Məhkəmə qərarları › İş №2-1(103)-43/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-43/2025

08.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-43/2025 08.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X13 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və X12 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi və üzərindəki tikililərə dair mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın (çıxarışın) verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli 2-1(112)-1209/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ünvan 1 ünvanda olan tikililər və torpaq sahəsinin atası X5 adına özəlləşdirilərək mülkiyyət hüququnun təsdiq edilməsi və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1956-cı il tarixdən (anadan olandan) və hal-hazırda ailəsi ilə birgə ünvan 1 ünvanında pasport qeydiyatında olmaqla yaşayır. ünvan 1 ünvanda olan tikililər və torpaq sahəsi atası X6 1948-ci il tarixdə cizgi sixemi təsdiq edilərək və keçmiş Kirov rayon XDS İK-nin (İndiki Binəqədi RİH) arxiv fondu üzrə xx.xx.1986-cı il tarixli, 31/93 saylı qərarı ilə verilmişdir. X3 xx.xx.1992-ci il tarixdə vəfat etmişdir. O, atası vəfat etdikdən bəri miras qalan ünvan 1 ünvanında olan tikililər və torpaq sahəsini qəbul edərək idarə edir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Bakı Filialına verilmiş sorğuya xx.xx.2021-ci il tarixli, BA-04296-2021 nömrəli cavab məktubunda bildirilmişdir ki, ünvan 1 ünvanda olan tikililər və torpaq sahəsi atası X6 1948ci il tarixdə cizgi sixemi təsdiq edilərək və keçmiş Kirov rayon XDS İK-nin (İndiki Binəqədi RİH) arxiv fondu üzrə xx.xx.1986-cı il tarixli, 31/93 saylı qərarı ilə verilmişdir. X1 qalan ünvan 1 ünvanda olan tikililər və torpaq sahəsinə aid vərəsəliyin açılması, onun tərəfindən mirasın qəbul edilməsinin təsdiq edilməsi və adına mülkiyyət hüququ təsdiq edilərək dövlət reyestrindən çıxarış verilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə yazılı müraciət edilməsi barədə Bakı şəhəri, 27 saylı Notariat ofisinə xx.xx.2022-ci il tarixdə (poçt qəbz nömrəsi SS779112141 AZ) yazılı müraciət etmişdir.Lakin müraciətinə cavab verilməmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək ünvan 1 ünvanında olan tikililər və torpaq sahəsinə dair hüququn ölmüş şəxsə (X6) məxsus olmasına dair arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən sözügedən fərdi yaşayış evinə və torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bu səbəblərdən ərizənin icrası tərəflərindən mümkün olmamışdır. Bu barədə vətəndaşa xx.xx.2022-ci il tarixli **********67 nömrəli məktub ünvanlanmışdır. Əlavə olaraq, iddia tələbində qeyd olunan fərdi yaşayış evinə yerli baxış keçirilməsinə İdarənin mütəxəssilərinə şərait yaradılmamışdır. Bakı İnzibati Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli 2-1(112)-1209/2023 nömrəli qərarı ilə (hakim Aygün Abdullayev) iddia tələbi təmin edilmişdir. Qərarla razılaşmayan cavabdeh etiraza uyğun olaraq ondan apellyasiya şikayəti verərək ləğv edilib, iddianın təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya etiraza uyğun əsaslandırılaraq qeyd edilmişdir ki, sözügedən fərdi yaşayış evinə və torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan RespublikasıQanununun 8-ci maddəsində və Azərbaycan RespublikasıPrezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman fərdi yaşayış evinin iki hissəyə ayrıldığı və payçılar arasında mübahisə olduğundan ölçü işlərinin aparılması mümkün olmamışdır. Bakı İnzibati Məhkəməsi tərəfindən fərdi yaşayış evinin və yerləşdiyi torpaq sahəsinin yerləşməsi düzgün müəyyən edilməmiş, torpaq sahəsinin qanuni əsaslarla ayrılıb-ayrılmaması ilə bağlı araşdırma aparılmamışdır. Tərəflərin izahatları: Sonuncu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi qismən təmin edilməlidir. İddianın mümkünlüyü: Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, iddia ümumi və xüsusi mümkünlük şərtlərinə cavab verir. İddia tələbi öhdəliyin icrası haqqında iddiadır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçı subyektiv hüquqa malikdir. Belə ki, iddiaçı qaraj sahəsinin mərhumun istifadəsində olmasına dair iddia qaldırır, mərhumun qanuni vərəsəsi olması barədə sənədlər iş materiallarında mövcuddur. İddiaçı ilkin olaraq mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə cavabdeh inzibati orqana müraciət etsə də, məhkəmə araşdırması zamanı iddia tələbini dəyişdirmiş, cavabdehin səlahiyyətli nümayəndəsi ərizənin icraata qəbul edilməsinə etiraz etməmişdir. Bu əsasla məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən yenidən dəqiqləşdirilmiş iddia tələbində qeyd edilənlərə uyğun inzibati orqana müraciət edilməsinin tələbi prosessual qənaət prinsipi baxımından əsaslı hesab edilmir. Odur ki, iddia tələbi mümkünlük şərtlərinə cavab verir. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti üzrə qənaətini əsaslandırmaq üçün ilk növbədə mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir. - 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. - 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. - 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: - 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 7.1-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. -8.0 maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada keçirilən hərracın nəticələri haqqında protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.[33] 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə:[35] 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;[36] 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) göndərilən məlumat;[37] 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.10-2. təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına tikilmiş yaşayış evlərinə və çoxmənzilli yaşayış binalarının mənzillərinə münasibətdə - həmin evlərin və mənzillərin təqdim edildiyi şəxslərin siyahısı (hər bir şəxsə təhvil verilən yaşayış evi və (və ya) mənzil dəqiq göstərilməklə), yaşayış evlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, çoxmənzilli yaşayış binasının tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və istismarına icazə; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. - 12.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. -19.1. Daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır. Ərizənin və müraciətin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. - 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmın arayış əsasında verilmış vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”:

1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: ..... 1.8. yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə rayon xalq deputatları sovetləri icraiyyə komitələrinin qərarları və həmin qərarlarda nəzərdə tutulduğu hallarda şəxsin əldə etdiyi yaşayış evinin (mənzilin) dəyərinin ödənilməsi barədə sənəd; .......

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: .... - 2.4. yaşayış və bağ evlərinə dair texniki inventarlaşdırma orqanları tərəfindən 2001ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasportlar (müvafiq tikililərin yerləşdiyi həyətyanı torpaq sahələrinin ölçüsü göstərildiyi halda); ...... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7-ci bölməsinin (Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi) müddəalarına əsasən, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir (7.1). Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara bu Təlimatın 7.1ci bəndində göstərilən qaydada çıxarış verilir (7.2). Bu Təlimatın 7.1-ci və 7.2-ci bəndlərində göstərilən qaydada çıxarış verildikdə, notariat kontorunda vərəsəliyin rəsmiləşdirilməsi üçün bu Təlimatın 1-3 nömrəli əlavələrinə uyğun olaraq tərtib edilmiş arayış tələb olunmur (7.3). “İnzibati icraat haqqında” Qanunun: - 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır. - 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. - 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir:

İnzibati işin hallarından görünür ki, X8 1991-ci ildə vəfat etmişdir. Bakı şəhəri 20 saylı Notariat Ofisi tərəfindən iddiaçının müraciəti əsasında İ.Güləliyevin vərəsələrinin dairəsi müəyyən edilərək Kirov rayon İcraiyyə Komitəsinin Xalq Deputatları Sovetinin 28 mart 1986-cı il tarixli 31/93 nömrəli qərarına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xanlar küçəsi ünvanda yerləşən torpaq sahəsinə və üzərindəki fərdi yaşayış evinə dair çıxarış verilməsi barədə cavabdehə müraciət ünvanlanmışdır. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmiş və imtina əsası kimi o hallara istinad edilmişdir ki, fərdi yaşayış evinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün İdarənin müətəxəssislərinə şərait yaradılmamışdır. İdarənin arxivində hüquq sahibi X5 adına eyni qəsəbədə, fərqli küçədə yerləşən fərdi yaşayış evinə dair tərtib olunmuş texniki pasport aşkar edilmişdir. Sözügedən fərdi yaşayış evinə və torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmasa da hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normaları pozularaq iş üzrə ətraflı araşdırma aparılmadığından məhkəmə qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası əvvəla iş materiallarındakı sənədlərə nəzər yetirir: - xx.xx.1992-ci il tarixdə verilmiş İV-ЖГ nömrəli 262183 nömrəli “Ölüm haqqında şəhadətnamə”yə əsasən X8 xx.xx.1991-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1992-ci il tarixdə 172 nömrə ilə qeyd aparılmışdır. - Məhkəmənin sorğusuna əsasən Bakı şəhəri 20 saylı Notariat Ofisi tərəfindən xx.xx.2023-cü il tarixli 237 nömrəli məktubla mərhum X5 adına açılmış vərəsəlik işinin bütün sənədlərinin təsdiq olunmuş surətləri göndərilmişdir. Təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, X5 vərəsələrindən X9, X10, X14, X11 və X2 notarial qaydada ərizə təqdim edərək X4 qalmış miras əmlakı faktiki olaraq qəbul etmədiklərini və gələcəkdə bu işlə əlaqədar heç bir iddia ilə məhkəməyə müraciət etməyəcəklərini bildirmişlər. - Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli **********25 3-21-3-30/2-32025/2023 nömrəli məktubla bildirilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xanlar küçəsi, 19 saylı fərdi yaşayış evinin qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. X5 adına eyni qəsəbədə fərqli küçədə yerləşən hər hansı fərdi yaşayış evinin dövlət qeydiyatına alınmasına, habelə onun adı ilə bağlı texniki pasportun tərtib edilməsinə dair məlumat aşkar edilməmişdir. - Apellyasiya instansiya məhkəməsində icraat zamanı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə sorğu ünvanlanaraq işin obyektiv araşdırılması məqsədilə, X5 adına Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasport və onun verilməsinə əsas olan sənədlərin məhkəməyə təqdim edilməsi xahiş olunmuş, sorğuya cavab olaraq X5 adına ünvan 3 ünvanı ilə bağlı 1964-cü il tarixdə hazırlanmış texniki pasportun təsdiqlənmiş surəti məhkəməyə təqdim edilmişdir. - Həmçinin apellyasiya instansiya məhkəməsində icraat zamanı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə sorğu ünvanlanaraq mübahisəli torpaq sahəsi və tikililər yerində müayinə edilməklə Kirov rayonu İcraiyyə Komitəsinin Xalq Deputatlarının Sovetinin 31/93 nömrəli, 28 mart 1986-cı il tarixli qərarında qeyd edilən Biləcəri qəsəbəsi, Xanlar küçəsi 19 ünvanındakı tikililərin 1964-cü il tarixli texniki pasportda qeyd edilən Biləcəri qəsəbəsi, Xaqani küçəsi 19a ünvanındakı tikililərlə eyni olub-olmaması barədə, torpaq sahəsi və tikililərin yerləşmə mövqeyi barədə (fərqli ünvanlar olduğu halda hər iki ünvandakı torpaq və tikililərin) müayinə aktının məhkəməyə təqdim edilməsi xahiş olunmuş, sorğuya 07 iyun 2024-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, fərdi yaşayış evi mübahisəli olduğundan İddiaçı hissəsinə baxış keçirilsə də, tam baxış keçirilməsinə şərait yaradılmamışdır (A tikilisinin yerdə qalan hissəsinə və torpaq sahəsinin bir hissəsinə baxış keçirmək mümkün olmadı). Texniki pasporta əsasən ərizəçinin hissəsi A tikilisində 1-4.6 saylı sahələrdir və 40.0 kv.m əlavə sahə inşa edilmişdir. İş üzrə obyektiv araşdırma aparılması məqsədilə apellyasiya icraatı zamanı məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: - Kirov rayonu İcraiyyə Komitəsinin Xalq Deputatlarının Sovetinin 31/93 nömrəli, 28 mart 1986-cı il tarixli qərarında qeyd edilən Biləcəri qəsəbəsi, Xanlar küçəsi 19 ünvanındakı tikililərin və torpaq sahəsinin koordinatları, ölçüsü müəyyən edilsin. - Kirov rayonu İcraiyyə Komitəsinin Xalq Deputatlarının Sovetinin 31/93 nömrəli, 28 mart 1986-cı il tarixli qərarında qeyd edilən Biləcəri qəsəbəsi, Xanlar küçəsi 19 ünvanındakı tikililərin iş materiallarında olan 1964-cü il tarixli texniki pasportda qeyd edilən Biləcəri qəsəbəsi, Xaqani küçəsi 19a ünvanındakı tikililərlə eyni olub-olmaması müəyyən edilsin. -Kirov rayonu İcraiyyə Komitəsinin Xalq Deputatlarının Sovetinin 31/93 nömrəli, 28 mart 1986-cı il tarixli qərarında qeyd edilən Biləcəri qəsəbəsi, Xanlar küçəsi 19 ünvanındakı tikililərlə iş materiallarında olan 1964-cü il tarixli texniki pasportda qeyd edilən Biləcəri qəsəbəsi, Xaqani küçəsi 19a ünvanındakı tikililərin yerləşmə mövqeyi müəyyən edilsin (fərqli ünvanlar olduğu halda hər iki ünvandakı torpaq və tikililərin) . Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 06 may 2025-ci il tarixli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, Qərardadın birinci və üçüncü sualları üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssis rəyi təqdim olunmadığına görə qərardadın bu sualları üzrə tədqiqat aparılmadı. Qərardadın ikinci sualları üzrə: Baxış zamanı təqdim olunmuş tikilinin texniki göstəriciləri ilə mülki iş materiallarına əlavə olunmuş 1964-cü il tarixli texniki pasportun texniki göstəricilərinin eyni olmadığı müəyyən olunub. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə apellyasiya araşdırması zamanı məhkəmə sorğusu nəticəsində mərhum X5 adına tərtib edilmiş 1964-cü il tarixdə hazırlanmış texniki pasport təqdim edilmişdir. Məhkəmə sorğularına cavab məktublarında inzibati orqan X5 adına eyni qəsəbədə fərqli küçədə yerləşən fərdi yaşayış evinə dair texniki pasportun mövcudluğundan bəhs etsə də, məhkəmənin qərardadı ilə inzibati orqanın üzərinə qoyulmuş yenidən araşdırma nəticəsində məhkəməyə təqdim edilmiş 23 sentyabr 2025-ci il tarixli 3-21-3-30/2- 44377/2025 saylı məktubda qeyd edilmişdir ki, Sözügedən qərardadla əlaqədar olaraq idarə tərəfindən yenidən araşdırılma aparılmışdır. Belə ki, müvafiq daşınmaz əmlaka texniki baxış keçirilən zaman fərdi yaşayış evinə əlavə sahənin inşa edildiyi müəyyən edilmiş, əlavə inşa edilmiş sahəyə dair "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.10.2-ci maddəsinə asasən məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evləri üçün tikinti layihəsinin memarlıq- planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsini təsdiq edən sənəd təqdim edilməmişdir. Həmçinin fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinə texniki baxış keçirilməsinə tam şərait yaradılmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsinin 3.1.16-cı maddəsinə əsasən daşınmaz əmlak, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işıəri aparılmalı və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etn.ak, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlanması təmin edilməlidir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Sözügedən məktubdan da aydın olur ki, cavabdeh inzibati orqan öz əvvəlki məktublarında iddiaçının mərhum atasının hüquqmüəyyənedici sənədlərə malik olmaması, bəzi məktublarında isə mövcud texniki pasportun fərqli küçədə yerləşən tikililər barədə olmasına istinad etsə də, yekun məktubunda həmin texniki pasportu hazırda iddia olunan torpaq sahəsi və tikililərə münasibətdə yenidən araşdırmış və yalnız əlavə tikililərin mövcudluğu və onlara dair hüquqmüəyyənedici sənədlərin olmaması əsasında iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Belə olan halda məhkəmə kollegiyası qənaəti ondan ibarətdir ki, iddiaçının mərhum atası X5 iddia olunan torpaq sahəsi və tikililərin bir hissəsinə münasibətdə hüquqmüəyyənedici sənədi mövcuddur. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, 1964-cü ildə tərtib edilmiş texniki pasportdan başqa Kirov rayon XDS İK-nin (indiki Binəqədi RİH) arxiv fondu üzrə xx.xx.1986-cı il tarixli 31/93 saylı qərarı da sözügedən ünvanda yerləşən tikililərə münasibətdə hüquqmüəyyənedici sənəd hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən 16 sentyabr 2021-ci il tarixli BA-04296-2021 nömrəli məktubla təqdim edilmiş Kirov rayon XDS İK-nin (indiki Binəqədi RİH) arxiv fondu üzrə xx.xx.1986-cı il tarixli 31/93 saylı qərarına əsasən aşağıdakı vətəndaşlara, şəxsi mülkiyyətdə olan onlara məxsus mülklərin hüquqi qeydiyyatını aparmağa icazə verilsin: - X6 Biləcəri qəsəbəsi, Xanlar küçəsi., 19, icazəsiz (5.0 × 4.0 m); (5.2×3.3m); (5.6×3.4 m) yaşayış otaqlarının, (3.8 ×3.4 m) ölçüdə əsaslı qalereyanın və (3.8×7.8 m) ölçüdə qarajın əlavə tikintisi ilə əlaqədar. Qərarın 7-ci bəndinə əsasən hüquqi qeydiyyata və özgəninkiləşdirməyə aid olan mülklərdəki dəyişikliklərin texniki pasportlara salınması qərara alınmışdır Göründüyü kimi vaxtilə texniki pasort tərtib edilən zamanı mövcud olmayan tikililərə münsibətdə Kirov rayon XDS İK-nin qərarı qəbul edilmiş və icazəsiz tikililərin də texniki pasporta salınması qərara alınmışdır. Lakin məhkəmə araşdırmaları zamanı 1964-cü ildə tərtib edilmiş texniki pasportun sonrakı tikililər əlavə edilmiş versiyası aşkar edilməmişdir. Bununla belə məhkəmə kollegiyasının qənaəti ondan ibarətdir ki, bu hal iddiaçının hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilməz. Göründüyü kimi, iddiaçının mərhum atası X5 1964-cü il tarixli texniki pasporta və Kirov rayon XDS İK-nin xx.xx.1986-cı il tarixli 31/93 saylı qərarına əsasən iddia olunan torpaq sahəsinə və onun üzərindəki tikililərə hüququ yaranmışdır. Qüvvədə olan qanunvericiliyə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarışı almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında qeydiyyat orqanı tərəfindən ilk öncə arayış verilməli, daha sonra həmin arayış əsasında hüquq vərəsənin adına qeydiyyata alınmalıdır. Əlbəttə ki, vərəsə anlayışın və miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüququnun tənzimlənməsi prinsipi Mülki Məcəllənin müddəalarında əks olunur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 14.2.3-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsasdır. - 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. - 28.1-ci maddəsinə görə fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. - 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Məhkəmə kollegiyası onu da diqqətə çatdırır ki, qanunvericilik normalarından aydın göründüyü kimi yaşayış və bağ evlərinə dair texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasportlar müvafiq tikililərin yerləşdiyi həyətyanı torpaq sahələrinin ölçüsü göstərildiyi halda hüquqmüəyyənedici sənəd sayılırlar. Tədqiq olunan texniki pasportda tikililərin yerləşdiyi torpaq sahəsinin ümumi sahəsi 471.0 kvm olduğu qeyd edilmişdir. Belə olan halda iddiaçının yalnız mövcud sahədən (471 kv.m) artıq olmayan torpaq sahəsinə münasibətdə hüququ yaranmışdır. Beləliklə, məhkəmə kollegiyasının qənaəti ondan ibarətdir ki, iddia tələbi əsaslı olsa da qismən təmin edilməlidir. Belə ki, iddiaçının iddianın dəyişdirilməsi barədə ərizəsindən və dəyişdirilmiş ərizənin icraata qəbul edilməsinə dair məhkəmə qərardadından göründüyü kimi, iddiaçı ünvan 1 ünvanında olan tikililər və torpaq sahəsinə dair hüququn ölmüş şəxsə (X6) məxsus olmasına dair arayışın, çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmiş və məhkəmədə iddia tələbini tam təmin etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda sadalanan qanunvericilik normalarından da aydın göründüyü kimi daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmın arayış əsasında verilmış vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Yəni, qeyd edilənlər iki fərqli inzibati icraatın nəticəsi olaraq təqdim edilir. İlk öncə mərhuma məxsusluq arayışı verilməlidir. Daşınmaz əmlaka mülkiyyət hüquqlarının mərhuma məxsus olması barədə arayış və həmçinin onun adına çıxarışın eyni anda verilməsinin qanuni əsası yoxdur. Belə olan halda ilkin olaraq arayışın verilməsi ilə bağlı icraat yekunlaşmalı və daha sonra həmın arayış əsasında çıxarış vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirməlidir. Yuxarıda göstərilənlərə məcmu halında hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, caavbdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, ünvan 1 ünvanda yerləşən torpaq sahəsi (faktiki ölçüsü nəzərə alınmaqla, lakin texniki pasportda qeyd edilən 471 kvm-dən artıq olmamaq şərtilə) və üzərindəki tikililərə dair hüququn ölmüş şəxsə (X6) məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq inzibati məhkəmə icraatının iştirakçılarına aid edilir. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı iştirakçısının mübahisəni əhəmiyyətsiz hissədə uduzduğu hallarda, prosessual xərcləri tam şəkildə ödəmək vəzifəsi qarşı tərəfin üzərinə qoyula bilər. İş materiallarında olan ekspertiza xərcinə dair bildirişə əsasən aparılmış tədqiqatın dəyəri ümumilikdə 50 manat təşkil etmişdir. İddia tələbi əsas hissədə təmin edildiyindən məhkəmə kollegiyası hesab edir ki, aparılmış tədqiqatın dəyəri qismində 50 manat cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli 2-1(112)-1209/2023 nömrəli qərarı ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. İddiaçıya ünvan 1 ünvanda yerləşən torpaq sahəsi (faktiki ölçüsü nəzərə alınmaqla, lakin texniki pasportda qeyd edilən 471 kv.m-dən artıq olmamaq şərtilə) və üzərindəki tikililərə dair hüququn ölmüş şəxsə (X6) məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsindən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar