Məhkəmə qərarları › İş №2-1(103)-4305/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4305/2025

11.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4305/2025 11.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədovdan (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X2 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5189/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları

1. Cavabdehin Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin xx.xx.2021ci il tarixli məktubundan görünür ki, Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsində kommersiya fəaliyyəti ilə məşğul olan hüquqi şəxs İddiaçı Azərbaycan Respublikasına 34JZ9529/34KZ4337 nömrə nişanlı yük avtomobildə idxal edilmiş “Neles” markalı “XG16DWTEJ2RXHFDF” modelli -30º C (+425oC) ətraf mühitin temperaturunda işləyə bilən diyircəkli kran yükünü xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə 15 % idxal rüsum dərəcəsi müəyyən edilmiş 8481 80819 0 alt yarım mövqeyində sinifləşdirilməli olduğu halda, 2 oktyabr 2021-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********7815 sorğu nömrəli Gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda yerləşdirmək məqsədi ilə bəyan edərkən xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə 5 % idxal rüsum dərəcəsi müəyyən edilmiş 8481 80 5990 alt yarım mövqeyində sinifləşdirilməklə, ödənilməli olan 22610 manat idxal rüsumu və 4069,80 manat X5 ibarət ümumilikdə xeyli miqdarda, yəni 26679,80 manat gömrük ödənişlərinin ödənilməsindən yayınma faktına görə aparılan araşdırma nəticəsində toplanılmış materialda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 209.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkib əlamətləri olduğundan material aidiyyəti üzrə göndərilmişdir.

2. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat - İstintaq Baş İdarəsinin istintaq və təhqiqat idarəsinin istintaq şöbəsinin Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, xx/xx/058840 nömrəli yoxlama materialı üzrə əməldə Azərbaycan Respublikası CM-nin 209 və digər maddələrində nəzərdə tutulan cinayət əməllərinin tərkibi olmadığından cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postunun anbarında saxlanılan, "Gemza Group” MMC tərəfindən idxal edilmiş “Neles” markalı, “T5GBİ6AAHİ805-MOV 24181” və “XG16DWTEJ2RXHBDP MOV 24182" modelli avadanlıqların müvafiq gömrük rəsmiləşdirilməsindən keçirilərək buraxılmasının təmin edilməsi Bakı Baş Gömrük İdarəsinə həvalə edilmişdir. Qərar bununla əsaslandırılmışdır ki, “...İdxalatçı "xxxx" MMC tərəfindən 08 fevral 2022-ci il tarixli məktubla təqdim edilmiş “Neles” şirkətinin X3 İdarəsinin elektron poçtuna göndərdiyi cavab və təqdim olunan sənədlərdə həmin avadanlıqların mənşə ölkəsinin Finlandiya olduğu, elektrik akluatoru ilə təchiz edilmiş avtomatlaşdırılmış kürəşəkilli idarəetmə klapanı olduğu və XİF MN kodunun ********** olduğu göstərilmişdir. İdxalatçı İddiaçı MMC tərəfindən 08 fevral 2022-ci il tarixli məktubla təqdim edilmiş sözügedən avadanlıqların Finlandiyadan ixrac sənədlərində həmin avadanlıqların “tənzimləyici klapan” təsviri olduğu, Finlandiyadan ixrac edilməsinə dair gömrük bəyannaməsində də malların XİF MN kodunun 84818059 olduğu, invoys və qablaşdırma siyahısı sənədlərində XİFMN kodunun ********** olduğu göstərilmişdir. Göründüyü kimi, idxalatçı tərəfindən təqdim olunmuş sənədlərin və sənədlərdə əksini tapmış məlumatların həqiqiliyi şübhə doğurmur...”

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-1256/2023 nömrəli qərarından görünür ki, iddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçı tərəfindən 34JZ9529\34KZ4337 nömrəli nəqliyyat vasitəsində, 000128 saylı xx.xx.2021-ci il tarixli invoys sənədi və **********7815 sorğu nömrəli, xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsi ilə idxal edilmiş “Neles” markalı, “T5GB16AAH1805 MOV 24181” və XG16DWTEJ2RXHBDF MOV 24182” modelli avadanlıqların gömrük rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7873/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçı tərəfindən **********7815 sorğu nömrəli, xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsi ilə idxal edilmiş “Neles” markalı, “T5GB16AAH1805 MOV 24181” və XG16DWTEJ2RXHBDF MOV 24182” modelli avadanlıqların gömrük rəsmiləşdirilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1129/2023 nömrəli, 3 fevral 2023-cü il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7873/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023cü il tarixli, 2-1(102)-1256/2023 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 1129/2023 nömrəli, 3 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qərarında göstərmişdir ki, “...Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 24 fevral 2022-ci il tarixli həmin qərarla eyni zamanda Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postunun anbarında saxlanılan, İddiaçı MMC tərəfindən idxal edilmiş “Neles” markalı, “T5GB16AAH1805 MOV 24181” və XG16DWTEJ2RXHBDF MOV 24182” modelli avadanlıqların müvafiq gömrük rəsmiləşdirilməsindən keçirilərək buraxılmasının təmin edilməsi Bakı Baş Gömrük İdarəsinə həvalə edilmişdir. Lakin həmin qərara rəğmən, cavabdeh X4 İdarəsinin verdiyi rəyə zidd olaraq gömrük rəsmiləşdirilməsinin aparılmasının mümkün olmadığını iddia etmişdir.

4. İşdə olan **********7815 sorğu nömrəli gömrük bəyananməsi üzrə elektron çıxarışdan görünür ki, iddiaçı xx.xx.2023-cü ildə təsdiq edilməsi üçün həmin gömrük bəyannaməsini yenidən cavabdehə göndərmiş, xx.xx.2023-cü ildə gömrük bəyannaməsi təsdiq edilərək yük buraxılmışdır.

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən İddiaçı MMC-yə vurulmuş ümumilikdə 385202,0 manat ziyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçının nümayəndəsi xx.xx.2025-ci il tarixli məhkəmə iclasında ərizə təqdim edərək cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin əsl cavabdeh Bakı Baş Gömrük İdarəsi ilə əvəz edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, MMC-nin ünvanına 34JZ9529Y34KZ4337 nömrəli nəqliyyat vasitəsində, 000128 saylı xx.xx.2021-ci il tarixli invoys sənədi ilə daxil olmuş yük **********7815 sorğu nömrəli, xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük İdarəsində bəyan edilmişdir. Mal müşayiət sənədlərində həmin malların XİF MN üzrə ********** kodu altında təsnif edildiyi göstərilmişdir. Həmin malların XİF MN üzrə hansı kod altında sinifləşdirilməsinin müəyyən edilməsi məqsədi ilə X3 idarəsinə müraciət edilmişdir. X3 İdarəsindən daxil olmuş məktubda İddiaçı MMC tərəfindən verilmiş invoys üzrə 1-ci mövqedə olan malın XİF MN ********** kodu altında təsnif edilməklə 5 % idxal gömrük rüsumuna, 2-ci mövqedə olan malın isə XİF MN ********** kodu altında təsnif edilməklə 15 % idxal gömrük rüsumuna cəlb edilməli olduğu qeyd edilmişdir. Nəticədə həmin malların idxalı zamanı İddiaçı MMCnin 26678,80 manat gömrük ödənişlərinin ödənilməsindən yayındığı və əməldə Azərbaycan Respublikası CM-nin 209.1-ci maddəsinin tərkib əlamətlərinin olduğu göstərilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin istintaq və təhqiqat idarəsinin icraatında olan və 25\25\058849 nömrəli material üzrə araşdırma aparılmış, araşdırma zamanı müəyyən olunmuşdur ki, İddiaçı MMC tərəfindən **********7815 sorğu nömrəli, xx.xx.2021-ci il tarixli bəyannaməsi ilə Bakı Baş Gömrük İdarəsində bəyan edilmiş “Neles” markalı “T5GB16AAH1805 MOV 24181” və “XG16DWTEJ2RXHBDF MOV 24182” modeli avadanlıqların XİF MN kodunun ********** olmasına dəlalət edir. Eyni zamanda araşdırmanın nəticəsində İddiaçı MMC-nin həmin avadanlıqların idxalı və “sərbəst dövriyyə üçün buraxılışı” gömrük prosedurunda gömrük rəsmiləşdirilməsindən keçirilməsi zamanı malların təsviri və XİF MN kodunu düzgün bəyan etdiyi və gömrük ödənişlərinin ödənilməsindən yayınma halının olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin istintaq və təhqiqat idarəsinin istintaq şöbəsinin 24 fevral 2022-ci il tarixli qərarı ilə 25\25\058840 nömrəli yoxlama materialı üzrə əməldə Azərbaycan Respublikası CMnin 209 və digər maddələrində nəzərdə tutulan cinayət əməllərinin tərkibi olmadığından cinayət işinin başlanması Azərbaycan Respublikası CPMnin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Eyni zamanda, Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postunun anbarında saxlanılan, İddiaçı MMC tərəfindən idxal edilmiş “Neles” markalı, “T5GB16AAH1805 MOV 24181” və “XG16DWTEJ2RXHBDF MOV 24182” modeli avadanlıqların gömrük rəsmiləşdirilməsindən keçirilərək buraxılmasının təmin edilməsi Bakı Baş Gömrük İdarəsinə həvalə edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat İstintaq Baş İdarəsi 25\004408 nömrəli 01 maıt 2022-ci il tarixli məktubla Bakı Baş Gömrük İdarəsinə müraciət edərək İddiaçı MMC tərəfindən idxal edilmiş “Neles” markalı, “T5GB16AAH1805 MOV 24181” və “XG 16DWTEJ2RXHBDF MOV 24182” modeli avadanlıqların gömrük rəsmiləşdirilməsindən keçirilərək buraxılması məsələsinə baxılması sonuncuya həvalə edilmişdir. Bundan sonra İddiaçı MMC-nin əməkdaşları Bakı Baş Gömrük İdarəsininin Təhqiqat şöbəsində olmuş, sonuncu tərəfindən raport yazılaraq materialın hüquqpozmalardan çıxarılmış və aidiyyatı sənədlər maliyyə inspektoruna təqdim edilmişdir. Bundan başqa İddiaçı MMC-nin əməkdaşları Bakı Baş Gömrük İdarəsininin Təhqiqat şöbəsində, İdarənin rəsi və onun müavinlərinin yanında olsa da İddiaçı MMC tərəfindən idxal edilmiş “Neles” markalı, “T5GB16AAH1805 MOV 24181” və “XG16DWTEJ2RXHBDF MOV 24182” modeli avadanlıqların gömrük rəsmiləşdirilməsindən keçirilməsi yubadılmış və beləliklə Azərbaycan Respublikası Konstitusiyası ilə qorunan İddiaçı MMC-nin mülkiyyət huquqları pozulmuşdur. Bütün yuxarıda göstərilən yazışmalar bir nəticə vermədiyindən, yəni gömrük orqanı tərəfindən heç bir səbəb olmadan gömrük rəsmiləşdirilməsinin aparılmasından imtina olunduğundan, aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7873\2022 nömrəli 11 oktyabr 2022-ci il tarixli qərarı ilə İddiaçı MMC-nin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı “idxal edilmiş avadanlıqların rəsmiləşdirilməsi” tələbinə dair iddiası ərizəsi təmin olunmuş, İddiaçı MMC tərəfindən **********7815 sorğu nömrəli, xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsi ilə idxal edilmiş “Neles” markalı, “T5GB16AAH1805 MOV 24181” və XG16DWTEJ2RXHBDF MOV 24182” modelli avadanlıqların gömrük rəsmiləşdirilməsi öhdəliyi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə həvalə edilmişdir. Gömrük orqanının apellyasiya şikayəti əsasında işə baxan Bakı Apellyasiya Məhkəməsi özünün 2- 1(103)-1129/2023 nömrəli, 3 fevral 2023-cü il tarixli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7873\2022 nömrəli 11 oktyabr 2022-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır. Gömrük orqanının kassasiya şikayəti əsasında işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsi özünün 2-1(102)-1256/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1129/2023 nömrəli, 3 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Gömrük orqanın qanunsuz hərəkətləri nəticəsində İddiaçı MMC-yə maddi ziyan vurulmuşdur. Qeyd olunan ziyan aşağıdakılardan ibarətdir: 1. Gömrük rəsmiləşdirilməsinə təqdim olunan malın saxlanılması ilə (icarə müqaviləsi ilə əlaqədar) əlaqədar çəkilən xərc- 49240,0 manat ziyan, 2. Gömrük dəyəri 790500 manat olan malın saxlanılması ilə əlaqədar dəyən ziyan-158100,0 manat, 3. Gömrük rəsmiləşdirilməsinə təqdim olunan malın alınması və daşınması ilə əlaqədar xərclənən 790500 manat məbləğində dövriyyə vəsaitinin banklardan götürülmüş kredit hesabına maliyyələşməsindən dəyən ziyan-177862,0 manat.

8. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək bildirir ki, İddiaçı MMC-nin ünvanına idxal olunmuş “Neles” markalı avadanlıqlar xx.xx.2021 -ci il tarixdə **********7815 sorğu nömrəli gömrük bəyannaməsi əsasında Bakı Baş Gömrük İdarəsinə gömrük rəsmiləşdirilməsinin aparılması məqsədilə təqdim edilmişdir. xx.xx.2021-ci il tarixdə gömrük əməkdaşına yönləndirilmiş, elə həmin gün gömrük əməkdaşı tərəfindən malların təsnifat kodunun onun təsviri ilə uyğunluğunun müəyyən edilməsi üçün malların şəkillərinin təqdim edilməsi tələb edilmiş, lakin malların təsnifat kodunun müəyyənləşdirilməsi mümkün olmadığından malların təsnifat koduna dair müvafiq rəyin tərtib edilməsi məqsədilə Dövlət Gömrük Komitəsi X3 İdarəsinə xx.xx.2021-ci il tarixli 1400-012/0xx-xx/006779 nömrəli məktubla müraciət edilmiş, həmin qurum tərəfindən xx.xx.2023-cü il tarixli 2200-017/0xx-xx/005854 nömrəli cavab məktubu əsasında rəy təqdim edilmişdir. Göründüyü kimi, ekspertizanın aparılma müddəti sözügedən qanunvericilik normasının nəzərdə tutduğu müddəti ötməmiş, 20 iş günü müddətində rəy təqdim edilmişdir. Verilmiş rəy əsasında gömrük bəyannaməsində müvafiq düzəlişlərin - təsnifat koduna düzəliş edilməsinin təmin edilməsi üçün gömrük bəyannaməsi xx.xx.2021-ci il tarixdə bəyannaməçiyə qaytarılmış, lakin bəyannaməçi tərəfindən qeyd olunan düzəliş aparılmayaraq 15.11,2021-ci il tarixdə yenidən rəsmiləşdirmə üçün göndərilmişdir. Daha sonra xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək bəyannamə üzrə hüquqpozma faktının mövcudluğu araşdırıldığından həmin müddətdə rəsmiləşdirilmə dayandırılmışdır. xx.xx.2022-ci il tarixdə gömrük bəyannaməsində düzəlişin edilməsi məqsədilə bəyannaməçiyə qaytarılmış, lakin gömrük bəyannaməsi bəyannaməçi tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək, yəni 575 gün ərzində “bəyannaməçidə” statusunda saxlanılaraq gömrük rəsmiləşdirilməsinə təqdim etməkdən və gömrük ödənişlərini ödəmək öhdəliyindən qəsdli olaraq boyun qaçırmışdır. Yalnız xx.xx.2023-cü il tarixdə rəsmiləşdirmənin davam etdirilməsi üçün bəyannamə təqdim edilmiş, bu tarixdən bir həftə sonra, xx.xx.2023-cü il tarixdə gömrük ödənişləri ödənilərək malların buraxılışı həyata keçirilmişdir. Hesablanmış gömrük ödənişləri, iddiaçı tərəfindən yalnız yuxarıda qeyd olunduğu kimi, xx.xx.2023-cü il tarixdə ödənildiyi üçün malların sərbəst dövriyyəyə buraxılışı həmin tarixdə mümkün olmuşdur. “Gömrük rəsmiləşdirilməsinə təqdim olunan malın saxlanılması ilə bağlı çəkilən xərc- 49240 manat” ziyanın gömrük orqanından tələb edilməsi tamamilə əsassız və qanunaziddir. Belə ki, malların xeyli müddət anbarda saxlanmasının səbəbkarı gömrük orqanı deyil, iddiaçının öz iradəsinin ifadəsi olmuşdur. Gömrük rəsmiləşdirilməsi ərəfəsində sözügedən malların gömrük nəzarət zonası kimi Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” Gömrük Postunun yerləşdiyi anbarda saxlanılmış, postun yerləşdiyi anbar "xxxx" MMC-yə (VÖEN: **********) məxsusdur və orada saxlanılan malların gündəlik saxlanc üçün xərcləri dövlət büdcəsinə ödənilmir. "xxxx" MMC ilə İddiaçı MMC arasında yaranan münasibətlər tamamilə mülki-hüquqi xarakter daşıyır və onlar arasında iddiaçının özünün də etiraf etdiyi kimi icarə müqaviləsi bağlanılmışdır. Gömrük orqanının bağlanmış müqavilədə tərəf kimi iştirak etmədiyi nəzərə alınsa, iddiaya cavab verməli olan şəxsin gömrük orqanı ola bilməyəcəyi müəyyən olunur. İddiaçı ərizəsində real zərər və əldən çıxmış faydanın gömrük orqanının hərəkətlərindən meydana gəldiyini əsaslandıra bilməmiş və bununla bağlı hər hansı sübutedici vasitə təqdim edə bilməmişdir. İddiaçı saxlanc xərci ilə bağlı “49240 manat” məbləğ barədə hər hansı təsdiqedici sənəd də məhkəməyə təqdim etməmişdir. 2-ci maddi ziyan olaraq iddiaya əlavə edilmiş “gömrük dəyəri 790500 manat olan malın saxlanılması ilə əlaqədar dəymiş -158100 manat” ziyanın nə ilə əsaslandırıldığına dair sübutedici faktlar yoxdur, həmçinin malların anbarda saxlanılmasında yuxarıda da qeyd edildiyi kimi gömrük orqanının təqsiri olmadığı üçün əsassız hesab edilməlidir. Mallar iddiaçının sərəncamında olmuş, lakin onun təyinatı üzrə istifadəsi iddiaçı tərəfindən həyata keçirilməmiş, bu əsasla “əldən çıxmış fayda” ümumiyyətlə mövcud deyil, hətta mövcud olsa belə bu iddiaçının təqsirinə görə mövcuddur. İddiaçı tərəfindən 3-cü maddi ziyan hesab edilən “Gömrük rəsmiləşdirilməsinə təqdim olunan malın alınması və daşınması ilə əlaqədar xərclənən 790500 manat məbləğində dövriyyə vəsaitinin banklardan götürülmüş kredit hesabına maliyyələşməsindən dəyən - 177862,0 manat” ziyanın əsaslandırılması real deyil. Belə ki, bank ilə kreditor arasında bağlanmış müqavilə əsasında kreditora ödəniləcək pul vəsaitinin istifadə təyinatı müqavilədə qeyd edilmir, çünki mahiyyətcə kredit müqaviləsinin şərtlərində bu hal nəzərdə tutulmamışdır. Həmçinin, 790500 manat məbləğində dövriyyə vəsaitinin kreditora təqdim edilməsi ilə bağlı rəsmi sənəd də məhkəməyə təqdim edilməmiş və verildiyi halda belə həmin məbləğin gömrük nəzarəti altında olan malların saxlanc xərclərinə (iddia tələbinə) aidiyyəti üzrə sübut təqdim edilməmişdir.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5189/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.

10. İddiaçı MMC apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

b) Apellyasiya şikayətinin dəlilləri

11. Apellyasiya şikayəti iddiaya uyğun əsaslandırılmışdır.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatları

13. Məhkəmədə iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilərək iddianın təmin edilməsini, cavabdehin nümayəndəsi isə apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

14. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1100-cü maddəsinə görə dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.

16. Azərbaycan Respublikasının Gömrük Məcəlləsi: maddə 40.1. Gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsində iştirak edən şəxslər gömrük orqanlarını bu Məcəlləyə uyğun olaraq tələb olunan bütün sənəd və məlumatlarla müəyyən olunmuş müddət ərzində təmin etməli və gömrük orqanlarının müraciəti olduqda, onlara yardım göstərməlidirlər. maddə 40.2. Gömrük bəyannaməsini, təkrar ixrac bildirişini, qısa idxal (ixrac) bəyannaməsini, sadələşdirilmiş bəyannaməni və gömrük orqanlarının bu Məcəlləyə uyğun olaraq tələb etdiyi siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədləri təqdim edən şəxs onlarda göstərilən məlumatların düzgünlüyünə və tamlığına, malların seçilmiş gömrük proseduru altında yerləşdirilməsinə və icazə verilmiş əməliyyatlarla bağlı üzərinə götürdüyü öhdəliklərə əməl olunmasına görə cavabdehdir. maddə 65.1. Gömrük orqanlarının vəzifəli şəxsləri gömrük nəzarətindən keçməli olan malların yoxlanmasını, çəkisinin müəyyənləşdirilməsini, ölçülməsini, sayılmasını, onlardan prob və nümunələrin götürülməsini, gömrük ekspertizasının aparılmasını təmin edirlər. maddə 110.1 Gömrük orqanları gömrük rəsmiləşdirilməsi məqsədi ilə mallardan prob və nümunələr götürmək və onların gömrük ekspertizasını aparmaq hüququna malikdirlər. maddə 321.4. Malların təsnifatını apararkən, gömrük orqanları xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olan malların kodlarından istifadə edirlər. Malı müşayiət edən sənədlərdə göstərilən məlumatlar, habelə ekspertiza fəaliyyətini həyata keçirən müəssisələr tərəfindən verilən ekspertiza aktları, arayışlar, rəylər yardımçı informasiya xarakteri daşıyır və malların təsnifatı zamanı nəzərə alınır. maddə 322.1. Gömrük ekspertizasının aparılmasının məqsədi aşağıdakılardan ibarətdir: 322.1.1. malların tərkibinin və texniki göstəricilərinin müəyyən edilməsi; 322.1.2. malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olaraq aidiyyətinin, təsnifat kodunun müəyyən edilməsi və eyniləşdirilməsi; 322.1.3. malların mənşə ölkəsinin, emal prosesində hasilat normalarının, istehsal tarixinin və keyfiyyətinin müəyyən edilməsi; 322.1.4. ixrac nəzarətinə düşən malların ikili təyinatlı olmasının yoxlanılması; 322.1.5. malların kimyəvi və mineraloji tərkibinin müəyyən edilməsi; 322.1.6. ekoloji baxımdan təhlükəli, tərkibində ozondağıdıcı maddələr olan malların və tullantıların müəyyən edilməsi; 322.1.7. radiasiya təhlükəsi olan malların müəyyən edilməsi; 322.1.8. malların gömrük dəyərinin təyin olunması; 322.1.9. malların tarixi və sənətşünaslıq baxımından dəyərliliyinin müəyyən edilməsi. maddə 322.2. Gömrük ekspertizası mallar üzərində gömrük nəzarəti həyata keçirilərkən və onların gömrük rəsmiləşdirilməsi aparılarkən, habelə malların təsnifatı ilə bağlı məcburi qərarların qəbul edilərkən, bu Məcəllənin 322.1-ci maddəsində göstərilənlərin müəyyənləşdirilməsi üçün xüsusi biliklər tələb olunduğu hallarda aparılır. maddə 325.1. Aparılmış tədqiqatlar əsasında və onların nəticələrini nəzərə almaqla, ekspert öz adından yazılı formada rəy verir. maddə 325.2. Ekspertin rəyində tədqiqatın aparılmasının məqsədi, vaxtı, yeri, tədqiqat obyekti, tədqiqatın kim tərəfindən və hansı əsasda aparıldığı, ekspertin qarşısında qoyulmuş suallar, ekspertə təqdim edilmiş materialların və sənədlərin siyahısı, tətbiq olunmuş metodlar göstərilməklə tədqiqatın məzmunu, nəticəsi və onun qiymətləndirilməsi, qoyulmuş suallara dair əsaslandırılmış cavablar əks olunmalıdır.

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

19. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3-ci maddələrinə əsasən)

21. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 14-17-ci bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

22. Belə ki, iddiaçı 34JZ9529/34KZ4337 nömrəli nəqliyyat vasitəsində, 000128 saylı, xx.xx.2021-ci il tarixli invoys sənədi ilə idxal etdiyi “tənzimləmə üçün klapanlar: PART No:301032001 Ball Valve – T5GB16AAH18/05-MOV 24181-1 ədəd.poz.1 nişan: Neles/ Model: X Part No- ********* Ball Valve – XG16DWTEJ2RXHBDF-MOV” adlı yükün gömrük rəsmiləşdirilməsinin cavabdeh tərəfindən vaxtında həyata keçirilməməsini iddia edərək, bu hərəkətlərinə görə ona zərər dəydiyini iddia edir və həmin zərərin əvəzinin ona ödənilməsini tələb edir.

23. İş materiallarından göründüyü kimi iddiaçının ünvanına 34JZ9529/34KZ4337 nömrəli nəqliyyat vasitəsində, 000128 saylı, xx.xx.2021-ci il tarixli invoys sənədi ilə daxil olmuş “tənzimləmə üçün klapanlar: PART No:301032001 Ball Valve – T5GB16AAH18/05- MOV 24181-1 ədəd.poz.1 nişan: Neles/ Model: X Part No- ********* Ball Valve – XG16DWTEJ2RXHBDF-MOV” adlı yükü 848180 5990 XİF MN kodu üzrə **********7815 sorğu nömrəli, xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük İdarəsində bəyan edilmişdir. Həmin malların XİF MN üzrə hansı kod altında sinifləşdirilməsinin müəyyən edilməsi məqsədi ilə cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli məktub ilə X3 İdarəsinə müraciət edilmiş, ekspert rəyinə əsasən İddiaçı MMCnin ünvanına 000128 nömrəli, xx.xx.2021-ci il tarixli invoys üzrə idxal olunan “Neles” markalı “T5GB16ADY18/05” modelli-200ºC ətraf mühitin temperaturunda və 23.3 MPa təzyiqdə işləmək üçün nəzərdə tutulmuş diyircəkli kran 8481 80 812 0 XİF MN kodu üzrə, “Neles” markalı “XG16DWTEJ2RXHFDF” modelli-30º C — (+425oC) ətraf mühitin temperaturunda işləyə bilən diyircəkli kran 8481 80 819 0 XİF MN kodu üzrə təsnif olunmuşdur.

24. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli GEM011 saylı müqavilədən görünür ki, “GEMZA Group FZE” ilə alıcı və hazır ki, iş üzrə iddiaçı olan İddiaçı MMC arasında bağlanmış müqaviləyə əsasən, 465.000 ABŞ dolları dəyərində olan avadanlıqlar satıcıdan almış və alıcı həmin məbləği 6 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. Lakin buna baxmayaraq alıcı həmin məbləği tam şəkildə satıcıya ödəmişdir. Socarın nəzdində olan Metanol zavodunun Dövlət Gömrük Komitəsinə ünvanladığı 27 iyul 2021-ci ilı tarixli məktubdan görünür ki, 465.000 ABŞ dolları dəyəri olan mallar Procutex ME Traiding FZE şirkətinin sifarişi əsasında səhvən Metanol zavodunun adına göndərilməsini nəzərə alaraq həmin malların İddiaçı MMC şirkəti tərəfindən rəsmiləşdirmə aparılmasına etirazının olmamasını bildirmişdir.

25. İddiaçıya vurulmuş ziyanın araşdırılması məqsədi ilə İddiaçı MMC-dən Socarın sifarişi əsasında gətirilməli olan müqavilənin, o cümlədən həmin avadanlığın alınmasından imtina barədə hər hansı bir dəlilin məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Lakin qeyd olunan sənədlər iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir.

26. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlər araşdırılarkən müəyyən edilmişdir ki, qeyd olunan avadanlıqlar Socarın hansısa bir müəssisəsi tərəfindən deyil Procutex ME Traiding FZE şirkətinin sifarişi əsasında gətirilmişdir. Həmin şirkət isə əcnəbi şirkət olmaqla yanaşı Azərbaycan Respublikası ərazisində qeydiyyata alınmamışdır.

27. Qeyd olunan avadanlıqların bankdan götürülən kredit vəsaiti hesabına alınması mübahisə predmeti olmasa da əvvəlcədən, yəni malı gətirməmişdən öncə kredit müqaviləsi üzrə götürülmüş vəsaitin üzərinə yığılmış faizlərin qaytarılması riski müqavilənin tərəfi olmuş İddiaçı MMC üzərinə düşür. Ona görə bu əsasla cavabdeh təşkilatdan kredit müqaviləsi üzrə yığılmış faiz dərəcələrinin tələb edilməsi əsassızdır.

28. Malların saxlanması ilə bağlı çəkilən xərclərin cavabdehdən tutulması hissəsində də iddiaçının gətirdiyi arqumentlə məhkəmə kollegiyası razılaşmır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC sifarişlər əsasında müxtəlif növ avadanlıqları ölkə ərazisinə idxal edir. Qeyd olunan MMC-in mülkiyyətindən və ya icarəsində adətən ambar və ya digər saxlanc yerləri mövcud olur. Saxlanc yerlərinin mal gətirənin icarəsində olması məhz həmin mala görə obyektin icarəyə götürülərək icarə haqqının ödənilməsinə dəlalət edə bilməz. Başqa sözlə desək həmin anbarda digər malların saxlanması da istisna deyil.

29. Qanunvericiliyin tələbinə əsasən dəymiş ziyanın əvəzinin cavabdeh tərəfindən ödənilməsi üçün ilk növbədə onun tərəfindən təqsirli olaraq hüquq pozuntusunun törədilməsi müəyyən olunmalıdır.

30. Belə ki, aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, qanunvericiliyin normalarını pozan əməl hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən hüquq pozuntusu sayıla bilər: - törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; - ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir.

31. İş materiallarından görünür ki, cavabdeh iddiaçının idxal etdiyi malın kodunu dəqiqləşdirmək üçün bu hüququndan istifadə edərək, rəy verilməsi üçün Məhkəmə Ekspertizası Mərkəzinə müraciət etmiş ekspert tərəfindən verilmiş rəydə göstərilən kod iddiaçının bəyan etdiyi kodla eynilik təşkil etməmiş, cavabdeh X3 İdarəsinin verdiyi ekspert rəyini əsas götürməklə iddiaçıdan malı həmin rəydə göstərilən koda uyğun bəyan edilməsini tələb etmişdir. Həmçinin, gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi barədə qərar qəbul edilməsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat - İstintaq Baş İdarəsinin deyil, Bakı Baş Gömrük İdarəsinin səlahiyyətində olduğundan Bakı Baş Gömrük İdarəsi tərəfindən Əməliyyat - İstintaq Baş İdarəsinin deyil, X3 İdarəsinin verdiyi ekspert rəyinin əsas götürülməsi onun təqsirli davranışı kimi qiymətləndirilə bilməz. Cavabdeh ekspert rəyini əsas götürməklə, **********7815 sorğu nömrəli gömrük bəyananməsini xx.xx.2022-ci ildə iddiaçıya qaytarmış, iddiaçı isə həmin bəyannaməni yenidən yalnız 1 ildən artıq müddət keçdikdən sonra, xx.xx.2023-cü ildə təsdiq edilməsi üçün cavabdehə göndərmişdir.

32. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

33. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

34. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5189/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5189/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar