Məhkəmə qərarları › İş №2-1(103)-430/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-430/2023

09.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-430/2023 09.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X1 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, 2-1(112)-6604/2022 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə müraciət edərək, təminat xərcliyinin 50 faizindən əlavə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.2-ci maddəsində nəzərdə tutulan 25 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 1 faizində hesablanıb ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, o, xx.xx.1966-cı il təvəllüdlüdür. 1984-1986-cı illərdə təhsil alaraq, Şəki Tibb məktəbini bitirmişdir. xx.xx.1992-ci il tarixdə 5 saylı şəhər klinikasında tibb bacısı vəzifəsində çalışmış, xx.xx.2004-cü il tarixdə Əmək məcəlləsinin 69-cu maddəsinə əsasən həmin təşkilatda əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vərəmli Məhkumlar üçün İxtisaslaşdırılmış müalicə müəssisəsi İV vərəm bölməsinin tibb bacısı vəzifəsinə təyin edilmişdir. xx.xx.2006-cı il tarixdə vərəmli məhkumlar üçün ixtisaslaşdırılmış müalicə müəssisəsində tibb bacısı vəzifəsinin icrası 0.5 ştat vahidi üzrə müvəqqəti olaraq ona həvalə edilmişdir. xx.xx.2007-ci il tarixdə həmin vəzifədən azad olunmuşdur. xx.xx.2007-ci il tarixdə yenidən həmin müalicə müsissəsinin Tibb xidməti şöbəsinin tibb bacısı vəzifəsinə təyin olunmuşdur. xx.xx.2021-ci il tarixdə «Ədliyyə Orqanlarında Qulluq keçmə haqqında» Azərbaycan Respublikası Qanunun 38.2-ci və 40.1.10-cu maddəsinə uyğun olaraq qulluqda olmanın son yaş həddinə çatdığı üçün pensiyaya çıxması ilə əlaqədar tutmuş olduğu vəzifədən azad olunmaqla ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. Ümumilikdə 55 yaşı 36 il 5 ay 25 gün (16 il 4 ay 22 gün təqvimi xidmət ili, 6 il 10 ay 16 gün güzəştli şərtlərə düşən xidmət ili, 12 il 2 ay 17 gün isə hərbi xidmət sayılmayan iş stajı) vardır. Hərbi vəzifəsi tibb xidməti baş giziri olmuşdur. Hazırda 420,70 manat hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiya alır. Almış olduğu bu pensiya məbləğinin cavabdeh tərəfindən düzgün hesablanmaması qənaətinə gələrək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması üçün rəsmi müraciət etmişdir. Cavabdeh tərəfindən 07 dekabr 2021-ci il tarixli, **********2 saylı əmək pensiyasının yenidən hesablanmasından imtina bildirişi verilmişdir. Sözügedən bildiriş məktubunda «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 9.5.2-ci və 20.14.2-ci maddəsinə əsaslanmışlar. Verilmiş olan bu imtinanı qanunsuz və əsassız hesab edir. Belə ki, həmin Qanun 20.14.2-ci maddəsində göstərilən müddəallar düzgün tətbiq olunmamışdır. Xüsusəndə hərbi xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin 1 faizi miqdarında hesablanması müddəasına düzgün yanaşılmamışdır. Belə ki, onun 25 il hərbi xidmətinin olması qeyd olunub və pensiyası da, təminat xərcliyinin 50 faizinə hesablanıb. Ancaq, həmin maddədə o da, göstərilir ki, 25 təqvim ili və daha çox stajı olan və bu stajın azı 12 il 6 ayını hərbi xidmət keçmiş şəxslərə müvafiq təminat xərcliyinin 50 faizi sözündən sonra “və” bağlayıcısı qoyulmuş bundan sonra 25 ildən yuxarı hərbi xidmət sözü yazılmışdır. Əgər «və» bağlayıcısı əvəzinə «və ya» bağlayıcısı qoyulsaydı təminat xərcliyinin 1 faiz miqdarı ona tətbiq olunmazdı. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il qərarında və aşağıda qeyd etdiyi qərarlarda hesablanaraq ödənilməsi nəzərdə tutulmuşdur. Bununla bağlı qeyd edə bilər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»na Əlavədə əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan Məlumat Vərəqəsinin 7 və 8ci bəndlərində hərbi qulluqçuların həm təqvim üzrə xidmət illəri, həm də, güzəştli xidmət illərinə dair məlumatın göstərilməsi müəyyən edilmişdir. Həmçinin təminat xərcliyinin hesablanmasını nəzərdə tutan 14-cü bənddə qeyd edilən pul təminatından pensiya hesablanarkən faiz dərəcələri şəxsin ümumi (təqvimi və güzəştlinin cəmi) xidmət illərinə münasibətdə hesablanır. Əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyi müəyyən edilərkən «Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında» Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli (bundan sonra - Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərarı) və «Daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydasının təsdiq edilməsi barədə» Nazirlər Kabinetinin 2004-cü il 22 iyul tarixli 98 nömrəli (bundan sonra - Nazirlər Kabinetinin 2004-cü il 22 iyul tarixli 98 nömrəli Qərarı) qərarlarına müvafiq olaraq xidmət illərinin və fasiləsiz xidmət illərinə görə haqqın hesablanması qaydasına, həmçinin «Əmək pensiyaları haqqında» Qanunun 20.14-cü maddəsinin tətbiqi zamanı pensiyaçının vaxtilə müvafiq vəzifədə olarkən almadığı və buna görə də, məcburi dövlət sosial sığorta haqqı tutulmamış ödənclərin əmək pensiyasının yenidən hesablanması zamanı nəzərə alınması mütləqdir. Cavabdeh iddiaya qarşı etirazını yazılı şəkildə təqdim edərək bildirmişdir ki, tərəflərindən aparılmış inzibati icraat tədbirləri nəticəsində bildirirlər ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına daxil olmuş müraciətlərinə aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.2-ci maddəsinə əsasən hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslərin yaşa görə güzəştli şərtlərlə pensiya almaq hüququ vardır. Həmin Qanunun 20.14-cü maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyası hüququ qazanmış hərbi qulluqçuların əmək pensiyasına əlavələr qulluq stajına görə müəyyən edilməklə təminat xərciliyindəki sonrakı artımlar nəzərə alınaraq hesablanır. Qanunun 20.14.2-ci maddəsinə əsasən hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslərə müvafiq təminat xərcliyinin 50 faizi və 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 1 faizi miqdarında hesablanır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi tərəfindən Mərkəzi Filiala təqdim olunmuş 4 aprel 2021-ci il tarixli məlumat vərəqəsinə əsasən 3 oktyabr 2021-ci il tarixindən iddiaçıya Mərkəzi Filial tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 20.14.2-ci maddəsinin tələblərinə uyğun qaydada 36 il 5 ay 25 gün (16 il 4 ay 22 gün təqvimi xidmət ili, 6 il 10 ay 16 gün güzəştli xidmət ili, 12 il 2 ay 17 gün iş stajı) ümumi iş stajı nəzərə alınmaqla təminat xərcliyinin (841,40 manat) 50 (25 ilə görə-50 faiz)-420,70 manat məbləğində hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməklə ödənilir. Bakı İnzibati Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, 2-1(112)-6604/2022 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, 2-1(112)-6604/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı pensiya işinə dair sənədlərin təsdiq edilmiş surətlərindən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına xx.xx.2021-ci il tarixli, xx/xx-2514 nömrəli məktubla təqdim edilmiş, İddiaçı barəsində məlumat vərəqəsinə əsasən İddiaçı iş stajı 12 il 02 ay 17 gün, təqvim üzrə xidmət illəri 16 il 04 ay 22 gün, orta ixtisas 01 il, güzəştli xidmət illəri 06 il 10 ay 16 gün, cəmi iş stajı 36 il 05 ay 25 gün təşkil etmişdir. xx.xx.2021-ci il tarixdə son yaş həddi ilə pensiyaya çıxması ilə əlaqədar ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının təyin edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********2 nömrəli qərarı ilə İddiaçı Məməd qızına xx.xx.2021-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (İ və İİİ hissələr) “Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.5.2-ci maddəsinə əsasən hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslərin yaşa görə güzəştli şərtlərlə pensiya almaq hüququ vardır. Həmin Qanunun 20.14-cü maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyası hüququ qazanmış hərbi qulluqçuların əmək pensiyasına əlavələr qulluq stajına görə müəyyən edilməklə təminat xərciliyindəki sonrakı artımlar nəzərə alınaraq hesablanır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.2-ci maddəsinə əsasən hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslərə müvafiq təminat xərcliyinin—50 faizi və 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 1 faizi miqdarında əlavə olunmaqla hesablanır. Azərbaycan Respublikası Tibb Baş İdarəsi tərəfindən təqdim edilmiş iddiaçı barəsində məlumat vərəqəsinə əsasən isə müəyyən edilmişdir ki, iddiaçının 36 il 05 ay 25 gün iş stajı olsa da, bu müddətin 16 il 04 ay 22 günü təqvim üzrə xidmət ili, 06 il 10 ay, 16 günü güzəştli xidmət ili, 12 il 02 ay 17 günü iş stajı, 1 il isə təhsil müddətidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi ilə razılaşaraq qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən iddiaçıya sözügedən əlavənin təyin edilməsi üçün onun 25 ildən yuxarı hərbi xidmət müddətinə malik olması zəruri olsa da, iddiaçının 25 ildən yuxarı hərbi xidmət illəri mövcud deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda iddiaçı ona əmək pensiyasının yenidən hesablanmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, cavabdehin imtinası mahiyyətcə qanuna uyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır. Bu səbəbdən də iddianı əsassız sayaraq təmin etməyən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı halda iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlər mövcud olduğundan cavabdehin imtinası əsaslı olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, 2-1(112)-6604/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar