Məhkəmə qərarları › İş №2-1(103)-4314/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4314/2025

06.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-4314/2025 06.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi və məruzəsilə, X3 və Ismayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən e t d i: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona ## #### 2025-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 60 yaşının tamam olduğu ##.##.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ## #### 2024-cü il tarixdə əmək fəaliyyətində mövcud olan əsaslar üzrə güzəştli şərtlərlə pensiya təyinatından yararlanmaq üçün cavabdehə müraciət etmişdir. Müraciətinin təqdim edilmiş sənədlər üzrə əsasları ondan ibarət idi ki, o, ##.##.1984-cü il tarixdən ##.##.1988-ci il tarixinədək X2 (hazırkı xxxx Azərbaycan ASC-də) “X9” vəzifəsində, ##.##.1988-ci ildən hazırkı dövrədək isə teplovoz maşinisti vəzifəsində çalışır. Nəticədə həmin müəssisədə zərərli peşələr üzrə ümumi iş stajı ##.##.2025-cil tarixli arayışa əsasən 40 il 5 ay təşkil etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinentinin ## ###### 2007-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Dəmiryol nəqliyyatı, Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyaları işçilər bölməsində (21.4) teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri vəzifələri nəzərdə tutulduğundan, yuxarıda qeyd etdiyi kimi ## #### 2024-cü il tarixdə cavabdeh orqana güzəştli şərtlərlə pensiyanın təyin edilməsi haqqında müraciət etmişdir. Lakin cavabdeh orqanın ## ##### 2025-cü il tarixli, 3-17-l/2-B-*****/**** №-li məktubuna əsasən güzəştli şərtlərlə pensiya təyinatından imtina edilmişdir. Cavabdeh imtinasını onunla izah etmişdir ki, X2 fəaliyyət sahəsi (hazırkı xxxx Azərbaycan ASC) Azərbaycan Respublikası Nazirlər Kabinentinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21-ci bölməsində göstərilmiş nəqliyyat sahəsinə aid deyil. Göstərilən səbəbdən güzəştli iş stajı yoxdur. Iddiaçı hesab edir ki, cavabdehin güzəştli şərtlərlə pensiya təyinatına dair müraciətinin təmin edilməsindən imtina edilməsinə dair ## ##### 2025-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olduğundan qanunsuz hesab edilməli, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdehə orqana həvalə edilməlidir. Çünki cavabdeh imtinasını sadəcə “aid deyil” ifadəsi ilə əsaslandırmağa çalışmışdır ki, bu da həm inzibati orqanın praktikasına, həm də həmin praktika ilə əlaqədar olaraq oxşar işlər üzrə formalaşmış vahid məhkəmə təcrübəsinə ziddir. Belə ki, oxşar iddialar üzrə son illər Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasının qəbul etmiş olduğu qərarlar cavabdehin kassasiya şikayətlərinin təmin edilməməsi ilə nəticələnmişdir. Bakı Inzibati Məhkəməsinin (hakim Tural Məlikov) *-*(***)-*****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçı İddiaçı 60 yaşının tamam olduğu tarixdən, yəni ##.##.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və qanunvericiliyin tələbləri nəzərə alınmaqla hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Mərkəzi Filiala ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Iddiaçının Mərkəzi Filiala daxil olmuş ərizəsinə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə baxılaraq, güzəştli iş stajı olmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Cavabdeh inzibati orqan tərəfindən verilən imtina qanuni və əsaslı olmuşdur. Məhkəmə qərarında qeyd etmişdir ki, iddiaçının X2 işlədiyi teplovoz maşınisti və X9 vəzifələri istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli, *** nömrəli Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı”nda “23000000 XXVIII. Nəqliyyat 1. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər. Kod - 23001000-16878-X15, Kod: 23001000-14241- Teplovoz Maşinistləri peşələrinə, istərsə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli 12 nöməli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsaların, peşələrin, vəzifələrin və göstəriciləri siyahısı”nın “Dəmiryol nəqliyyatı” bölməsinin “Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər” adlı 21.4 yarımbəndində nəzərdə tutulmuş “teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri” peşəsinə uyğundur. Məhkəmənin qeyd edilən mövqeyinə münasibətdə bildirilir ki, iddiaçının iş yerindən təqdim edilmiş arayışda onun X2 (indiki “xxxx” ASC) ##.##.1984-##.##.1988-ci il tarixləri arasındakı dövr ərzində X9, ##.##.1988-ci il tarixindən bu günədək teplovoz maşinisti vəzifələrində çalışdığı göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Nəqliyyat bölməsinin (21), Dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri, X15 vəzifələri nəzərdə tutulmuşdur. Müvafiq siyahıda göstərilmiş bölmədə iş stajının güzəştli hesab olunması üçün işçinin bilavasitə nəqliyyat sahəsində xidmət edən işçi olması şərti mövcuddur. Iddiaçıya iş yerindən verilmiş arayışdan müəyyən olunduğu kimi, onun icra etdiyi iş X2 (indiki “xxxx” ASC) X9, daha sonra teplovoz maşinistidir. Yəni X2 fəaliyyət sahəsi sözügedən arayışda istinad olunan, yuxarıda qeyd olunan nəqliyyat sahəsinə aid deyildir. Qanunvericiliyin məhkəmə tərəfindən bu şəkildə geniş təfsiri güzəştli şərtlərlə pensiya hüququnun hüdudlarının əsassız olaraq artırılmasına və dövlətin sosial təminat sisteminə əlavə maliyyə yükü yaranmasına gətirib çıxarır. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçının işlədiyi X2 (indiki xxxx (Azərbaycan) ASC) fəaliyyət sahəsinin nəqliyyat sahəsi ilə bağlı olduğu nəzərə alındıqda məhkəmə cavabdehin dəlilini əsaslı saymır və hesab edir ki, iddiaçıya məxsus əmək kitabçası və iş yerindən təqdim edilmiş arayışlarla iddiaçının işlədiyi teplovoz maşınisti peşəsinin güzəştli staj verən vəzifə olduğu öz təsdiqini tapdığından və təqdim olunan arayışdakı məlumatların həqiqətə uyğun olmaması ilə bağlı cavabdeh inzibati orqan tərəfindən sübut təqdim olunmadığından həmin sənədlər mötəbər sübut kimi qəbul edilməlidir. Məhkəminin bu mövqeyini də əsassız hesab edərək cavabdeh bildirir ki, “xxxx (Azərbaycan)” ASC tərəfindən məhkəmə sorğusuna cavab məktubunda göstərilmişdir ki, keçmiş X2 (hazırki xxxx Azərbaycan şirkəti) 1951-ci ildən fəliyyət göstərir. Şirkətin əsas fəaliyyət sahəsi sement və klinker istehsalıdır. Son illər fəaliyyət istiqamətləri genişlənərək quru qatqılar, kərpiç, yol yapışdırıcıları və s. istehsalına da başlanılmışdır. Yuxarıda qeyd olunan hallar birinci instansiya məhkəməsi tərəfindən araşdılmamış, iddiaçı İddiaçı həqiqətən güzəştli şərtlərlə pensiya almaq hüququ verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmamışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən qeyd olunan halları nəzərə almamış, iddia tələbini təmin etməkdə haqlı olmamışdır. Məhkəmə tərəfindən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş, iş üzrə qanuni və əsaslı qərar qəbul etmək üçün zəruri olan bütün faktiki hallar müəyyən olunmamış qalmışdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş və məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçısının izahatını dinləyib, iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ##.##.1963-cü ildə doğulmuşdur. Iş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2025-ci il tarixli məktubda qeyd olunur: Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın nəqliyyat bölməsinin (21), dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri vəzifələri nəzərdə tutulub. Mərkəzi Filiala təqdim etdiyiniz # ###### 1982-ci il tarixli IT-İ ******* nömrəli əmək kitabçanızda və “xxxx” ASC-nin Sizə dair # ###### 2025-ci il tarixli arayışında ##.##.1984-##.##.1988-ci il tarixləri arasındakı dövr ərzində X2 teplovoz maşinisti köməkçsi, ##.##.1988-ci il tarixindən bu günədək teplovoz maşinisti vəzifələrində işlədiyiniz qeyd olunub. Göründüyü kimi, işlədiyiniz X2 fəaliyyət sahəsi sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahında nəzərdə tutulan nəqliyyat sahəsinə aid deyil. Göstərilən səbəbdən də, güzəştli iş stajınız yoxdur. Qeyd olunanları nəzərə alaraq Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Iş materiallarında olan xxxx (Azərbaycan) ASC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli “Şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair” güzəştli arayışdan görünür ki, İddiaçı həqiqətən X2 (hazırki xxxx Azərbaycan ASC-də) əmək şəraiti zərərli olan iş şəraitində tam iş günü ərzində aşağıdakı vəzifələrdə çalışmışdır: 1. X9 – ##.##.1984-cü il – ##.##.1988-ci il tarixədək; 2. Teplovoz Maşinisti – ##.##.1988-ci il – hal-hazırki dövrə kimi (davam edir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il ## #### *** saylı qərarına uyğun * saylı siyahıya əsasən aşağıdakı peşələr güzəştli şərtlərlə pensiyaya gedir: X9 – 23001000-16878; Teplovoz Maşinisti – 23001000- 14241. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** saylı qərarının “21.Nəqliyyat” maddəsinin “21.4.Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər”i bəndinə əsasən Teplovoz Maşinisti və X9 peşələri güzəştli gərtlərlə pensiyaya gedir. Güzəştli stajın müddəti 40 il 5 aydır. Azərbaycan Respublikası Vergilər Nazirliyinin ********** saylı qeydiyyatı əsasında X2 ## ##### 2012-ci il tarixdən xxxx (Azərbaycan) ASC-nə çevrilmişdir. Iş materiallarında olan xxxx (Azərbaycan) ASC tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2025-ci il tarixli sorğuya cavab məktubunda qeyd olunur: İddiaçı həqiqətən xxxx (Azərbaycan) ASC-də (keçmiş X2) əmək şəraiti zərərli olan iş şəraitində tam iş günü ərzində aşağıdakı vəzifələrdə çalışmışdır: 1. X9 – ##.##.1984-cü il – ##.##.1988-ci il tarixədək (***K saylı əmr); 2. Teplovoz Maşinisti – ##.##.1988-ci il tarixdən – hal-hazırda davam edir (**K saylı əmr). Işlədiyi vəzifənin əsas olan xüsusiyyətləri: Teplovoz Maşinisti və X9 vəzifə üzrə işin xüsusiyyəti teplovoz vasitəsi ilə boş vaqonların zavodun 15 km-də yerləşən əgəng daşı və gil karxanalarına verilməsi, dolu vaqonların zavod ərazisinə gətirilməsi və boşaldılması, müxtəlif yönümlü yüklə dolu vaqonların Qaradağ dəmiryolu stansiyasına təhvil verilməsi, boş və müxtəlif yönümlü yüklə dolu vaqonların onlardan qəbul edilməsini, vaqonların tərəzidə çəkilməsini sonra həmin vaqonların yüklənməsi və boşaldılması üçün lazımi məntəqələrə verilməsinin həyata keçirilməsindən və s. ibarətdir. Qeyd: Iş təsviri əlavə olunur. Həmçinin iş yerlərinin attestasiyası aparılan zaman həm Teplovoz Maşinisti, həm də X13 peşələrində ziyanlı faktorların olması öz əksini tapmışdır. Bu səbəbdəndir ki, Teplovoz Maşinisti və X13 peşələrində işləyən hər bir işçiyə bu ziyanlı faktorlara görə əmək haqlarına 8% miqdarında əlavə məvacib ödənilir. Bundan başqa bu vəzifə daşıyanlara əmək funksiyasının zərərli xüsusiyyətlərinə görə 6 təqvim günü əlavə məzuniyyət və hər növbəyə 0.5 L süd məhsulu verilir. Qeyd: 2024-cü ilin aprel ayında keçirilmiş iş yerlərinin attestasiya protokolu və əmək şəraitinin qiymətləndirilməsi xəritəsi əlavə olunur. Həmin vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il *** saylı qərar ilə təsdiq olunmuş siyahıda aşağıdakı kimi öz əksini tapmışdır: 2 №li siyahı: Kod: 23001000-16878 – X11; Kod: 23001000-14241 – Teplovoz Maşinistləri. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** saylı qərarının “21.Nəqliyyat” maddəsinin “21.4.Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər” maddəsinin “X15” və “Teplovoz Maşinistləri” peşələri güzəştli şərtlərlə pensiyaya gedir. Güzəştli stajın müddəti 40 il 9 ay 9 gündür. Keçmiş X2 (hazırki xxxx Azərbaycan şirkəti) 1951-ci ildən fəaliyyət göstərir. Şirkətin əsas fəaliyyət sahəsi sement və klinker istehsalıdır. Son illər fəaliyyət istiqamətləi günişləndirilərək quru qatqılar, kərpiç, yol yapışdırıcıları və s. istehsalına da başlanılmışdır. Son 4-5 ilə qədər Sement zavodunda çalışan və 12 il 6 ay ziyanlı faktorlarla əmək stajına malik olan bütün Teplovoz Maşinistləri və X14 güzəştli şərtlərlə pensiyaya getmişlər. Sual yarana bilər ki, niyə Nazirlər Kabinetinin qərarında Sement istehsalı bölməsində Teplovoz Maşinist və ya Kömkçisi peşəsi göstərilməyib? Bu onunla əsaslandırılır ki, sovet dövründən fəaliyyət göstərən sement zavodlarında xammal daşınması müxtəlif vasitələrlə həyata keçirilib: bəzilərində dəmir yolu, bəzilərində avtomobillərlə, bəzilərində kanat yolu vasitəsi ilə və s. Məsələn, bu gün Azərbaycanda fəaliyyət göstərən iri sement zavodlarında xammalın daşınması dəmir yolu vasitəsi ilə yalnız xxxx şirkətindədir, digər Norm və ya Arkoz (keçmiş Qazax sement zavodu) zavodlarında xammal avtomobillərlə daşınır. Digər bir fakt, bütün sement zavodlarında Elektrik Qaynaqçıları fəaliyyət göstərirlər, amma sement istehsalı bölümündə bu peşə nəzərdə tutulmayıb. Bu peşə həmin qərarın “Ümumi peşələr” bölümündə nəzərdə tutulub. Çünki söhbət peşədən gedir, dəmiryolu idarəsində işləyən Teplovoz Maşinisti ilə sement zavodunda fəaliyyət göstərən Teplovoz Maşinisti eyni peşəni təmsil edirlər. Azərbaycan Respublikası Vergilər Nazirliyinin ********** saylı qeydiyyatı əsasında X2 ## ##### 2012ci il tarixdən xxxx (Azərbaycan) ASC-nə çevrilmişdir. «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (##.##.2022-ci ilədək olan redaksiyası). Həmin maddənin ##.##.2022-ci il tarixdən (hal-hazırda) qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə kollegiyası tərəfindən müəyyən edildi ki, iddiaçı İddiaçı ##.##.1963-cü il tarixdə doğulmuşdur. Iş materiallarında olan iddiaçıya məxsus diplom (texniki peşə təhsili), hərbi bilet və əmək kitabçasının surətindən görünür ki, iddiaçı təhsil və hərbi xidmət müddəti də daxil olmaqla 60 yaşının tamam olduğu ##.##.2023-cü il tarixədək 25 ildən artıq ümumi sığorta stajına malikdir (##.##.1980-##.##.1982 (təhsil), ##.##.1982- ##.##.1984 (hərbi xidmət), ##.##.1984-hal-hazıradək). Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iş stajı iddiaçıya məxsus əmək kitabçası və iş materiallarında olan digər sənədlərlə təsdiqlənir, öz növbəsində nəzərə almaq lazımdır ki, əmək kitabçasında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Cavabdeh tərəfindən iddiaçının ümumi sığorta stajı mübahisələndirilməsə də, iş materiallarından görünür ki, iddiaçı pensiya hüququnun yarandığı tarixə 25 ildən artıq ümumi sığorta stajına malikdir. Güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı ilə əlaqədar isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının X2 (hazırki xxxx Azərbaycan ASC-də) ##.##.1984-cü ildən ##.##.1988-ci ilədək işlədiyi X9 və ##.##.1988-ci ildən bu günədək işlədiyi teplovoz maşinisti peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmuşdur: 21. Nəqliyyat; 21.4. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər: teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri. Iddiaçının çalışdığı həmin peşələrin qeyd olunan siyahıda göstərilən peşəyə uyğunluğu işəgötürən tərəfindən təqdim edilmiş müvafiq arayışlar və peşə təlimatı ilə öz təsdiqini tapmışdır. Formalaşmış məhkəmə təcrübəsinə əsasən qeyd edilməlidir ki, Azərbaycan Respublikasının dəmiryolları sistemi yalnız “xxxx” QSC-nin idarəçiliyində olan magistral dəmiryolları şəbəkəsini deyil, həm də təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ayrı-ayrı müəssisələrin həmin magistral yollara çıxışı olan və daşımaların həyata keçirildiyi dəmiryolları şəbəkələrini də ehtiva edir. Bu zaman nəzərə alınmalıdır ki, “xxxx” QSC-nin istifadəsində olan magistral dəmiryolları da Azərbaycan Respublikasının vahid dəmiryolları sisteminə tərkibinə daxildir və ümumi istifadədə olmaqla sərnişinlərin və yüklərin daşınması funksiyasını yerinə yetirir. Dəmiryolu şəbəkəsinin, eləcə də həmin şəbəkədə təyinatı üzrə istismar edilən və daşımaları həyata keçirən teplovozların fərqli iqtisadi fəaliyyət sahəsinə aid müəssisəyə mənsubiyyəti prinsip olaraq həmin dəmiryolu şəbəkəsinin və teplovozların funksional təyinatını və istismar xarakterini dəyişdirmir və dəyişdirmək imkanına da malik deyildir. Bu baxımdan güzəştli şərtlərlə pensiya təyin olunarkən nəzərə almaq lazımdır ki, güzəştli şərtlərlə pensiya hüququ verən qeyd olunan siyahıların müvafiq bəndi yalnız “xxxx” QSC-nin idarəçiliyində olan magistral dəmiryollarında çalışan teplovoz maşinistləri və teplovoz maşinist köməkçiləri peşələrinə deyil, həm də təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq istənilən müəssisəyə aid dəmiryollarında və dəmiryolu nəqliyyat vasitələrində çalışan teplovoz maşinistləri və teplovoz maşinist köməkçiləri peşələrinə də şamil olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının həmin dövrlərdə həmin vəzifələrdə işləməsi iş materialları ilə təsdiq edildiyindən və bu vəzifələr yuxarıda göstərilən siyahıda nəzərdə tutulduğundan qeyd olunan dövrlər güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş stajına hesablanmalıdır (60 yaşının tamam olduğu tarixə cəmi 38 il 08 ay 24 gün). “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi əxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Göründüyü kimi, iddiaçı 60 yaşının tamam olduğu ##.##.2023-cü ilədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajına malik olduğundan iddiaçının həmin tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Eyni zamanda qeyd olunmalıdır ki, həmin dövrdə qüvvədə olan qanunvericilik normalarında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün pensiya kapitalının olması tələbi müəyyən edilməmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Qeyd olunan Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar