Məhkəmə qərarları › İş №2-1(103)-4297/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4297/2025

10.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4297/2025 10.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Səmədovun sədrliyi və məruzəsi ilə, X2 və Ceyhun Bəşir oğlu Məmmədovdan ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndələri Nümayəndə1 və Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9517/2025 nömrəli, 10 iyul 2025-ci il tarixli qərarından cavabdeh inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdehin xx.xx.2025-ci il tarixli, **********193094 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir İddia ərizəsində qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2020-ci il tarixdə ********** nömrə ilə (VÖEN), Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, məhəllə 3007 hüquqi ünvanına malik olmaqla dövlət qeydiyyatına alınmışdır. Yoxlama dövründə müəssisə faktiki olaraq quş və heyvan ətinin satışı, dönər ətinin hazırlanması və topdan satışı fəaliyyəti ilə məşğul olmuşdur. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, **********187187 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarına əsasən VM-nin 38.3.5-ci maddəsinə əsasən sentyabr 2020-avqust 2023-cü illəri əhatə edən səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlamanın nəticəsi olaraq xx.xx.2025-ci il tarixli, **********187497 saylı səyyar vergi yoxlaması aktı tərtib edilmişdir. Səyyar vergi yoxlaması aktı əsasında xx.xx.2025-ci il tarixli, **********193094 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarına əsasən 890.508,88 manat əlavə vergilər hesablanılmış və 447.574,46 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif edilmişdir. Qeyd olunan səyyar vergi yoxlaması aktı ilə aşağıdakı səbəblərdən razı deyillər: Səyyar vergi yoxlaması VMnin 38.3.5-ci maddəsinə (vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edikdikdə) əsasən təyin edilmişdir. Yoxlamanın təyin olunma əsası kimi “e-qf əsasında 2021-ci il ərzində 15079.62 kq ət satışı aparıldığı halda, uçot baza məlumatlarına əsasən satışın aparıldığı tarixədək 11 450 kq ət alışı aparılmışdır ki, nəticədə 3629.62 kq ətin alış sənədinin olmaması” səbəb kimi göstərilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 38-ci maddəsi vergi orqanına il ərzində bir dəfə növbəti yoxlama keçirmək hüququ verir. Eyni zamanda, qanunda konkret sadalanmış müəyyən hallarda vergi orqanı həm də, növbədənkənar səyyar vergi yoxlaması keçirə bilər. Vergi Məcəlləsinin 38.3-cü maddəsində növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsasların dəqiq siyahısı göstərilmişdir və onlardan biri də, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsidir (Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi). Növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də, məhdud şəkildə müəyyən edilməsi, bir tərəfdən sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də, nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar qəbul etdiyi hallarda inzibati orqan mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cur istifadə etdiyini əsaslandırmalıdır. Əgər inzibati orqan növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərara gəlirsə, onda VM-nin 38.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətlərindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman, həm də, nəzərə alınmalıdır ki, şəxsin, o cümlədn də, iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatın nələrdən ibarət olduğunu dəqiq göstərməyə, habelə yoxlamanın başlanmasını zəruri edən həmin halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Göründüyü kimi, vergi orqanı tərəfindən səyyar vergi yoxlamasının təyin edilməsi VM-nin tələblərinə uyğun olaraq düzgün formada və qanuni əsaslandırılmamışdır. Qeyd olunan hallar Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(102)-2258/2023 saylı qərarı (vahid məhkəmə təcrübəsi formalaşdıran ***), xx.xx.2023-cü il tarixli, 2-1(102)-1632/2023 saylı, xx.xx.2022-ci il tarixli, 2-1(102)-669/2022 saylı, xx.xx.2023-cü il tarixli, 2-1(102)- 610/2023 saylı, xx.xx.2022-ci il tarixli, 2-1(102)-1356/2022 saylı, xx.xx.2024-cü il tarixli, 2- 1(102)-392/2024 saylı, xx.xx.2022-ci il tarixli, 2-1(102)-2486/2022 saylı, xx.xx.2023-cü il tarixli, 2-1(102)-155/2023 saylı qərarları ilə təsbit edilmişdir. Qeyd edilməlidir ki, Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(102)-1578/2024 saylı qərardadına əsasən (növbədənkənar səyyar vergi yoxlaması (VM 38.3.5) aktın tərtibi müddətinin uzadılması barədə qərarın reyestrdə qeydə alınmaması; Vergi Məcəlləsinin 67.16-cı maddəsi; kassasiyanın qeyri-mümkünlüyü, vahid məhkəmə təcrübəsi) qərardadına əsasən oxşar məhkəmə təcrübəsi olması səbəbindən cavabdeh vergi orqanı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamışdır. Qərardadda qeyd edilmişdir ki, “... mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də, həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin, sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də, cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə tərəflər üçün əlçatan və bəlli olmuşdur. Mənfəət vergisinin hesablanması ilə bağlı bildirirlər ki, səyyar vergi yoxlaması aktına əsasən Nazirlər Kabinetinin 55 saylı Qərarına əsasən şərti rentabellik prinsipi əsasında 2021-ci il üzrə 7194,41 manat, 2022-ci il üzrə 3597,21 manat, 2022-ci il üzrə isə 2706,73 manat olmaqla, cəmi 17558,52 manat mənfəət vergisi hesablanmış və həmin məbləğə münasibətdə 8779,26 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Müəssisə gəlir və xərclərinin uçotunu hesablama metodu ilə aparmış, malların və xidmətlərin əldə edilməsinə dair elektron qaimə-fakturaları cavabdeh yoxlayıcı orqanın elektron informasiya sistemində mövcud olmuş, eyni zamanda tərəflərindən təkrarən yoxlamaya təqdim edilmişdir. Təqdim edilmiş sənədlər əsasında müəssisənin 2021, 2022 və 2023-cü illər üzrə gəlir məbləği artırılmış, lakin, həmin sənədlər xərclərə münasibətdə nəzərə alınmamışdır. Göründüyü kimi, təqdim edilən sənədlərə əsasən gəliri müəyyən edilmiş, lakin, xərclərə münasibətdə ikili yanaşma nümayiş etdirilərək xərc sənədləri nəzərə alınmamışdır. “İnzibati icraat haqqında” Qanaunun 12.2-ci maddəsinə əsasən “İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır”. Təqdim etdikləri sənədlər gəlirin əldə olunması ilə bağlı olaraq qəbul edilirsə, xərclərə münasibətdə də, eynilə qəbul edilməlidir. Lakin, yoxlama ilə yuxarıda qeyd edilən şəkildə təyin etdiyi gəlir məbləğinə istinadən vergiyə cəlb olunmalı dövriyyəni və mənfəəti müəyyən etmiş və bunun üzərindən birbaşa Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 nömrəli Qərarına əsasən iddiaçıya əlavə vergi məbləği hesablamışdır. Yoxlayıcı orqan həmin Qaydanın tətbiqini vergi qanunvericiliyinin (VM-nin 67-ci maddəsinin) tələbləri baxımından əsaslandırmamış və yalnız özünün qiymətləndirilməsinə söykənmişdir. Nəzərə almaq lazımdır ki, vergi orqanın ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (habelə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından) istifadə etməklə hesablamaq hüququ, onun həmin məlumatlara münasibətdə seçim hüququnu deyil, həmin məlumatlardan istifadə etməklə hesablama aparmaq hüququnu nəzərdə tutur. Başqa sözlə, vergi orqanı hesablamanı həmin məlumatlardan istifadə etməklə aparmaq hüququna malikdir. Lakin, vergi orqanı bu haqqından hər bir halda istifadə etməyə borclu deyildir. Bu mənada hesablama aparmaq qərarına gəldiyi təqdirdə, vergi orqanı bu qənaətini əsaslandırmağa, yəni hüququndan nəyə görə məhz bu qaydada istifadə etdiyini açıqlamağa borcludur. Həmçinin, nəzərə almaq lazımdır ki, qanunverici tərəfindən VM-nin 67-ci maddəsində nəzərdə tutulmuş sıra ardıcıllığı həmin məqsədlərə xidmət edir və bu məqsədlər baxımından təfsir olunmalıdır. Hesab edirlər ki, istinad edilən normanın müddəalarına görə, əlaqəli məlumatlardan istifadə etməklə hesablama ilə bağlı inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı mütənasiblik prinsipinin tələblərinə əməl olunmalı, şəxsin hüquqlarına müdaxilə inzibati orqanın nail olmaq istədiyi legitim məqsədə çatmaq üçün yararlı, zəruri və proporsional olmalıdır. Yoxlayıcı orqan tərəfindən VM-nin 67-ci maddəsinin tam şəkildə tətbiqinin mümkünlüyünü, o cümlədən, həmin maddənin tələblərinə riayət olunmaqla ödənilməli vergi məbləğinin hesablanma qaydasının tətbiqini istisna edən əsaslar cavabdeh tərəfindən açıqlanmamış, şərti rentabellik institutunun tətbiqi ilə bağlı Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyi nəzərə alınmamışdır. Əlavə olaraq bildirilmişdir ki, Ali Məhkəmənin VM-nin 83.9-cu maddəsinin və Nazirlər Kabinetinin 55 saylı Qərarının tətbiqi ilə bağlı çoxlu sayda analoji qərarları mövcuddur. Digər tərəfdən bildirilmişdir ki, vergi orqanının xx.xx.2024-cü il tarixli, **********189287 saylı “Ekspertiza keçirilməsi haqqında” qərarına əsasən ekspert xx.xx.2024-cü il tarixli, **********188270 saylı “Mütəxəssis dəvət edilməsi” haqqında qərarına əsasən isə mütəxəssis dəvət edilmişdir. Təqdim etdikləri sənədlər əsasında ekspert və mütəxəssis tərəfindən rəy verilmişdir. Demək ki, müəssisə tərəfindən təqdim edilmiş sənədlər ekspert və mütəxəssis rəy verilməsi üçün kifayət edirdisə, vergilərin hesablanması üçün xərc kimi də, qəbul edilməli idi. Mövcud halda da, vergi orqanı tərəfindən “İnzibati icraat haqqında” Qanunun 12.2-ci maddəsinə zidd olaraq ikili yanaşma nümayiş etdirilmişdir. Əgər təqdim edilmiş sənədlər kifayət deyildirsə onda onun əsasında hazırlanılmış mütəxəssis rəyi də, vergilərin hesablanılması üçün əsas götürülə bilməzdi. ƏDV-nin hesablanmasına münasibətdə bildirirlər ki, Cəmiyyətə xx.xx.2024-cü il tarixli, **********189287 saylı “Ekspertiza keçirilməsi haqqında” qərarına əsasən "xxxx" MMC-nin eksperti X5 ekspert qismində dəvət edilmiş və onun qarşısında “xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək olan dövr ərzində İddiaçı MMC tərəfindən təqdim edilmiş malların bazar qiymətinin müəyyən edilməsi sualı qoyulmuşdur və onun tərəfindən iş üzrə xx.xx.2025-ci il tarixli rəy yoxlamaya təqdim edilmişdir. Cəmiyyətə münasibətdə ƏDV hesablamaları qeyd olunan mütəxəssis rəyi əsasında aparılmışdır. İş materiallarından göründüyü kimi, “X15” MMC xx.xx.2020-ci il tarixində dövlət qeydiyyatına əsas fəaliyyət növü “Kommersiya fəaliyyəti və idarəetmə məsələləri üzrə sair məsləhətlər verilməsi”dir. Mütəxəssis qismində dəvət edilmiş X8 rəydən də, göründüyü kimi, Avstraliyanın Sidney Universitetinin Kommersiya üzrə magistr dərəcəsində, İngiltərənin Warvic Universitetində Kommersiya ixtisası üzrə doktoranturanı bitirmişdir. Halbuki, qeyd olunan şəxs tərəfindən istehsal həcminin müəyyən edilməsi üzrə rəy verilmişdir. Təqdim edilmiş mütəxəssis rəyindən göründüyü kimi, “mütəxəssis” tərəfindən analoqu olmayan yanaşma tətbiq edilərək alınmış tomat və bibər pastasına münasibətdə istehsal edilmiş toyuq dönərinin həcmi müəyyənləşdirilmişdir. Halbuki, vergi ödəyicisi tərəfindən bildirilmişdir ki, toyuq əti əlavə qatqı olmadan təqdim edilir. Vergi Məcəlləsinin 44.1-ci maddəsinə əsasən “Ortaya çıxan məsələlərin izah olunması üçün xüsusi biliklər tələb olunduğu hallarda ekspertiza təyin edilir”. 44.2. Ekspert qarşısında qoyulan suallar və onun rəyi ekspertin xüsusi biliyindən kənara çıxa bilməz. 45.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavinin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. 45.2. Mütəxəssisin xüsusi bilik və təcrübəsi olmalıdır və o, işin nəticələrində maraqlı olmamalıdır. Bu şərtlərə cavab verməyən mütəxəssisin rəyi vergi orqanları tərəfindən istifadə oluna bilməz. Göründüyü kimi, ekspert rəyini tərtib etmiş və imzalamış mütəxəsiss X8 ixtisasca kommersiya mütəxəssisidir və onun bu sahədə xüsusi bilik və təcrübəsinin olması sənədlərlə təsdiq olunmur. Eyni zamanda, rəyi vermiş “X16” MMC-nin də fəaliyyət növü direktorun ixtisasına uyğun olaraq kommersiya sahəsində məsləhət verilməsidir. Göründüyü kimi, Vergi Məcəlləsinin 45.2-ci maddəsinə əsasən “X15” MMC-nin verdiyi rəydən vergi hesablanması üçün istifadə olunması VM-nin 44.2 və 45.2-ci maddələrinin tələblərinə ziddir. Ali Məhkəmənin 2-1(102)-508/2024 saylı, xx.xx.2024-cü il tarixli, 2-1(102)-1356/2022 saylı, xx.xx.2022-ci il tarixli, 2-1(102)- 2258/2022 saylı, xx.xx.2023-cü il tarixli qərarlarında “X15” MMC tərəfindən verilmiş mütəxəssis rəylərinə hüquqi qiymət verilərək qeyd olunan müəssisə tərəfindən verilmiş rəylərin vergilərin hesablanması üçün əsas kimi qəbul edilə bilməməsi bildirilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, mübahisələndirilən qərarın qəbul edilməsi üçün əsas olmuş yoxlama ilə bağlı bildirirlər ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********187187 nömrəli qərarı ilə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən İddiaçı MMC-də sentyabr 2021-ci il tarixdən avqust 2024-cü il tarixədək olan dövr üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlanılan dövrdə İddiaçı MMC faktiki olaraq ət, quş və ev dovşanı ətindən digər məmulatların istehsalı, təzə və ya dondurulmuş quş ətinin hissələrlə kəsilməsi ilə məşğul olmuşdur. Vergi Məcəlləsinin 42.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir. Bildirirlər ki, səyyar vergi yoxlamasının keçirilməsi ilə əlaqədar “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərar, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış” və “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2024-cü il tarixli, **********187235 nömrəli Tələbnamə vergi ödəyicisinə təqdim edilmiş və tələbnamədə qeyd olunan sənədlərin 15 (on beş) iş günü müddətində vergi orqanının yoxlamanı keçirən vəzifəli şəxsinə və ya vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Mənfəət vergisi üzrə: Səyyar vergi yoxlaması ilə 2021-ci, 2022-ci və 2023-cü illər üzrə mənfəət vergisi bəyannamələri əhatə olunmuşdur. Yoxlama ilə müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 104.1-ci və 134-cü maddələrinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 16 iyun 2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “İstehsalat fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydaları”nın 2.2-ci bəndinə əsasən istehsal sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri mühasibat uçotunun, gəlirlərin (xərclərin) və vergitutma obyektlərinin, o cümlədən əmtəə-material ehtiyatlarının uçotunun aparılması, habelə uçot sənədlərinin tərtib edilməsi və saxlanması ilə bağlı Azərbaycan Respublikasının Vergi Məcəlləsi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş vəzifələri, habelə onlara uyğun qəbul edilmiş digər qanunvericilik aktlarının tələblərini yerinə yetirməyə borcludur. Vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli, **********187235 nömrəli “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamə təqdim edilmişdir. Tələbnamə əsasında tələb edilmiş sənədlər İddiaçı MMC tərəfindən Vergi Məcəlləsinin 42.1-ci maddəsinə müvafiq olaraq göstərilmiş müddət ərzində yoxlamaya qismən təqdim edilmişdir. Bununla əlaqədar olaraq, xx.xx.2024-cü il tarixdə Vergi Məcəlləsinin 42.2-ci maddəsinə əsasən “Sənədlərin qismən təqdim edilməsi barədə” Akt tərtib edilmiş və Aktın bir nüsxəsi müəssisənin direktoru Qanuni nümayəndə təqdim olunmudur. Baş İdarə tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi barədə xx.xx.2024cü il tarixli, **********564300 nömrəli və xx.xx.2024-cü il tarixli, **********135000 nömrəli xəbərdarlıq məktubları göndərilmişdir. Vergi Məcəlləsinin 23 və 43-cü maddələrində nəzərdə tutulmuş qaydada “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********188434 nömrəli Qərar çıxarılmışdır. Vergi ödəyicisi tərəfindən yoxlamaya elektron qaydada təqdim edilmiş sənədlər və məlumatlar əsasında “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2024-cü il tarixli Protokol tərtib edilmiş və bir nüsxəsi vergi ödəyicisinə təqdim olunmuşdur. Yoxlama üçün zəruri olan təqdim olunmamış sənədlərlə bağlı xx.xx.2025-ci il tarixli "Sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina haqqında" Akt tərtib olunaraq vergi ödəyicisinə göndərilmişdir. Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatları, vergi ödəyicisinin bank hesablarının hərəkəti barədə hesabların yerləşdiyi banklardan alınmış rəsmi məlumatlar, mütəxəssis və ekspert rəylərinə və vergilərin hesablanmasına əsas verən digər sənəd və məlumatlar istifadə edilmişdir. Vergilərin hesablanması üçün zəruri olan sənədlər, o cümlədən yoxlama dövrünün əvvəlinə və sonuna qalıqlar göstərilməklə hazır məhsul hərəkəti, yoxlama dövründə mənfəət bəyannamələri üzrə bütün gəlirlərin və xərclərin təsdiq edici sənədləri (o cümlədən, malın dəyəri üzrə xərclərin açılışı) təqdim edilmədiyindən və təqdim edilmiş xammal hərəkəti cədvəllərində hazır məhsul istehsalında istifadə olunan bütün xammalların göstəriciləri olmadığından xammal və material xərcini müəyyən etmək mümkün olmamışdır. Müəssisənin real istehsal həcmini müəyyən etmək məqsədilə aparılan hesablamada, toyuq dönəri ətinin hazırlanmasında istifadə olunan bütün xammallar araşdırılmışdır. Reseptdə qeyd olunan bəzi xammalların rəsmi alış məlumatları müəyyən edilmədiyindən və toyuq dönəri ətinin istehsalında iştirak edən əsas komponentlərdən biri olan tomat və ya bibər pastası xammalının sərfiyyatı yoxlanılarkən kənarlaşmalar müəyyən edildiyindən hesablamada bu xammal əsas götürülmüşdür. İlk olaraq, təqdim edilmiş alış məlumatlarına əsasən, yoxlama dövrü ərzində müəssisə tərəfindən alınmış tomat və bibər pastasının ümumi miqdarı araşdırılaraq 9751.36 kq olduğu müəyyən edilmişdir. Daha sonra müəssisənin satış məlumatları təhlil edilmiş, məhsul çeşidlənmiş və satılmış toyuq dönəri ilə digər toyuq məhsullarının miqdarı müəyyən edilmişdir. Növbəti mərhələdə, ödəyici tərəfindən təqdim edilmiş reseptə əsasən, toyuq dönəri ətinin hazırlanmasında tələb olunan tomat və bibər pastasının ümumi çəkidə faiz nisbəti müəyyən edilmişdir. Bu göstəriciyə əsaslanaraq, satılmış məhsul üçün tələb olunan xammalın miqdarı hesablanmışdır. Təqdim edilmiş reseptə əsasən, kənarlaşmış xammaldan əldə oluna biləcək bibər və tomat pastası əlavə olunmuş dönər əti qarışımının miqdarı hesablanmışdır. Daha sonra, monitorinq zamanı müəyyən edilmiş 15.04%-lik hazır məhsul itkisi nəzərə alınaraq, yekun kənarlaşmış hazır məhsulun miqdarı müəyyən edilmişdir. Mütəxəssis tərəfindən müəyyən edilmiş kənarlaşmış 8 997,15 kq xammal, müəssisənin satış məlumatlarına əsaslanaraq xüsusi çəkiyə əsasən illər üzrə bölüşdürülmüşdür. Bu bölgüyə əsasən, kənarlaşmış hazır məhsulun miqdarı 2021-ci ilin yoxlama dövrünə düşən müddətində 8 702,42 kq, 2022-ci ildə 19 973,59 kq, 2023-cü ildə 835,05 kq, olaraq hesablanmışdır. Yoxlama zamanı xx.xx.2021-ci il tarixdən xx.xx.2024cü il tarixədək olan dövr üzrə təqdim edilmiş malların real bazar qiymətinin müəyyənləşdirilməsi üçün Vergi Məcəlləsinin 44-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixli, **********189287 nömrəli “Ekspertizanın keçirilməsi haqqında” Qərar çıxarılaraq ekspert dəvət olunmuşdur. Ekspert tərəfindən rəy Azərbaycan Respublikası «Qiymətləndirmə fəaliyyəti haqqında» xx.xx.1998-ci il tarixli 510-İQ saylı Qanuna, Milli Qiymətləndirmə Standartlarına, eləcə də, qiymətləndirilmə üzrə digər beynəlxalq qiymətləndirmə birliklərinin peşəkar qiymətləndirmə qaydalarına uyğun olaraq hazırlanmışdır. Qiymətləndirmə zamanı aparılan hesablamalarda ekspert tərəfindən əldə edilmiş malların satış bazarında orta bazar qiyməti barədə operativ məlumatlardan, eləcə də digər etibarlı mənbələrdən alınmış informasiyalardan istifadə olunmuşdur. Ekspert rəyində göstərilmiş qiymətlər vergi ödəyicisinin təqdim etdiyi sənədlər (e-qaimə faktura və digər satış sənədləri) əsasında formalaşmış və müəyyən edilmişdir ki, 1 kq məhsulun orta bazar dəyəri 4 manat (ƏDV-siz) təşkil edir. Səyyar vergi yoxlaması ilə mütəxəssis tərəfindən müəyyən edilmiş istehsal həcminə ekspert rəyinə əsasən müəyyən edilmiş orta bazar dəyəri tətbiq edilməklə 2021-ci il üzrə 34 809,7 manat, 2022-ci il üzrə 79 894,34 manat, 2023-cü il üzrə 3 340,2 manat əlavə istehsal dövriyyəsi müəyyən edilmişdir. Səyyar vergi yoxlaması ilə vergi ödəyicisinin uçot metodu 2021-ci il üzrə kassa, 2022 və 2023-cü illər üzrə hesablama metodu olaraq müəyyən edilmişdir. Vergi Məcəlləsinin 132-ci maddəsinə əsasən kassa metodundan istifadə olunarkən gəlirin əldə edilməsi vaxtı vergi ödəyicisinin nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda, digər kredit və ya elektron pul təşkilatında onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt gəlirin əldə edildiyi vaxt sayılır. Vergi Məcəlləsinin 134-cü maddəsinə əsasən hesablama metodundan istifadə olunarkən gəlirin əldə edilməsi vaxtı müvafiq məbləğ vergi ödəyicisinə qeyd-şərtsiz ödənilməlidirsə, yaxud vergi ödəyicisi əqd və ya müqavilə üzrə bütün öhdəliklərini yerinə yetirmişdirsə, bu vaxt gəliri almaq hüququ əldə edilmiş sayılır. Vergilərin hesablanması üçün zəruri olan sənədlər, o cümlədən yoxlama dövrünün əvvəlinə və sonuna qalıqlar göstərilməklə hazır məhsul hərəkəti, yoxlama dövründə mənfəət bəyannamələri üzrə bütün gəlirlərin və xərclərin təsdiq edici sənədləri (o cümlədən, malın dəyəri üzrə xərclərin açılışı) təqdim edilmədiyindən və təqdim edilmiş xammal hərəkəti cədvəllərində hazır məhsul istehsalında istifadə olunan bütün xammalların göstəriciləri olmadığından xammal və material xərcini müəyyən etmək mümkün olmadığından müəssisənin yoxlama ilə əhatə olunan dövr üzrə mənfəəti Vergi Məcəlləsinin 67.14 və 83.9 maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı Qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək hesablanmışdır. 2021-ci il üzrə: Səyyar vergi yoxlaması ilə vergi ödəyicisinin 2021-ci il üzrə ümumi gəlirləri (mütəxəssis rəyinə əsasən hesablanan əlavə dövriyyə istisna olmaqla) faktiki bank məlumatları əsasında 201.011,54 manat müəyyən edilmişdir. Mütəxəssis rəyi əsasında hesablanmış 34.809,7 manat əlavə dövriyyə də nəzərə alınmaqla yoxlama ilə 2021-ci il üzrə vergi ödəyicisinin ümumi gəlirləri 235.821,24 manat (201.011,54 + 34.809,7) müəyyən edilmişdir. M1= 235.821,24/ (100+20) x 20 = 39.303,54. Beləliklə, yoxlama ilə 2021-ci il üzrə vergi ödəyicisinin ümumi gəlirləri 235.821,24 manat (201.011,54 + 34.809,7), vergiyə cəlb olunan mənfəəti 7860,7 manat (39.303,54*20%) və vergi ödəyicisi tərəfindən hesablanmış mənfəət vergisi nəzərə alınmaqla yoxlama ilə 7194,4 manat (7860,7 -666.3) mənfəət vergisinin azaldılması müəyyən edilmişdir. 2022-ci il üzrə: Səyyar vergi yoxlaması ilə vergi ödəyicisinin 2022-ci il üzrə ümumi gəlirləri (mütəxəssis rəyinə əsasən hesablanan əlavə dövriyyə istisna olmaqla) faktiki baza satış məlumatları əsasında 195.893,71 manat müəyyən edildi. Mütəxəssis rəyi əsasında hesablanmış 79.894,34 manat əlavə dövriyyə də nəzərə alınmaqla yoxlama ilə 2022-ci il üzrə vergi ödəyicisinin ümumi gəlirləri 275.788,05 manat (195.893,71 + 79.894,34) müəyyən edilmişdir. M1= 275.788,05/ (100+20) x 20 = 45.964,68. Beləliklə, yoxlama ilə 2022-ci il üzrə vergi ödəyicisinin ümumi gəlirləri 275.788,05 manat (195.893,71 + 79.894,34), vergiyə cəlb olunan mənfəəti 9192,94 manat (45.964,68*20%) və vergi ödəyicisi tərəfindən hesablanmış mənfəət vergisi nəzərə alındıqda yoxlama ilə 7657,28 manat (9192,94 - 1535,65) mənfəət vergisinin azaldılması müəyyən edilmişdir. 2023-cü il üzrə: Səyyar vergi yoxlaması ilə vergi ödəyicisinin 2023-cü il üzrə ümumi gəlirləri (mütəxəssis rəyinə əsasən hesablanan əlavə dövriyyə istisna olmaqla) faktiki baza satış məlumatları əsasında 111.883,2 manat müəyyən edildi. Mütəxəssis rəyi əsasında hesablanmış 3340,2 manat əlavə dövriyyə də nəzərə alınmaqla yoxlama ilə 2023-cü il üzrə vergi ödəyicisinin ümumi gəlirləri 115.223,4 manat (111.883,2 + 3340,2) müəyyən edilmişdir. M1=115 223,4/ (100+20) x 20 = 19203,9. Beləliklə, yoxlama ilə 2023-cü il üzrə vergi ödəyicisinin ümumi gəlirləri 115.223,4 manat (111.883,2 + 3340,2), vergiyə cəlb olunan mənfəəti 3840,78 manat (19203,9*20%) və vergi ödəyicisi tərəfindən hesablanmış mənfəət vergisi nəzərə alındıqda yoxlama ilə 2706,73 manat (3840,78 - 1134,05) mənfəət vergisinin azaldılması müəyyən edilmişdir. Beləliklə, səyyar vergi yoxlaması ilə əhatə olunan dövr üzrə vergi ödəyicisi tərəfindən 17558,42 manat məbləğində mənfəət vergisinin büdcəyə az hesablandığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən mənfəət vergisinin hesabatda göstərilən məbləğinin verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmış 17558,42 manat vergi məbləğinin 50% miqdarında, yəni 8779,21 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Əlavə dəyər vergisi üzrə: Vergi ödəyicisi tərəfindən yoxlanılan dövr üzrə təqdim olunmuş əlavə dəyər vergisi hesabatlarının düzgünlüyü yoxlanıldı və aşağıdakılar müəyyən olunmuşdur. Müəssisə ƏDV məqsədləri üçün qeydiyyat haqqında ərizəni xx.xx.2024-cü il tarixdə vergi orqanına təqdim etmiş ƏDV qeydiyyatı xx.xx.2024-cü il tarixdən qüvvəyə minmişdir. Yoxlama ilə ƏDV üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixə qədər olan dövr ərzində təqdim edilmiş ƏDV bəyannamələri əhatə olunmuşdur. Vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatlarına, vergi ödəyicisinin bank hesablarının hərəkəti barədə hesabların yerləşdiyi banklardan alınmış rəsmi məlumatlara, malların (işlərin, xidmətlərin) təqdim edilməsi barədə elektron qaimə-fakturalara, mütəxəssis və ekspert rəylərinə əsasən müəyyən edilmişdir ki, müəssisə tərəfindən Vergi Məcəlləsinin 159.1-ci və 166.1-ci maddələrinin tələbləri pozulmuşdur. Vergi Məcəlləsinin 166-ci maddəsinə əsasən başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Yoxlama dövrü üzrə qüvvədə olan Vergi Məcəlləsinin 166-cı maddəsinin tələblərinə əsasən ödəmə dedikdə təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin ödənilməsi nəzərdə tutulur. Vergi ödəyicisi tərəfindən büdcəyə hesablanmalı ƏDV-nin azaldılmasının səbəbi ƏDV-yə 18% dərəcə ilə cəlb olunan əməliyyatlar üzrə ƏDV məbləğinin düzgün müəyyən olunmaması ilə bağlı olmuşdur. Yoxlama dövrü üzrə yoxlama ilə vergi ödəyicisinin ƏDV-yə cəlb olunan əməliyyatları ilə bağlı Vergi Məcəlləsinin 166-cı maddəsinin tələblərinə uyğun olaraq daxilolmaları vergi ödəyicisinin bank hesablarının hərəkəti barədə hesabların yerləşdiyi banklardan alınmış rəsmi məlumatlara əsasən 2021ci ilin sentyabr-dekabr ayları ərzində 79.784,2 manat, 2022-ci il ərzində 204.265,62 manat, 2023-cü il ərzində 111.883,2 manat, 2024-cü ilin yanvar-avqust ayları ərzində 540.340,9 manat təşkil etmişdir. Yoxlanılan dövr üzrə hazır məhsullar üzrə xammal silgiləri və istehsal həcminin müəyyənləşdirilməsi üçün yoxlama zamanı Vergi Məcəlləsinin 45-ci maddəsinə əsasən mütəxəssis cəlb olunmasına zərurət yaranmışdır. Vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixə qədər olan dövr üçün real istehsal həcminin və istehsal olunmuş məhsullara istifadə olunmuş xammal və materialların müəyyənləşdirilməsi məqsədi ilə Baş İdarə tərəfindən xx.xx.2024-cü il tarixli, **********188270 nömrəli “Mütəxəssisin dəvət edilməsi haqqında” qərar çıxarılaraq "X15" MMC-nin əməkdaşı (VÖEN: **********) X8 mütəxəssis kimi dəvət olunmuşdur. Müəssisənin real istehsal həcmini müəyyən etmək məqsədilə aparılan hesablamada, toyuq dönəri ətinin hazırlanmasında istifadə olunan bütün xammallar araşdırılmışdır. Reseptdə qeyd olunan bəzi xammalların rəsmi alış məlumatları müəyyən edilmədiyindən və toyuq dönəri ətinin istehsalında iştirak edən əsas komponentlərdən biri olan tomat və ya bibər pastası xammalının sərfiyyatı yoxlanılarkən kənarlaşmalar müəyyən edildiyindən hesablamada bu xammal əsas götürülmüşdür. İlk olaraq, təqdim edilmiş alış məlumatlarına əsasən, yoxlama dövrü ərzində müəssisə tərəfindən alınmış tomat və bibər pastasının ümumi miqdarı araşdırılaraq 9,751.36 kq olduğu müəyyən edilmişdir. Daha sonra müəssisənin satış məlumatları təhlil edilmiş, məhsul çeşidlənmiş və satılmış toyuq dönəri ilə digər toyuq məhsullarının miqdarı müəyyən edilmişdir. Növbəti mərhələdə, ödəyici tərəfindən təqdim edilmiş reseptə əsasən, toyuq dönəri ətinin hazırlanmasında tələb olunan tomat və bibər pastasının ümumi çəkidə faiz nisbəti müəyyən edilmişdir. Bu göstəriciyə əsaslanaraq, satılmış məhsul üçün tələb olunan xammalın miqdarı hesablanmışdır. Təqdim edilmiş reseptə əsasən, kənarlaşmış xammaldan əldə oluna biləcək bibər və tomat pastası əlavə olunmuş dönər əti qarışımının miqdarı hesablanmışdır. Daha sonra, monitorinq zamanı müəyyən edilmiş 15.04%-lik hazır məhsul itkisi nəzərə alınaraq, yekun kənarlaşmış hazır məhsulun miqdarı müəyyən edilmişdir. Mütəxəssis tərəfindən müəyyən edilmiş kənarlaşmış 8997,15 kq xammal, müəssisənin satış məlumatlarına əsaslanaraq xüsusi çəkiyə əsasən illər üzrə bölüşdürülmüşdür. Bu bölgüyə əsasən, kənarlaşmış hazır məhsulun miqdarı 2021-ci ilin yoxlama dövrünə düşən müddətində 8702,42 kq, 2022-ci ildə 19.973,59 kq, 2023-cü ildə 835,05 kq, 2024-cü ilin yoxlama dövrünə düşən müddətində isə 1.062.523,26 kq olaraq hesablanmışdır. Yoxlama zamanı xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üzrə təqdim edilmiş malların real bazar qiymətinin müəyyənləşdirilməsi üçün Vergi Məcəlləsinin 44-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixli, **********189287 nömrəli “Ekspertizanın keçirilməsi haqqında” qərar çıxarılaraq ekspert dəvət olunmuş və ekspert tərəfindən müvafiq rəy verilmişdir. Qiymətləndirmə zamanı aparılan hesablamalarda ekspert tərəfindən əldə edilmiş malların satış bazarında orta bazar qiyməti barədə operativ məlumatlardan, eləcə də digər etibarlı mənbələrdən alınmış informasiyalardan istifadə olunmuşdur. Ekspert rəyində göstərilmiş qiymətlər vergi ödəyicisinin təqdim etdiyi sənədlər (e-qaimə faktura və digər satış sənədləri) əsasında formalaşmış və müəyyən edilmişdir ki, 1 kq məhsulun orta bazar dəyəri 4 manat (ƏDV-siz) təşkil edir. Səyyar vergi yoxlaması ilə mütəxəssis tərəfindən müəyyən edilmiş istehsal həcminə ekspert rəyinə əsasən müəyyən edilmiş orta bazar dəyəri tətbiq edilməklə 2021-ci il üzrə 34.809,7 manat, 2022-ci il üzrə 79.894,34 manat, 2023-cü il üzrə 3340,2 manat, 2024-cü il üzrə 4.250.093,02 manat əlavə istehsal dövriyyəsi müəyyən edilmişdir. Təqdim edilmiş sənədlər və vergi uçot baza məlumatlarına əsasən vergi ödəyici tərəfindən xammal satışı olmadığı və yalnız hazır məhsul satışı olduğu müəyyən edildiyi üçün mütəxəssis tərəfindən müəyyən edilən əlavə istehsal həcminə əsasən hesablanan dövriyyə illər üzrə müəssisə tərəfindən təqdim edilən hazır məhsulların satışına uyğun olaraq hesablanmışdır. Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. 2022-ci il yanvarın 1-dən 5 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi vergitutma obyektidir. Vergi Məcəlləsinin 157.3-cü maddəsinə əsasən ƏDV üzrə qeydiyyat hansı tarixin əvvəl başlanmasından asılı olaraq məcburi qeydiyyat zamanı aşağıdakı tarixlərin birində qüvvəyə minir: ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manatdan artıq olduqda - növbəti ayın birinci günündə; bir əqd və ya müqavilə üzrə ƏDV-yə cəlb olunan əməliyyatın ümumi dəyəri 200.000 manatdan artıq olduqda əməliyyatın aparıldığı günədək; Mütəxəssis tərəfindən müəyyən edilmiş əlavə istehsal həcmi üzrə hesablanmış dövriyyə nəzərə alındıqda vergi ödəyicisinin 2021-ci il ərzində vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatı keçdiyi üçün vergi ödəyicisi 2022-ci ilin yanvar ayından məcburi ƏDV qeydiyyatına alınaraq müvafiq vergilər hesablanmışdır. 2022-ci il üzrə Vergi Məcəlləsinin 166-cı və 175-ci maddələrinin tələblərinə və yoxlama ilə mütəxəssis rəyi əsasında müəyyən olunmuş kənarlaşan istehsal dövriyyəsi nəzərə alınmaqla yoxlama ilə əhatə edilən dövr üzrə əlavə dəyər vergisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən ayrı-ayrı aylar üzrə 47.018,47 manat azaldılması müəyyən edilmişdir. 2023-cü il üzrə Vergi Məcəlləsinin 166-cı və 175-ci maddələrinin tələblərinə və yoxlama ilə mütəxəssis rəyi əsasında müəyyən olunmuş kənarlaşan istehsal dövriyyəsi nəzərə alınmaqla yoxlama ilə əhatə edilən dövr üzrə əlavə dəyər vergisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən ayrı-ayrı aylar üzrə 18.116,78 manat azaldılması müəyyən edilmişdir. 2024-cü il üzrə Vergi Məcəlləsinin 166-cı və 175-ci maddələrinin tələblərinə və yoxlama ilə mütəxəssis rəyi əsasında müəyyən olunmuş kənarlaşan istehsal dövriyyəsi nəzərə alınmaqla yoxlama ilə əhatə edilən dövr üzrə əlavə dəyər vergisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən ayrı-ayrı aylar üzrə 807.815,21 manat azaldılması müəyyən edilmişdir. Qeyd olunmalıdır ki, vergi ödəyicisi yoxlama ilə əhatə olunan dövrdə ƏDV-dən azad edilmiş əməliyyatlar apardığına görə Vergi Məcəlləsinin 175.4-cü maddəsinə uyğun olaraq bank sənədlərinə və e-qaimələrə əsasən ƏDV üzrə əvəzləşdirmə vergi tutulan dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisinə uyğun olaraq müəyyən edilmişdir. Nəticədə səyyar vergi yoxlaması ilə yoxlama ilə əhatə edilən dövr üzrə əlavə dəyər vergisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən ayrı-ayrı aylar üzrə 872.950,46 manat (47.018,47 +18.116,78 +807.815,21) azaldılması müəyyən edilmişdir. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən əlavə dəyər vergisinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldıldığına görə azaldılmış və ya yayındırılmış 872.950,46 manat vergi məbləğinin 50 faizi miqdarında, yəni 436.475,24 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Bildirirlər ki, səyyar vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş vergi ödəyicisinin fəaliyyətində Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş cinayət xarakterli faktlar (vergi ödəməkdən yayınma) aşkar olunduğundan, toplanmış materiallar qanunamüvafiq tədbirlərin görülməsi üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2025-ci il tarixli, **********820300 nömrəli məktubu ilə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə göndərilmişdir. İddia ərizəsində qeyd olunur: “Ekspert rəyini tərtib etmiş və imzalamış mütəxəssis X8 ixtisasca kommersiya mütəxəssisidir və onun bu sahədə xüsusi bilik və təcrübəsinin olması sənədlərlə təsdiq olunmur”. Eyni zamanda, rəyi vermiş “X14” MMC-nin də fəaliyyət növü direktorun ixtisasına uyğun olaraq kommersiya sahəsində məsləhət verilməsidir. İş materiallarından da göründüyü kimi, “X14” MMC xx.xx.2020-ci il tarixində dövlət qeydiyyatına əsas fəaliyyət növü “Kommersiya fəaliyyəti ilə idarəetmə məsələləri üzrə sair məsləhətlər verilməsi”dir. Mütəxəssis qismində dəvət edilmiş X8 rəydən də göründüyü kimi Avstraliyanın Sidney Universitetini Kommersiya ixtisası üzrə doktoranturanı bitirmişdir. Qeyd olunmalıdır ki, “X15” MMC-nin nizamanaməsinin 3.1-ci bəndinə əsasən cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri məşğul ola bilər. Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq xüsusi icazə alınması tələb edilən fəaliyyət növləri ilə yalnız müvafiq icazəni (lisenziyanı) aldıqdan sonra məşğul ola bilər. Digər tərəfdən, “X15” MMC-nin qeydiyyata alınmış “kommersiya müəssisələri və dövlət xidmətləri üçün məsləhətlər, tövsiyələr, praktiki yardımın göstərilməsi” fəaliyyət növü həmin müəssisə tərəfindən bu sahədə rəyin verilməsini istisna etmir. Həmçinin qeyd edirlər ki, iddiaçı özü də iddia ərizəsində X1 mütəxəssisi olduğunu qeyd etmişdir. Göründüyü kimi, mütəxəssis tərəfindən iddiaçının fəaliyyət növünə uyğun olaraq ət, quş və ev dovşanı ətindən digər məmulatların istehsalı sahəsində istehsal həcminin müəyyənləşdirilməsi barədə rəyin verilməsi yuxarıda qeyd edilən fəaliyyət növü kateqoriyasına aid edilir. Daha sonra iddia ərizəsində qeyd edilir ki, təqdim edilmiş mütəxəssis rəyindən göründüyü kimi, “mütəxəssis” tərəfindən analoqu olmayan yanaşma tətbiq edilərək alınmış tomat və bibər pastasına münasibətdə istehsal edilmiş toyuq dönərinin həcmi müəyyənləşdirilmişdir. Halbuki, vergi ödəyicisi tərəfindən bildirilmişdir ki, toyuq əti əlavə qatqı olmadan təqdim edilir. Bununla bağlı bildirirlər ki, müəssisədə 4, 5 və 6 noyabr 2024-cü il tarixlərində aparılan monitorinq çərçivəsində istehsal sahəsində toyuq budunun emalı və dönər ətinin istehsalı prosesi ətraflı şəkildə izlənilmişdir. Bu müddət ərzində istehsalın əsas mərhələləri, o cümlədən toyuq budlarının buzdan açılması, sümükdən ayrılması və dönər əti halında satış üçün hazırlanması prosesi diqqətlə araşdırılmışdır. Monitorinq zamanı dönər ətinin və sousunun hazırlanma ardıcıllığı, istifadə olunan qida əlavələri, həmçinin istehsal prosesi ərzində meydana gələn itkilər qeydə alınmışdır. İddia ərizəsində qeyd olunur: “SVY yoxlamasının təyin edilməsi Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq düzgün formada və qanuni əsaslandırılmamışdır.” İddiaçının qeyd etdiyi dəlilini də aşağıda qeyd olunan səbəblərə görə əsassız hesab edirlər. Səyyar vergi yoxlamasının nəticəsi üzrə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, **********187497 nömrəli aktdan göründüyü kimi yoxlamanın əhatə etdiyi dövrdə vergi ödəyicisi tərəfindən vergilərin dövlət büdcəsinə ödəməkdən yayındırılması halları aşkar edilmişdir. Akt vergi ödəyicisinə göndərilməsinə baxmayaraq, səyyar vergi yoxlamasının nəticəsi üzrə tərtib edilmiş akt ilə bağlı vergi orqanına etiraz daxil olmamışdır. Vergi Məcəlləsinin 39-cu və 49-cü maddələrinə əsasən səyyar vergi yoxlamasının nəticəsi üzrə tərtib edilmiş akt üzrə vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb olunması məsələsinə baxılmış və “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2025-ci il tarixli, **********193094 nömrəli qərar qəbul edilmişdir. Qərar ilə hesablanmış əlavə vergi məbləğləri həm səyyar vergi yoxlaması aktında, həm də yoxlamanın nəticəsi üzrə qəbul edilmiş qərarda tam əsaslandırılmışdır. Ali Məhkəmənin ayrı-ayrı işlər üzrə qəbul edilmiş qərarlarında qeyd edilən hüquqi mövqeyindən bəlli olduğu kimi vergi orqanı tərəfindən səyyar vergi yoxlamasının nəticəsi üzrə qəbul edilən qərarlar üzrə hesablamaların əsasları səyyar vergi yoxlaması aktında ətraflı öz əksini tapır. Yuxarıda qeyd olunanlara əsasən hesab edirlər ki, iddiaçının səyyar vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərar ilə hesablanmış əlavə vergi məbləğlərinin əsaslandırılmamasını iddia etməsi əsassızdır. Vergi Məcəlləsinin 70.3-cü maddəsinə görə vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Yuxarıda qeyd olunanlara əsaslanaraq bildirirlər ki, "xxxx" MMC-nin sahibkarlıq fəaliyyəti üzrə keçirilmiş səyyar vergi yoxlamasının nəticəsi barədə tərtib edilmiş akt əsasında qəbul edilən “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2025-ci il tarixli, **********193094 nömrəli qərar ilə hesablanmış vergilər və tətbiq edilmiş maliyyə sanksiyası Vergi Məcəlləsinin tələblərinə uyğundur, qanuni və əsaslıdır. Odur ki, iddiaçının formal mülahizələri qərarın ləğv edilməsi və dövlət büdcəsinə ödənilməli olan vergilərin azaldılması üçün əsas ola bilməz. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9517/2025 nömrəli, 10 iyul 2025-ci il tarixli qərarı ilə (hakim A.Adullayeva) iddianın təmin edilməsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2025-ci il tarixli, **********193094 saylı qərarının ləğv edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9517/2025 nömrəli, 10 iyul 2025-ci il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbinə etirazın dəlillərinə uyğun əsaslandırılmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndələri Nümayəndə1 və Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9517/2025 nömrəli, 10 iyul 2025-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq olunan hüquq: Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Maddə 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: ... 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə; Maddə 45. Vergi yoxlamasının keçirilməsinə kömək göstərilməsi üçün mütəxəssisin dəvət edilməsi. 45.1. Səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavininin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. 45.2. Mütəxəssisin xüsusi bilik və təcrübəsi olmalıdır və o, işin nəticələrində maraqlı olmamalıdır. Bu şərtlərə cavab verməyən mütəxəssisin rəyi vergi orqanları tərəfindən istifadə oluna bilməz. Maddə 67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları: 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank və digər ödəniş hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin (mənfəət və gəlir vergisi istisna olmaqla) əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. 153.1. Əlavə dəyər vergisi (bundan sonra – ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. 155.1. Sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər, o cümlədən bu Məcəllənin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə etməyən ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər (bu Məcəllənin 218.4.1-ci, 218.4.2-ci və 218.4.3-cü maddələrində göstərilənlər istisna olmaqla) bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Bu Məcəllənin 218.1.2-ci maddəsində göstərilən şəxslər həmin maddədə müəyyən edilmiş hüquqdan istifadə etdikdə ardıcıl 12 aylıq dövrün istənilən ayında vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatı keçdiyi aydan sonrakı ayın 1-dən etibarən 10 gün ərzində fəaliyyətlərini sadələşdirilmiş vergi ödəyicisi kimi davam etdirəcəkləri barədə vergi orqanına yazılı formada ərizə təqdim etməlidirlər. 174.1. Bu Məcəllənin 166-cı maddəsinə uyğun olaraq hesabat dövrü ərzində vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin məbləği bu Məcəllənin 173.1-ci maddəsinə uyğun olaraq vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqlə müəyyən olunur. Maddə 178. ƏDV üzrə hesabat dövrü. ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13. Etimad hüququnun qorunması prinsipi. 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 16. Mütənasiblik prinsipi. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 24. İşin hallarının obyektiv araşdırılması. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin hallarına əsasən: İş materialları ilə müəyyən olunur ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, **********187187 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi haqıında” qərarına əsasən VM-nin 38.3.5-ci maddəsinə əsasən sentyabr 2020-avqust 2023-cü illəri əhatə edən səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlamanın nəticəsi olaraq xx.xx.2025-ci il tarixli, **********187497 saylı səyyar vergi yoxlaması aktı tərtib edilmişdir. Səyyar vergi yoxlaması aktı əsasında xx.xx.2025-cü il tarixli, **********193094 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərara əsasən 890.508,88 manat əlavə vergilər hesablanılmış və 447.574,46 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İş materialları ilə müəyyən olunur ki, yoxlama dövründə cəmiyyət Bakı şəhəri, Nəsimi rayonu, Moskva pr., 3007-ci məhəllə ünvanında "xxxx" MMC-dən (VÖEN **********) icarə götürülmüş sahədə toyuq və mal ətindən dönər ətinin istehsalı və topdan satışı fəaliyyəti ilə məşğul olmuşdur. Növbədənkənar səyyar vergi yoxlaması ilə bağlı: Müəyyən olunur ki, səyyar vergi yoxlaması VM-nin 38.3.5-ci maddəsinə (vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə) əsasən təyin edilmişdir. Yoxlamanın təyin olunma əsası kimi “e-qf əsasında 2021-ci il ərzində 15079.62 kq ət satışı aparıldığı halda, uçot baza məlumatlarına əsasən satışın aparıldığı tarixədək 11 450 kq ət alışı aparılmışdır ki, nəticədə 3 629.62 kq ətin alış sənədinin olmaması” səbəb kimi göstərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh VM-nin 38.3.5-ci maddəsinə əsasən 2021-ci il üzrə kənarlaşma ehtimalı ilə səyyar vergi yoxlaması təyin edərək, yoxlama təyin edilmə barədə qərarda əsaslandırılmamış 2022, 2023 və 2024-cü illər üzrə yoxlama aparmaqla qanunun tətbiq dairəsindən çıxaraq faktiki olaraq növbəti yoxlama aparmışdır. Eyni zamanda, yoxlamanın nəticəsi olaraq tərtib edilmiş səyyar vergi yoxlaması aktı ilə cavabdehin 3 629.62 kq ətin alış sənədinin olmaması barədə hər hansı araşdırma aparılmamış, yoxlama aktında bu barədə hər hansı qeyd edilməmişdir. Sənədsiz ət alışına dair heç bir maliyyə sanksiyası tətbiq edilməmiş, əlavə vergilər hesablanmamışdır. Bu isə onu deməyə əsas verir ki, yoxlama qərarının əsaslandırılması formal olmuşdur. Vergi Məcəlləsinin 38-ci maddəsi vergi orqanına il ərzində bir dəfə növbəti yoxlama keçirmək hüququ verir. Eyni zamanda, qanunda konkret sadalanmış müəyyən hallarda vergi orqanı həm də növbədənkənar səyyar vergi yoxlaması keçirə bilər. Vergi Məcəlləsinin 38.3-cü maddəsində növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsasların dəqiq siyahısı göstərilmişdir və onlardan biri də vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsidir (Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi). Növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi, bir tərəfdən sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Əgər inzibati orqan növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərara gəlirsə, onda VM-nin 38.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatın nələrdən ibarət olduğunu dəqiq göstərməyə, habelə yoxlamanın başlanılmasını zəruri edən həmin halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Göründüyü kimi vergi orqanı tərəfindən səyyar vergi yoxlamasının təyin edilməsi VM-nin tələblərinə uyğun olaraq düzgün formada və qanuni əsaslandırılmamışdır. (bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(102)-751/2024, xx.xx.2024-cü il tarixli, 2-1(102)-1578/2024, xx.xx.2023-cü il tarixli, 2-1(102)-2258/2023, xx.xx.2023-cü il tarixli, 2-1(102)-1632/2023, xx.xx.2022-ci il tarixli, 2-1(102)-669/2022, xx.xx.2023-cü il tarixli, 2-1(102)-610/2023, xx.xx.2022-ci il tarixli, 2-1(102)-1356/2022, xx.xx.2024-cü il tarixli, 2-1(102)-392/2024, xx.xx.2022-cü il tarixli, 2-1(102)-2486/2022, xx.xx.2023-cü il tarixli, 2-1(102)-610/2023, xx.xx.2023-cü il tarixli, 2-1(102)-155/2023 saylı və s. qərarları). Mənfəət vergisinin hesablanması barədə: İş materialları ilə müəyyən olunur ki, cavabdeh tərəfindən Nazirlər Kabinetinin 55 saylı Qərarına əsasən şərti rentabellik əsasında 2021-ci il üzrə 7194,41 manat, 2022-ci il üzrə 3597,21 manat, 2023-cü il üzrə isə 2706,73 manat olmaqla cəmi, 17558,52 manat mənfəət vergisi hesablanılmış və həmin məbləğə münasibətdə 8779,26 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Şərti rentabellik əsasında vergilərin hesablanmasına əsas olaraq göstərilmişdir ki, “yoxlama dövrünün əvvəlinə və sonuna qalıqlar göstərilməklə hazır məhsul hərəkəti, yoxlama dövründə mənfəət vergisi bəyənanmələri üzrə gəlir və xərclərin təsdiqedici sənədləri təqdim edilməmişdir”. Lakin iş materiallarının araşdırılması zamanı müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə Vergi Məcəlləsinin 42.2-ci maddəsinə əsasən “Sənədlərin qismən təqdim edilməsi barədə” Akt tərtib edilmiş, “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2024-cü il tarixli Protokol tərtib edilmişdir. Əlavə olaraq Dövlət Vergi Xidmətinin online kargüzarlıq sistemi vasitəsi ilə elektron formada aşağıdakı sənədlər yoxlamaya təqdim edilmişdir:

1. xx.xx.2024-cü il tarixli **********968900 saylı məktub ilə, Yoxlama dövründə satışlar, Xammal və hazır məhsulun hərəkət cədvəli-2021-ci il, Xammal və hazır məhsulun hərəkət cədvəli-2022-ci il, Xammal və hazır məhsulun hərəkət cədvəli-2023-cü il, Xammal və hazır məhsulun hərəkət cədvəli-01.01-xx.xx.2024-cü il, Malların istehsal resepti-2021- 2022-ci illər, Malların istehsal resepti-2023-cü il, Malların istehsal resepti-01.01xx.xx.2024-cü il, Hazır məhsulun hərəkət cədvəli-icmal formada-2021-2024-cü illər üzrə excel formada,

2. .xx.xx.2024-cü il tarixli məktuba əsasən debitor borclari barədə məlumat.

3. xx.xx.2024-cü il tarixli məktuba əsasən əmək haqqı cədvəlləri, 4.xx.xx.2024-cü il tarixli məktub ilə bank hesabları barədə məlumatlar-4 fayl, 99 vərəq,

5. xx.xx.2024-cü il tarixli 11 ədəd məktub ilə 33 ədəd müqavilə və digər sənədlər yoxlamaya tam şəkildə təqdim edilmişdir. İş materiallarına əlavə olunmuş Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2026-cı il tarixli, 3-21-2-3/2-A-2xx-xx/2026 saylı məktubuna əsasən təqdim edilmiş elektron qaiməfakturaların siyahısına əsasən müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən 2021-ci il ərzində 183.754,90 manat, 2022-ci il ərzində 195.893,71 manat, 2023-cü il ərzində 111.463,20 manat və 01.01-xx.xx.2024-cü il ərzində 510.796,11 manat məbləğində (ƏDVsiz) mallar təqdim edilmiş, 2021-ci il ərzində 94.740 manat, 2022-ci il ərzində 110.043,56 manat, 2023-cü il ərzində 130.655,86 manat, 01.01-xx.xx.2024-cü il ərzində 759.849,26 manat dəyərində mal, iş və xidmətlər əldə edilmişdir. Təqdim edilmiş sənədlərin həcmindən və tərkibindən müəyyən olunur ki, iddiaçı tərəfindən yoxlamaya mənfəətin müəyyən olunması üçün zəruri ola biləcək əsas sənədlər təqdim edilmiş, elektron qaimə-fakturalar və bank hesabları barədə məlumatlar isə vergi orqanının elekron informasıya sistemində mövcud olmuşdur. Yoxlama aktında iddia olunan yoxlama dövrünün əvvəlinə və sonuna qalıqlar göstərilməklə hazır məhsul hərəkətinin xx.xx.2024-cü il tarixli, **********968900 saylı məktub ilə cavabdehə rəsmi şəkildə təqdim edilməsi inkar olunmaz fakt olaraq təsdiq olunur. Həmçinin müəyyən olunur ki, təqdim edilmiş sənədlər cavabdehin gəlirlərinin müəyyən olunması və cavabdeh tərəfindən dəvət edilmiş mütəxəssis tərəfindən istehsal həcminin hesablanması məqsədləri ilə əsas sənəd olaraq rəsmi şəkildə qəbul edilmişdir. Səyyar vergi yoxlaması aktında (səh:11) qeyd edilir ki, “Səyyar vergi yoxlaması zamanı Vergi Məcəlləsinin 104-cü, 134-cü, 135-ci və 136-cı maddələrinin tələblərinə müvafiq olaraq vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatları, vergi ödəyicisinin bank hesablarının hərəkəti barədə hesabların yerləşdiyi banklardan alınmış rəsmi məlumatlar və vergilərin hesablanmasına əsas verən digər sənəd və məlumatlar istifadə edilmişdir.” Ali Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(102)-1732/2025 saylı qərarında qeyd edilmişdir ki, “39. hazırki mübahisə üzrə iddiaçının xərc sənədləri (elektron qaimə-faktura, yük-gömrük bəyannamələri və s.) mövcud olduğundan mənfəəti birbaşa müəyyən etmək mümkün olmuşdur və cavabdeh Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən şərti rentabellik normasını tətbiq etməkdə haqlı olmamışdır”. “43. Yoxlamanın 2022-ci ilinə münasibətdə isə Kollegiya bildirir ki, yuxarıda da qeyd edildiyi kimi iddiaçı tərəfindən hazırki mübahisə üzrə iddiaçının xərc sənədləri (elektron qaimə-faktura, yük-gömrük bəyannamələri və s.) mövcud olmasına baxmayaraq, cavabdeh həmin sənədlərin hansı səbəbdən xərc sənədləri kimi nəzərə alınmamasını əsaslandırmamışdır”. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə də riayət edilməmişdir. Belə ki, cavabdeh tərəfindən əlaqəli məlumatlar və analoji vergi ödəyiciləri araşdırılmamışdır. Səyyar vergi yoxlaması aktında analoji vergi ödəyicisinin müəyyən edilmədiyi qeyd olunsa da, bununla bağlı hansı araşdırmaların aparıldığına dair sənədlər təqdim edilməmişdir. Xüsusilə qeyd edilməlidir ki, iddiaçının fəaliyyət sahəsinin dönər əti istehsalı olması nəzərə alındıqda bu sahədə analoji vergi ödəyicisinin olmaması isə ağlabatan deyildir. Digər tərəfdən, cavabdeh tərəfindən VM-nin 67.1.8-ci maddəsinə əsasən real istehsal və satış həcminin müəyyən olunması məqsədi ilə xronometraj metodu ilə müşahidə aparıla bilərdi ki, cavabdeh tərəfindən bu hüququndan istifadə edilməmiş, mal qalığına və iddia olunan sənədsiz mal alışına münasibətdə operativ vergi nəzarəti tədbiri həyata keçirilməmişdir. Bundan başqa, cavabdeh apellyasiya şikayətində Vergi Məcəlləsinə xx.xx.2022- ci ildən əlavə olunan 67.17-ci maddəyə istinad edərək Vergi Məcəlləsinin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələrin sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edildiyini qeyd etmişdir. Qeyd olunan norma 2022-ci ilin yanvar ayında qüvvəyə minsə də, cavabdeh həmin normanın qüvvədə olmadığı dövrə münasibətdə, yəni yoxlamanın 2021-ci ilinə də tətbiq etmişdir. Beləliklə, yoxlamanın 2021-ci ilinə münasibətdə cavabdeh vergitutma obyektinin müəyyənləşdirilməsi üçün Vergi Məcəlləsinin 67.1-ci maddəsində qeyd olunan əlaqəli məlumatlardan, eləcə də analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatlarından istifadə etmədən, birbaşa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması” Qaydalardan istifadə etməklə vergi hesablamaqla yanlışlığa yol vermişdir. Yoxlamanın 2022-ci ilinə münasibətdə isə Kollegiya bildirir ki, yuxarıda da qeyd edildiyi kimi iddiaçı tərəfindən hazırki mübahisə üzrə iddiaçının xərc sənədləri (elektron qaimə-faktura, bank hesablarından çıxarış, əmək haqqı cədvəlləri, müqavilələr, istehsal resepti, xammal və hazir məhsulun hərəkət cədvəli və s.) mövcud olmasına baxmayaraq, cavabdeh həmin sənədlərin hansı səbəbdən xərc sənədləri kimi nəzərə alınmamasını əsaslandırmamışdır. Başqa sözlə, xx.xx.2022-ci ildən Vergi Məcəlləsinə əlavə edilən 67.17-ci maddə vergi ödəyicisinin gəlir və xərclərini təsdiq edən sənədlər mövcud olduğu halda, həmin sənədləri kənara qoyub şərti rentabellik norması tətbiq etməyə hüquq verməmişdir. Qanunverici qeyd olunan dəyişikliyi yalnız Vergi Məcəlləsinin 67-ci maddəsi ilə müəyyən olunan sıravi ardıcıllığı aradan qaldırmaq məqsədilə etmişdir. Hazırki halda isə, vergi ödəyicisinin təsdiqedici xərc sənədləri iş materialında mövcuddur. Beləliklə iş materialları ilə müəyyən olunur ki, təqdim edilmiş və elektron informasiya sistemində mövcud olan sənədlərə əsasən iddiaçının gəlirləri dəqiqləşdirilmiş, lakin xərclərə münasibətdə eyni sənədlər nəzərə alınmamışdır.

Mütəxəssis rəyi barədə:

İş materialları ilə müəyyən olunur ki, xx.xx.2024-cü il tarixli, **********189287 saylı “Ekspertiza keçirilməsi haqqında” qərarına əsasən "xxxx" MMC-nin eksperti X5 ekspert qismində dəvət edilmiş və onun qarşısında “xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək olan dövr ərzində "xxxx" MMC tərəfindən təqdim edilmiş malların bazar qiymətinin müəyyən edilməsi sualı qoyulmuşdur və onun tərəfindən iş üzrə xx.xx.2025-c il tarixli, MB 18-0043 saylı ekspert rəyi təqdim edilmişdir. Eyni zamanda, vergi orqanının xx.xx.2024-cü il tarixli, **********188270 saylı “Mütəxəssis dəvət edilməsi” haqqında qərarına əsasən “X15” MMC-nin əməkdaşı X8 mütəxəssis qismində dəvət edilmiş və onun qarşısında “istehsal olunmuş məhsulların aylar üzrə istehsal həcminin müəyyənləşdirilməsi” sualı qoyulmuşdur. Mütəxəssis tərəfindən xx.xx.2025-ci il tarixli rəy yoxlamaya təqdim edilmişdir. ƏDV hesablamaları qeyd olunan mütəxəssis rəyi əsasında aparılmışdır. Məhkəmə kollegiyası ilk növbədə hesab edir ki, təqdim edilmiş mütəxəssis rəyi Vergi Məcəlləsinin 45-ci maddəsinin tələblərinə zidd olmuşdur. Həmin maddənin 45.1.-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavininin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. 45.2. Mütəxəssisin xüsusi bilik və təcrübəsi olmalıdır və o, işin nəticələrində maraqlı olmamalıdır. Bu şərtlərə cavab verməyən mütəxəssisin rəyi vergi orqanları tərəfindən istifadə oluna bilməz. İş materiallarından göründüyü kimi “X15” MMC xx.xx.2020-ci il tarixində dövlət qeydiyyatına əsas fəaliyyət növü “Kommersiya fəaliyyəti və idarəetmə məsələləri üzrə sair məsləhətlər verilməsi”dir. Mütəxəssis qismində dəvət edilmiş X8 rəydən də göründüyü kimi Avstraliyanın Sidney Universitetini Kommersiya üzrə magistr dərəcəsində, İngiltərənin Uarvik Universitetində Kommersiya ixtisası üzrə doktoronaturanı bitirmişdir. Eyni zamanda, iş materiallarına əlavə edilən Sidney Universiteti tərəfindən verilmiş diplomda Emin İlyasın ixitasının “Master of Commerce (Supply Chain and Logistic Managment)” -Kommersiya üzrə magistr ixtisasını bitirmişdir. Emin İlyas tərəfindən Lokal Gəlirlər Baş İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, o kommersiya ixtisası üzrə ixitsaslaşmışdır. Azərbaycan Respublikası ƏƏSMN yanında X7 tərəfindən ünvan 3 ünvanlanmış xx.xx.2022-ci tarixli, **********2 saylı məktuba əlavə edilmiş əmək müqaviləsi bildirişlərindən görünür ki, X8 xx.xx.2021-ci il tarixindən “X15” MMC-nin direktoru vəzifəsində çalışmışdır. Məhkəmə araşdırmasına dəvət edilən mütəxəssis araşdırma materiallarındakı faktları təsdiq etmiş, həmçinin şifahi ifadəsində müxtəlif müəssisələrdə logistika meneceri, marketoloq, direktor və s. bu tipli ixtisasına uyğun işlərdə işləməsini bildirmiş, qida sahəsində ixtisasi və iş təcrübəsinin olmamasını etiraf etmişdir. Rəsmi internet resurlarında yerləşdirilmiş məlumatlara əsasən “X15” MMC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin elan etdiyi 560.000 manat dəyərində tenderin qalibi olmuşdur. Buradan görünür ki, həmin müəssisə cavabdehdən tender münasibətləri olması səbəbi ilə asılı olan şəxsdir və dolayısı ilə işin nəticəsində maraqlıdır ki, bu da obyektivlik və qərəzsizlik meyarları baxımından əsaslı şübhə yaradır. Vergi Məcəlləsinin 45.2-ci maddəsinin tələbinə görə, işin nəticəsində maraqlı olan və ya belə maraq ehtimalı doğuran hallarda mütəxəssis rəyi sübut kimi istifadə oluna bilməz. Bundan başqa, təqdim olunan mütəxəssis rəyində Azərbaycan Respublikası “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna istinad olunmuşdur. Lakin həmin Qanunun fəaliyyət istiqamətlərini əks etdirən 4-cü maddəsində hazırki rəyin əhatə etdiyi istiqamət mövcud deyildir. Həmçinin, Azərbaycan Qiymətləndiricilər Palatasının rəsmi saytında hazırki iş üzrə rəy təqdim edən X6 həmin Palatanın üzvü olmadığı müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, təqdim edilmiş rəy təkcə ixtisas uyğunluğu baxımından deyil, həm də məzmun etibarilə mütəxəssisin səlahiyyət həddini aşmışdır. Belə ki, mütəxəssisin rəy çərçivəsində yalnız texnoloji sərfiyyat barədə mövqe bildirilməsi mümkün olduğu halda, faktiki olaraq əlavə istehsal həcmi və dövriyyə müəyyən edilmiş, bunun əsasında vergi öhdəliyi formalaşdırılmışdır. Bu isə hüquqi qiymətləndirmə xarakteri daşımaqla mütəxəssis rəyinin hüdudlarını aşır. Qeyd olunanlar Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 7 sentyabr 2016-cı il tarixli, **********011400 nömrəli Qərarı ilə təsdiq edilmiş Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları (X9 Reyestrinin Qeydiyyat Nömrəsi – **********1400, X12 - xx.xx.2016) ilə açıq şəkildə tənzimlənmişdir. Qaydaların 23.1-ci bəndinə görə, Səyyar vergi yoxlaması zamanı sual doğuran məsələlərin izah olunması üçün xüsusi biliklər tələb olunduğu hallarda və yoxlanılan vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti xüsusiyyətlərinin öyrənilməsi məqsədilə səyyar vergi yoxlaması zamanı müqavilə əsasında mütəxəssis cəlb oluna bilər. Qaydaların 23.4-cü bəndinə görə, mütəxəssis qarşısında qoyulan suallar cəlb olunan mütəxəssisin fəaliyyət xüsusiyyətinə aid olmalıdır. Göründüyü kimi, mütəxəssisin rəyi hansı çərçivədə təqdim etməsi Vergilər Nazirliyinin (hazırki Dövlət Vergi Xidmətinin) kollegial qərarı ilə açıq şəkildə tənzimlənmişdir. Hazırki işdə təqdim olunan rəydə isə mütəxəssis yoxlayıcı funksiyasında özü istehsal həcmi müəyyənləşdirmişdir. Rəyin tərkibinə nəzər yetirdikdə isə müəyyən olunur ki, istehsal fəaliyyətinin xüsusiyyətləri ümumiyyətlə araşdırılmamış, yalnız riyazi hesablamalarla xüsusi çəkisi xeyli aşağı olan xammal üzərindən istehsal həcmi çıxarılmışdır. Qeyd olunan məzmunda hesablama zamanı isə hər hansı metodologiyaya istinad olunmamışdır. Halbuki, iş materialında mövcud sənədlərlə əsas xammal olan ət məhsullarının da alışının rəsmi olması təsdiqini tapmışdır və həmin xammal üzərindən reallığa daha yaxın istehsal həcminin müəyyən olunması mümkün idi. İş materiallarında olan dönər ətinin hazırlanması resepturasından görünür ki, son hazır məhsulun alınması üçün ətdən başqa aşağıdakı xammallar iştirak edir: duz, qara istiot, qida əlavəsi, soğan, sarımsaq, kəklik otu və s. Hazırki işdə qeyd olunan xammalların hər biri üzərindən eyni riyazi üsulla yanaşıldığı halda istehsal həcminin də eyni olacağına dair heç bir məlumat yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, belə uyğunluğun olması imkansızdır. Çünki reseptura dəyişkəndir və itkilərin olması qaçılmazdır. Bu baxımdan bütün istehsal həcmini riyazi üsulla müəyyənləşdirmək mümkün deyil. Hazırlanan məhsulun istehsalında iştirak edən xammalların hər biri üzrə eyni riyazi üsulla yanaşdıqda yekun nəticələr eyni olmursa, demək ki, mütəxəssisin hazırki işdə təqdim etdiyi yanaşma da yanlışdır. Beləliklə, “X15” MMC tərəfindən təqdim edilmiş rəy:  Vergi Məcəlləsinin 45-ci maddəsində nəzərdə tutulan xüsusi bilik və təcrübə meyarına cavab vermir;  obyektivlik və maraqsızlıq tələbləri baxımından şübhə doğurur;  hüquqi nəticə çıxarma xarakteri daşımaqla səlahiyyət həddini aşır.  istehsal həcminin müəyyən olunması hər hansı metodologiyaya əsaslanmır, riyazi hesablama nəticəsində əldə edilib. Bu səbəbdən həmin rəy vergitutma obyektinin və əlavə dövriyyənin müəyyən edilməsi üçün etibarlı və kifayət qədər sübut kimi qəbul edilə bilməz və onun əsasında hesablanmış vergi məbləğinin hüquqi əsası yoxdur. Ali Məhkəmənin 15(102)-371/2025 saylı, xx.xx.2025-ci il tarixli dönər əti istehsalı ilə məşğul olan analoji vergi ödəyicisinin işi üzrə qərarında qeyd edilmişdir: “11. Həmçinin hazırkı mübahisə üzrə müəyyən olunur ki, inzibati orqan hesablamada ərizəçinin fəaliyyət sahəsi üzrə mütəxəssis olması təsdiq olunmayan şəxsin rəyindən istifadə etmişdir”. Ali Məhkəmənin 15(102)-371/2025 saylı, xx.xx.2025-ci il tarixli, 2-1(102)-508/2024 saylı, xx.xx.2024-cü il tarixli, 2-1(102)-1356/2022 saylı, xx.xx.2022-ci il tarixli, 2-1(102)- 2258/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarlarında “X15” MMC tərəfindən verilmiş mütəxəssis rəylərinə hüquqi qiymət verilərək, qeyd olunan müəssisə tərəfindən verilmiş rəylərin vergilərin hesablanılması üçün əsas kimi qəbul edilə bilməməsi bildirilmişdir.

Əlavə dəyər vergisinin hesablanması:

İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.2024-cü il tarixindən ƏDV ödəyicisi kimi könüllü qeydiyyatda olmuşdur. Mütəxəssis rəyi əsas götürülməklə, vergi ödəyicisi 2022-ci ilin yanvar ayından məcbur ƏDV qeydiyyatına alınmaqla müvafiq vergilər hesablanmışdır. Belə ki, ƏDV üzrə hesabatın təqdim edilməməsinə görə 1160 manat maliyyə sanksiyası, 2024-cü il üzrə 791.623,86 manat əsas məbləğ və 395.811,93 manat maliyyə sanksiyası, ƏDV qeydiyyatı olmadan fəaliyyət göstərdiyinə görə 2022-ci il üzrə 47.018,47 manat vergi və 23.509,24 manat maliyyə sanksiyası, 2023-cü il üzrə 18116,78 manat vergi və 9058,39 manat maliyyə sanksiyası, 2024-cü il üzrə isə 16191,35 manat vergi və 8095,68 manat maliyyə sanksiyası olmaqla cəmi, 872.950,46 manat ƏDV və 437.635,14 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İş materialları ilə müəyyən olunur ki, mütəxəssis tərəfindən təqdim edilmiş alış məlumatlarına əsasən, yoxlama dövrü ərzində müəssisə tərəfindən alınmış tomat və bibər pastasının ümumi miqdan araşdırılaraq 9751,36 kq olduğu müəyyən edilmişdir. Daha sonra müəssisənin satış məlumatları təhlil edilmiş, məhsul çeşidlənmiş və satılmış toyuq dönəri ilə digər toyuq məhsullarının miqdarı müəyyən edilmişdir. Təqdim edilmiş reseptə əsasən, kənarlaşmış xammaldan əldə oluna biləcək bibər və tomat pastası əlavə olunmuş dönər ətinin miqdarı hesablanmışdır. Daha sonra, monitorinq zamanı müəyyən edilmiş 15.04%-lik hazır məhsul itkisi nəzərə alınaraq, yekun kənarlaşmış hazır məhsulun miqdarı müəyyən edilmişdir. Mütəxəssis tərəfindən müəyyən edilmiş kənarlaşmış 8997,15 kq xammal, müəssisənin satış məlumatlarına əsaslanaraq xüsusi çəkiyə əsasən illər üzrə bölüşdürülmüşdür. Bu bölgüyə əsasən, kənarlaşmış hazır məhsulun miqdarı 2021-ci ilin yoxlama dövrünə düşən müddətində 8702,42 kq, 2022-ci ildə 19973,59 kq, 2023-cü ildə 835,05 kq, 2024-cü ilin yoxlama dövrünə düşən müddətində isə 1.062.523,26 kq olaraq hesablanmışdır. Səyyar vergi yoxlaması ilə mütəxəssis tərəfindən müəyyən edilmiş istehsal həcminə ekspert rəyinə əsasən müəyyən edilmiş orta bazar dəyəri tətbiq edilməklə 2021-ci il üzrə 34.809,7 manat, 2022-ci il üzrə 79.894,34 manat, 2023-cü il üzrə 3340,2 manat, 2024-cü il üzrə 4.250.093,02 manat əlavə istehsal dövriyyəsi müəyyən edilmişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hətta mütəxəssisin müvafiq sahə üzrə ixtisası və təcrübəsi mövcud olmuş olsa idi belə, mütəxəssis rəyi xüsusi bilikdən kənara çıxılmaqla, vergi orqanının səlahiyyətlərinə müdaxilə olunaraq hazırlanmışdır. Belə ki, rəydə bildirilir ki, yoxlama dövründə 9751,36 kq tomat və bibər pastası alınmış onun 754,21 kq hissəsi istehsala silinmiş, 8997,15 kq hissəsi isə kənarlaşma kimi qeyd edilmişdir. Rəydə (səh:8) kənarlaşmış məhsulun xüsusi çəkisi üzrə 2021-ci il üzrə 8702.59 kq, 2022-ci il üzrə 19973.59 kq, 2023-cü il üzrə 835,05 kq, 2024-cü il üzrə isə 1.062.523,26 kq məhsul istehsalı qənaətinə gəlinmişdir. Yoxlama zamanı keçirilmiş “Əmlakin və digər qiymətlilərin inventarizasiya” aktına əsasən isə xx.xx.2024-cü il tarixində 704 kq tomat pastası və 157,8 kq bibər salçası qalıq olaraq anbarda mövcud olmuşdur. Mütəxəssis və yoxlayıcı orqan tərəfindən faktiki olaraq iddia olunmuşdur ki, müəssisə tərəfindən 2024-cü ilin 8 ayı ərzində ərzində 1.062.523,26 kq məhsul istehsal edib. Halbuki, mütəxəssis tərəfindən ən yaxşı halda istehsal sərfiyyatı ilə bağlı mövqe bildirilərək, mal qalığı müəyyən oluna bilərdi. Mütəxəssisin kənarlaşma yaranan məhsula münasibətdə vergi əməkdaşı kimi davranaraq dövrün sonuna istehsal həcmi hesablamaq səlahiyyəti olmamışdır. Məhkəmə kollegiyası xüsusilə bildirir ki, istehsal prosesi kifayət qədər mürəkkəb və müxtəlif xammalların dəyişkən sərfiyyatı ilə əlaqədar prosesdir. Hazırki işdə isə mütəxəssis istehsal prosesinə primitiv qaydada yanaşmaqla riyazi düsturlar hesabına istehsal həcmi müəyyən etmişdir. Bu hal həmin şəxsin istehsal fəaliyyəti üzrə mütəxəssis olmadığını təsdiq edir. Belə ki, təqdim olunan rəydə istehsal prosesinin spesifik xüsusiyyətlərinə ümumiyyətlə toxunulmamış, yalnız bir xammalın alış həcmi götürülməklə riyazi hesablamalar aparılmışdır. Kollegiya həmçinin bildirir ki, dönər ətinin tərkibini təşkil edən (90 faizdən yuxarı) əsas xammal mal və toyuq ətidir. Digər xammalların xüsusi çəkisi olduqca aşağıdır və yalnız dadlandırıcı və qarışım xarakteri daşıyır. Belə olan halda ət istisna olmaqla digər xammallara görə istehsal olunan dönər ətinin həcmini müəyyənləşdirmək ağlabatan deyildir. Xüsusilə də, hazırki işdə mütəxəssis xüsusi çəkisi az olan tomat pastası və bibər salçası üzərindən istehsal həcminin müəyyən olunmasını hansı metodologiya üzrə müəyyən etdiyini göstərməmişdir. Kollegiya xüsusilə bildirir ki, iş materiallarında olan dönər ətinin hazırlanması resepturasından görünür ki, son hazır məhsulun alınması üçün ətdən başqa aşağıdakı xammallar iştirak edir: duz, qara istiot, qida əlavəsi, soğan, sarımsaq, kəklik otu və s. Hazırki işdə qeyd olunan xammalların hər biri üzərindən eyni riyazi üsulla yanaşıldığı halda istehsal həcminin də eyni olacağına dair heç bir məlumat yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, belə uyğunluğun olması imkansızdır. Çünki reseptura dəyişkəndir və itkilərin olması qaçılmazdır. Bu baxımdan bütün istehsal həcmini riyazi üsulla müəyyənləşdirmək mümkün deyil. Hazırlanan məhsulun istehsalında iştirak edən xammalların hər biri üzrə eyni riyazi üsulla yanaşdıqda yekun nəticələr eyni olmursa, demək ki, mütəxəssisin hazırki işdə təqdim etdiyi yanaşma da yanlışdır. Həmçinin iş materialları ilə müəyyən olunur ki, iddiaçının təsərrüfat subyektinin sahəsi 200 kv.m təşkil etmişdir, səyyar vergi yoxlaması aktı ilə hər hansı digər istehsal obyektinin olması, həmçinin təsərrüfat subyektinin sahəsində hər hansı kənarlaşma ilə bağlı qeyd mövcud deyildir. 200 kv.m sahədə isə 1 mln. kq-dan çox toyuq ətinin saxlanması və istehsal prosesinə cəlb edilməsi ağlabatan deyildir. Məhkəmə kollegiyası həmçinin bildirir ki, səyyar vergi yoxlaması zamanı cavabdeh tərəfindən ehtimal olunan dövriyyə kənarlaşmasının aşkar edilməsi üçün xronometraj metodu ilə müşahidə aparmaq hüququ olsa da, bu hüquqdan niyə istifadə etməməsini heç bir halda əsaslandırmamışdır. Həmçinin, iş materialları və cavabdehin nümayəndələrinin məhkəmə icraatında çıxışlarından belə qənaətə gəlinir ki, cavabdeh tərəfindən cəmi 1.092.034,49 kq toyuq dönər ətinin əlavə istehsal həcmi iddia olunmuşdur, bu elə təxminən ona yaxın həcmdə ət alışı deməkdir. İş materialları ilə müəyyən olunur ki, yoxlama dövründə iddiaçı tərəfindən rəsmi qaydada 193.714,37 kq toyuq, 38.789,53 isə mal əti alınmışdır. Cavabdeh faktiki olaraq cəmiyyətə qarşı qeyri-rəsmi ət alışı olmasını iddia etmişdir. Yoxlama dövründə cavabdeh tərəfindən iddia olunan dövriyyə kənarlaşmasının müəyyən olunması üçün, real istehsal və satış həcminin müəyyən olunması məqsədi ilə xronometraj metodu ilə müşahidə aparılmamış, iddia olunan sənədsiz ət alışına münasibətdə operativ vergi nəzarəti keçirilməmiş, istehsal obyektinin sahəsində hər hansı fərq olması ilə bağlı maliyyə sanksiyası tətbiq edilməmişdir. Məhkəmə prosesi gedişində məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası Qida Təhlükəsiziliyi Agentliyinə “Agentlik tərəfindən monitorinqin həyata keçirilib-keçirilməməsi, mənşəyi olmayan toyuq ətindən istifadə ilə bağlı hər hansı məlumatın mövcud olub-olmaması və rəsmi alışı olmayan toyuq ətindən istifadənin mümkünlüyü, toyuq əti məhsulları üzərində baytarlıq nəzarətinin hansı qaydada həyata keçirilməsi” barədə sorğu ünvanlamışdır. Agentlik tərəfindən xx.xx.2026-ci il tarixli, 3-44/2- 000745/2026 saylı məktub ilə bildirilmişdir ki, “ünvan 4 ünvanında yerləşən İddiaçınə məxsus təsərrüfat obyektində Agentlik tərəfindən 2024-2025-ci illər üzrə ümumilikdə 1 planlı və 4 plandankənar yoxlama həyata keçirilmişdir. Yoxlama zamanı xammal kimi istifadə olunan toyuq ətlərinin müvafiq baytarlıq sənədləri ilə təmin olunduğu müəyyən edilmiş, lakin müəssisənin sanitar-texniki və sanitar-gigiyenik vəziyyətində uyğunsuzluq aşkar olunmuşdur. Qeyd edilmişdir ki, aparılan nəzarət tədbirləri zamanı mənşəyi məlum olmayan toyuq ətindən istifadə ilə bağlı hər hansı hal aşkarlanmamışdır.” Eyni zamanda, Agentlik tərəfindən toyuq və mal ətinin rəsmi alışının həyata keçirildiyi "xxxx" ASC və “X3” MMC ilə alqı-satqı müqavilələri və elektron qaimə-fakturaların siyahısı məhkəməyə təqdim edilmişdir. Həmçinin, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilmiş ekspertiza aktları, baytarlıq arayışlarına əsasən müəyyən olunur ki, qurum tərəfindən mütəmadi olaraq cəmiyyətdə yoxlamalar keçirilmiş, hətta ət məhsullarının çatdırılma marşrutları belə rəsmi olaraq qeyd edilmişdir. Belə olan şəraitdə qeyri -rəsmi ət alışı iddiasi təkzib olunduğundan, iddiaçıya münasibətdə əlavə olaraq 1.092.034,49 kq toyuq dönər əti istehsalı iddiası təsdiqini tapmır. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənələrə əlavə olaraq qeyd edir ki, “X15” MMC-nin rəyi əsas götürülməklə 2022-ci ilin yanvar ayından məcburi ƏDV qeydiyyatına alınaraq 2021-ci il üzrə 34.809,7 manat, 2022-ci il üzrə 79.894,34 manat, 2023-cü il üzrə 3340,2 manat, 2024-cü il üzrə isə 4.250.093,2 manat əlavə ƏDV dövriyyəsinin müəyyən olunması, əvvəlki dövrlər üzrə ƏDV hesablanması və hesabatın verilməməsinə görə maliyyə sanksiyasının tətbiqinin “X15” MMC-nin müvafiq sahə üzrə ixtisası və təcrübəsi mövcud olmadığından hüquqi əsası yoxdur. Məhkəmə kollegiyası bildirir ki, mövcud iş üzrə Ali Məhkəmənin formalaşmış təcrübəsi mövcuddur. Belə ki, Ali Məhkəmənin 5(102)371/2025 nömrəli, xx.xx.2025-ci tarixli qərardadının 11-ci bəndində (analoji olaraq toyuq dönər ətinin istehsalı ilə məşğul olan vergi ödəyicisinin işi üzrə) qeyd edilmişdir ki, hazırkı mübahisə üzrə müəyyən olunur ki, inzibati orqan hesablamada ərizəçinin fəaliyyət sahəsi üzrə mütəxəssis olması təsdiq olunmayan şəxsin rəyindən istifadə etmişdir. Bununla yanaşı, rəydə ədviyyat üzərindən satılan dönər ətinin istehsal həcmi müəyyən olunmuşdur. Habulki, bu fəaliyyət üçün əsas xammal toyuq və digər ət məhsullarıdır ki, reallığa daha yaxın dövriyyə yalnız həmin xammalın istehsala sərf olunması ilə müəyyən oluna bilərdi.” Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, cavabdeh tərəfindən istehsal həcminin müəyyən edilməsi zamanı dönər ətinin əsas xammalı olan toyuq ətinin deyil, köməkçi xarakter daşıyan tomat və bibər pastasının baza göstərici kimi götürülməsi həm iqtisadi məntiqə, həm də vergi qanunvericiliyinin tələblərinə uyğun deyildir. İş materialları ilə müəyyən olunur ki, müəssisənin əsas istehsal fəaliyyəti toyuq və mal ətindən dönər ətinin hazırlanması olmuş, əsas maddi və dəyər komponentini isə toyuq əti təşkil etmişdir. Belə olan halda, istehsalın fiziki həcminin və əlavə dövriyyənin ikinci dərəcəli xammal – tomat və bibər pastası üzrə müəyyən edilməsi məhsulun real iqtisadi məzmununu əks etdirmir və vergitutma obyektinin süni şəkildə genişləndirilməsinə gətirib çıxarır. Vergi Məcəlləsinin 67-ci maddəsinə əsasən dolayı üsulla hesablamaya yalnız vergitutma obyektinin birbaşa müəyyən edilməsi mümkün olmadıqda yol verilir. Halbuki, iş materiallarından görünür ki, əsas xammal üzrə elektron qaimə-fakturalar, bank əməliyyatları və xammal hərəkəti cədvəlləri mövcud olmuşdur. Əsas xammalın faktiki sərfiyyatı üzrə araşdırma aparılmadan, köməkçi komponent əsasında milyonluq istehsal həcminin müəyyən edilməsi VM-nin 67-ci maddəsinin məqsəd və ardıcıllıq prinsipinə ziddir. Bundan əlavə, qeyri-rəsmi ət alışının mövcudluğu sübuta yetirilməmiş, səlahiyyətli dövlət orqanının məlumatı ilə mənşəyi məlum olmayan ət istifadəsi faktı təsdiqini tapmamışdır. Belə şəraitdə əlavə olaraq 1 milyondan artıq kq. istehsal həcminin iddia olunması obyektiv sübutlara deyil, ehtimallara əsaslanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, inzibati orqanın müdaxiləsi “İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş mütənasiblik prinsipinə uyğun olmalıdır. Əsas xammal üzrə gizlədilmə sübuta yetirilmədiyi halda, köməkçi xammal üzərindən istehsal həcminin müəyyən edilməsi proporsional və zəruri hesab edilə bilməz. Beləliklə, dönər ətinin istehsalında əsas komponent olan toyuq ətinin deyil, tomat və bibər pastasının əsas götürülməsi iqtisadi cəhətdən qeyri-real, hüquqi cəhətdən isə əsaslandırılmamışdır. Bu səbəbdən həmin metod əsasında müəyyən edilmiş əlavə dövriyyə və onun nəticəsi olaraq hesablanmış ƏDV məbləği qanuni və əsaslı hesab edilə bilməz. Vergitutmanın əsas prinsiplərindən biri ondan ibarətdir ki, vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. Əks yanaşma vergitutma obyektinin süni genişləndirilməsinə gətirib çıxara bilər ki, bu da Vergi Məcəlləsinin 3.2-ci maddəsinin mahiyyətinə ziddir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdehin iddiaya etirazında və apellyasiya şikayətində göstərdiyi digər dəlillər tamamilə üst-üstə düşür. Bu səbəbdən də, Kollegiya birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallarla və istinad etdiyi qanunvericilik normaları ilə razılaşır. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

Nəticəvi hissə:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9517/2025 nömrəli, 10 iyul 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Pərviz Hüseynov Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar