Məhkəmə qərarları › İş №2-1(103)-430/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-430/2025

31.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-430/2025 31.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh Firmasına qarşı “siyahıya alınmış əmlakın ticarət şəbəkəsində satılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X1 və X4 ibarət tərkibdə, X2-Yusiflinin katibliyi ilə, İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh Firmasına qarşı “siyahıya alınmış əmlakın ticarət şəbəkəsində satılması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2632/2024 saylı 17 iyul 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 31 yanvar 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: "xxxx" Firması xx.xx.1997-ci il tarixdən dövlət qeydiyyatına alınmışdır və əsas fəaliyyət növü Şadlıq evlərinin Xidmətləridir. Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət Reyestrindən MA seriyalı ******* nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 2315-ci məhəllə, 64P-də yerləşən 2709,8 kv.m sahəsi olan qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh Firmasının adına xx.xx.2010-cü il tarixdə qeydiyyata alınmışdır. İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli Vergi borcunun ödənilməsinə dair bildirişindən görünür ki, Cavabdeh Firmasının xx.xx.2023-cü il tarixə dövlət büdcəsinə ümumilikdə 71,632.64 manat, o cümlədən vergilər üzrə 3,767.68 manat, maliyyə sanksiyaları üzrə 67,808.44 manat, faizlər üzrə 56.52 manat borcu vardır. Cavabdehin borcu üzrə öhdəliklərin yerinə yetirilməsi ilə əlaqədar, eyni zamanda borcun ödənilmədiyi halda əmlakın siyahıya alınması ilə əlaqədar xəbərdarlıq iddiaçı tərəfindən edilmişdir. İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı səhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********0 nömrəli Əmlakın siyahıya alınması haqqında qərarından görünür ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən cavabdehin əmlakının siyahıya alınması qərara alınmışdır. Cavabdeh Firmasının direktoru X3 xx.xx.2023-cü il tarixli izahatından görünür ki, o, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 2315-ci məhəllədə yerləşən Tural şadlıq evində və icarə obyektində siyahıya alınmış əmlakların -qeyri-yaşayış binasının Cavabdeh Firmasına məxsus olmasını və vergi borcunu 30 gün müddətində ödəyəcəyini təsdiq edir. xx.xx.2023-cü il tarixli Əmlakın siyahıya alınması haqqında protokoldan və protokola əlavədən görünür ki, vergi ödəyicisi Cavabdeh Firmasının əmlakı-2709,8 kv.m ******* manat dəyərində qeyri-yaşayış binası siyahıya alınmış və əmlakın siyahıya alınması haqqında Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında akt tərtib olunmuşdur. xx.xx.2023-cü il tarixli **********084500 xəbərdarlıq məktubundan görünür ki, borcun ödənilmədiyi təqdirdə siyahıya alınmış əmlakın satılması ilə bağlı məhkəmədə iddia qaldırılacağı cavabdehə bildirilmişdir. Cavabdeh Firmasına aid şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2023-cü il tarixə 72 621,31 manat cəmi ödənilməli borcu vardır. Bundan sonra iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh Firmasına qarşı “siyahıya alınmış əmlakın ticarət şəbəkələrində satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı tərəf iddia tələbinə dəqiqləşmə verərək, məhkəmədən “cavabdehin xx.xx.2023-cü il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 71826,01 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə ******* manat məbləğində siyahıya alınmış əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması” barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan "xxxx" Firması Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx/xx/2023 tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx/xx/2023 tarixə yaranan 71826.01 manat borcuna görə ******* manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx/xx/2023 tarixli **********0 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə və müvafiq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx/xx/2023 tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx/xx/2023 tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 71826.01 manat ödənilməmiş borcu qalmışdır. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2632/2024 saylı 17 iyul 2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, məhkəmə aşağıda qeyd olunan maddi və prosessual normaları pozmaqla düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, məhkəmə qərarında qeyd edir ki, vergi orqanı tərəfindən cavabdehin əmlakı siyahıya alınarkən qanunvericilikdə sadalanan ardıcıllığa riayət edilməmiş, dəyəri 1.354.900 manat, yəni vergi borcundan dəfələrlə çox olan qeyri-yaşayış sahəsi siyahıya alınmışdır. Siyahıya alınmış əmlakın dəyəri ilə cavabdehin dövlət büdcəsinə yaranmış vergi borcu arasında kifayət qədər uyğunsuzluq vardır. Başqa sözlə, vergi ödəyicisinin dövlət büdcəsinə olan borcu ilə siyahıya alınmış əmlakı vergitutmanın adekvatlılıq prinsipi və qərarın icrasının təmin olunması baxımdan məqsədəmüvafiq deyildir. Bu səbəbdən iddia tələbi rədd edilmişdir. Cavabdeh Firması Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx/xx/2023 tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx/xx/2023 tarixə yaranan 71826.01 manat borcuna görə ******* manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx/xx/2023 tarixli **********0 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə və müvafiq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx/xx/2023 tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 71826.01 manat ödənilməmiş borcu qalmışdır. Halbuki, məhkəmə tərəfindən qeyd olunan hallar araşdırılmadan siyahıya alınmış əmlakın dəyəri ilə cavabdehin dövlət büdcəsinə yaranmış vergi borcu arasında kifayət qədər uyğunsuzluq olmasına istinad edilərək iddia ərizəsi rədd edilmişdir. Göründüyü kimi, məhkəmə tərəfindən vergi ödəyicisinin borc məbləği tam araşdırılmamış, borcla bağlı vergi orqanından hər hansı məlumat tələb edilməmiş, kifayət qədər araşdırma aparılmamışdır. Belə ki, məhkəmə qeyd edir ki, hazırki iddia tələbi ilə cavabdehin yarandığı borcu qarşılığında siyahıya alınmış əmlakın satılması cavabdehin hüquqlarının pozulmasına səbəb olur. Halbuki məhkəmə ərizəni təmin etməməklə Cavabdeh Firmasının dövlət büdcəsinə olan vergi borcunu ödəməklə bağlı qanunla müəyyən edilmiş vəzifəsinin icrasından yayınmasına şərait yaratmışdır. Sözügedən müəssisə qanunveriliklə müəyyən edilmiş müddətdə vergi öhdəliyini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Eyni zamanda məhkəmə qanunvericiliklə vergi orqanlarına verilmiş vergi ödəyicisinin vergi öhdəliyinin icrası üsulu olan əmlakının siyahıya alınması ilə bağlı hüquqi imkanlarını səmərəsiz etmiş, bu səbəbdən də yaranan borc məbləği ödənilməmişdir. İş materiallarında olan əmlakın siyahıya alınması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən cavabdehin əmlakının siyahıya alınması qərara alınmışdır. Əmlakın siyahıya alınması haqqında protokoldan görünür ki, vergi ödəyicisinin əmlakı siyahıya alınmışdır. Hesab edirik ki, məhkəmə üzərinə düşən işin hər tərəfli araşdırılması vəzifəsinə əməl etməyərək düzgün olmayan nəticəyə gəlmişdir. Bu isə məhkəmə qərarının ləğv edilməsinə əsas verir. İş materiallarına əlavə olunmuş şəxsi hesab vərəqəsindən də görünür ki, cavabdehin xx/xx/2023 tarixə dövlət büdcəsinə 71826.01 manat ödənilməmiş borcu qalmışdır. Lakin məhkəmənin cavabdehin vergi öhdəliyinin necə təmin olunmasını nəzərə almadan yalnız adekvatlılıq prinsipinə istinad edərək iddia tələbini ləğv etməsi əsassızdır. Tərəflərin izahatları: xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və cavabdeh nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin və Cavabdeh Firmasının nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli Vergi borcunun ödənilməsinə dair bildirişindən görünür ki, Cavabdeh Firmasının xx.xx.2023-cü il tarixə dövlət büdcəsinə ümumilikdə 71,632.64 manat, o cümlədən vergilər üzrə 3,767.68 manat, maliyyə sanksiyaları üzrə 67,808.44 manat, faizlər üzrə 56.52 manat borcu vardır. Cavabdehin borcu üzrə öhdəliklərin yerinə yetirilməsi ilə əlaqədar, eyni zamanda borcun ödənilmədiyi halda əmlakın siyahıya alınması ilə əlaqədar iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq da edilmişdir. Bundan sonra borc ödənilmədiyi üçün iddiaçı vergi orqanının xx.xx.2023-cü il tarixli **********0 nömrəli Əmlakın siyahıya alınması haqqında qərarı ilə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən cavabdehin əmlakının siyahıya alınması qərara alınmış və bu barədə xx.xx.2023-cü il tarixli protokol, ona əlavə tərtib olunmuşdur. Cavabdehin əmlakı olaraq 2709,8 kv.m.-dən ibarət, ******* manat dəyərində qeyri-yaşayış binası siyahıya alınmış və həmin əmlakın məsul saxlanmaya verilməsi haqqında akt tərtib olunmuşdur. İddiaçı tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh vergi borcunun ödənilməsini təmin etməmişdir. Bundan sonra iddiaçı müvafiq iddia ilə məhkəməyə müraciət etmiş, lakin iddiası birinci instansiya məhkəməsi tərəfindən rədd edilmişdir. Məhkəmə kollegiyası iddiaçının iddiasının rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 23.1, 23.1.6 və 23.1.15-1-cı maddələrinə uyğun olaraq müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək; hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanının hüququdur; 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi orqanı onun əmlakını siyahıya ala bilər; 89.2-ci madəsinə əsasən əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir; 89.3-cü maddəsinə əsasən Vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır.Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, habelə vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər; 89.4-cü maddəsinə əsasən vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər; 89.5-ci maddəsinə əsasən yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır; 89.6-cı maddəsinə əsasən əmlakın siyahıya alınması bu Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı ardıcıllıqla həyata keçirilir: nağd pul vəsaitləri; bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və sair); hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər; istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər; inventarizasiya aparılmaqla digər əmlak. 89.10-cu maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir və bu siyahı protokola əlavə edilir. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 30 avqust 2000-ci il tarixli 393 №li Fərmanının 1.40-1-ci bəndində göstərilmişdir ki, həmin Məcəllənin 23.1.15-1-ci, 90.1-ci maddələrində, 90.3-cü maddəsinin birinci hissəsində və 90.3.2-ci maddəsinin birinci və ikinci cümlələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur. Sadalanan normaların tələbinə görə, vergi orqanı dövlət büdcəsinə yaranmış borcun ödənilməsini təmin etmək məqsədilə vergi ödəyicisinin uyğun əmlakını müəyyən etməli, onun vergi ödəyicisinə məxsusluğunu yoxladıqdan sonra həmin əmlakı siyahıya ala bilər. Əmlaka daşınar və danışmaz əmlaklar, habelə qeyri-maddi əmlak nemətləri (tələblər və hüquqlar) aiddir. Bundan başqa, siyahıya alınma əsaslandırılmış qərar çıxarılmaqla həyata keçirilməli, sözügedən qərarda əmlakın vergi ödəyicisinə məxsusluğuna dair mötəbər sübutlara və müvafiq hüquq müəyyənedici sənədlərə istinad olunmalıdır. Hüquqi şəxsin bütün əmlakı, fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı borcun məbləği nəzərə alınmaqla siyahıya alına bilər. Vergi ödəyicisinə məxsus olan əmlak siyahıya alınarkən aşağıdakı məsələrə diqqət yetirilməlidir: - borcun məbləği və ödənilməməsinin müddəti; - ödənilməmənin səbəbləri; - ödəyicinin büdcə öhdəliklərini yerinə yetirməyə yönəlmiş davranışlarına məcmu halda qiymət verildikdə onun vicdanlı hesab edilməsinin mümkünlüyü; - satılmalı olan əmlakın təyinatı, həmin əmlakın gələcəkdə ödəməni həyata keçirməyə imkan verən sahibkarlıq fəaliyyətində istifadəsinin mümkünlüyü; - əmlakın satılmasının ödəyicinin şəxsi, ailə və sahibkarlıq fəaliyyətində yaradacağı diqqətə alınmalı olan mümkün nəticələr; - ödəyicinin bildirdiyi diqqətəlayiq maraqların, eləcə də icranı onun üçün daha əlverişli üsul və vasitələrlə təmin etməyə dair təklifinin mövcudluğu; - vergi orqanının sərgilədiyi diqqətə alınmalı olan davranışlar və s. İşin faktiki hallarından görünür ki, vergi orqanı tərəfindən vergi ödəyicisinin adına reyestrdə qeydiyyata alınmış daşınmaz əmlakı- Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 2315-ci məhəllə, 64P-də yerləşən 2709,8 kv.m. sahəsi olan qeyri-yaşayış binası siyahıya alınmışdır. Həmin siyahıya alınmış daşınmaz əmlakın dəyəri 1.354.900 manat miqdarında qiymətləndirilmişdir. Cavabdehin dövlət büdcəsinə yaranmış vergi borcu isə ümumilikdə 71826,01 manat təşkil edir. Göründüyü kimi, büdcəyə yaranmış borcun məbləği ilə həmin borcun ödənilməsini təmin etmək məqsədilə siyahıya alınmış əmlakın dəyəri arasında kifayət qədər fərq vardır, yəni əmlakın dəyəri borcun miqdarından dəfələrlə çoxdur ki, bu da mütənasiblik prinsipini pozur. Nəzərə almaq lazımdır ki, Vergi Məcəlləsinin 90.1-ci maddəsində istifadə olunan “zəruri və kifayət olan həcmdə” ifadəsi mütənasiblik və ədalətlilik prinsiplərinin tələblərinin nəzərə alınmasını tələb edir. Mütənasiblik prinsipinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. Ədalət prinsipi hüququn ümumi prinsiplərinin əsasını təşkil edir, tənzimləyici prinsipdir və ona görə də hər kəs ədalət prinsipinə istinad edərək düzgün, bərabər və ağlabatan rəftar tələb edə bilər. Məhkəmə icraatı zamanı ədalət prinsipi qanunun həddindən artıq sərtliyini düzəltməyə, boşluqlar olduqda onu tamamlamağa və aydın olmadıqda şərh etməyə imkan verir. Bu zaman hakim mütləq işin xüsusi halları ilə əlaqələndirməklə qanunun formal və sərt şəkildə tətbiqinin qeyri-bərabər vəziyyət yaradacağını, eləcə də əsassız və ədalətsiz nəticələrə səbəb olacağını nəzərə almaqla mübahisənin həllində ədalət meyarını önə çəkə bilər. İnzibati hüquqda ədalət prinsipi bəzi hallarda mövcud qanunvericiliyin çatışmazlıqlarının kompensasiya edilməsinin vasitəsi kimi də çıxış edə bilər. Hakim mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatının nəticəsində onda formalaşmış daxili inam əsasında qərar qəbul edərkən həmin inamı həm də öz vicdani qənaətinə və ədalət prinsipinə uyğun formalaşdırmalıdır. Ədalətli yanaşma bütün hallarda proses iştirakçılarının və əgər varsa cəmiyyətin əsaslı mənafeləri, tərəflərin daxil olduğu münasibətlərin xarakteri, eləcə də hər bir işin xüsusi halları nəzərə alınmaqla fərdi və ictimai maraqların qiymətləndirilməsi nəticəsində müəyyənləşdirilməlidir. Mütənasiblik prinsipinin tələbləri baxımından nəzərə alınmalı olan ümumi maraq qismində vergi borclarının, eləcə də məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqı borclarının dövlət büdcəsinə alınmasının təmin edilməsi çıxış edir. Buna görə də, sözügedən borclar dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Qeyd edilən ödənişlərin ödəmək (o cümlədən qanunvericiliklə müəyyən edilmiş müvaifq vaxtda və miqdarda) hər bir şəxsin konstitusion vəzifələrindən biridir. Vergi ödəyicilərinin bu vəzifəsində cəmiyyətin bütün üzvlərinin ictimai maraqları öz əksini tapmışdır. Dövlət yalnız vergi ödəyicilərinin deyil, həmçinin cəmiyyətin digər üzvlərinin də hüquq və qanuni mənafelərinin qorunması məqsədilə vergi hüquq münasibətlərini tənzimləmək sahəsində qanuni tədbirlər görmək hüququna və vəzifəsinə malikdir. Odur ki, sözügedən borclar ödəyicilər tərəfindən könüllü ödənilmədikdə qanunvericilikdə nəzərdə tutulmuş məcburetmə vasitələrinin tətbiqi ilə alına bilər. Digər tərəfdən, cəmiyyətin ümumi maraqları həmçinin onu tələb edir ki, həmin borcların mümkün qədər operativ qaydada və tam məbləğdə büdcəyə ödənilməsi təmin edilməlidir. Şəxslərin diqqətə alınmalı olan maraqları qismində isə o hallar çıxış edir ki, əgər qanunvericilikdə nəzərdə tutulmuşdursa, tələb yönəldilə bilməyən əmlaklar satıla bilməz. Müvafiq olaraq siyahıya alınmasından asılı olmayaraq məhkəmələr belə əmlakların satılması barədə qərar verməməlidirlər. Bundan başqa, şəxslər satılma zamanı ardıcıllıqla bağlı tələblərə riayət olunmasını, eləcə də əmlakların dəyərinin düzgün müəyyənləşdirilməsini də tələb edə bilərlər. Dəyərin düzgün müəyyənləşdirilməsi ona görə əhəmiyyət kəsb edir ki, borcun ödənilməsi üçün kifayət edən əmlak satışa çıxarılmalıdır. Digər tərəfdən, ödəyicilər diqqətəlayiq hər hansı digər maraqlarının nəzərə alınmasını da tələb edə bilərlər. Belə diqqətəlayiq maraqlar hər bir konkret haldan asılı olaraq dəyişə biləcəyi üçün məhkəmə tərəfindən hər işin xüsusi halları nəzərə alınmaqla qiymətləndirilməlidir. Kollegiya xüsusilə qeyd edir ki, bir qayda olaraq, büdcə qarşısında öhdəlik davam etdiyi müddət ərzində öhdəliyin həcmindən asılı olmayaraq siyahıya alınmış əmlakın satılması əsaslı hesab olunmalıdır. Belə yanaşma, ödəyicinin siyahıya alınmış yeganə əmlakının olduğu hallara da aiddir. Lakin ayrı-ayrı işin halları mütənasiblik və ədalətlilik prinsipləri baxımından xüsusi yanaşmanı da tələb edə bilər. Məhkəmə məhz xüsusi hallardan çıxış etməklə və həmin xüsusi halları sözügedən prinsiplərin tələbləri ilə əlaqələndirməklə siyahıya alınmış əmlakın satılmasından imtina barədə qərar da verə bilər. Belə hallar o zaman yol verilən ola bilər ki, ödəyicinin nəzərə alınmalı olan ciddi diqqətəlayiq maraqları mövcud olsun. Eyni zamanda, nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 81.4-cü maddəsinə görə maraqlı şəxs inzibati aktı onun üçün daha əlverişli olan qanuni üsul və vasitələrlə icra etməyə haqlıdır. Hazırki işdə vergi orqanı tərəfindən vergi ödəyicisinin dövlət büdcəsinə yaranmış vergi borcunun ödənilməsini təmin etmək məqsədilə siyahıya alınmış 1.354.900 manat dəyərində xüsusi mülkiyyətində olan daşınmaz əmlakıdan başqa digər- vergi borcunun yönəldilməsini təmin edə biləcək əmlakının olub-olmaması məsələsinin yoxlanılması iş üzrə sübuta yetirilmir. Beləliklə, məhkəmə kollegiyası hazırki işdə cavabdehin vergi borcu ilə siyahıya alınan əmlakı arasında ola mütənasiblik və adekvatlığın uyğunsuzluğunu, satılmalı olan əmlakın təyinatını, həmin əmlakın gələcəkdə ödəməni həyata keçirməyə imkan verən sahibkarlıq fəaliyyətində istifadəsinin mümkünlüyü, əmlakın satılmasının ödəyicinin sahibkarlıq fəaliyyətində yaradacağı diqqətə alınmalı olan mümkün nəticələri nəzərə alaraq hesab edir ki, iddiaçı vergi orqanı tərəfindən vergi ödəyicisinin dövlət büdcəsinə olan borcunun ödənilməsinin təmin edilməsi məqsədilə siyahıya alınmış əmlakın satılması ilə bağlı iddiaçının tələbi əsassızdır və təmin oluna bilməz. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərarlarında da hüquqi mövqe yuxarıda göstərilən şəkildə sərgilənmişdir (2-1(102)- 33/2024 saylı xx.xx.2024-cü il tarixli, 2-1(102)-592/2024 saylı xx.xx.2024-cü il tarixli qərarlar). Bu baxımdan Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçının iddiasının təmin edilməməsi qənaətinə gəlmişdir. İddiaçının apellyasiya şikayətinin dəlilləri isə əsassız olduğu üçün qanuni və əsaslı olan məhkəmə qərarının ləğv edilib, iddiaçının iddiasının təmin edilməsi üçün əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsalandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin təmin edilməməsi ilə bağlı düzgün nəticəyə gəldiyi üçün iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2632/2024 saylı 17 iyul 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2632/2024 saylı 17 iyul 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X6 Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar