Məhkəmə qərarları › İş №2-1(103)-430/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-430/2022

23.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-430/2022 23.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3476/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhər, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 5907 saylı bağ sahəsinin koodinatlarının müəyyən edilməklə, İddiaçı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına almaqla dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 5907 saylı bağ sahəsi Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 2022 saylı sərəncamı əsasında İddiaçı verilmişdir. Qeyd olunan bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alınması üçün cavabdehə ərizə ilə müraciət edilmişdir. Lakin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cavab məktubu ilə ərizəçinin müraciətindən imtina etmişdir. Ümumiyyətlə, müxtəlif illərdə iddiaçı tərəfindən DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alınması üçün müraciət edilsə də, iddiaçıya gah bağ sahəsinin ayrılmasına dair adına verilmiş orderin idarənin arxivində olmaması, gah bağ sahəsinin yerinin vətəndaş tərəfindən təyin edildikdən və naturada istifadəsində olan bağ sahəsinin döngə nöqtələrinin mərz nişanları göstərdikdən sonra koordinatların müəyyən edilməsinə dair müraciətinə baxılacağı, gah da bağ sahəsinə idarənin mütəxəssisləri tərəfindən çöl ölçmə işlərinin aparılmasına şərait yaradılmadığından ərizənin icrasının qeyri mümkün olması bildirilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin qeyd olunan əsaslarla iddiaçının müraciətindən imtina etməsi əsassızdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3476/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, Bakı şəhər, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 5907 saylı bağ sahəsinin koodinatlarının müəyyən edilməklə, İddiaçı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına almaqla dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri və məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, idarənin mütəxəssisləri tərəfindən yoxlama-ölçü işlərinin aparılmasına şərait yaradılmamışdır. Belə ki, iddiaçı bağ sahəsinin yerini tanımır, mərzçəkmə işləri aparmamışdır. Habelə, elektron baza və sxematik xəritəyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 5907 saylı bağ sahəsinin bir hissəsi gediş-gəliş yoluna çevrilmiş, digər hissəsi isə iki ayrı-ayrı vətəndaşlar tərəfindən mişar daşı ilə hasara alınmış, şərq hissəsindəki torpaq sahsəsində bağ evi inşa edilmişdir. Qeyd olunan səbəblərə görə iddiaçının ərizəsinin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh tərəf apelyasiya şikayətini müdafiə edərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətinin əsassız olduğunu və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya Məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apelyasiya şikayətini iş materialları ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan : Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 5907 saylı bağ sahəsinə dair sənəd İdarənin arxivində aşkar olunmamışdır. Eyni zamanda Bakı şəhər İcra Hakimiyyətinin 12 dekabr 1993-cü il tarixli, 2022 nömrəli qərarına əsasən İddiaçı 113 saylı BTK nəzdində Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində bağ sahəsi ayrılmışdır, lakin bağ sahəsinin nömrəsi və ölçüsü göstərilməmişdir.Həmçinin İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində bağ sahəsinin ayrılmasına dair sənəd (order) İdarənin arxivində aşkar edilməmişdir. Cavabdeh inzibati orqan məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2021-ci il tarixli məktubla Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 113 nömrəli BTK nəzdində 5900-dan 5910-dək olan bağ sahələrinin sxematik xəritəsinin surətini məhkəməyə təqdim etmişdir. Həmin sxematik xəritədə 5900-dan 5910-dək olan bağ sahələrinin nömrəsi, həmçinin 5907 nömrəli bağ sahəsinin nömrəsi göstərilmişdir. Notarial qaydada təsdiq edilmiş Bağlar Təsərrüfatı İdarəsinin 34 nömrəli Orderinə əsasən Bakı Şəhər İcra Hakimiyyətinin 16 dekabr 1993-cü il tarixli 2022 nömrəli qərarına əsasən Ləhiş bağ massivində yerləşən 0.12 ha torpaq sahəsi olan 5907 nömrəli bağ İddiaçı ayrılmışdır. Bakı Şəhər İcra Hakimiyyəti məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2021-ci il tarixli məktubla Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 2022 N-li sərəncamından çıxarışın surətini məhkəməyə təqdim etmişdir. Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 2022 №-li Sərəncamından çıxarışa əsasən Ləhic bağ massivində İddiaçı bağ sahəsi ayrılmışdır. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 5907 saylı bağ sahəsi Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 2022 saylı sərəncamı əsasında İddiaçı verilmişdir. Qeyd olunan bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alınması üçün cavabdehə ərizə ilə müraciət edilmiş, lakin cavabdeh tərəfindən İddiaçı adına verilmiş orderin İdarənin arxivində aşkar olunmaması və bağ sahəsinin yerinin vətəndaş tərəfindən müəyyən edilərək mərzlənmədiyindən müraciətin təmin olunmasından imtina olunmuşdur. Daha sonra iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisəli məsələ yuxarda qeyd edilən şəkildə həll edilmişdir. Kollegiya məhkəmənin mövqeyilə razılaşır, hesab edir ki, hazırki işin faktiki halları baxımından iddianın təmin edilməsilə düzgün nəticəyə gəlinmişdir. Belə ki, «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin dördüncü hissəsinə görə fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanmış sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Həmin Qanunun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (3.0.20-ci bənd) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və təsvir edilməsini təmin etmək məqsədi ilə daşınmaz əmlakın vahid kadastrının və ünvan reyestrinin tərtib edilməsində və aparılmasında iştirak etmək, (3.0.23-cü bənd) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, (3.0.29-cu bənd) vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifələri sırasına daxildir. Yuxarda qeyd edilən qanunvericilik normalarını hazırkı iş üzrə tətbiq edən Kollegiya qeyd edir ki, iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu ərazisindəki 0.12 ha olan 5907 nömrəli bağ sahəsi sərəncam əsasında verilmiş orderlə rəsmiləşdirildiyindən və order torpaq sahəsinə hüququn dövlət qeydiyyatına alınması üçün əsas olduğundan iddiaçının tələbi qanuni və əsaslı olmuşdur. Həmçinin həmin Sərəncamın və orderin ləğvi və ya etibarsızlığı barədə məhkəməyə hər hansı sübut təqdim edilmədiyindən, sözügedən Sərəncam və order qüvvədə olduğundan iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur. Cavabdehin imtina məktubunda və apelyasiya şikayətində göstərdiyi dəlillərinə münasibət : Cavabdeh imtina məktubunda İddiaçı adına verilmiş orderin İdarənin arxivində aşkar olunmadığını bildirmişdir. Məhkəmə kollegiyası bildirir ki, orderin İdarənin arxivində aşkar olunmaması iddiaçının təqsiri olmamaqla, sonuncunun iradəsindən asılı olan hal deyildir. Həmçinin Kollegiya qeyd edir ki, qeyd edilən orderin surəti iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2021-ci il tarixli məktubla Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 2022 N-li sərəncamından çıxarışın surəti məhkəməyə təqdim edilmişdir. Bundan başqa cavabdeh apelyasiya şikayətində mübahisəli ərazidə iddiaçının mərzçəkmə işləri aparmadığını, elektron baza və sxematik xəritəyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 5907 saylı bağ sahəsinin bir hissəsi gediş-gəliş yoluna çevrildiyini və digər hissəsinin isə iki ayrı-ayrı vətəndaşlar tərəfindən mişar daşı ilə hasara alındığını və şərq hissəsindəki torpaq sahsəində bağ evi inşa edildiyini qeyd etmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti haqqında Əsasnamə»nin 3-cü bəndinə görə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə avtomatlaşdırılmış torpaq kadastr informasiya sistemini və məlumat bankını yaratmaq və onlardan istifadəni təmin etmək, mərzçəkmə işlərini aparmaq və mərz nişanlarını qoymaq Xidmətin vəzifələri sırasına daxildir. Qeyd edilən Əsasnamədən də göründüyü kimi, mərzçəkmə işlərini aparmaq və mərz nişanlarını qoymaq Xidmətin vəzifələri sırasına daxildir. Odur ki, bunun iddiaçıdan tələb edilməsi əsassızdır. Bundan başqa cavabdehin apelyasiya şikayətinin digər dəlillərinə (elektron baza və sxematik xəritəyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 5907 saylı bağ sahəsinin bir hissəsi gediş-gəliş yoluna çevrilməsi və digər hissəsinin isə iki ayrı-ayrı vətəndaşlar tərəfindən mişar daşı ilə hasara alınması və şərq hissəsindəki torpaq sahsəində bağ evi inşa edildiyi) münasibətdə Kollegiya qeyd edir : Cavabdeh tərəfindən qeyd edilən uyğunsuzluqların aradan qaldırılması Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə uyğun olaraq cavabdeh inzibati orqanın vəzifələrinə aid olduğundan iddiaçının hüquqlarının təmin olunmasından imtina üçün əsas deyildir. Buna baxmayaraq, işin obyektiv, hərtərəfli araşdırılması məqsədilə Məhkəmə kollegiyası tərəfindən mütəxəssisin iştirakı ilə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 5907 saylı bağ sahəsinə baxış keçirilmiş, baxış zamanı mütəxəssis Kollegiyanın suallarına cavab olaraq, “mübahisəli ərazidən kiminsə qeyri-qanuni yol açdığını, bu sahənin yol üçün nəzərdə tutulmadığını, həmçinin ərazinin iki qonşu tərəfindən tutulduğunu” bildirmişdir. Bundan başqa baxış zamanı qonşulardan birinin – X2 şəxsiyyəti müəyyənləşdirilmiş, digər qonşunun şəxəsiyyəti isə qeyri-müəyyən qalmışdır. Məhkəmə iclasına dəvət olunan 3-cü şəxs X4 iclas zamanı izahatında mübahisəli torpağı 2012-ci ildən bələdiyyə vasitəsi ilə aldığını və orada ev tikib yaşadığını bildirmişdir. Bundan sonra Məhkəmə kollegiyası tərəfindən Bakı şəhər, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 5907 saylı bağ sahəsinin, iki ayrı-ayrı vətəndaşlar tərəfindən mişar daşı ilə hasara alınmış, şərq hissəsindəki üçünçü şəxs Mehtiyev Ruslan tərəfindən inşa edildiyi müəyyən edilmiş bağ evinə aid torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi qərara alınmışdır. Məhkəmə Ekspertiza Mərkəzinin 28 aprel 2022-ci il tarixli, 10/2658 saylı məktubu ilə, tədqiq olunan torpaq sahəsinə dair mütəxəssislərin müvafiq rəyinin, tədqiq olunan sahənin koordinatlarının və baza məlumatlarının təqdim olunması üçün məhkəməyə vəsatət ünvanlanmışdır. Daha sonra ekspertizanın keçirilməsini təmin etmək məqsədilə mütəxəssis rəyinin təqdim edilməsi üçün müvafiq dövlət orqanına müraciət olunmuş, təqdim olunmuş mütəxəssis rəyində aşağıdakılar qeyd olunmuşdur : İddiaçının iddia etdiyi ərazinin bir hissəsi dalan (gediş-gəliş yolu kimi istifadə olunur) və digər şəxslərin iki ayrı hasara alınmış torpaq sahələridir. İddia olunan olunan torpaq sahəsində digər şəxsə aid birmərtəbəli yaşayış evi var, həmin şəxs əraziyə daxil olub ölçü işlərinin aparılmasına icazə vermədiyindən inventarlaşdırma işlərinin aparılması mümkün olmamışdır. Həmçinin rəydə qeyd olunmuşdur ki, torpaq sahəsinin üzərində mövcud olan tikilinin qeydiyyatı barədə vahid elektron kadastr bazada məlumat aşkar edilməmişdir. Göründüyü kimi, həmin ərazidə yaşayan şəxs tərəfindən mütəxəssisin əraziyə daxil olub ölçü işlərinin aparılmasına icazə verilmədiyindən inventarlaşdırma işlərinin aparılması mümkün olmamış və ekspert vəsatəti təmin oluna bilməmişdir. Əlavə olaraq Kollegiya xüsusi olaraq vurğulamağı zəruri hesab edir ki, məhkəmə iclası zamanı üçüncü şəxs Mehtiyev Ruslan tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, sonuncunun mübahisəli əraziyə dair hərhansı hüquqmüəyyənedici sənədi mövcud deyil. Təqdim edilən sənədlərdə Sabunçu rayonunun Nardaran bələdiyyəsinin 21 saylı 20 noyabr 2014-cü il tarixli iclas protokolundan çıxarışın mövcud olduğu görünür. Həmin çıxarışda qeyd edilmişdir : - X1 uzun illər istifadəsində olan heç bir hüquqtəsdiqedici sənədləri olmayan Nardaran qəsəbəsinin inzibati ərazisində yerləşən Bağ massivində 1200 kvadratmetr torpaq sahəsi uçota alınsın. Kollegiya yuxarda qeyd olunan protokoldan çıxarışa münasibətdə bildirir ki, həmin sənəd üçüncü şəxs tərəfindən mübahisəli əraziyə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam verməklə bağlı hər hansı hüququnun mövcud olmasına dəlalət etmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Eyni zamanda qeyd olunan həmin bələdiyyə sənədindən də görünür ki, üçüncü şəxs X2 mübahisəli əraziyə dair hər hans hüquqtəsdiqedici sənədləri mövcud deyil. Göründüyü kimi iddiaçıya münasibətdə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15-ci maddəsində göstərilən hüquqların dövlət qeydiyyatına alınmasından imtina üçün əsaslar mövcud olmadığından və iddiaçının tələbi əsaslı olduğundan Kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsi iddianın təmin edilməsində haqlı olmuşdur. «İnsan hüquqlarının və əsasazadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsində göstərilən «mülkiyyət» və «əmlak» anlayışı iqtisadi maraqların geniş spektrini özündə ehtiva edir. Təşəkkül tapmış presedent hüququna əsasən 1-ci maddənin təsir dairəsinə daşınar və daşınmaz əmlak, maddi və qeyri maddi maraqlar, məsələn, səhmlər, patentlər, iddia barədə arbitraj qərarı, pensiya hüququ, ev sahibinin icarə almaq hüququ, biznes fəaliyyətinin həyata keçirilməsi iləbağlı iqtisadi maraqlar, hüquqi həllini gözləyən konkret situasiyaya müəyyən şərtlərin tətbiqinə ümid edilməsi və sair daxildir. Nəzərə almaq lazımdır ki, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından «mülkiyyət» anlayışı müstəqil məna daşıyır. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinə əsasən AzərbaycanRespublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3476/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar