Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-427/2025 21.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinə qarşı iş üzrə (Açar sözlər: avtomobilə dair yeni qeydiyyat şəhadətnaməsinin verilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məmmədli Aytac Mahir qızının katibliyi ilə, İddiaçının vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinə qarşı “avtomobilə dair yeni qeydiyyat şəhadətnaməsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 27 avqust 2024-cü il tarixli, e-2-1(112)-10390/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus olan “Cadilac Escalade” minik markalı avtomobilin dövlət qeydiyyatına alınmaqla nömrə nişanlarının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı özünə avtomobil almaq üçün avtomobillərlə maraqlanmış və bu məqsədlə X4 Şarja şəhərində yaşayan tanışı Hüseyn adlı şəxslə telefon əlaqəsi saxlayaraq özünə avtomobil almaq istədiyini, əsasən də dizel mühərrikli “Cadillac” markalı avtomobil istədiyini bildirmişdir. Sonra Hüseyn əlaqə saxlayıb "Cadillac Escalade" minik markalı, universal tipli, İGYS1CKT0PR246553 ban nömrəli, qara rəngli, 2022-ci il buraxılışlı avtomobilin şəkillərini ona göndərmişdir. İddiaçı avtomobili almaq istəyini bildirdikdən sonra Hüseyn avtomobili aparıb müvafiq qurumlarda yoxlatmışdır. Bundan sonra avtomobil sifariş əsasında xx.xx.2024-cü il tarixdə onun adına sənədləşdirilib Azərbaycan Respublikasına göndərilmişdir. xx.xx.2024-cü il tarixdə avtomobil Bakı şəhərinə çatmışdır. xx.xx.2024-cü il tarixdə avtomobil Azərbaycan Respublikasında gömrük qeydiyyatından keçirilmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə avtomobil qeydiyyat hərəkətləri aparılması və dövlət nömrə nişanları verilməsi üçün BDYPİ-nə təqdim etmişdir. Orada avtomobilin texniki baxışı keçirilib sənədləşmə aparılan zamanı avtomobilin Kanada dövlətində axtarışda olması barədə məlumat verilərək qeydiyyat hərəkətləri aparılmamışdır. xx.xx.2024-cü il tarixdə araşdırma aparılması üçün Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinə göndərilmiş, faktla bağlı araşdsırma aparılaraq "cinayət işi başlanmasının rədd edilməsi haqqında" 15 mart 2024-cü il tarixli Qərar qəbul edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli, 24/67 nömrəli tədqiqat haqqında arayaşa əsasən “Cadilac Escalade” minik markalı, üzərində dövlət qeydiyyat nişanları olmayan avtomobilin ban nömrəsi vurulması nəzərdə tutulan hissəsində həkk edilmiş ban nömrəsində olan “İGYS4CK F0PR246553” hərf və rəqəmlər zavod üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterikdir. Avtomobilin zavod lövhəsi (birka) üzərində ban nömrəsini göstərən “İGYS4CK F0PR246553” hərf və rəqəmlər çap üsulu ilə vurulmuş hərf və rəqəmlərə xarakterikdir. Zavod lövhəsinin üzərində qoruyucu su nişanları müşahidə edilmişdir, avtomobilin qabaq ön şüşəsinin alt hissəsində lövhə üzərində ban nömrəsini göstərən “İGYS4CK FOPR246553” hərf və rəqəmlər zavod üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterikdir, avtomobilin mühərrik nömrəsi həkk edilməsi nəzərdə tutulan hissəsi mühərrikin detalları ilə qapalı olduğundan həmin hissəyə vizual və "Will Wirelies hodoscope” modelli endoskop vasitəsi ilə baxış keçirmək texniki cəhətdən mümkün olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İNTERPOL-un Milli Mərkəzi Bürosunun xx.xx.2024-cüil tarixli, 3-13-25/2-2965/202-1 nömrəli məktubundan görünür ki, İNTERPOL-un Baş katibliyinin məlumatına əsasən VİN: İGYS4CKT0PR246553 olan, qara rəngli, “Cadillac Escalade” markalı nəqliyyat vasitəsi Kanadada oğurlanmış və xx.xx.2024-cü il tarixdə “ASF”' avtomatlaşdırılmış axtarış sistemində qeydə alınmışdır. Həmçinin araşdırma zamanı müəyyən edilmişdir ki, "Cadilac Escalade” minik markalı, universal tipli, İGYS4CK TOPR246553 ban nömrəli, qara rəngli, 2022-ci il buraxılışlı avtomobil Azərbaycan Respublikasına ilk dəfədir ki, gətirilmişdir. Avtomobilin göndərildiyi ölkə X1. Avtomobil İddiaçı adına sənədləşdirilməklə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasında gömrük qeydiyyatından keçirilmişdir. xx.xx.2024-cü il tarixdə isə avtomobil dövlət qeydiyyatına alınmaqla nömrə nişanları verilməsi üçün BDYPİ-nə təqdim olunmuşdur. Avtomobilin texniki müayinəsi aparılan zaman avtomobilin VİN nömrəsi göstəricilərinə əsasən Kanada dövlətində axtarışda olması müəyyən edildiyi üçün avtomobilin qeydiyyat hərəkətləri aparılmamışdır. Araşdırmanın nəticəsi olaraq müəyyən edilmişdir kı, “Cadilac Escalade" minik markalı, universal tipli, İGS4CKT0PR246553 ban nömrəli, qara rəngli, 2022-ci il buraxılışlı avtomobilin Kanada dövləti tərəfindən axtarışa verilməsi ilə X5 və qeyrilərinin hərəkətləri arasında hər hansı bir əlaqə yoxdur. Yəni sözügedən halda X9 və qeyriləri vicdanlı alıcı hesab edilməklə əməllərində “Cadillac Escalade” minik markalı avtomobillə bağlı oğurluq və digər cinayətin tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməli, avtomobil saxlanılmasının təmin olunması üçün X7 təhvil verilməklə avtomobillə bağlı mübahisəli məsələlərin həlli üçün məhkəməyə müraciət etməsinə dair hüquqları X7 izah edilməlidir. Bununla belə «Cadillac Escalade» minik markalı, universal tipli, İGYS4CKT0PR246553 ban nömrəli, qara rəngli, 2022-ci il buraxılışlı avtomobilin mübahisəli məsələlər həllini tapanadək Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmaması barədə cavabdehin üzərinə xəbərdar edilməlidir. Təhqiqatın yekun "Qərar”ına əsasən X5 və qeyrilərinin həmin avtomobilin Kanada dövləti ərazisindən oğurlanması fakt üzrə əməllərində hər hansı bir cinayət tərkibinin əlamətləri olmadığından toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. xx.xx.2024-cü il tarixdə cavabdehə ərizə ilə müraciət edərək avtomobilin dövlət qeydiyyatına alınmaqla nömrə nişanlarının verilməsi üçün müraciət etmişdir.
3. Bakı İnzibati Məhkəməsinin 27 avqust 2024-cü il tarixli, e-2-1(112)-10390/2024 saylı qərarı ilə iddia tələbinin rədd edilməsi qərara alınmışdır.
4. Qərardan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan “Cadillac Escalade” minik markalı nəqliyyat vasitəsi X2 ölkə ərazisinə gətirilmiş və Kanada dövlətində axtarışda olması müəyyən edilmiş, iddiaçı isə avtomobilin axtarışda olmasından məlumatlı olmadan həmin avtomobili almışdır. Təhqiqat orqanının qərarına əsasən, iddiaçının və qeyrilərinin həmin avtomobili Kanada dövləti ərazisindən oğurlaması faktı üzrə əməllərində hər hansı bir cinayət tərkibinin əlamətləri olmadığı müəyyən edilmişdir. Başqa sözlə iddiaçının vicdanlı alıcı olması müəyyən edilmişir. Qanunvericiliyə görə, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən şəxs əşyanın mülkiyyətçisi olur.
MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:
6. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili-nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
7. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə cavabdeh nümayəndəsinin məhkəmə kollegiyasının iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR
8. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərar ilə qərara alınmışdır ki, X5 və qeyrilərinin «Cadillac Escalade» minik markalı, universal tipli, 1GYS4CKT0PR246553 ban nömrəli, qara rəngli, 2022-ci il buraxılışlı avtomobilin Kanada dövləti ərazisindən oğurlanması fakt üzrə əməllərində hər hansı bir cinayət tərkibinin əlamətləri olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, «Cadillac Escalade» minik markalı, universal tipli, 1GYS4CKT0PR246553 ban nömrəli, qara rəngli, 2022-ci il buraxılışlı avtomobil saxlanılmasının təmin olunması üçün X7 təhvil verilmiş, mübahisəli məsələlər həll olunana qədər avtomobilin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmaması barədə X6 xəbərdarlıq edilmiş, qərarın surəti BDYPİ-nin Qİİ-nə göndərilmişdir.
9. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, “«Cadillac Escalade» minik markalı, universal tipli, 1GYS4CKT0PR.246553 ban nömrəli, qara rəngli, 2022-ci il buraxılışlı avtomobilin beynəlxalq axtarışda olmasına dair material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surəti sizə göndərilməklə izah olunur ki, qərardan narazı qaldığınız halda ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və məhkəmə nəzarətini həyala keçirən məhkəməyə şikayət vermək hüququnuz vardır.”
10. İş materiallarında olan cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin iddiaçının müraciətinə əsasən ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, “qeyd olunan "CADİLLAC ESCALADE" markalı, ban nömrəsi: 1GYS4CKT0PR246553 olan nəqliyyat vasitəsi Kanadada oğurlandığı üçün "İNTERPOL" tərəfindən axtarışda olmasının müəyyən edilməsi səbəbindən xahişinizin müsbət həlli, yəni həmin nəqliyyat vasitəsinə dair DİN Baş X12 İdarəsinin Qeydiyyatimtahan İdarəsində qeydiyyat hərəkətlərinin aparılması yalnız məhkəmə orqanları tərəfindən nəqliyyat vasitəsinin üzərində mülkiyyət hüququnuzun tanınması və qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi ilə bağlı müvafiq qərar qəbul edildiyi təqdirdə mümkün ola bilər.”
11. Məhkəmənin sorğusuna əsasən İNTERPOL-un Milli Mərkəzi Bürosunun xx.xx.2024-cü il tarixli məktubu ilə bildirilmişdir ki, İnterpolun Baş Katibliyindən alınan məlumata görə, VİN: 1GYS4CKT0PR246553 olan, qara rəngli "Cadillac Esca” markalı nəqliyyat vasitəsi Kanadada oğurlanmış və xx.xx.2024-cü il tarixdə təşkilatın «e-ASF» avtomatlaşdırılmış axtarış sistemində qeydə alınmışdır.
12. Apellyasiya baxışı zamanı təqdim edilmiş, DİN Baş X12 İdarəsinin xx.xx.2024-cü il tarixli, “BB 661258” nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Cadillac Escalade” minik markalı, ** HH *** dövlət qeydiyyat nişanlı, 2022-ci il buraxılışlı, universal tipli, V1222903MJ7X0306 mühərrik nömrəli, 1GYS4CKT0PR246553 ban nömrəli, qara rəngli avtomobil xüsusi qeydlər hissəsində “Az.respublikadan kənara çıxarılmasın, məhkəmə qərarı olmadan özgələşməsin” qeydi ilə qeydiyyatdan keçmişdir.
13. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2024cü il tarixli qeydiyyat şəhadətnaməsindən xüsusi qeydlər hissəsində nəzərdə tutulmuş məhdudiyyətlər çıxarılmaqla yeni qeydiyyat şəhadətnaməsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinin üzərinə qoyulması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ
12. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
13. Apellyasiya baxışı zamanı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2024-cü il tarixli qeydiyyat şəhadətnaməsindən xüsusi qeydlər hissəsində nəzərdə tutulmuş məhdudiyyətlər çıxarılmaqla yeni qeydiyyat şəhadətnaməsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinin üzərinə qoyulması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir.
14. Məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir.
15. İddia mümkün iddiadır. 16.“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 27. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatı İ hissə. Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Dövlət qeydiyyatı nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlikqaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların, yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələrin və ya vergilərin , yaxud ödənclərin ödənilməsi, eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının təmin edilməsi, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir. Nəqliyyat vasitəsinin qoşqu və yarımqoşqunun qeydiyyatı sahibinin (hüquqi və fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir;. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”nin: -1.3-cü bəndinin ikinci cümləsinə əsasən nəqliyyat vasitəsinin qeydiyyatı sahibinin (hüquqi və ya fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. -8.1-ci bəndinə əsasən Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 28-ci maddəsində nəzərdə tutulmuş formada və qaydada verilir. 17.Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir.
18. Məlum olduğu kimi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli qeydiyyat şəhadətnaməsindən xüsusi qeydlər hissəsində nəzərdə tutulmuş məhdudiyyətlər çıxarılmaqla yeni qeydiyyat şəhadətnaməsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. İş materiallarından göründüyü kimi, “Cadillac Escalade” minik markalı, ** HH *** dövlət qeydiyyat nişanlı, 2022-ci il buraxılışlı, universal tipli, V1222903MJ7X0306 mühərrik nömrəli, 1GYS4CKT0PR246553 ban nömrəli, qara rəngli avtomobil qeydiyyatdan keçmiş və xx.xx.2024-cü il tarixdə həmin avtomobilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsi tərəfindən ** HH *** dövlət qeydiyyat nişanı verilməklə iddiaçının mülkiyyəti kimi qeydə alınmışdır. Bu barədə Azərbaycan Respublikası BDYPİ tərəfindən qeyd edilən avtomobilə, xx.xx.2024-cü il tarixli, “BB 661258” nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilmişdir. DİN Baş X12 İdarəsinin xx.xx.2024-cü il tarixli, “BB 661258” nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin xüsusi qeyd hissəsində qeyd edilmişdir ki, “Az.respublikadan kənara çıxarılmasın, məhkəmə qərarı olmadan özgələşməsin”.
20. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, əvvəla sözügedən nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsi (yəni cavabdehin özü) tərəfindən ** HH *** dövlət qeydiyyat nişanı verilməklə iddiaçının mülkiyyəti kimi qeydə alınmışdır, yəni həmin nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdən artıq iddiaçının xüsusi mülkiyyətindədir və məhkəmə tərəfindən mülkiyyət hüququnun tanınmasına ehtiyac yoxdur.
21. Digər tərəfdən qeyd edilməlidir ki, sözügedən məktubda cavabdeh tərəfindən “İnterpol”-un məlum məktubuna istinad edilsə də, bu istiqamətdə hər hansı müvafiq tədbirlər görülməmiş, yəni iddiaçının xüsusi mülkiyyətində olan adıçəkilən avtonəqliyyat vasitəsinin dövlət qeydiyyatı ləğv edilməmiş və yaxud “İnterpol”dan lazımi əlavə məlumatlar alınmamış, bunun nəticəsində sözügedən avtomobil hal-hazırda da iddiaçının xüsusi mülkiyyətindədir ki, şəxsin xüsusi mülkiyyətində olan əmlaka dair istənilən müdaxilə Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə ziddir.
22. Eyni zamanda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “İnterpol”-un Milli Mərkəzi Bürosunun xx.xx.2024-cü il tarixli Bakı İnzibati Məhkəməsinə ünvanladığı məktubunda deyilir ki, “İnterpol”-un baş katibliyindən alınan məlumatına görə, VİN:1GYS4CKT0PR246553 olan, qara rəngli “Cadillac Esca” markalı nəqliyyat vasitəsi Kanadada oğurlanmış və xx.xx.2024-cü il tarixdə təşkilatın “e-ASF” avtomatlaşdırılmış axtarış sistemində qeydə alınmışdır”. 23.Burada məhkəmə kollegiyası bir neçə məsələni nəzərə almağı zəruri hesab edir.
24. Belə ki, əvvəla cavabdeh “İnterpol”-dan belə bir məlumat aldığı zaman, “İnterpol”-la müvafiq yazışma aparmalı və sözügedən məsələnin təfsilatlarını öyrəndikdən sonra, inzibati icraat qaydasında tam və hərtərəfli araşdırma aparmaqla müvafiq qərar qəbul etməli idi. Lakin cavabdeh bunları etməmişdir.
25. Digər tərəfdən, iddiaçı həmin avtomobili oğurluq hadisəsi xx.xx.2024-cü il tarixdə “İnterpol”un “e-ASF” avtomatlaşdırılmış axtarış sistemində qeydə alındığı dövr ərzində xx.xx.2024-cü il tarixində Daxili İşlər Nazirliyi Baş X12 İdarəsi tərəfindən həmin avtomobilə ** HH *** dövlət qeydiyyat nişanı verilməklə, avtomobil iddiaçının xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır.
26. Bu arada xüsusi olaraq vurğulanmalıdır ki, işin 9-10-cu səhifələrində olan Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan yol nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və Təhqiqat şöbəsinin cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, sözügedən fakt üzrə X3 və qeyrilərinin əməlində hər hansı bir cinayət tərkibinin əlamətləri olmadığından toplanmış materiallar üzrə cinayət işi başlanması rədd edilmişdir. Hətta həmin qərarla X8 və qeyriləri vicdanlı alıcı hesab edilmişlər.
27. Məhkəmə kollegiyası qeyd edir ki, DİN Baş X12 İdarəsinin xx.xx.2024-cü il tarixli, “BB 661258” nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində “Cadillac Escalade” minik markalı, ** HH *** dövlət qeydiyyat nişanlı, 2022-ci il buraxılışlı, universal tipli, V1222903MJ7X0306 mühərrik nömrəli, 1GYS4CKT0PR246553 ban nömrəli, qara rəngli avtomobil xüsusi qeydlər hissəsində “Az.respublikadan kənara çıxarılmasın, məhkəmə qərarı olmadan özgələşməsin” qeydi qanunazidd və əsassızdır. Belə ki, cavabdeh iddiaçıya nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verməklə artıq İddiaçı avtomobilə dair mülkiyyətini tanımışdır. Lakin cavabdehin həmin hüququ hər-hansı formada məhdudlaşdırılması (qeyd verməklə) qanunvericiliyin tələblərinə ziddir.
28. Məhkəmə kollegiyası (AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1807/2024 saylı xx.xx.2024-cü il tarixli Qərarını nəzərə alaraq) hesab edir ki, iddia tələbinin təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. 29.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 30.Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. 31.Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 27 avqust 2024-cü il tarixli, 2-1(112)-10390/2024 saylı qərarı ləğv edilsin. İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsi tərəfindən İddiaçı verilmiş xx.xx.2024-cü il tarixli, “Cadillac Escalade” minik markalı, ** HH *** dövlət qeydiyyat nişanlı, 2022-ci il buraxılışlı, universal tipli, V1222903MJ7X0306 mühərrik nömrəli, 1GYS4CKT0PR246553 ban nömrəli, qara rəngli avtomobilə dair “BB 661258” nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində xüsusi qeydlər hissəsində “Az.respublikadan kənara çıxarılmasın, məhkəmə qərarı olmadan özgələşməsin” qeydi çıxarılsın və İddiaçı yeni “nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsinin” verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinə həvalə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Cahangir Yusifov