Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4280/2025 19.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X5 Oruczadənin sədrliyi və məruzəsi ilə, X4 və Fərid İlham oğlu Mədətlidən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “Müharibə veteranı” adının və müvafiq vəsiqənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə “Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-7838/2022 saylı qərarının ləğv edilməsi, işə yenidən baxılması və iddia tələbinin təmin olunması barədə qərarın qəbul edilməsi” barədə yeni açılmış hallar üzrə ərizəsinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7838/2022 nömrəli 21 iyun 2025-ci il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubunun qanunsuz hesab edilməsi və “Müharibə veteranı” adının və müvafiq vəsiqənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7838/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3170/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7838/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 865/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 3170/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Hazırda İddiaçı xx.xx.2025-ci il tarixdə yeni açılmış hallar üzrə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 1(112)-7838/2022 saylı qərarının ləğv edilməsini, işə yenidən baxılması və iddia tələbinin təmin olunması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, döyüşlərdə iştirakını təsdiq edən yeni sənədlər əldə etmişdir. Belə ki, Binəqədi Rayon Hərbi Kommisarlığı üzrə Müharibə Veteranı adının və vəsiqəsinin verilməsi üçün təqdim olunan şəxslərin adlı siyahısında onun adı qeyd olunmuş və bu hal məhkəmə tərəfindən araşdırılmamışdır. Həmçinin Binəqədi Rayon Hərbi Kommisarlığı tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli 61 saylı arayışda deyilir: Arayış verilir İddiaçı ondan ötrü ki, həqiqətən o, Azərbaycan Respublikasının Ərazi bütövlüyü uğrunda 1988-ci ilin fevralın 1-dən 1991-ci ilin oktyabrın 9-dək erməni işğalçı quldur dəstələrinə qarşı Ermənistanla həmsərhəd İnzibati Ərazi Vahidlərində və keçmiş DQMV-i ərazilərində aparılan döyüş əməliyyatlarında iştirak etmişdir və o, qüvvədə olan qanunvericiliyə müvafiq surətdə “Müharibə veteranı adı və vəsiqəsi almaq hüququna malikdir. Həmçinin adlı siyahıdan çıxarış imzalanmış və möhürlə təsdiq edilmişdir, (arayış və adlı siyahı əlavə olunur). Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şuşa rayon Hərbi Komisarlıgnın xx.xx.2005-ci il tarixli 2012 saylı Arayışda onun 1988-1990-ci illərdə Şuşa və Xankəndi şəhərlərində döyüş bölgələrində olmağını, döyüş əməliyatlarında iştirakını təsdiq edir. Şuşa şəhər sakinləri X1, X2, X3 2013-ci ilin iyun ayında Notaral təsdiq edilmiş ərizələrində-də onun Qarabağ hadisələrinin ilk günlərində 1988-1990-ci illərdə Azərbaycan Respublikasının Ərazi Bötüvlüyü uğrunda Şuşa könüllü ərazi özünü Müdafiə dəstələrinin döyüşçüləri ilə birlikdə erməni millətçi quldur dəstələrinə qarşı gedən döyüş əməliyyatlarında dəfələrlə iştirak etməyini təsdiq edirlər. Həmçinin onun döyüş bölgəsinə 3 dəfə ezam olunmağı barədə əmrlər var. Həmçinin 1 dəfə də 1990-ci ilin avqust ayında ezamının artırılması barədə əmr var. Bir sözlə onun əlində tutarlı məhkəmə tərəfindən nəzərə alınmayan sənədləri vardır və həmin sənədlərin bir çoxunu hazırda əldə etmiş və həmin sənədləri yeni açılmış hal kimi qiymətləndirir. Həmçinin xx.xx.2024-cü il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrinin İnkişaf Xidmətinin məktubunu da yeni əldə etmiş, həmin məktubda aşağıdakı məzmundadır: “Sizin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə daxil olmuş ərizənizə cavab olaraq bildiririk ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı erməni təcavüzü ilə əlaqədar, 1988-1990-cı illərdə Şuşa, Əskəran, Laçın, Kəlbəcər rayonlarına və Xankəndi şəhərinə ezamiyyət əmrləriniz, habelə Şuşa və Xankəndi şəhərlərində döyüş bölgələrində olmağınızı, döyüş əməliyyatlarında iştirak etməyinizi təsdiq edən Azərbaycan Respublikası Şuşa Rayon icra Hakimiyyətinin başçısının 21 oktyabr 2005-ci il tarixli 3278 sayh arayışı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şuşa rayon Hərbi Komissarlığının xx.xx.2005-ci il tarixli 2012 saylı arayışı və Meşələrin inkişafı Xidmətinin arxivində saxlanılan digər rəsmi, sənədlərin surətləri Sizə təqdim edilir.” Burdan da görünür ki, onun döyüşlərdə iştirakını bu məktub da təsdiq edir. Həmin məktub dövlət idarəsi tərəfindən verilmiş qanuni əsaslı məktubdur. Həmçinin onunla döyüşlərdə iştirak edən və notarial təsdiq olunmuş şahid ifadələri də onun döyüşlərdə iştirakını təsdiq etdiyi halda bunu da məhkəmə nəzərə almamış və onun hüquqlarını pozmuşdur. Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin 2-1(112)-7838/2022 nömrəli 21 iyun 2025-ci il tarixli qərardadı ilə (hakim M.Hacıbəyova) İddiaçı tərəfindən verilmiş “yeni açılmış hallarla bağlı” ərizə təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7838/2022 nömrəli 21 iyun 2025-ci il tarixli qərardadından narazı qalan ərizəçi İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ərizəçi məhkəmənin mövqeyi ilə razı deyil. Onun əlində hazırda məhkəməyə təqdim etdiyi və onun əsasında da yeni açılmış hal kimi məhkəməyə verdiyi sənəd vardır. Bu sənəd Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin inkişafı Xidmətinə daxil olmuş xx.xx.2024-cü il tarixli 3-14-27/2-H-6xx-xx/2024 saylı məktubdur və həmin məktubda qeyd olunub ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı erməni təcavüzü ilə əlaqədar, 1988-1990-cı illərdə Şuşa, Əskəran, Laçın, Kəlbəcər rayonlarına və Xankəndi şəhərinə ezamiyyət əmrləri, habelə Şuşa və Xankəndi şəhərlərində döyüş bölqələrində olmağı, döyüş əməliyyatlarında iştirak etməyini təsdiq edən Azərbaycan Respublikası Şuşa Rayon icra Hakimiyyətinin başçısının 21 oktyabr2005-ci il tarixli 3278 saylı arayışı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şuşa rayon Hərbi Komissarlığının xx.xx.2005-ci il tarixli 2012 saylı arayışı və Meşələrin inkişafı Xidmətinin arxivində saxlanılan diqər rəsmi, sənədlərin surətləri təqdim edilir. Burdan da görünür ki, həmin sənəd yeni açılmış hal ilə bağlı əsaslı sənəd hesab edilir. Eyni zamanda hakim qərardad qəbul edərkən onun xx.xx.2023-cü ildə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə təqdim etdiyi faktları araşdırmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının xx.xx.2024-cü il tarixli qərardadı ilə müəyyən edilmişdir ki, bir sıra faktiki halların araşdırılması və sübutların yenidən qiymətləndirilməsi tələb edilir. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi, iş üzrə icraatın yeni açılmış hallarla bağlı təzələnməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız və birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olmuşdur. Məhkəmə Kollegiyası qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 12-ci fəslində yeni açılmış hallar üzrə icraatın təzələnməsi barədə ərizəyə baxılmasının bir neçə mümkünlük şərtləri qeyd edilmişdir. 1) Məhkəmə aidiyyəti; 2) inzibati məhkəmə icraatının qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatması 3) Yeni açılmış hallar üzrə icraatın təzələnməsinə dair ərizə ilə müraciət etmək üçün müddət 4) müraciət edən şəxslərin dairəsi. Hazırki işdə ərizənin mümkünlük şərti ilə əlaqədar mübahisəli məqam yoxdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Həmin Məcəllənin 101-ci maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəyə qərarına qarşı ərizə verilmiş məhkəmə tərəfindən baxılır. Həmin Məcəllənin 102-ci maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə vermiş şəxs (ərizəçi), habelə qərarına qarşı ərizə verilmiş məhkəmədə icraatın iştirakçıları olmuş başqa şəxslər, yeni açılmış hallar üzrə məhkəmə icraatının iştirakçıları sayılırlar. Həmin Məcəllənin 103-cü maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100- cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər.. Bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Göründüyü kimi, inzibati iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur, vaxtilə iddiaçı qismində iştirak edən şəxs hazırki ərizə ilə müraciət etmək hüququna malikdir. Ərizə aidiyyəti üzrə məhkəməyə düzgün verilmişdir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 106-cı maddəsinə görə məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. Beləliklə, məhkəmə aktlarının yeni açılmış hallar üzrə yenidən baxılmasının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktı təşkil edir. Lakin bu halda məhkəmə səhvləri araşdırılmır, yeni açılmış hallara əsasən əvvəllər qəbul olunmuş məhkəmə aktının ləğv olunması həll olunur. Məhkəmə aktının qanunsuzluğu və əsassızlığı yeni halların açılmasından asılı olur. İddiaçı tərəfindən təqdim edilmiş ərizədə göstərilmiş dəlilləri məhkəmə yeni açılmış hallar kimi qiymətləndirmir. Belə ki, iddiaçının iddiası üzrə ilkin inzibati məhkəmə icraatı məhkəmə qərarının qəbul edilməsi ilə başa çatdırılmış, iddia təmin edilməmişdir. Məhkəmə Kollegiyası diqqətə çatdırır ki, ərizədə qeyd olunan hallar qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatının təzələnməsi üçün sonradan aşkar olunmuş yeni sübutlar və ya hallar kimi qiymətləndirilə bilməz və apellyasiya şikayətinin və yeni açılmış hallarla bağlı ərizənin dəlilləri qanunvericiliyin tələblərinə görə inzibati məhkəmə icraatının təzələnməsi üçün əsas yaratmır. Belə ki, iddiaçı tərəfindən icraatın təzələnməsini şərtləndirən yeni hallar və ya sübutlar kimi göstərilmiş siyahı, arayışlar, əmrlər və ərizələr iddiaçı tərəfindən birinci instansiya məhkəməsində, sonradan yuxarı instansiya məhkəmələrində sübut kimi təqdim edilmiş və onlara məhkəmə tərəfindən münasibət bildirilmişdir. Belə ki, iş materiallarından müəyyən olunur ki: Binəqədi rayon məhkəməsinin 2(002)-14256/2017 saylı xx.xx.2017-ci il tarixli Qərardadına əsasən ərizəçi İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Hərbi Xidmətə Çağırış Dövlət Xidməti maraqlı şəxs qismində işə cəlb etməklə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsinin qəbul edilməsindən imtina olunmuşdur. Şuşa rayon İcra Hakimiyyəti başçısının 3278 nömrəli xx.xx.2005-ci il tarixli notarial qaydada təsdiq olunmuş arayışına əsasən İddiaçı həqiqətən 1988-ci ilin iyun, noyabr aylarında, 1990-ci ilin iyul ayında Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı erməni təzavüzü ilə əlaqədar Şuşa və Xankəndi şəhərlərində döyüş bölgələrində olmuş, döyüş əməliyyatlarında iştirak etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şuşa rayon Hərbi Komssarlığının 2012 nömrəli xx.xx.2005-ci il tarixli notarial qaydada təsdiq olunmuş arayışına əsasən İddiaçı həqiqətən 1988-ci ilin iyun, noyabr aylarında, 1990-cı ilin iyul ayında Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı erməni təzavüzü ilə əlaqədar Şuşa və Xankəndi şəhərlərində döyüş bölgələrində olmuş, döyüş əməliyyatlarında iştirak etmişdir. Azərbaycan Respublikası Binəqədi rayon Hərbi Komissarlığının 61 nömrəli Azərbaycan Respublikası Hərbi Komisarına ünvanlanmış məktuba əsasən İddiaçı Müharibə Veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar qərar qəbul edilməsi üçün sənədləri göndərilmişdir. Bakı şəhəri Binəqədi rayon Hərbi Komissarı xx.xx.2011-ci il aktına əsasən İddiaçı barəsində toplanmış sənədləri Azərbaycan Respublikası Hərbi Komissarlığının nəzdindəki veteran adının və müvafiq sənədlərinin verilməsi üzrə komissiyaya təqdim edilməsi məqsədə uyğundur. Binəqədi rayon hərbi komissarlığı tərəfindən verilən 61 nömrəli xx.xx.2012-ci il tarixli arayışa əsasən siyahıda adı olan şəxslər (İddiaçı) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci ilin fevralın 1-dən 1991-ci ilin oktyabrın 9-dək erməni işğalçı quldur dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi bölgələrində və keçmiş X8 Vilayətinin ərazilərində aparılan döyüş əməliyyatlarında iştirak etmişlər və qanunvericiliyə müvafiq surətdə Müharibə veteranı adı və vəsiqəsi almaq hüququna malikdirlər. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli H1640 nömrəli iddiaçıya ünvanlanan məktuba əsasən iddiaçının sənədlərində Xidmətin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi komissiyasının xx.xx.2017-ci və xx.xx.2021-ci il tarixli iclaslarında baxılmış, sənədlər hüquqi əsas vermədiyi üçün (döyüşlərdə iştirakını sübut edən sənədlər yoxdur) "Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi mövcud qanunvericiliyin tələblərinə əsasən mümkün olmamışdır. İddiaçının ərizədə qeyd etdiyi məsələ ilə əlaqədar ona Xidmətin Aparatı tərəfindən dəfələrlə (sonuncu dəfə xx.xx.2021 -ci il tarixli H/4345 nömrəli məktubla) ətraflı cavab verilmişdir. Bu səbəbdən iddiaçının sənədləri ünvanına geri qaytarılmışdır. Şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır və xx.xx.1946-cı il təvəllüdlüdür. Azərbycan SSR Meşə təsərrüfatı istehsalat birliyinin 137 saylı xx.xx.1990-cı il tarixli əmrinə əsasən İddiaçı meşələrin qorunması, mühafizəsi və nəzarəti şöbəsinin müfəttişi Laçın və Kəlbəcər meşə təsərrüfatlarında meşələrin qorunub mühafizə edilməsi vəziyyətini nəzarəti qaydada və X8 Vilayətinin təşkilat komitəsinin çağırışına əsasən Stepanakert şəhərinə Laçın və Kəlbəcər meşə təsərrüfatlarına 7 gün müddətinə ezam edilmişdir. Azərbaycan SSR Meşə təsərrüfatı istehsalat birliyinin 148 saylı xx.xx.1990-cı il tarixli əmrinə əsasən birliyin xx.xx.1990-cı il tarixli 137 nömrəli əmrinə əlavə olaraq İddiaçı ezamiyyə müddəti 3 gün artırılmışdır. Azərbaycan SSR Meşə Təsərrüfatı Nazirliyinin 187 saylı xx.xx.1990-cı il tarixli əmrinə əsasən İddiaçı meşə quruluşu, meşə mənbələrinin hesaba alınması və istifadəsinin təşkili idarəsinin böyk mühəndisi Şuşa rayon ərazisində qanunsuz meşə qırılmasını yoxlamaq üçün Respublika Aqrar Sənaye Komitəsinin və Təbiəti mühafizə komitəsinin nümayəndələri ilə Şuşa rayonuna 4 gün müddətinə ezam edilmişdir. Azərbycan SSR Meşə Təsərrüfatı Nazirliyinin 324 saylı xx.xx.1988-ci il tarixli əmrinə əsasən İddiaçı Respublika Aqrar Sənaye Komitəsinin və Təbiəti Mühafizə Komitəsinin nümayəndələri ilə 4 gün müddətinə Şuşa rayonuna, 9 noyabr 1988- ci ildə Topxana ərazisində ağac və kolların köklənməsi barədə Azərbaycan Respublikasının Baş Prokurorluğundan daxil olmuş siqnalı yerində yoxlamaq üçün 5 gün müddətinə ezamiyyə olunmuşdur. İddiaçı iş materiallarına əlavə olaraq Azərbaycan Respublikası Şuşa rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2017-ci il tarixli 13/08 nömrəli məktubunu və həmin idarənin xx.xx.2017-ci il tarixli 13/460 nömrəli məktubunu məhkəməyə təqdim etmişdir. Bu mövqedən çıxış edərək məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, məhkəmə tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bundan başqa birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən istinad edilən halların məhkəmənin gəldiyi nəticəyə və iddiaçıya münasibətdə pozitiv qərarın qəbuluna əhəmiyyətli və həlledici təsir göstərmək keyfiyyətinə malik olmadığı da nəzərə alınmalıdır. Belə ki, iddiaçının təqdim etdiyi sənədlər onun həqiqətən 1988-ci ilin iyun, noyabr aylarında, 1990-ci ilin iyul ayında Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı erməni təzavüzü ilə əlaqədar Şuşa və Xankəndi şəhərlərində döyüş bölgələrində olarkən döyüş əməliyyatlarında iştirak etməsini sübut etmir və iddianın təmin edilməsi üçün əsas deyil. Beləliklə, hazırki inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 100-107, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Ərizəçi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7838/2022 nömrəli 21 iyun 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(103)-4280/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4280/2025
19.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver