Məhkəmə qərarları › İş №2-1(103)-429/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-429/2025

05.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-429/2025 05.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X12 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışının verilməsi» tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 5258/2024 nömrəli, 21 iyun 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək və sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, Bakı şəhəri, 14-cü Aşırım küçəsindəki (indiki A.Gəraybəyli küçəsi) 11/15 nömrəli evin həyətində yerləşən qaraj üzərində hüquqların X6 məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum həyat yoldaşı X1 Nərimanov Rayon XDS İK-nin xx.xx.1991-ci il tarixli 6/104 saylı qərarına əsasən 14-cü Aşırım küçəsindəki 11/15 nömrəli evin həyətində qaraj qurmağa icazə erilmişdir. Cavabdeh iddiaçının qeyd olunan qarajın sənədləşdirilməsi barədə müraciətinə cavab məktubunda qarajın yerinin cizgi planında dəqiqliklə göstərilmədiyini, sxemdə ölçülər, məsafələr və istinad nöqtələrinin qeyd olunmadığını əsas gətirib, qarajın dəqiq yerini təyin etmək mümkün olmadığını bildirmişdir. Həmçinin Nərimanov Rayon XDS İK-nin xx.xx.1991-ci il tarixli 6/104 saylı qərarında dəmir qarajın quraşdırılmasına icazə verildiyinə, lakin qarajın daşdan inşa edildiyinə istinad edib, müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, Nərimanov rayon X14 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 6/104 nömrəli qərarında dəmir qarajın quraşdırılmasına icazə verildiyi göstərilsə də, qeyd olunan qaraj daşdan inşa edilmişdir. Odur ki, cavabdeh iddiaçı tərəfindən qeyri-yaşayış sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi səbəbi ilə iddia tələbinin təmin olunmaması xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5258/2024 nömrəli, 21 iyun 2024-cü il tarixli qərarı ilə (hakim A.Hüseynov) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya yazılı etiraza uyğun əsaslandırılaraq qeyd edilmişdir ki, təqdim edilən sənədlər mərhumun adınadır, lakin vərəsəlik işinin açılması və vərəsələrin dairələrinin müəyyən edilməsi barədə notariat kontorunun məktubu sənədlər toplusuna əlavə olunmamışdır. Nərimanov rayon X14 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 6/104 nömrəli qərarı ilə dəmir qarajın quraşdırılmasına icazə verildiyi göstərilsə də, lakin göstərilən qarajın daşdan inşa edildiyi müəyyən olunmuşdur. Odur ki, qeyd edilən qeyriyaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan RespublikasıQanununun 8.0.9.2-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir. Bakı İnzibati Məhkəməsi tərəfindən qeyri-yaşayış binası və yerləşdiyi torpaq sahəsinin qanuni əsaslarla ayrılıb-ayrılmaması ilə bağlı araşdırma aparılmamışdır. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iş materiallarına uyğun izahat verərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Sədrlik edənin sualına cavab olaraq iddiaçının mərhum ərinin adına qaraja dair müvafiq sərəncam olsa da və sağlığında həmin sərəncam əsasında Qarajların texniki inventarlaşdırma və qiymətləndirməsinə dair texniki pasport əldə edə bilmədiyindən hazırda iddiaçı məhz həmin sənədin əldə edilməsi üçün məxsusluq arayışının ilkin olaraq təqdim edilməsini xahiş edir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası cavabdehin etirazının əsası və apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün ilk növbədə mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: - 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 7.1-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. - 8-ci maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur – 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; - 12.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. - 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmın arayış əsasında verilmış vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7-ci bölməsinin (Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi) müddəalarına əsasən, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir (7.1). Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara bu Təlimatın 7.1ci bəndində göstərilən qaydada çıxarış verilir (7.2). Bu Təlimatın 7.1-ci və 7.2-ci bəndlərində göstərilən qaydada çıxarış verildikdə, notariat kontorunda vərəsəliyin rəsmiləşdirilməsi üçün bu Təlimatın 1-3 nömrəli əlavələrinə uyğun olaraq tərtib edilmiş arayış tələb olunmur (7.3). “İnzibati icraat haqqında” Qanunun: - 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır. - 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. - 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: İşin faktiki hallarından görünür ki, Bakı Şəhər X14nin İcraiyyə Komitəsinin Memarlıq və Şərhərsalma Baş İdarəsi tərəfindən xx.xx.1991-ci il tarixli məktubla Nərimanov Rayon XDS İK-yə göstərişə uyğun olaraq X9 üçün metal qarajın quraşdırıması məqsədi ilə qarajın yerləşmə cizgisi göndərilmişdir. Nərimanov Rayon X14nin İcraiyyə Komitəsinin “X.H.Məhəmmədova dəmir qaraj qurmağa icazə verilməsi haqqında” xx.xx.1991-ci il tarixli, 6/104 nömrəli qərarına əsasən, X.H.Məmmədova 14-cü Aşırım küçəsindəki 11/15 nömrəli evin həyətində təsdiq edilmiş cizgi əsasında qaraj qurmağa icazə verilmişdir. X9 xx.xx.2019-cu ildə ölmüşdür. Bakı şəhəri 7 saylı xüsusi notariat ofisinin xüsusi notariusu N.Ə.Vədətov tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən, İddiaçı xx.xx.2019cu il tarixdə vəfat etmiş X4 qanuni vərəsəsidir və bu barədə ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İddiaçı Bakı şəhəri, 14-cü Aşırım küçəsindəki (indiki A.Gəraybəyli küçəsi) 11/15 nömrəli evin həyətində yerləşən qaraj üzərində hüquqların X6 məxsus olması haqqında arayışın verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh inzibati orqanın imtinasını və apellyasiya şikayətinin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası apellyasiya şikayətinin “vərəsəlik işinin açılması və vərəsələrin dairələrinin müəyyən edilməsi barədə notariat kontorunun məktubu sənədlər toplusuna əlavə olunmaması” dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarında olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 999935 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X9 xx.xx.2019-cu ildə ölmüşdür. X6 münasibətdə vərəsəlik işinin açılması və vərəsələrin dairəsinin müəyyən edilməsi ilə bağlı Bakı şəhəri 7 saylı xüsusi notariat ofisinin xüsusi notariusu N.Ə.Vədətov tərəfindən verilmiş arayış məhkəməyə təqdim edilmişdir. xx.xx.2022-ci il tarixli həmin arayışa əsasən, İddiaçı xx.xx.2019-cu il tarixdə vəfat etmiş X4 qanuni vərəsəsidir və bu barədə ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Beləliklə, cavabdehin qeyd olunan dəlili formal xarakterli olmaqla, Bakı şəhəri, 14-cü Aşırım küçəsindəki (indiki A.Gəraybəyli küçəsi) 11/15 nömrəli evin həyətində yerləşən qaraj üzərində hüquqların X6 məxsus olması haqqında arayışın İddiaçı verilməsindən imtina üçün əsas ola bilməz. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, Nərimanov Rayon X14nin İcraiyyə Komitəsinin “X.H.Məhəmmədova dəmir qaraj qurmağa icazə verilməsi haqqında” xx.xx.1991-ci il tarixli, 6/104 nömrəli qərarına münasibətdə «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, bundan başqa, sözügedən qərar geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. İPM-in 58-ci maddəsi və «İnzibati icraat haqqında» Qanunun 19-cu maddəsinin tələbləri baxımından qeyd olunan müqavilə mötəbər sənəd kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən hüquqmüəyyənedici sənəd qismində qeyd olunan qərarın mötəbərliyini təkzib edən hər hansı sübut təqdim edilmədiyindən, sözügedən sənədin mötəbərliyi məhkəmə üçün şübhə doğurmur. Cavabdeh orqan imtinasında və apellyasiya şikayətinin dəlillərində Nərimanov Rayon XDS İK-nin qeyd olunan qərarında dəmir qarajın quraşdırılmasına icazə verildiyini, lakin qarajın daşdan inşa edildiyini bildirsə, də qeyd olunan halın hansı mənfi nəticələrə səbəb olduğunu əsaslandıra bilməmişdir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhəri, 14-cü Aşırım küçəsindəki (indiki A.Gəraybəyli küçəsi) 11/15 nömrəli evin həyətində yerləşən qaraj üzərində hüquqların X6 məxsus olması haqqında iddiaçının adına verilən arayış həmin qaraj üzərində mülkiyyət hüquqlarının iddiaçının adına qeydiyyatı üçün deyil, son olaraq qaraja dair iddiaçının adına texniki pasportun verilməsi üçün əsasdır. Belə ki, apellyasiya araşdırması zamanı iddiaçının nümayəndəsi və vəkili iddiaçının hüquqi marağının məhz mərhum ərinin adına verilmiş sərəncam əsasında tikilmiş qaraja dair texniki pasportun alınmasından ibarət olduğunu qeyd etmişdir. Apellyasiya instansiya məhkəməsində icraat zamanı işin obyektiv araşdırılması məqsədilə, cavabdeh inzibati orqana sorğu ünvanlanaraq Bakı şəhəri, 14-cü Aşırım küçəsindəki (indiki A.Gəraybəyli küçəsi) 11/15 nömrəli evin həyətində yerləşən qarajlarla bağlı ayrı-ayrı şəxslərlə bağlı texniki pasportun verilib-verilməməsi barədə, əgər verilmişdirsə bununla bağlı bütün hüquqmüəyyənedici sənədlərin məhkəməyə təqdim edilməsi xahiş olunmuş, sorğuya əsasən 11/15 nömrəli evin həyətində yerləşən qarajlarla bağlı sənədlər məhkəməyə təqdim edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş sənədlərə əsasən müəyyən olunur ki, eyni hüquqmüəyyənedici sənədlər əsasında Bakı şəhəri, 14-cü Aşırım küçəsindəki (indiki A.Gəraybəyli küçəsi) 11/15 nömrəli evin həyətində yerləşən qarajlarla bağlı ayrı-ayrı şəxslərin adına texniki pasportun verilməsinə baxmayaraq, iddiaçının adına texniki pasportun verilməsi hüququ verən arayışın verilməsindən imtina edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisənin qanuni və əsaslı həlli baxımından iş üzrə bərabərlik və etimad hüququnun qorunması prinsiplərinin pozulması hallarının mövcudluğu ilə bağlı məsələyə də qiymət verilməlidir. Belə ki, iddiaçıya münasibətdə bərabərlik prinsipinin pozuntusunun baş verdiyi qənaətinə gələ bilmək üçün məhkəmə ilk növbədə aydınlaşdırmalıdır ki, iddiaçının təqdim etdikləri ilə eyni olan sənədlər əsasında digər şəxslərin adına texniki pasportun verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə texniki pasportun verilməsinə əsas olan arayışın verilməsindən imtina olunmuşdurmu, yoxsa iddiaçının halında hüququ qeydə alınmış şəxslərlə müqayisədə fərqli başqa hal və ya hallar vardır? Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1842/2023 saylı xx.xx.2023-ci il tarixli qərarında məhkəmə hüquqi mövqeyini bu cür əsaslandırılmışdır: Nəzərə almaq lazımdır ki, Konstitusiyanın 25-ci maddəsinin V hissəsinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə isə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınmasına xidmət edir. Bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. Məhkəmə sorğusui nəticəsində təqdim edilmiş və iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Nərimanov Rayon X14nin İcraiyyə Komitəsinin “A.N.Hüseynova dəmir qaraj qurmağa icazə verilməsi haqqında” xx.xx.1990-cı il tarixli, 19 nömrəli qərarına əsasən, X.H.Məmmədova 14-cü Aşırım küçəsindəki 11/15 nömrəli evin həyətində qaraj qurmağa icazə verilmişdir. X16 19 fevral 2006-cı ildə vəfat etmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməməyə əsasən X10 vərəsəsi X7 olmuşdur. X2 adına .H.Məmmədova 14-cü Aşırım küçəsindəki 11/15 nömrəli evin həyətində yerləşən qaraja dair texniki pasport verilmişdir. Bundan əlavə inzibati orqan tərəfindən təqdim edilmiş sənədlərdən aydın görünür ki, Bakı şəhəri, 14-cü Aşırım küçəsindəki (indiki A.Gəraybəyli küçəsi) 11/15 nömrəli evin həyətində yerləşən digər qaraj sahiblərinin adına da (X11, X5, X8) oxşar hüquqmüəyyənedici sənədlərə əsasən müxtəlif vaxtlarda inzibati icraat qaydasında müvafiq texniki pasportlar tərtib edilmişdir. Beləliklə, eyni mühüm faktiki hallara, hüquqmüəyyənedici sənədlərə malik olmasına baxmayaraq, cavabdeh inzibati orqan əsassız olaraq iddiaçının iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bununla da qeyd olunan inzibati orqan öz praktikasında vətəndaşlara münasibətdə bərabər davranmamışdır. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə məcmu halında qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına uyğun olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5258/2024 nömrəli, 21 iyun 2024-cü il tarixli qərarı “qaraja dair texniki pasportun təqdim edilməsinə əsas kimi” sözləri əlavə edilməklə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Cahangir Yusifov Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar