Məhkəmə qərarları › İş №2-1(103)-4306/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4306/2025

09.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4306/2025 09.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X9 Səmədovun sədrliyi və məruzəsi ilə, X3 və X4 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçının nümayəndələri Nümayəndə2 və X1, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “artıq ödənilmiş müavinətin geri qaytarılması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-11386/2025 nömrəli, 09 sentyabr 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: Təsviri hissə: İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X15 Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı (bundan sonra mətndə Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı) cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" QSC-dən 888,65 manat (səkkiz yüz səksən səkkiz manat altmış beş qəpik) məbləğində vəsaitin tutularaq Filialın xəzinə hesabına geri qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, "xxxx" QSC tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Sığortaedənlər tərəfindən göndərilmiş haqq-hesab cədvəllərinin emalı) altsisteminə sığortaolunan X6 (FİN: 26Y3TYL, SSN: **********187) 1 fevral 2022-ci il təvəllüdlü övladı X12 (AZ-İV seriyalı, 573925 nömrəli doğum haqqında şəhadətnamə) aid uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinətlə bağlı 11 may 2022-ci il tarixindən – 31 iyul 2024-cü il tarixini əhatə edən dövr üzrə haqq – hesab cədvəlləri daxil edilmiş və cədvəldə qeyd edilmiş məlumatlara əsasən "xxxx" ASC-nin Nəqliyyat filialındakı ******************** nömrəli hesaba ümumilikdə 982,33 (doqquz yüz səksən iki manat otuz üç qəpik) manat məbləğində müavinət ödənişə göndərilmişdir. "xxxx" QSC-nin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinətlə bağlı 30 avqust 2024-cü il tarixində 3-17-1/1-202922/2024 nömrə ilə qeydiyyata alınmış 29 avqust 2024-cü il tarixli 13-1/2-7992/2024 nömrəli müraciəti daxil olmuşdur. Müraciətə əlavə edilmiş AZ-İİ seriyalı 285321 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən K.Əhmədovanın övladı Ə.Əhmədovun 14 iyul 2022-ci il tarixində vəfat etdiyi məlum olmuşdur. “Uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən müavinətin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 25 yanvar tarixli 1725 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə” 15 may 2018-ci il tarixli 86 nömrəli sərəncama əsasən bir yaş yarımadək uşağa qulluğa görə 44 manat, bir yaş yarımdan üç yaşınadək uşağa qulluğa görə isə 28 manat müavinət ödənilir. Sözügedən cədvəldən də aydın olur ki, Ə.Əhmədov 14 iyul 2022-ci il tarixində vəfat etdiyi üçün 15 iyul 2022-ci il tarixindən 31 iyul 2024-cü il tarixinədək uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinətlə bağlı 748 (yeddi yüz qırx səkkiz) gün üçün 888,65 manat (səkkiz yüz səksən səkkiz manat altmış beş qəpik) məbləğində artıq müavinət ödənilmişdir. Filial tərəfindən QSC-yə 4 sentyabr 2024-cü il tarixli 3-17-1/2- 211943/2024 nömrəli məktubla müraciət edilmiş, QSC-nin 24 sentyabr 2024-cü il tarixində 3-17-1/1-224877/2024 nömrə ilə qeydiyyata alınmış 23 sentyabr 2024-cü il tarixli 13-1/2- 8840/2024 nömrəli cavab məktubunda K.Əhmədova ilə olan əmək müqaviləsinə xitam verildiyi bildirilmiş və artıq ödənilmiş vəsaitin könüllü və ya məhkəmə qaydasında geri qaytarılması qeyd edilmişdir. Daha sonra Fond tərəfindən 21 fevral 2025-ci il tarixli 3-17- 1/2-43330/2025 nömrəli məktubla QSC-yə müraciət edilmiş, QSC-nin 29 aprel 2025-ci il tarixində 3-17-1/1-96123/2025 nömrə ilə qeydiyyata alınmış 29 aprel 2025-ci il tarixli 13- 1/2-4706/2025 nömrəli cavab məktubu ilə artıq ödənilmiş məbləğin geri qaytarılmasından imtina edilmişdir. Cavabdeh "xxxx" QSC-nin iddia tələbinə dair yazılı etirazı onunla əsaslandırılmışdır ki, ADY ilə X10 arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. ADY-nin Sərnişin daşımaları departamentinin Texniki xidmət mərkəzi Bakı vaqon deposunun 34 nömrəli istehsalat binaları xidməti sexində İstehsalat sahəsini və xidməti otaqları yığışdıran vəzifəsində işləyən X10 xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək xx.xx.2022-ci il təvəllüdlü övladı X14 üçün uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinət alıb. X10 xx.xx.2024-cü il tarixində ADY-nin Sərnişin daşımaları departamentinin İnsan resursları şöbəsinə əmək müqaviləsinə xitam verilməsi barədə müraciət etmiş və xx.xx.2022-ci il təvəllüdlü övladı X11 xx.xx.2022-ci il tarixində vəfat etdiyini bildirmiş və uşağın ölüm haqqında şəhadətnaməsini təqdim etmişdir. Bundan dərhal sonra tərəflərindən Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı xx.xx.2024-cü il tarixli 13- 1/2-7992/2024 nömrəli məktubla məlumat verilmişdir. ADY-nin Sərnişin Daşımaları Departamentinin Texniki Xidmət Mərkəzi Bakı vaqon deposunun 34 nömrəli istehsalat binaları xidməti sexində istehsalat sahəsini və xidməti otaqları yığışdıran vəzifəsində işləyən X6 xx.xx.2022-ci il təvəllüdlü övladı X14 xx.xx.2022-ci il tarixində vəfat etmişdir. X17 bu faktı işəgötürəndən gizlətmiş, uşağın üç yaşınadək sosial məzuniyyətdən istifadə edərək, əmək funksiyalarının icrasına qayıtmamışdır. O, yalnız xx.xx.2024-cü il tarixində bu barədə işəgötürənə məlumat vermiş və dərhal əmək müqaviləsinə xitam verilməsi barədə ərizə ilə müraciət etmişdir. X10 xx.xx.2022-ci il təvəllüdlü övladı X11 xx.xx.2022-ci il tarixində vəfat etməsi faktını işəgötürəndən gizlətmiş, uşağa üç yaşınadək qulluqla bağlı sosial məzuniyyətdən istifadəni dayandırmamış və əmək funksiyalarının icrasına qayıtmamışdır. Bununla yanaşı, qanunvericiliklə müəyyən edilmiş məbləğdə müavinət nəzərdə tutulan qismən ödənişli sosial məzuniyyət hüququndan əsassız olaraq istifadə etmişdir. Hazırkı iddia "xxxx" QSCyə qarşı deyil, birbaşa vətəndaş - X7 qarşı qaldırılmalı və iddia olunan məbləğ ondan geri tələb edilməlidir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmamasını xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11386/2025 nömrəli, 09 sentyabr 2025-ci il tarixli qərardadı ilə (hakim N.Abıyev) iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11386/2025 nömrəli, 09 sentyabr 2025-ci il tarixli qərardadının ləğv edilib, iddia ərizəsinin mümkünlüyünə dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məcburi dövlət sosial sığortası üzrə ödəmələrin hesablanması, təyin edilməsi və verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”yə (bundan sonra – Əsasnamə) uyğun olaraq həyata keçirilir. Məlumat üçün bildiririk ki, sözügedən qərardad qəbul edilərkən Filialın iddiasında istinad edilən Əsasnamənin müddəalarına diqqət yetirilməmiş və qanunvericiliyə uyğun olmayan qərardad qəbul edilmişdir. İş üzrə mübahisə predmeti ondan ibarətdir ki, cavabdeh QSC tərəfindən sığortaolunan X6 (FİN: 26Y3TYL, SSN: **********187) 1 fevral 2022-ci il təvəllüdlü övladı X12 (AZ-İV seriyalı, 573925 nömrəli doğum haqqında şəhadətnamə) aid uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinətlə bağlı 11 may 2022-ci il tarixindən – 31 iyul 2024-cü il tarixini əhatə edən dövr üzrə daxil edilmiş haqq - hesab cədvəlləri emal edilərək ödənişə göndərilmişdir. Lakin AZ-İİ seriyalı 285321 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən K.Əhmədovanın övladı Ə.Əhmədovun 14 iyul 2022-ci il tarixində vəfat etdiyi məlum olmuş, nəticədə 15 iyul 2022-ci il tarixindən 31 iyul 2024- cü il tarixinədək uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinətlə bağlı 888,65 manat (səkkiz yüz səksən səkkiz manat altmış beş qəpik) məbləğində artıq müavinət ödənilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998- ci il tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”-nin (bundan sonra – Əsasnamə) 116-cı hissəsində artıq verilmiş müavinət məbləğinin müavinəti vermiş Fondun yerli qurumunun müraciətinə əsasən sığortaedən tərəfindən sığortaolunandan tutulduğu, əgər sığortaolunan həmin müəssisədə işləmirsə, onda artıq verilmiş müavinət məbləğinin könüllü və ya məhkəmə qaydası ilə alındığı qeyd olunmuşdur. Aydındır ki, sığortaedənin məbləği müavinət alan şəxsdən tutması üçün hər hansı təsir mexanizmi yoxdursa, məbləği könüllü tələb etməli, tələb təmin edilmədikdə məhkəmədə mülki qaydada iddia qaldırmalıdır. 116-cı hissənin birinci cümləsində də hər bir halda sığortaedən tərəfindən pulun geri qaytarılması göstərilmişdir. Məbləğin Fonda geri qaytarılması birmənalı olaraq müvafiq haqq-hesab cədvəllərini sistemə daxil edən və müavinət sənədlərini Fonda təqdim edən sığortaedənin öhdəliyidir. Belə ki, haqq-hesab cədvəllərinin sistemə daxil edilməsindən sosial sığorta ödəməsinin sığortaolunanın bank hesabına köçürülməsinədək olan prosesin iştirakçıları sığortaçı və sığortaedəndir, sığortaolunan bu prosesin iştirakçısı deyil, müavinət məbləğinin hesablanmasında və daxil edilməsində hər hansı rolu yoxdur. Əsasnamənin 113-cü hissəsinə əsasən uşaq üç yaşına çatanadək ona qulluq edilməsinə görə müavinət almaq üçün müdiriyyətin müavinət təyin edən komissiyasına uşağa qulluq edilməsinə görə qismən ödənilən məzuniyyətin verilməsi barədə müdiriyyətin əmrindən çıxarış və uşağın doğum haqqında şəhadətnaməsinin surəti təqdim olunmalıdır. Müdriyyətin müavinət təyin edən komissiyasının məzuniyyətin verilməsi barədə qərarına əsasən, uşağın üç yaşı tamam olana qədər ona qulluq etmək üçün məzuniyyət müddətinə müavinət təyin olunması haqqında komissiyanın iclas protokolunda qeyd etməklə qərar qəbul edilir. Qeyd olunanlara əsasən, sığortaolunan sığortaçıya münasibətdə məhkəmə mübahisəsinin subyekti ola bilməz. Bu səbəbdəndir ki, Qanunun 29-cu maddəsinə əsasən, sosial sığorta ilə əlaqədar sığortaedənlə sığortaolunan arasında yaranan mübahisələrə Əmək Məcəlləsinə əsasən, sığortaçı və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə sığortaedən arasında yaranan mübahisələrə isə bilavasitə məhkəmələrdə baxılır. Yəni sığortaçı ilə yalnız sığortaedən arasında mübahisə olduqda məsələyə məhkəmə qaydasında baxılır, sığortaçı ilə sığortaolunan arasında hər hansı qarşılıqlı fəaliyyət olmadığından aralarında mübahisə baş verməsi və mübahisənin həlli yolu nəzərdə tutulmamışdır. Artıq ödənilmiş müavinət məbləği Fondun əmlakı (həmçinin dövlət əmlakı) əsasında formalaşmış məbləğdir ki, həmin məbləğ hesabına ölkə üzrə pensiyalar və müavinətlərin ödənişi həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi”nin 5.3-cü bəndinə əsasən Fondun əmlakı daxil olan məcburi dövlət sosial sığorta haqları və digər vəsaitlərdən formalaşır. Həmin Nizamnamənin 5.1-ci bəndinə əsasən Fond və onun əmlakı dövlətin mülkiyyətidir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndələri Nümayəndə2 və X2 apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 5.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Həmin qərarın 5.2-ci bəndinə əsasən bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. İşin faktiki halları ilə müəyyən edilir ki, iddia tələbi Ə.Əhmədov 14 iyul 2022-ci il tarixində vəfat etdiyi üçün 15 iyul 2022-ci il tarixindən 31 iyul 2024-cü il tarixinədək uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinətlə bağlı 748 gün üçün 888,65 manat məbləğində artıq ödənilmiş müavinətin tutulması ilə bağlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Belə olan halda birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında düzgün olaraq qeyd etmişdir ki, iddia tələbi düzgün olmayan cavabdehə qarşı yönəlmişdir. İşin halları ilə müəyyən edilir ki, "xxxx" QSC tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş “AKT”da göstərilmişdir ki, Sərnişin daşımaları departamentinin Texniki xidmət mərkəzinin Bakı vaqon deposunun 34 nömrəli istehsalat binaları xidməti sexində İstehsalat sahəsini və xidməti otaqları yığışdıran vəzifəsində işləyən X10 xx.xx.2024-cü il tarixinə kimi xx.xx.2022-ci il təvəllüdlü uşağı X11 xx.xx.2022-ci il tarixində vəfat etdiyi barəsində insan resursları şöbəsinə məlumat verməmiş, ölüm haqqında şəhadətnaməni təqdim etməmiş və xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinət almışdır. "xxxx" QSC-nin Sərnişin Daşımaları Departamentinin “Əmək müqaviləsinin ləğv edilməsi haqqında” Əmrindən müəyyən olunur ki, sərnişin daşımaları departamentinin Texniki xidmət mərkəzinin Bakı vaqon deposunun 34 nömrəli istehsalat binaları xidməti sexində “istehsalat sahəsini və xidməti otaqları yığışdıran” vəzifəsində işləyən X10 ilə əmək müqaviləsinə xx.xx.2024-cü tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən öz ərizəsinə əsasən xitam verilmişdir. "xxxx" QSC tərəfindən Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına ünvanlanmış xx.xx.2024-cü il tarixli, 13-1/2-7992/2024 №-li məktubunda göstərilmişdir ki, "xxxx" QSC Sərnişin daşımaları departamentinin Texniki xidmət mərkəzi Bakı vaqon deposunun 34 nömrəli istehsalat binaları xidməti sexində İstehsalat sahəsini və xidməti otaqları yığışdıran vəzifəsində işləyən X10 (SSN **********187, FİN 26Y3TYL) xx.xx.2022ci il tarixindən xx.xx.2024-cü il tarixinədək xx.xx.2022-ci il təvəllüdlü uşağı X14 üçün uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinət alıb. Bildiririk ki, xx.xx.2024-cü il tarixində Sərnişin daşımaları departamentinin İnsan resursları şöbəsinə əmək müqaviləsinə xitam verilməsi üçün müraciət etmiş və xx.xx.2022-ci il tarixində X11 vəfat etdiyini bildirmiş və uşağın ölüm haqqında şəhadətnaməsini təqdim etmişdir. Qeyd edirik ki, X6 xx.xx.2024-cü il tarixində əmək müqaviləsinə öz xahişi ilə xitam verilmişdir. Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən "xxxx" QSC-yə ünvanlanmış “Artıq ödənilmiş müavinət məbləğinin geri qaytarılması haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-1/2-211943/2024 №-li məktubunda göstərilmişdir ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra-Məcəllə) 74-cü maddəsinin qeydinə müvafiq olaraq məcburi dövlət sosial sığortası üzrə ödəmələrin hesablanması, təyin edilməsi və verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”yə (bundan sonra Əsasnamə) uyğun olaraq həyata keçirilir. Tərəfinizdən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Sığortaedənlər tərəfindən göndərilmiş haqq-hesab cədvəllərinin emalı) altsisteminə daxil edilmiş, sığortaolunan X6 (SSN: **********187) xx.xx.2022-ci il təvəllüdlü övladı X12 (AZ-İV seriyalı, 573925 nömrəli doğum haqqında şəhadətnamə) aid uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinətlə bağlı cədvəldə qeyd edilmiş məlumatlara əsasən "xxxx" ASC-nin Nəqliyyat filialındakı hesabına ümumillikdə 982,33 (doqquz yüz səksən iki manat otuz üç qəpik) manat məbləğində müavinət ödənişə göndərilmişdir. Müraciətə əlavə etdiyiniz AZ-İİ seriyalı 285321 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən K.Əhmədovanın övladı Ə.Əhmədovun xx.xx.2022-ci il tarixində vəfat etdiyi məlum olmuşdur. Əsasnamənin 113-cü bəndinə əsasən uşaq öldüyü halda, sığortaedən tərəfindən ona bu barədə məlumat daxil olduğu gündən sonra 1(bir) iş günü ərzində uçotda olduğu Fondun yerli qurumuna məlumat verilir və müavinətin verilməsi ölən gündən sonrakı gündən dayandırılır. Uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinətlə bağlı 748 (yeddi yüz qırx səkkiz) gün üçün (xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək) 888,65 (səkkiz yüz səksən səkkiz manat altmış beş qəpik) manat məbləğində artıq müavinətin ödənildiyi müəyyən edilmişdir. Əsasnamənin 116-cı, 119-cu və 123-cü bəndlərinə əsasən artıq verilmiş müavinət məbləği, müavinəti vermiş Fondun yerli qurumunun müraciətinə əsasən sığortaedən tərəfindən geri qaytarılmalıdır və müəssisənin müdiriyyəti və baş (böyük) mühasibi müavinətlərin təyin edilməsində məsuliyyət daşıyırlar. Əgər müavinət təyin edilərkən, yaxud da sığortaolunanın sosial sığorta stajı müəyyən edilərkən qüvvədə olan qanunvericilik pozulmuşdursa və ya ödənilmə üçün təqdim edilmiş sənədlər düzgün rəsmiləşdirilməmişdirsə, belə hallarda baş (böyük) mühasib yol verilmiş nöqsanları yazılı surətdə göstərilməklə sənədləri, müdriyyətin müavinət təyin edən komissiyasına qaytarmalıdır. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, hamiləlik və doğuma, uşaq doğumuna və dəfn üçün müavinətlərin düzgün təyin edilməsi və hesablanmasına həmkarlar ittifaqları da nəzarət edir və məsuliyyət daşıyırlar. Qeyd edilənləri nəzərə alaraq, məcburi dövlət sosial sığorta haqları hesabına artıq ödənilmiş 888,65 (səkkiz yüz səksən səkkiz manat altmış beş qəpik) manat məbləğində müavinətin geri qaytarılması xahiş olunur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən "xxxx" QSC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-1/2-43330/2025 №-li məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra-Fond) Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına (bundan sonra – Filial) sığortaolunan X6 1 fevral 2022-ci il təvəllüdlü övladı X12 aid uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə ödənilmiş müavinətlə bağlı 30 avqust 2024-cü il tarixində 3-17-1/1-202922/2024 nömrə ilə qeydiyyata alınmış 29 avqust 2024-cü il tarixli 13-1/2-7992/2024 nömrəli müraciətiniz daxil olmuşdur. Müraciətə əlavə edilmiş AZ-İİ seriyalı 285321 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X6 övladı X11 14 iyul 2022-ci il tarixində vəfat etdiyi məlum olmuşdur. Sözügedən müraciətdən sonra tərəfinizdən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra – MEİS) “Sığorta” (Sığortaedənlər tərəfindən göndərilmiş haqq-hesab cədvəllərinin emalı) altsisteminə daxil edilmiş, sığortaolunan K.Əhmədovanın övladı Ə.Əhmədova aid uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinətlə bağlı 11 may 2022-ci il tarixindən – 31 iyul 2024-cü il tarixini əhatə edən dövr üzrə haqq – hesab cədvəllərinə yenidən baxış keçirilmiş və ümumilikdə 982,33 manat (doqquz yüz səksən iki manat otuz üç qəpik) müavinətin ödənişə göndərildiyi müəyyən edilmişdir. Ə.Əhmədov 14 iyul 2022-ci il tarixində vəfat etdiyi üçün 15 iyul 2022-ci il tarixindən 31 iyul 2024-cü il tarixinədək uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinətlə bağlı 24 ay 17 gün üçün 888,65 (səkkiz yüz səksən səkkiz manat altmış beş qəpik) manat məbləğində artıq müavinətin ödənildiyi məlum olmuşdur. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin (bundan sonra – Əsasnamə) 113-cü hissəsinə əsasən uşaq öldüyü halda, sığortaedən tərəfindən ona bu barədə məlumat daxil olduğu gündən sonra 1(bir) iş günü ərzində uçotda olduğu Fondun yerli qurumuna bu barədə məlumat verilir və müavinətin verilməsi ölən gündən sonrakı gündən dayandırılır. Əsasnamənin sözügedən hissəsinə görə uşağın ölümünə dair məlumatlar tərəfinizdən qanununamüvafiq vaxtda təqdim edilməmişdir. Artıq ödənilmiş müavinətin geri qaytarılması üçün Filial tərəfindən 4 sentyabr 2024-cü il tarixli 3-17-1/2-211943/2024 nömrəli məktubla Sizə müraciət edilmiş, 24 sentyabr 2024-cü il tarixində 3-17-1/1- 224877/2024 nömrə ilə qeydiyyata alınmış 23 sentyabr 2024-cü il tarixli 13-1/2-8840/2024 nömrəli cavab məktubunuzla artıq ödənilmiş müavinətin geri qaytarılmasından imtina edilmişdir. Əsasnamənin 116 və 119-cu hissələrinə əsasən artıq verilmiş müavinət məbləği, müavinəti vermiş Fondun yerli qurumunun müraciətinə əsasən sığortaedən tərəfindən geri qaytarılmalıdır və müəssisənin müdiriyyəti və baş (böyük) mühasibi müavinətlərin təyin edilməsində məsuliyyət daşıyırlar. Qeyd edilənləri nəzərə alaraq, məcburi dövlət sosial sığorta haqları hesabına artıq ödənilmiş 888,65 manat müavinətin tərəfinizdən geri qaytarılmasını xahiş edir və bildiririk ki, artıq ödənilmiş müavinət məbləği geri qaytarılmayacağı halda Sizə qarşı qanunvericiliyə uyğun olaraq məhkəmədə iddia qaldırılacaqdır. "xxxx" QSC tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fonduna ünvanlanmış xx.xx.2025-ci il tarixli, 13-1/2-4706/2025 №-li məktubunda göstərilmişdir ki, Dövlət Sosial Müdafiə Fondu tərəfindən "xxxx" QSC-yə daxil olmuş 21 fevral 2025-ci il tarixli 3-17-1/2- 43330/2025 nömrəli məktuba cavab olaraq bildiririk ki, X6 əmək müqaviləsinə xx.xx.2024cü il tarixində öz xahişi ilə xitam verildiyi üçün o, hal-hazırda ADY-də əmək münasibətlərində deyil. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 116-cı maddəsinə əsasən əgər sığortaolunan həmin müəssisədə işləmirsə, onda artıq verilmiş müavinət məbləği könüllü və ya məhkəmə qaydası ilə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 1-ci maddəsinə əsasən Bu Əsasnamə “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş məcburi dövlət sosial sığortası üzrə ödəmələrin (bundan sonra - sosial sığorta ödəmələri) və Əmək Məcəlləsinin 74-cü maddəsinin qeydində nəzərdə tutulmuş əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsinin şərtlərini və qaydalarını müəyyən edir. 2-ci maddəsinə əsasən Bu Əsasnamə “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş məcburi dövlət sosial sığortası üzrə ödəmələrin (bundan sonra - sosial sığorta ödəmələri) və Əmək Məcəlləsinin 74-cü maddəsinin qeydində nəzərdə tutulmuş əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsinin şərtlərini və qaydalarını müəyyən edir. Məcburi dövlət sosial sığorta ödəmələri sosial sığorta hadisəsi baş verdikdə verilən ödənclərdir. Bunlara aşağıdakılar aiddir: Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilən əmək pensiyaları; əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət (qanunvericiliklə müəyyən olunmuş dövr üçün); hamiləliyə və doğuma görə müavinət; uşağın anadan olmasına görə birdəfəlik müavinət; qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatana qədər uşağa qulluqla əlaqədar müavinət; dəfn üçün müavinət; sığortaolunanların sanatoriya-kurort müalicəsi üzrə xərclərinin tam və ya qismən ödənişi. Əsasnamənin 116-cı maddəsinə əsasən hər belə halda tutulan məbləğ sığortaolunanın əmək haqqının 20 faizindən çox olmamalıdır. Hər bir belə halda geri qaytarılası məbləğ, sığortaolunana çatası vəsaitin 20 faizindən çox olmayaraq çıxılır. Artıq ödənilmiş məbləğ müavinət təyin edən komissiyanın qərarı əsasında müəssisənin mühasibatlığı tərəfindən tutulur və Fondun hesablarına köçürülür. Əgər sığortaolunan həmin müəssisədə işləmirsə, onda artıq verilmiş müavinət məbləği könüllü və ya məhkəmə qaydası ilə alınır. Müavinət alarkən sui-istifadə edilməsində (saxtakarlıqda, sənədləri pozub düzəltməkdə və i.a.) müqəssir olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyətə cəlb edilirlər. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, hamiləliyə və doğuma görə müavinətlərdən, məhkəmənin qərarı ilə aliment və ailə başçısının xəsarət almasına, yaxud sağlamlığının başqa şəkildə pozulmasına və ya ölümünə səbəb olan zərərin ödəniliş məbləği tutula bilər. Müavinətdən bunlardan başqa heç bir ödəniş tutulmur. Bu halda iki qayda müəyyən edilir. Əgər sığorta olunan həmin müəssisədə işləyirsə, müəssisənin mühasibatlığı tərəfindən sığortaoluanın əmək haqqından (20 faizindən çox olmamq şəri ilə) tutulur. Əgər sığortaolunan həmin müəssisədə işləmirsə, onda artıq verilmiş müavinət məbləği könüllü və ya məhkəmə qaydası ilə alınır. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun: 1.1.6-cı maddəsinə əsasən sığortaçı – Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası və ya könüllü sığorta üzrə fəaliyyəti (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) həyata keçirən və sığorta fondlarını idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və hüquqi şəxslərdir. 1.1.7-ci maddəsinə əsasən sığortaedənlər – Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, dövlət orqanları, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslərdir. 1.1.8-ci maddəsinə əsasən sığortaolunanlar – xeyrinə sığorta fəaliyyəti həyata keçirilən şəxslərdir. İşin hallarından görünür ki, hazırkı halda sığortaolunan qismində X10, sığortaedən qismində "xxxx" Qapalı Səhmdar Cəmiyyəti çıxış etmiş, xx.xx.2022-ci il təvəllüdlü uşağı X14 üçün uşağın üç yaşı tamam olanadək X7 məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. Məcburi sosial sığorta münasibətlərinə əsasən sığortaedənlərə edilmiş aylıq ödənişlər edilməklə sığortaolunan öz risklərini sığortalayır və sığorta hadisəsi baş verdikdə sığorta ödənişi almaq hüququ yaranır. Hazırkı işin faktiki hallarına görə X6 uşağı 3 yaşına çatanadək belə bir ödənişi almaq hüququ yaranmışdır. İşin hallarından görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə X10 arasında əmək münasibətlərinə xitam verilmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti artıq sığorta edən qismində çıxış etmir. Sığortaolunan cavabdeh müəssisədə işləmir və əmək münasibətlərinə xitam verilib. Əgər əmək münasibətləri davam etsəydi o zaman artıq ödənilmiş vəsait cavabdeh müəssisə (sığortaedən) tərəfindən üçüncü şəxsin (sığortaolunanın) əmək haqqından tutulacaq idi. Hazırkı halda iddiaçının artıq edilmiş ödənişlərlə bağlı X7 qarşı iddia ilə məhkəməyə müraciət etmək hüququ vardır. İddiaçının mövqeyinə görə bu halda həmin vəsait sığortaolunan X5 deyil, cavabdeh inzibati orqandan tutulmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin məqsədi, artıq ödənilmiş vəsaitin məhz müəssisədən (sığortaedəndən) tutulması olsaydı, bu prinsip həm işçinin həmin müəssisədə əmək münasibətlərini davam etdirdiyi hallarda, həm də əmək münasibətlərinin bitməsi halında öz əksini tapardı. Halbuki, qanunvericilikdə bu kimi hallar arasında fərq qoyulmur və artıq ödənilmiş vəsaitin məhz ondan faydalanan şəxsdən tutulması əsas prinsip kimi qəbul edilir. Bu yanaşmanın hüquqi məntiqi ondan irəli gəlir ki, artıq ödənilmiş vəsaitin əldə edilməsi nəticəsində yararlanan şəxs işəgötürən deyil, işçidir. Belə bir vəziyyətdə həmin vəsaitin işəgötürəndən tutulması, hüququn təməl prinsiplərindən olan ədalətlilik prinsipinə zidd olar, çünki bu, bir tərəfin – işçinin əsassız zənginləşməsinə və digər tərəfin – işəgötürənin əsassız maliyyə itkilərinə səbəb olar. Hüququn məntiqi və qanunvericiliyin məqsədi isə heç bir tərəfin əsassız üstünlük və ya zərərə məruz qalmamasını təmin etməkdir. Qanunun tətbiqi zamanı ədalətlilik prinsipi ilə yanaşı, əsassız varlanma ilə bağlı hüquq norması da nəzərə alınmalıdır. Əgər qanunvericilikdə artıq ödənilmiş məbləğin yalnız işəgötürən tərəfindən qaytarılması tələb edilərsə, bu, həm də hüquq münasibətlərində balanssızlıq yarada bilər. Belə yanaşma həm hüquqi ədalətlilik prinsipinə, həm də tərəflər arasında bərabər hüquq və öhdəliklərin təmin edilməsi məqsədinə uyğun olmaz. Buna görə də, artıq ödənilmiş vəsaitin məhz həmin vəsaitdən birbaşa yararlanan işçidən tutulması qanunvericiliyin ruhuna və hüquq prinsiplərinə daha uyğun gəlir. Əsasnamənin 119-cu maddəsinə görə, müəssisənin müdiriyyəti və baş (böyük) mühasibi müavinətlərin təyin edilməsində məsuliyyət daşıyırlar. Əgər müavinət təyin edilərkən, yaxud da sığortaolunanın sosial sığorta stajı müəyyən edilərkən qüvvədə olan qanunvericilik pozulmuşdursa və ya ödənilmə üçün təqdim edilmiş sənədlər düzgün rəsmiləşdirilməmişdirsə, belə hallarda baş (böyük) mühasib yol verilmiş nöqsanları yazılı surətdə göstərilməklə sənədləri, müdiriyyətin müavinət təyin edən komissiyasına qaytarmalıdır. Müəssisənin müdiriyyəti və baş (böyük) mühasibi müavinətlərin təyin edilməsində məsuliyyəti, intizam və ya buna əsaslar olduqda inzibati xəta və ya cinayət məsuliyyətinə səbəb ola bilər. Qeyd edilən hal, artıq vəsaitin köçdüyü işçidən deyil, işəgötürəndən tutulması kimi təfsir edilə bilməz. Qanunvericiliyin məqsədi, müəssisənin müdiriyyətinin və baş (böyük) mühasibinin müavinətlərin təyin edilməsində məsuliyyət daşımasına əsaslanaraq həmin vəsaitin işəgötürəndən tutulmasına yönəlmiş olsa idi, o zaman işçi həmin müəssisədə işlədiyi təqdirdə də, həmin vəsaitin işəgötürəndən tutulmasını tənzimləyərdi. Lakin normanın məzmunundan göründüyü kimi, bu qayda bu şəkildə deyil, sığortaedən (müəssisə cavabdeh) tərəfindən, sığortaolunanın (işçinin – üçüncü şəxsin) əmək haqqındn tutulması şəklində tənzimlənmişdir. Analoji mübahisələr üzrə, vəfat edən əmək pensiyaçısının kart hesabına artıq ödənilmiş vəsaitin onun vərəsəsindən tutulmasına dair işlərdə də analoji vəziyyət mövcud olur. Artıq vəsaiti alan şəxslə (əmək pensiyaçısının vərəsəsi ilə) pensiya orqanı arasında hər hansı publik münasibət olmur. Lakin DSMF həmin pulu mülki qaydada tələb edə bilmədiyindən yerləşmiş məhkəmə təcrübəsinə əsasən bu iddialara da inzibati mübahisə kimi inzibati məhkəmələrdə baxılır. Hazırkı işdə də, iddiaçı ilə sığortaolunan X10 arasında publik münasibətlərin olmaması, həmin vəsaitin inzibati mühakimə icraatı qaydasında inzibati məhkəmədə tələb etmək hüququnu istisna etmir. Çünki mübahisənin xarakteri publik münasibətdir və sosial sığorta ilə bağlı qanunvericiliyin tələbləri mülki mühakimə icraatı qaydasında deyil, inzibati mühakimə icraatı qaydasında araşdırılmalı olan məsələdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarının 8.6-cı bəndində qeyd edilir ki, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasına dair düzgün nəticəyə gəldiyindən iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11386/2025 nömrəli, 09 sentyabr 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Günel Sevdimalıyeva Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar