Məhkəmə qərarları › İş №2-1(103)-431/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-431/2024

17.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-431/2024 17.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Firmasının Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi və riskli vergi ödəyicilərinin siyahısından çıxarılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X2 ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Firmasının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi və riskli vergi ödəyicilərinin siyahısından çıxarılması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8561/2023 saylı 14 iyun 2023-cü il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə 17 yanvar 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” **********12000 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, vergi ödəyicisi "xxxx" Firması (**********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, “Ziyil Arxı" Firmasının (**********) ƏDV subuçot hesabı üzrə mədaxil-məxaric əməliyyatları, elektron qaimə-faktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar (görülmüş işlər, göstərilmiş xidmətlər), idxal-ixrac əməliyyatları, mövcud uçot baza məlumatları və digər mənbəyi bəlli olan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluq (lar) aşkar edilmişdir. "Vergi ödəyicisi tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il tarixdə cəmi 50,0 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə "Difransiyal kutu komple DB, Debriyaj tk DBY FR, Grup ayna mil 13.64 Db, Cam ön DBY, kapı ön sol DFL və s." satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Qeyd edilənlər nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci və 3.1.1-ci yarımbəndlərinə əsasən vergi ödəyicisi riskli hesab olunur." Hazırda iddiaçı "xxxx" Firması cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinin qəbul etdiyi “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” **********12000 saylı xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi və riskli vergi ödəyicilərinin siyahısından çıxarılmasını tələb edir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli 2**********12000 saylı qərara əsasən müəssisə riskli vergi ödəyici olaraq müəyyən edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Qəbul edilmiş qərarda müəssisənin riskli vergi ödəyicisi kimi qeydiyyata alınmasına əsas olaraq aşağıdakılar qeyd edilmişdir: "Vergi ödəyicisi tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il tarixdə cəmi 50.0 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə "Difransiyal kutu komple DB. Debriyaj tk DBY FR. Grup ayna mil 13.64 Db. Cam ön DBY. kapı ön sol DFL və s." satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir." Müəssisə tərəfindən vergi orqanına müraciətlər edilmiş və bu kimi halların aradan qaldırıldığı və müəssisənin riskli vergi ödəyiciləri siyahısından çıxarılması xahiş edilmişdir. Lakin bu zamana qədər cavabdeh vergi orqanı tərəfindən müraciətlərinə hər hansı cavab verilməmişdir. Halbuki xx.xx.2022-ci il tarixində təqdim edilən EBCH 979731, EBCH 974606, EBCH 969850, EBCH 957939, EBCİ 035624, EBCİ 032746. EBCİ 021697, EBCİ 010871 saylı elektron qaimə-fakturalar ləğv edilmişdir və bank hesabına mədaxil olmamışdır. Yəni, qərarın qəbul edilməsinə səbəb kimi göstərilən hallar tamamilə aradan qaldırılmışdır. Müəssisə fəaliyyətini davam etdirməkdə riskli vergi ödəyiciləri siyahısında olduğu üçün bir çox çətinliklərlə üzləşmiş, bir çox müəssislər isə riskli vergi ödəyicisi olduğunu gördüyü üçün is görməkdən çəkinmişlər. Cavabdehin etirazları: Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirişmişdir ki, araşdırma zamanı iddiaçı tərəfindən 8 riskli elektron qaimə fakturanın ləğv edildiyi aşkar edilsə də, xx.xx.2022-ci il tarixdə cəmi 24,4 min manat dəyərində təqdim edilmiş elektron qaimə fakturanın ləğv edilmədiyi və təqdim edilmiş elektron qaimə fakturaya görə əldə edilmiş vəsaitin bank hesabı vasitəsilə geri qaytarıldığını əks etdirən sənədin təqdim edilmədiyi müəyyən olunmuşdur. Eyni zamanda vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə təqdim edilmiş qaimə fakturalar üzrə satışda cəmi 33,1 min manat məbləğində “Evakuasiya daşınma xidməti və nəqliyyat çatdırılma xidməti” olmasına baxmayaraq, tərəfindən yükdaşımalara görə "Fərqlənmə nişanı"-nın olması müəyyən olunmamışdır. Vergi ödəyicisi tərəfindən vergi orqanında uçotda olan şəxsdən mal alındıqda ona Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən elektron qaimə faktura təqdim edilməli, vergi orqanında uçotda olmayan şəxslərdən mal alındıqda isə Vergi Məcəlləsinin 71-2-ci maddəsinə əsasən elektron alış aktı tərtib edilməlidir. Vergi ödəyicisinin uçot-baza məlumatlarında isə 24,4 min manat dəyərində təqdim edilmiş elektron qaimə faktura üzrə təqdim edilmiş malların heç bir alış sənədi aşkar edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8561/2023 saylı 14 iyun 2023-cü il tarixli qərarı ilə iddianın qismən təmin edilərək, "xxxx" Firmasının riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul etmək vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinin üzərinə qoyulması və iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı "xxxx" Firması tərəfindən apellyasiya şikayəti verilərək, qərarın qismən - iddianın təmin edilmədiyi hissədə ləğv edilərək, həmin hissədə iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Həmçinin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın qismən - iddianın təmin edildiyi hissədə ləğv edilərək, həmin hissədə iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, vergi orqanına müraciətlər edilməsinə və tərəfindən qaimələr ləğv edilməsinə baxmayaraq vergi orqanı bu kimi halları nəzərə almamışdır. Belə ki, vergi ödəyicisinin siyahıdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması riskli vergi ödəyicisi hesab edilmə barədə qərarın ləğvinə əsas verir. Çünki həmin qərara əsasən MMC-nin siyahıya əlavə edilməsi nəzərdə tutulmuşdur. Bu kimi hallar isə məhkəmə tərəfindən nəzərə alınmamışdır. Həmçinin məhkəmə öz qərarında qeyd etmişdir ki, qanunverici şəxsin riskli vergi ödəyiciləri siyahısından çıxarılması hallarını (meyarlarını) tənzimləməsə də, bu, müvafiq qərarın qəbul edilməməsi üçün əsas ola bilməz. Çünki müvafiq tənzimləməni təmin etmək üçün zəruri tədbirlərin görülməsi vergi sahəsində dövlət siyasətini həyata keçirən cavabdeh orqanın vəzifəsidir və qanunvericilikdəki bu boşluq vergi ödəyicisinin hüquqlarının pozulmasına səbəb ola bilməz. İşin hazırkı halında iddiaçı tərəfindən barəsində müvafiq qərarın qəbul edilməsinə əsas olan hallar aradan qaldırıldığından, məhkəmə hesab edir ki, bu, onun riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilməsi üçün əsasıdır. Belə ki, məhkəmə işə baxarkən və qərar çıxararkən iddia ərizəsində qeyd olunan xüsusatları nəzərə almamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, işi lazımi qaydada və obyektiv araşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməmiş, tətbiq edilməli olan hüquq normasını tətbiq etməmiş və yaxud düzgün təfsir etməmişdir. Hesab edir ki, qeyd olunan maddi hüquq normalarının düzgün tətbiqi milli qanunvericiliklə müvafiq prinsiplərlə təsdiq edilir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı mübahisələndirilən qərarın qəbul edilməsinə əsas olan halları aradan qaldırmışdır və məhkəmə hesab edir ki, bu, onun riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilməsi üçün əsasdır. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə görə, riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Maddədə qeyd olunan meyarları təsdiq edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) dedikdə Azərbaycan Respublikası Nazirlər Kabineti nəzərdə tutulur. AR Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” sözügedən məsələni tənzimləyir. Həmin Meyarların 2.1.1-ci və 3.1.1 -ci müddəalarına əsasən vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi hal riskli əməliyyatlar olaraq qiymətləndirilir. Qeyd olunan məsələ üzrə iddiaçının fəaliyyəti təhlil olunmuşdur. Təhlil zamanı xx.xx.2022>xx.xx.2022-ci il tarixdə cəmi 50,0 min manat dəyərində təqdim edilmiş qaimə-fakturalar üzrə "Difransiyal kutu komple DB, Debriyaj tk DBY FR, Grup ayna mil 13.64 Db, Cam ön DBY, kapı ön sol DFL və s." satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə alışda və ya idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq, xx.xx.2023-cü il tarixli 2**********12000 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərar çıxarılaraq vergi ödəyicisinin elektron qutusuna göndərilmişdir. Araşdırma zamanı iddiaçı tərəfindən 8 riskli elektron qaimə-fakturanın ləğv edildiyi aşkar edilsə də, təqdim edilmiş elektron qaimə-fakturaya görə əldə edilmiş vəsaitin bank hesabı vasitəsilə geri qaytarıldığını əks etdirən sənədin təqdim edilmədiyi müəyyən olunmuşdur. Lakin məhkəmə araşdırması zamanı qeyd olunan məsələyə düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, riskli vergi ödəyicisinin təhlil edilən əməliyyatları onun tərəfindən vergidən yayınma sxemi çərçivəsində əmtəəsiz əməliyyatların keçirilməsini aşkar göstərsə də, məhkəmə yalnız riskli əməliyyatları təsdiq edən elektron-qaimə fakturaların ləğvini əsas gətirməklə risk meyarının aradan qalxdığını bildirmişdir. Vergi ödəyicisi tərəfindən vergi orqanında uçotda olan şəxsdən mal alındıqda ona Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən elektron qaimə-faktura təqdim edilməli, vergi orqanında uçotda olmayan şəxslərdən mal alındıqda isə Vergi Məcəlləsinin 71-2-ci maddəsinə əsasən elektron alış aktı tərtib edilməlidir. Halbuki, həmin əməliyyatlar üzrə həqiqətən mal təqdim edilməsi həyata keçirilmiş olsa idi, əməliyyatlar üzrə elektron qaimə-fakturalar ləğv edildikdə malların satışına görə ödənilmiş məbləğ iddiaçının bank hesabına geri qaytarılmalı olacaqdı. Elektron-uçot məlumat bazasından əldə edilmiş məlumata görə isə qeyd olunan dövrdə iddiaçının bank hesabına hər hansı pul mədaxili aşkar edilməmişdir. İddiaçının fəaliyyəti ilə bağlı daha bir riskli əməliyyatla bağlı məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində təqdim edilmiş elektron qaimə-fakturalarda “Avtomobillər üçün sair hissə və ləvazimatların topdansatışı üzrə xidmətlər” göstərilməklə ümumi məbləği 112298,54 manat olan 468 ədəd müxtəlif ehtiyat hissələrinin (ön balata TRV, salıncak ön sağ, radiyator DB, kanallı kayış, turbo intercool hortum, debriyaj teli FR, polen fitresi LN DBY, motor takozu, ekzantrik kapak keçesi Cartecj, lambda sensor, boru GP, ön fren aynası və s.) digər vergi ödəyicilərinə təqdim edilməsinə baxmayaraq, həmin malların əldə olunmasına dair hər hansı elektron qaimə-faktura, idxal gömrük bəyannaməsi və ya alış aktı əldə edilməmiş, həmçinin xx.xx.2022-ci il tarixdə cəmi 24,4 min manat dəyərində təqdim edilmiş elektron qaimə- faktura üzrə təqdim edilmiş malların heç bir alış sənədi müəyyən edilməmişdir. Qeyd olunanlar iddiaçının mütəmadi olaraq riskli əməliyyatlar aparmasını bir daha təsdiq edir. İddiaçı daşıma xidmətləri həyata keçirməsinə baxmayaraq, balansında hər hansı avtonəqliyyat vasitəsinin olub-olmaması barədə məlumat aşkar etmək mümkün olmamışdır. Vergi ödəyicisi daşıma xidmətləri həyata keçirməsinə baxmayaraq qeyd olunan sənədlərin olmaması vergi ödəyicisinin əmtəsiz əməliyyat aparmasını və vergi ödəyicisinin riskli vergi ödəyicisi olduğu göstərir. Bundan başqa, uçot baza məlumatlarına əsasən iddiaçının fəaliyyət növlərinin 49320 - taksi fəaliyyəti (əsas fəaliyyət növü), 45200 avtomobillərə texniki xidmət göstərilməsi və onların təmiri, ******* - avtomobillərə cari xidmət, 45320 - avtomobillər üçün hissələrin, qovşaqların və ləvazimatların pərakəndə satışı, 49310 - şəhər və şəhərətrafı sərnişin quruyol nəqliyyatı fəaliyyəti, 68200 - şəxsi daşınmaz əmlakın istismara və kirayəyə verilməsi, ******* - digər daşınmaz əmlakın (ev kirayəsi istisna olmaqla) icarəyə verilməsi üzrə fəaliyyət olduğu halda, həmçinin adına qeydiyyatda olan avtoservis obyekti mövcud olduğu halda, aktiv əmək müqavilələrinə əsasən işçilərinin icraçı direktor, direktor müavini, kadrlar üzrə aparıcı mütəxəssis, hüquqşünas və iki qeydiyyatçı- menecerdən ibarətdir və nəqliyyat xidmətinin, avtomobillərə texniki və təmir xidmətlərinin, pərakəndə satış fəaliyyətlərinin həyata keçirilməsi üçün sürücü, usta (motorçu, rəngsaz, çilingər, mexanik və ya başqa texniki xidmət işçisi) və satıcının olmaması iddiaçının fəaliyyətində əmtəəsiz əməliyyatların aparılmasına bir daha dəlalət edir. Qeyd olunanlara əsasən, iddiaçının riskli vergi ödəyiciləri siyahısından çıxarılması onun tərəfindən yol verilən vergidən yayınma hallarına qəsdən şərait yaradılması anlamına gəlir. Əslində birinci instansiya məhkəməsi iddianın xx.xx.2023-cü il tarixli 2**********12000 saylı Qərarın ləğv edilməsi hissəsində iddia tələbini təmin etməyərək iddiaçının riskli əməliyyatlar həyata keçirməsi faktı ilə razılaşmışdır. Məsələ ondan ibarətdir ki, həmin qərarda qeyd olunan risk meyarı təşkil edən əməliyyatlar iddiaçının riskli fəaliyyətinin cüzi hissəsini təşkil edir, daha geniş formada məhkəmə araşdırması zamanı məlumat verilmişdir. Buna baxmayaraq, iddiaçının riskli vergi ödəyicisi olduğunu təsdiq edən yuxarıda sadalanan çoxsaylı faktlar mövcud olduğu, o cümlədən qeyd olunan nöqsanlar tam şəkildə aradan qaldırılmadığı halda, məhkəmə sırf mübahisələndirilən qərarda öz əksini tapmış elektron qaimə-fakturaların ləğvini rəhbər tutaraq onun riskli vergi ödəyiciləri siyahısından çıxarılması qənaətinə gəlmişdir. Hesab edirik ki, məhkəmə iddiaçının fəaliyyəti ilə bağlı qeyd olunan faktlara kompleks yanaşma həyata keçirərək məhkəmə araşdırması həyata keçirməli idi. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X4 öz apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının qismən, iddianın təmin edildiyi hissədə ləğv edilərək, iddia tələbinin həmin hissədə təmin edilməməsi barədə qərar qəbul edilməsini, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişdir. xx.xx.2024-cü-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı nümayəndəsinin iştirakını təmin etməmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçının nümayəndəsi və vəkili tərəfindən məhkəmənin elektron kabinetinə ərizə ilə müraciət edilərək, həmin tarixdə olkə xaricində olması səbəbindən məhkəmə iclasında iştirakının mümkün olmaması qeyd edilmiş və bu səbəbdən də iclasın onun iştirakı olmadan keçirilməsinə etiraznının olmadığı bildirilmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə iddiaçı “Şah Lojistik" MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil öz apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının qismən - iddianın təmin edilmədiyi hissədə ləğv edilərək, iddia tələbinin həmin hissədə təmin edilməsi barədə qərar qəbul edilməsini, cavabdeh inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iddia növünə görə “mübahisələndirmə haqqında” iddialara aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İddiaçı tərəfindən mübahisələndirilən qərarın ləğvi ilə bağlı məhkəməyə qanunla müəyyən edilmiş müddət daxilində müraciət edildiyi üçün iddia mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, iddiaçı xx.xx.2023xx.xx.2023-cü il tarixlərdə cavabdehə müraciət edərək xx.xx.2022-xx.xx.2022-ci il üzrə müvafiq qaimələrin ləğv edildiyi və ödəniş baş tutmadığından geri qaytarılası məbləğin olmadığının nəzərə alınaraq, müəssisənin riskli vergi ödəyicisindən çıxarılmasını xahiş etmiş, cavabdeh iddiaçının müarciətini təmin etməkdən imtina edərək bildirmişdir ki, müraciətin araşdırılması zamanı iddiaçı tərəfindən 8 riskli elektron qaimə fakturanın ləğv edildiyi aşkar edilsə də, xx.xx.2022-ci il tarixdə cəmi 24,4 min manat dəyərində təqdim edilmiş elektron qaimə fakturanın ləğv edilmədiyi və təqdim edilmiş elektron qaimə fakturaya görə əldə edilmiş bank hesabı vasitəsilə geri qaytarıldığını əks etdirən sənədlərin təqdim edilmədiyi müəyyən olunmuşdur. Eyni zamanda vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə təqdim edilmiş qaimə fakturalar üzrə satışda cəmi 33,1 min manat məbləğində “Evakuasiya daşınma xidməti və nəqliyyat çatdırılma xidməti” olmasına baxmayaraq, yükdaşımalara görə "Fərqlənmə nişanı"-nın olması müəyyən olunmamışdır. Araşdırma zamanı iddiaçı tərəfindən qeyd edilən riskli əməliyyatların tam aradan qaldırılmadığı müəyyən edilmiş və bu səbəbdən riskli vergi ödəyicisi siyahısından çıxarılması mümkün olmamışdır. İddiaçı hazırda bu imtina ilə razılaşmayaraq cavabdehin xx.xx.2023-cü il tarixli **********12000 nömrəli qərarının ləğv edilməsini və onun riskli vergi ödəyicisi siyahısından çıxarılmasını tələb edir. Mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formalhüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Hazırki iş üzrə mübahisəli inzibati aktın qanuniliyi həm formal-hüquqi baxımdan, həm də maddi-hüquqi baxımdan yoxlanılarkən Kollegiya aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Vergi Məcəlləsi vergi ödəyiciləri tərəfindən büdcədən vergi məbləğlərinin yayındırılmasının qarşısının alınması (o cümlədən, vergilərin hesablanması) məqsədilə vergi orqanını müxtəlif tədbirlər, o cümlədən kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və operativ vergi yoxlaması həyata keçirmək səlahiyyəti ilə təchiz etmişdir. Vergi qanunvericiliyi qeyd olunan yoxlamalardan hər birinin keçirilmə şərtlərin və qaydalarını tənzimləyir. Nəzərə almaq lazımdır ki, vergi orqanı qanunvericiliyin yol verdiyi hədlərdə həmin yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir. Bununla yanaşı, vergi orqanı bu və ya digər yoxlama tədbirini seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslara istinad etməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinə 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: - 1.1. Bu Meyarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra - Vergi Məcəlləsi) 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını müəyyən edir. - 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. - 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. - 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: - 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; - 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); - 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; - 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; - 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; - 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; - 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. - 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: - 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; - 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Göründüyü kimi, qanunverici riskli vergi ödəyicisinin anlayışını vermiş, riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını təsdiq etmiş, lakin şəxsin hansı hallarda riskli vergi ödəyiciləri siyahısından çıxarılmasını tənzimləməmişdir. Cavabdehin **********12000 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, cavabdeh iddiaçının Meyarların 3.1.1-ci bəndində nəzərdə tutulan riskli əməliyyat apardığını əsas gətirərək Meyarların 2.1.1-ci bəndinə əsasən iddiaçını riskli vergi ödəyicisi hesab etmişdir. Apellyasiya baxışı zamanı aparılmış araşdırmalar nətiəsində müəyyən edilmişdir ki, iddiaçı riskli əməliyyatlara dair elektron qaimə-fakturaları ləğv etmişdir. Təqdim edilmiş ərizələrdə görünür ki, EBCH seriyalı 957939, EBCH seriyalı 969850 saylı, EBCİ seriyalı 010871 saylı, EBCH seriyalı 979731 saylı, EBCH seriyalı 974606 saylı, EBCİ seriyalı 021697 saylı, EBCİ seriyalı 032746 saylı və EBCİ seriyalı 035624 saylı qaimə fakturalar əməliyyatların baş tutmaması səbəbindən ləğv edilmək üçün imzalanmışdır. Eyni zamanda həmin əməliyyatlar üzrə iddiaçının bank hesabına vəsait daxil olmamışdır. Bu hal cavabdeh inzibati orqan tərəfindən də mübahisələndirilməmiş və iddiaçıya məxsus bank hesablarından çıxarışlarla deyilən fakt təsdiqini tapmışdır. Kollegiya qeyd edir ki, yuxarıda göstərildiyi kimi, qanunverici şəxsin riskli vergi ödəyiciləri siyahısından çıxarılması hallarını (meyarlarını) tənzimləməsə də, bu, müvafiq qərarın qəbul edilməməsi üçün əsas ola bilməz. Çünki müvafiq tənzimləməni təmin etmək üçün zəruri tədbirlərin görülməsi vergi sahəsində dövlət siyasətini həyata keçirən cavabdeh orqanın vəzifəsidir və qanunvericilikdəki bu boşluq vergi ödəyicisinin hüquqlarının pozulmasına səbəb ola bilməz. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina edərkən xx.xx.2022-ci il tarixdə cəmi 24,4 min manat dəyərində təqdim edilmiş elektron qaimə fakturanın ləğv edilmədiyinə, "Fərqlənmə nişanı" olmadan fəaliyyət göstərilməsinə istinad etmişdir. Lakin işdən görünür ki, bu hallar iddiaçının riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarın qəbul edilməsi üçün əsas təşkil etməmiş, həmin qərarın qəbul edilməsi zamanı aparılan inzibati icraatın predmeti olmamışdır. Əgər cavabdeh həmin əməliyyatları Meyarların 3.1.1-ci bəndində nəzərdə tutulan riskli əməliyyatlara aid edirsə, onda, bununla bağlı yeni qərar qəbul etməlidir. Kollegiya qeyd edir ki, yuxarıda istinad olunan normalardan görünür ki, riskli vergi ödəyicisi ilə bağlı vergi orqanı iki növ qərar qəbul edə bilər:

1. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması barədə;

2. Vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə. Göründüyü kimi, qanunverici şəxsin riskli vergi ödəyiciləri siyahısından çıxarılması üçün onun barəsində qəbul edilmiş riskli vergi ödəyicisi olma barədə qərarın ləğvini nəzərdə tutmamışdır. Belə ki, şəxs barəsində qəbul edilən riskli vergi ödəyiciləri siyahısından çıxarılma barədə qərar artıq əvvəlki qərarın hüquqi nəticəsini aradan qaldırır. Vergi ödəyicisi onun riskli vergi ödəyicisi olması barədə qərarın o zaman ləğv edilməsini tələb edə bilər ki, həmin qərarda göstərilənlərlə razılaşmasın və onun barəsində qəbul edilmiş həmin əlverişsiz inzibati aktın qanunsuz olduğunu iddia etməklə onu mübahisələndirsin. Bununla şəxs həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələrin aradan qaldırılmasına nail olur. İşin hazırkı hallarından görünür ki, iddiaçı onun barəsində qəbul edilmiş 2**********12000 saylı xx.xx.2023-cü il tarixli qərarın qanunsuz olduğundan deyil, qərarda göstərilənlərin nəzərə alınaraq müvafiq tədbirlər görülməklə (qaimə fakturaları ləğv etdiyindən), yəni həmin hallar aradan qaldırıldığından ləğv edilməsini xahiş edir, hansı ki, bununla da həmin qərarın qanuni olduğunu qəbul edərək, onunla razılaşır. Bununla bağlı kollegiya qeyd edir ki, cavabdeh inzibati orqan “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” **********12000 saylı xx.xx.2023-cü il tarixli qərarı qəbul edərkən həmin dövrdə mövcud vəziyyətə uyğun davranmış və haqlı olmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Bununla da hər iki apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd olunur ki, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olub, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas yaratmır. Odur ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsalandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətləri təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8561/2023 saylı 14 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı "xxxx" Firması və cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8561/2023 saylı 14 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar