Məhkəmə qərarları › İş №2-1(103)-4319/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4319/2025

03.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4319/2025 03.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Səmədovun sədrliyi və məruzəsi ilə, X5 və X2 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (üçüncü şəxs qismində 2 №-li X3 cəlb edilməklə) “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4940/2025 nömrəli, 18 avqust 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona əlillik qiymətləndirməsinin həyata keçirilib, əlillik təyin edilməsi vəzifəsinin cavabdeh Agentliyin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1963-cü ildə doğulmuşdur. İlk dəfə ona ümumi xəstəlik səbəbindən xx.xx.2017-ci ildə 2-ci dərəcəli əlillik təyin olunmuşdur. Təyin olunmuş əlilliyi xx.xx.2022-ci ilədək müəyyən edilmişdir. O, ona əlillik təyin edildikdən sonra yəni 2 il ərzində təyin edilmiş pensiyanı alsa da, 2019-cu ildə əlillik dayandırılmışdır. Hazırda onun tərəfindən həmin etibarsız hesab edilmiş əlillik qiymətəndirilməsinin bərpa edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. O, uzun illər hipertoniya xəstəliyindən, ürək çatışmazlığından əziyyət çəkmiş və bu müddətdə bir dəfə infarkt da keçirmişdir. Onun qardaşı 2018-ci ildə şəhid olduğundan o, bu faciəvi hadisədən sonra dərin stres keçirmiş və ürəkgetmələri yaranmışdır. Bu patoloji hal xronikləşmiş və ürəkgetmə halı baş verən zaman o, hündürlükdən yıxılmış və bunun nəticəsində də baş beyin travması almışdır. Xəstə aldığı travmadan “X8”ndə müalicə olunmuş, lakin bu travma nəticəsində iddiaçının psixi durumu pozulmuşdur. Həmin tarixdən etibarən iddiaçıya səhhətində yaranmış problemlər ağırlaşmış və bu ağırlaşmalar nəticəsində Bakı 2 nömrəli X4 tərəfindən onun barəsində elektron qaydada forma 88 tərtib edilərək cavabdeh inzibati orqana göndərilmişdir. İlkin 88 forma xx.xx.2024-cü ildə göndərilmiş, lakin həmin göndəriş əsasında ona əlillik təyinatından imtina edilmişdir. İmtinanın səbəbi kimi diaqnozun öz təsdiqini tapmaması qeyd edilmişdir. Bundan sonra o, yenidən müxtəlif vaxtlarda müayinə və müalicələrdən keçmiş və nəticədə 2 nömrəli Bakı Kliniki Psixiatriya Xəstəxanası tərəfindən xx.xx.2024-cü il tarixdən Z00231467XBV nömrəli forma 88 göndərişi elektron qaydada cavabdeh orqana göndərilmişdir. Lakin cavabdeh orqan həmin göndəriş əsasında qiymətləndirmə apararaq ona əlillik təyinatından imtina etmişdir. İmtinanın səbəbi kimi şəxsdə əlillik əlamətlərinə səbəb olan ağırlaşmalar əmələ gələrsə həmin ağırlaşmaların 6 aylıq müayinə və müalicədən sonra aradan qalxmadığı halda yenidən göndəriş ilə rəsmiləşdirilə biləcəyi, eləcə də şəxsin əlillik hüququnun operativ şəkildə müəyyənləşdirilməsi məqsədi ilə yaşadığı yer üzrə xidmət göstərən TSEK-ə yaxınlaşması zəruriliyi qeyd edilmişdir. Həmin imtina məktubundan sonra cavabdeh tərəfindən DOST mərkəzinə əyani müayinə üçün müraciət edilsə də, həmin müraciətə də hər hansı cavab verilməmişdir. Cavabdeh Agentlik tərəfindən məhkəməyə təqdim edilmiş iddia tələbinə dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıya ilkin əlillik təyinatı Daxili İşlər Nazirliyi Tibb İdarəsinin xx.xx.2017-ci il tarixli göndərişi əsasında təyin edilmişdir. Həmin göndəriş əsasında iddiaçıya 5 il müddətinə ümumi xəstəlik səbəbindən İkinci dərəcə əlillik təyin edilmişdir. Lakin daha sonra göndərişi rəsmiləşdirən tibb idarəsinin göndərişin əsassız olması ilə əlaqədar Xidmətə ünvanladığı məktub əsasında iddiaçının əlilliyi xx.xx.2019-cu ildə dayandırılmışdır. Həmin tarixdən sonra iddiaçı inzibati orqanın hərəkətlərini heç bir formada mübahisələndirməmişdir. Növbəti dəfə əlilliyin qiymətləndirilməsi məqsədilə iddiaçının adına Bakı 2 nömrəli Psixiatriya Xəstəxanası tərəfindən xx.xx.2022-ci ildə rəsmiləşdirilmişdir. Həmin göndəriş göndərişin natamam doldurulması (Səbəb: Pulsuz dərman alan ruhi əsəb xəstələri reyestrində məlumat yoxdur) səbəbi ilə tibb müəssisəsinə geri göndərilmişdir. Bundan sonra Bakı 2 nömrəli Psixiatriya Xəstəxanası tərəfindən növbəti və sonuncu göndəriş xx.xx.2024-cü il tarixində rəsmiləşdirilmiş və qiymətləndirilməsi üçün Agentliyə göndərilmişdir. Həmin göndəriş əsasında iddiaçının əyani müayinəsi həyata keçirilməklə barəsində Diaqnoz öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası NK-in “Əlilliyin qiymətləndirilməsi Qaydaları haqqında” 16 yanvar 2020-ci il tarixli qərarının 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Agentliyin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”na əsasən simptomatik daxil olmaqla, üzvi psixi pozuntular zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi zamanı aşağıdakılar nəzərə alınır: - psixi pozuntuya səbəb olan üzvi patologiyanın olması, obyektiv olaraq təsdiq edilməlidir (məsələn, MRT-də beynin atrofik dəyişiklikləri, EEQ vasitəsilə epileptik paroksizmlər, müvafiq testlər vasitəsilə endokrin dəyişikliklər və s.); - xəstəliyin başlama yaşı (məsələn: demensiya əlamətləri ilə erkən başlanğıclı Alsheymer xəstəliyi zamanı 65 yaş əsas götürülür); - xəstəliyin davametmə müddəti və proqredientliyi (prosessual dəyişikliklərin artma sürəti); - intellektual-amnestik pozuntuların təzahür dərəcəsi (psixi statusun qısa qiymətləndirilməsi şkalası - MMSE vasitəsilə müəyyən edilir, bu şkala Demensiyanin diaqnostika və müalicəsi üzrə klinik protokolda vardır); - psixotik epizodların olması (üzvi deliriy, üzvi hallüsinoz, üzvi katotonik pozuntu) və onların tezliyi ilə; - aqresiv davranış və suisidal cəhdlər də daxil olmaqla, şəxsiyyət və davranış dəyişikliklərinin ağırlıq dərəcəsi; - müalicəvi və reabilitasiya müdaxilələrinin aparılmasının mümkünlüyü ilə Əyani müayinə ilə bağlı qərarda da qeyd edildiyi kimi, Əsasnamə ilə müəyyən olunan ağırlaşmalar və digər simptomların əlillik səviyyəsində olduğunu təstiq edən heç bir insturmental müayinə nəticələri mövcud deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması Meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Göndərişin forması Agentlik ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Göründüyü kimi, vətəndaşın müraciətləri üzrə qiymətləndirmə aparılarkən hazırki sağlamlıq vəziyyəti müvafiq tibbi müəssisəsi tərəfindən rəsmiləşdirilmiş diaqnoza uyğun olmadığından, həmçinin orqanizm funksiyalarının pozulması əlilliyin müəyyən edilməsi üçün yetərli səviyyədə olmadığından onun barəsində əlillik təyin etmək mümkün olmamışdır. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4940/2025 nömrəli, 18 avqust 2025-ci il tarixli qərarı (hakim N.Abıyev) ilə iddianın təmin edilməsi, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı əlillik qiymətləndirməsinin həyata keçirilib, ona əlilliyin təyin edilməsi ilə bağlı qərar qəbul olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşə apellyasiya instansiya məhkəməsində baxılması zamanı iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilmiş, ona 2 №-li Bakı Kliniki Psixiatriya Xəstəxanası tərəfindən xx.xx.2024-cü il tarixdən göndərilmiş Z00231467XBV №-li forma 88 göndərişi əsasında əlillik qiymətləndirilməsi həyata keçirilərək əlillik təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə iddiaya etirazın məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi işə baxarkən işi yetərincə araşdırmayaraq, iddiaçının təqdim etdiyi sənədlər və müvafiq ekspertizanın rəyinə əsaslanmış, həmçinin şəxsin əyani müayinə olunması nəticəsində zəruri biliklərə sahib komissiya tərəfindən gəlinən nəticələrə ümumiyyətlə məhəl qoymamış və öz mülahizəsinə əsasən qərar qəbul etmişdir. Bu isə işin nəticələrinin araşdırılmamasına gətirib çıxartmışdır. Sözügedən hal, yəni diaqnozun öz təsdiqini tapmaması iddiaçının əyani müayinəsi zamanı, həmçinin tibb müəssisələrinin müayinə sənədləri tədqiq edilən zaman Agentliyin Tibbi-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin, məhkəmənin gəldiyi səhv nəticə ondan ibarətdir ki, göndərişdə olan diaqnozun Əsasnamədə mövcud olmasının müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin və onun ağırlaşmaları instrumental müayinə nəticələri ilə təsdiq olunmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Birinci instansiya məhkəməsi sadəcə anamnestik məlumatlar əsasında tərtib edilən və heç bir instrumental müayinə nəticəsinə verilməyən ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Göndərişdə qeyd olunan diaqnoz öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Belə ki, göndərişdə əsas diaqnoz kimi “F07-Üzvi mənşəli şəxsiyyət pоzuntusu” diaqnozu qeyd edilmişdir. Əsasnamənin 7.6-cı bəndinə əsasən Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi zamanı aşağıdakılar nəzərə alınır: - psixi pozuntuya səbəb olan üzvi patologiyanın olması, obyektiv olaraq təsdiq edilməlidir (məsələn, MRT-də beynin atrofik dəyişiklikləri, EEQ vasitəsilə epileptik paroksizmlər, müvafiq testlər vasitəsilə endokrin dəyişikliklər və s.); - xəstəliyin başlama yaşı (məsələn: demensiya əlamətləri ilə erkən başlanğıclı Alsheymer xəstəliyi zamanı 65 yaş əsas götürülür); - xəstəliyin davametmə müddəti və proqredientliyi (dəyişikliklərin artma sürəti); - intellektual-amnestik pozuntuların təzahür dərəcəsi (psixi statusun qısa qiymətləndirilməsi şkalası - MMSE vasitəsilə müəyyən edilir, bu şkala Demensiyanin diaqnostika və müalicəsi üzrə klinik protokolda vardır); - psixotik epizodların olması (üzvi deliriy, üzvi hallüsinoz, üzvi katotonik pozuntu) və onların tezliyi ilə; - aqresiv davranış və suisidal cəhdlər də daxil olmaqla, şəxsiyyət və davranış dəyişikliklərinin ağırlıq dərəcəsi; - müalicəvi və reabilitasiya müdaxilələrinin aparılmasının mümkünlüyü ilə Buna baxmayaraq, bu patalogiyaların heç biri iddiaçının səhhətində öz əksini tapmır. Diaqnozu təsdiq edən tibb müəssisəsinin rəyləri TSEK tərəfindən tədqiq edilmiş və əlillik təyinatına əsas verən səviyyədə - 35 faiz OFP müəyyən edilməmişdir. Buna baxmayaraq, eyni klinik instrumental müayinə nəticələri əsasında MTE PAB əlavə müayinə həyata keçirmədən rəy vermişdir. Məhkəmə iki ziddiyyətli tibbi mövqeyi aydınlaşdırmaq əvəzinə sadəcə ekspert rəyinə əsaslanaraq Agentliyin (TSEK-in) hüquqlarını pozmuşdur. İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanunazidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Bakı İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir. 2017-ci ildə iddiaçıya təyin edilmiş və 2019-cu ildə məlum səbəblərdən dayandırılmış əlilliyin bərpa edilməsi mümkün deyildir. Belə ki, 2017-dən sonra vətəndaş tərəfindən 3 dəfə (2022 və xx.xx.2024, xx.xx.2024) göndəriş rəsmiləşdirilmişdir. Bu hal isə iddiaçının əvvəlki göndəriş üzrə mübahisələndirmə hüququnu aradan qaldırmışdır. Sonuncu göndəriş yəni xx.xx.2024-cü il tarixli göndəriş üzrə əlilliyin qiymətləndirilməsi ilə bağlı iddiaçıya əlilliyinin qiymətləndirilməsi üçün yaşadığı ərazi üzrə TSEK-ə yaxınlaşması məsləhət görülsə də, iddiaçı tərəfindən zəruri addımlar atılmamışdır. Nəticədə Agentlik tərəfindən iddiaçı barəsində hər hansı bir inzibati akt qəbul edilməmişdir. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və üçüncü şəxs məhkəmə kollegiyasının iclasına gəlməmiş və məhkəmə iclasında iştiraklarını təmin etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən iddiaçı və üçüncü şəxsin iştirakları olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını məhkəmədən tələb edə bilər. İş materiallarında olan: -İddiaçı xx.xx.2017-ci il tarixli, xxxxxxx0002 №-li qiymətləndirmə nəticəsindən görünür ki, X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ2O-İ25 - Ürəyin işemik xəstəlikləri => 125 - Ürəyin xroniki işemik xəstəliyi => 125.2 - Əvvəllər keçirilən miokard infarktı; Diaqnozun mətni: Sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya, ÜİX, stabil gərginlik stenokardiyası İİİ FS. Ağırlaşma 150.0 Durğunluq ürək çatmamazlığı, Ürək çatışmamazlığı İİİ FS.Ekstrasistolik aritmiya. Yanaşı xəstəliklər 110 Essensial [birincili] hipertenziya, Hipertoniya xəstəliyi İİİ dərəcə. Yanaşı xəstəliklər 183 Aşağı ətraf venalarının varikoz genəlməsi, Hər iki aşağı ətrafların səthi venalarının varikoz genişlənməsi; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (101-109,111.0,113-113.2,120-125,...; Təyinat tarixi: xx.xx.2017; Səbəbi: ümumi xəstəlik; Müddət 5 il; Növbəti qiymətləndirmə tarixi: xx.xx.2022). xx.xx.2022-ci il tarixli, xxxxxxx0003 №-li qiymətləndirmə nəticəsindən görünür ki, Diaqnozun mətni: F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, baş beynin üzvi xəstəliyi travma mənşəli nəticəsində kəskin şəxsiyyət dəyişiklikləri; Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Pulsuz dərman alan ruhi əsəb xəstələri reyestrində məlumat yoxdur. xx.xx.2024-cü il tarixli, xxxxxxx0004 №-li qiymətləndirmə nəticəsindən görünür ki, Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozuntusu, Baş beyinin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində kəskin şəxsiyyət dəyişiklikləri tez-tez funksional qıcolma tutmaları ilə depressiv daxilolmalarla.; Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Diaqnoz öz təsdiqini tapmaması - Səbəb: Diaqnoz təsdiqlənmədi. xx.xx.2024-cü il tarixli “Əyani müayinə aktı – Yüksək pensiya. Psixiatriya” qeyd olunmuşdur ki, Səhiyyə müəssisəsinin göndərişində əsas diaqnoz: F07.0 Üzvi mənşəli şəxsiyyət pоzuntusu, Baş beyinin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində kəskin şəxsiyyət dəyişiklikləri tez-tez funksional qıcolma tutmaları ilə depressiv daxilolmalarla. Ağırlaşma: F06.8 Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər dəqiqləşdirilmiş psixi pоzuntular, Üzvi xəstəliyi (travma mənşəli) nəticəsində kəskin şəxsiyyət dəyişiklikləri. F06.3 Əhvalın üzvi mənşəli [affektiv] pоzuntusu, Əhvalın üzvi mənşəli [affektiv] pozğunluğu. F32 Depressiv epizod, Tez-tez funksional qıcolma tutmaları ilə depressiv daxilolmalarla Obyektiv müayinə zamanı xəstədə aşağıdakı əlamətlər aşkar edildi: - Şikayətləri – Yaddaşının pozulmasından, xırda qıcıqlara böyük reaksiya verməsindən, depressiv vəziyyətlərinin və s. - Dəri və görünən selikli qişaları – Bir qədər solğundur. - Dərialtı piy qatı – Kafi inkişaf etmişdir. - Periferik limfa düyünləri – Böyüməyib. - Sümük-əzələ sistemi – Gözlə görünən patologiya qeyd edilmir. - Tənəffüs sistemi – Müayinə aparılmayıb. - Ürək-qan damar sistemi - A/T 130/70 mm c. st., nəbz 80 vurğu/dəq. - Həzm sistemi - Palpasiya zamanı qarnı yumuşaq, ağrısızdır. Qaraciyər dalaq əllənmir. Stul - Sidik cinsiyyət sistemi – Diurez sərbəst. - Status lokalis: Xəstənin sözlərinə əsasən təxminən 5-6 il öncə yıxılaraq aldığı travmadan sonra şikayətləri yaranmışdır, oğlu isə xəstənin pilləkənlərdən yıxılaraq aldığı travmadan sonra xəstəliyinin başladığını bildirir. Xəstə və onun oğlunun verdiyi məlumata əsasən xəstənin ətraf qıcıqlara qarşı böyük reaksiyası olur, əşyaları sındırır, qışqırır. Tez-tez depressiv vəziyyətdə olur. Getdiyi ünvanı unuda bilir. Psixi status: zahirən sakitdir, səliqəlidir. Ünsiyyətə asta səslə, həvəssiz daxil olur, suallara məqsədəuyğun, konkret cavablar verir. Bütün istiqamətlərdə bələdliyi saxlanılıb. Yaddaş pozğunluğu qeyd edilir. Ətrafa reaksiyası adekvatdır. İntellektual-mnestik funksiyaları normaldır. Qeyd: xəstə özü verilən suallara qısa, konkret cavablar verir. Onunla gələn oğlu anası ilə yaşamadığı üçün çox məlumatlı olmadığını bildirdi, xəstəliyin gedişi haqqında dəqiq məlumat verə bilmədi, anası ilə yaşayan qardaşının müayinəyə gəlməsinin məqsədəuyğun olduğunu bildirdi. Beləliklə, işin hallarından görünür ki, iddiaçıya 2017-ci il tarixdən 2022-ci ilə kimi ümumi xəstəlik səbəbindən (ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranın davamlı olaraq ikinci dərəcədə çatışmazlığı) 2-ci dərəcəli əlillik təyin edilmişdir, əlilliyin təyinatı xx.xx.2019-cu ildə dayandırılmışdır. Sonradan iddiaçı hündürlükdən yıxılması nəticəsində də baş-beyin travması almış, bununla F07 xəstəliyi yaranmışdır. İddiaçı 2022-2024-cü illərdə tibb müəssisələri tərəfindən iddiaçı ilə bağlı Forma 88 verilmişdir. xx.xx.2022-ci il və xx.xx.2024-cü il tarixlərdə tibb müəssisələri tərəfindən “Forma 88” göndərişi göndərilmiş, lakin həmin göndərişlər əsasında ona əlillik təyinatından imtina edilmişdir. Sonuncu Bakı Kliniki Psixiatriya Xəstəxanası tərəfindən xx.xx.2024-cü il tarixdən Z00231467XBV nömrəli forma 88 göndərişi əsasında iddiaçıya əlillik təyinatından imtina edilmişdir. İddiaçı cavabdeh inzibati orqanın hərəkətlərindən narazı qalaraq hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə iddiaçıya əlillik təyin edilməli olması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 3.1-ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. - 3.2-ci maddəsinə əsasən, əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; - 3.3-cü maddəsinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. - 3.4-cü maddəsinə uyğun olaraq, əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na əsasən: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması Meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. - 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. - 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. - 2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.5-ci bəndinə görə TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. - 2.9-cu bəndinə görə göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. - 3.7-ci bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. - 4.9-cu bəndinə görə bu qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Sadalanan normalardan müəyyən olunur ki, qanunverici əlilliyin təyinatının müvafiq sənədlər əsasında qiymətləndirilməsi və nəticəsinin inzibati akt olan qərarla rəsmiləşdirilməsini müəyyən etmiş, həmin qərarın düzgünlüyünə şübhə yarandıqda isə şəxsin əyani müayinəyə cəlb edilməsi və müayinənin nəticələrinin qərarla rəsmiləşdirilməsi, nəticə müsbət olmazsa, əlilliyin təyini barədə qərarın ləğv edilməsini nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-cü bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3-cü bənd. Əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4-cü bənd. Peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5-ci bənd. Əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 2.1-ci bənd. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2-ci bənd. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3-cü bənd. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 2.4-cü bənd. Şəxsin sağlamlıq vəziyyəti ilə bağlı Komissiyaya getmək imkanı olmadıqda, o Komissiya tərəfindən olduğu yerdə müayinə edilir və göndərişdə bu barədə qeyd aparılmaqla, bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qərar qəbul edilir. 2.5-ci bənd. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X1na uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. Birinci instansiya məhkəməsi tərəfindən işin hallarının obyektiv araşdırılması məqsədilə məhkəmə tibbi ekspertizası təyin edilmiş və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, № 1958 saylı rəyində qeyd olunmuşdur ki, yoxlanılan şəxs İddiaçı üzvi şəxsiyyət pozuntusu, depressiv daxilolmalar və funksional qıcolma tutmaları ilə (F07.0) aşkar edilir. Bunu anamnestik məlumat (kəllə-beyin travması alması, əsəbi olması, özünə qapanması, suisidal fikirlərinin olması, xarici qıcıqlara qarşı həssas olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli “X4”da “Baş beyinin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində kəskin şəxsiyyət dəyişiklikləri tez-tez funksional qıcolma tutmaları ilə depressiv daxilolmalarla’’ diaqnozu ilə stasionar müalicədə olması) və halhazırkı psixiatrik müayinənin nəticələri (zahirən gərgin olması, təfəkkürünün ləng olması, torpidlik əlamətlərinin olması, əhval-ruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlığı və s.) sübut edir. Beləliklə, qeyd olunanlardan görünür ki, cavabdeh iddiaçıya əlillik təyin edilməsindən imtina edərkən onun sağlamlıq vəziyyətində əlillik təyinatına əsas verən dəyişikliklər aşkar edilmədiyini, buna görə də diaqnozun əlillik əlaməti təyin etmədiyi qənaətinə gəlsə də, iş materialları və ekspert rəyləri ilə bu hal tam təkzib olunmuşdur. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”nın 1.1-ci bəndinə görə əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Həmin Meyarların 3.1-ci bəndinə əsasən anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. İddiaçıya dair sonuncu xx.xx.2024-cü il tarixli, Z00231467XBV №-li göndərişin status localis bölməsində qeyd olunur ki, “Pəncərə silərkən ürəkgetmə yaranıb, hündürlükdən yıxılıb KBT alıb ondan sonra psixi durumunda dəyişikliklər yaranıb. Zahirən süstdür. Bələdliyi hissəvi saxlanılıb. Ünsiyyətə həvəssiz daxil olur. Təfəkkürü və nitqi ləngdir. Diqqətini çətinliklə toplayır. Özünə qapalıdır. Müayinə zamanı bildirir ki, tez-tez əsəbi olur, bu zaman əlləri qıc olur, ürəkgetmələr müşahidə edilir. Daim fikir çəkir, fikirlərini öz-özü ilə danışır. Qulağında xışıltı səsi onu narahat edir. Yaddaşı getdikcə zəifləyir. Xəstədə şöbədə olduğu müddətdə bir neçə dəfə funksional qıcolma tutması müşahidə edilib. Tez yorulur. Qıcığa həssasdır. Az ünsiyyətlidir. Təkliyə meyillidir. Öz daxili aləmini tam açıqlamır. Əhvali-ruhiyyəsi aşağıdır. Emosional labildir. Əsasən aqressivdir, ətraf qıcıqlara həssasdır”. xx.xx.2024-cü il tarixli həkim müayinəsinin nəticəsi - F07.0 Üzvi mənşəli şəxsiyyət pоzuntusu, baş beyinin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində kəskin şəxsiyyət dəyişiklikləri tez-tez funksional qıcolma tutmaları ilə depressiv daxilolmalarla. İddiaçı barəsində sonuncu xx.xx.2024-cü il tarixdən Z00231467XBV nömrəli forma 88 göndərişindən görünür ki, iddiaçıda F07 - üzvi mənşəli şəxsiyyət pozuntusu diaqnozu vardır. xx.xx.2024-cü il tarixli, Z00231467XBV №-li göndərişdən görünür ki, iddiaçı F06.3 (Əhvalın üzvi mənşəli [affektiv] pоzuntusu, DEPRESSİV DAXİLOLMALARLA) və F06.8 (Baş-beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər dəqiqləşdirilmiş psixi pоzuntular, KƏSKİN ŞƏXSİYYƏT DƏYİŞİKLİKLƏRİ) ağırlaşmaları müəyyən edilmişdir. “Əlilliyin müəyyən olunması Meyarları”na “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə dair Əlavənin 7-ci bəndinə əsasən F07.0 kodu üzrə (Üzvi mənşəli şəxsiyyət pozuntusu). - 7.6.2.1 - əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq, bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) (orqanizm funksiyalarının 35-60% olmaqla itirilməsi) – 2 il müddətinə əlillik təyini üçün əsasdır. Göründüyü kimi, Meyarlar şəxsdə F07.0 kodu üzrə xəstəliyin olmasını əlilliyin təyini üçün əsas hesab etmişdir, hansı ki, bu xəstəliklər iddiaçı barəsində verilmiş göndərişdə təsbit edilmiş, ekspert rəyi ilə isə təsdiq olunmuşdur. Qeyd edilənlərə əsasən Kollegiya bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin iddiaçıya əlilliyin təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməli olması ilə bağlı gəldiyi nəticə əsaslı olmuşdur. Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, iddiaçıya əlilliyin təyin edilməli olması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olsa da, əlilliyin təyinat tarixi və dərəcəsinin (Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi) müəyyən edilməsi ilə bağlı məhkəmə araşdırma aparmamışdır. Bununla bağlı məhkəmə kollegiyası diqqətə çəkir ki, əlilliyin qiymətləndirilməsi ilə əlaqədar yaranan məhkəmə mübahisələri üzrə xüsusi diqqət yetirilməli olan məsələ əlilliyin təyinat tarixinin müəyyənləşdirilməsi ilə bağlıdır. Bununla bağlı olaraq, ilk növbədə nəzərə alınmalıdır ki, qanunvericiliyin imperativ göstərişinə görə şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir (“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsi). Məhkəmə təcrübəsində qeyd olunan məsələ ilə bağlı bir neçə müxtəlif faktiki hallara malik işlərə rast gəlinir. Birinci hal, göndəriş əsasında əlilliyin müəyyən edilməsindən imtina olunmasına dair qərar qəbul edildikdən sonra məhkəməyə müraciətin edildiyi vəziyyətdir. Məhkəmələr imtinanı qanunsuz hesab etdikləri və iddianı təmin etmək üçün digər bütün əsasların mövcudluğunu müəyyən etdikləri halda, cavabdehin üzərinə əlilliyin müəyyən edilməsinə dair qərar qəbul etmək öhdəliyini qoya bilərlər. Bu zaman, cavabdeh “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.4-cü bəndinə uyğun olaraq əlilliyin təyinat tarixini göndərişin altsistemə ötürüldüyü gündən hesablanmaqla 10 (on) iş gününün keçməyəcək qaydada müəyyən etməlidir. İkinci hal, göndəriş əsasında əlilliyin müəyyən edilməsindən imtina olunmasına dair qərar qəbul edildikdən sonra məhkəməyə müraciət edilməməsi, sonradan yeni göndəriş(lər)in verilməsi və həmin göndəriş əsasında sonrakı tarixlərdə əlilliyin müəyyən edilməsi vəziyyətidir. Bu zaman, bir qayda olaraq, göndərişlərin məzmununun eyniliyinə istinadla məhkəmələrdə əlilliyin təyinat tarixinin ilk göndəriş tarixinə uyğun dəyişdirilməsinə dair iddialar qaldırılır. Bununla bağlı olaraq nəzərə alınmalıdır ki, hətta göndərişlərin məzmununun eyniliyi müəyyən olunsa belə, ilkin göndəriş əsasında əlilliyin müəyyən edilməsindən imtina barədə qərar mübahisələndirilmədən əlilliyin təyinat tarixinin dəyişdirilməsinə dair iddialar təmin edilə bilməz. Belə ki, inzibati orqanın əvvəlki imtina qərarı “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə inzibati akt kimi özünün hüquqi qüvvəsini saxlayır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Üçüncü hal isə bir neçə göndərişin verilməsinə baxmayaraq, hər dəfə əlillik müəyyən edilməsindən imtina olunmasına dair qərarın verilməsi və maraqlı şəxsin yalnız sonuncu göndəriş əsasında qəbul edilmiş imtina qərarından sonra məhkəməyə müraciət etdiyi vəziyyətdir. Bununla bağlı olaraq isə nəzərə alınmalıdır ki, əvvəlki imtinalar mübahisələndirilmədiyindən və məhkəmədə baxılan iddianın predmetini sonuncu göndəriş əsasında qəbul edilmiş imtina qərarı təşkil etdiyindən müvafiq olaraq əlilliyin təyinat tarixi də əvvəlki göndərişlərə görə deyil, məhz sonuncu göndəriş nəzərə alınmaqla müəyyən edilməlidir. Beləliklə, hazırkı işin hallarından görünür ki, iddiaçı ilə bağlı sonuncu göndəriş xx.xx.2024-cü il tarixlidir. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Məhkəmə kollegiyası hesab edir ki, əlilliyin təyinat tarixinin – sonuncu xx.xx.2024-cü il tarixdən Z00231467XBV nömrəli forma 88 göndərişinin verildiyi tarixdən 10 (on) iş günü ərzində təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Məhkəmə kollegiyası həmçinin, nəzərə çatdırır ki, iddiaçıda “Üzvi mənşəli şəxsiyyət pоzuntusu, baş beyinin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində kəskin şəxsiyyət dəyişlikləri tez-tez funksional qıcolma tutmaları ilə depressiv daxilolmalarla” ekspert rəyləri, həmçinin tibbi sənədləri ilə müəyyən edildiyindən, diaqnoz üzrə “Əlilliyin müəyyən olunması Meyarları”nın 7.6.2.1-ci bəndində göstərilən qiymətləndirmə üzrə orqanizm funksiyalarının 35-60% olmaqla 2 il müddətinə itirilməsi müəyyən edildiyindən, iddiaçıya da əlillik təyinatı zamanı həmin faiz və müddət göstəricisi nəzərə alınmalıdır. İşə apellyasiya instansiyası məhkəməsində baxılması zamanı iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilmiş, 2 №-li Bakı Kliniki Psixiatriya Xəstəxanası tərəfindən xx.xx.2024-cü il tarixdən göndərilmiş Z00231467XBV №-li forma 88 göndərişi əsasında əlillik qiymətləndirilməsi həyata keçirilərək əlillik təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4940/2025 nömrəli, 18 avqust 2025-ci il tarixli qərarı dəyişdirilməli, İddiaçı 2 №-li Bakı Kliniki Psixiatriya Xəstəxanası tərəfindən xx.xx.2024-cü il tarixdə göndərilmiş Z00231467XBV №-li forma 88 göndərişi əsasında göndərişin verildiyi tarixdən 10 (on) iş günü ərzində əlillik qiymətləndirilməsi həyata keçirilərək orqanizm funksiyalarının 35-60% itirilməsi göstərilməklə əlilliyin 2 il müddətinə təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85, 87 və 90-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4940/2025 nömrəli, 18 avqust 2025-ci il tarixli qərarı dəyişdirilsin. İddiaçı 2 №-li Bakı Kliniki Psixiatriya Xəstəxanası tərəfindən xx.xx.2024-cü il tarixdə göndərilmiş Z00231467XBV №-li forma 88 göndərişi əsasında göndərişin verildiyi tarixdən 10 (on) iş günü ərzində əlillik qiymətləndirilməsi həyata keçirilərək orqanizm funksiyalarının 35-60% itirilməsi göstərilməklə əlilliyin 2 il müddətinə təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Orxan İsmayılov Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar