Məhkəmə qərarları › İş №2-1(103)-4309/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4309/2025

12.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-4309/2025 12.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), X1 və X3 ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X2, Mütəxəssis Mütəxəssis iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh “xxxx” publik hüquqi şəxsinə qarşı əlilliyin təyin edilməsi tələbinə dair Bakı Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdeh “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” (hal-hazırda “xxxx” publik hüquqi şəxsi) publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, onun Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı əsasında, hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyalarının pozulmasının nəzərə alınaraq, “Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınması”na görə orqanizmin funksiyalarının pozulmasının müvafiq dərəcəsi ilə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdeh Agentliyin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.1968-ci il tarixdə doğulmuşdur. Bakı şəhəri Sabunçu RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış və döyüş zonasında Vətəni müdafiə edərkən ##.##.1992-ci ildə yaralanmış və travma almışdır. Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2009-cu il tarixli qərarında onun yaralanmağı ilə bağlı “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır” qeyd edilmiş, sonra ona 2-ci qrup əlillik təyin edilmiş və o, 10 ildən çox bir vaxtda müvafiq ödəniş almışdır. Lakin sonradan əlilliyi ləğv edilmiş və ödəniş dayandırılmışdır. Halbuki onun başında olan narahatçılıqlar bütün həkimlər tərəfindən təsdiqlənir, bütün müvafiq sənədləri mövcuddur. Bundan sonra onun əlillik vəziyyətinin qiymətləndirilməsi üçün cavabdeh Agentliyə göndəriş verilmişdir. Lakin cavabdeh qurum imtina ilə cavab vermişdir. Imtina məktubunda qeyd olunmuşdur ki, ona qoyulan diaqnoz əlillik səbəbi təyin etmir. Lakin qeyd olunmalıdır ki, cavabdehin bu imtinası tamamilə qanunsuz və əsassızdır. Cavabdeh iddiaya qarşı etirazını məhkəməyə təqdim etmiş və etiraz onunla əsaslandırılmışdır ki, Bakı şəhər sakini ##.##.1968-ci il təvəllüdlü İddiaçı (FIN: *******) əlillik vəziyyəti tibb müəssisəsinin ##.##.2021-ci il tarixli *******AAB*M nömrəli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Növbəti dəfə əlillik vəziyyəti tibb müəssisəsinin ##.##.2023-cü il tarixli Z********SUZ nömrəli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS 3-17-4/3-1-1839/2024). Yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı münasibətdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2009-cu il tarixli **** nömrəli Qərar verilmişdir. Həmin qərarda "Təpə, boyun və kürəyin sol yarısının xırda qəlpə yaraları, qəlpələrin çıxarılmasından sonrakı vəziyyət' diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikası müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Vətəndaş ##.##.2024-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başından xəsarət aldığı bildirmiş, saq qulağında eşitmə zəifliyi, başaqrıları, özünü idarə edə bilməməsindən şikayətlənmişdir. Komissiyaya dəvət olunmuş yoldaşı 5-6 ildir səhhətində problem yarandığını, eşitmə zəifliyindən, qıcolma tutmalarından əziyyət çəkdiyini, tutma zamanı çoxlu qışqırıb yerə yıxıldığını, qəlpə olduğuna görə MRT müayinəsindən keçə bilmədiyini bildirmişdir. Baxış zamanı alında, təpədə, saq kürəkdə, saq baldırın orta 1/3-də çapıqlar izlənmiş, hərəkətləri sərbəst olmuş, hər iki topuq və ayaqarxasında nəbz əllənmişdir. Psixi müayinə zamanı koqnitiv funksiyaları qorunmuş, özünü, fikrini izah etmiş, qavramışdır. Spesifik suallardan yayınmış, cavablandırmamış, digər suallarda aktiv olmuş, koqnitiv olaraq çaşqın, konsentrasiyası davamsız olmuşdur. Ekspertiza üçün əhəmiyyətli olan kranial müayinə nəticələri təqdim edilmədiyindən KT müayinəsi olunması üçün göndəriş verilmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrılarından, özünü idarə edə bilməməsindən, ~10 ildir insulindən asılı şəkərli diabet xəstəliyindən şikayətlənmişdir. Anamnestik məlumatlarında odun doğradığı zaman sağ aşağı ətrafına balta ilə xəsarət yetirdiyini, gündə üç dəfə 25 vahid insulin vurduğunu bildirmişdir. Müayinə zamanı başın alın-təpə nahiyələrini əhatə edən ~7-8 sm ölçüdə çapıq izlənilmiş, hər iki aşağı ətrafda ön və arxa qamış arteriyaları üzərində nəbz hiss edilmiş, yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst və ağrısız olmuşdur. Təqdim olunmuş, tibbi sənədlərdə “Demensiya” diaqnozu qeyd olunsa da, vətəndaş müayinə zamanı “Niyə mənə sual verirsiz? 3 ildir fırladırsız məni” kimi ifadələr işlətmiş, bu da vətəndaşın 3-cü dəfədir əlillik təyinatına müraciət etməsini xatırlamasını müyənləşdirilmişdir. Nevroloji statusunda yuxarı və aşağı ətraflarda vətər refleksləri canlı alınmış D=S, patoloji reflekslər “Marinesko-Radoviç”, “Babinski” mülayim müsbət, əzələ gücü və tonus tam, hipotrofiya, atrofiya, parez, iflic aşkarlanmamış, burun barmaq sınağını düzgün icra etmişdir. Psixi statusunda vətandaş çox acıqlı, əsəbi, gərgin izlənilmiş, bələdliyi bütün növlərdə qorunmuşdur. Təqdim edilən sonuncu tibbi müalicə sənədində (epikriz) qeyd olunan demensiya diaqnozu baş-beynin instrumental müayinə (MRT) nəticəsində və hal-hazırkı klinika ilə təsdiqlənməmişdir. Tibbi müayinə sənədlərində eyni illərdə fərqli stasionarlar bir-birinə uyuşan diaqnozlar qeyd olunub, lakin Respublika Psixiatriya Xəstəxanasının ##.##.2022-##.##.2022-ci il tarixli epikrizində qeyd olunan “Baş-beyin travmasının qalıq əlamətləri, astenik sindromla” diaqnozu vətəndaşın klinik əlamətlərinə xas olmuşdur. Respublika Psixiatriya Xəstəxanasının ##.##.2022-##.##.2022-ci il tarixli *****/** nömrəli Çıxarışında diaqnoz “Baş-beyin travmasının qalıq əlamətləri, astenik sindromla” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. * X4 Xəstəxanasının ##.##.2023-##.##.2023-cü il tarixli ****/** nömrəli Çıxarışında diaqnoz “Baş beynin üzvi xəstəliyi (İ Qarabaq müharibəsi zamanı alınmış travma) nəticəsində ağıl zəifliyi, kobud davranış pozuntuları ilə” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. * X4 Xəstəxanasının ##.##.2024-##.##.2024-cü il tarixli ****/** nömrəli Çıxarışında diaqnoz “Dəqiqləşdirilməmiş demensiya, kobud davranış pozuntuları ilə. Daim kənar şəxsin qulluq və himayəsinə ehtiyacı var” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Respublika Endokrinoloji Mərkəzin ##.##.2024-cü il tarixli *******ABRAS nömrəli tibbi rəyində diaqnoz “Şəkərli diabet tip 2. Insulin tələbi forma. Ağıl zəifliyi. Kobud davranış pozuntuları ilə. Diabetin staji 5 ildir. 2020ci ildən poliklinikada qeydiyyatdadır” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Respublika Neyrocərrahiyyə Xəstəxanasının ##.##.2024-cü il tarixli Beyin MRT müayinəsinin nəticəsi “Hər iki beyin yarımkürəsində, periventrikulyar, subkortikal sahələrdə (daha çox saq beyin yarımkürəsində), kiçik ölçülü xroniki işemik ocaqlar qeyd edilmişdir. Eyni zamanda pon sun saq hissəsində 4. Om m ölçüsündə DWI- rejimində bir qədər restriksiya göstərən patoloji ocaq (yarımkəskin işemik ocaq kimi dəyərləndirilir) izlənilir. Başın müxtəlif hissələrində dərialtı metal cisimlər mövcuddur (metal artefaktı qeyd edilir). Alın-gicgah nahiyələrində subaraxnoidal sahələrin genişlənməsi izlənilir. Baş beynin mülayim kortikal atrofik dəyişikliyi izlənilir. Saq maksilyar sinusda retension kista, etmoidal sinusda iltihabı dəyişiklik qeyd edilmişdir” kimi müəyyənləşdirilmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlan”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Bakı Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə (hakim N.İ.Abıyev) iddia ərizəsi rədd edilmişdir. Iddiaçı birinci instansiyası məhkəməsinin qərarını mübahisələndirmiş və apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsaslıdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman düzgün nəticəyə gəlinməmişdir. Belə ki, iş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi iddianı rədd edərkən həlledici sübut kimi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” publik hüquqi şəxsinin ## ##### 2025-ci il tarixli **** nömrəli rəyini qəbul etmişdir. Həmin rəydə iddiaçıda hazırda hər hansı psixi xəstəliyin aşkar edilmədiyi, onun sağlamlığı ilə bağlı bildirdiyi şikayətlərin psixi xəstəliyin və ya psixi pozuntunun mövcudluğuna dəlalət etmədiyi göstərilmişdir. Birinci instansiya məhkəməsi də bu rəydən çıxış edərək iddiaçıda əlilliyə əsas verəcək xəstəliyin mövcud olmadığını qəbul etmiş və iddianı təmin etməmişdir. Lakin məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu nəticəsi həm sübutların qiymətləndirilməsi qaydaları, həm də sonradan apellyasiya icraatı zamanı müəyyən edilmiş faktiki hallar baxımından əsaslı sayıla bilməz. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 12.1 və 12.2-ci maddələrinə əsasən, məhkəmə proses iştirakçılarının təqdim etdikləri sübutlarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa, zəruri sübutları öz təşəbbüsü ilə toplamağa borcludur. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə, məcburetmə haqqında iddia üzrə arzulanan inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi, bir qayda olaraq, iddiaçının üzərinə düşsə də, inzibati orqan arzulanan inzibati aktın qəbulunu istisna edən faktiki hallara istinad etdikdə həmin halları sübut etmək vəzifəsini özü daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə Icmal”ında da ekspert rəyinin məhkəmə üçün məcburi olmadığı, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəyə malik olmadığı və psixi xəstəlik və əqli pozuntuların müəyyənləşdirilməsi məqsədilə məhkəmə-psixiatriya ekspertizasının təyin edilə biləcəyi göstərilmişdir. Bu baxımdan, ## ##### 2025-ci il tarixli **** nömrəli rəyin digər tibbi sübutlardan təcrid olunmuş qaydada mübahisəni həll edən yeganə və üstün sübut kimi qəbul edilməsi düzgün olmamışdır. Həmin rəyin özündə belə iddiaçının beyin MRT-sində periventrikulyar və subkortikal sahələrdə xroniki işemik ocaqların, ponsun sağ hissəsində patoloji ocağın, başın müxtəlif hissələrində metal cisimlərin, alın-gicgah nahiyələrində subaraxnoidal sahələrin genişlənməsinin və baş beynin mülayim kortikal atrofik dəyişikliklərinin olduğu təsvir edilmiş, həmçinin əvvəlki tibbi sənədlərdə dəqiqləşdirilməmiş demensiya diaqnozunun mövcudluğu qeyd olunmuşdur. Buna baxmayaraq, həmin obyektiv məlumatlarla “hər hansı psixi xəstəlik aşkar edilmir” nəticəsi arasında əlaqə və əvvəlki MMSE-14 göstəricilərinin nə üçün etibarsız sayılması rəydə yetərincə izah edilməmişdir. Birinci instansiya məhkəməsinin mövqeyində daxili ziddiyyət də mövcuddur. Qərarın bir hissəsində hazırkı mübahisənin göndərişdə göstərilmiş xəstəliklərin mövcudluğu deyil, həmin xəstəliklərin əlilliyə əsas verib-verməməsi ilə bağlı olduğu qeyd edilmiş, sonrakı hissəsində isə **** nömrəli ekspert rəyinə əsasən həmin xəstəliklərin ümumiyyətlə mövcud olmadığı nəticəsinə gəlinmişdir. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 12-ci maddəsindən irəli gələn xidməti araşdırma vəzifəsini yerinə yetirərək iddiaçının psixi vəziyyətinin yenidən qiymətləndirilməsi məqsədilə məhkəmə-psixiatrik ekspertiza təyin etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” publik hüquqi şəxsinin ## ###### 2026-cı il tarixli *** nömrəli ambulator məhkəmə-psixiatrik ekspertiza rəyi ilə İddiaçı “üzvi (İ Qarabağ müharibəsi zamanı keçirilmiş baş beyin silkələnməsi nəticəsində) mənşəli ağıl zəifliyi, kobud davranış pozuntuları ilə (F02.8)” müəyyən edilmişdir. Rəydə iddiaçının təfəkkürünün torpid olması, diqqətin bir mövzudan digərinə keçməsində çətinlik çəkməsi, koqnitiv imkanlarının zəifləməsi, xarici qıcıqlara yüksək həssaslığı, tez qıcıqlanması, söhbət prosesində astenizasiya olunması kimi obyektiv kliniki əlamətlər də təsvir edilmişdir. Ekspert nəticəsini anamnestik məlumatlara, əvvəlki tibbi sənədlərə, stasionar müalicələrə və bilavasitə psixiatrik müayinəyə əsaslandırmışdır. *** nömrəli rəyin **** nömrəli rəydən üstün tutulması yalnız onun daha sonrakı tarixdə verilməsi ilə əsaslandırılmır. Sonuncu ekspertiza iddiaçının müxtəlif illərdə formalaşmış tibbi tarixçəsini və davamlı kliniki göstəricilərini vahid kompleksdə qiymətləndirmiş, rəydə müəyyən edilmiş F02.8 diaqnozu isə 2023 və 2024-cü illərin tibbi sənədlərində qeyd olunmuş diaqnoz və funksional göstəricilərlə ardıcıl uyğunluq təşkil etmişdir. Belə ki, ## #### 2024-cü il tarixli P********ZDF nömrəli tibbi-sosial ekspertiza müayinəsinə göndərişdə iddiaçının ünsiyyətə çətinliklə daxil olması, suallara ləng cavab verməsi, fikrini toplamaqda çətinlik çəkməsi, təfəkkürünün az produktiv olması, koqnitiv funksiyalarının və yaddaşının zəifləməsi, tənqidi münasibətinin natamam olması qeyd edilmiş, MMSE nəticəsi 14 bal müəyyən edilmişdir. ## ### 2024-cü il tarixli həkim müayinəsində F03 - “dəqiqləşdirilməmiş demensiya, kobud davranış pozuntuları ilə” diaqnozu qoyulmuş və daim kənar şəxsin qulluq və himayəsinə ehtiyacın olduğu göstərilmişdir. Həmin göndərişin yekun diaqnostik hissəsində F03 əsas diaqnoz, Z74.3 - daimi müşahidəyə ehtiyac ağırlaşma, S06.0 - baş beynin silkələnməsi, kəllədaxili travma və Y36.2 - hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr yanaşı xəstəliklər kimi göstərilmişdir. Eyni göndərişdə ## ### 2024-cü il tarixli beyin MRT müayinəsində bilateral minimal beyin atrofiyası, atrofiya ilə əlaqədar üçüncü və yan mədəciklərin və beyin şırımlarının genişlənməsi, ## ##### 2024-cü il tarixli beyin KT müayinəsində isə ənsə nahiyəsində millimetrik yad cismin mövcudluğu qeyd edilmişdir. Cavabdehin özünün istinad etdiyi ## #### 2024-cü il tarixli beyin MRT müayinəsi də hər iki beyin yarımkürəsində xroniki işemik ocaqları, başın müxtəlif hissələrində dərialtı metal cisimləri, alın-gicgah nahiyəsində subaraxnoidal sahələrin genişlənməsini və baş beynin mülayim kortikal atrofik dəyişikliklərini təsdiq etmişdir. 2023-cü ilin tibbi sənədləri də eyni kliniki xəttin əvvəlki dövrdə mövcud olduğunu göstərir. ## ######## 2023-cü il tarixli müayinədə F02.8 kodu ilə “baş beyinin üzvi xəstəliyi (İ Qarabağ müharibəsi zamanı alınmış travma) nəticəsində ağıl zəifliyi, kobud davranış pozuntuları ilə” diaqnozu qoyulmuş və MMSE nəticəsi yenə 14 bal göstərilmişdir. Həmin göndərişdə F02.8 əsas diaqnoz kimi, S06.0 - baş beynin silkələnməsi və kəllədaxili travma, Y36.2 - hərbi əməliyyatlar nəticəsində qəlpə zədələnməsi isə yanaşı diaqnozlar kimi qeyd edilmişdir. 2023-cü il MRT-də də bilateral minimal beyin atrofiyası və ənsə nahiyəsində millimetrik yad cismin mövcudluğu təsbit olunmuşdur. Bundan başqa, xəstənin stasionar müalicə tarixçəsində 20 iyun-## #### 2023-cü il tarixlərində F02.8, 29 fevral-## #### 2024-cü il tarixlərində F03, 9-## ##### 2024-cü il tarixlərində yenidən F02.8 diaqnozu ilə müalicə olunduğu, daha əvvəl isə F07.8 - baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan üzvi mənşəli şəxsiyyət və davranış pozuntusu, F43.1 - posttravmatik stress pozuntusu və S06.0 - baş beynin silkələnməsi diaqnozlarının mövcud olduğu görünür. Deməli, *** nömrəli rəy 2026-cı ildə ilk dəfə yaranmış yeni bir xəstəliyi müəyyən etməmişdir. Həmin rəy 2023 və 2024-cü illərdə artıq tibbi sənədlərlə, iki dəfə MMSE-14 nəticəsi ilə, stasionar müalicələrlə və instrumental müayinələrlə obyektivləşdirilmiş davamlı psixi-koqnitiv pozuntunun mövcudluğunu və etiologiyasını təsdiq etmişdir. Bu hal 2026-cı il ekspertizasının 2024-cü ildə mövcud olmuş sağlamlıq vəziyyətinin qiymətləndirilməsində sübut kimi istifadəsini mümkün edir. Apellyasiya instansiyası məhkəməsinin ## #### 2026-cı il tarixli iclasında *** nömrəli rəyi vermiş ekspert həkim-psixiatr Sevinc Abbasovanın izahatı bu məsələyə əlavə aydınlıq gətirmişdir. Ekspert F03 - dəqiqləşdirilməmiş demensiya ilə F02.8 diaqnozlarının bir-birini inkar etmədiyini, hər iki təsnifatın demensiyaya aid olduğunu, fərqin xəstəliyin səbəbi və mənşəyinin dəqiqləşdirilməsindən ibarət olduğunu bildirmiş, iddiaçının İ Qarabağ müharibəsində aldığı travmaya dair sənədlər nəzərə alınmaqla F02.8 - üzvi mənşəli ağıl zəifliyi diaqnozunun müəyyən edildiyini və bunun xəstəliyin daha dəqiq etioloji təsnifatı olduğunu təsdiq etmişdir. Bu izahat mühüm əhəmiyyət daşıyır. Belə ki, cavabdehin mövqeyindən fərqli olaraq, 2024-cü il göndərişində göstərilmiş F03 diaqnozu ilə apellyasiya icraatında təsdiqlənmiş F02.8 diaqnozu arasında hüquqi qiymətləndirməyə mane olan ziddiyyət yoxdur. Sonuncu, əvvəlki diaqnozu etioloji baxımdan konkretləşdirir. ## ###### 2026-cı il tarixli məhkəmə iclasında aparılmış bilavasitə araşdırma da ciddi koqnitiv pozuntunun davam etdiyini təsdiq etmişdir. Mütəxəssis tərəfindən icra edilmiş MMSE test zamanı iddiaçı cari ili, ilin fəslini, ayın tarixini, ayı və olduğu şəhəri düzgün müəyyən edə bilməmiş, ona deyilmiş üç sözü təkrar edə bilməmiş, sadə ifadəni təkrarlamaq, yazını oxumaq və üçmərhələli göstərişi yerinə yetirmək tapşırıqlarını icra edə bilməmişdir. Mütəxəssis nəticə etibarilə şəxsdə ağır demensiya əlamətlərinin müşahidə olunduğunu bildirmişdir. Bununla belə, məhkəmə kollegiyası mütəxəssisin “ağır demensiya” ifadəsini iddiaçının orqanizm funksiyalarının pozulmasını 81-100 faiz aralığına aid etmək üçün müstəqil və kifayət edən əsas hesab etmir. Məhkəmə iclasında standart MMSE şkalası üzrə bütün elementləri əhatə edən yekun rəqəmsal nəticə müəyyən edilməmiş, mütəxəssis özü də həmin testin kliniki diaqnozu əvəz etmədiyini bildirmişdir. Buna görə faiz göstəricisinin normativ qiymətləndirilməsi iş materiallarında iki ayrı tarixdə rəsmən təsbit edilmiş MMSE-14 göstəricisi əsasında aparılmalıdır. Məhkəmə iclasındakı mütəxəssis müayinəsi isə həmin koqnitiv pozuntunun hazırda da davam etdiyini təsdiq edən əlavə sübut kimi qəbul edilməlidir. Iddiaçının 2024-cü ildə əlilliyinin qiymətləndirilməsi zamanı tətbiq edilməli maddi hüquq norması Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”dır. Həmin Meyarların 7.6-cı bölməsi simptomatik daxil olmaqla üzvi psixi pozuntulara aiddir. Bu bölmənin qeyd hissəsində psixi funksiyaların pozulmasının kəmiyyətcə qiymətləndirilməsi zamanı, o cümlədən, psixi pozuntuya səbəb olan üzvi patologiyanın obyektiv təsdiqinin - məsələn, MRT-də beynin atrofik dəyişikliklərinin - və intellektualmnestik pozuntuların MMSE vasitəsilə qiymətləndirilməsinin nəzərə alınması nəzərdə tutulmuşdur. 7.6.1-ci bənd F02* - başqa rubrikalarda təsnif edilən digər xəstəliklər zamanı demensiyanı və F03 - dəqiqləşdirilməmiş demensiyanı birbaşa əhatə edir. Ilkin redaksiyada MMSE üzrə 19-11 bal orta təzahür dərəcəsi kimi təsnif edilmiş və bu hal üçün 5 il müddət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2023-cü il tarixli *** nömrəli “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş ‘Əlilliyin müəyyən olunması meyarları’nda dəyişiklik edilməsi haqqında” Qərarı ilə əvvəlki 7.6.1.1-ci yarımbənd 7.6.1.2-ci yarımbənd hesab edilmiş, həmin yarımbənd üzrə orqanizmin funksiyalarının pozulması göstəricisi 35–80 faizdən 65–80 faizə dəyişdirilmişdir. 5 illik müddət dəyişdirilməmişdir. Beləliklə, iş üzrə normativ subsumsiya aydındır: iddiaçının iki ayrı tibbi qiymətləndirmədə təsbit edilmiş MMSE-14 göstəricisi MMSE üzrə 19–11 bal intervalına daxildir, həmin interval qüvvədə olan 7.6.1.2-ci yarımbənd üzrə orta təzahür dərəcəli demensiyaya, 65–80 faiz orqanizm funksiyalarının pozulmasına və 5 il müddətinə uyğun gəlir. Burada diaqnozla normativ meyar arasında ehtimala əsaslanan deyil, birbaşa hüquqi uyğunluq mövcuddur. Həm F02*, həm də F03 normativ aktda birbaşa göstərilmiş, onların kəmiyyət meyarı MMSE ilə müəyyən edilmiş, iddiaçıda isə həmin meyara uyğun 14 bal iki müxtəlif dövrdə rəsmən qeydə alınmışdır. Bundan əlavə, normativ aktın üzvi patologiyanın obyektiv təsdiqinə dair tələbi də MRT müayinələrində müəyyən edilmiş beyin atrofiyası və digər morfoloji dəyişikliklərlə təmin olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə Icmal”ının 57- 58-ci bəndlərində sağlamlıq vəziyyətinin tibbi qiymətləndirilməsi ilə artıq müəyyən edilmiş faktlara hüquqi meyarların tətbiqi fərqləndirilmişdir. Ali Məhkəmə göstərmişdir ki, inzibati orqanın müəyyən qiymətləndirmə azadlığı sağlamlıq vəziyyətinin müəyyən edilməsinə aid olsa da, müəyyən edilmiş xəstəlik və diaqnoz qanunvericilikdə əlilliyin müəyyən olunması üçün nəzərdə tutulan meyarlara uyğun gəldikdə əlilliyin müəyyən edilməsi artıq diskresion deyil, mütləq (qapalı) səlahiyyətdir. Hazırkı işdə tibbi qiymətləndirməyə aid faktiki hallar apellyasiya icraatı nəticəsində kifayət qədər aydınlaşdırılmışdır. F02.8 kodlu üzvi mənşəli demensiyanın mövcudluğu məhkəmə-psixiatrik ekspertizası ilə təsdiqlənmiş, 2023 və 2024-cü illərdə F02.8/F03 diaqnozları və MMSE-14 göstəricisi qeydə alınmış, instrumental müayinələr üzvi patologiyanın mövcudluğunu göstərmiş və məhkəmədə aparılmış bilavasitə müayinə koqnitiv pozuntuların davam etdiyini təsdiq etmişdir. Buna görə əlilliyin ümumiyyətlə müəyyən olunub-olunmaması məsələsində cavabdehin diskresion seçim imkanı qalmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.8 və 1.9-cu bəndlərinə görə, əlillik “Əlilliyin müəyyən olunması meyarları” əsasında qiymətləndirilir və orqanizmin funksiyalarının 30 faizdən artıq pozulması müəyyən edildikdə əlillik yaranır. Həmin Qaydanın 1.10-cu bəndinə əsasən konkret faiz göstəricisinin qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən, inzibati orqan işin düzgün həlli üçün əhəmiyyətli bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalı, 24.2-ci maddəsinə əsasən maraqlı şəxsin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina etməməlidir. Həmin Qanunun 61.1-61.4-cü maddələrinə görə yazılı inzibati akt əsaslandırılmalı, əsaslandırmada işin faktiki və hüquqi halları, onları təsdiq və ya rədd edən sübutlar və tətbiq olunan normativ hüquqi aktlar göstərilməli, qərar yalnız icraat zamanı tədqiq edilmiş fakt və sübutlara əsaslanmalıdır. Cavabdeh isə F02.8 və F03 diaqnozlarının “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.1-ci bəndində birbaşa nəzərdə tutulmasına, iddiaçıda MMSE-14 göstəricisinin iki müxtəlif tarixdə müəyyən edilməsinə, MRT-də atrofik dəyişikliklərin mövcudluğuna, uzunmüddətli və təkrar stasionar müalicələrə, baş-beyin travması ilə bağlı ardıcıl tibbi tarixçəyə baxmayaraq, bu məlumatların konkret normativ meyarla müqayisəsini aparmadan “diaqnoz əlillik əlaməti təyin etmir” nəticəsinə gəlmişdir. Cavabdehin ## ###### 2024-cü il tarixli əyani müayinədə iddiaçının üçüncü dəfə əlilliyə müraciət etdiyini xatırlamasını demensiyanın mövcudluğunu inkar edən əsaslardan biri kimi qiymətləndirməsi də kifayət qədər əsaslandırılmış sayıla bilməz. Ayrıayrı hadisələrin xatırlanması standartlaşdırılmış MMSE müayinəsinin nəticəsini, təkrar kliniki diaqnozları və obyektiv instrumental müayinələri özlüyündə təkzib etmir. Üstəlik, həmin əyani müayinənin özündə də iddiaçının koqnitiv çaşqın və konsentrasiyasının davamsız olduğu qeyd edilmişdir. Əgər cavabdeh göndərişdəki məlumatları natamam və ya yanlış hesab edirdisə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.9-cu bəndində nəzərdə tutulan qaydada göndərişin rəsmiləşdirildiyi komissiyaya bildiriş göndərmək imkanı mövcud idi. Qayda natamam və ya yanlış göndərişin həmin qaydada dəqiqləşdirilməsini nəzərdə tutur. Mövcud halda isə cavabdeh göndərişdəki obyektiv məlumatları hüquqi meyarlarla tutuşdurmadan mahiyyət etibarilə onların sübutedici qüvvəsini inkar etmişdir. Iş üzrə ayrıca hüquqi qiymətləndirmə tələb edən məsələ iddiaçının hazırkı əlilliyinə əsas olan sağlamlıq pozuntusunun ## ### 1992-ci ildə Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı hərbi travma ilə əlaqəsinin müəyyən edilməsidir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının ## ###### 2009-cu il tarixli **** nömrəli qərarından görünür ki, İddiaçı 1992-ci ildə hərbi xidmətə çağırılmış, döyüş zonasında hərbi xidmət keçərkən ## ### 1992-ci ildə yaralanmış və 30 may-## #### 1992-ci il tarixlərində Goranboy Rayon Mərkəzi Xəstəxanasında müalicə olunmuşdur. Mərkəzi Hərbi Həkim Komissiyası “təpə, boyun və kürəyin sol yarısının xırda qəlpə yaraları, qəlpələrin çıxarılmasından sonrakı vəziyyət” diaqnozlu yaralanmanın səbəbli əlaqəsini “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyən etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2008-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2-ci bəndinə əsasən, hərbi-həkim komissiyası xəsarət və xəstəliklərin səbəbli əlaqəsi barədə qərar qəbul edir. Həmin bənddə “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qərarının, o cümlədən, şəxsin xəsarəti Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusiya quruluşunu müdafiə edərkən və ya hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən aldığı hallara şamil edildiyi nəzərdə tutulur. Məhkəmə kollegiyası nəzərə alır ki, 2009-cu il Mərkəzi Hərbi Həkim Komissiyasının qərarında F02.8 kodlu psixi pozuntu ayrıca diaqnoz kimi göstərilməmişdir. Lakin bu hal hazırkı xəstəliklə həmin hərbi travma arasında səbəbli əlaqənin mövcudluğunu istisna etmir. Iş materialları həmin ilkin yaralanma ilə sonradan yaranmış baş-beyin travmasının nəticələri və hazırkı üzvi psixi pozuntu arasında ardıcıl tibbi əlaqənin mövcudluğunu təsdiq edir. Belə ki, iddiaçının əvvəlki tibbi-sosial ekspertiza sənədlərində qəlpə yaralanmasının qapalı kəllə-beyin travması və beyin silkələnməsi ilə nəticələndiyi, “baş-beyin silkələnməsinin davamlı qalıq əlamətləri”, “kəllədaxili travmaların nəticələri”, “posttravmatik ensefalopatiya” kimi diaqnostik ifadələrin mövcud olduğu və bu sağlamlıq pozuntuları əsasında ona II dərəcə əlilliyin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəblə müəyyən edildiyi görünür. Xüsusilə ## ###### 2016-cı il tarixli təkrar qiymətləndirmədə II dərəcə əlillik 5 il müddətinə, ## ###### 2021-ci ilədək və məhz həmin xüsusi səbəblə müəyyən edilmişdir. 2021-ci il tibbi-sosial ekspertiza göndərişində xəstəliyin başlanğıcı ## ### 1992-ci il göstərilmiş və S06.0 - baş beynin silkələnməsi diaqnozu üzrə çoxsaylı ambulator və stasionar müraciətlər qeyd olunmuşdur. 2023-cü il göndərişində isə artıq F02.8 kodlu xəstəlik birbaşa “İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində” yaranmış üzvi mənşəli ağıl zəifliyi kimi təsnif edilmiş və onunla yanaşı S06.0 və Y36.2 kodları göstərilmişdir. Nəhayət, apellyasiya icraatında alınmış ## ###### 2026-cı il tarixli *** nömrəli məhkəmə-psixiatrik ekspertiza rəyi hazırkı F02.8 xəstəliyinin etiologiyasını birbaşa İ Qarabağ müharibəsi zamanı keçirilmiş baş-beyin silkələnməsi ilə əlaqələndirmişdir. Beləliklə, iş üzrə sübutların məcmusu aşağıdakı ardıcıl səbəbli əlaqəni müəyyən edir: ## ### 1992-ci ildə Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış və səlahiyyətli hərbi-həkim komissiyası tərəfindən hərbi travma kimi tanınmış qəlpə yaralanması, həmin yaralanmanın nəticəsi olan qapalı kəllə-beyin travması və baş-beyin silkələnməsinin davamlı qalıq əlamətləri, həmin baş-beyin travmasının uzaq üzvi nəticəsi kimi formalaşmış F02.8 kodlu demensiya. Bu səbəbdən hazırkı F02.8 diaqnozu 1992-ci il hərbi travmasından asılı olmayan müstəqil, sonradan yaranmış xəstəlik kimi deyil, həmin travmanın tibbi nəticələrinin davamı kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5.2.1-ci yarımbəndində əlilliyin xüsusi səbəblərindən biri “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəb kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda adı çəkilən Icmalının 65-67-ci bəndlərinə görə, bu xüsusi səbəb hərbi-həkim komissiyasının “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2-ci bəndinə uyğun rəyi əsasında müəyyən olunur və hərbihəkim komissiyasının göstərdiyi səbəb o halda əlilliyin səbəbi ilə eyniləşdirilir ki, həmin xəstəlik, pozuntu və ya çatışmazlıq orqanizmin funksiyalarının 30 faizdən artıq pozulmasına gətirib çıxarsın və əlilliyin müəyyən edilməsinə əsas versin. Hazırkı işdə bu şərtlərin hər ikisi mövcuddur. 1992-ci il yaralanmasının hərbi travma olması Mərkəzi Hərbi Həkim Komissiyasının qüvvədə olan qərarı ilə müəyyən edilmiş, həmin travmanın baş-beyin silkələnməsi və kəllə-beyin travması nəticələri yaratdığı çoxillik tibbi sənədlərlə, hazırkı F02.8 xəstəliyinin həmin travmadan qaynaqlandığı isə məhkəmə-psixiatrik ekspertiza ilə təsdiqlənmişdir. Eyni zamanda, MMSE-14 göstəricisi üzrə orqanizmin funksiyalarının pozulması 65-80 faiz diapazonuna aid olmaqla 30 faiz həddini aşır. Odur ki, Mərkəzi Hərbi Həkim Komissiyasının ## ###### 2009-cu il tarixli **** nömrəli qərarı ilə müəyyən edilmiş “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəbli əlaqə hazırkı qiymətləndirmədə əsas götürülməli, əlilliyin hüquqi səbəbi isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5.2.1-ci yarımbəndinə uyğun olaraq “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” müəyyən edilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iş üzrə əlilliyin müddətsiz deyil, məhz 5 il müddətinə müəyyən edilməsi hüquqi baxımdan əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2023-cü il tarixli *** nömrəli Qərarı ilə dəyişdirilmiş 7.6.1.2-ci yarımbəndi MMSE üzrə 19–11 ballıq orta təzahür dərəcəsi üçün 65-80 faiz funksional pozuntu və 5 il müddət nəzərdə tutur. Doğrudur, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 4.2-ci bəndinə əsasən 61-80 faiz aralığında əlillik ardıcıl olaraq 10 il müddətində müəyyən edildikdə növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. Qaydanın 4.3-cü bəndi isə *** nömrəli Qərarın qüvvəyə minməsindən əvvəlki II dərəcə əlillik müddətlərinin 61-80 faiz aralığı kimi nəzərə alınmasını müəyyən edir. Lakin iş materiallarında tələb olunan ardıcıl 10 illik müddət mötəbər şəkildə təsdiq edilmir. TSEK-in arxiv məlumatlarında ## ###### 2011-ci ildə II dərəcə əlilliyin 1 il müddətinə - ## ###### 2012-ci ilədək müəyyən edildiyi, növbəti sənədləşdirilmiş II dərəcə təyinatının isə ## ###### 2014-cü il tarixində aparıldığı görünür. Beləliklə, təqdim edilmiş rəsmi tarixçədə ## ###### 2012-ci il ilə ## ###### 2014-cü il arasında fasilə mövcuddur. Sonrakı dövrdə 2015 və 2016-cı illərdə təkrar II dərəcə əlillik, # ###### 2016-cı ildə isə 5 il müddətinə, # ###### 2021-ci ilədək əlillik müəyyən edilmişdir. Bundan sonra isə 2021, 2023 və 2024-cü illərdə əlilliyin müəyyən edilməsindən imtina qərarları qəbul edilmişdir. Ali Məhkəmənin yuxarıda istinad edilən Icmalının 71-74-cü bəndlərində də xüsusi olaraq göstərilmişdir ki, əvvəlki əlillik müddətləri qanunla tələb olunan müddətdən az olduqda və ya əlillik ardıcıl deyil, fasilələrlə müəyyən edildikdə müddətsiz əlilliyin təyin edilməsi düzgün deyildir; müddətsiz əlillik yalnız əvvəlki müddət və ardıcıllıq şərtləri ilə növbəti qiymətləndirmə zamanı əlilliyə əsas verən diaqnozun mövcudluğu şərti birlikdə ödənildikdə mümkündür. Eyni zamanda qeyd edilməlidir ki, hazırkı mübahisənin predmeti ## #### 2024-cü il tarixli P********ZDF nömrəli göndəriş əsasında aparılmış sonuncu qiymətləndirmədən yaranmışdır. Həmin göndərişin tarixi ## #### 2024-cü ildir. Cavabdeh həmin göndəriş əsasında iddiaçının əlilliyini qiymətləndirərək ## #### 2024-cü il tarixdə əlilliyin müəyyən edilməsindən imtina etmişdir. Bu fakt həm cavabdehin sənədlərində, həm də **** nömrəli ekspertiza rəyində əksini tapmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.4-cü bəndinə görə, TSEK göndərişdə qeyd edilmiş məlumatlar əsasında 10 iş günündən çox olmayan müddətdə əlilliyin müəyyən edilməsi və ya əsaslandırılmış imtina barədə qərar qəbul etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Icmalının 50-53-cü bəndlərində də göstərilmişdir ki, imtina qanunsuz hesab edildikdə və əlilliyin müəyyən olunması üçün digər bütün əsaslar mövcud olduqda cavabdehin üzərinə əlilliyin müəyyən edilməsinə dair qərarın qəbul edilməsi öhdəliyi qoyula bilər; bir neçə əvvəlki imtina mövcud olduğu, lakin yalnız sonuncu göndəriş üzrə hüquqi mübahisə yarandığı halda təyinat tarixi əvvəlki göndərişlərə deyil, sonuncu göndərişə əsasən müəyyən edilməlidir. Hazırkı işdə əvvəlki 2021 və 2023-cü il imtina qərarları iddianın predmetini təşkil etmir. Məhz P********ZDF nömrəli göndəriş əsasında ## #### 2024-cü ildə qanunsuz imtina qərarı qəbul edilmişdir. Apellyasiya araşdırması həmin vaxt əlilliyin müəyyən edilməsinə əsas verən faktiki və hüquqi şərtlərin artıq mövcud olduğunu təsdiq edir. Başqa sözlə, cavabdeh ## #### 2024-cü ildə həmin göndəriş üzrə qərar qəbul edərkən qanunvericiliyi düzgün tətbiq etmiş olsaydı, imtina deyil, iddiaçının xeyrinə əlilliyin müəyyən edilməsi barədə inzibati akt qəbul etməli idi. Bu səbəbdən hazırkı mübahisə çərçivəsində əlilliyin təyinat tarixinin ## #### 2024cü il müəyyən edilməsi əsaslıdır. Bu tarix həm mübahisələndirilən qiymətləndirmənin faktiki qərar tarixidir, həm də Qaydanın 2.4-cü bəndində müəyyən edilmiş qiymətləndirmə müddətinin hüdudları daxilindədir. Beləliklə, sübutların məcmusundan müəyyən olunur ki, iddiaçıda əlilliyin müəyyən edilməsinə əsas verən davamlı üzvi psixi-koqnitiv pozuntu mövcuddur; həmin pozuntu 2023 və 2024-cü illərdə F02.8/F03 diaqnozları və MMSE-14 göstəricisi ilə sənədləşdirilmiş, MRT və KT müayinələri ilə üzvi patologiyanın mövcudluğu obyektivləşdirilmiş, apellyasiya icraatında keçirilmiş məhkəmə-psixiatrik ekspertiza ilə F02.8 diaqnozu və onun İ Qarabağ müharibəsi zamanı keçirilmiş baş-beyin silkələnməsi ilə etioloji əlaqəsi təsdiq edilmişdir. Məhkəmə iclasında ekspert tərəfindən F02.8-in F03 diaqnozunun etioloji baxımdan dəqiqləşdirilmiş forması olduğu izah edilmiş, bilavasitə aparılmış mütəxəssis müayinəsi də koqnitiv pozuntuların davam etdiyini göstərmişdir. MMSE-14 göstəricisi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2023-cü il tarixli *** nömrəli Qərarı ilə dəyişdirilmiş 7.6.1.2-ci yarımbəndində nəzərdə tutulan 19-11 bal intervalına birbaşa daxildir və orqanizmin funksiyalarının 65-80 faiz pozulmasını, 5 il müddətinə əlilliyi nəzərdə tutur. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı ləğv edilməli, iddia ərizəsi təmin edilməli, iddiaçı İddiaçı ## #### 2024-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə 5 il müddətinə əlilliyin müəyyən edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı ləğv edilsin. Iş üzrə yeni qərar qəbul edilsin. Iddia ərizəsi təmin edilsin. Iddiaçı İddiaçı ## #### 2024-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə 5 (beş) il müddətinə əlilliyin müəyyən edilməsi öhdəliyi cavabdeh “xxxx” publik hüquqi şəxsin üzərinə qoyulsun. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Fərid Ismayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar