Məhkəmə qərarları › İş №2-1(103)-4301/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4301/2024

26.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4301/2024 26.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı (3-cü şəxs: "xxxx" MTK) “qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X1 ibarət tərkibdə, Ramiz Vüqar oğlu Əsgərlinin katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2, Üçüncü şəxin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2980/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin mübahisələndirilməyən halları

1. İddiaçı ilə "xxxx" MTK arasında 20 dekabr 2022-ci il tarixli 0632 №-li payçı müqaviləsı bağlanmışdır.

2. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən “MTK” pay qismində çıxış edən Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küç.241 ünvanında yerləşən “AVANT Park” yaşayış Kompleksinin 11-ci binasında, 11-ci blok, 13-cü mərtəbə, 3 №-li, iki otaqlı olan mənzili tikib və “Payçı”-nın (İddiaçı) mülkiyyətinə verməyi öhdəsinə götürür.

3. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən “Payçı” bu müqaviləyə əsasən pay qismində çıxış edən Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küç.241 ünvanında yerləşən “AVANT Park” yaşayış Kompleksinin 11-ci binasında, 11-ci blok, 13-cü mərtəbə, 3 №-li, iki otaqlı olan mənzili (bundan sonra “Mənzil”) qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb olunan bütün ödənişləri “MTK”-ya ödənilməsini və həmçinin gələcəkdə “AVANT PARK” yaşayış kompleksində xidmət göstərəcək Şirkətə kommunal ödənişləri etməyi öhdəsinə götürür.

4. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən “Payçı” Müqavilənin ümumi dəyərinin qalıq 103.584 manat məbləğində pul vəsaitini, “Payçı” “MTK” və “Payçı” "xxxx" ASC arasında bağlanacaq olan müqavilələrə əsasən aldığı kredit vəsaitinin hesabına tam şəkildə ödəməyi öz öhdəsinə götürür.

5. Həmin müqavilənin 2.7-ci bəndinə əsasən "Payçı" ödənişlərin əsas və ƏDV-yə aid hissələrini qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirəcəkdir.

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 07 sentyabr 2023-cü il tarixli, **********543600 saylı qərarının ləğv edilməsi və yaşayış sahəsinə görə ödənilmiş ƏDV-nın qaytarılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küç.241 ünvanında yerləşən “AVANT Park” yaşayış Kompleksinin 11-ci binasında, 11-ci blok, 13-cü mərtəbə, 3 №-li, iki otaqlı olan mənzilə görə İddiaçı qaytarılacaq olan ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka ("xxxx" ASC-nin baş ofisi (Müştəri Xidmətləri Departamenti)) ötürülməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması və xx.xx.2023-cü il tarixində qəbul edilmiş, **********543600 saylı imtina qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, , iddiaçı 20 dekabr 2022-ci il tarixdə "xxxx" MTK ilə arasında bağlanmış 0632 saylı payçı Müqaviləsinə əsasən “Avant Park” yaşayış kompleksinin 11- ci binasında, 11-ci blok, 13-cü mərtəbə, 3 nömrəli 2 otaqlı mənzil dəyəri 115.584 manat olmaqla əldə etmişdir. 20 dekabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, onun tərəfindən 12.000 manat avans ödənilmiş və 103.584 manat məbləğində qalıq borcu qalmışdır. İş materiallarına əlavə edilmiş 29 dekabr 2022-ci il tarixli qəbzdən görünür ki, "xxxx" ASC tərəfindən MTK-ya 103.584 manat məbləğində pul ödənilərək MTK-ya mənzilə görə olan borcu tam ödənilmişdir. Bundan sonra ƏDV-nin geri alınması ilə bağlı elektron vergi kabinetindən müraciət etməyə cəhd olunsa da, texniki nasazlıq olduğundan bu mümkün olmamışdır. Bununla bağlı Dövlət Vergi Xidmətinə müraciətlər olmuş və iddiaçıya bildirilmişdir ki, mövcud problemlə bağlı araşdırılma aparılmış və texniki nasazlıq aradan qaldırılmışdır. Cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir.

9. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, İddiaçı Ebil oğlu nağdsız qaydada alınmış yaşayış sahəsinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı xx.xx.2023-cü il tarixli elektron ərizə ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət etmiş və ərizəyə 20 dekabr 2022-ci il tarixli müqavilə, bank mədaxil qəbzi və digər sənədlər əlavə edilmişdir. Qeyd etmək lazımdır ki, İddiaçı Ebil oğlu tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməli olduğu halda, onun tərəfindən yaşayış və qeyriyaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. Müraciət üzrə aparılmış araşdırmanın nəticəsi üzrə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 58-ci və 61-ci maddələrinə əsasən “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********543600 nömrəli qərar qəbul edilmişdir. Həmin qərar və “ƏDV qaytarmaq ərizəsindən imtina barədə” bildiriş İddiaçı Ebil oğluna göndərlimişdir. İddia ərizəsində qeyd olunan hal ilə bağlı məhkəmənin diqqətinə bir daha çatdırırırıq ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən, fiziki şəxs tərəfindən digər sənədlərlə yanaşı, alınmış yaşayış və qeyri- yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən bank ödəniş sənədi təqdim edildiyi təqdirdə ƏDV-nin qaytarılması həyata keçirilir. Sözügedən qaydalar isə şəxsən fiziki şəxs tərəfindən ödənişin hansı formada həyata keçirilməli olduğunu göstərir. Yəni MTK deyil, fiziki şəxs tərəfindən yaşayış sahəsinə görə ƏDV məbləği depozit hesabına ödənilməlidir. Bundan başqa, iddia ərizəsinə əlavə edilmiş 20 dekabr 2022-ci il tarixli, 0632 saylı payçı müqaviləsinin 2.7-ci bəndinə görə Payçı ( payçı - İddiaçı Əbil oğlu) ödənişlərin əsas və ƏDV-yə aid hissələrini qanunvericilikdə nəzərdə tutulmuş qayda həyata keçirəcəyi barədə öz üzərinə öhdəlik götürür. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

10. Üçüncü şəxs hazırki iddianın təmin olunması barədə ərizə təqdim etmiş və ərizəni onunla əsaslandırmışdır ki, hazırki iş üzrə cavabdehin imtina qərarının Qaydaların 5.1.2-ci bəndinin formal tələbinə istinad etməsinin hər hansı bir əsası yoxdur.

11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2980/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.

12. Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

b) Apellyasiya şikayətinin dəlilləri

13. Apellyasiya şikayəti iddiaya etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, 20 dekabr 2022-ci il tarixli, 0632 saylı payçı müqaviləsinin 2.7-ci bəndinə görə Payçı ödənişlərin əsas və ƏDV-yə aid hissələrini qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirəcəyi barədə öz üzərinə öhdəlik götürür. Odur ki, Dövlət Vergi Xidməti payçı İddiaçı müqaviləyə əsasən öz üzərinə götürdüyü öhdəliyi icra etməyərək iddia irəli sürməyi qanunvericiliyə əsasən əsassızdır. Eyni zamanda iddiaçı bildirir ki, onun müraciət etdiyi dövrdə e-qaimə kəsilməsi mümkün olmamşdır. Lakin, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, "xxxx" MTK tərəfindən müxtəlif şəxslər barəsində e-qaimələr kəsilmişdir.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatları

15. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməsini, İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir.

16. Ücüncü şəxin nümayəndəsi Nümayəndə vergi orqanı tərəfindən gətirilən arqumentə etiraz edərək, bildirmişdir ki, İddiaçı "xxxx" MTK aldığı mənzilə görə ödədiyi vəsaitdən ƏDV məbləği MTK tərəfindən dövlət büdcəsinə ödənilmişdir. Belə ki, 12 may 2022-ci ilin payçı müqaviləsinin tələblərinə əsasən ümumi dəyəri 115.584 manat olan mənzilin 12.000 manat hissəsi İddiaçı tərəfindən nağd, 103.584 manat hissəsi isə Azərbaycan Beynalxalq Bankından götürülmüş kredit hesabına "xxxx" MTK hesabına köçürülmüşdür. 2023-cü ilin mart ayına qədər "xxxx" MTK tərəfindən kəsim qaimələrinin verilməsi texniki cəhətdən mümkün deyil idi. Ona görə də, İddiaçı satılan mənzilin dəyərindən ƏDV-nin ayrıca şəkildə şəkildə dövlət xəzinadarlığına ödənilıməsi mümkün deyil idi. Lakin buna baxmayaraq mənzillərin satışından əldə edilən vəsaitlərin ƏDV məbləğləri "xxxx" MTK tərəfindən ödənilən digər ƏDV məbləğləri ilə cəm şəkildə xəzinadarlığa ödənilmişdir. Qeyd olunanlara əsasən, üçüncü şəxsin nümayəndəsi cavabdehin apellyasiya şikayətinin rədd edilməsini və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2980/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

17. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

18. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 165.6-cı maddəsinə əsasən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyriyaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir.

19. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın:

1.1. “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” (bundan sonra – Qayda) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6cı maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin (bundan sonra – ƏDV) qaytarılması şərtlərini və qaydasını tənzimləyir. 1.3. ƏDV-nin alıcıya qaytarılması alıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. 1.4. Bu Qaydanın tələbləri nəzərə alınmaqla, ƏDV alınmış yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır. Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üçün hissə-hissə ödəniş edilərsə, ƏDV yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürülür. 1.6. Yaşayış və qeyri-yaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV alıcı tərəfindən portala müraciətin daxil edildiyi tarixdən 30 (otuz) iş günü müddətində müvəkkil bank vasitəsilə qaytarılır. 6.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) aşağıdakı tələblər nəzərə alınmaqla qaytarılır: 6.1.1. ödənişi tam həyata keçirmiş alıcılar bu Qayda qüvvəyə mindiyi tarixdən, ödənişləri davam etdirən alıcılar isə ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etdikdə; 6.1.2. bu Qaydanın 5.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədlər satıcının uçotda olduğu vergi orqanına təqdim edildikdə.

26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

28. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29.Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən) 30.İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 19-25-ci bəndləri) əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2980/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv olunmalı və iddia tələbi təmin olunmamalıdır.

31. Belə ki, iş materiallarında olan "xxxx" MTK ilə Payçı İddiaçı arasında imzalanmış 0632 nömrəli 20 dekabr 2022-ci il tarixli müqavilədən görünür ki, MTK pay qismində çıxış edən Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küç.241 ünvanında yerləşən “AVANT Park” yaşayış Kompleksinin 11-ci binasında, 11-ci blok, 13-cü mərtəbə, 3 №-li, iki otaqlı olan mənzili tikib və “Payçı”-nın (İddiaçı) mülkiyyətinə verməyi, Payçı bu Müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb olunan ödənişləri MTK-ya ödəməyə öhdəsinə götürmüşdür. Müqavilənin ümumi dəyəri ƏDV daxil olmaqla 115584 manat təşkil edir. Payçı ilkin ödəniş 12000 manat, qalıq 103584 manat məbləğində pul vəsaitini Payçı MTK və Payçı ABB ASC arasında bağlanacaq müqavilələrə əsasən aldığı kredit vəsaitinin hesabına tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür.

32. İş materiallarında olan mədaxil qəbzlərindən görünür ki, İddiaçı ümumilikdə 103.584 manat ödəniş edərək "xxxx" MTK-nın bank hesabına köçürmüşdür.

33. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 07 sentyabr 2023-cü il tarixli “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” qərarına əsasən Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməli olduğu halda, yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edildiyindən iddiaçının xx.xx.2023-cü il tarixli ərizəsi üzrə ƏDV-nin geri qaytarılmasının təmin edilməməsi qərara alınmışdır.

34. Məhkəmə kollegiyası qeyd edir ki, «Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası» Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmişdir, iddiaçı tərəfindən mənzil xx.xx.2022-ci ildə alınmışdır, mənzilin dəyəri xx.xx.2022-ci ildə tam ödənilmişdir, portal xx.xx.2022-ci ildə fəaliyyətə başlamışdır, iddiaçı ƏDV-nin qaytarılması ilə əlaqədar cavabdehə 2023-cü ilin avqust ayında müraciət etmişdir.

35. Qeyd olunan Qaydaların tələblərindən görünür ki, operator - ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilən yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaiməfakturanın tərtib edilməsinə, həmin elektron qaimə-faktura barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid elektron məlumat bazasının fəaliyyətini təşkil və idarə edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətidir, Operator aşağıdakı tələblərə cavab verən proqram təminatının, portalın və vahid məlumat bazasının yaradılmasını və idarə edilməsini təmin edir: 1. alıcıya təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaimə-fakturaların tərtib edilməsi və həmin elektron qaimə-fakturalar barədə məlumatların vahid elektron məlumat bazasına ötürülməsi; 2. alıcıların ƏDV-nin qaytarılması ilə bağlı müraciətlərinin real vaxt rejimində qəbulu və emal edilməsi; 3. alıcının portal üzərindən daxil etdiyi məlumatlarla satıcının tərtib etdiyi elektron qaiməfakturanın məlumatlarının eyniləşdirilməsi.

36. İşin apellyasiya baxışı zamanı Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə verilmiş sorğuya xx.xx.2024-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı portal hazırlanaraq 21 noyabr 2022-ci ildə istifadəyə verilmişdir. 37.Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 12 may 2022-ci ilin payçı müqaviləsinin tələblərinə əsasən ümumi dəyəri 115.584 manat olan mənzilin 12.000 manat hissəsi İddiaçı tərəfindən nağdsız qaydada, 103.584 manat hissəsi isə Azərbaycan Beynalxalq Bankından götürülmüş kredit hesabına "xxxx" MTK hesabına köçürülmüşdür. Üçüncü şəxsin nümayəndəsi 2023-cü ilin mart ayına qədər "xxxx" MTK tərəfindən kəsim qaimələrinin verilməsinin texniki cəhətdən mümkün olmamasını bildirmiş, lakin buna dair əsaslı bir dəlil məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa üçüncü şəxsin nümayəndəsi mənzilin dəyərindən ödənilməli olan ƏDV-nin İddiaçı adından ayrıca şəkildə dövlət xəzinadarlığına ödənilməsinin texniki cəhətdən mümkünsüz olması səbəbindən ƏDV məbləğləri "xxxx" MTK tərəfindən ödənilən digər ƏDV məbləğləri ilə cəm şəkildə xəzinadarlığa ödənilməsini bildirmişdir.

38. İş materiallarına əlavə edilmiş sənədlərdən məlum olmuşdur ki, "xxxx" MTK mənzil tikintisi və satışı fəaliyyətindən əlavə eyni zamanda 2022-ci ildə Azərbaycan Respublikasına ümumi dəyəri 417,940.43 manat mal ixrac edib və həmin malın ƏDV qiyməti 75,229.28 manat təşkil edib. Bundan başqa vergi ödəyicisi tərəfindən təqdim edilmiş dekabr 2022-ci ilin dəqiqləşdirilmiş ƏDV bəyannaməsindən o da məlum olmuşdur ki, "xxxx" MTK-ya 2022-ci ilin dekabr ayında 4,471,426.87 manat məbləğ daxil olmuş və həmin məbləğə 804,856.84 manat ƏDV müəyyən edilmişdir. Həmin məbləğlərdən hesabat dövrü üzrə əvəzləşdirilən ƏDV çıxıldıqdan sonra (804,856.84-439,954.46) dövlət büdcəsinə ödənilməli olan ƏDV məbləği 364,902.38 manat təşkil etmişdir.

38. Vergi orqanı tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MTK-ya məxsus kəsim qaimələrinin siyahısından görünür ki, MTK 14 fevral 2023-cü ildən müxtəlif mənzillərlə bağlı qaimələr kəsmişdir. Lakin, həmin kəsim qaimələrin içəisində İddiaçı satılan mənzillə bağlı hər hansı bir qeyd mövcud deyil. 39.Məhkəmə iclasında vergi orqanı tərəfindən CD diskdə təqdim edilmiş xx.xx.2022xx.xx.2023-cü illərə aid “Bank məlumatlarına əsasən daxil olmuş vəsaitlərin depozit hesabında olan məlumatlarla üzləşdirilməsi haqqında hesabata” baxış keçirilərkən müəyyən edilmişdir ki, qeyd olunan dövr ərzində MTK-nın iştrakı ilə 1705 bank əməliyyatı həyata keçirilmiş, lakin həmin əməliyyatlar üzrə mövcud olan hesabatda İddiaçı adı göstərilməmişdir. 40.Bundan başqa o da nəzərə alınmalıdır ki, vergi ödəyicisinin fəaliyyət növləri barədə Vergi Xidməti tərəfindən təsdiq edilmiş 7 rəqəmli fəaliyyət kodlarının siyahısında ******* kimi göstərilmiş kod vergi ödəyicisinin sair ixtisaslaşdırılmış tikinti işləri ilə, ******* kimi göstərilmiş kod isə vergi ödəyicisinin mənzil tikintisi ilə məşğul olmasını göstərilir. Avant Group” MTK-nın fəaliyyət kodunun ******* olmasını nəzərə alsaq onun fəaliyyətinin mənzil tikintisindən əlavə digər ixtisaslaşdırılmış tikinti işləri (körpü, tünel,yol və s.) məşğul olmasıda müəyyən edilir.

40. Məhkəməyə təqdim edilmiş sənədlərdən məlum olmuşdur ki, əlavə dəyər vergisinin qaytarılması ilə bağlı portal xx.xx.2022-ci il tarixdə hazırlanaraq istifadəyə verilmiş, iddiaçı tərəfindən isə mənzilin dəyəri tam olaraq xx.xx.2022-ci il tarixdə ödənilmişdir.

41. Bütün bunları nəzərə alaraq, kollegiya qeyd edir ki, üçüncü şəxs «Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası»nın tələblərinə uyğun olaraq və bu Qaydaya əlavə olunmuş formada elektron qaimə-fakturanın təqdim edilməsinin mümkün olmaması barədə sübutları məhkəməyə təqdim edə bilmədi.

42. Məhkəmə kollegiyası qeyd edir ki, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasının məqsədi fiziki və hüquqi şəxslərin vergi ödəməsindən yayınmasının qarşısını almaq məqsədi daşıyır və dövlət xəzinadarlığına ƏDV daxil olmadan əsassız yerə dövlət büdcəsindən həmin vəsaitin çıxarılması yolverilməzdir.

43. Qeyd edilənlər isə birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamış, işdə olan sübutlarla müəyyən edilən hallara düzgün hüquqi qiymət verilməmiş, gəldiyi nəticə həmin sübutlarla müəyyən hallara, maddi və prosessual hüquq normalarına uyğun olmamışdır.

44. Nəzərə alınmalıdır ki, mənzilin tam şəkildə dəyərini ödəmiş şəxsin ƏDV-ni dövlət xəzinadarlığına ödəməyən MTK-dan dəymiş ziyanı tələb etmək hüququ var.

45. Ona görə də göstərilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2980/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli və iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmalıdır.

46. Şərh olunanlara əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2980/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar