Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4291/2025 04.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi və sair” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədovdan (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X2 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil2 Səid oğlunun, cavabdehin nümayəndəsi Nümayəndə2 iştrakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3329/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları
1. Probasiya xidmətinin Ədliyyə nazirinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhər probasiya idarəsinin rəis müavini, rəis vəzifəsini icra edən Elşad Əbülrəhimzadə və böyük icra məmuru Nəsimi Abuşov tərəfindən həmin idarənin qeydiyyatında olan, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş (elektron nəzarət vasitəsi tətbiq edilmiş) Tural Rüstəmovdan pul müqabilində həmin nəzarət vasitəsinin onun üzərindən çıxarılması, uzun müddət nəzarətsiz saxlanılması və bundan əlavə bir sıra digər qanun pozuntuları ilə bağlı xidmətə məlumat daxil olmuşdur. Bununla əlaqədar Bakı şəhər probasiya idarəsinə xidməti yoxlamanın təyin edilməsi məsələsinə baxılması xahiş olunmuşdur.
2. 26 avqust 2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhər probasiya idarəsində başlanılmış icraat üzrə oğurluq və dələduzluq etdiyinə görə 1 il 9 ay 22 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Tural Rüstəmovun üzərinə yaşadığı ünvanı saat 00:00-06:00 aralığında, habelə Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək və s. vəzifələr qoyulmuşdur (icra məmuru Aynur Yadigarova). xx.xx.2023-cü il tarixdə məhkumun məcburi gətirilməsi barədə qərar qəbul edilmiş, o, xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış, xx.xx.2023-cü il tarixdə ona elektron nəzarət vasitəsi tətbiq edilərək vaxt məhdudiyyətlərini pozması ilə bağlı 5 və 17 noyabr 2023-cü il tarixlərdə töhmət verilmiş (məhkum ilkin tənbehdən xəbərsiz olduğunu və müvafiq qərardakı imzanın ona məxsus olmadığını deyir), bununla belə şəxsi iş idarənin rəisi vəzifəsini icra edən İddiaçı tərəfindən nöqsanların aşkar edilməsi bəhanəsi ilə (məhkumun qeydiyyata alındıqdan sonra ENV tətbiq edilənədək keçən 3 həftə ərzində müvafiq göstərişin tələblərinə riayət olunmaması, onun əl-barmaq izlərinin götürülməməsi və s.) xx.xx.2023-cü il tarixdə məqsədli olaraq böyük icra məmuru Rövşən İbrahimova həvalə edilmişdir (bundan sonra da həmin nöqsanlar aradan qaldırılmayıb, iş uzun müddət hərəkətsiz saxlanılıb və ciddi pozuntulara münasibət bildirilməyib). Elektron monitorinq idarəsi cari ilin yanvar ayından iyun ayınadək məhkumun hərəkət trayektoriyasının müəyyən olunmaması barədə dəfələrlə icra məmuruna məlumat vermiş və səbəbinin həmin idarəyə bildirilməsini tapşırmış, bununla belə məlumatlar araşdırılmamış, Elektron monitorinq idarəsi də nəticə ilə maraqlanmamış, Bakı şəhər probasiya idarəsinin rəisi vəzifəsini icra edən İddiaçı isə hökmün icrasının düzgün həyata keçirilməsi üçün şəxsi işi digər icra məmuruna həvalə etsə də, məsələni nəzarətdə saxlamamışdır. Probasiya xidmətinin müdaxiləsi ilə məhkumun məcburi gətirilməsi xx.xx.2024-cü il tarixdə qərara alınmış, xx.xx.2024-cü il tarixdə o, axtarışa verilmiş, lakin xx.xx.2024-cü il tarixdən onun başqa cinayət işi üzrə - dələduzluq əməlinə görə tutulduğu müəyyən olunmuşdur. X4 izahatlarında göstərmişdir ki, A.Yadigarova ona bahalı geyimdə və avtomobildə idarəyə gəlməməsini, əks halda idarənin rəisi vəzifəsini icra edən İddiaçı ondan pul istəyəcəyini bildirmiş, o, xx.xx.2023-cü il tarixdə peşə bayramı münasibəti ilə icra məmuru A.Yadigarovaya ətir hədiyyə etmiş (A.Yadigarova hədiyyəni icra məmuru R.İbrahimov vasitəsilə qaytardığını bildirir, sonuncu bunu təsdiq etmişdir), sonradan icra məmuru ona zəng vuraraq hədiyyəyə görə incidildiyini və işin əsassız olaraq ondan alındığını söyləmişdir. Bundan sonra icra məmuru Nəsimi Abuşov ona vuraraq idarəyə dəvət etmiş, 2023-cü ilin dekabr ayının əvvəlində onu şöbənin rəisi vəzifəsini icra edən İddiaçı qəbul etmiş və pozuntulara yol verdiyi üçün hədə-qorxu gəlmiş, icra məmuru Rövşən İbrahimovu dəvət edərək şəxsi işin həmin icra məmurunda olacağını, lakin bütün məsələləri icra məmuru Nəsimi Abuşova bildirməsini söyləmiş, bundan sonra onlar xidməti otaqdan çıxdıqda Rövşən İbrahimov getmiş, o icra məmuru Nəsimi Abuşovla təklikdə söhbət etmişdir. Əldə edilmiş razılığa əsasən 2023-cü ilin sonunda ENV-nin açılması üçün icra məmuru N.Abuşova təklikdə 3.000 manat pul vermiş (icra məmuru həmin puldan 500 manatının ona çatdığını, qalan 2.500 manatı İddiaçı verdiyini bildirmişdir), N.Abuşovun tapşırığı ilə mobil qurğunu evində qoyaraq Nərimanov rayonu ərazisində “KapitalBank" ASC-nin filialının yaxınlığında maşında gözləmiş, N.Abuşovun ona verdiyi tanımadığı şəxsə zəng vurmuş və sonuncu onun avtomobilində əyləşərək ENV-ni ayağından açmış (bu zaman cihaz səs edib, lakin həmin şəxs əlindəki qurğunu ENV-yə yaxınlaşdırdıqda səs dayanmış, ENV-nin açılması müqabilində ona 100 manat verib) və hərəkət trayektoriyasının dəyişməsi üçün mobil qurğunun daşınması ona tapşırılmışdır. Bundan sonra hər ay 500 manat, bir dəfə isə əlavə 200 manat olmaqla 6 ay ərzində icra məmuru N.Abuşova cəmi 3.200 manat pul vermiş (bəzən pulları ENV-ni açan şəxsin bank kartına köçürmüş), habelə icra məmuru N.Abuşov və idarənin rəhbərliyinə bahalı ətir hədiyyə etmiş, həbs edildikdən sonra isə qaynı Amin Muradlı və həyat yoldaşı Bahar Muradlı vasitəsilə 4.500 manat pulu N.Abuşovdan geri götürmüş (1.500 manat ödənişi təsdiq edən qəbz təqdim olunub), icra məmuru bu məlumatları təkzib etməsini müxtəlif vasitələrlə ondan xahiş etmiş, hətta təqsirləndirildiyi yeni cinayət işi üzrə ona vəkil də tutmuşdur. Məhkum T.Rüstəmov görüşlərin birinə icra məmuru Nəsimi Abuşovun 3 xanımla gəldiyini, onların da üzərindən ENV-nin açıldığını və hər ay onlardan 300 manat götürüldüyünü qeyd etmişdir (yalnız adlarını deyir, bununla əlaqədar hazırkı araşdırma çərçivəsində onların şəxsiyyətini müəyyən etmək mümkün olmadı). İcra məmuru Aynur Yadigarova və məhkumun qaynı Amin Muradlı izahatlarında aidiyyəti hissələrdə məhkumun dediklərini təsdiq etmişlər. Əldə edilmiş səs yazılarından məlum olur ki, məhkumun həyat yoldaşı Bahar Muradlı N.Abuşova zəng vuraraq pulun qismən ödənildiyini söyləyir, N.Abuşov bu məsələyə münasibət bildirmir (inkar da etmir), məhkuma köməklik etmək istədiyini deyir, lakin bunun qarşılığında ondan şikayət olunmasına etiraz edir, qardaşı ilə rəhbərliyi tərəfindən başqa icra məmuruna həvalə edildikdən sonra yol verilmiş çoxsaylı ciddi pozuntular işə əlavə edilməmiş və bununla bağlı tədbirlər görülməmiş, idarə rəhbərliyi tərəfindən öz göstərişinə əməl edilməsi vəziyyəti nəzarətdə saxlanılmamış, nəticədə məhkumun islah edilməsinə nail olunmamış və o, yeni cinayət törətməkdə təqsirli bilinib həbs olunmuş, icra məmuru A.Yadigarova məhkumla xidmətdənkənar lüzumsuz danışıqlara yol vermiş, həmçinin məhkum həbs olunandan sonra əvvəlcədən onun üzərindən açılmış ENV qaynı tərəfindən N.Abuşova təhvil verilsə də, xx.xx.2024-cü il tarixli formal akt tərtib olunaraq ENV-nin böyük icra məmuru R.İbrahimov və Elektron monitorinq idarəsinin məsləhətçisi Amil Məlikov tərəfindən məhkumun üzərindən açılaraq təhvil alınması qeyd olunmuşdur. Göstərilənlərə əsasən aşkar olunmuş pozuntulara görə (məhkum T.Rüstəmovun şəxsi işi və Bakı şəhər probasiya idarəsinin fəaliyyətinin yoxlanılması üzrə) böyük icra məmuru Nəsimi Abuşov və idarənin rəisi vəzifəsini icra edən İddiaçı ciddi intizam məsuliyyətinə cəlb olunmaları, toplanmış materialların onlara aid hissədə hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilməsi, bununla yanaşı fəaliyyətində yol verdikləri nöqsanlara görə icra məmuru Aynur Yadigarovanın, böyük icra məmurları Rövşən İbrahimov və Məmməd Sərdarovun, Elektron monitorinq idarəsinin məsləhətçisi Amil Məlikovun intizam məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması, Bakı şəhər probasiya idarəsinin fəaliyyətinin yoxlanılması üzrə verilmiş təkliflər üzrə tədbirlər görülməsi və məhkum T.Rüstəmov üzərində lazımi probasiya nəzarətinin və qanunauyğun tədbirlərin həyata keçirilməsinin Probasiya xidmətinin rəhbərliyinə tapşırılması məqsədəuyğundur.
3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 554-K nömrəli əmrindən çıxarışdan görünür ki, Probasiya xidmətinin məlumatı əsasında məhkumun şəxsi işi üzrə aparılmış araşdırma ilə Bakı şəhər probasiya idarəsinin rəisi vəzifəsini icra edən, rəis müavini Elşad Əbdüirəhimzadə tərəfindən qanunazidd hərəkətlərə, çoxsaylı pozuntulara və nöqsanlara yol verildiyi aşkar edilmişdir. Belə ki, İdarə rəisi vəzifəsini icra edən E.Əbdüirəhimzadə nöqsanların aşkar edilməsi bəhanəsi ilə məhkumun şəxsi işini icra məmuru Aynur Yadigarovanın icraatından götürərək böyük icra məmuru Rövşən İbrahimova həvalə etmiş, bundan sonra da işdə olan çoxsaylı ciddi pozuntular aradan qaldırılmamış, iş uzun müddət hərəkətsiz saxlanılmış və o, öz göstərişinə əməl edilməsi vəziyyətini yoxlamamışdır. Araşdırma zamanı həmçinin İddiaçı verdiyi izahatında qeyri-səmimilik göstərmişdir. Göstərilənlərə əsasən, "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu, 11-ci, 31.1.8-ci, 31.5-ci, 32.1-ci və 40.1.11-ci maddələrini, Ədliyyə Nazirliyi haqqında Əsasnamənin 16.5-ci bəndini və “Ədliyyə orqanları işçilərinin etik davranış Qaydaları”nın 3.1 -ci və 3.3-cü bəndlərini rəhbər tutularaq “Xidməti vəzifələrinin icrası zamanı kobud qanun pozuntularına yol verdiyinə görə Bakı şəhər probasiya idarəsinin rəisi vəzifəsini icra edən, idarənin rəis müavini baş ədliyyə müşaviri İddiaçı ədliyyə orqanlarından xaric edilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 7 sentyabr 2024-cü il tarixli 554-k nömrəli əmrinin ləğv edilməsi və öz ərizəsi ilə işdən xaric olunmağı barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Ədliyyə nazirinin müavini Abidin Hüseynovun 7 sentyabr 2024-cü il tarixli №-554-k nömrəli əmri ilə əsassız yerə ədliyyə orqanlarından xaric edilmişdir. 2016-ci ilin sentyabr ayında Ədliyyə Nazirliyinə işə qəbul olunmuş və həmin nazirliyin Penitensiar Xidmətində bir il müddətində baş inspektor, beş il Daxili Tədqiqat şöbəsinin rəisi, 2022-ci iyul ayından isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin Elektron Monitorinq İdarəsinin məsləhətçisi vəzifəsində işləmişdir. 2023-ci ilin mart ayından Bakı Şəhər Probasiya İdarəsinin rəis müvaini və rəis vəzifəsinin icra etmişdir. Xidmət illəri dövründə qüsursuz xidmətinə görə rəhbərlik tərəfindən bir sıra mükafatlar və medallara layiq görülmüşdür. 2024-cü ilin iyul ayında AR Ədliyyə Nazirliyi Probasiya Xidmətinin rəisi Vüqar Ağayevin adına Tural Rüstəmov adlı məhkum tərəfindən tabeçiliyində olan icra məmuru ilə xidmətdən kənar münasibətdə olması haqqında şikayət ərizəsi daxil olmuşdur. Həmin ərizədə guya iddiaçının da məhkumla xidmətdən kənar münasibətdə olduğu qeyd olunmuşdur. Sonradan həmin ərizə ilə müraciət edən X4 “Tik-tok’' sosial şəbəkələr vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasınının Baş prokuroru cənab Kamran Əliyevə və Azərbaycan Respublikası Ədliyyə naziri cənab Fərid Əhmədova müraciət edərək, həmin ərizəni təzyiq altında yazmasını göstərmişdir. Barəsində aparılmış xidməti araşdırma zamanı, həmin X4u, ümumiyyətlə tanımadığını və nə onunla, nə də tabeçiliyində olan icra məmuru ilə hər hansı xidmətdən kənar və qanunsuz əlaqəyə girmədiyini birdirsə də, bütün bunlar nəzərə alınmamış və AR Ədliyyə nazirinin müavini Abidin Hüseynovun 7 sentyabr 2024-cü il tarixli 554-k nömrəli əmri ilə ədliyyə orqanlarından xaric edilmişdir. Edilmiş haqsızlıq səbəbindən artıq ədliyyə orqanlarında xidmət etmək niyyəti yoxdur. Lakin, bu tərzdə xaric edilməsi iddiaçının şərəf və ləyaqətinin alçaldılmasına və mənəvi olaraq sarılmasına səbəb olmuşdur.
6. Cavabdeh orqan iddiaya dair hər hansı bir münasibət bildirməmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3329/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir.
8. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
b) Apellyasiya şikayətinin dəlilləri
9. Apellyasiya şikayəti iddiaya uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinə göndərilmişdir. Həmin materiallar üzrə başlanmış ********* nömrəli cinayət işi üzrə X1 Azərbaycan Respublikası CinayətMəcəlləsinin 312-1.1 maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və iş ittiham aktı ilə məhkəməyə göndərilmişdir. Xidməti yoxlama materiallarında iddiaçının barəsində göstərilənlər ittiham aktında təsdiq olunmamışdır. Məhkəmə qərar qəbul edərkən "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun 31.2-ci maddəsinin tələblərini nəzərə almamışdır. Halbuki, həmin maddədə göstərildiyi kimi, ədliyyə orqanlarının işçisi intizam məsuliyyətinə cəlb edilərkən onun xidməti və şəxsi keyfiyyətləri, törədilən xətanın xarakteri, törədilməsi şəraiti və digər hallar nəzərə alınmalıdır.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatları
11. Məhkəmədə iddiaçı və onun vəkili apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini, cavabdehin nümayəndəsi isə birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanmasını məhkəmədən xahiş etmişdir.
12. İddiaçı iddia tələbinə dəqiqləşdirmə ərizəsi verərək, mübahisələndirdiyi qərarın ona aid olan hissəsinin ləğv edilməsini və öz xahişi ilə işdən azad edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
13. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
14. "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 3.1. Bu Qanun Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən və xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının mərkəzi aparatları, müvafiq icra hakimiyyəti orqanının strukturuna daxil olan penitensiar xidmət, yerli, regional qurumları, tədris, elm və məhkəmə ekspertizası idarələri, tibb xidməti, mətbuat orqanları və digər təyinatlı qurumların işçilərinə şamil edilir. maddə 11.2. Ədliyyə orqanları işçisinin aşağıdakılara ixtiyarı yoxdur: 11.2.1. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulmuş korrupsiya hüquqpozmaları və korrupsiyaya şərait yaradan hüquqpozmalar törətməyə; maddə 31.1. Ədliyyə orqanlarının işçisi bu Qanunun 10-cu və 11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş maliyyə xarakterli tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər: ... 31.1.8. ədliyyə orqanlarından xaric etmə; maddə 31.2. Ədliyyə orqanlarının işçisi intizam məsuliyyətinə cəlb edilərkən onun xidməti və şəxsi keyfiyyətləri, törədilən xətanın xarakteri, törədilməsi şəraiti və digər hallar nəzərə alınır. maddə 31.5. Bu Qanunun 31.1.8-ci maddəsində nəzərdə tutulmuş intizam tənbehi vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq yol verilmiş pozuntulara və ya bu Qanunun 11-ci maddəsində nəzərdə tutulmuş qulluqla bir araya sığmayan hərəkətlərə görə tətbiq edilə bilər. maddə 32.3. Bu Qanunun 31.1-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda ədliyyə orqanının rəhbəri tərəfindən araşdırma aparılır, işçidən yazılı izahat alınır. Zərurət olduqda ədliyyə orqanının rəhbəri xidməti yoxlama təyin edir. Xidməti yoxlamanın aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. maddə 32.9. İntizam tənbehinin verilməsi və vaxtından əvvəl götürülməsi əmrlə rəsmiləşdirilir və ədliyyə orqanları işçisinin şəxsi işinə əlavə olunur (penitensiar və tibb xidmətlərinin əməkdaşları üçün intizam tənbehinin tətbiqi barədə qeydlər onların şəxsi işlərinin xidməti vərəqələrinə yazılır). Verilmiş əmr üç gün ərzində işçiyə elan olunur və əmrin surəti imza etdirilməklə ona təqdim edilir. maddə 40.1. Aşağıdakı əsaslar olduqda ədliyyə orqanları işçisinin qulluq keçməsinə xitam verilir: 40.1.1. öz arzusu ilə işdən çıxma barədə yazılı ərizə verdikdə;... 40.1.11. ədliyyə orqanlarından xaric edildikdə; maddə 40.3. Bu Qanunun 40.1.2-40.1.11-ci maddələrində göstərilən əsaslara görə ədliyyə orqanları işçilərinin qulluq keçməsinə xitam verilməsi ədliyyə orqanı rəhbərinin təşəbbüsü ilə həyata keçirilir.
15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
17. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3-cü maddələrinə əsasən)
19. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 13-15-ci bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
20. Belə ki, iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 7 sentyabr 2024-cü il tarixli 554-k nömrəli əmrini mübahisələndirərək, hər hansı pozuntuya yol vermədiyindən onun ləğv edilməsini, öz arzusu ilə xidmətdən xaric edilməsini tələb edir.
21. İş materiallarından görünür ki, Bakı şəhər probasiya idarəsinin rəis müavini, rəis vəzifəsini icra edən Elşad Əbülrəhimzadə və böyük icra məmuru Nəsimi Abuşov tərəfindən həmin idarənin qeydiyyatında olan, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş (elektron nəzarət vasitəsi tətbiq edilmiş) Tural Rüstəmovdan pul müqabilində həmin nəzarət vasitəsinin onun üzərindən çıxarılması, uzun müddət nəzarətsiz saxlanılması və bundan əlavə bir sıra digər qanun pozuntuları ilə bağlı daxil olmuş məlumat əsasında xidməti yoxlama aparılmış, yoxlama çərçivəsində X4, iddiaçı və digər şəxslərin izahatları alınmışdır.
22. Eyni zamanda qeyd olunan şəxslərin əməllərində cinayət tərkibinin olub olmamasının müəyyən edilməsi məqsədi ilə toplanmış materiallar araşdırılması məqsədi ilə Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir.
23. Aparılmış istintaq tədbirləri nəticəsində X1 barəsində Azərbaycan Respublikası CM-nin 312-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin istintaqı tamamlanmışdır.
24. Həmin cinayət işi üzrə ibtidai istintaq zamanı cinayətin törədilməsinə şərait yaradan halların araşdırılması ilə əlaqədar Bakı şəhər Probasiya İdarəsinin rəisinin əməkdaşların vəzifələrinin düzgün yerinə yetirilməsi, onların işə davamiyyətinə və əmək intizamı qaydalarına riayət etməsinə nəzarət etməməsi müəyyən edilərək, İddiaçı barəsində Ədliyyə Nazirliyinin Probasiya Xidmətinə təqdimat göndərilmişdir.
25. Ədliyyə Nazirliyinin Monitorinq İdarəsinin araşdırılması zamanı qeyd olunan çatışmamazlıqlar öz təstiqini tapdığına görə iddiaçının barəsində qeyd olunan qərar qəbul edilmişdir.
26. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən əmri ləğv etməməkdə haqlı olmuşdur.
27. Belə ki, qanunvericiliyin tələblərindən göründüyü kimi, ədliyyə işçisi vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntuya yol verdikdə, həmçinin qulluqla bir araya sığmayan hərəkətlər etdikdə o, ədliyyə orqanlarından xaric edilməklə qulluq keçməsinə xitam verilir.
28. İddia tələbinin öz xahişi ilə işdən azad olunması hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, Ədliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli əmrinin qəbul edilməsi zamanı iddiaçının öz xahişi ilə tutduğu vəzifədən azad edilməsi ilə bağlı iradə ifadəsi olmadığından bu hissədə də iddia tələbinin təmin edilməsi mümkün deyil.
29. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
30. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
31. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3329/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3329/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.