Məhkəmə qərarları › İş №2-1(103)-432/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-432/2022

23.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-432/2022 23.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 2- 1(112)-4934/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 55 yaşdan, xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 52 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1965-ci il tarixdə Cəbrayıl rayonunda anadan olmuşdur. xx.xx.1982-ci il tarixdən xx.xx.2004-cü il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. Azərbaycan Dövlət Dəmir Yolu 9 saylı Mincivan yol distansiyasında işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən güzəştli şərtlərlə pensiya hüququ vərən vəzifələr hesab olunur. Onun 20 ildən çox ümumi və 10 ildən çox xüsusi stajı vardır. O, cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin cavabdeh cavab məktubu ilə onun əmək kitabçasında düzəliş olduğundan əsaslı şübhələr olduğunu əsas gətirərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. Cavabdehin qeyd olunan əsaslarla onun müraciətindən imtina etməsi tamamilə qanunsuz və əsassızdır. Belə ki, ona məxsus əmək kitabçasında düzəlişlər olsa da, həmin müəssisənin möhürü ilə düzəliş olduğu təsdiqlənmişdir. Belə halda həmin düzəlişlər qanuni hesab olunmalıdır və şübhələr olmasına heç bir əsas yoxdur. Cavabdehin imtinası əsassızdır. Cаvаbdеh iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, iddiaçı 05 yanvar 2021-ci il tarixində Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. Həmin müraciətlə bağlı aparılmış inzibati icraat zamanı müəyyən edilmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi İT seriyalı ******* nömrəli əmək kitabçasında 42-43-cü səhifələrinin 2-ci qeydində sonradan düzəlişlərin edildiyi aşkar görünür. Bu da iddiaçının əmək kitabçasında qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr yaradır. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bakı İnzibati Məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 2-1(112)-4934/2021 saylı qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı 52 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarı ləğv edib iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçının Mərkəzi Filiala təqdim etdiyi VİT-N ******* nömrəli əmək kitabçasında 42-43-cü səhifələrinin 2-ci qeydində sonradan düzəlişlərin edildiyi aşkar görünür. Bu da onun əmək kitabçasında qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr yaradır. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 18 noyabr tarixli icmal məktubuna əsasən məcbuetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-omadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzbati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apelyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirilər. Nəticə etibarilə nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın şəxsə ünvanladığı imtinada istinad olunan əsaslardan, eləcə də daha sonra məhkəmə icraatının gedişində tərəflərin verdiyi izahatlardan və etirazlardan, həmçinin apellyasiya şikayətinin dəlilərindən asılı olmayaraq, hər bir halda iddiaçının qanunla tələb olunan ümumi və xüsusi iş stairnna malik olub-olmaması məhkəmə araşdırmasının predmetini təşkil edir. Həmçinin sözügedən icmal məktubunda qeyd edilir ki, ümumi və xüsusi iş stajını təsdiq edən sənədlər mötəbər olmalı, ehtiyac yarandıqda bununla bağlı zəruri məhkəmə araşdırması aparılmalıdır. Bu mənada iddiaçı tərəfindən təqdim edilmiş ümumi və xüsusi iş staiını təsdiq edən sənədlərin (əmək kitabçası, arxiv arayışı, iş yerindən arayış, məhkəmə aktı və s.) əsli və ya lazımi qaydada təsdiqlənmiş surəti, o cümlədən Azərbaycan dilində tərtib edilməyibsə, həmin sənədin notarial qaydada təsdiq edilmiş tərcüməsi iş materiallarına əlavə edilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və əlavə olaraq izahatında bildirdi ki, dəmiryolu reyslərində şpalları dəyişirdik. Atam və qardaşımla bir yerdə işləmişəm. Yol təmiri fəhləsi idim. Atam və qardaşım mənə kömək edirdi. Xətləri yoxlayıb məlumat verirdilər. 9-cu sinifə qədər oxumuşdur. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməlidir. Hazırki işin hallarından görünür ki, İddiaçı xx.xx.1965-ci il tarixdə doğulmuş, xx.xx.1982-ci ildə ərizəsi əsasında Azərbaycan Dəmir yolu 9 saylı Mincivan dəmir yol distansiyasına Qumlax məntəqəsinə xadimə işinə qəbul edilmiş, xx.xx.1982-ci ildə ərizəsi nəzərə alınaraq həmin məntəqədə 1-ci dərəcəli yol montyoru işinə keçirilmiş, xx.xx.1985-ci ildə 1-ci dərəcədən 2-ci dərəcəyə (yol montyoru olaraq) keçirilmiş, xx.xx.1993-cü ildə ərizəsi nəzərə alınaraq yol montyoru işindən məntəqədə xadimə işinə keçirilmiş, xx.xx.2004-cü ildə iş yeri ixtisara düşməsi ilə bağlı işdən azad edilmişdir. Azərbaycan Dəmir Yolu 9 saylı Mincivan yol distansiyasının xx.xx.2018-ci il tarixli 446 saylı güzəştli arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.1982-ci ildən xx.xx.2004-cü il tarixə qədər Azərbaycan Dövlət Dəmir Yolu 9 saylı Bakı yol distansiyasında yol montyoru vəzifəsində işləmişdir. Bu vəzifədə güzəştli ümumi iş stajı qadın üçün 10 il edir ki, bu da Azərbayca Respublikasının Nazirlər Kabinetinin №12, xx.xx.2007-ci il tarixli qərarına uyğundur. Qanuni nəqliyyat bölməsinin 21-21.04.XXİ bölməsinə əsasən pensiya hüququ verilir. Şifr 1200100a-18540. Azərbaycan Dövlət Dəmir Yolu Mincivan 9 saylı yol distansiyasının xx.xx.2006-cı il tarixli NK №-416 saylı arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.1982-ci ildən xx.xx.2004-cü ilə qədər Mincivan 9 saylı yol distansiyasında müxtəlif vəzifələrdə işləmişdir. 1993-cü ilə qədər bütün sənədlər işğal altında olan ərazidə qalmışdır. Azərbaycan Dəmir Yolları QSC 9 saylı yol sahəsinin xx.xx.2021-ci il tarixli NK №567 nömrəli güzəştli arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.1982-ci ildən xx.xx.2004cü il tarixə qədər Azərbaycan Dövlət Dəmir Yolu 9 saylı yol sahəsində müxtəlif vəzifələrdə işləmişdir. xx.xx.1982-ci ildən xx.xx.1993-cü ilə qədər yol montyoru (yol təmir fəhləsi) vəzifəsində işləmişdir. Yol montyorunun gördüyü işlər vaxtı keçmiş reysləri, reysaltı tirlərin yanlıqla bir-birinə bağlanması, kastillə reyslərin ağac tirlərə tikilməsi, yolun təlimata uyğun genliyi-darlığ nəzarətdə saxlanması, bolt və qaykaların daima yoxlanması, yolun cari təmiri ilə məşğul olub qatarların təhlükəsiz hərəkətini təmin etməklə məşğuldur. Bu vəzifə qadın üçün 10 il iş stajı təsdiq edilmişdir ki, bu da Azərbaycan Respulikasının Nazirlər Kabinetinin xx.xx.2007-cil tarixli, 12 saylı qərarının 21 Nəqliyyat bölməsinin 21.4 bəndinə əsasən maqistral dəmir yollarının əlaqə şəbəkəsinin elektrik montyorları, elektrik mexanikləri, yol montyorları güzəştli pensiya hüququna malikdilər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilir: Ərizənizə və ona əlavə olunmuş sənədlərə baxaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim etdiyiniz İT-N ******* nömrəli əmək kitabçanızın 42-43-cü səhifələrinin 2-ci qeydində sonradan düzəlişlərin edildiyi aşkar görünür. Bu da əmək kitabçanızda qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr yaradır. Qeyd olunanlara əsasən Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 3 element mövcud olmalıdır: 1. İddiaçının 52 yaşının tamam olması;

2. İddiaçının xx.xx.2006-cı ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması; 3. İddiaçının xx.xx.2006-cı ilə qədər azı 10 il güzəştli iş stajının mövcud olması. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən hesab etmişdir ki, iddiaçı Azərbaycan Dəmir yolu 9 saylı Mincivan dəmir yol distansiyasında xx.xx.1982-ci ildən xx.xx.1993-cü ilədək yol montyoru vəzifəsində işləmişdir (cəmi 11 il 19 gün). İddiaçı tərəfindən ona güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilmişdir. İddiaçının işlədiyi həmin sahə və vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı»nda (XXVİİİ Bölmə - Nəqliyyat, 1. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər, kod 23001000— 19825 magistral dəmiryollarının əlaqə şəbəkəsinin elektrik montyorları, elektrik mexanikləri, yol montyorları) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda (21-ci Bölmə - Nəqliyyat, 21.4. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər - magistral dəmiryollarının əlaqə şəbəkəsinin elektrik montyorları, elektrik mexanikləri, yol montyorları) nəzərdə tutulmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, qeyd olunan dövrlər güzəştli şərtlə əmək pensiyası hüququ verən iş stajına hesablanmalıdır. Göründüyü kimi, xx.xx.2006-cı il tarixədək iddiaçının güzəştli iş stajı 10 ildən çoxdur (cəmi 11 il 19 gün). İddiaçıya pensiyanın təyin edilməsi üçün güzəştli iş stajı tələbinin ödənilibödənilməməsinin müəyyən edilməsi məqsədilə apellyasiya baxışı zamanı "xxxx" QSC-yə ünvanlanmış sorğulara cavab olaraq: "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli, 146475 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, ADY-nin İnfrastruktur departamenti Yol xidmətinin 9 nömrəli Mincivan yol sahəsinin arxiv bölməsində aparılmış araşdırma nəticəsində İddiaçı xx.xx.1982-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək işləməsini təsdiq edən hər hansı sənəd aşkarlanmamışdır. "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli, 188961 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı verilmiş arayışlara dair "xxxx" QSC-nin (ADY) aidiyyəti struktur qurumlarında araşdırma aparılmış, xx.xx.2018-ci il tarixli 446 nömrəli və xx.xx.2021-ci il tarixli 567 nömrəli arayışlar barədə ADY-də məlumat aşkar edilməmişdir (ümumiyyətlə sözügedən barədə ADY-də heç bir məlumat mövcud deyil). Həmçinin qeyd edirik ki, 2018ci il ərzində ADY-nin strukturunda 9 saylı Mincivan yol distansiyası olmamışdır ("xxxx" Qapalı Səhmdar Cəmiyyəti sədrinin 21/N xx.xx.2010-cu il tarixli əmrinə əsasən yol distansiyaları yol sahələri adlandırılmışdır). Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Zəngilan Rayon İcra Hakimiyyəti Zəngilan Rayon Dövlət Arxivinin 25 fevral 2022-ci il tarixli 3 nömrəli sorğuya cavab məktubundan görünür ki, Zəngilan rayonu 1993-cü il oktyabr ayının 29-da erməni silahlı birləşmələri tərəfindən işğal edilmiş Zəngilan Rayon Dövlət Arxivinin həmin tarixədək olan sənədləri işğal bölgəsində qalmışdır. Qeyd edilən səbəbdən rayonun heç bir müəssisəsinin, o cümlədən “Azərbaycan Dəmiryolu 9 saylı Mincivan Dəmçir yolu distansiyası”nın sənədləri arxivə daxil olmadığı üçün sorğunuzu cavablandıra bilmirik. 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, iş yerindən təqdim edilmiş belə arayış heç də həmişə birmənalı sübut kimi qəbul edilməməlidir. Azərbaycan Respublikası İPM-in 58.6-cı maddəsinə uyğun olaraq işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən etməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Azərbaycan Dəmir Yolları QSC 9 saylı yol sahəsinin xx.xx.2021-ci il tarixli NK №567 nömrəli güzəştli arayışında iddiaçının xx.xx.1982-ci ildən xx.xx.1993-cü ilə qədər işlədiyi yol montyoru (yol təmir fəhləsi) vəzifəsinin Azərbaycan Respulikasının Nazirlər Kabinetinin xx.xx.2007-cil tarixli, 12 saylı qərarının 21 Nəqliyyat bölməsinin 21.4 bəndinə əsasən maqistral dəmir yollarının əlaqə şəbəkəsinin elektrik montyorları, elektrik mexanikləri, yol montyorları vəzifəsinə uyğun olduğu qeyd olunsa da, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin» 2 nömrəli siyahısının XXVİİİ bölməsində (Nəqliyyat, Dəmiryol nəqliyyatı) nəzərdə tutulmuş istehsalat sahəsinə aidiyyəti, həmçinin iddiaçının həmin istehsalat sahəsində gördüyü (icra etdiyi) işlərin/vəzifələrin zərərli işlərə/peşələrə aidiyyəti özü-özlüyündə, digər sübutlar olmadan, qeyd-şərtsiz təsdiq edilmir. Məhkəmə kollegiyası iş üzrə sübutların məcmusuna hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı»nda nəzərdə tutulan, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə 10 il sığorta stajı olmadığından, iddiaçıya həmin yaşdan pensiya təyin edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, məcburetmə haqqında iddia növündə olduğu kimi, öhdəliyin icrası haqqında iddia üzrə də, pensiyanın 52 yaşdan təyin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə şərtlərin mövcudluğunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddiaçı 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmiş, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. Lakin birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi nəticəsinə gələrkən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış və maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Bu hal isə qərarın ləğvi üçün əsasdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 2-1(112)-4934/2021 saylı qərarı ləğv edilməli, iş üzrə iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməlidir.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya

qərara aldı:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 2-1(112)-4934/2021 saylı qərarı qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddia tələbi təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar