Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4293/2025 23.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatın verilməsi və dəymiş mənəvi ziyanın ödənilməsi” iddia tələbinə dair işi üzrə (Açar sözlər: apellyasiya şikayəti verilməsi üçün prosessual müddətinin ötürülməsi) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), X1 və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatın verilməsi və dəymiş mənəvi ziyanın ödənilməsi” iddia tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 05 iyun 2025-ci il tarixli, 2-1(112)- 7093/2025 nömrəli qərarından iddiaçı və vəkili tərəfindən birlikdə verilmiş apellyasiya şikayətinin mümkünlüyünə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli, **********448300 saylı qərarın ləğv edilməsi və yaşayış sahəsinə görə ödənilmiş ƏDV-nin qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsinə əsasən iddia tələbi “ünvan 1 ünvanında yerləşən “Avant Park” Yaşayış Kompoleksinin 3-cü bina, 3-cü blok, 10-cu mərtəbədə, 2 nömrəli 3 otaqlı mənzilə və həmin Kompleksin 3-cü bina, 3-cü blokunda yerləşən 18 kv.m qaraj sahəsinə görə İddiaçı qaytarılacaq olan ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka ("xxxx" ASC-nin Müştəri Xidmətləri Departamentinə) ötürülməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması və mənəvi ziyana görə İddiaçı 2.000 manat ödənilməsi barədə qərar qəbul edilməsi” kimi dəqiqləşdirilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin 05 iyun 2025-ci il tarixli, 2-1(112)-7093/2025 nömrəli (sədrlik edən hakim L.S.Musayeva) qərarı ilə iddia rədd edilmişdir. İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə1 birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Apellyasiya baxışı zamanı xx.xx.2025-ci il tarixli məktubla iddiaçı tərəfə hüquqi yardım göstərilərək qeyd edilmişdir ki, “qanunvericilik normasının tələbinə əsasən, iş üzrə qərardan apellyasiya şikayəti vermə müddəti Sizə münasibətdə təqdim edildiyi tarixdən, yəni 18 avqust 2025-ci il tarixdən hesablanmaqla, xx.xx.2025-ci il tarixdə başa çatmışdır. Apelyasiya şikayətini vaxtında verdiyinizi hesab edirsinizsə, bu barədə sübutlarınızı və ya şikayətin müddət ötürülməklə verildiyini hesab edirsinizsə, prosessual müddətin bərpasına dair vəsatət və müddətin Sizin təqsiriniz olmadan buraxılmasına dair sübutlarınızı yuxarıda qeyd olunan tarixdə məhkəməyə təqdim etməyi təklif edir.” İddiaçının nümayəndəsi və vəkili xx.xx.2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, 30 günlük müddətin İddiaçı tərəfindən buraxılması səbəbinin üzrlü hesab edilərək, buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə qərarının elektron məhkəmə sisteminə yerləşdirdikdən sonra şikayət vermə müddətinin son günündə vəkil ilə müqavilə bağlanılmışdır. Vəkil Nümayəndə1 Bakı şəhərində olmadığı üçün şikayət vermə müddətinin son günündə yeni müqavilə bağlayıb, apellyasiya şikayətini təqdim etmişlər. O səbəbdən apellyasiya şikayəti 1-2 gün gecikdirilmə ilə verilmişdir. Bu gecikməyə İddiaçı səbəb olmamışdır, vəkil ilə vaxtında müqavilə bağladığı üçün prosessual hüquqlarından imtina və ya buraxılması kimi başa düşülməməlidir, üzrlü hesab edilməlidir. Prosessual məsələlər Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinin mümkünlüyü məsələsi ilə bağlı bildirdi ki, iddiaçı ilə onun arasında hüquqi yardım göstərilməsinə dair müqavilə apellyasiya şikayəti vermək üçün nəzərdə tutulmuş müddətin sonuncu günü bağlanılmışdır. Bu səbəbdən də apellyasiya şikayəti 1-2 gün ötürülməklə verilmişdir. Qeyd olunanları nəzərə alaraq ötürülmüş müddətin üzrlü hesab edilməsini və bu barədə verilmiş ərizənin təmin edilərək işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdeh tərəfə rəsmi qaydada məlumat verilsə də, cavabdeh inzibati orqan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyü ilə bağlı məsələyə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq İnzibati Prosessual Məcəllə: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra-inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə aktları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Maddə 20.3. Məhkəmə aktları və digər məhkəmə sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına şikayət verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsi və vəkilinin prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməməli, apellyasiya şikayəti mümkün sayılmamalı və onun qəbulundan imtina edilməlidir. Belə ki, Bakı İnzibati Məhkəməsinin 05 iyun 2025-ci il tarixli, 2-1(112)-7093/2025 nömrəli qərarını iddiaçının nümayəndəsi 18 avqust 2025-ci il tarixdə məhkəmə qəbzinə imza etməklə qəbul etmişdir (iş vərəqi 171). İş materiallarında olan elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, apellyasiya şikayəti 18 sentyabr 2025-ci il tarixdə elektron məhkəmə sistemi vasitəsi ilə verilmişdir. Məhkəmə kollegiyası, ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.6-cı maddəsinin tələblərinə görə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmiş işdə iştirak edən şəxslərə, məhkəmə aktları həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilməklə çatdırılmalıdır. Başqa sözlə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu və tərəflərin “elektron kabinet”inin mövcud olduğu məhkəmələrdə məhkəmə aktlarının tərəflərə məxsus elektron kabinetdə yerləşdirilməsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 20.3-cü maddəsində nəzərdə tutulmuş təqdim etməni özündə ehtiva edir. Qanunvericilik normasının tələbinə əsasən, iş üzrə qərardan apellyasiya şikayətinin verilməsi müddəti iddiaçıya münasibətdə ona təqdim edildiyi tarixdən, yəni 18 avqust 2025-ci il tarixdən hesablanmaqla, xx.xx.2025-ci il tarixdə başa çatmışdır. Lakin iş materiallarında olan sübutlardan görünür ki, apellyasiya şikayəti xx.xx.2025-ci il tarixdə verilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət ötürülmüşdür. Qeyd olunmalıdır ki, iddiaçıya, onun nümayəndəsi və vəkilinə xx.xx.2025-ci il tarixli məktubla hüquqi yardım göstərilmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, 30 günlük müddətin İddiaçı tərəfindən buraxılması səbəbinin üzrlü hesab edilərək, buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə qərarının elektron məhkəmə sisteminə yerləşdirdikdən sonra şikayət vermə müddətinin son günündə vəkil ilə müqavilə bağlanılmışdır. Vəkil Nümayəndə1 Bakı şəhərində olmadığı üçün şikayət vermə müddətinin son günündə yeni müqavilə bağlayıb, apellyasiya şikayətini təqdim etmişlər. O səbəbdən apellyasiya şikayəti 1-2 gün gecikdirilmə ilə verilmişdir. Bu gecikməyə İddiaçı səbəb olmamışdır, vəkil ilə vaxtında müqavilə bağladığı üçün prosessual hüquqlarından imtina və ya buraxılması kimi başa düşülməməlidir, üzrlü hesab edilməlidir. Məhkəmə tərkibi iddiaçı tərəfindən təqdim olunan ərizəni əsaslı hesab etmir. İlk növbədə qeyd olunmalıdır ki, qanunla müəyyən edilən prosessual müddətlər işdə iştirak edən şəxslərin hüquq və azadlıqlarına təsir edə bilən ən mühüm prosessual hərəkətlərin icrası vaxtını konkretləşdirməyə yönəlmişdir. Bütövlükdə ədalət mühakiməsinin, o cümlədən inzibati məhkəmə icraatının qanunauyğun surətdə həyata keçirilməsində prosessual müddətlərin mühüm əhəmiyyəti vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.1-ci maddəsinin tələbinə görə, bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Həmin Məcəllənin 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Qeyd olunmalıdır ki, iddiaçı tərəfindən təqdim edilmiş ərizəyə münasibətdə məhkəmə tərkibi qeyd edir ki, vəkillə müqavilənin şikayət vermə müddətinin sonuncu günündə bağlanılması buraxılmış prosessual müddəti bərpa edilməsinə əsas ola bilməz. Belə ki, qanunvericik müddət buraxılarkən konkret hansı halların üzrlü olmasını qeyd etməsə də, bu hamıya məlum olan hallarla əlaqədar olur (məsələn, şəxsin xəstəliyi, ailə üzvlərindən hər hansı birinin ölməsi, xidməti ezamiyyətdə olması, təbii fəlakətin baş verməsi və s.) “Üzrlü” sözünün terminoloji təhlilindən görünür ki, həmin söz leksik mənasına görə “səbəbi qəbul oluna bilən” hallarda işlədilir. Başqa sözlə, məhkəmə tərkibi vəkillə müqavilənin apellyasiya şikayəti vermək üçün nəzərdə tutulan müddətin sonuncu günü bağlanılmasını iddiaçının səhlənkarlığı kimi qiymətləndirərək qeyd edir ki, prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzrlü səbəbləri təqdim etməyə borcludur. Ancaq prosessual müddətin üzrlü səbəbdən buraxılmasına dair proses iştirakçıları tərəfindən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə görə, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, iddiaçının prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməməli, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatın verilməsi və dəymiş mənəvi ziyanın ödənilməsi” iddia tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 05 iyun 2025-ci il tarixli, 2-1(112)-7093/2025 nömrəli qərarından iddiaçı, eyni zamanda onun nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamalı və onun qəbulundan imtina edilməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 80, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının nümayəndəsi və vəkilinin prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatın verilməsi və dəymiş mənəvi ziyanın ödənilməsi” iddia tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 05 iyun 2025-ci il tarixli, 2-1(112)- 7093/2025 nömrəli qərarından iddiaçı, eyni zamanda onun nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş apelyasiya şikayəti mümkün sayılmasın və onun qəbulundan imtina edilsin. Qərardaddan tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-4293/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4293/2025
23.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver