Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-430/2021 06.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Məmmədov Vidadi Məmməd oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı (xx.xx.1968-ci il tarixdə Lerik rayonunda anadan olmuş, Sumqayıt şəh., 5. MKR. Qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya əmək pensiyasının hakimlik stajı və müvafiq əlavələr nəzərə alınmaqla prokurorluq işçisi kimi yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli, 2-1(112)-4223/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq Müəyyən e t d i: İddiaçı 27.04.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, «Əmək pensiyaları haqqında» AR Qanununa əsasən iş yeri üzrə sonuncu 24 ayın əmək haqqı məbləğinin müvafiq hissəsini sonrakı artımlar nəzərə alıb hesablamaqla hakim işlədiyi müddət də daxil olunmaqla prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçisi kimi əmək pensiyası təyin edib, 8 avqust 2008-ci il tarixdə hərbi qulluqçu kimi təyin olunmuş əmək pensiyası ilə əvəz edilməsi, yenidən pensiya təyin olunması zamanı yaranmış fərq məbləğinin müraciət tarixindən 2 il əvvəlki vaxtdan, yəni 6 avqust 2013-cü il tarixdən hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 1 noyabr 1986-cı il tarixdən 21 noyabr 1988-ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində əsgər kimi həqiqi hərbi xidmətdə olmuşdur. 1989-cu ilin iyun ayında Bakı Dövlət Universitetinin hüquq fakültəsinin axşam şöbəsinə qəbul olunmuş və 1994-cü ildə həmin ali məktəbi bitirmişdir. 9 oktyabr 1992-ci il tarixdən 10 iyun 1996-cı il tarixədək dövlət qulluğunun inzibati vəzifələr kateqoriyasına aid edilən Bakı şəhər prokurorluğunun təsərrüfat müdiri vəzifəsində işləmişdir. 10 iyun 1996-cı il tarixdə Qarabağ qarnizonu hərbi prokurorluğunun müstəntiqi vəzifəsinə təyin olunmuş, 25 fevral 1999-cu il tarixdə isə, həmin prokurorluğun böyük müstəntiqi vəzifəsinə keçirilmişdir. 8 fevral 2001-ci il tarixdə Sumqayıt hərbi prokurorluğunun prokurorkriminalisti vəzifəsinə, 10 dekabr 2004-cü il tarixdə isə, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Hərbi prokurorluqlarda istintaqa nəzarət şöbəsinin prokuroru vəzifəsinə təyin edilmişdir. O, 6 avqust 2008-ci il tarixdə hakim vəzifəsinə təyin olunması ilə əlaqədar prokurorluq orqanlarından xaric edilmiş, həmin tarixdən 1 yanvar 2011-ci il tarixədək Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Hərbi Məhkəməsinin hakimi vəzifəsində işləmişdir. 1 yanvar 2011-ci il tarixdən 6 avqust 2013-cü il tarixədək Tərtər Hərbi Məhkəməsinin hakimi vəzifəsində işləmiş və səlahiyyət müddətinin başa çatması ilə əlaqədar işdən azad olunmuşdur. Hazırda isə, prokurorluq, məhkəmə orqanlarında işləmiş və 8 avqust 2008-ci il tarixdən hərbi qulluqçu kimi əmək pensiyası alır. Həmin vaxt Bakı şəhərinin Qaradağ rayonu ərazisində qeydiyyatda olması ilə əlaqədar o, 3 avqust 2015-ci il tarixdə DSMF Bakı şəhəri Qaradağ rayon şöbəsinin Əmək pensiyaları sektoru müdirinin qəbulunda olmuş və müvafiq sənədləri həmin şəxsə təqdim edərək 23 il qulluq etmiş prokurorluq işçisi kimi ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Sektor müdiri (bölmə rəisi) sənədləri qəbul edərək, onun mobil telefon nömrəsini (***-***-**-**) qeyd etmiş və həftə ərzində telefon vasitəsilə məlumat verəcəyini söyləmişdir. Həmin həftə qeyd olunan şəxs ona zəng edərək, sənədlərin müzakirə edildiyini və ona göstərilən əsasla pensiya hüququnun olmadığını bildirmişdir. O, 30 iyun 2017-ci il tarixdə yenidən müvafiq sənədləri ərizəyə əlavə edərək Sumqayıt şəhərindən poçt vasitəsilə (xəbərnaməli) DSMF Bakı şəhəri Qaradağ rayon şöbəsinə göndərmişdir. Həmin sənədlərin ünvana çatdırılması ilə bağlı maraqlandıqda, nəticəsi barədə ona məlumat verilməmişdir. 2018-ci ilin əvvəllərində DSMF Bakı şəhəri Qaradağ rayon şöbəsinə gedərək ona rəsmi məlumat verilməməsinin səbəbləri ilə maraqlanmışdır. Ona bir vərəqdən ibarət cavab məktubu təqdim edilmiş və məktubda 35 il prokurorluqda əmək stajının olmaması səbəb gətirilərək ona əmək pensiyasının təyin olunması qeyri-mümkün hesab edilmişdir. Xəbərnaməli göndərilmiş həmin müraciətə cavabda ona aid olmayan bir ünvan onun ünvanı kimi göstərilmişdir. 2019-cu ilin may ayında Sumqayıt şəhərində qeydiyyatda olması ilə əlaqədar eyni məsələyə dair o, DSMF Sumqayıt şəhər şöbəsinə də müraciət etmişdir. Ərizə aidiyyəti üzrə DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilmişdir. Həmin İdarə müraciətə 11 iyul 2019-cu il tarixli məktubla cavab verilmişdir. Cavab məktubunda göstərilənlərlə razılaşmadığından, o, məsələ ilə bağlı AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. Həmin müraciət baxılması üçün DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilmişdir. İmtina məktubu ona 7 mart 2020ci il tarixdə poçt vasitəsilə təqdim edilmiş və həmin məktub əvvəlki cavabından şikayət etdiyi vəzifəli şəxs tərəfindən 20 fevral 2020-ci il tarixdə imzalanmışdır. Onun müraciətlərinə DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinin 11 iyul 2019-cu il **********3 nömrəli və 21 fevral 2020-ci il tarixli **********5 nömrəli cavab məktubları aşağıdakı səbəblərdən əsassız və ziddiyyətlidir: 11 iyul 2019-cu il tarixli məktubda həm onun Müdafiə Nazirliyindən daxil olmuş 8 oktyabr 2008-ci il tarixli 59533 nömrəli məlumat vərəqəsinə əsasən 28 il 7 ay 10 gün xidmət müddəti hesablanaraq hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasının ona təyin olunması göstərilmiş, həm də Azərbaycan Respublikası Baş Prokurorluğunun 17 aprel 1994-cü il tarixli 215 saylı əmrində xidmət stajının üçqat hesablanması deyil, 26 iyun 1998-ci il tarixədək pul təminatının üçqat hesablanmasının nəzərdə tutulması qeyd edilməklə onun məktuba düzgün istinad etmədiyi göstərilmişdir. Xidmət illərinin hesablanmasına dair Məlumata 1 saylı əlavədə isə, 10 iyun 1996-cı il tarixdən 8 fevral 2001-ci il tarixədək olan xidmət müddətinin üçqat hesablanması göstərilmişdir ki, həmin məbləğ də onun Qarabağ qarnizonu hərbi prokurorluğunda müstəntiq və böyük müstəntiq kimi fəaliyyət dövrünü əhatə edir. Təqvim üzrə olan 1 noyabr 1986-cı il tarixdən 21 noyabr 1988-ci il tarixədək olan müddət onun keçmiş SSRİ Silahlı Qüvvələrində əsgər kimi hərbi xidmətinin müddətini, 8 fevral 2001-ci il tarixdən 7 avqust 2008-ci il tarixədək olan müddət isə, Sumqayıt hərbi prokurorluğunda prokuror kriminalist və Azərbaycan Respublikası Hərbi Prokurorluğunda şöbə prokuroru kimi xidmət müddətini əhatə edir. Beləliklə, həmin cavab məktubunda həm 10 iyun 1996-cı il tarixdən 8 fevral 2001-ci il tarixədək olan xidmət müddətinin üçqat hesablanması barədə ona məlumat verilmiş, həm də həmin dövrə dair xidmətinin üçqat hesablanmalı olmadığı bildirilmişdir. Cavab məktubunda həmçinin «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikası Qanununun 32.5-ci maddəsinə istinad olunmuşdur. Lakin nəzərə alınmalıdır ki, o (iddiaçı), prokurorluq işçisi kimi əmək fəaliyyətinə başlayana qədər prokurorluq işçisinin iş stajına daxil ediləcək heç bir orqanda işləməmişdir ki, həmin müddət Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən müəyyən olunmuş qaydada prokurorluqda xidmət illəri kimi hesablansın. Əksinə, onun hakim vəzifəsinə təyin olunması ilə əlaqədar prokurorluqdakı xidmət illəri hakim kimi xidmət illərinə bərabər sayılmış və həmin xidmət illərinə hakimin vəzifə maaşının əvvəl 30 faiz, 10 iyun 2011-ci il tarixdən isə 45 faiz əlavə haqq almışdır ki, bunun hesablanması üçün qanunvericiliyə görə Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən müəyyən olunmuş qaydada stajın hesablanması tələbi yoxdur. Bu barədə bütün məlumatlar, 1 yanvar 2006-cı il tarixdən sonrakı dövrü əhatə etdiyi üçün DSMF-nin elektron bazasında mövcuddur və təqdim edilməsi tələb olunmur. Bundan başqa, məktublarda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 168 saylı qərarı ilə təsdiq edilmiş «Prokurorluq işçilərinin iş stajına görə əlavə haqqın verilməsi Qaydası»na 12 nömrəli əlavənin 4.2-ci bəndinə də istinad olunmuşdur. Lakin müxtəlif orqanlardan prokurorluq orqanlarına köçürülmüş şəxslərin əvvəlki iş stajlarının prokurorluqdakı xidmət stajına bərabər tutularaq onlara əlavə haqq təyin edilməsi üçün həmin komissiyanın qərarı zəruridir. O (iddiaçı) isə, qeyd olunduğu kimi, digər orqanlardan prokurorluğa deyil, prokurorluqdan hakim vəzifəsinə təyinat almışdır. Hakim vəzifəsinə təyinat alandan sonra aidiyyəti üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi heç bir əlavə sənəd tələb etmədən, onun əmək kitabçasındakı qeydlərə və qanunvericiliyin tələbinə əsasən hakimin vəzifə maaşına ilkin olaraq 30 faiz, sonra isə 45 faiz əlavə haqq hesablanaraq ona ödənilmişdir. Bütün sənəd və məlumatlar müvafiq elektron bazada olmasına baxmayaraq, cavabdeh tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun işçilərinə əlavə haqqın verilməsi üçün yaradılmış müvafiq Komissiyanın qərarının ondan tələb edilərək bu əsasla pensiya təyinindən imtina edilməsi Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlarının tələblərinin pozulmasıdır. Baş Prokurorluğun müvafiq komissiyası heç vaxt prokurorluqda hər hansı müddətin güzəştli şərtlərlə hesablanması barədə qərar qəbul edilməmiş, çünki xidmət illərinə əlavələrin hesablanması üçün belə güzəşt nəzərdə tutulmamışdır. Pensiya təyin edilməsi üçün nəzərdə tutulan belə güzəştlərin hesablanması qanunvericiliyə əsasən Müdafiə Nazirliyinin və əmək pensiyaları təyin etməli olan DSMF-nin səlahiyyətlərinə aid edilmişdir ki, ona aid həmin sənədlər də 2008-ci ildə DSMF-yə təqdim edilmiş və hazırda o (iddiaçı), həmin sənədlərə əsasən hərbi qulluqçu kimi əmək pensiyası alır. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüş əməliyyatları apardığı bölgələrdə olan hərbi prokurorluq işçilərinin maddi təminatı və onlara verilən güzəştlər haqqında” Azərbaycan Respublikası Baş prokurorunun 17 aprel 1994-cü il tarixli 215 saylı əmrinə əsasən Qarabağ qarnizonunun hərbi prokurorluğu AR Silahlı Qüvvələrinin döyüş əməliyyatlarının aparıldığı ərazilərdə olan hesab edlmişdir. Ərizəyə əlavə olunmuş əmək kitabçasının surətindən, AR Hərbi Prokurorluğunun 18 sentyabr 2008-ci il tarixli 1/174M saylı arayışından, AR Müdafiə Nazirliyinin 8 dekabr 2008-ci il tarixli 59533 saylı məlumat vərəqəsindən və “Hərbi qulluqçunun xidmət illərinin hesablanmasına dair” MN-nin 29 aprel 2008-ci il tarixli 225 saylı Təlimatının 17 sentyabr 2008-ci il tarixli əlavəsindən də göründüyü kimi, 10 iyun 1996-cı il tarixdən 8 fevral 2001-ci il tarixədək Qarabağ qarnizonu hərbi prokurorluğunun müstəntiqi və böyük müstəntiqi işlədiyi müddətdə onun xidməti stajı AR Baş prokurorunun 17 aprel 1994-cü il tarixli 215-r saylı əmrinə əsasən üçqat hesablanmışdır. Beləliklə, 8 fevral 2001-ci il tarixədək 13 il 11 ay 24 gün və həmin tarixdən 6 avqust 2007-ci il tarixədək 7 il 5 ay 28 gün olmaqla keçmiş SSRİ ordusunda 2 il 20 gün hərbi xidmət müddəti ilə birlikdə onun ümumilikdə 23 il 6 ay 12 gün prokurorluq orqanlarında qulluq stajı yaranmışdır. Qanunvericiliyin tələbinə əsasən hakim stajı prokurorluq işçisinin stajına bərabər sayıldığından, 5 il hakim vəzifəsində işləməsinə dair qulluq stajı ilə birlikdə onun 6 avqust 2013-cü il tarixə 28 il 6 ay 12 gün prokurorluq işçisi kimi əmək stajı yaranmışdır. Sadalanan qanunvericilik aktlarında təsbit edilənlərə əsasən 2010-cu ilin fevral ayından etibarən onun azı 25 il qulluq etmiş prokurorluq işçisi kimi güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının 7 fevral 2006-cı il tarixli Qanununun 9.1-ci maddəsinə əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olanlar axırıncı iş yerindən asılı olmayaraq həmin hüququ əldə edirlər, 9.4.1-ci maddəsinə görə isə, prokurorluq orqanlarında azı 25 il (təqvim ili deyil) qulluq etmiş prokurorluq işçiləri güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslər sırasına aid edilir. Həmin maddəyə 10 mart 2017-ci il tarixdə edilmiş və 1 iyul 2017-ci il tarixdə qüvvəyə minmiş dəyişikliyə əsasən prokurorluq orqanlarında azı 35 il qulluq etmiş prokurorluq işçiləri güzəştli şərtlərlə əmək pensiyası hüququ qazanırlar. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi “il” və “təqvim ili” anlayışlarını fərqləndirir. Belə ki, həmin Qanunun 9.1, 9.2, 9.3, 9.4, 9.7.1-ci və digər maddələrində pensiya hüququnun qazanılması üçün yalnız “il” anlayışından istifadə olunmuş, 9.5, 9.7.2-ci və digər maddələrində isə, bu hüququn qazanılması üçün həm “il”, həm də “təqvim ili” anlayışlarından istifadə edilmişdir. Beləliklə, qanunverici “il” və “təqvim ili” anlayışlarının tətbiqi əsaslarını dəqiq göstərmişdir ki, Qanunun 9.4.1-ci maddəsinə əsasən prokurorluq orqanlarında güzəştli şərtlərlə əmək pensiyası hüququnun qazanılması üçün 1 iyul 2017-ci il tarixədək 25 təvim ili deyil, 25 il, həmin tarixdən sonrakı dövr üçün isə 35 il qulluq stajının tələb olunduğunu nəzərdə tutmuşdur. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun (23 sentyabr 1992-ci il tarixli) 68-ci maddəsinin birinci hissəsinin ikinci abzasına əsasən döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də Azərbaycan Respublikasının Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti – üçqat ölçüdə iş stajına daxil edilirdi. Həmin Qanuna 1 sentyabr 2004-cü il tarixdə edilmiş və 13 sentyabr 2004-cü il tarixdə qüvvəyə minmiş dəyişikliyə əsasən “üçqat” sözü, “ikiqat” sözü ilə əvəz edilmişdir. Dəyişiklikdən sonra, yəni hazırda qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 24.0.1-ci maddəsinə əsasən isə, döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdlu iş dövrü, eləcə də müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) əmək pensiyası hüququ verən sığorta stajına üçqat ölçüdə daxil edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Hərbi qulluqçuların pensiya təminatı haqqında» və «Əmək pensiyaları haqqında» AR qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair 27 mart 2014-cü il tarixli qərarındakı hüquqi mövqeyinə görə əmək pensiyası hüququnun əldə edilməsi ilə bağlı hüquqi tənzimləmənin qüvvəyə minməsinə qədər qüvvədə olan qanunvericiliyin tələblərinı müvafiq qaydada əldə edilmiş pensiya hüququ saxlanılmalıdır. Qanunvericiliyin tələbinə uyğun olaraq, internet portalında yerləşdirilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 19 iyun 2017-ci il tarixli (surəti DSMFyə təqdim edilmişdir) qərarında da həmin əsaslarla iddiaçının 25 il iş stajı toplanmış kimi qiymətləndirilmiş və iddia təmin olunmuşdur. Belə məhkəmə qərarları onlarladır. «Əmək pensiyaları haqqında» AR Qanununun 9.4.1-ci maddəsinə 10 mart 2017-ci il tarixdə edilmiş və 1 iyul 2017-ci il tarixdə qüvvəyə minmiş dəyişikliyə əsasən prokurorluq orqanlarında azı 35 il qulluq etmiş prokurorluq işçiləri güzəştli şərtlərlə əmək pensiyası hüququ qazanırlar. Nəzərə alınsa ki, 17 – 18 yaşlarında orta məktəbi bitirmiş gənc ali təhsil alıb, hərbi xidmət keçib, işə qəbul imtahanından sonra ən tez 25 yaşında prokurorluq orqanlarına qəbul olunmaq imkanı əldə edir və 35 il qulluq keçdikdən sonra 60 yaşında güzəştli şərtlərlə pensiya hüququ qazanır ki, bu da prokurorluqda qulluqda olmanın son yaş həddi ilə eynilik təşkil edir. 30 yaşında hakim seçilməsi üçün sənəd vermiş şəxs müvafiq imtahan prosedurlarından sonra ən tez 31 yaşında hakim statusu almaq imkanı qazanır ki, 35 ildən sonra 66 yaşında pensiyaya çıxmaq hüququ əldə edir və bu da hakim ordusunda olmanın son yaş həddi ilə eynilik təşkil edir. Göründüyü kimi, hakim və prokurorluq qulluqçularının sosial təminatına dair qanunvericilik bərabərləşdirilərək təkmilləşdirilmişdir. «Əmək pensiyaları haqqında» AR Qanununun 21.2- ci maddəsinin tələbinə əsasən onun (iddiaçının) iki il iyirmi gün keçmiş SSRİ Silahlı Qüvvələrində əsgər kimi hərbi xidmət keçmə müddəti, habelə 10 iyun 1996-cı il tarixdən 8 avqust 2008-ci il tarixədək Azərbaycan Respublikasının Hərbi Prokurorluq orqanlarında zabit kimi xidməti həm prokurorluq işçisi kimi, həm də hərbi qulluqçu kimi sığortaolunan sığorta stajına daxildir. 10 iyun 1996-cı il tarixdən 8 fevral 2001-ci il tarixədək Qarabağ qarnizonu hərbi prokurorluğunda prokurorluq işçisi və hərbi qulluqçu kimi xidmət müddəti üçqat hesablanmaqla 13 il 11 ay 24 gün təşkil edir. 8 fevral 2001-ci il tarixdən 6 avqust 2008-ci il tarixədək Sumqayıt hərbi prokurorluğunda və Azərbaycan Respublikasının Hərbi Prokurorluğundakı prokurorluq işçisi və zabit kimi birqat hesablanan xidmət müddəti 7 il 5 ay 28 gün təşkil edir. Bu müddətlərin cəmi 23 il 6 ay 12 gün təşkil edir. Beş il hakim kimi fəaliyyət müddəti ilə toplandıqda cəmi 28 il 6 ay 12 gün təşkil edir. Beləliklə, onun prokurorluq işçisi kimi 25 il xidmət müddəti 2010-cu ilin fevral ayında tamam olmuşdur. Azərbaycan Respublikası Prezidentinin «Məhkəmə-hüquq sahəsində islahatların dərinləşdirilməsinə dair» 3 aprel 2019-cu il tarixli Fərmanının və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tələblərinə əsasən onun 2010-cu ilin fevral ayından etibarən azı 25 il qulluq etmiş prokurorluq işçisi kimi güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmış, bu hüququn reallaşdırılması üçün müraciət etdiyi vaxtdan, 2015-ci ilin avqust ayından üç il əvvəl onun reallaşdırılması üçün əsas yaranmışdır. DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinin 20 fevral 2020-ci il tarixli **********5 nömrəli imtina məktubunun zərfinin üzərindəki poçt möhürünün qeydlərinə əsasən həmin məktub 3 mart 2020-ci il tarixdə Bakı şəhərindən poçtla göndərilməklə 7 mart 2020-ci il tarixdə Sumqayıt şəhər poçtunda qəbul edilmişdir. 02.09.2020-ci il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Tərtər Hərbi Məhkəməsinin hakimi vəzifəsində işlədiyi son 24 ayın sonrakı artımlar nəzərə alınan əmək haqqı əsas götürülməklə ona 25 il qulluq etmiş prokurorluq işçisi kimi əmək pensiyası təyin edilməsi və 08.08.2008-ci il tarixdə ona təyin edilmiş hərbi qulluqçu pensiyası ilə əvəz edilməsi, əmək haqqına vəzifə maaşının və ona bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavənin, hakimlik stajının hər 5 ilinə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində, o cümlədən hakim vəzifəsinə təyin edilmiş prokurorluq işçilərin prokurorluq orqanlarındakı xidmətinin hər 5 ilinə görə eyni həcmdə əlavə haqqın verilməsi nəzərə alınmaqla 45 faiz əlavənin, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında ödənilən aylıq pul təminatının, ilk dəfə hakim vəzifəsinə təyin olunan şəxslərə hakimlik fəaliyyətinin ilk beş ilinin son dörd ilində ildə bir dəfə bir aylıq vəzifə maaşı məbləğində verilən birdəfəlik yardımın, hakimlərə məzuniyyətə çıxdığı vaxt ödənilən məzuniyyət haqqı və iki aylıq əmək haqqı məbləğində müavinətin, hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində verilən pul təminatının daxil edilməsinin nəzərə alınması, əmək pensiyasının ilk müraciət etdiyi vaxtdan-2015-ci ilin avqust ayından 3 il əvvələ, yəni 2012ci ilin avqust ayından təyin edilməsi, təyin edilmiş pensiya məbləği ilə ona artıq ödənilmiş pensiya məbləği arasındakı fərqin hesablanaraq birdəfəlik ödənilməsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə vəzifə kimi qoyulmasını xahiş etmişdir. 01.09.2020-ci il tarixdə cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4223/2020 saylı, 02.09.2020-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli, 2-1(112)-4223/2020 nömrəli qərarı ilə (hakim R.Kərimli) İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (Təyinat üzrə Mərkəzi Filialına) qarşı «iddiaçıya əmək pensiyasının hakimlik stajı və müvafiq əlavələr nəzərə alınmaqla prokurorluq işçisi kimi yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi» tələbinə dair iddiası təmin edilməmişdir. Qərardan narazı qalan cavabdeh 16.11.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. 12.03.2021-ci il tarixdə iddiaçı tərəfindən apellyasiya şikayəti üzrə əsaslandırmaya əlavə təqdim olunmuşdur. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsi qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli, 2-1(112)-4223/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı – əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur, 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Həmin Qanunun 9.4-cü maddəsinin 1 iyul 2017-ci il tarixdən qüvvədə olan tələblərinə əsasən prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır: (9.4.1) prokurorluq orqanlarında azı 35 il qulluq etmiş prokurorluq işçiləri, (9.4.2) yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 35 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri. Həmin Qanunun 9.4-cü maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin yaşa görə əmək pensiyası hüququ vardır: (9.4.1) prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçiləri, (9.4.2) yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 35 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri. Həmin Qanunun 32.5-ci maddəsinə əsasən prokurorluq işçiləri məhkəmə, ədliyyə və ya digər hüquq-mühafizə, o cümlədən fövqəladə hallar orqanlarına işə keçirilərkən onların prokurorluqdakı xidmət illəri həmin orqanlarda xidmət illərinə daxil edilir. Həmin orqanlardan, habelə hüquq-mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik və ya təşkilati təminatı ilə bağlı vəzifələrdən prokurorluğa qulluğa qəbul edilmiş işçilərin xidmət illəri Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən müəyyən olunmuş qaydada prokurorluqda xidmət illərinə daxil edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 15 may 2020-ci il tarixdə xüsusi konstitusiya icraatı üzrə “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” müvafiq sorğu əsasında konstitusiya işinə baxaraq qərara almışdır: - «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1, 20.1.11, 20.14 və 22.4-cü maddələrinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşlarına verilən fasiləsiz xidmət illərinə görə haqqın, əlavə haqqın, kompensasiyaların, müavinətlərin və başqa ödənişlərin məbləği və təyin edilməsi Qaydaları”nın 1-ci bəndinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 22 iyul tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydası”nın 1 və 6-cı bəndlərinin müddəalarına uyğun olaraq pensiya təyin edilməsi və hesablanması ilə bağlı fasiləsiz xidmət illərinə güzəştli xidmət müddətinin yenidən daxil edilməsi pensiya təyin edilərkən nəzərə alınan güzəştli dövrün faktiki olan təkrar hesablanması ilə nəticələndiyindən yolverilməzdir; - «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdən artımları nəzərdə tutur; - «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq etdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normalara əsasən qeyd edir ki, iddiaçının 2008 – 2013-cü illər üzrə hakim vəzifəsində işlədiyi dövr prokurorluq orqanlarında iş stajına daxil edilir. Lakin onun prokurorluq orqanlarına keçirilməmişdən əvvəlki dövr üzrə iş stajı ilə bağlı Azərbaycan Republikası Baş prokuroru tərəfindən müəyyən edilmiş qayda çərçivəsində, Azərbaycan Respublikası Baş Prokurorluğunun komissiyası tərəfindən hər hansı qərarın, aktın qəbulu olmadığından, iddiaçının 2017-ci ilin 1 iyul tarixinədək 25 il prokurorluq orqanlarında qulluq stajı toplanmış hesab olunmamalıdır. Eyni zamanda iddiaçının prokurorluq orqanlarında xidmət illəri hesablanarkən onun hərbi prokurorluqda, eləcə də müvafiq xidmətə bərabər tutulan xidmətdə, o cümlədən hakimlik stajı fasiləsiz xidmət illərində nəzərə alınmalıdır, lakin güzəştli (yəni “üçqat” hesablanan) illərin nəzərə alınması faktiki təkrarlanma kimi hesab olunur. İddiaçıya sabiq hakim kimi əmək pensiyası təyin edilmədiyindən, müvafiq əlavələrin bir qismini isə almadığından və onlardan məcburi dövlət sosial sığorta haqları ödəmədiyindən, onun əmək pensiyasının hesablanmasında fəaliyyətdə olan hakimin əmək haqqına əlavələrin nəzərə alınmamalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçıya münasibətdə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.4, 9.8-ci maddələrinin tələbləri tətbiq oluna bilməz. Belə ki, o, prokurorluq orqanlarının işçisi kimi müvafiq dövrdə tələb 25 illik iş stajını toplamamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya hərbi qulluqçu kimi təyin edilmiş əmək pensiyasının hər hansı başqa əsasla əmək pensiyasına yuxarıdakılara görə dəyişmədiyindən hazırkı iş üzrə cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli, 2-1(112)-4223/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli, 2-1(112)-4223/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-430/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-430/2021
06.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver