərbi qulluqçular (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) sırasından olan əlilliyi olan şəxslər aşağıdakı kateqoriyalara bölünürlər: (11.2.1) müharibə ilə əlaqədar əlilliyi olan şəxslər – əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində üz verərsə, (11.2.2) hərbi qulluqçular sırasından digər əlilliyi olan şəxslər – əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə bağlı olmayan bədbəxt hadisə nəticəsində alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində üz verərsə. - 12.2-ci maddəsinə görə hərbi qulluqçulara, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından müharibə ilə əlaqədar İ dərəcə əlilliyi olan şəxslərə (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, lakin xidmət dövründə alınmış xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində üz verdikdə təyin edilir. - 20.16-cı maddəsinə əsasən bu Qanunun 20.1.12-ci maddəsində nəzərdə tutulmuş şəxslərin (bu Qanunun 12.2-ci maddəsində göstərilən hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla)) əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: (20.16.1) müharibə ilə əlaqədar İ dərəcə əlilliyi olan şəxslərə (o cümlədən xidməti vəzifələri yerinə yetirərkən əlil olanlara) müvafiq təminat xərcliyinin – 100 faizi, müharibə ilə əlaqədar İİ dərəcə əlilliyi olan şəxslərə - 80 faizi, müharibə ilə əlaqədar İİİ dərəcə əlilliyi olan şəxslərə – 55 faizi, (20.16.2) İ dərəcə əlilliyi olan digər şəxslərə (o cümlədən xidməti vəzifələri yerinə yetirməklə bağlı olmayan əlilliyi olan şəxslərə) müvafiq təminat xərcliyinin – 60 faizi, İİ dərəcə əlilliyi olan şəxslərə – 55 faizi, İİİ dərəcə əlilliyi olan şəxslərə – 5 faizi miqdarı ilə müəyyənləşdirilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 36 nömrəli Qərarının 1-ci hissəsi ilə «Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə» təsdiq edilmişdir. Əsasnamənin 4.1-ci bəndinə əsasən şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. Əsasnamənin 4.16-cı bəndinə əsasən TSEK 2 iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə «Əlilliyin qiymətləndirilməsi Qaydası» təsdiq edilmiş və «Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 36 nömrəli Qərarının 1 – 4-cü hissələri ləğv edilmişdir. “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 9 sentyabr 2008-ci il tarixli Fərmanının 1-ci bəndinə əsasən “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilsin və onun aylıq məbləği aşağıdakı kimi müəyyən edilsin: (1.1) orqanizmin funksiyalarının 81 – 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 500 manat, (1.2) orqanizmin funksiyalarının 61 – 80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 400 manat, (1.3) orqanizmin funksiyalarının 31 – 60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 330 manat. Sadalanan qanunvericilik normalarına əsasən müəyyən edilir ki, aşağıdakı şərtlərdən biri mövcud olduğu halda şəxs müharibə əlili kimi qiymətləndirilməlidir: əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmış xəsarət (yara, kontuziya və ya zədə) nəticəsində baş verdikdə; əlillik cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində yarandıqda. Hazırkı işin hallarına görə iddiaçıya onun hərbi xidmət vəzifələrinin yerinə yetirilməklə əlaqədar əlilliyin müəyyən olunduğu tarixdən (15 may 2019-cu il) Prezident təqaüdü təyin olunub ödənilsə də, o, bununla razılaşmır və təqaüdün məhz əlilliyin ona təyin olunduğu vaxtdan ödənilməsini tələb edir. Halbuki, həmin dövrdə ona ikinci dərəcəli əlillik dərəcəsi ümumi əsaslar ilə təyin olunmuşdur. Göstərilən bu hal ona dəlalət edir ki, iddiaçıya təyin olunmuş ikinci dərəcəli əlilliyin səbəbli əlaqəsi 15 may 2019-cu il tarixdə müəyyən olunduğundan, o, məhz həmin tarixdən müharibədə iştirakla əlaqədar əlilliyi olan şəxslərin əhatə dairəsinə düşmüş və onun həmin tarixdən etibarən Prezident təqaüdü almaq hüququ yaranmış olmur. Eyni zamanda həmin tarixdən (15 may 2019-cu il) əvvəl əlilliyin səbəb əlaqəsinə dair mübahisə açması ilə bağlı aidiyyəti inzibati orqana, onun hərəkətindən (hərəkətsizliyindən) isə məhkəməyə müraciət etməsinə dair mötəbər sübut təqdim etməmişdir. Bu səbəbdən həmin tarixdən əvvəlki dövr üzrə iddiaçıya Prezident təqaüdü təyin edilməsi barədə iddia əsaslı hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2455/2023 saylı, 27 iyul 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2455/2023 saylı, 27 iyul 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-427/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-427/2024
01.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver