Məhkəmə qərarları › İş №2-1(103)-428/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-428/2022

09.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-428/2022 09.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “əlillik dərəcəsinin bərpa edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X10 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, X6-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X2, 3-cü şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əlillik dərəcəsinin bərpa edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1775/2020 saylı 26 noyabr 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 09 fevral 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1967-ci il təvəllüdlüdür. 4 nömrəli Tibbi-sosial Ekspert Komissiyası tərəfindən İddiaçı ünvanlanmış 13.09.2019-cu il tarixli məktubda Səhiyyə Nazirliyi tərəfindən əlilliyə əsas verən göndəriş (Forma 088) əsassız hesab edildiyinə görə əlillik dərəcəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən etibarsız hesab edilməsi, məsələ ilə əlaqədar Səhiyyə Nazirliyinin müvafiq qurumlarına müraciət edilməsi qeyd edilmişdir. İddiaçı inzibati orqana müraciət etmiş, Səhiyyə Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış 17.10.2019-cu il tarixli məktubda qeyd edilmişdir ki, əlilliyin təyini ilə bağlı 88 saylı göndəriş rəsmiləşdirilərkən onun xəstəliyi heç bir tibbi sənədlə öz təsdiqini tapmamış, göndəriş barədə həkim Məsləhət Komissiyasının jurnalında qeydiyyat aparılmamış, göstərilən tarixlərdə o, Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzində müayinədən keçməmiş, bununla bağlı əlilliyin təyini ilə adına rəsmiləşdirilmiş göndəriş əsassız hesab edilmişdir. Bundan sonra İddiaçı Cavabdehnə qarşı iddia ilə məhkəməyə müraciət edərək, “əlillik dərəcəsinin ləğvi ilə bağlı cavabdehin hərəkətinin qanunsuz sayılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslandırılması: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 22.05.2017-ci il tarixdən 29.06.2019-cu il tarixədək olan müddətdə əlillik dərəcəsi təyin edilmiş və müvafiq pensiya almışdır. Ona verilmiş əlillik dərəcəsinə dair sənədin ƏƏSMN-nin TSERAS elektron məlumat sistemində təsdiqini tapmadığı əsas göstərilməklə əlillik dərəcəsi ləğv edilmiş və pensiya ödənişi dayandırılmışdır. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin onun tələbi təmin edilməmişdir. Hesab edir ki, forma 88 saylı göndərişin etibarsız hesab edilməsi ilə bağlı göstərilənlər və cavabdeh orqanın hərəkətləri qanunsuz və əsassızdır. Belə ki, onun xəstəliyi müvafiq sənədlərlə təsdiq olunmuş və əlillik dərəcəsinin təyin edilməsi qanuni olmuşdur. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, İddiaçı əlillik vəziyyəti Səhiyyə Nazirliyinin Bakı şəhər 13 nömrəli Birləşmiş şəhər Xəstəxanasının 0041003AABMU saylı göndərişi əsasında 22.05.2017-ci il tarixdə qiymətləndirilmiş və “OU-proliferativ diabetik retinopatiya. OU-proliferativ diabetik retinopatiya. Şəkərli diabet ll-tip orta ağır gedişli. Hipertoniya xəstəliyi ll-mərhələ. Sadə hipermetropik astiqmatzm. Aşağı ətrafların diabetik angiopatiyası. Binokulyar, ağır görmə pozğunluğu. Diabetik nevropatiya. Xroniki pankreatit. VİZUS müayinədə OD=0.06 kareksiaya etmir, OS= 0.05 korreksiya etmir” xəstəliyi ilə ümumi xəstəlik səbəbindən beş il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 29.01.2019-cu il tarixli 02/02-45 nömrəli məktubu ilə X1 rəsmiləşdirilmiş göndərişin etibarsız hesab edildiyi bildirilmişdir. Bununla əlaqədar Əlillik altsistemində İddiaçı aid qiymətləndirmə etibarsız edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi- Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə”yə müvafiq olaraq vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. İddiaçı əlillik vəziyyəti Bakı şəhər 13 nömrəli Birləşmiş şəhər Xəstəxanasının 0041003AABMU saylı göndərişi əsasında 22.05.2017-ci il tarixdə qiymətləndirilmiş və beş il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Göndərişi rəsmiləşdirən Səhiyyə Nazirliyi tərəfindən əlilliyin təyininə əsas olan 0041003AABMU saylı göndərişin əsassız rəsmiləşdirildiyi bildirilmişdir. Buna görə də Əlillik altsistemində İddiaçı aid qiymətləndirmə etibarsız edilmişdir. İddiaçı əlilliyinin etibarsız edilməsi zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir. Əlilliyin təyininə əsas verən hüquqi sənəd əsassız hesab edildiyinə görə şəxsin əlillik müayinəsi etibarsız edilmişdir. İddiaçı qeydiyyatda olduğu səhiyyə müəssisəsi tərəfindən müayinə və müalicə olunduqdan sonra göndəriş rəsmiləşdirildiyi halda əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə”yə müvafiq olaraq şəxsin iştirakı olmadan qiymətləndirilib müvafiq qərar veriləcəkdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1775/2020 saylı 26 noyabr 2020-ci il tarixli qərarı ilə iddianın təmin edilərək, İddiaçı əlillik dərəcəsinin ləğv edilməsi ilə bağlı Cavabdeh hərəkətinin qanunsuz sayılması qərara alınmışdır. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 60 və 71-ci maddələrinə, Azərbaycan Respublikası İPM-in 58.7, 68.1 və 68.2-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”sinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Cavabdeh haqqında Əsasnamə”sinə istinad etməklə belə hesab etmişdir ki, İddiaçı təyin edilmiş ikinci dərəcə əlilliyin etibarsız edilməsinə əsas olmuş məktubun mövcud olmaması iş materialları ilə öz təsdiqini tapdığından, qüvvədə olan qanunvericilik iddiaçıya əlillik təyin edilən zaman şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsi onun məhz qeydiyyatda olduğu səhiyyə müəssisəsi tərəfindən aparılmalı olduğu tələb edilmədiyindən, İddiaçı əlillik dərəcəsinin ləğv edilməsi ilə bağlı cavabdeh inzibati orqanın hərəkəti qanunsuz sayılmalıdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apelyasiya şikayəti verilərək birinci instansiya məhkəməsinin 2-1(112)-1775/2020 saylı 26.11.2020-ci il tarixli qərarının ləğv edilməsi, əsassız olduğu üçün iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etirazın məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkət və hərəkətsizliyə yol verilmədiyi, o cümlədən qanunvericiliyin tələbləri pozulmadığından qərar ləğv edilməlidir. Məhkəmə iddianı təmin edərkən qərarda qeyd etmişdir ki, iddiaçıya təyin edilmiş ikinci dərəcəli əlilliyin etibarsız edilməsinə əsas olmuş məktubun mövcud olmaması iş materialları ilə öz təsdiqini tapdığından, qüvvədə olan qanunvericilik iddiaçıya əlillik təyin edilən zaman şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsi onun məhz qeydiyyatda olduğu səhiyyə müəssisəsi tərəfindən aparılmalı olduğu tələb edilmədiyindən iddiaçının əlillik dərəcəsinin ləğv edilməsi ilə bağlı cavabdeh inzibati orqanın hərəkəti qanunsuz sayılmalıdır. Həmçinin iddiaçının əlilliyinin etibarsız edilməsinə dair siyahının göndərildiyi Səhiyyə Nazirliyinin məktubunun tarixi və nömrəsi texniki səhv olaraq 29.01.2019-cu il 02/02-45 saylı kimi göstərilmişdir. Həmçinin iş üzrə 26.11.2020-ci il tarixdə keçirilmiş şifahi məhkəmə iclası barədə məhkəmə bildirişi həmin tarixdən bir gün sonra yəni, 27.11.2020-ci il tarixdə Agentliyə daxil olduğundan, məhkəmə baxışının vaxtından məlumatsız olmuş və məhkəmə iclasında nümayəndə iştirak edə bilməmişdir. Apellyasiya və Kassasiya instansiya məhkəmələrinin gəldiyi nəticə: Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1015/2021 saylı 26 may 2021-ci il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilərək, 2-1(112)-1775/2020 saylı 26.11.2020-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Cavabdeh haqqında Əsasnamə”yə istinad edərək birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamışdır. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1719/2021 saylı 29.09.2021-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1015/2021 saylı 26 may 2021ci il tarixli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş 105 nəfər şəxsin adına 88 saylı göndərişlər rəsmiləşdirilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.03.2016-cı il tarixli 140 nömrəli “Tibbi Sosial Ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 1.3.1-ci bəndinə əməl edilməməsi ilə bağlı məktuba baxılması və Siyahıda adları qeyd edilmiş 105 nəfər şəxsin adına (o cümlədən İddiaçı) rəsmiləşdirilmiş göndərişlərin işçi qrupunun 13 may 2019-cu il tarixli aktına əsasən “Tibbi arayışların elektron registri”ndə etibarsız hesab olunması ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərdiyi məktubun nömrəsi və tarixi “20/19-4330 saylı 22.05.2019-cu il tarixli” olsa da, həmin məktuba Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş 29.05.2019-cu il tarixli **********5 saylı cavab məktubunda adı çəkilən məktubun nömrəsi və tarixi texniki səhv nəticəsində “02/02-45 saylı 29.01.2019-cu il tarixli” göstərilmişdir. İddiaçıya 22.05.2017-ci il tarixdə 5 il müddətinə verilmiş əlilliyin ləğv və ya etibarsız hesab olunması ilə bağlı hər hansı bir qərar qəbul olunmamışdır, ona görə də belə qərarı təqdim etmək imkanı da yoxdur. Sonda cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdi. 3-cü şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdi. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək və məhkəmə kollegiyasının ona göstərdiyi hüquqi yardımla bağlı iddia tələbini dəqiqləşdirirərək bildirmişdir ki, o, əlillik dərəcəsinin ləğv edilməsi ilə bağlı cavabdehin hərəkətinin qanunsuz sayılmasını tələb edərkən həmin hərəkətlə bərabər həmçinin əlillik dərəcəsinin etibarsız hesab olunduğu tarixdən onun bərpa olunmasını nəzərdə tutmuşdur. Bununla bağlı iddiaçı apellyasiya şikayətinin təmin olunmaması, iddiasının təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdi. 09.02.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında 3-cü şəxs 13 nömrəli Birləşmiş şəhər Xəstəxanası nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə həmin 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə 3-cü şəxs 13 nömrəli Birləşmiş şəhər Xəstəxanasının nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbi “onun əlillik dərəcəsinin ləğv edilməsi ilə bağlı cavabdehin hərəkətinin qanunsuz sayılması” barədə olmuşdur. İşin təkrar apellyasiya baxışı zamanı İddiaçı ərizə verərək bildirmişdir ki, o, əlillik dərəcəsinin ləğv edilməsi ilə bağlı cavabdehin hərəkətinin qanunsuz sayılmasını tələb edərkən həmin hərəkətlə bərabər həmçinin əlillik dərəcəsinin etibarsız hesab olunduğu tarixdən onun bərpa olunmasını nəzərdə tutmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddia mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, Cavabdeh 05.11.2020-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, İddiaçı Bakı 13 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 18.05.2017-ci il tarixli 0041003AABMU nömrəli göndərişinə əsasən ümumi xəstəlik səbəbindən 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 22.05.2019-cu il tarixli 20/19-4330 nömrəli məktubunda Azərbaycan Respublikasının ƏƏSMN-dən daxil olmuş 105 nəfər şəxsin adına 88 saylı göndərişlər rəsmiləşdirilərkən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30.03.2016-cı il tarixli 140 nömrəli “Tibbi Sosial Ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 1.3.1-ci bəndinə əməl edilməməsi ilə bağlı məktuba baxılması, Siyahıda adları qeyd edilmiş 105 nəfər şəxsin adına rəsmiləşdirilmiş göndərişlər işçi qrupun 13.05.2019-cu il tarixli aktına əsasən “Tibbi arayışların elektron registri”ndə etibarsız hesab edilməsi barədə bildirilmişdir. Həmin məktuba əlavə edilmiş siyahıda İddiaçı adına rəsmiləşdirilmiş Suraxanı rayonu 13 nömrəli Birləşmiş şəhər xəstəxanasının göndərişinin etibarsız hesab edildiyi qeyd edilmişdir. İşdə olan Səhiyyə Nazirliyinin İddiaçı ünvanlandığı 17.10.2019-cu il tarixli 2-69/N- 21617 saylı məktubda əllilik dərəcəsinin ləğv edilməsi ilə bağlı araşdırmanın aparılması və araşdırma zamanı əlilliyin təyini ilə bağlı 88 saylı göndəriş rəsmiləşdirilərkən, xəstəliyin heç bir tibbi sənədlə öz təsdiqini tapmadığı, göndəriş barədə Həkim Məsləhət Komissiyasının jurnalında qeydiyyatın aparılmaması, eyni zamanda Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzindən sorğu əsasında alınmış məlumata əsasən göndərişdə göstərilən tarixlərdə həmin mərkəzdə müayinədən keçmədiyinin məlum olduğu bildirilmişdir. Bununla əlaqədar əlilliyin təyini ilə bağlı adına rəsmiləşdirilmiş göndəriş əsassız hesab edilmişdir. Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin İddiaçı ünvanlandığı 22.07.2019-cu il tarixli **********6 saylı məktubunda əlillik dərəcəsinə dair sənədin Nazirliyin TSERAS elektron məlumat sistemində təsdiqini tapmadığı bildirilmişdir. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1719/2021 saylı 29 sentyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, apelyasiya məhkəməsi iddiaçının iddiasının rədd edilməsi qənaətinə gələrkən faktiki olaraq məhz Səhiyyə Nazirliyinin 20/19-4330 saylı 22.05.2019-cu il tarixli məktuba və məktubda yazılanlara əsaslanmış, orada qeyd edilən məlumatı, yəni işçi qrupunun 13.05.2019-cu il tarixli aktını tələb etməmiş və həmin aktı araşdırmamışdır. Belə ki, işçi qrupunun 13.05.2019-cu il tarixli aktı ümumiyyətlə iş materiallarında mövcud deyil. Digər tərəfdən apelyasiya məhkəməsi iddiaçıya 22.05.2017-ci il tarixdə əlillik dərəcəsinin təyin edilməsi barədə olan inzibati aktın ləğv edilib-edilməməsini yoxlamamış, bu inzibati aktın ləğv olunduğu halda hansı qərarla həyata keçirilməsini və bununla əlaqədar olaraq “İnzibati icraat haqqında” Qanunun İV fəslinin müəyyən etdiyi müddəalara riayət edilməklə inzibati icraatın keçirilib-keçirilməməsini araşdırmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Bununla bağlı işə apellyasiya qaydasında yenidən baxılarkən Ali Məhkəmənin sözügedən qərarında göstərilmiş halların araşdırılması məqsədilə məhkəmə tərəfindən cavabdeh inzibati orqana İddiaçı 22.05.2017-ci il tarixdə əlillik dərəcəsinin təyin edilməsi barədə inzibati aktın ləğv edilib-edilməməsi, ləğv edildiyi halda bu barədə qərarın və inzibati icraat materiallarının təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim edilməsi ilə bağlı sorğu verilmişdir. Həmin sorğuya cavab olaraq 08.02.2022-ci il tarixdə məhkəməyə daxil olmuş məktuba əlavə edilmiş “Səhiyyə müəssisələri tərəfindən əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi ilə bağlı göndərişlərin təhlili üzrə işçi qrup” tərəfindən “Tibbi arayışların elektron registri”ndə göndərişlərin statusunun dəyişdirilməsi haqqında 13.05.2019-cu il tarixli aktdan görünür ki, İddiaçı və başqa şəxslərin əlilliyinin qiymətləndirilməsi məqsədilə 88 saylı göndərişlər rəsmiləşdirilərkən Nazirlər Kabinetinin 140 saylı 30.03.2016-cı il tarixli Qaydalarının 1.3.1-ci bəndinə əməl edilməmiş və göndərişlər əsaslandırılmamışdır. Bu səbəbdən də siyahıda adları qeyd edilmiş şəxslərin (iddiaçı da daxil olmaqla 105 nəfər) göndərişlərinin “Tibbi sosial ekspertiza komissiyasına göndərişlərin reyestrində” statusunun dəyişdirilməsi və etibarsız hesab edilməsinin məqsədəuyğun olduğu bildirilmişdir. Həmçinin apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş Əlillik altsistemindən çıxarışdan görünür ki, iddiaçıya əlillik dərəcəsi ilkin olaraq 22.05.2017-ci il tarixdə 5 illik (22.05.2022-ci il tarixədək) təyin edilmiş, lakin həmin əlillik şəxsin yoxlaması aparılmadan 04 iyun 2019-cu il tarixdən etibarsız hesab edilmişdir. İşdə olan **********5 saylı 29.05.2019-cu il tarixli 105 nəfər şəxsin əlilliyinin etibarsız sayılması ilə bağlı elekton qaydada verilmiş məktubun məzmunundan görünür ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 02/02-45 saylı 29.01.2019-cu il tarixli məktubuna Əlillik siyasəti şöbəsində aidiyyəti üzrə baxılmışdır. Məktubda qeyd edilmiş 105 nəfər üzrə rəsmiləşdirilmiş göndərişlərin Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən etibarsız hesab edildiyi bildirilmişdir. Bununla əlaqədar 105 nəfərin əlillik müayinələrinin Əlillik altsistemində etibarsız edilməsinə dair Nazırlik yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reablitasiya Xidmətinə, vətəndaşların sosial müdafiə və təminat hüququnun yenidən nəzərdən keçirilməsi və artıq ödənilmiş vəsaitin bərpası ilə əlaqədar Nazirlik yanında DSMF-na tapşırıq verilməsi xahiş edilmişdir. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1719/2021 saylı 29 sentyabr 2021-ci il tarixli qərarında qeyd olunmuşdu ki, “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 29.01.2019-cu il tarixli 02/02-45 nömrəli məktubu ilə 105 nəfərin, o cümlədən İddiaçı əlilliyinin təyini üçün əsas olmuş göndərişin etibarsız hesab edilməsi barədə məlumat daxil olmuşdur. Qeyd edilən əsasla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzi İnformasiya Sisteminin Əlillik altsistemində İddiaçı əlilliyi etibarsız edilmişdir”. Lakin xüsusi olaraq qeyd edilməlidir ki, işin 83-cü səhifəsində olan Səhiyyə Nazirliyinin birinci instansiya məhkəməsinə ünvanlandığı 14.05.2020-ci il tarixli 21/19-2599 saylı məktubunda konkret şəkildə göstərilmişdir ki, “cavabdehə Səhiyyə Nazirliyi tərəfindən “28.01.2019-cu il tarixli 02/02-45 nömrəli məktubun göndərilməsi müəyyən edilməmişdir”. Buna baxmayaraq apelyasiya məhkəməsi tərəfindən işin həmin ziddiyyətli məqamı araşdırılmamışdır. Qeyd olunan məsələ ilə bağlı apellyasiya araşdırması zamanı həm apellyasiya şikayətinin məzmununda, həm də cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş 105 nəfər şəxsin adına 88 saylı göndərişlər rəsmiləşdirilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.03.2016-cı il tarixli 140 nömrəli “Tibbi Sosial Ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 1.3.1-ci bəndinə əməl edilməməsi ilə bağlı məktuba baxılması və Siyahıda adları qeyd edilmiş 105 nəfər şəxsin adına (o cümlədən İddiaçı) rəsmiləşdirilmiş göndərişlərin işçi qrupunun 13 may 2019-cu il tarixli aktına əsasən “Tibbi arayışların elektron registri”ndə etibarsız hesab olunması” ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərdiyi məktubun nömrəsi və tarixi 20/19-4330 saylı 22.05.2019-cu il tarixli olsa da, həmin məktuba Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş 29.05.2019-cu il tarixli **********5 saylı cavab məktubunda adı çəkilən məktubun nömrəsi və tarixi texniki səhv nəticəsində “20/19-4330 saylı 22.05.2019-cu il tarixli” əvəzinə “02/02-45 saylı 29.01.2019-cu il tarixli” göstərilmişdir. Beləliklə, iş üzrə müəyyən olunur ki, iddiaçıya 22.05.2017-ci il tarixdə 5 il müddətinə (22.05.2022-ci il tarixədək) təyin edilmiş əlilliyin cavabdeh tərəfindən etibarsız hesab edilməsinin səbəbi məhz Səhiyyə Nazirliyinin işdə olan 20/19-4330 saylı 22.05.2019-cu il tarixli məktubu olmuşdur. Halbuki həmin məktubda hər hansı bir maddi hüquq normasına istinad edilmədən sadəcə olaraq göstərilmişdi ki, siyahıda adları qeyd olunan 105 nəfər şəxsin, o cümlədən İddiaçı adına rəsmiləşdirilmiş göndərişlər işçi qrupunun 13.05.2019-cu il tarixli aktına əsasən “Tibbi arayışların elektron registri”ndə etibarsız hesab edilmişdir. Apellyasiya baxışı zamanı sözügedən 13.05.2019-cu il tarixli akt tələb olunub ona baxış keçirilərkən aydın oldu ki, 105 nəfər şəxsin adına əlilliyin qiymətləndirilməsi məqsədilə 88 saylı göndərişlər rəsmiləşdirilərkən yuxarıda adı çəkilən Qaydalara əməl olunmadığından və göndərişlər tam əsaslandırılmadığından həmin göndərişlərin “Tibbisosial ekspertiza komissiyasına göndərişlərin reyestrində” statusunun dəyişdirilməsi və etibarsız hesab edilməsi məqsədəuyğun hesab olunmuşdur. Lakin Kollegiya xüsusi olaraq vurğulayır ki, iddiaçıya 22.05.2017-ci il tarixdə 5 il müddətinə verilmiş əlilliyin əlillik altsistemində etibarsız hesab edilməsi ilə əlaqədar olan məsələ sadəcə yuxarıda göstərilmiş yazışmalarla (məktublarla və yazılı cavablarla) həll olunmuşdur, yəni bu məsələyə dair işdə hər hansı bir rəsmi qərar yoxdur. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi belə qərarın qəbul olunmadığı üçün onu təqdim etmək imkanının olmadığını bildirmişdir. Bu baxımdan Kollegiya hesab edir ki, iddiaçıya verilmiş əlillik cavabdeh inzibati orqan tərəfindən etibarsız hesab olunarkən aşağıda sadalanan maddi hüquq normalarının müddəalarına, yəni müəyyən edilmiş məcburi prosedur qaydalarına riayət olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 nömrəli 2020-ci il 16 yanvar tarixli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasının 1.6-cı bəndinə əsasən əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 36 saylı Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 4.1-ci bəndinə görə şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. Həmin Əsasnamənin 4.9-cu bəndinə görə göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X4 Sosial Ekspertiza və X9 (bundan sonra - TSERAS) ötürülür. Həmin Əsasnamənin 4.16-cı bəndinə görə TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. Məhkəmə kollegiyası qeyd edir ki, Nazirlər Kabinetinin 16.01.2020-ci il tarixli 11 saylı Qərarı ilə Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 36 nömrəli qərarında dəyişiklik edilərək “Əlilliyin qiymətləndirilməsi” Qaydası təsdiq edilmişdir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Həmin Qaydanın 2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Həmin Qaydanın 3.1-ci bəndinə görə əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. Həmin Qaydanın 3.2-ci bəndinə görə isə əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. Həmin Qaydanın 3.3-cü bəndinə əsasən əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. Həmin Qaydanın 3.4-cü bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Həmin Qaydanın 3.5-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. Həmin Qaydanın 3.8-ci bəndinə əsasən Agentliyin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemində iddiaçıya 5 illik müddətinə əlilliyin təyin olunması qüvvədə olduğu halda həmin əlilliyin altsistemdə Səhiyyə Nazirliyinin 20/19-4330 saylı 22.05.2019-cu il tarixli məktubu əsasında etibarsız hesab edilməsi məsələsi inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Kollegiya onu da qeyd edir ki, inzibati orqan (məhkəmə) inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan (məhkəmə) maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.1-24.3-cü maddələri). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin edərək, İddiaçı əlillik dərəcəsinin ləğv edilməsi ilə bağlı Cavabdeh hərəkətinin qanunsuz sayılması qənaətinə gələrkən bunun davamı olaraq iddiaçının pozulmuş hüququnun bərpası ilə bağlı hansı hərəkətin edilməsinin cavabdeh inzibati orqanın üzərinə qoyulmalı olmasını qərarında göstərməmişdir. Bununla əlaqədar iddiaçının hüquqi marağına uyğun olaraq ona tələbinin dəqiqləşdirilməsi təklif olunmalı idi və nəticədə iddiaçının pozulmuş hüququnun bərpası ilə bağlı hansı hərəkətin edilməsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması məhkəmə qərarında dəqiq göstərilməli idi. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7). Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, hazırki işdə birinci instansiya məhkəməsi iddiaçının məhkəmədə qaldırdığı iddia ilə hüquqi marağının əhatə olunubolunmadığını yoxlamalı, ona istədiyi məqsədə çatmaq üçün daha uğurlu iddia tələbini qoymaq üçün tələbini dəqiqləşdirməyi təklif etməli idi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Qeyd olunan məsələ ilə bağlı apellyasiya baxışı zamanı iddiaçıya onun hazrki iddianı qaldırmaqla bağlı hüquqi marağına uyğun olaraq iddia tələbini dəqiqləşdirmək təklif olunmuş və iddiaçı bununla bağlı ərizə verərək bildirmişdir ki, o, əlillik dərəcəsinin ləğv edilməsi ilə bağlı cavabdehin hərəkətinin qanunsuz sayılmasını tələb edərkən həmin hərəkətlə bərabər həmçinin əlillik dərəcəsinin etibarsız hesab olunduğu tarixdən onun bərpa olunmasını nəzərdə tutmuşdur. Nəzərə alınmalıdır ki, birinci instansiya məhkəməsi hazırki işdə iddiaçının hüquqi marağının nədən ibarət olduğunu müəyyən etmədən, ona iddia tələbini hüquqi marağına uyğun daha əlverişli iddia növü ilə əvəzləməyi təklif etmədiyindən, nəticədə cavabdeh inzibati orqanın hərəkətini qanunsuz hesab etsə də, bununla yanaşı, hansı hərəkətin edilməsi öhdəliyini cavabdehin üzərinə qoymaqla iddiaçının pozulmuş hüququnun bərpasının təmin ediləcəyini nəzərə almadan natamam qərar qəbul etmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı və iddiaçının dəqiqləşdirilmiş tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1775/2020 saylı 26 noyabr 2020-ci il tarixli qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı əlillik dərəcəsinin ləğv edilməsi ilə bağlı Cavabdeh hərəkəti qanunsuz sayılsın. İddiaçı 22.05.2017-ci ildə təyin edilmiş əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar