Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-429/2021 06.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil (“Kredo” Vəkil Bürosu) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi və qaçqın statusunun verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-4243/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı xx.xx.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, tərəflər arasındakı hüquqi münasibətlərə aydınlıq gətirilməsi məqsədilə cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-09/1 saylı xx xxxxxx 2020-ci il tarixli qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında imtinaedici qərarının qanunsuz hesab edilməsi və ləğv edilməsi , cavabdehin üzərinə iddiaçının xx.xx.2019-cu il tarixli vəsatətini təmin edərək, ona qaçqın statusunun verilməsi öhdəliyinin qoyulmasına dair qərar qəbul edilməsi məhkəmədən xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, ərizəçi (iddiaçı) İddiaçı Əfqanıstan vətəndaşıdır, Zabul vilayətinin sakinidir, hazaradır. Ümumi təhlükəsizlik səbəbindən Əfqanıstanda qala bilmir. Bu səbəbdən də o, ölkəni tərk etmişdir. Belə ki, hazırda ölkədə vəziyyət qeyri-stabildir və anti-hazara motivi olan talib silahlı qüvvələri bölgədə dominantlıq edirlər. O, xx xxxxxxxx 2019-cu il tarixdə Azərbaycana gəlmişdir, xx xxxxxxx 2019-cu il tarixdə vasətətlə AR Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Onun vəsatəti ***-**** saylı iş nömrəsi ilə qeydiyyata alınmışdır. Onunla müsahibə aparılmışdır, bu zaman o, bildirmişdir ki, Əfqanıstandakı ümumi zorakılıq səbəbindən ölkəsinə geri qayıtmaq istəmir. AR Dövlət Miqrasiya Xidmətinin xx xxxxxx 2020-ci il tarixli İQ-09/1 saylı qərarı ilə onun vəsatəti rədd edilmişdir. Xidmət qərarını onunla əsaslandırmışdır ki, ərizəçinin narrativi mötəbər deyil. İddiaçı cavabdehin qərarından şikayət vermiş, şikayət instansiyası 83 saylı xx xxxx 2020-ci il tarixli qərarla inzibati şikayəti rədd etmişdir. Şikayət instansiyası qərarını ümumi və qeyri-müəyyən sözlərlə əsaslandırmışdır. Hazırkı işə beynəlxalq hüquq normaları (beynəlxalq müqavilələr), daxili qanunvericilik, eləcə də “yumşaq hüquq" normaları tətbiq edilməlidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Hazırkı işə tətbiq edilməli beynəlxalq müqavilə – BMT Baş Məclisinin xx xxxx 1951-ci il tarixli qətnaməsi ilə qəbul edilmiş «Qaçqınların statusu haqqında» Konvensiyası və xx xxxxxx 1967-ci il tarixli qətnaməsi ilə qəbul edilmiş «Qaçqınların statusu haqqında» Protokoludur. Azərbaycan Respublikası Ali Sovetinin (Milli Məclisinin) x xxxxxx 1992-ci il tarixli 402 saylı qərarı ilə 1951-ci il Konvensiyası/1967-ci il Protokoluna qoşulmuşdur (xx xxxxxx 1993-cü il tarixdən qüvvədədir). 1951-ci il Konvensiyasının 1-ci maddəsinin A hissəsinin 2-ci bəndinə əsasən bu Konvensiyada “qaçqın” dedikdə 1951-ci il yanvarın 1-dək baş vermiş hadisələr nəticəsində və irqi, dini əlamət, vətəndaşlıq, müəyyən sosial qrupa mənsubiyyət və ya siyasi əqidə üzündən təqib qurbanı olmaq barədə tam əsaslı ehtiyatlara görə vətəndaşı olduğu ölkədən kənardadır və həmin ölkənin himayəsindən istifadə edə bilmir və ya bu cür ehtiyatlar üzündən istifadə etmək istəmir: və ya müəyyən vətəndaşlığı olmadan və həmin hadisələr nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalaraq bu cür ehtiyatlar üzündən oraya qayıda bilmir. 1967-ci il Protokolunun 1 maddəsinin 1-ci hissəsinə əsasən Bu Protokolun iştirakçıları olan Dövlətlər arasında verilmiş tərifə uyğun gələn qaçqınlara Konvensiyanın 2-34-cü maddələrini tətbiq etməyi öhdələrinə götürürlər. Həmin maddənin 2-ci bəndinə əsasən bu Protokolun məqsədləri üçün “qaçqın” termini altında bu maddənin 3-cü bəndinin tətbiqi ilə bağlı hallar istisna olmaqla, Konvensiyanın 1 A(2) maddəsinin tərifini "1951-ci ilin yanvarın 1-dək baş vermiş hadisələr nəticəsində” sözləri və “...həmin hadisələr nəticəsində” sözlərini çıxma şərti ilə uyğun gələn hər bir şəxs nəzərdə tutulur. Hazırkı işə tətbiq edilməli olan digər beynəlxalq müqavilə Avropa İnsan Hüquqları Konvensiyası və onun 1, 4, 6, 7 saylı Protokolları (AİHK) və AİHK-i şərh və tətbiq edən orqan olan Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) müvafiq presedent hüququdur. İşin hallarından asılı olaraq AİHK-in 3 (İşgəncələrin qadağan edilməsi). 8 (Şəxsi həyata və ailə həyatına hörmət hüququ) və 13- cü (Səmərəli hüquqi müdafiə vasitələri hüququ) maddələri qaçqın işlərinə tətbiq edilə bilər. AİHK AR Milli Məclisinin xx xxxxxx 2001-ci il tarixli Qanunu AİHK ratifikasiya etmiş və xx xxxxx 2002-ci il tarixdən Azərbaycan Respublikasında tətbiq edilir. Hazırkı işə tətbiq edilməli daxili qanunvericilik maddi hüquq normalarına və prosessual hüquq normalarına bölünür. Maddi hüquq norması kimi çıxış edən «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» AR Qanunun 1.1.1-ci maddəsinə əsasən qaçqın – Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Həmin Qanunun 9-cu maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. Qaçqın statusunun verilməsi Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilmiş «Qaçqın statusunun verilməsi haqqında vəsatətə baxılması haqqında Qaydalar»la tənzimlənir. Bundan əlavə «İnzibati icraat haqqında» AR Qanununda da müvafiq maddəalar nəzərdə tutulmuşdur. Bundan əlavə, hazırkı iş üzrə inzibati mübahisələrə dair icraat İPM-lə tənzimlənir. Hesab edilir ki, cavabdehin qərarı (əverişli inzibati aktın qəbul edilməsindən imtina edilməsinə dair akt yaxud imtinaedici akt) qanuni və əsaslı devil. Qanunilik dedikdə, inzibati aktın maddi və prosessual hüquq normalarına uyğunluğu: əsaslılıq dedikdə, inzibati aktın gəldiyi nəticənin iş materialları ilə təsdiqlənməsi başa düşülür. Dövlət Miqrasiya Xidmətinin qərarında iki fundamemtal səhvə yol verilmişdir. Belə ki, Xidmət işin mühüm hallarını müəyyən etməmiş və iş üzrə mühüm faktlarını mötəbərliyini qiymətləndirməmişdir, əsaslı təqib qorxusunun, yaxud real riskin olmamasına dair nəticəyə gələrkən iş üzrə araşdırma aparmamış və şablon ifadələrdən istifadə etmişdir. Qaçqın statusu verilməsi iki mərhələli yoxlamadan ibarətdir. 1-ci mərhələ işin mühüm faktlarının müəyyən edilməsi və bu faktların mötəbərtliyinin qiymətləndirilməsi, 2-ci mərhələ əsaslı təqib qorxusunun və real riskin qiymətləndirilməsi. Mühüm faktların müəyyən edilməsi mərhələsində iddiaçının izahatlarına əsasən iş üzrə mühüm faktlar müəyyən edilməli və həmin faktların mötəbərliyi qiymətləndirilməlidir. Əsaslı təqib qorxusunun qiymətləndirilməsi mərhələsində isə, müəyyən edilmiş mühüm faktların işığında iddiaçıya münasibətdə əsaslı təqib qorxusunun və real riskin olub-olmadığı yoxlanılmalıdır. ''İnandırıcılıq keyfiyyəti'' standartı tətbiq edilərkən obyektiv yanaşmadan istifadə edilir. Çünki bu standart hüquq tətbiq edən orqanın üzərinə ərizəçiyə inanmaq üçün ağlabatan əsasların olub-olmadığını qiymətləndirmək vəzifəsini qoyur. Mötəbərlik amilləri əsasən iki qrupa bölünür: daxili mötəbərlik və xarici mötəbərlik. Xarici mötəbərlik ərizəçinin izahatları ilə işdə olan digər sübutların və ya digər məlumat mənbələrinin, ələlxüsus MÖM-tin müqayisəsinə əsaslanır. İşin hallarına uyğun olaraq bu iş üzrə xarici mötəbərliyin olub-olmaması MÖM-ün nəzərdən keçirilməsi ilə müəyyən edilə bilər. Daxili mötəbərlik ərizəçinin izahatlarının yalnız həmin izahatlara yaxud digər təqdim edilmiş sübutlara əsaslanaraq qiymətləndirilməsidir. Bu halda əsaslanılmalı iki əsas amil ərizəçinin izahatlarının müfəsəllik (yaxud təfsilatsızlıq) səviyyəsi və ərizəçinin ümumilikdə ardıcıllıq (yaxud ziddiyyətlilik) dərəcəsidir. Buna uyğun olaraq mötəbərliyin qiymətləndirilməsinin dörd indikatoru fərqləndirilir: 1) kafi dərəcədə müfəssəllik və spesifiklik; 2) daxili uyğunluq: 3) əgər varsa digər şahidlər tərəfindən verilən informasiya ilə uyğunluq; 4) çatımlı xarici informasiya ilə uyğunluq (Macarıstan Helsinki Komitəsi, Sığınacaq icraatında mötəbərlik qiymətləndirməsi - multidisiplinar hazırlıq təlimatı. 2013. bax 31-33-cü səhifələr). Ərizəçinin (iddiaçının) izahatlarının mötəbərliyini qiymətləndirərkən də yuxarıda qeyd edilən amillər nəzərə alınmalıdır. İş materiallarında olan müsahibədən görünür ki, ərizəçi işin mühüm faktları, yəni onun təqibə məruz qalmasını təsdiq edən xüsusatlar barədə müfəssəl izahatlar verib və həmin izahatlar ərizəçinin işinin hallarına münasibətdə spesifikdir. Eləcə də həmin izahatlar bir-biri ilə ziddiyyət təşkil etmir. Nəzərə almaq lazımdır ki, ərizəçinin izahatları ona verilən suallar çərçivəsində olub və ona verilməyən sualları əhatə etməyib. Nəticə etibarilə, ərizəçinin izahatları müfəssəldir. spesifikdir və ziddiyətli deyil. Buna görə də həmin izahatlar daxili mötəbərlik tələbini ödəyir. Dövlət Miqrasiya Xidməti iddia üçün əsas ola bilən aşağıdakı elementləri müəyyən etməmişdir: ərizəçinin etnik mənsubiyyəti, təqiblərə məruz qalması. Xidmət ərizəçinin ölkəyə qayıtdıqdan sonra üzləşə biləcəyi riskləri təhlil etməmişdir. Göstəriənlərə və «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19, 21, 36, 45-ci maddələrinə, İPM-in 2.2.2, 33, 35, 38, 73-cü maddələrinə əsaslanaraq, cavabdeh AR Dövlət Miqrasiya Xidmətinin İQ-09/1 saylı xx xxxxxx 2020-ci il tarixli qərarının qanunsuz sayılaraq ləğv edilməsi və iddiaçının vəsatəti təmin edilərək ona qaçqın statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-4243/2020 nömrəli qərarı ilə (hakim R.Kərimli) İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı «qərarın qanunsuz sayılaraq ləğv edilməsi, iddiaçıya qaçqın statusunun verilməsi» tələbinə dair iddiası təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı xx.xx.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-4243/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Vəkil apellyasiya şikayətinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarına əsasən: - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, MŞ-331-2019 №-li müvəqqəti şəhadətnaməyə dair arayışa əsasən xx.xx.2000-ci ildə anadan olmuş Əfqanıstan İslam Respublikasının vətəndaşı Ahmadi Ewaz qaçqın statusu almaq məqsədilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə xx xxxxxxxx 2019-cu il tarixdə ərizə ilə müraciət etmiş, onun adına ***-**** saylı şəxsi işi açılmışdır. Bu sənəd xx.xx.2020-ci il tarixədək etibarlıdır və Qaydanın 5-ci bəndinə əsasən ərizəçinin şəxsiyyətini təsdiq edən sənəddir. -Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin xx.xx.2020-ci il tarixli, İQ- 09/1 saylı “Qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında qərarı”na əsasən iddiaçıya qaçqın statusu verilməsindən imtina edilmişdir. -Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx xxxx 2020-ci il tarixli, 83 nömrəli “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərarına əsasən qaçqın statusu verilməsindən imtina edilməsinə dair Dövlət Miqrasiya Xidmətinin xx.xx.2020-ci il tarixli, İQ-09/1 saylı nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd edir: “Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Göründüyü kimi şəxsin qaçqın hesab edilməsi üçün irqi, dini, milli və bu kimi digər əlamətlərinə görə öz ölkəsini tərk etməyə məcbur olmalıdır. İş materiallarında olan qaçqın statusunun verilməsi haqqında xx xxxxxxx 2019-cu il tarixli ***-**** nömrəli vəsatətin (ərizə-anket) 1 №-li əlavəsi olan qeydiyyatı və müsahibəsi zamanı müəyyən еdilmişdir ki, Əfqanıstan İslam Respublikasının vətəndaşı (pasport – P ********) xx xxx 2000-ci il tarixdə doğulmuş hazırkı İddiaçı xx xxxxxxx 2019-cu il tarixdə qaçqın statusu verilməsi barədə vəsatətlə cavabdeh AR Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Vəsatət həmin orqanda araşdırılması üçün qeydiyyata alınmış və ***- **** saylı şəxsi iş açılmış, iddiaçı ilə müsahibə keçirilmişdir. İddiaçı müsahibə zamanı iddia ərizəsində göstərilən halları (milliyyətcə hazara olduğunu, maddi vəziyyətinin pis olmasını, atası taliblər tərəfindən öldürüldüyündən təhsilini davam etdirə bilmədiyini və s.) əsas gətirərək ona qaçqın statusunun verilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciəti üzrə inzibati icraat həyata keçirilmiş və gətirilən dəlillər və sübutlar qiymətləndirilərək, iddiaçıya qaçqın statusunun verilməsindən imtina olunması barədə xx xxxxxx 2020-ci il tarixdə qərar qəbul edilmişdir. Qərarda iddia ilə bağlı keçirilmiş inzibati icraatda onun vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmadığı, siyasi fəaliyyətlə məşğul olmadığı, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmadığı, özü və ailə üzvlərinin həmin ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmadığının müəyyən edildiyi göstərilmişdir. İddiaçı hazırda cavabdehin imtina barədə həmin qərarını mübahisələndirir və ona qaçqın statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. İş materiallarında olan qaçqın statusunun verilməsi haqqında № ***-**** saylı vəsatətə (ərizə-anket) əsasə qeyd edilmişdir ki, adı-Ewaz; atasının adı-Hussain (pasportda qeyd edilməyib; soyadı-Ahmadi; soyadı və ya adı dəyişilibsə nə vaxt və nə üçün-xeyr, dəyişməyib; təvəllüd-1379-cu il (pasportunda xx.xx.2000-ci il qeyd edilib); doğulduğu yer-ƏİR, Zabul vilayəti, Deyçupan ulusvaliliyi, Hoti kəndi; vətəndaşlığı- Əfqanıstan İslam Respublikası; milliyəti-həzarə; dini etiqadı/təriqəti-islam (şiə); ana dili-fars (dəri) dili; digər dillər-başqa heç bir dil bilmir; taliblərin atası və əmisini nə səbəbdən qətlə yetirməsi sualına bilmədiyini, taliblərin atası və əmisini öldürən zaman anasının harda olması sualına anasının dayısıgildə olduğunu, onun uşaqlarına baxdığını, dayısının evinin onların evindən nə qədər aralıda yerləşməsi sualına təxminən 20 dəqiqəlik, yarım saatlıq yol olduğunu, dayısının adının bilmədiyini, iki dayısı olduğunu, o biri dayısının adını bilmədiyini, müəlliminin adını bilmədiyini, bir əmisi olduğunu və onu da taliblərin öldürdüyünü, əmisinin adını bilmədiyini, əmisinin iki kiçik qızı olduğunu, onların indi harada yaşadıqlarını bilmədiyini, yeznəsinin adının Həbib olduğunu bildirdi. İş materiallarında olan məhkəməyə təqdim edilmiş mübahisələndirilən qərarın qəbul edilməsinə əsas olmuş inzibati icraat materiallarından aydın olur ki, iddiaçı Əfqanıstanı vəziyyətin pis olmasına, təhlükəsizliyə təminat olmadığına və işsizliyə görə tərk etdiyini bildirmişdir. İddiaçı müsahibə zamanı verdiyi izahatlarından məlum olmuşdur ki, o vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçi vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır. “Qaçqın statusunun verilməsi haqqında vəsatətə baxılması Qaydası” haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli Fərmanının 10-cu maddəsinin birinci hissəsinə görə qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Həmin Qaydaların 10-cu maddəsinin ikinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Həmin Qaydaların 12-ci maddəsinin birinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən 3 ay ərzində qəbul edir. Həmin Qaydaların 13-cü maddəsinin birinci hissəsinə əsasən şəxs qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. Məhkəmə kollegiyası iddiaçının iddia ərizəsində və apellyasiya şikayətində göstərdiyi cavabdehin iddiaçının müsahibəsinin alınmasında qərəzsiz tərcüməçinin iştirakının təmin etməməsi dəlininə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ilə aparılan müsahibə zamanı iddiaçıya fars dilində verilən sualları başa düşdüyü sualı ünvanlanmış, iddiaçı da bəli cavabı vermişdir, eyni zamanda qaçqın statusunun verilməsi haqqında № ***-**** saylı vəsatətə (ərizə-anket) əsasən iddiaçının ana dilinin fars dili olduğu göstərilmişdir. Bu səbəbdən də iddiaçının iddia ərizəsində və apellyasiya şikayətində göstərdiyi bu dəlil məhkəmə tərəfindən əsassız hesab olunur. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda sadalananlara əsasən müəyyən olunur ki, iddiaçı vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamış, heç bir sosial qrupa qoşulmamış, siyasi əqidəsinə, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. Onun qorxu və həyəcanları ehtimallara əsaslanmaqla məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddianın rədd olunmasını mahiyyəti üzrə düzgün olan nəticə kimi qəbul edir və hesab edir ki, onun ləğvi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının qanunsuzluğu və əsassızlığı ilə bağlı dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-4243/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İPM-in 87, 90, 94, 99-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı : İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-4243/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-429/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-429/2021
06.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver