Məhkəmə qərarları › İş №2-1(103)-4275/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4275/2025

24.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4275/2025 24.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakimlər: Rəşid Əfraim oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, X2 və X3 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fonduna qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9045/2025 nömrəli, 21 iyun 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fonduna qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 29 sentyabr 2015-ci il tarixdən Azərbaycan Respublikası Prokurorluğu orqanlarında prokurorluq işçisi kimi qulluq keçir. 26 iyul 2017-ci il tarixdən isə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanı olan Azərbaycan Respublikası Hərbi Prokurorluğunda hərbi xidmət keçir. Hazırda Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kadrlar şöbəsinin prokuroru vəzifəsində, ədliyyə mayoru hərbi rütbəsində xidmətimi davam etdirir. İddiaçı xidməti vəzifələrinin icrası zamanı xəsarətlər almışdır. Belə ki, 12 sentyabr 2024-cü il tarixdə, saat 13:10 radələrində hərbi xidmət yeri olan Azərbaycan Respublikası Hərbi X1 küçəsi 98 ünvanında yerləşən inzibati binasından nahar etmək üçün verilmiş fasilə zamanı yaşadığı ünvan 1 ünvanına gedərkən ünvan 2rləşən piyada keçidini keçərkən “Hyundai” markalı, **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü yol-nəqliyyat hadisəsi törədərək onu vurması nəticəsində ona “sol əlin ovuc səthinin sıyrılmış yarası, sol mil-bilək oynağının şişkinliyi və hərəkət məhdudluğu ilə müşayiət olunan küt travması” dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Qeyd olunan yol-nəqliyyat hadisəsi ilə əlaqədar Bakı şəhəri Nəsimi rayon Polis idarəsinin Təhqiqat şöbəsində araşdırma aparılaraq 01 noyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və təqsirkar şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə toplanmış material Bakı şəhəri Nəsimi rayon məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 09 dekabr 2024-cü il tarixli, 3(006)-4788/2024 nömrəli qərarından görünür ki, YULİİA LOBAS Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat miqdarında inzibati qaydada cərimə edilmişdir. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən bədən xəsarətlərinin dərəcəsi yalnız ixtisaslı məhkəmə-tibb ekspertləri tərəfindən müvafiq tibbi müayinələr aparılmaqla məhkəmə-tibbi ekspertizasının rəyi əsasında müəyyən edilir. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı almış olduğu bədən xəsarətlərinin sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri olması məhkəmə-tibbi ekspertizasının rəyi ilə təsdiq olunmuşdur. Belə ki, məhkəmə-tibbi ekspertizasının 14 oktyabr 2024-cü il tarixli, 1421 saylı rəyinə əsasən almış olduğu xəsarətlər - sol əlin ovuc səthinin sıyrılmış yarası, sol mil-bilək oynağının şişkinliyi və hərəkət məhdudluğu ilə müşayiət olunan küt travması bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, 12 sentyabr 2024-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Həmin xəsarətlər yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər. İddiaçı sığorta ödənişinin verilməsi ilə bağlı cavabdehə müraciət etsə də, sonuncu onun müraciətinin təminindən imtina etmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2025-ci il tarixdə müraciət edərək hərbi qulluqçuların dövlət icbari şəxsi sığorta ödənişinin təyin edilməsini xahiş etmişdir. İddiaçının müraciətinə Fondda baxılarkən iddiaçının aldığı xəsarətin “Ağır, az ağır və yüngül xəsarət növlərinin Sivahısı”na görə əmək qabiliyyətinin hər hansı dərəcədə itirilməsinə səbəb olan xəsarət kimi tövsif edilə bilmədiyi qeyd olunmuşdur. İddiaçı sığorta ödənişinin verilməsi ilə bağlı təqdim etdiyi sənədlərin araşdırılması zamanı məlum olmuşdur ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş xx.xx.2025ci il tarixli, 86/108 nömrəli arayışa əsasən iddiaçı xx.xx.2024-cü il tarixində yüngül dərəcəli qiymətləndirilən sol əlin ovuc səthinin sıyrılmış yarası, sol mil-bilək oynağının şişkinliyi və hərəkət məhdudluğu ilə müşaiyət olunan küt travması xəsarətini almışdır. Qanunun 5-ci maddəsində nəzərdə tutulan hallardan biri də maddənin ç) bəndində göstərilən hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət (toplanış) dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə (toplanışa) yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edilməsidir. Ağır, az ağır və yüngül xəsarət növləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 avqust tarixli 269 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ağır, az ağır və yüngül xəsarət növlərinin Siyahısı”na uyğun olaraq müəyyən edilir. Həmin Qanuna əsasən sığorta ödənişi dedikdə isə sığorta hadisəsi baş verdikdə sığorta ödənişi almaq hüququ olan şəxsə sığortaçı tərəfindən ödənilən birdəfəlik pul vəsaiti nəzərdə tutulur. Yuxarıda qeyd edilənlərə əsasən qeyd olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 avqust tarixli 269 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ağır, az ağır və yüngül xəsarət növlərinin Siyahısı”na görə alınmış xəsarət əmək qabiliyyətinin hər hansı dərəcədə itirilməsinə səbəb olan xəsarət kimi tövsif edilə bilməz. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9045/2025 nömrəli, 21 iyun 2025-ci il tarixli qərarı ilə (hakim O.Həsənov) iddia tələbinin təmin olunması, xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı almış olduğu yüngül dərəcəli bədən xəsarətinə görə ona sığorta ödənişinin verilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fonduna həvalə edilməsi qərara alınmışdır. Cavabdeh inzibati orqan həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh inzibati orqan apellyasiya şikayətini iddiaya etirazın məzmunu ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə əsasən, hərbi qulluqçular hərbi xidmət yerinə gedib-gələrkən hərbi xidmət vəzifələrinin icrasında sayıldığını qeyd etmişdir. İddiaçı 12 sentyabr 2024-cü il tarixində, saat 13:10 radələrində hərbi xidmət yeri olan Azərbaycan Respublikası Hərbi X1 98 ünvanında yerləşən inzibati binadan nahar etmək üçün verilmiş fasilə zamanı yaşadığı Nəsimi rayonu, Mirəsədulla Mirqasımov küçəsi, ev 28, mənzil 83 ünvanına gedərkən yol-nəqliyyat hadisəsi nəticəsində bədən xəsarəti aldığını qeyd etmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsinin iddiaçının xidməti vəzifələrini yerinə yetirərkən baş verib-verməməsi Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)- 9045/2025 nömrəli qərarı ilə araşdırılmamış və müəyyən edilməmişdir. Əmək Məcəlləsinin 103-cü maddəsinin 5-ci hissəsinə əsasən, istirahət və nahar fasilələrinin müddəti iş vaxtına daxil edilmir. Eləcə də, “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin Qərarının 1.4-cü maddəsinə əsasən – “İstehsalatda bədbəxt hadisələr təhqiq edilərkən aşağıdakı hallar müəyyən edildikdə, hadisə istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilmir və uçota alınmır: -təbii ölüm, özünə qəsd, intihar hadisələri, həmçinin cinayət törədilərkən (təbii ölüm faktı məhkəmə-tibb ekspertizasının rəyi ilə, özünə qəsd, intihar və cinayət faktları isə hüquq mühafizə orqanları tərəfindən təsdiq edilməlidir), şəxsi məqsədləri üçün hər hansı işlə məşğul olarkən, su hövzələrinin istehsalat obyektlərində çimərkən, balıq ovlayarkən (əgər bu əmək fəaliyyəti ilə bağlı deyilsə), işçilərin öz təşəbbüsləri ilə nahar fasilələrində və ya işdən sonra idman tədbirləri keçirərkən işçilərin xəsarət alması və ya ölümü. İşin faktiki hallarına əsasən, iddiaçı nahar fasiləsində xidmət keçdiyi orqanın inzibati binasında deyil, öz təşəbbüsü ilə xidmət yerini tərk edərək yaşadığı evə gedərkən yolnəqliyyat hadisəsi nəticəsində xəsarət almışdır. Bu hal iddiaçının xidməti vəzifələrini yerinə yetirərkən aldığı xəsarət kimi qiymətləndirilə bilməz. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin halları ilə müəyyən edilir ki, Baş vermiş hadisə və şəxsin müvafiq sığorta hadisəsi üzrə sığortaolunan hesab olunmasına dair xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, iddiaçı xidməti vəzifələri yerinə yetirərkən xx.xx.2024-cü il tarixdə saat 13:10 radələrində Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsi ilə Vaqif prospektinin kəsişməsində piyada keçidini keçərkən “Hyundai” markalı, **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü yol-nəqliyyat hadisəsi törədərək onu vurmuşdur. Onun aldığı xəsarətin dərəcəsi – yüngül olmuşdur. “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarda qeyd olunmuşdur ki, məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 1421 nömrəli rəyinə əsasən İddiaçı bədənində aşkar olunmuş xəsarətlər-dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığına yüngül zərərvurmaya aiddirlər. İddiaçı “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə istinad edilərək, xx.xx.2024-cü il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində aldığı yüngül dərəcəli bədən xəsarətinə görə cavabdeh tərəfindən müvafiq sığorta ödənişinin ona ödənilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinə 04 mart 2025-ci il tarixli, 3-171/2-53370/2025 saylı məktubla cavab olaraq bildirilmişdir ki, sığorta ödənişinin verilməsi ilə bağlı təqdim olunan sənədlər araşdırılarkən məlum olmuşdur ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 86/108 nömrəli arayışa əsasən xx.xx.2024-cü il tarixində yüngül dərəcəli qiymətləndirilən sol əlin ovuc səthinin sıyrılmış yarası, sol mil-bilək oynağının şişkinliyi və hərəkət məhdudluğu ilə müşaiyət olunan küt travması xəsarəti almışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 avqust tarixli 269 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ağır, az ağır və yüngül xəsarət növlərinin Siyahısı”na görə aldığı xəsarət əmək qabiliyyətinin hər hansı dərəcədə itirilməsinə səbəb olan xəsarət kimi tövsif edilə bilməz. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməli olması ilə bağlı mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2024-cü il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı yüngül xəsarət almışdır. Lakin cavabdeh sığorta orqanı bu xəsarətləri əmək qabiliyyətinin itirilməsinə səbəb olmayan hallar kimi qiymətləndirərək, sığorta ödənişinin verilməsindən imtina etmişdir. Bu mövqe isə Qanunun 5-ci maddəsində göstərilmiş sığorta ödənişi üçün zəruri hüquqi meyarlara ziddir. Çünki qanunverici əmək qabiliyyətinin mütləq şəkildə itirilməsi faktını deyil, xəsarətin xarakterini (ağır, az ağır və ya yüngül) əsas götürmüşdür. Belə olan halda məhkəmə hesab etmişdir ki, cavabdehin imtinası əsassız olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, işin hallarından göründüyü kimi, iddiaçı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kadrlar şöbəsinin prokuroru vəzifəsində, ədliyyə mayoru hərbi rütbəsində xidmət edir. İddiaçı xidməti vəzifələri yerinə yetirərkən xx.xx.2024-cü il tarixdə saat 13:10 radələrində Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsi ilə Vaqif prospektinin kəsişməsində piyada keçidini keçərkən “Hyundai” markalı, **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində yüngül bədən xəsarəti almışdır. İddiaçı hal-hazırda xidməti vəzifələrinin icrası zamanı almış olduğu bədən xəsarətinə görə “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən sığorta ödənişinin ödənilməsini xahiş etsə də, hazırkı münasibətlərə hansı hüquq normalarının tətbiq edilməli olması ilə bağlı qeyd edir ki, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.3-cü maddəsinin “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 2.4, 20.5 və 20.15-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli Qərarında qeyd edilir ki, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Qanunun hüquqi təyinatı nəzərə alınaraq qeyd edilməlidir ki, bu Qanun məhkəmə və hüquq mühafizə orqanları işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə onların həyatının və sağlamlığının icbari formada sığortası ilə bağlı münasibətləri tənzimləyir. Qeyd olunan Qanunla qanunverici təhlükəsizliklərinə qarşı qəsdlərə səbəb ola biləcək funksiyaları yerinə yetirən məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsini təmin etmək, habelə sosial müdafiələrini gücləndirmək məqsədilə onların icbari qaydada dövlət tərəfindən sığortalanmalı olmasını təsbit etmişdir. Buna müvafiq olaraq, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 20.5-ci maddəsində prokurorluq işçilərinin həyatı və sağlamlığının dövlət büdcəsinin vəsaiti hesabına onların 5 illik əmək haqqı məbləğində sığorta olunması müəyyən olunmuşdur. Vurğulanmalıdır ki, Qanunun bu norması bütün prokurorluq işçilərinə, o cümlədən hərbi prokurorluq orqanlarında qulluq edən prokurorluq işçilərinə şamil olunduğundan, hərbi prokurorluq orqanlarının prokurorluq işçilərinin icbari şəxsi sığorta olunması prokurorluq orqanlarında qulluq edən digər prokurorluq işçilərindən fərqlənməməlidir. Bu baxımdan hərbi prokurorluq orqanları işçilərinin hərbi rütbəli olmalarına, yəni hərbi qulluqçu statusu daşımalarına baxmayaraq, həyata keçirdikləri fəaliyyət məhz prokurorluq fəaliyyəti olduğundan, onlar “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun əhatə etdiyi subyektlər dairəsinə aid edilə bilməz. Ona görə də hərbi prokurorluq orqanlarının prokurorluq işçilərinin dövlət icbari şəxsi sığortası məhz “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Qanuna və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 20.5-ci maddəsinə müvafiq olaraq həyata keçirilməlidir... “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.3-cü maddəsində “hərbi prokurorluq orqanlarının işçiləri istisna olmaqla” ifadəsi hərbi prokurorluq orqanlarında qulluq edən prokurorluq işçisi olmayan hərbi qulluqçuları nəzərdə tutur. Hərbi prokurorluq orqanlarının prokurorluq işçilərinin dövlət icbari şəxsi sığortası “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarındakı hüquqi mövqedən görünür ki, hərbi prokurorluq orqanlarının prokurorluq işçilərinin dövlət icbari şəxsi sığortası məhz “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Qanuna və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 20.5-ci maddəsinə müvafiq olaraq həyata keçirilməlidir. “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Qanunun: 2.1.3-cü maddəsinə əsasən sığortaolunan – barəsində sığorta fəaliyyəti həyata keçirilən hakimlər, prokurorluq işçiləri (hərbi prokurorluq orqanlarının işçiləri istisna olmaqla), müstəntiqlər, ədliyyə, miqrasiya orqanlarında qulluq keçən, təhqiqat aparan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxslər, habelə fövqəladə halların nəticələrinin aradan qaldırılmasını, ictimai qaydanın mühafizəsini təmin edən, gömrük işini təşkil edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçiləri; 2.1.4-cü maddəsinə əsasən sığortalı – sığortaolunan üçün sığorta haqqı ödəyən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), Azərbaycan Respublikasının Baş Prokurorluğu və Azərbaycan Respublikasının məhkəmələri; 2.1.5-ci maddəsinə əsasən sığorta ödənişi almaq hüququ olan şəxs – bu Qanunla müəyyən edilmiş qaydada sığorta ödənişini almaq hüququ olan sığortaolunan və ya onun vərəsəsi; 2.1.6-cı maddəsinə əsasən sığorta hadisəsi – sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişinin ödənilməsi üçün əsas olan bu Qanunun 5-ci maddəsi ilə müəyyən edilən hal; 2.1.7-ci maddəsinə əsasən sığorta haqqı – bu Qanunla nəzərdə tutulmuş qaydada və məbləğdə sığortalı tərəfindən hər bir sığortaolunan üzrə hər il üçün sığortaçıya ödənilməli olan pul məbləği; 2.1.8-ci maddəsinə əsasən sığorta vəsaiti – bu Qanunun 8-1.1-ci maddəsində nəzərdə tutulan mənbələr hesabına formalaşan vəsait; 2.1.9-cu maddəsinə əsasən sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə sığorta ödənişi almaq hüququ olan şəxsə sığortaçı tərəfindən ödənilən birdəfəlik pul vəsaiti; 5-ci maddəsinə əsasən sığortaolunanların xidməti vəzifələrinin icrası ilə bağlı həlak olması (vəfat etməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması və (və ya) əlilliyin müəyyən edilməsi sığorta hadisələri hesab edilir. Sığorta hadisələri baş verdikdə bu Qanunun 4.1-ci maddəsində nəzərdə tutulan sığorta məbləğindən faizlə aşağıdakı sığorta ödənişləri verilir; a) sığortaolunan məhkəmə və ya hüquq mühafizə orqanlarında xidmətdə olduğu zaman həlak olduqda (vəfat etdikdə) - 100 faiz; b) sığortaolunan xidmətdə olduğu zaman aldığı xəsarət (yaralanma, travma, kontuziya) almağa görə xidmətdən çıxdıqdan sonra üç il ərzində öldükdə - 100 faiz; c) sığortaolunanın əlilliyi müəyyən edildikdə; orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə - 80 faiz; orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə - 60 faiz; orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə - 40 faiz ç) sığortaolunan: ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda - 20 faiz; az ağır xəsarət (yaralanma, travma, kontuziya) – 15 faiz; yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda - 10 faiz. Ağır, az ağır və yüngül xəsarət növləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş siyahıya uyğun olaraq müəyyən edilir. Hazırkı halda cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırır ki, hadisə zamanı iddiaçının aldığı xəsarət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 avqust tarixli 269 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ağır, az ağır və yüngül xəsarət növlərinin Siyahısı”na görə əmək qabiliyyətinin hər hansı dərəcədə itirilməsinə səbəb olan xəsarət kimi tövsif edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, MN Mərkəzi Hərbi Poliklinika tərəfindən verilmiş arayışdan görünür ki, baş vermiş hadisə nəticəsində iddiaçı xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Sol əlin ovuc səthinin sıyrılmış yarası, sol mil-bilək oynağının şişkinliyi və hərəkət məhdudluğu ilə müşayiət olunan küt travması” səbəbdən yüngül dərəcədə (xəsarət (yüngül, az ağır, ağır) xəsarət almışdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 14.1-ci maddəsinə əsasən fərdi qəza sığortası üzrə sığorta olunanın və ya mülki məsuliyyət sığortası üzrə üçüncü şəxsin sağlamlığına dəyən zərər bu Qanunun məqsədləri üçün aşağıdakı hallar hesab edilir: 14.1.1. şəxsin yüngül, az ağır və ya ağır xəsarət alması; 14.1.2. şəxsin əmək qabiliyyətini tam və ya qismən itirməsi (əlillik); 14.1.3. şəxsin ölümü. Qanunun tələbindən göründüyü kimi, qanunun məqsədləri üçün sığorta hadisəsi hesab olunan hallara şəxsin yüngül xəsarət alması aid edilir. Hazırkı halda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının yüngül xəsarət alması iş materiallarında olan sənədlərlə təsdiq edilir. Belə ki, Səhiyyə Nazirliyi “Məhkəmə- Tibbi Ekspertiza və X5” Publik hüquqi şəxsinin 1421 nömrəli, 31 oktyabr 2024-cü il tarixli rəyindən də görünür ki, iddiaçının aldığı xəsarət dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 avqust tarixli, 269 nömrəli Qərarına əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 14 may tarixli 649- İVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 4 iyul tarixli, 937 nömrəli Fərmanının 1.1.3-cü yarımbəndinin ikinci abzasının icrasını təmin etmək məqsədi ilə təsdiq edilmiş “Ağır, az ağır və yüngül xəsarət növlərinin Siyahısı”nın 3.1-ci bəndinə əsasən yüngül xəsarətlərə aşağıdakılar aid edilir: 3.1.1. sağlamlığın qısa müddətdə (21 gündən az) pozulmasına səbəb olan xəsarətlər; 3.1.2 11-12-ci qabırğalar istisna olmaqla, bir qabırğanın fraqmentlərinin yerini dəyişməyən sınığı; 3.1.3. burun sümüyünün cərrahi müdaxilə tələb etməyən deformasiyasız sınığı; 3.1.4. əl və ayaq barmaqlarının falanqa sümüklərinin sadə (yerini dəyişməyən, qəlpəsiz) sınıqları (əllərin 1-ci barmaqları, ayaqların 1, 2 və 3-cü barmaqları istisna olmaqla); 3.1.5. cərrahi tikilən və ya cərrahi tikişə ehtiyacı olan yaralar; 3.1.6. baş beyin silkələnməsi; 3.1.7. sağlamlığı qısa müddətə pozan digər zədələnmələr; 3.1.8. əmək qabiliyyətinin cüzi (10%-ə qədər) dayanıqlı itirilməsinə səbəb olan zədələnmələr. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunun və “Ağır, az ağır və yüngül xəsarət növlərinin Siyahısı”ndan görünür ki, sığorta ödənişi edilməsi üçün əmək qabiliyyətinin hər hansı dərəcədə itirilməsi deyil, qanunvericilikdə nəzərdə tutulmış bədən xəsarətlərinin alması sığorta hadisəsi hesab edilir. İddiaçının aldığı xəsarətin xidməti vəzifələrini yerinə yetirərkən aldığı xəsarət kimi qiymətləndirilə bilməməsi barədə cavabdeh inzibati orqanın dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Hərbi Prokurorunun müavini, ədliyyə mayoru Mehdi Hüseynzadə tərəfindən imzalanmış “Baş vermiş hadisə və şəxsin müvafiq sığortalı üzrə sığortaolunan hesab olunmasına dair” xx.xx.2025-ci il tarixli, 3-3- 100/18/25 saylı arayışdan görünür ki, hadisə xidməti vəzifələrini yerinə yetirərkən baş vermişdir. İşin halları ilə müəyyən edilir ki, iddiaçının həmçinin hərbi qulluqçu statusu var. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 27.1-ci maddəsinə əsasən hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər aşağıdakı hallarda hərbi xidmət vəzifələrinin icrasında sayılırlar: 27.1.1. döyüş əməliyyatlarında iştirak edərkən; 27.1.2. hərbi vəziyyət dövründə, yaxud silahlı münaqişələr zamanı müəyyən edilmiş vəzifələri yerinə yetirərkən; 27.1.3. döyüş növbəsini (döyüş xidmətini) apararkən, daxili xidmət naryadlarında, qarovulda və qarnizon növbələrində olarkən; 27.1.4. təlimlərdə və təlimlə bağlı səfərlərdə iştirak edərkən; 27.1.5. vəzifə borclarını, yaxud komandir (rəis) tərəfindən verilmiş əmr, sərəncam və ya göstərişi yerinə yetirərkən; 27.1.6. günün nizam qaydaları ilə müəyyən edilmiş xidmət vaxtında və ya xidməti zərurətlə əlaqədar günün digər vaxtlarında hərbi hissənin (müəssisənin) ərazisində olarkən; 27.1.7. ezamiyyətdə olarkən; 27.1.8. müalicədə olarkən və müalicə yerinə gedib-gələrkən; 27.1.9. toplanışlar keçərkən; 27.1.10. hərbi xidmət yerinə gedib-gələrkən; 27.1.11. əsirlikdə olarkən (düşmən tərəfinə könüllü keçmə hallarından başqa); 27.1.12. xidməti vəzifəsini icra edərkən xəbərsiz itkin düşdükdə – şəxs qanunla müəyyən olunmuş qaydada xəbərsiz itkin düşmüş və ya ölmüş elan edilənədək; 27.1.13. vətəndaşların həyat və sağlamlıqlarını, şərəf və ləyaqətini müdafiə edərkən; 27.1.14. insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi, qayda-qanunun, ictimai təhlükəsizlik və ictimai qaydanın qorunub saxlanılması işində dövlət orqanlarının əməkdaşlarına köməklik göstərərkən; 27.1.15. fövqəladə halların və ya təbii fəlakətlərin və texnogen xarakterli qəzaların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında iştirak edərkən. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, həmin dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9045/2025 nömrəli, 21 iyun 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Günel Sevdimalıyeva Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar