Məhkəmə qərarları › İş №2-1(103)-4311/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4311/2025

17.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4311/2025 17.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X5 Oruczadənin sədrliyi və məruzəsi ilə, X6 və Fərid İlham oğlu Mədətlidən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə qarşı “qərarın aidiyyəti hissədə ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7030/2025 nömrəli, 07 avqust 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi idarə heyətinin qərarının ona aid hissədə ləğv olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili məhkəməyə iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 3-17- 4/3-3-4356/2024 nömrəli qərarının iddiaçıya aid hissədə ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin müvafiq qərardadı ilə iddianın dəqiqləşdirilməsinə dair ərizə qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ona ilk dəfə xx.xx.2018-ci il tarixdə təyin olunmuş 3-cü dərəcəli əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması vəzifəsinin cavabdeh AR ƏƏSMN yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023- cü il tarixli Qərarı ilə iddia tələbi təmin edilərək İddiaçı xx.xx.2018-ci il tarixdə təyin olunmuş 3-cü dərəcəli əlilliyin ləğv edildiyi xx.xx.2019-cu il tarixdən bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(1 12)- 9501/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı icra edilərək vətəndaş İddiaçı xx.xx.2018-ci il tarixdə müddətsiz təyin edilmiş İİİ dərəcə əlillik xx.xx.2019-cu il tarixdən bərpa edilmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili tərəfindən məhkəməyə ərizə ilə müraciət edilərək qeyd olunmuşdur ki, məhkəmənin icraatında olan inzibati iş üzrə qəbul edilmiş xx.xx.2023cü il tarixli, 2-1 (112)-9501/2023 saylı qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsasən iddiaçıya xx.xx.2019-cu il tarixdən təyin edilmiş 3-cü dərəcəli əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa edilməsi cavabdehin üzərinə qoyulmuşdur. Adıçəkilən qərar qanuni qüvvəsini aldıqdan sonra cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə icra edilmiş və əlillik qiymətləndirilməsi əlillik altsisteminə daxil edilmişdir. Lakin bir müddət keçdikdən sonra iddiaçının əlillik qiymətləndirilməsi əlillik altsistemindən birdəfəlik olaraq silinmişdir. Bu isə ona dəlalət edir ki, cavabdeh orqan dövlətin adından çıxarılmış məhkəmə qərarını ilk növbədə icra etsə də, bu icra formal xarakter daşımış, üstündən bir müddət keçdikdən sonra öz qanunsuz hərəkətlərinə daxam edərək qəbul edilmiş qərara hörmətsizcəsinə münasibət bəsələyərək altsistemdən qiymətləndirmənin ləğv edilmə tarixini ilkin təyinat olaraq göstərmişdir. Bu hal isə özü-özlüyündə bu qədər əziyyət bahasına məhkəmə çəkişməsini həyata keçirən iddiaçının qanunla qorunan hüquq və maraqlarının kobud şəkildə pozulmasına gətirib çıxarmışdır. Qeyd edilənləri nəzərə alaraq Bakı İnzibati Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli, 2- 1(112)-9501/2023 saylı qərarının AR İPM-nin 120-ci maddəsinə uyğun olaraq düzgün şəkildə məcburi icra edilməsi üçün tədbirlər görülməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9501/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Yuxarıda sadalanan hallardan göründüyü kimi iddiaçıya xx.xx.2018-ci il tarixdə müddətsiz olaraq ümumi xəstəik səbəbindən 3-cü dərəcəli əlillik təyin edilmişdir. Təyin edilmiş əlilliyin diaqnoz bölməsində “arxa qütbün və ləkənini degenerasiyası. Astiqmatizm, monokulyar korluq. VİZOD 0.7 korreksiya etmir (onda yeddi) VİZOS=0.01 korreksiya etmir (yüzdə yeddi)” qeyd olunmuşdur. Cavabdeh tərəfindən iddiaçı 3-17-4/2-B-25577/2023 nömrəli məktub əsasında xx.xx.2023-cü il tarixində Agentliyə əyani müayinəyə dəvət edilmişdir. İddiaçı həmin əyani müayinədə iştirak etməmişdir. Bundan sonra cavabdeh inzibati orqan iddiaçıya xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-19336/2023 saylı məktub ünvanlayaraq ona “diaqnozun təsdiqini tapmaması” barədə qərarın ləğv edilməsi, xx.xx.2018-ci il tarixli 2.5.14 bəndinə müvafiq ümumi xəstəlik-gözdən əlil səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar bərpa edilərək xx.xx.2023-cü il tarixindən “diaqnozun əlillik əlaməti təyin etməməsi" barədə qərar qəbul edildiyi bildirmişdir. İddiaçı hesab edir ki, cavabdeh orqanın iddiaçıya münasibətdə əlillik qiymətlədirilməsinin ləğv edilməsinə dair hərəkətləri qanuni olmadığından bu barədə qəbul edilmiş qərar ləğv edilməlidir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Cavabdeh inzibati orqanın iddiaya yazılı etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı əlillik vəziyyəti Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 4110003AADSG nömrəli göndərişi əsasında xx.xx.2018-ci il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq ümumi xəstəlik-gözdən əlilliyi olan şəxs səbəbindən möddətsiz İİİ dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Göndərişlərin əsaslılığının müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birgə araşdırılma aparılmış və Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin xx.xx.2019-cu il tarixli 029-1354-1219 nömrəli məktubu ilə təqdim olunan siyahıda adları qeyd olunan şəxslərə aparılmış əlillik təyinatlarının ləğv edilməsi məqsədəuyğun hesab edilmişdir. Bununla əlaqədar, mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən “Əlillik” altsistemində vətəndaşa dair Tibbisosial ekspert komissiyasının qüvvədə olan əlillik təyinatı qərarı həmin məktuba əsasən xx.xx.2019-cu il tarixində ləğv olunmuşdur. Bununla əlaqədar, vətəndaş məhkəməyə müraciət etmiş və həmin dövr Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində bərpa edilmişdir. Sonrakı dövrdə Agentliyin Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən aparılan monitorinq zamanı 8 nəfər vətəndaşın əlillik dərəcəsinin təyini barədə qərarın əsaslı olub-olmamasını müəyyən etmək məqsədilə vətəndaşın qeydiyyat ünvanına xx.xx.2023-cü il tarixli, 3-17- 4/2-B-25577/2023 nömrəli bildiriş məktubu göndərilərək xx.xx.2023-cü il tarixinə Agentliyə dəvət edilsə də, müayinədə iştirak etməmişdir. Mövcud sənədlər, həmçinin ekspertiza əhəmiyyətli digər məlumatlar üzrə aparılan araşdırma və qiymətləndirmənin nəticəsində diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. Daha sonra şəxsin müraciəti əsasında tibbi-sosial ekspertiza sənədləri və ekspertiza üçün əhəmiyyətli digər məlumatlar yenidən araşdırılmış və xx.xx.2023-cü il tarixdən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7030/2025 nömrəli, 07 avqust 2025-ci il tarixli qərarı (hakim T.Məlikov) ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh ondan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair etiraza uyğun olaraq əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının sağlamlıq durumunun əlillik üçün əsas olub-olmamasının yoxlanılması məqsədilə ekspertiza təyin edilmədən iddia tələbi təmin edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7030/2025 nömrəli, 07 avqust 2025-ci il tarixli qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İş materiallarında olan sənədlərdən görünür ki: - İddiaçı əlillik vəziyyəti Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 4110003AADSG saylı, xx.xx.2018-ci il tarixli göndərişi əsasında xx.xx.2018-ci il tarixində Tibbi sosial ekspert komissiyası tərəfindən qiymətləndirilmiş və “ümumi xəstəlik-gözdən əlil” səbəbindən müddətsiz 3-cü dərəcə əlillik təyinatı aparılmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2019-cu il tarixli, **********0 nömrəli məktubuna dair ünvanladığı 029-1354-1219 nömrəli, xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, İdarə tərəfindən 378 nəfər barəsində rəsmiləşdirilmiş göndərişlərin əsaslığının araşdırılması ilə əlaqədar müraciətə baxılmışdır. Bildirilir ki, müraciətə əlavə edilmiş siyahıda adları qeyd olunan şəxslərin DİN-ə aidiyyəti yoxdur və onlara Nazirliyin tibb müəssisələri tərəfindən göndərişlər əsassız olaraq rəsmiləşdirilmişdir. Bununla əlaqədar göndərişlərin etibarsız hesab olunmamasının nəzərə alınması xahiş edilmişdir. Məktuba əlavə edilmiş siyahıda iddiaçının adı 2-ci qrafada göstərilmişdir. - Əlillik təyinatlarının müəyyən risk qruplarına görə araşdırılması məqsədi ilə Daxili İşlər Nazirliyinin Tibb İdarəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birgə araşdırılma həyata keçirilmiş və rəsmiləşdirilmiş göndərişlərin əsaslılığı yoxlanılaraq aparılmış əlillik təyinatlarının ləğv edilməsi məqsədəuyğun hesab edilmişdir. Bununla əlaqədar mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən “əlillik” altsistemində vətəndaşa dair tibbi sosial ekspert komissiyasının qüvvədə olan əlillik təyinatı qərarı xx.xx.2019-cu il tarixdə **********2 ESDAS nömrəsi ilə etibarsız hesab olunmuşdur. - İddiaçı tərəfindən cavabdeh orqanın etibarsızlığa yönəlmiş hərəkətlərinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət olunmuş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-9501/2023 saylı qərarı ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.2018-ci il tarixdə təyin olunmuş 3-cü dərəcəli əlilliyin ləğv edildiyi xx.xx.2019-cu il tarixdən bərpa edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. - Dövlət Tibbi-Sosial Ekspertiza və X1 nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən aparılan monitorinq zamanı 8 nəfər vətəndaşın əlillik dərəcəsinin təyini barədə qərarın əsaslı olub-olmamasının müəyyən edilməsi məqsədilə cavabdeh orqan tərəfindən iddiaçının qeydiyyat ünvanına xx.xx.2023-cü il tarixli, 3-17-4/2-B- 25577/2023 nömrəli bildiriş göndərilmişdir. Adıçəkilən Bildirişdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən iddiaçı xx.xx.2023-cü il tarixində saat 13:50-də Agentliyə əyani müayinəyə dəvət edilmişdir. - Cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-4356/2024 nömrəli qərarından görünür ki, xx.xx.2023-cü ildən etibarən “diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə tibbi-sosial ekspert komissiyası tərəfindən qərar qəbul edilmişdir. - Cavabdeh inzibati orqanın xx.xx.2025-ci il tarixli birinci instansiya məhkəməsinin sorğusuna cavab məktubunda bildirilmişdir ki, İddiaçı əlillik vəziyyəti Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 4110003AADSG nömrəli göndərişi əsasında xx.xx.2018-ci il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq ümumi xəstəlik-gözdən əlilliyi olan şəxs səbəbindən müddətsiz 3-cü dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Göndərişlərin əsaslılığının müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birgə araşdırılma aparılmış və Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin xx.xx.2019-cu il tarixli 029-1354-1219 nömrəli məktubu ilə təqdim olunan siyahıda adları qeyd olunan şəxslərə aparılmış əlillik təyinatlarının ləğv edilməsi məqsədəuyğun hesab edilmişdir. Bununla əlaqədar, mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən “Əlillik” altsistemində vətəndaşa dair Tibbisosial ekspert komissiyasının qüvvədə olan əlillik təyinatı qərarı həmin məktuba əsasən xx.xx.2019-cu il tarixində ləğv olunmuşdur. Bununla əlaqədar, vətəndaş məhkəməyə müraciət etmiş və həmin dövr Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində bərpa edilmişdir. Sonrakı dövrdə Agentliyin Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən aparılan monitorinq zamanı 8 nəfər vətəndaşın əlillik dərəcəsinin təyini barədə qərarın əsaslı olub-olmamasını müəyyən etmək məqsədilə vətəndaşın qeydiyyat ünvanına xx.xx.2023-cü il tarixli, 3-17-4/2-B- 25577/2023 nömrəli bildiriş məktubu göndərilərək xx.xx.2023-cü il tarixinə Agentliyə dəvət edilsə də, müayinədə iştirak etməmişdir. Mövcud sənədlər, həmçiinin ekspertiza üçün əhəmiyyətli digər məlumatlar üzrə aparılan araşdırma və qiymətləndirmənin nəticəsində diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. Daha sonra şəxsin müraciəti əsasında tibbi-sosial ekspertiza sənədləri və ekspertiza üçün əhəmiyyətli digər məlumatlar yenidən araşdırılmış və xx.xx.2023-cü il tarixindən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya xx.xx.2018-ci ildə ümumi xəstəlik (gözdən əlil) səbəbindən müddətsiz 3-cü dərəcəli əlillik təyin edilmişdir. Sonradan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2019-cu il tarixli sorğusuna cavab olaraq verilmiş xx.xx.2019-cu il tarixli məktubu və məktuba əlavə edilmiş siyahı nəzərə alınaraq iddiaçıya təyin edilmiş əlillik dərəcəsi xx.xx.2019-cu il tarixdə **********2 ESDAS nömrəsi ilə etibarsız hesab edilmişdir. Bununla bağlı, iddiaçı tərəfindən cavabdeh orqana müraciət edilmiş, lakin cavab verilməmişdir, belə olan halda, iddiaçı cavabdehin bu hərəkət və hərəkətsizliyini məhkəmə qaydasında mübahisələndirmiş, nəticədə cavabdehə qarşı iddiası təmin olunmuş və məhkəmə qərarı ilə iddiaçının xx.xx.2019-cu il tarixdən əlilliyinin bərpa edilməsi cavabdehə həvalə edilmişdir. Qüvvəyə minmiş Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı cavabdeh inzibati orqan tərəfindən icra edilmiş və iddiaçının əlilliyi xx.xx.2019-cu il tarixdən müddətsiz olaraq bərpa edilmişdir. Bundan sonra cavabdeh DTSERA eyni əsaslar üzrə, yəni iddiaçının əlilliyinin düzgünlüyünü şübhə altına alan əsaslı sübutların təqdim edilməsi ilə bağlı (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsinin məktubu) inzibati icraatı təzələmiş, iddiaçını əyani müayinəyə cəlb edərək (iddiaçı müayinədə iştirak etməmişdir) diaqnozun əlillik əlaməti təyin etməməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixdə əlilliyinin ləğv edilməsi barədə qərar qəbul etmişdir. Məhkəmə kollegiyası əvvəla qeyd edir ki, iddiaçı tərəfindən mübahisələndirilən hal məhkəmə qərarının icrasından sonra deyil, məhkəmə qərarının icrası ilə əlaqədar yaranmış münasibətlərdir. Belə olduğu təqdirdə hazırki mübahisəyə icra icraatı qaydasında baxılmalıdır. İddiaçı tərəfindən mübahisələndirilən məsələyə iddia icraatı qaydasında baxmaqla birinci instansiya məhkəməsi prosessual pozuntulara yol vermişdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır, onların icrası məcburidir və məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 79.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. Həmin Məcəllənin 79.2-ci maddəsinə əsasən məhkəmə qərarının borclu tərəfindən könüllü şəkildə icra olunmadığı hallarda, həmin qərarın icrası bu Məcəllənin müvafiq fəslində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. Bu baxımdan Konstitusiyanın 129-cu maddəsinin müddəaları böyük əhəmiyyətə malikdir. Həmin maddənin tələblərinə görə məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla, eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icra ilə bağlı məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti ilə əlaqədar 13 fevral 2007-ci il tarixli Qərarı). Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar (bundan sonra – qərarlar) çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” 4 iyul 2014-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edilmişdir ki, Konstitusiyanın 60-cı maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququ məhkəmə tərəfindən yalnız qanuni və əsaslandırılmış qərarın qəbul edilməsini deyil, həmçinin onun vaxtında icra edilməsini nəzərdə tutur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” 19 noyabr 2021-ci il tarixli Qərarının: - 25-ci bəndinə əsasən inzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icrasına dair çıxarılmış məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra hakim, əvvəlcə həmin məhkəmə aktını icranı həyata keçirməli olan inzibati orqana göndərməklə icra üçün müddət müəyyən etməli və icra olunmamaya görə cərimə tətbiq olunacağı barədə xəbərdarlıq etməlidir. İPM-in 120.1-ci maddəsində icra üçün müəyyən edilməli olan konkret müddətin göstərilməməsinin səbəbi inzibati orqan tərəfindən icra edilməli olan öhdəliyin (vəzifənin) hər bir konkret mübahisənin xarakterindən, icra üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmindən və buna görə tələb olunan vaxtdan asılı olaraq dəyişkən olması ilə bağlıdır. Odur ki, icra üçün müddətlər hər bir iş üzrə müxtəlif ola bilər. Lakin məhkəmə, mübahisənin xarakterini, icra təmin etmək üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmini və sərf ediləcək ehtimal olunan vaxtı, eləcə də tərəflərin bütün diqqətəlayiq digər maraqlarını nəzərə almaqla inzibati orqan üçün ağlabatan müddətlər müəyyən etməlidir. İcra üçün müəyyən edilmiş ilkin müddət bitdikdən sonra proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, işin hallarını və tərəflərin təqdim etdiyi dəlilləri nəzərə almaqla müvafiq əsasların mövcudluğu qənaətinə gəldikdə, məhkəmə icra üçün yeni müddət də müəyyən edə bilər. Lakin hər bir halda, bu müddətlər “İnzibati icraat haqqında” Qanunun 52.5-ci maddəsində inzibati icraatın müddəti üçün müəyyən edilmiş maksimal müddət olan 90 (doxsan) günü keçməməlidir. - 26-cı bəndinə əsasən İPM-in 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinə qarşı “3-cü qrup əlilliyin bərpa edilməsi” iddia tələbi Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9501/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə təmin edilmişdir. Həmin məhkəmə aktından aydın olur ki, iddia tələbinin təmin edilməsi üçün əsas cavabdeh inzibati orqan tərəfindən inzibati icraat haqqında qanunvericiliyin tələblərinə əməl edilməməsi olmuşdur. Məhkəmə Qərarında qeyd olunmuşdur ki: “27.Həmçinin yalnız əyani müayinəyə cəlb edildikdən sonra həmin əyani müayinənin nəticələrinə əsasən iddiaçının əlil olmadığı müəyyən edildiyi halda iddiaçının əlil olmaması ilə bağlı cavabdeh inzibati akt qəbul edə bilərdi. İddiaçı əyani müayinəyə cəlb edilmədən cavabdeh iddiaçının əlilliyini Əlilliyin Qiymətləndirilməsi altsistemində etibarsız hesab etmişdir. Bununla da, cavabdeh işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmadan, sübutlar toplamadan Əlillik altsistemində iddiaçıya aid qiymətləndirməni etibarsız hesab etmişdir.

28. ... Qeyd etmək lazımdır ki, "İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, yalnız həmin qanunla müəyyən edilmiş prosedurlara əməl olunmaqla və şərtlər əsasında ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh öz qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir.

32. Qeyd olunmalıdır ki, iddiaçı yalnız əyani müayinəyə cəlb edildikdən sonra həmin əyani müayinənin nəticələrinə əsasən iddiaçının əlil olmadığı müəyyən edildiyi halda cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə əməl etməklə işin hallarını obyektiv araşdırmalı, icraat nəticəsində əlilliyin ləğvinə və ya etibarsızlığına əsas verən hallardan hər hansı birinin müəyyən edildiyi təqdirdə icraatın sonunda bu barədə müvafiq inzibati akt (qərar) qəbul etməlidir. Əks təqdirdə, əlilliyin təyin edilməsinə dair əvvəlki inzibati aktın qüvvədə olduğu müddətdə iddiaçının əyani müayinəyə cəlb edilmədən əlilliyinin ləğv edilməsi “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaradar və qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə zidd olardı.” Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçı cavabdeh inzibati orqana qarşı sözügedən inzibati iş üzrə “3-cü qrup əlilliyin bərpa edilməsi” barədə Bakı İnzibati Məhkəmməsinə ərizə təqdim etmiş, 11 dekabr 2024-cü il tarixli qərardad ilə ərizə mümkün sayılmamışdır. İddiaçı tərəfindən həmin qərardaddan apellyasiya şikayəti verilməmiş, hazırki iddia ərizəsi ilə yenidən Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İnzibati işin araşdırılmış hallarına əsasən məhkəmə kollegiyasının qənaəti ondan ibarətdir ki, hazırda iddiaçının hüquqi marağı qanuni qüvvəyə minmiş Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9501/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarının icra olunmasına yönəlmişdir. Cavabdeh sözügedən məhkəmə qərarının onun tərəfindən xx.xx.2023-cü il tarixdə icra olunduğunu bildirir. Lakin eyni zamanda qeyd edir ki, tərəfindən 14 may 2024-cü il tarixli qərarla iddiaçıya xx.xx.2018-ci il tarixli qərarla təyin edilmiş müddətsiz üçüncü dərəcə əlillik ləğv edilmişdir. Buna əsas kimi cavabdeh göstərmişdir ki, əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün iddiaçı xx.xx.2023-cü il tarixində əyani müayinəyə dəvət olunsa da, müayinədə iştirak etməmişdir. Mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən Əlillik altsistemində tibbi-sosial ekspert komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarının ləğv edilməsi qərara alınmışdır. İddiaçı isə qeyd edir ki, cavabdeh tərəfindən qanuni qüvvəyə minmiş sözügedən məhkəmə qərarının icrası həyata keçirilmir, iddiaçının üçüncü dərəcə əlilliyi dayandırılmışdır. Belə aydın olur ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası formal olmuş, inzibati orqan eyni əsaslarla, eyni qaydada iddiaçının əlilliyini dayandırmışdır. Apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının 3-17-4/3-3-4356/2024 nömrəli, xx.xx.2025-ci il tarixli qərarının xx.xx.1974cü il təvəllüdlü İddiaçı münasibətdə qəbul edilməsi ilə bağlı bütün inzibati icraat materiallarının (vətəndaşın çağırılması ilə bağlı məktubun, poçt zərfinin (xəbərnamənin) və s.) məhkəməyə təqdim edilməsi barədə cavabdeh inzibati orqana sorğu ünvanlanmışdır. Cavabdeh inzibati orqan 3-17-4/2-30895/2025 nömrəli 24 noyabr 2025-ci il tarixli cavab məktubu ilə bildirmişdir ki, İddiaçı əlillik vəziyyəti Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 4110003AADSG nömrəli göndərişi əsasında xx.xx.2018-ci il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq ümumi xəstəlik-gözdən əlilliyi olan şəxs səbəbindən müddətsiz üçüncü dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Göndərişlərin əsaslılığının müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birgə 24 noyabr 2025-ci il 3-17-4/2-30895/2025 araşdırılma aparılmış və Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin xx.xx.2019-cu il tarixli 029-1354-1219 nömrəli məktubu ilə təqdim olunan siyahıda adları qeyd olunan şəxslərə aparılmış əlillik təyinatlarının ləğv edilməsi məqsədəuyğun hesab edilmişdir. Bununla əlaqədar, mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən “Əlillik” altsistemində vətəndaşa dair Tibbi-sosial ekspert komissiyasının qüvvədə olan əlillik təyinatı qərarı həmin məktuba əsasən xx.xx.2019- cu il tarixində ləğv olunmuşdur. Bununla əlaqədar, vətəndaş məhkəməyə müraciət etmiş və həmin dövr Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində bərpa edilmişdir. Sonrakı dövrdə Agentliyin Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən aparılan monitorinq zamanı 8 nəfər vətəndaşın əlillik dərəcəsinin təyini barədə qərarın əsaslı olub-olmamasını müəyyən etmək məqsədilə vətəndaşın qeydiyyat ünvanına xx.xx.2023-cü il tarixli, 3-17-4/2-B-25577/2023 nömrəli bildiriş məktubu göndərilərək xx.xx.2023-cü il tarixinə Agentliyə dəvət edilsə də, müayinədə iştirak etməmişdir. Mövcud sənədlər, həmçinin ekspertiza üçün əhəmiyyətli digər məlumatlar üzrə aparılan araşdırma və qiymətləndirmənin nəticəsində diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. Daha sonra şəxsin müraciəti əsasında tibbi-sosial ekspertiza sənədləri və ekspertiza üçün əhəmiyyətli digər məlumatlar yenidən araşdırılmış və xx.xx.2023-cü il tarixindən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Beləliklə, müəyyən edilir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1 (112)-9501/2023 nömrəli Qərarının icra olunması üçün xx.xx.2023-cü il tarixli xidməti məruzə əsasında İddiaçı ümumi xəstəlik-gözdən əlilliyi olan şəxs səbəbindən müddətsiz üçüncü dərəcə əlilliyi bərpa edilsə də, 2024-cü ilin may ayında iddiaçının əlilliyinin ləğvi barədə qərar qəbul edilmişdir. Cavabdeh inzibati orqan sözügedən qərarı qəbul edərkən əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün iddiaçının xx.xx.2023-cü il tarixində əyani müayinəyə dəvət olunsa da, müayinədə iştirak etməməsinə istinad etmişdir. Cavabdeh inzibati orqan məhkəmənin iddiaçının əyani müayinə edilmədən onun barəsində qəbul edilmiş müddətsiz əlilliyin ləğv edilməsinin qanunsuz olması mövqeyinə uyğun olaraq növbəti dəfə yenidən icraat açmış və nəticədə əlilliyin ləğv edilməsi barədə qərar qəbul etmişdir. Lakin iş materiallarından görünür ki, iddiaçı faktiki olaraq əyani müayinə cəlb olunmamış, inzibati icraat məhkəmə qərarlarında qeyd edildiyi kimi qanunvericiliyə uyğun həyata keçirilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının oxşar işlər üzrə məhkəmə təcrübəsini formalaşdıran 2-1(102)-1043/2025 nömrəli xx.xx.2025-ci il tarixli (***) qərarında qeyd olunmuşdur ki: “34. Əgər inzibati orqan müddətsiz əlillik təyinatına dair qərarın qanunsuz əlverişli inzibati akt olduğu qənaətindən hərəkət etmişsə, bu halda, mübahisə “İnzibati icraat haqqında” Qanunun 3.3-cu və 67-ci maddəsinin, eləcə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsbit edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.7-ci bəndinin müvafiq müddəaları nəzərə alınmaqla həll olunmalıdır.

35. Kollegiya qeyd edir ki, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində qanunverici inzibati orqana müəyyən şərtlər daxilində əvvəllər şəxsə müəyyən olunmuş əlilliklə bağlı qərarın dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul etmək imkanı tanımışdır. İstinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır.

36. Bununla bağlı olaraq kollegiya qeyd edir ki, qanunvericiliyin tələblərinə görə inzibati orqan istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliyin müəyyən olunması ilə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir” Beləliklə, formalaşmış məhkəmə təcrübəsindən çıxış edərək məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçını əyani müayinəyə dəvət olunduğu halda müayinədə iştirak etməməsinə istinad etsə də, vətəndaşın əyani müayinəyə dəvət olunması hələ onun faktiki olaraq əyani müayinə olunması, inzibati icraatın qanunvericiliyə uyğun aparılması anlamına gəlmir. Qeyd edilən hüquqi mövqe isə artıq hazırki iddiaçı barəsində qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə diqqətə çatdırılmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçı barəsində təyin edilmiş müddətsiz əlilliyin ləğv edilməsi barədə qərarın qəbul edilməsi ilə nəticələnən hərəkətləri Bakı İnzibati Məhkəməsinin 04 avqust 2023-cü il tarixli, 2-1(112)-9501/2023 nömrəli qərarının icrası çərçivəsində həyata keçirilən hərəkətlərin məntiqi davamı kimi qiymətləndirilməlidir. Əks mövqe Azərbaycan Respublikası adından çıxarılmış və qanuni qüvvəsini almış məhkəmə qərarlarının təftişi anlamına gəlir. Məhkəmə kollegiyası təkrarən qeyd edir ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır, onların icrası məcburidir. Azərbaycan Respublikası ərazisində heç bir fiziki və hüquqi şəxs həmin qərarların qanuni qüvvəsini və məcburi icra edilməli olmasını şübhə altına alacaq şəkildə davrana bilməz, o cümlədən məhkəmə aktı qüvvədə olmağa davam etdiyi halda, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, onun icrasını dayandıra bilməz. Bu qaydada yanaşma faktiki olaraq məhkəmə qərarlarının təftişinə gətirib çıxarmaqla dövlətin adından çıxarılmış həmin qərarların icrasını ortadan qaldırır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 120.1-ci maddəsinə əsasən bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. Həmin Məcəllənin 120.2-ci maddəsinə əsasən bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. Oxşar iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-2313/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarında da hüquqi mövqe bu cür əsaslandırılmışdır: “...cavabdeh məhkəmə qərarını icra etdikdən sonra iddiaçının əlilliyini bir müddət sonra yenidən ləğv edərkən qanunvericiliyin tələblərinə uyğun olaraq və əvvəlki məhkəmə qərarlarında müəyyən olunmuş davranış qaydalarına riayət etməyərək lazımi qaydada icraat aparmadığından, onun bu hərəkətləri məhkəmə qərarının icrasının qarşısını almağa yönəlmiş hərəkətlər kimi qiymətləndirilməlidir. Çünki məhkəmə qərarları cavabdehə iddiaçının əlilliyinə yenidən baxmaq səlahiyyətini yalnız lazımi icraat aparmaq şərtinə riayət etməklə vermişdir. Yalnız belə icraat aparmaqla yeni qərar qəbul ediləcəyi halda, iddiaçı hüquqlarını yeni iddia qaldırmaqla müdafiə etməli olacaqdır. Qeyd edilənlər qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasının baş tutmuş hesab edilməsi barədə qənaətə gəlməyə imkan vermir. İşin hallarının məcmusu nəzərə alındıqda, bu halda, tələbkarın hüquqi müdafiə vasitəsi kimi yeni bir iddia qaldırmasına lüzum yoxdur.” Məhkəmə kollegiyası yekun olaraq qeyd edilənlərə hüquqi qiymət verərək bildirir ki, işin müəyyən edilmiş hallarından məlumdur ki, cavabdeh inzibati orqan barəsində məhkəmə qərarı olduğu halda iddiaçını əyani müayinə etmədən onun barəsində qərar qəbul edərək əlilliyini ləğv etmişdir. Belə olduğu təqdirdə məhkəmə qərarı lazımi qaydada icra edilməmiş sayılır. Yəni kollegiya tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasının baş tutmuş hesab edilməsi barədə yekun qənaətə gəlməyə imkan vermir. Hazırda tərəflər arasındakı yaranmış münasibətlər qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədardır. Ona görə də hazırki inzibati işə iddia icraatı qaydasında baxılması yolverilməzdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinə uyğun xidməti vəzifədən istifadə edərək həmin Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş hüquqi yardım göstərərək iddiaçıya izah edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9501/2023 nömrəli, 04 avqust 2023-cü il tarixli qərarının icrası ilə bağlı yenidən ərizə ilə məhkəməyə müraciət edə bilər və bu zaman həmin ərizəyə icra icraatı qaydasında baxılmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7030/2025 nömrəli, 07 avqust 2025-ci il tarixli qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır.

Nəticə hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7030/2025 nömrəli, 07 avqust 2025-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə qarşı “qərarın aidiyyəti hissədə ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar