Məhkəmə qərarları › İş №2-1(103)-431/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-431/2023

20.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-431/2023 20.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “texniki pasportun verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 04 may 2022-ci il tarixli, 2-1(112)-3539/2022 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış massivi, 16 saylı binanın həyətində sahibliyində və istifadəsində olan qarajın texniki pasportunun tərtib edilməsindən imtinasının qanunsuz və əsassız hesab edilməsi, cavabdehin üzərinə həmin qaraja dair texniki pasportun tərtib ediməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 15 sentyabr 1999-cu il tarixli 1910 saylı Sərəncamı ilə iddiaçıya müharibə veteranı, 2-ci qrup Qarabağ əlili kimi minik avtomobilinin saxlanması üçün yaşadığı ünvanda, ünvan 1ntisinə icazə verilmişdir. Tikinti altına torpaq sahəsinin ayrılması üçün Bakı şəhər İHB-nın Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 23 avqust 1999-cu il tarixli 18/02f-6/211 saylı məktub ilə razılıq vermişdir. İddiaçı qarajın tikilməsi üçün podratçı kimi Azərbaycan Respublikası MN-nin N saylı H/H ilə 27 sentyabr 1999-cu il tarixdə 589 saylı tikintidə podrat müqaviləsi bağlamış və qarajın tikintisi Sərəncama uyğun olaraq tikilərək iddiaçının istifadəsinə verilmişdir. İddiaçı 02 avqust 2021-ci il tarixdə sahiblik və istifadəsində olan qarajın texniki pasportunun tərtib edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh 24 avqust 2021-ci il tarixli məktub ilə qaraj tikintisinin sənəd üzrə ölçülərinin (6.0x4.0) mövcud vəziyyətdən (6.35x4.9) fərqli olduğunu əsas gətirərək texniki pasportun tərtib edilməsindən imtina etmişdir. Halbuki sənədlərə ilkin olaraq baxış zamanı qaydasında olduğu bildirilmiş və texniki pasportun hazırlanması üçün 190 manat dövlət rüsumunun ödənilməli olduğu bildirilmişdir. Cavabdeh tərəfindən sonradan qarajın ölçüləri uyğun gəlmədiyinə görə texniki pasportun tərtib edilməsindən imtina olunmuşdur. Lakin qarajın ilkin sənəddə göstərilən ölçülərdən əsaslı şəkildə kənara çıxılması olmamışdır. Bakı İnzibati Məhkəməsinin 04 may 2022-ci il tarixli, 2-1(112)-3539/2022 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı iddia ərizəsinin məzmununa uyğun apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 04 may 2022-ci il tarixli, 2-1(112)-3539/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və şəhərsalma baş idarəsi xx.xx.1999-cu il tarixli, 18/02f-6/211 saylı məktub ilə Yeni Günəşli Q yaşayış sahəsi, ev 16, mənzil 20-də yaşayan ikinci qrup Qarabağ əlili İddiaçı şəxsi avtomaşının saxlanması üçün yaşadığı ərazidə qaraj tikintisi ilə əlaqədar təsdiq edilən sxemi razılaşdırmışdır. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 1910 nömrəli Sərəncamından görünür ki, İddiaçı rayon icra aparatına müraciət edərək şəxsi minik avtomobilini saxlamaq üçün qaraj yeri ayrılmasını xahiş etmişdir. Yerində yoxlama zamanı müəyyən edilmişdir ki, İddiaçı yaşadığı binanın həyətində mövcud qarajların sırasında qaraj yerləşdirilməsi mümkündür. Göstərilənlərə əsasən, İddiaçı şəxsi minik avtomobilini saxlamaq üçün Yeni Günəşli “Q” yaşayış sahəsində, yaşadığı binanın həyətində mövcud qarajların sırasında 6mX4m ölçüdə qaraj tikintisinə icazə verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi (podratçı) ilə İddiaçı (sifarişçi) arasında bağlanmış 27 sentyabr 1999-cu il tarixli 589 saylı qaraj tikintisi barədə podrat müqaviləsindən görünür ki, podratçı Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində bir avtomobilin saxlanması üçün ümumi sahəsi 30 kv.metr olan fərdi qarajın tikintisini öhdəsinə götürmüş, müqavilənin qüvvədə olma müddəti 1999-cu il 30 sentyabrdan 1999-cu il 30 noyabra kimi müəyyən edilmişdir. İddiaçı həmin daşınmaz əmlaka (qaraja) texniki pasport verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh başlanmış inzibati icraat çərçivəsində əmlaka yerində baxış keçirməklə müayinə aktı tərtib etmişdir. xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən həmin müayinə (baxış) aktından görünür ki, xx.xx.1999-cu il tarixli, 1910 nömrəli Suraxanı rayon İcra Hakimiyyətinin Sərəncamına əsasən qarajın 6mX4m ölçüdə tikintisinə icazə verilmişdir. Qarajın faktiki sahəsi 31.1 kv.metrdir, 6,35mX4,9 ölçüdə inşa olunmuşdur. Qarajın yerləşməsi təqdim edilmiş sxemə uyğundur. Qarajın yerləşməsi RİH tərəfindən verilmiş cizgiyə uyğundur. Perimetrik ölçülərdə fərq var. Cizgidə göstərilmiş 13 saylı binadan 11,7 m-lik məsafədə yerləşir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plancizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” İşin halları ilə təsdiq olunur ki, qaraj tikilisinin sənəd üzrə ölçüləri mövcud vəziyyətdən fərqli olmuşdur. Belə ki, iddiaçı ona icazə verilən sahədən artıq ölçüdə sahəni zəbt etməklə tikinti işləri aparmış, lakin həmin sahə ilə bağlı hüquqları təsdiq edən hər hansı bir sənəd təqdim etməmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı istifadəsində olan qarajla bağlı müvafiq sənədləri təqdim etsə də, həmin sənədlərdən görünür ki, ona 24 kv.metr ölçüdə qaraj tikilməsi üçün icazə verilmiş, lakin onun inşa etdiyi qarajın ölçüsü 31.1 kv.metr olmuşdur. Göründüyü kimi, iddiaçı əlavə 7,1 kv.metr torpaq sahəsi zəbt etmiş və həmin torpaqda tikinti aparmış, həmin sahə ilə bağlı hər hansı bir hüquqmüəyyənedici sənədi məhkəməyə təqdim etməmişdir. Həmçinin, məhkəmə nəzərə çatdırmışdır ki, iddiaçı onun müraciəti üzrə qərar qəbul edildikdən sonra əlavə sahə ilə bağlı hüquqlarını təsdiq edən yeni sübutlara əsaslana (istinad edə) bilər və bu iş üzrə qərar iddiaçının “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində müəyyən edilmiş qaydada yenidən inzibati orqana müraciət etmək hüququna təsir etmir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının bildirdiyi faktiki hallar Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış massivi, 16 saylı binanın həyətində yerləşən qaraja texniki pasportun tərtib edilməsi üçün əsas təşkil etmədiyindən iddia əsaslı sayıla bilməz. Göründüyü kimi birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmaqla işin hallarına uyğun olmuş, cavabdehin imtina etməsi qanuni və əsaslı olmuş, iddiaçının hüquqları pozulmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 04 may 2022-ci il tarixli, 2-1(112)-3539/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Vüsalə Baxışova Mirzə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar