Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4299/2025 11.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Cəfərov Namiq Şamil oğlu və X3 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı “ali təhsilə aid kvalifikasiyanın tanınması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8104/2025 nömrəli, 27 avqust 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdeh Təhsildə X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı X5 Q.V.Plexanov adına Rusiya İqtisad Universitetinin Restoran-mehmanxana biznesi müəssisələrində menecment sahəsi üzrə 107718 ******* saylı (qeydiyyat nömrəsi 770) 14 iyul 2017-ci il tarixli bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Həmid Ağalarov) 2-1(112)-8104/2025 nömrəli, 27 avqust 2025-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işin sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı bakalavr təhsili alması üçün 2017-cı ildə Q.V.Plexanov adına Rusiya İqtisad Universitetinin Restoran-mehmanxana biznesi müəssisələrində menecment üzrə bakalavr ixtisasına yiyələnmişdir. Təhsil müddəti 2012-ci il tarixdə başlamış və 2017-cı il tarixdə başa çatmışdır. Həmin müddət ərzində iddiaçı universitet tərəfindən göndərilmiş arayışlarda göstərilən müddət ərzində təhsil almaq üçün Rusiyada olmuş, tələb olunan tədris proqramını bitirmişdir ki, ona Q.V.Plexanov adma Rusiya İqtisad Universitetinin Restoran-mehmanxana biznesi müəssisələrində menecment sahəsi üzrə 107718 0729578 saylı (qeydiyyat nömrəsi 770) 14 iyul 2017-ci il tarixli bakalavr diplomu verilmişdir. İddiaçının ümumvətəndaş pasportundan, tədris olunmuş fənlər, onların həcmi, alınmış yekun qiymətlər, habelə tədris prosesini təşkil edən digər göstəricilər qeyd olunmaqla ali təhsil haqqında sənədlərdən müəyyən olunur ki, həmin Universitetdə oxumuşdur. Bu səbəbdən də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifıkasiya)” Qaydalarının 2.1-ci maddəsinə əsasən ali təhsil sahəsində ixtisasın tanınması barədə müraciətə (ərizəyə) ali təhsil haqqında sənədlərini (dövlət rüsumunun ödənilməsi barədə qəbzi, ali təhsil haqqında sənədi, tədris olunmuş fənlər, onların həcmi, alınmış yekun qiymətlər və tədris prosesini təşkil edən digər göstəricilər) əlavə edərək Təhsil Nazirliyinə təqdim etmişdir. Lakin cavabdeh Təhsil Nazirliyi Akkreditasiya və Nostrifıkasiya İdarəsinin 17 may 2023-cü il tarixli, NA00010314 saylı məktubu ilə (həmin vaxt məktubu almamışdır və növbəti dəfə müraciət etdikdə ona xx.xx.2025-ci ildə) bildirildi ki, ərizəni təmin etməmiş, həmin ölkədə qısa müddət ərzində olduğuna istinad edərək, normativ müddətin tələbinə faktiki riayət edilmədiyini əsas gətirərək ona ekvivalentlilik haqqında şəhadətnamənin verilməsindən imtina etmiş, «Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydalarının»nın 3.10.1 və 4.14-cü bəndinə istinad olunmuşdur. Bakı İnzibati Məhkəməsi «prosessual müddətin hər hansı üzrlü səbəbdən ötürüldüyünü iddia ərizəsində əsaslandıra bilməmişdir» kimi qeyd etmişdir. Əslində Təhsil Nazirliyi Akkreditasiya və Nostrifıkasiya İdarəsi 17 may 2023-cü il tarixli, NA00010314 saylı məktubla həmin vaxt məktubu almamışdır və növbəti dəfə müraciət etdikdə ona xx.xx.2025-ci ildə bildirildi ki, ərizəsi təmin edilməmişdir. İddiaçı Təhsil Nazirliyi Akkreditasiya və Nostrifıkasiya İdarəsi 17 may 2023-cü il tarixli, NA00010314 saylı məktubunu almadığından növbəti dəfə xx.xx.2025-ci ildə müraciət edərək 100 manat məbləğində rüsumu da ödəmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qərardad ləğv edilməli, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl hazırkı tələblə cavabdehə müraciət etsə də, cavabdeh iddiaçının təhsil aldığı ölkədə qısa müddət ərizində olması əsası ilə müraciətin təmin edilməsindən imtina etmişdir. Qeyd olunan qərarın cavabdeh tərəfindən iddiaçıya hansı tarixdə rəsmi qaydada (mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmaqla) təqdim edildiyi iş materialları ilə müəyyən edilmir, bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün qiymətləndirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu anla əlaqəlidir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizənin və müddətin buraxılmasının üzrlü hesab edilməsi barədə sübutların verilməsi üçün birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya hüquqi yardım edilməmişdir. Lakin birinci instansiya məhkəməsi qeyd olunanlarla bağlı iddiaçıya hüquqi yardım etməli, bundan sonra iddianın mümkünlük məsələsinə qiymət verilməlidir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilir: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 3.5. Apellyasiya instansiyası məhkəmələri iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyi-nəzərindən qiymətləndirməlidirlər. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Göründüyü kimi, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Apellyasiya instansiyası məhkəməsi isə iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyi-nəzərindən qiymətləndirməlidir. Lakin birinci instansiyası məhkəməsi iddiaçıya hüquqi yardım etmədən iddiaçı tərəfindən prosessual qanunvericiliklə müəyyən edilmiş müddət keçdikdən sonra məhkəmədə hazırkı iddianın qaldırıldığı qənaətinə gəlmiş, yardım etmək vəzifəsinə əməl etmədən iddianı mümkünsüz saymışdır. Beləliklə, birinci instansiya məhkəməsi qərardadda iddiaçının prosessual müddətin hər hansı üzrlü səbəbdən ötürüldüyünü iddia ərizəsində əsaslandıra bilməməsini göstərsə də, bununla əlaqədar iddiaçıya hüquqi yardım etməmişdir. Belə ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən prosessual qanunvericiliklə müəyyən edilmiş müddət keçdikdən sonra məhkəmədə hazırkı iddianın qaldırıldığını qeyd etsə də, müddətin bərpasına dair ərizənin və müddətin üzrlü səbəblərdən buraxılmasını təsdiq edən sübutların məhkəməyə təqdim edilməsi ilə əlaqədar iddiaçıya hüquqi yardım edilməmiş, müvafiq məzmunda məktub iddiaçıya təqdim edilməmişdir, bununla bağlı hər hansı sübut iş materiallarında mövcud deyildir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddianı mümkün saymamaqla birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Bu səbəbdən də apellyasiya şikayəti təmin edilməli, qərardad ləğv edilməli, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8104/2025 nömrəli, 27 avqust 2025-ci il tarixli qərardadı ləğv edilsin və inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(103)-4299/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4299/2025
11.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver